Məhkəmə qərarları › İş №1(089)-6/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-6/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-6/2025 06.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ İş № 1(089)-6/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM Culfa Rayon Məhkəməsi Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs- xx xxxxxxx 1973-cü il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, İran İslam Respublikasının Təbriz şəhərinin Mofətteh məhəlləsi, Bahunər küçəsi, ev 2/3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə- Azərbaycan Respublikası CM-in 206.2 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan idarə etdiyi 95AH925/95AH926 dövlət qeydiyyat nişanlı “HOWO ZZ” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan əldə etdiyi xeyli miqdarda təmiz çəkisi – 2,161 qram həşiş qətranını idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının üst tərəfində yerləşən dolabda üzərində “Bistoon” yazılmış siqaret qutusunun içərisinə qoymuş, qəsdən saxlamış, gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə Azərbaycan Respublikası ərazisinə daşımış və həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 03 radələrində “Culfa” gömrük postundan tranzit giriş edib gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci mаddələrində nəzərdə tutulаn cinаyət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, İran İslam Respublikasının Təbriz şəhərində yaşayır. Təxminən 30-35 il olar ki, sürücü işləmiş, 2014-cü ildən başlayaraq beynəlxalq yük daşımalarını həyata keçirmişdir. Əsasən Türkiyə və Gürcüstan Respublikalarına “bitum” yükü aparır. Tutulmamışdan əvvəl İran İslam Respublikası vətəndaşı Ramin Nadiriyə məxsus olan 95AH925/95AH926 dövlət qeydiyyat nişanlı, “HOWO ZZ” markalı yük nəqliyyat vasitəsini idarə etmişdir. Hadisədən təxminən 8-9 gün əvvəl Gürcüstan Respublikasına aparmaq üçün İraqın Ərbət şəhərindən bitum yükü yükləmiş, oradan yola düşmüş və 01 oktyabr 2024-cü il tarixində gecə saatlarında “Culfa” gömrük postuna gəlmişdir. Culfa gömrük postunda sənədlərini yazdırdıqdan sonra gömrük əməkdaşı ona yaxınlaşmış, idarə etdiyi yük nəqliyyat vasitəsinə videoçəkiliş aparılmaqla yoxlama keçirəcəyini demiş və onlar Culfa gömrük postunun anbarına getmişlər. Gömrük əməkdaşı əvvəlcə ondan nəqliyyat vasitəsində bəyan olunmalı nəsə varmı deyə soruşmuş, o, isə 10 qutu siqaretdən başqa qanunla qadağan olunmuş heç nəyinin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxlamağa başlamış və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində üst dolabdan 1 ədəd siqaret qutusunun içərisinə qoymuş olduğu dərman adlandırdığı kütləni aşkar etmişdir. Sonra idarə etdiyi yük nəqliyyat vasitəsinə rentgen qurğusundan keçirilməklə baxış keçirilmiş və yükdən heç bir şey aşkar edilməmişdir. Daha sonra gömrük əməkdaşı şəxsi yoxlama otağında onun üzərinə baxış keçirmiş, lakin üzərindən qadağan olunmuş heç nə aşkar etməmişdir. Sonda sənədlər yazılmış, sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülən narkotik vasitə özünə məxsusdur, Təbriz şəhərində yerləşən bazarda ot dərmanları hazırlayan həkim adlandırdığı şəxsdən şəxsi istifadəsi üçün almış, həmin narkotik vasitənin bir miqdarını istifadə etmiş, daha sonra əl çantasına qoymuş və həmin çantaya qoyduğu yadından çıxmış, nəqliyyat vasitəsində qalmışdır. Əməllərindən çox peşmandır, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun inspektoru vəzifəsində işləyir. 01 oktyabr 2024-cü il tarixində iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olmuşdur. Xidmətdə olduğu müddətdə İran İslam Respublikasından gələn 95AH925/95AH926 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini yoxlamaq üçün yük nəqliyyat vasitəsinə yaxınlaşmış, sorğu-sual zamanı həmin yük nəqliyyat vasitəsinin sürücüsünün İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. O, sürücüyə idarə etdiyi yük nəqliyyat vasitəsinə və daşıdığı yükə video çəkiliş aparmaqla yoxlama keçirəcəyini bildirmişdir. Video çəkiliş zamanı isə o “Culfa” gömrük postunun baş inspektoru, gömrük xidməti kapitanı Şahid1 kömək istəmiş, Şahid1 da ona köməklik etmişdir. Daha sonra o, sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsində bəyan olunmalı bir predmetinin olub-olmadığını soruşmuş, sürücü isə idarə etdiyi yük nəqliyyat vasitəsində 10 qutu siqaretdən başqa bəyan edilməli heç nəyinin olmadığını bildirmişdir. O, yük nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının üst tərəfində yerləşən əşyaların yığılması üçün nəzərdə tutulmuş dolabdan 1 ədəd üzərində “Bistoon” yazılmış siqaret qutusunun içərisindən şəffaf sellofana bükülmüş halda, tünd qəhvəyi rəngli, kəskin iyli, şirə halında, büküm ilə birlikdə ümumi çəkisi 2.6 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar etmiş və qablaşdıraraq götürmüşdür. Daha sonra yük nəqliyyat vasitəsinə yoxlama keçirilməsi ilə bağlı sənədlər hazırlamış və iştirakçılar tərəfindən imzalanmışdır. İcazə aldıqdan sonra sürücünün üzərinə şəxsi yoxlama aparmaq üçün sürücünü “Culfa” gömrük postunun inzibati binasında yerləşən şəxsi yoxlama otağına dəvət etmiş, video çəkilişdən istifadə etməklə yoxlamağa başlamış və şəxsi yoxlama zamanı sürücünün üzərindən qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Daha sonra şəxsi yoxlamanın keçirilməsi ilə bağlı sənədlər hazırlamış və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunun baş inspektoru Şahid1 oxşar ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməllərini törətməsini etiraf etmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 01 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 95AH925/96AH926 dövlət qeydiyyat nişanlı “HOWO ZZ” markalı yük nəqliyyat vasitəsinə videoçəkliş aparılmaqla yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının üst tərəfində yerləşən əşyaların yığılması üçün nəzərdə tutulmuş dolabdan 01 ədəd üzərində “Bistoon” yazılmış siqaret qutusunun içərisindən şəffaf sellofana bükülmüş halda, tünd qəhvəyi rəngli, kəskin iyli, şirə halında, büküm ilə birlikdə ümumi çəkisi 2.6 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2024-cü il tarixli, 1176 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsnın idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfdə təqdim olunmuş, 01 ədəd şəffaf sellefona bükülmüş, bükümlə birlikdə çəkisi 2.6 qram, təmiz çəkisi 2.161 qram olan tünd-qəhvəyi rəngli, spesifik iyli, qətrana bənzər kütlə, narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır. Həşiş qətranı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı”na (İ siyahı; l bənd; sıra 56) daxildir. Həşiş qətranı narkotik vasitəsinin təmiz çəkisi 2.161 qram, tədqiqata sərf edildi 0.03 qram, qalıq 2.131 qram. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 göndərilmiş 02 oktyabr 2024-cü il tarixli, 1757 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixində sidik narko-test vasitəsilə müayinə olunmuş və THC (tetrahidrokannobinol), TML (tramadol) müsbət aşkar olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 16 oktyabr 2024-cü il tarixli, 408 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələr, psixotrop və güclü təsir edici maddələr qəbul etməsi inkar olunmur. Narkomaniya xəstəliyinə tutulmamışdır. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 08 oktyabr 2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə məlumatın olmaması qeyd edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 01 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2024-cü il tarixli, 1176 nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 16 oktyabr 2024-cü il tarixli, 408 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan idarə etdiyi 95AH925/95AH926 dövlət qeydiyyat nişanlı “HOWO ZZ” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan əldə etdiyi xeyli miqdarda təmiz çəkisi – 2,161 qram həşiş qətranını idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının üst tərəfində yerləşən dolabda üzərində “Bistoon” yazılmış siqaret qutusunun içərisinə qoymuş, qəsdən saxlamış, gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə Azərbaycan Respublikası ərazisinə daşımış və həmin tarixdə qeyd olunan yük nəqliyyat vasitəsilə saat 03 radələrində “Culfa” gömrük postundan tranzit giriş edib qeyd olunan narkotik vasitəni gömrük sərhədindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsuslilə külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik maddə olan həşiş qətranının xeyli miqdardan (0.4 qramdan) artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 40 qram müəyyən edilmişdir. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin və dindirilmiş şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Məhkəmə, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nini 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi sübuta yetmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Təqsirləndirilən şəxs əməlindən peşman olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, 01 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 90 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 2.131 qram həşiş qətranı narkotik vasitəsi və bir ədəd üzərində “Bistoon” yazılmış siqaret qutusu məhv edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd Samsung Galaxy J7 markalı (İmei1: **********13775/01, İmei 2: **********13773/01) mobil telefon, Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus F******** nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməli, 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 2.131 qram həşiş qətranı narkotik vasitəsi və bir ədəd üzərində “Bistoon” yazılmış siqaret qutusu məhv edilsin. İş üzrə ekspertiza xərci 90 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd Samsung Galaxy J7 markalı (İmei1: **********13775/01, İmei 2: **********13773/01) mobil telefon, Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus F******** nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin, 2 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar