Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-8/2022 14.12.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, tərcüməçi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs-xx xxxx 1999-cu il tarixdə Əfqanıstan İslam Respublikasının Kabul şəhərində doğulmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Əfqanıstan İslam Respublikasının Kabul şəhərində qeydiyyatda olan, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa Rayon Məhkəməsinin inzibati binasında, 14 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 tranzit ölkə kimi Azərbaycan Respublikasından istifadə etməklə Fransa Respublikasına getmək məqsədi ilə 08 iyun 2022-ci il tarixdə, saat 11:23 radələrində Pakistan İslam Respublikası vətəndaşı Alı Arıf adlı şəxsin adına verilmiş, lakin öz fotoşəkili daxil edilməklə saxtalaşdırılmış BG1815682 seriya nömrəli pasportu Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən "Culfa" X10 qəsdən bilə-bilə təqdim edərək İran islam Respublikasından Azərbaycan Respublikası istiqamətində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq keçmiş, bundan sonra həmin sənəddən qəsdən bilə-bilə istifadə edərək 09 iyun 2022-ci il tarixdə "Naxçıvan-Bakı" istiqamətinə **********972 saylı aviabileti almış, 10 iyun 2022-ci il tarixdə J2/2258 saylı "Naxçıvan-Bakı" aviareysi ilə uçuş həyata keçirərək Naxçıvan şəhərindən Bakı səhərinə getmiş, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 13 iyul 2022-ci il tarixdə Bakı şəhərində saxlanılmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 1999-cu ildə Əfqanıstan İslam Respublikasının Kabul şəhərində doğulmuş və orada yaşamışdır. Rəsmi heç bir işlə məşğul olmamış, subaydır. Əfqanıstan kasıb və həmişə problemlərlə yadda qalan ölkə olmuşdur. 2021-ci ildə “Taliban" hərəkatı hakimiyyətə gəldikdən sonra qüvvəyə minən qanunlar ölkənin sosial və iqtisadi vəziyyətini daha da ağırlaşdırmlşdır. İnsanların problemləri çoxalmış, maddi vəziyyətləri minimum səviyyəyə enmişdir. Digər Əfqanıstan vətəndaşları kimi o da çətinliklərlə üzləşmiş, ölkəni tərk etmək və nisbətən problemlərin daha az olduğu ölkədə yaşamaq üçün getməyin yollarını axtarmağa başlamışdır. İlk olaraq qanunsuz yollarla pasport düzəltdirmək və Əfqanıstandan çıxmaq, Fransa Respublikasına getmək barədə fikirləşmişdir. Bir neçə tanışı ona İmran adlı şəxsin kömək edə biləcəyini demiş, İmran adlı şəxsi əvvəllər tanımamış, onunla görüşməmiş, telefonla danışmışdır. İmran adlı şəx ona pasportu 2000 ABŞ dolları qarşılığında hazırlayacağını bildirmişdir. Tanışının vasitəçiliyi ilə 2000 ABŞ dollarını İmran adlı şəxsə vermiş, təxminən 1 həftə sonra tanışı ona Alı Arıf adlı şəxsin adına Pakistan İslam Respublikasına məxsus pasport, Brazilya Respublikasına məxsus pasport və 1 ədəd yaşayış kartı vermişdir. Sənədlərdə onun fotoşəkli olmuşdur. Ona zərurət yanarsa Brazilya Respublikasına məxsus pasportdan, həmçinin yaşayış kartından da istifadə edə biləcəyi bildirilmişdir. Lakin Brazilya Respublikasına məxsus pasportdan və yaşayış kartından istifadə etməmişdir. Alı Arif adlı şəxsin adına verilmiş pasportdan istifadə edərək İran İslam Respublikasına keçmiş, Məşəd şəhərinə getmişdir. 20 gün Məşəd şəhərində qalmışdır. Alı Arıfın adına verilmiş saxta pasportdan istifadə edərək 08 iyun 2022-ci il tarixdə, saat təxminən 11:23 radələrində “Culfa” X8 keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş, bilet almış və 09 iyun 2022-ci il tarixdə Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində taksi ilə otellərin birinə getmiş, Bakı şəhərində olduğu müddətdə hərdən gəzintiyə çıxmışdır. Tarixini dəqiq xatırlamadığı vaxtdı Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, Pakistan İslam Respublikasının vətəndaşı Alı Arıf olmaması, Azərbaycan Respublikasına qanunsuz yolla gəlməsi müəyyən edilmiş və Dövlət Sərhəd xidmətinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində İmran adlı şəxslə şəxsən görüşmədiyini bildirmiş, lakin ifadəsində görüşdüyü qeyd edilmişdir. Betanı Abdulğanını əvvəllər tanımamış, aralarında İmran adlı şəxsdən saxta pasport almaq barədə razılaşma olmamış, Betanı Abdulğanı ilə Bakı şəhərində oteldə təsadüfən tanış olmuşdur. Əfqanıstan Respublikasının vətəndaşı olaraq xarici ölkələrə getmək üçün viza verilməmiş, bu səbədən də ona başqa ölkənin vətəndaşı olaraq saxta pasport hazırlanmış, viza almış və İİR-na, oradan da Azərbaycan Respublikasın gəlmişdir. Əməlindən çox peşmandır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sərhəd Xidmətinin "Culfa" X11 zabit-nəzarətçisi vəzifəsində xidmət edən, gizir X13 ifadəsində bildirmişdir ki, 08 iyun 2022-ci il tarixdə "Culfa" X7 "Azərbaycan Respublikasına giriş" xəttində "sənədlərin yoxlanışı" sərhəd naryadına təyin olunduğu üçün səhər saat 09:00-dan axşam saat 22:00-dək xidmətdə olmuş, xidmətdə olan zaman, saat 11 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində “sənədlərin yoxlanışı” sərhəd naryadına bir şəxs özünü Pakistan İslam Respublikasının vətəndaşı Alı Arıf kimi təqdim etmiş, həmin şəxsə məxsus pasportu götürmüş, fotoşəkilləri eyniləşdirmiş, Alı Arıf adına olan pasportdakı fotoşəkildəki şəxslə, həmin pasportu təqdim edən şəxsin eyni olduğunu müəyyən etmişdir. Həmçinin həmin şəxsdən anket məlumatlarını soruşmuş, şəxs pasportda olan anket məlumatlarını dəqiqliklə demişdir. Şəxsin hərəkətlərində heç bir şübhəli hal aşkar etməmiş, pasportu rəsmiləşdirdikdən sonra şəxsə qaytarmışdır. Şahid X13 ifadəsində onu da bildirmişdir ki, 16 ildir ki, xidmətdədir, bir dəfə də olsun xidmətdə nöqsana yol verməmişdir. Pakistan İslam Respublikasının vətəndaşı Alı Arıfı, Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsı əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə təqdim etdiyi Pakistan İslam Respublikasının vətəndaşı Alı Arıfın adına olan pasportun saxta pasport olmasını bilməmiş, pasportun saxta olması ilə bağlı onda hər hansı bir şübhə yaranmamışdır. 08 iyun 2022-ci il tarixdə saat 20:00-dan 09 iyun 2022-ci il tarxdə saat 09:00-dək deyil, 08 iyun 2022-ci il tarixdə səhər saat 09:00-dan axşam saat 10:00-dək xidmətdə olmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş Şahid2 İsgəndər oğlu məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, xidməti işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbinin üzrlü sayılmasını, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edir, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq hesab etmişdir ki, Şahid2 İsgəndər oğlunun məhkəmə iclasına gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmur və şahidin ibtidai istintaq zamanı verdikləri ifadəsi elan olunmalıdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid2 İsgəndər oğlunun ifadəsi elan olunmuş, şahid ifadəsində bildirmişdir ki, Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi ölkə daxilində miqrasiya məsələlərinə baxılması şöbəsinin baş inspektoru vəzifəsində xidmət edir. 13 iyul 2022-ci il tarixdə 2 nəfər əcnəbinin ölkə ərazisində qanunsuz yaşaması barədə məlumat daxil olmuş, bu barədə xidmət etdiyi struktur bölmənin rəhbərliyinə məruz etmiş, ona rəhbərlik tərəfindən həmin məlumata əsasən vəzifəsindən irəli gələn məsələlərin icrasını müvafiq qaydada həyata keçirmək tapşırılmışdır. Qeyd olunan məlumatı qanunverciliyin tələblərinə müvafiq olaraq dəqiqləşdirmiş və tərəfindən aparılan ilkin araşdıma zamanı 2 nəfər Pakistan İslam Respublikasının vətəndaşı-Kakar Khalıl və Alı Arıf adlarına verilmiş həmin ölkənin pasportlarından istifadə etməklə "Culfa" X8 keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəldiklərini, həmin şəxslərin hazırda ölkə ərazisində qanunsuz yaşadıqlarını, Bakı şəhəri, Nərimanov rayonu ərazisində, metronun "Gənclik" stansiyası yaxınlığında çayxanada çay içikdiklərini müəyyən etmişdir. Həmin çayxanaya getmiş, şəxslərə yaxınlaşmış xidməti vəsiqəsini onlara göstərmiş, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı olduğunu bildirmiş, həmin şəxslərlə ingilis dilində danışmış, onları Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya İdarəsinin "Atarük" prospekti 189 ünvanında yerləşən inzibati binasına dəvət etmişdir. Onlar müqavimət göstərməmiş, qaçmağa cəhd göstərməmiş onunla birlikdə Dövlət Miqrasiya Xidmətinə gəlmişlər. Həmin şəxslərə Azərbaycan ərazisində qanunsuz yaşadıqlarını bildirmiş, onlar bu faktı təsdiq etmişlər. Həmin şəxslər qanunamüvafiq qaydada Dövlət Miqrasiya Xidmətinin X1 Mərkəzinə yerləşdirilmiş, şəxsiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə Pakistan İslam Respublikasının Azərbaycandakı Səfirliyinə müvafiq sorğu verilmiş, Səfirlikdən daxil olan cavabda Kakar Khalıl və Alı Arıf adı şəxslərin Pakistan İslam Respublikasının vətəndaşı olmadıqları, ölkə ərazisinə saxta pasportdan istifadə etməklə gəldikləri məlum olmuş, toplanılmış materiallarla birlikdə Dövlət Sərhəd Xidmətinə təhvil verilmiş, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən həmin şəxslər barəsində cinayət işləri başlanılmış, onların Əfqanıstan İslam Respublikasının vətəndaşları olduqlarını öyrənmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X2rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə təqsirləndirilən şəxsi, şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Pakistan İslam Respublikasının Azərbaycan Respublikasında olan səfirliyinin 03/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, səfirlik Arif Alinin (doğum tarixi xx.xx.1998. pasport nöpmrə BG1815682) və Khalil Kakarın (doğum tarixi. xx.xx.1997, pasport nöpmrə BU0716322) Pakistana geri qaytarılması üçün buraxılış vərəqlərinin rəsmləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən pakistan pasporunun surətlərinə uyğun olaraq onların milli statusuni yoxlamışdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən Pakistan pasportlarının nömrələri Pakistan hökumətinin rəsmi pasport sistemindəki qeydlərində saxtadır və heç vaxt Pakistan hakimiyyəti tərəfindən yuxarıda qeyd edilmiş iki şəxsə verilməmişdir. -Giriş-çıxış və qeydiyyat İAMAS üzrə tələbnamənin məzmunundan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Alı Arif adına verilmiş BG1815682 nömrəli pasportdan istifadə etməklə 08 noyabr 2022-ci il tarixdə, saat 11:23 radələrində Culfa SNM-dən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə keçmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumat yoxdur. - Azərbaycan Hava Yolları QSC-nin xx.xx.2022-ci il tarixli, 11/4279 nömərli arayışından görünür ki, sərnişin Alı Arıf 10 iyun 2022-ci il tarixli J2/2258 saylı reys ilə Naxçıvan-Bakı istiqamətində **********972 saylı aviabilet ilə uçuşunu həyata keçirmiş, sərnişinə aviabilet BG1815682/PAK nömrəli pasportla rəsmiləşdirilmişdir. -Arayışın əlavə edilmiş aviabiletin surətindən görünür ki, bilet 09 iyun 2022-ci il tarixdə alınmış, uçuş isə 10 iyun 2022-ci il tarixdə həyata keçirilmişdir. -04 avqust 2022-ci il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdə, saat 21:15-də şübhəli şəxs qismində tutulmuşdur. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 4(009)-286/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu andan-04 avqust 2022-ci il tarixdən hesablanmışdır. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli 4(009)- 406/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs nın həbsdə saxlama müddəti 1 ay müddətində, yəni 04 noyabr 2022-ci il tarixədək uzaldılmışdır. -Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli, 3/1120 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Pakistan İslam Respublikasına məxsus Ali Arif adlı şəxsin adına verilmiş BG1815682 nömrəli pasportundakı fotoşəkildə və Təqsirləndirilən şəxs adlı şəxsin adına verilmiş Əfqanıstan İslam Respublikasına məxsus pasportun səhifəsinin təsdiqlənmiş fotoşəkildə eyni bir şəxs əks olunmuşdur. Məhkəmə, qeyd olunan ekspert rəyini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, şahidin ifadəsini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 318.1-ci və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxsin səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 318.1-ci və 320.2 maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, maddi vəziyyətini, xarici ölkənin vətəndaşı olmasını, onun 04 avqust 2022-ci il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır və hesab edir ki, o, təyin ediləcək cərimə cəzasından azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilmsi ilə bağlı məsələni müzakirə edir və belə nəticəyə gəlir ki, şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində hökm qanuni qüvvəyə minənəndək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs Əfqanısatan İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, məhkəmə icraatı zamanı fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət vəsaiti hesabına Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəkil Müdafiəçi vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırkı iş üzrə bütün məhkəmə proseslərində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, hesab edir ki, hazırkı iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına tərcüməçi X5 haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmə aparılmış ekspertiza xərci ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin xərcin ödənilməsindən azad edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Əfqanıstan Respublikasının vətəndaşıdır, onun ekspertiza xərcini ödəməyə maddi imkanı yoxdur. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən ... 197.1.2, ...-cü maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə 2000 manat miqdarında, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 1500 manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3000 manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək həsdə saxlanıldığı müddət nəzərə alınsın, ona təyin edilmiş 3000 manat cərimə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmdən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs məhkumluğu götürülənədək və ya ödənilənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Əlavə cəzanın icrası Culfa Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. X5 göstərdiyi tərcümə xidməti ilə bağlı vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs 401.1 manat məbləğində ekspertiza xərcini ödəməkdən azad edilsin. BG1815682 nömrəli Pakistan İslam Respublikasına məxsus saxta pasport cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-8/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-8/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver