Məhkəmə qərarları › İş №1(089)-7/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-7/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-7/2023 23.05.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirak ilə, Təqsirləndirilən şəxs- xx.xx.1997-ci il tarixdə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, subay, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikası, İğdır şəhəri, Aralıq rayonu, Körpülər məhəlləsi N114 ünvanında yaşayan, barəsində 02 fevral 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə-barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 2 bükümdə, ümumilikdə təmiz çəkisi 0.395 qram olan metamfetamin psixotrop maddəsini 55GZ551/76AAN413 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində, idarə etmə panelində yerləşən havalandırma qutusunun arxa hissəsində gizlətmiş, İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasına tranzit giriş edərkən qəsdən daşımış və 1 fevral 2023-cü il tarixdə, saat 00:30-da Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Türkiyə Respublikası, İğdır şəhəri, Aralıq rayonunda ailəsi ilə birlikdə yaşayır. Təxminən 6-7 ildir ki, tır sürücüsü işləyir. 01 fevral 2023-cü il tarixədək “Özmert Kar” firmasına məxsus 55GZ551/76AAN413 nömrəli “Mercedes” markalı yük-nəqliyyat vasitəsini idarə etmişdir. xx.xx.2023-cü il tarixində X7 şəhərinə taxta yükü gətirmiş, yükü boşaltmış və Türkiyə Respublikasına aparması üçün İranın Culfa şəhərindən dəmir çubuq yükü yükləmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında İran gömrüyünə, oradan isə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 1 radələrində Azərbaycanın Culfa gömrüyünə keçmişdir. Azərbaycanın Culfa gömrüyündə gömrük əməkdaşı yük nəqliyyat vasitəsini it vasitəsilə yoxlayacağını bildirmiş, ondan nəqliyyat vasitəsində, üzərində hər hansı qadağan edilən əşyanın olub-olmamasını soruşmuş, gömrük əməkdaşına nəqliyyat vasitəsində, üzərində qadağan edilən nəsə olmadığını demişdir. Nəqliyyat vasitəsinin kabini yoxlanılan zaman it reaksiya vermiş, gömrük əməkdaşı kabində idarəetmə panelində yerləşən havalandırma qutusunu çıxarmış, havalandırma qutusunun arxasına yerləşdirdiyi 2 büküm “Kristal” adlandırılan psixotrop maddə aşkar edilmişir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, psixotrop maddə olan metamfetamini 31 yanvar 2023-cü il tarixdə İranın Culfa şəhərində tanımadığı taksi sürücüsündən istifadə etməsi üçün 400 iran realına almış, bir az istifadə etmiş, sonra istifadə edər deyə iki bükümü idarəetmə panelində olan havalandırma yerinin arxasına qoymuş, oradan götürməyi unutmuşdur. Hadisəyə qədər 8-9 ay ərzində müxtəlif vaxtlarda metamfetamin psixotrop maddəsi istifadə etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin gömrük nəzarətindən keçirilməsinin qadağan olduğunu bilmiş, bəyan etməmişdir. Əvvəllər cinayət törətməmiş, gömrük nəzarətindən gizli olaraq narkotik vasitə, psixotrop maddə keçirməmişdir. Törətdiyi əməllərdən çox peşmandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun böyük inspektoru Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olmuşdur. İran İslam Respublikasından gələn Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 55GZ551/76AAN413 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə sürücünün şüphəli davranışları səbəbindən “Reks” ləqəbli xidməti itin tətbiqi və iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirməyi qərara almışdır. Əvvəlcə gömrük ərazisində olan Anar və Muxtar adlı şəxsləri çağırmış, onları hal şahidi qismində iştrak emələri barədə məlumatlandırmış, hüquq və vəzifələrini izah etmişdir. Yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində və ya üzərində bəyan edilməli və ya gizlədilmiş hər hansı bir predmet olub-olmamasını soruşmuş və əgər olarsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir şey olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, idarə etmə panelində yerləşən havalandırma qutusuna “Reks” ləqəbli xidməti it reaksiya vermiş, həmin yerə baxış keçirmiş və havalandırma qutusunun arxa hissəsindən şəffaf rəngli selofana bükülmüş halda 2 büküm aşkar etmişdir. Həmin bükümləri yoxlamada iştirak edən şəxslərin iştirakı ilə elektron tərəzidə çəkmiş, 1-ci bükümün çəkisi 0,3 qram; 2-ci bükümün çəkisi 0,3 qram olmaqla, ümumilikdə təxmini çəkisi 0,6 qram olduğunu müəyyən etmişdir. Şəxsin üzəri yoxlanılmış, qanunla qadağan olunmuş nəsə aşkar edilməmişdir. Yoxlamalar bitdikdən sonra protokol tərtib edilmiş, sürücü Təqsirləndirilən şəxs və digər iştirakçılar protolları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Culfa şəhərində yaşayır. Hərdən “Culfa” gömrük postunun ərazisində yüklərin nəqliyyat vasitələrinə yüklənib-boşaldılmasında fəhləlik edir. 1 fevral 2023-cü il tarixdə Culfa gömrük postunun ərazisində omuşdur. Saat təxminən 01 radələrində İbrahim adlı gömrük əməkdaşı onu və Şahid2 çağırmış, İslam Respublikasından gələn 55GZ551/76AAN413 nömrəli yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini və onların da hal şahidi kimi orada iştirak etmələrini xahiş etmiş, etiraz etməmişlər. Onunla birgə nəqliyyat vasitəsinin yoxlanacağı anbara getmişlər. İbrahim Təqsirləndirilən şəxs onlara təqdim etmiş, ondan idarə etdiyi nəqliyyat vasitəsində və üzərində bəyan edilməli olan və ya qadağan olunmuş hər hansı bir əşya, narkotik vasitə, psixotrop maddə, siqaret olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gizlədilmiş və bəyan ediləsi heç nə olmadığını bildirmişdir. İbrahim yük nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamışdır. Nəqliyyat vasitəsinə xidməti it vaitəsilə yoxlama keçirilmişdir. Nəqliyyat vasitəsinin kabini yoxlanılan zaman it idarəetmə panelində yerləşən havalandırma yerinə reaksiya vermiş, gömrük əməkdaşı havalandırma yerini çıxartmış, havalandırma yerindən iki büküm aşkar etmişdirlər. Gömrük əməkdaşı bükümlərdə nə olmasını Təqsirləndirilən şəxs soruşmuş, kristal olduğunu, istifadə etməsi üçün İrandan aldığını bildirmişdir. Bükümlər iştirakları ilə tərəzidə çəkilmiş, ümumilikdə çəkisinin 0,6 qram olduğu müəyyən olunmuşdur. Sonra sürücünün üzəri yoxlanılmış, lakin heç nə aşkar edilməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməsi özünün səmini etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulаn cinаyət əməllərini törətməkdə təqsirli bilmiş, onun həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun böyük inspektoru Şahid3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 55GZ551/76AAN413 nömrəli, “Mercedes” markalı yük-nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, nəqliyyat vasitəsinin kabinində, idarəetmə panelində yerləşən havalandırma qutusunun arxa hissəsindən şəffaf rəngli sellofana bükülmüş halda 2 büküm, 1-ci bükümün çəkisi 0,3 qram, 2-ci bükümün çəkisi 0,3 qram olmaqla ümumilikdə qablaşdırma ilə birlikdə təxmini çəkisi 0,6 qram olan ağ duz kristalı halında, narkotik vasitə və ya psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür.. - Cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 117 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş bir ədəd balaca kağız zərfdə 02 ədəd şəffaf sellofan bükülmdə, bükümlə birlikdə çəkisi 0.3 qram, təmiz çəkisi 0.215 qram və bükümlə birlikdə çəkisi 0.3 qram, təmiz çəkisi 0.180 qram, ümumlikdə təmiz çəkisi 0.395 qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (İ siyahı; İİ bənd; sıra №27) daxildir. Metamfetamin psixotrop maddəsinin ümumi təmiz çəkisi- 0,395 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq -0,345 qram. İş üzrə xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,395 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılması nəzərə alınmışdır. İş üzrə 01 fevral 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə, saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 21 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs “Metamfetamin narkomaniyası, epizodik qəbul” xəstəliyi müşahidə olunur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs peşə (sürücülük) fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir narkotik vasitə və ya güclü təsirə malik həblərin (dərmanların) qəbul edilməsinə tibbi cəhətdən yol verilmir. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-ən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 108 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2023-cü il tarixli, 21 nömrəli ekspert rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 2 bükümdə, ümumilikdə təmiz çəkisi 0.395 qram olan psixotrop maddə metamfetamini idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində, idarə etmə panelində yerləşən havalandırma qutusunun arxa hissəsində gizlətmiş, İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasına tranzit giriş edərkən qəsdən daşımış və 1 fevral 2023-cü il tarixdə saat 00:30-da Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazərlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Onun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərinə görə cəzalanmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməllərini etiraf etməsini, peşman olmasını, gənc olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli tutulduğu andan, xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan təmiz çəkisi 0.345 qram metamfetamin psixotrop maddəsi məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd “Redmi Note 11” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması üçün, Culfa rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus U******** nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə əlavə edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 0.345 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd Redmi Note 11” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması, Culfa rayon Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus U******** nömrəli pasport şəxsi işə əlavə edilməsi üçün cəzanı icra edən müəssisəyə göndərilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar