Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-6/2023 08.06.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Jamsıd, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirak ilə, Təqsirləndirilən şəxs Jamsıdin-xx.xx.1989-cu il tarixdə İran İslam Respublikasının Bonab şəhərində doğulmuş, evli, 1 uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, İran İslam Respublikası, Təbriz şəhəri, Xanımbağı küçəsi, Omid 5 binası, 4-cü mərtəbə ünvanında qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Jamsıd İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 1,564 qram tiryək narkotik vasitəsini özünə məxsus pul qabının içərisinə qoymuş, idarə etdiyi ZM176MZ/FF635T dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinin kabinində, alt yatağın baş hissəsində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş boşluğa qoyaraq saxlamış, İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərək daşımış və 26 yanvar 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Jamsıd Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Jamsıd özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-cü maddələri ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 26 yanvar 2023-cü il tarixdə idarə etdiyi ZM176MZ/FF635T dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi ilə İrandan yüklədiyi yükü Türkiyəyə aparmaq üçün Azərbaycanın Culfa gömrüyünə gəlmişdir. 27 yanvar 2023-cü il tarixdə Culfa gömrüyündə idarə etdiyi nəqliyyat vasitəsi X-Ray rentgen qurğusuna göndərilmiş, rentgen cihazında baxış zamanı nəqliyyat vasitəsində şübhəli nəsə olduğunu bildirmişlər və nəqliyyat vasitəsini baxış üçün anbara aparmışlar. Gömrük əməkdaşı yoxlamadan əvvəl üzərində, idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı bir şey olub-olmamasını soruşmuş, o, nəqliyyat vasitəsində, üzərində qadağan olunmuş nəsə olmadığını bildirmişdir. Anbarda baxış zamanı nəqliyyat vasitəsinin qoşqusunun arxa qapılarının içərisindən dəmir list panellər aşkar edilmişdir. Sonra yükə baxış keçirilmiş, lakin yükdən heç nə aşkar edilməmişdir. Nəqliyyat vasitəsinin yükü anbara boşaldılmış və nəqliyyat vasitəsi boş halda təkrar rentgen qurğusundan keçirilmişdir. Yoxlama bitdikdən sonra yüklər təkrar nəqliyyat vasitəsinə yüklənilmişdir. Yükləndikdən sonra gömrük əməkdaşı nəqliyyat vasitəsinə itlə baxış keçirəcəklərini bildirmiş, maşının dartıcısını qoşqusundan ayırmışdır. Nəqliyyat vasutəsi itlə yoxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsinin kabininə it reaksiya vermiş, gömrük əməkdaşı itin reaksiya verdiyi yerə baxmış və orada olan pul qabının içindən əvvəlcədən oraya qoyduğu 2.5 qram tiryək narkotik vasitəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs Jamsıd ifadəsində həmçinin bildirmişdir ki, pul qabından aşkar edilmiş tiryək narkotik vasitəsini Təbriz şəhərindən 30-40 min iran tüməni qarşılığında, təxminən 6-7 ay əvvəl anası korona xəstəsi olduğu üçün həkim məsləhəti ilə anası üçün almışdır. Anası narkotik vasitənin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə lazım olan zaman anasına istifadə etməsi üçün vermək məqsədilə pul qabında saxlamış, pul qabında narkotik olmasını unutmuşdur. 6-7 ay ərzində bir neçə dəfə gömrük məntəqəsindən keçmiş, narkotik vasitə pul qabında olmuş, lakin narkotik vasitə aşkar edilməmişdir. Özü ümumiyyətlə narkotik vasitə istifadə etməmişdir. Narkotik vasitəni satmaq, başqa şəxslərə vermək məqsədi olmamışdır. Yoxlama zamanı pul qabında olan narkotik vasitəni unutduğu üçün bəyan etməmişdir. Təqsirli olduğunu bilir, etdiyi əməllərdən çox peşmandır. Ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun böyük inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində xidmətdə olmuşdur. Xidmətdə olduğu müddətdə İran İslam Respublikasından gələn İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Jamsıdın idarə etdiyi ZM176MZ/FF635T dövlət nömrə nişanlı “DAF” markalı yük nəqliyyat vasitəsinə HCVG-XRAY rentgen baxış qurğusunda baxış zamanı nəqliyyat vasitəsinin qoşqusunun qapılarında şüphəli təsvirlər müşahidə olunmuş, nəqliyyat vasitəsini yoxlamaq barədə qərara gəlmişdir. İki nəfər hal şahidi, instruktor-kinoloq X1, tərcüməçini dəvət etmiş, hal şahidlərini məlumatlandırmış, onlara hüquq və vəzifələrini izah etmişdir. “Reks” ləqəbli xidməti itin tətbiqi ilə instruktor-kinoloq A.Qasımov nəqliyyat vasitəsinə yoxlama keçirmişdir. Yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs Jamsıda hüquq, vəzifələri, məsuliyyəti izah edilmiş, ondan bəyan edilməli və ya gizlədilmiş hər hansı bir predmet olub-olmaması soruşulmuş, varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs Jamsıd idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir şey olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinin yoxlanılması zamanı qoşqunun qapılarında kustar üsulla hazırlanmış qaydada üzəri qurğuşun örtüklü, içərisində penoplast olan dəmir panellər aşkar etmiş, həmin nəqliyyat vasitəsinin yükünə əsaslı yoxlama keçirmiş və qadağan olunmuş heçnə aşkar etməmişdir. İşin sıxlığı ilə əlaqədar həmin gün nəqliyyat vasitəsinin yoxlanılması başa çatdırmaq mümükn olmamışdır. xx.xx.2023-cü il tarixdə yoxlamanı davam etdirmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, alt yatağın baş hissəsində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş cibə “Reks” ləqəbli it reaksiyası vermiş, həmin hissəyə baxmış, sürücü Təqsirləndirilən şəxs Jamsıdə məxsus pul qabının içərisindən şəffaf sellofana bükülmüş, tünd qəhvəyi rəngli maddə aşkar edilmiş, götürülmüş və qablaşdırılmışdır. Həmin maddə elektron tərəzidə çəkilmiş, 2,5 qram olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Jamsıdin üzərinə şəxsi yoxlama aparılmış, üzərindən qanunla qadağan olunmuş nəsə aşkar edilməmiş, üzərində bir ədən telefon və pasport olmuşdur. Yoxlama barədə protokollar tərtib edilmiş, protokolları imzalamışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Culfa rayonunun Yaycı kəndində yaşayır. Daimi iş yeri yoxdur. Hərdən Culfa gömrük postunun ərazisində yüklərin nəqliyyat vasitələrinə yığılmasında, boşaldılmasında fəhləlik edir. xx.xx.2023-cü il tarixində gömrük postunun ərazisində olmuşdur. Saat təxminən 11-12 radələrində gömrük əməkdaşı İbrahim onu və Elmarı çağırmış, İran İslam Respublikasından gələn İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Jamsıdın idarə etdiyi ZM176MZ/FF635T dövlət nömrə nişanlı “DAF” markalı yük nəqliyyat vasitəsindən şübhələndiyini, nəqliyyat vasitəsinə baxış keçirmək istədiyini bildirmiş, hal şahidi kimi yoxlamada iştirak etmələrini xahiş etmiş, etiraz etməmiş, yoxlamanın keçiriləcəyi anbara getmişlər. Sürücü iranlı olduğundan yoxlama yerinə tərcüməçi də dəvət edilmişdir. Yoxlama başlamadan İbrahim sürücünü onlara təqdim etmiş, tanıyıbtanımadıqlarını soruşmuş, sürücünü tanımadıqlarını bildirmişlər. İbrahim sürücüdən nəqliyyat vasitəsində, üzərində qadağan olunmuş nəsə olub-olmamasını soruşmuş, varsa təqdim etməsini demiş, lakin sürücü nəqliyyat vasitəsində, üzərində qadağan olunmuş nəsə olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinin qoşqusu, dartıcısı yoxlanılmış, nəqliyyat vasitələrinin sıxlığı ilə əlaqədar yoxlama 28 yanvar 2023-cü il tarixdə davam etmişdir. Gömrük əməkdaşı xidməti itin tətbiqi ilə nəqliyyat vasitəsinin yoxlamasını davam etdirmiş, it nəqliyyat vasitəsinin kabininə reksiya vermiş, gömrük əməkdaşı kabində alt yatağın baş hissəsində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulan yerdə, sürücüyə məxsus pul qabının içərisindən bir büküm aşkar etmişdir. Büküm iştirakları ilə elektron tərəzində çəkilmiş, 2.5 qram olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Jamsıdin üzərinə şəxsi yoxlama aparılmış, üzərindən qanunla qadağan olunmuş nəsə aşkar edilməmişdir. Yoxlama barədə protokollar tərtib edilmiş, protokolları imzalamışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Jamsıdin yuxarıda qeyd edilən cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs Jamsıd istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Jamsıdin idarə etdiyi ZM176MZ/FF635T dövlət nömrə nişanlı, “Daf” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı qoşqunun qapılarında kustar üsulla hazırlanmış qaydada üzəri qurğuşun örtüklü içərisində penoplas olan dəmir panellər olduğu müəyyən edilmişdir. Daha sonra nəqliyyat vasitəsinin yükünə əsaslı yoxlama keçirilmiş və qadağan olunmuş heçnə aşkarlanmamışdır. Yoxlamanın davamı olaraq 28 yanvar 2023-cü il tarixdə yük nəqliyyat vasitəsinin kabininə Culfa gömrük postunda kinoloji itin tətbiqi ilə əsaslı yoxlama aparılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, alt yatağın baş hissəsində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş cibə “Reks” ləqəbli itin reaksiyası nəticəsində həmin hissəyə yoxlama keçirilmiş və sürücü Təqsirləndirilən şəxs Jamsıdə məxsus pul qabının içərisindən şəffaf sellofana bükülmüş, tünd qəhvəyi rəngli, təxmini çəkisi 2,5 qram narkotik vasitəyə bənzər maddə aşkarlanmışdır. - Cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 108 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, İran islam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Jamsıdin idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş, sellofan bükümlə birlikdə çəkisi 2,5 qram, təmiz çəkisi 1,564 qram olan tünd qəhvəyi rəngli, bərk halda, spesifik iyli kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. “Tiryək“ 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na (İ siyahı; İ bənd; sıra №102) daxildir. Qeyd: Tiryəkin ümumi təmiz çəkisi-1,564 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq-1,514 qram. -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 20 nömrəli ambulator məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Jamsıddə narkomaniya xəstəliyinə xas əlamətlər müşahidə olunmadı. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu inkar olunmur. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 15 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Jamsıdin məhkumluğu yoxdur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası, Mərkəzinin 108 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 20 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Jamsıd İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 1,564 qram tiryək narkotik vasitəsini özünə məxsus pul qabının içərisinə qoymaqla idarə etdiyi ZM176MZ/FF635T dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinin kabinində, alt yatağın baş hissəsində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş boşluğa qoyaraq saxlamış, İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərək daşımış və 26 yanvar 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Jamsıdin narkotik vasitəni anasının istifadə etməsi üçün almasını, narkotik vasitənin gələcəkdə anasının istifadə edəcəyi üçün pul qabında saxlamasını, narkotik vasitənin pul qabında olmasını unutması bildirməsini əsaslı hesab etmir, özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir . Məhkəmə yekun qərar çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununu da rəhbər tutur və narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması anlayışlarına verdiyi izahları baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin Qanunun tələblərinə görə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir üsulla onlara yiyələnməyə yönəlmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddaələrin və onların perekursorlarının qanunsuz əldə edilməsi (maddə 1.0.9), məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər qanunsuz saxlanması (maddə 1.0.10), həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi (maddə 1.0.8) hesab edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ iyahısına görə narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən ..., narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi,... ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Jamsıd Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Jamsıd Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Jamsıdin əvvəllər məhkum olunmamasını, əməllərindən çox peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs Jamsıdin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Jamsıdə cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Jamsıdin cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs Jamsıdinə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Jamsıdə təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Jamsıd təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Jamsıdin cəza çəkməsinin əvvəli tutulduğu andan, 28 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Jamsıdin barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Jamsıd İran İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə Təqsirləndirilən şəxs X9 Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Jamsıdə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan təmiz çəkisi 1,514 qram tiryək narkotik vasitəsi müsadirə edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan pul qabı və 1 ədəd “Samsung A52” (İMEİ1-**********38112/01, İMEİ2- **********38112/1) markalı mobil telefon Təqsirləndirilən şəxs Jamsıdə verilməsi, Culfa rayon Məhkəməsində saxlanılan N97195801 nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Jamsıd Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Jamsıdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Jamsıdə qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Jamsıd azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Jamsıdin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Jamsıdə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilsin, o, əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 1,514 qram tiryək narkotik vasitəsi müsadirə edilsin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs Jamsıddən götürülmüş 1ədəd pul qabı və 1 ədəd “Samsung A52” (İMEİ1-**********38112/01, İMEİ2- **********38112/1) markalı mobil telefon Təqsirləndirilən şəxs Jamsıdə təqdim edilməsi üçün, Culfa rayon Məhkəməsində saxlanılan N97195801 nömrəli psport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs Jamsıdə hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-6/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-6/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver