Məhkəmə qərarları › İş №1(089)-6/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-6/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-6/2024 19.02.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs-xx.xx.2001-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhəri, Erhacı kəndində doğulmuş, evli, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikası, İğdır şəhəri, Konaklı məhəlləsi, Kazım Karabekir küçəsi ev 202, A/3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə- Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixində Naxçıvan MR Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi 76AAD037/76AAD039 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq, ümumi təmiz çəkisi 26,61 qram qurudulmuş marixuana narkotik vasitəsini, 19,352 qramını şəffaf sellofan parçasına bükərək əyninə geyindiyi qara rəngli gödəkcənin sağ ön cibində, 7,258 qramını isə şəffaf selofan parçasına bükərək nəqliyyat vasitəsinin kabinindəki idarəetmə panelinin orta hissəsində yerləşən sənəd və ya əşyaların qoyulması üçün nəzərdə tutulmuş boşluqdakı rezin örtüyün altında gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsi ilə saat 06 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Türkiyə Respublikasında yaşayır və sürücü işləyir. Əsasən Türkiyə Respublikasının daxilində yük daşıyır. İlk dəfədir ki, sürücü kimi Türkiyə Respublikasından xaricə yük daşımışdır. İdarə etdiyi 76AAD037/76AAD039 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi “Akay” nəqliyyat şirkətinə məxsusdur. Təxminən 24 oktyabr 2023-cü il tarixdə İğdır şəhərindən “Pvc xammalı” yükü götürmüş, Bəzirgan gömrüyündən keçərək İran İslam Respublikasına getmiş, yükü İranın Təbriz şəhərində boşaltmış, xx.xx.2023-cü il tarixində isə yenidən Təbriz şəhərindən “Pvc xammalı” yükünü yükləyərək Türkiyə Respublikasına getmək üçün geri dönmüşdür. İranın Culfa şəhərinə gəlmiş, İran gömrüyündə sənədlərini yazdırmış, xx.xx.2023-cü il tarixində Azərbaycanın Culfa gömrüyünə keçmişdir. Növbə ilə əlaqədar bir müddət gözləmiş, və nəqliyyat vasitəsini qeydiyyata aldırmışdır. Qeydiyyatdan sonra gömrük əməkdaşı ona yaxınlaşmış, üzərində qadağan olunmuş hər hansı bir şeyin olubolmamasını soruşmuş, üzərində qanunla qadağan olunmuş bir şeyin olmadığını demişdir. Gömrük əməkdaşı iki nəfər tanımadığı şəxsin iştirakı ilə üzərində yoxlama aparmış və yoxlama zamanı cibimdə olan otu aşkar etmişdir. Daha sonra gömrük əməkdaşı idarə etdiyi yük nəqliyyat vasitəsinə və daşıdığı yükə baxış keçirəcəyini bildirmişdir. Gömrük əməkdaşı ondan nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı bir şeyin olub olmadığını soruşmuş, gömrük əməkdaşına istifadə etməsi üçün 1 blok siqaretinin və 25 kq qarışıq ərzağının olduğunu bildirmişdir. Gömrük əməkdaşı nəqliyyat vasitəsinə baxış keçirməyə başlamış, baxış zamanı kabinin ön tərəfində olan, sənədləri qoyduğu boşluqdakı rezinin altından sellofan paketdə otu aşkar etmişdir. Yoxlamaların nəticəsi olaraq sənədlər tərtib olundu, tərcüməçi sənədləri ona türk dilində izah etmiş, sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, marixuana narkotik vasitəsini Təbriz şəhərində olduğu müddətdə tanımadığı şəxsdən almışdır. Narkotik vasitə iki bükümdə olmuş, bir bükümü üzərində saxlamış, bir bükümünü isə nəqliyyat vasitəsinin kabinində ön tərəfdə olan, sənədləri qoyduğu boşluqdakı rezinin altına qoymuşdur. Özü narkotik vasitədən istifadə edir. Narkotik vasitəni satmaq, başqa şəxslərə vermək niyyəti olmamışdır. Törətdiyi əməllərdən çox peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir, ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda inspektor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində “Culfa” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olmuşdur. xx.xx.2023-cü il tarixində səhər saatlarında İran İslam Respublikasından gələn Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AAD037/76AAD039 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” yük nəqliyyat vasitəsi gömrük nəzarətinə yaxınlaşmış, həmin nəqliyyat vasitəsinə yaxınlaşmış, sürücünü sorğu-sual etmiş, sürücü ilə sorğu-sual zamanı nəqliyyat vasitəsində qadağan olunmuş və ya gizlin keçirdiyi nəsə varmı deyə soruşmuş, o, heç nə olmadığını bildirmişdir. Sürücünün davranışları onda şübhə yaratmış, sürücünün üzərinə axtarış aparması, nəqliyyat vasitəsinə baxış keçirməsi barədə qərara gəlmiş, iki nəfər hal şahidini, tərcüməçi dəvət etmiş, onların iştirakı ilə sürücü əvvəlcə şəxsi yoxlama otağına dəvət edilmiş, üzərini yoxlamağa başlamış, yoxlama zamanı əyninə geyindiyi qara rəngli gödəkcənin sağ ön cibindən şəffaf sellofan parçasına bükülmüş, qablaşma ilə birlikdə çəkisi 20,7 qram narkotik vasitəyə bənzər ot halında kütlə aşkar edilmiş, daha sonra idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin orta hissəsində yerləşən sənəd və ya əşyaların qoyulması üçün nəzərdə tutulmuş boşluqdakı rezin örtüyün altından qablaşma ilə birlikdə çəkisi 8,8 qram narkotik vasitəyə bənzər ot halında kütlə aşkar edilmişdir. Şahid1 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və İranda tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdi ki, daimi iş yeri yoxdur. Hərdən Culfa gömrük postu ərazisində yüklərin nəqliyyat vasitələrindən boşaldılması və doldurulmasında fəhləlik edir. 29 oktyabr 2023-cü il tarixdə “Culfa” gömrük postunun ərazisində olmuşudr. xx.xx.2023-cü il tarixində səhər saatlarında Ruslan adlı gömrük əməkdaşı ona və onunla birlikdə işləyən Türbətə yaxınlaşmış, İrandan gələn bir yük nəqliyyat vasitəsinin sürücüsünün üzərinə və idarə etdiyi yük nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini və onların da orada hal şahidi kimi iştirak etməsini xahiş etmiş, etiraz etməmiş, onunla birlikdə yük nəqliyyat vasitəsinin yanına getmişlər. Ruslan əvvəlcə Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsı onlara təqdim etmiş, onun üzərində axtarış aparacağını bildirmiş, birlikdə şəxsi yoxlama otağına getmişlər. Ruslan onlara hüquq və vəzifələrini barədə məlumat vermiş və sürücünün üzərini yoxlamağa başlamış, yoxlama zamanı onun əyninə geyindiyi gödəkcənin cibindən sellofan torbaya bükülmüş ot halında kütlə aşkarlanmışdır. Daha sonra Ruslan sürücün idarə etdiyi yük nəqliyyat vasitəsinə yoxlama keçirmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindən də ot halında kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlələr barədə müvafiq sənədlər tərtib edilmiş, onlar da imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsində göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməllərini törətməsini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 30 noyabr 2023-cü il tarixdə tərtib edilmiş “şəxsi yoxlama haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində iki nəfər hal şahidin iştirakı ilə şəxsi yoxlama aparılmış, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi qara rəngli gödəkcənin sağ ön cibindən şəffaf sellefon torbaya bükülmüş, qablaşması ilə birlikdə təxmini çəkisi 20.7 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir . - 30 noyabr 2023-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 76AAD037/76AAD039 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinə iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin orta hissəsində yerləşən sənəd və əşyaların qoyulması üçün nəzərdə tutulmuş boşluqdakı rezin örtüyün altında gizlədilmiş halda, şəffaf sellefon kəsiyinə bükülmüş, qablaşdırılması ilə birlikdə təxmini çəkisi 8.8 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1176 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən və üzərindən aşkar olunaraq götürülmüş 1 nömrəli kağız zərfin içərisindəki 01 ədəd sellefon bükümdə təmiz çəkisi 19.352 qram, 2 nömrəli kağız zərfin içərisindəki 01 ədəd sellefon kəsiyi bükümündə təmiz çəkisi 7.258 qram, ümumi təmiz çəkisi 26.61 qram olan yaşılımtıl rəngli, xırdalanmış bitki mənşəli kütlələr narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı”na (İ siyahı; İ bənd; sıra 46) daxildir. Marixuananın təmiz çəkisi 26.61 qaram olmuş, tədqiqata 0.04 qram sərf edilmiş, 26.57 qram qalmışdır. -Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 17 noyabr 2023-cü il tarixli, 363 nömrəli Məhkəmə narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs konnobinoid narkomaniyası aşkar olunmuş, məcburi müalicəyə ehtiyacı var. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 06 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumat yoxdur. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş, İran İslam Respublikasının Erhan kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, “Kəndimdə yaşayan Təqsirləndirilən şəxs kəndimizdə hər kəsə mehriban olan, çox alicənab bir gəncdir. Bu vaxta qədər kənddə hər hansı dava-dalaş olmamış və ya qanunsuz bir cinayəti ilə rastlaşmamışdıq. Kənd icra nümayəndəsi olaraq mən öz ehtiramımı bildirirəm. Çox sayğılı və çox mədəni olan həmin gəncimizi kənd camaatı, xüsusilə də kəndin uşaqları çox sevir.” Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 30 noyabr 2023-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında”, “şəxsi yoxlama haqqında” protokolları, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1176 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 17 noyabr 2023-cü il tarixli, 363 nömrəli narkoloji tibbi yoxlamasının rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixində Naxçıvan MR Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi 76AAD037/76AAD039 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq, ümumi təmiz çəkisi 26,61 qram qurudulmuş marixuana narkotik vasitəsini, 19,352 qramını şəffaf sellofan parçasına bükərək əyninə geyindiyi qara rəngli gödəkcənin sağ ön cibində, 7,258 qramını isə şəffaf selofan parçasına bükərək nəqliyyat vasitəsinin kabinindəki idarəetmə panelinin orta hissəsində yerləşən sənəd və ya əşyaların qoyulması üçün nəzərdə tutulmuş boşluqdakı rezin örtüyün altında gizlətməklə saxlamış, Azərbaycan Respublikasının ərazisinə qəsdən daşımış və həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsi ilə saat 06 radələrində tranzit giriş edərkən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə 13 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 13 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ iyahısına görə narkotik maddə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 maddəsi və 13 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Məhkəmə, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nini 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi sübuta yetmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, gənc olmasını, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 30 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs konnobinoid narkomaniyası aşkar olunduğundan, məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə təyin edilməli, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış 26.57 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan X6 9 Pro S markalı (İmei2- **********27107/00, 27281/60RS04245) mobil telefon, Culfa rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus U******** nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilsin, Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın.. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 26.57 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan X6 9 Pro S markalı (İmei2-**********27107/00, 27281/60RS04245) mobil telefon, Culfa rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus U******** nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar