Məhkəmə qərarları › İş №1(089)-8/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-8/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-8/2023 19.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X3 Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxsxx.xx.1977-ci il tarixdə Şərur rayonunun Qarabağlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli 2 uşaq atası, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə, saat 19:30 radələrində etibarnamə və sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə etdiyi, eyni ünvanda yaşadığı oğlu Zərərçəkmiş şəxs1 məxsus X14 M2 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Culfa rayonunun Qazançı kəndindən sərnişin qismində olan arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə Naxçıvan şəhərinə, yaşadıqları ünvana qayıdan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmuş, sərxoş olduğu halda avtomobili 80 km/saat sürətlə idarə etmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa imkanı olduğu halda, Qanunun göstərilən tələblərini pozmuş, idarəetməni itirmiş, yol hərəkəti iştirakçıları üçün təhlükəli şərait yaratmış, nəticədə avtomobil Çeşməbasar-Ərəfsə avtomobil yolunun Əlincə kəndinin ərazisindən keçən hissəsində Əlincə Qalasını keçdikdən sonra yoldan çıxmış və yolun sağ tərəfindəki 21 metr dərinliyində olan dərəyə yuvarlanmış, nəticədə avtomobildə olan sərnişin, arvadı Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan “sağ kürək nahiyyəsində qançır, sağ əlin arxa səthində sıyrıq, sol əlin arxa səthində qançır, qarının sağ yan divarında qançır, sağ və sol birinci qabırğaların sınığı” xəsarətləri ilə müşaiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətləri almasına səbəb olmuş, eyni zamanda törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində etibarnaməsi olmadan sərxoş vəziyyətdə idarə etdiyi və oğlu Zərərçəkmiş şəxs1 məxsus olan X14 M2 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək yararsız vəziyyətə düşməsi nəticəsində oğlu Zərərçəkmiş şəxs1 ümumilikdə 5740,40 manat maddi ziyan vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilmiş, ifadələrində bildirmişdir ki, 1999-2001-ci illərdə baş leytenant rütbəsində Murovdağda xidmət etmiş, vətənin müdafiəsi uğrunda minaya düşərək sağ ayağının 2/3 hissəsini itirmiş, sol ayağından müxtəlif xəsarətlər almış, 1-ci qrup əlildir. Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yaşayır. Təqribən 15 ildir ki, Culfa rayonunun Qazançı kəndində yerləşən özünə məxsus “Qazançı Lavaş sexi”ndə işləyir. Hər həftənin bazar günü istisna olmaqla qalan günlər oğlu Zərərçəkmiş şəxs1 özünə məxsus olan X16 M2 minik markalı, **-BG-*** nömrəli avtomobillə onu və arvadı Zərərçəkmiş şəxs2 saat 08:30 radələrində Qazançı kəndinə aparmış, iş yekunlaşdıqdan sonra saat 20:00 radələrində həmin avtomobillə gələrək onları Naxçıvan şəhərinə qaytarmışdır. Bir neçə dəfə isə oğluna məxsus avtomobili özü idarə etmiş, Qazançı kəndinə işə getmiş və axşam evə qayıtmışdır. Həmin vaxtlar nəqliyyat vasitəsini onun idarə etməsindən oğlunun məlumatı olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində oğlu Zərərçəkmiş şəxs1 arvadını və onu öz avtomobili ilə Qazançı kəndinə çörək sexinə aparmış, Qazançı kəndinə çatdıqdan sonra oğlu Turqay, işi ilə əlaqədar başqa maşınla Naxçıvan şəhərinə qayıtmış, avtomobili ehtiyac olar deyə sexin yanına qoymuşdur. Saat 19 radələrində çörək sexində işlərini yekunlaşdırmış, oğlunun onları gəlib götürməsini gözləməmiş, oğlu Zərərçəkmiş şəxs1 məxsus olan X16 M2 minik markalı, **-BG-*** nömrəli avtomobilə yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə minmiş, avtomobili özü idarə etməklə Naxçıvan şəhəri istiqamətində yola düşmüşlər. Naxçıvan şəhəri istiqamətdə hərəkətdə olarkən anidən şəkəri yüksəlmiş, vəziyyəti pisləşmiş, idarəetməni itirmiş, idarə etdiyi avtomobil yolun sol hissəsinə doğru istiqamətlənmiş, asfalt yoldan çıxmış, sükanı sağa çevirərək idarəetməni bərpa etmək istəyən zaman avtomobil yolun sağında asfalt yoldan çıxıb oradakı qaz borusuna çırpılmış və yuvarlanmağa başlamışdır. Həmin andan sonra heç nə xatırlamır. Özünə gəldikdə isə yoldaşı ilə birlikdə müxtəlif xəsarətlər almış vəziyyətdə və oturduqları yerlər dəyişilmiş vəziyyətdə olmaqla avtomobilin içərisində olduqlarını və həmin avtomobilin öz təkərləri üzərində üzü əsas yol istiqamətində dərənin içərisində qayanın üzərində dayandığını görmüşdür. Bir az sonra olduqları yerə polis əməkdaşları gəlmiş, onları avtomobilin içərisindən çıxarmışlar. Sonra isə təcili tibbi yardım əməkdaşları gəlmiş, onları xərəyə qoyaraq yuxarı qaldırmışlar. Özünü təcili tibbi yardım avtomobilinə, arvadını isə tanımadığı Niva markalı avtomobilə mindirərək Naxçıvan şəhər xəstəxanasına gətirmişlər. Xəstəxanada ona və arvadı Zərərçəkmiş şəxs2 ilkin tibbi yardım göstərilmiş, müxtəlif müayinələrdən keçirilmişlər. Səhərsi gün müalicələrinin ev şəraitində davam etdirilməsi üçün evə buraxılmışlar. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, hadisə baş verməzdən bilavasitə əvvəl avtomobili təqribən 80 km/saat sürətlə idarə etmiş, həmin vaxt avtomobili skorusda yox, neytral vəziyyətdə, ətalətlə idarə etmiş, diqqətini yayındıracaq heç nə olmamış, diqqətini yayındıracaq hər hansı bir işlə məşğul olmamış, həmin gün saat 14:00 radələrində 1 ədəd yarım litrlik Xırdalan pivəsi içmiş, hadisə baş verən zaman həmin yol işıqlandırılmamış, yolda heç bir nişanlama xətti olmamış, hava qaranlıq olmuş, çiskin yağış yağmış, hadisə baş verən anda yolda başqa nəqliyyat vasitəsinin, insanın olmasını xatırlamır. Hadisə yerinə ilk olaraq polis əmkdaşları, sonra başqa vətəndaşlar, təcili yardım əməkdaşları gəlmişdir. Avtomobil oğlu Zərərçəkmiş şəxs1 məxsus olduğundan sonuncu dəfə nə zaman avtomobilin texniki baxışdan keçirilməsini bilmir. Avtomobilini idarə edən zaman sürücülük vəsiqəsi, etibarnaməsi olmamışdır. Sürücülük vəsiqəsi, etibarnamə olmadan avtomobili idarə edərək Naxçıvan şəhərinə gələcəyi barədə oğlu Zərərçəkmiş şəxs1 əvvəlcədən məlumatı olmuş, bu barədə oğluna məlumat vermişdir. Hadisədən əvvəl avtomobildə texniki nasazlıq hiss etməmiş, şinlər qış fəslinə uyğun yeni şinlər olmuşdur. Şəkər xəstəliyindən 3 ildir ki, əziyyət çəkir, lakin xəstəxanada qeydiyyatda deyil, müxtəlif dərmanlardan istifadə edir. Baş verənlərə görə hadisənin qarşısını almağa imkanı olmamış, hadisədən əvvəl təhlükəsizlik kəmərini bağlamış, görmə və eşitmə vəziyyəti ilə bağlı heç bir problemi, həmçinin səhhəti ilə bağlı başqa nasazlığı, xroniki xəstəliyi olmamışdır. 1-ci qrup ayaqdan əlil olduğuna görə ağrılarının sakitləşdirilməsi üçün bəzi sakitləşdirici dərmanlardan istifadə edir. Hadisədən əvvəl gecə normal yatmış, istirahət etmiş, həmin gün lavaş sexində işlədiyi müddət ərzində normal fasilələrlə istirahət etmiş, gün ərzində Naxçıvan şəhərinə qayıdanadək avtomobili idarə etməmiş, hadisədən əvvəl özünü tam normal hiss etmiş, səhhətində heç bir problem olmamış, əsəbi halda olmamış, sarsıntı və ya həyəcan keçirməmişdir. Nəqliyyat vasitəsini sürücülük hüququ, etibarnamə olmadan idarə etdiyi müddətdə DYP əməkdaşları tərəfindən saxlanılmamış, inzibati məsuliyyətə cəlb olunmamışdır. Hadisə baş verən zaman avtomobilinin əyləc sistemindən istifadə etməmiş, arvadı Zərərçəkmiş şəxs2 təhlükəsizlik kəmərindən istifadə edib-etməməsini xatırlamır. Əməlindən çox peşmandır, ona köməklik etməyi məhkəmədən xahiş edir. 18 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 25 ildir ki, Təqsirləndirilən şəxs ilə ailə qurmuş, iki uşaqları var. Naxçıvan şəhərində Əliabad qəsəbəsində yaşayırlar. Təqribən 15 ildir ki, Culfa rayonunun Qazançı kəndində Təqsirləndirilən şəxs məxsus olan lavaş sexində birlikdə işləyirlər. Oğlu Zərərçəkmiş şəxs1 həftənin bazar günündən başqa digər günlərdə özünə məxsus Great Wall markalı, ** BG *** nömrəli avtomobillə səhər saat 0830 radələrində onları Qazançı kəndinə işə aparır, axşam saat 19:20 radələrində isə Əliabad qəsəbəsinə gətirir. xx.xx.2023-cü il tarixində saat 0830 radələrində oğlu T.Təqsirləndirilən şəxsSadiqovu və onu öz avtomobili ilə Qazançı kəndinə aparmış, Turqay avtomobili lazım olar deyə sexin yanında qoymuş, işi ilə əlaqədar Naxçıvan şəhərinə qayıtmışdır. Saat 1900 radələrində sexdə işlərini yekunlaşdırmış, Təqsirləndirilən şəxs oğlu Turqaya zəng vurmuş, qayıtmasına ehtiyac olmadığını, avtomobili özünün idarə edəcəyini, Naxçıvan şəhərinə qayıdacaqlarını demiş, bundan sonra əri ilə birlikdə oğlunun Great Wall markalı, ** BG *** nömrəli avtomobilinə minmişdir. Hafız Sadiqov avtomobili işə salmış, Naxçıvan şəhəri istiqamətində yola düşmüşlər. X7 yanından keçən avtomobil yolu ilə üzü aşağı hərəkətdə olan zaman anidən avtomobilin yolun soluna doğru yoldan çıxdığını görmüş, “Ay Hafiz” deyə qışqırdıqdan sonra Hafiz sükanı sağa çeviməyə çalışmış, avtomobil yolun sağında yoldan çıxmış, qaz borusuna çırpılmış, yuvarlanmağa başlamışdır. Özünə gələn zaman yoldan kənardakı dərənin dibində, müxtəlif xəsarətlər almış halda avtomobilin içərisində olduqlarını, avtomobilin isə təkərləri üzərində dərənin içində daşın üzərində, üzü yol istiqamətində dayandığını görmüşdür. Bir az sonra polis əməkdaşları gəlmiş, onları avtomobildən çıxarmış, sonra təcili yardım əməkdaşları gəlmiş, onları xərəyə qoyaraq yuxarı qaldırmışlar. Əri Təqsirləndirilən şəxs təcili yardım avtomobilinə, onu isə tanımadığı bir mülki avtomobilə mindirmiş, Naxçıvan şəhərinə Xəstəxanaya aparmışlar. Qəza baş verən zaman avtomobildə özü və yoldaşı olmuş, yolda avtomobil və ya adam olmamışdır. Hadisədən az əvvəl yola baxmış, Hafizin də diqqəti yolda olmuş, onun diqqətlərini yayındıracaq heç nə ilə məşğul olmamış, Hafizin narahat olmasını bilməmiş, avtomobilin yolun soluna doğru istiqamətləndiyini, Hafizin idarəetməni itirdiyini görmüş, hadisə vaxtı Hafiz təhlükəsizlik kəmərini taxmış, özü təhlükəsizlik kəmərini taxmamış, avtomobillə yola düşənə qədər Hafiz içki içmiş, çiskin yağış yağdığından asfalt nəm olmuş, lakin qəzanın tam olaraq hansı səbəbdən baş verdiyini bilməmişdir. Hadisədən az əvvəl avtomobilin sürət göstəricisinə baxmış, 90-100 km/saat sürətlə hərəkət etmiş, Hafizə demək istəmiş, lakin gec olmuş, hadisə baş vermişdir. Yol qaranlıq olmuş, yolda nişanlama xətləri olmamış, yolda duman, çən və ya görünüşü məhdudlaşdıran digər maneələr olmamışdır. Zərərçəkmiş şəxs2 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs əridir. Hadisəyə görə onu bağışlayır. Müalicə olunmuş, hər hansı narahatçılığı yoxdur. Məhkəmədən də onu bağışlamağı xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən Culfa RPŞ-nin X9 Teyvaz kəndi üzrə sahə inspektoru vəzifəsində xidmət edir. Hər ayın müxtəlif günlərində 3 dəfə olmaqla gecə X9 əməliyyatistintaq qrupunun tərkibində qalaraq xidmətdə olur. xx.xx.2023-ci il tarixdə əməliyyatistintaq qrupunda xidmətdə olmuş, bu səbəbdən də iş vaxtı bitdikdən sonra evə getməmiş, X6mışdır. Saat 19:30 radələrində Rüstəmin qaynı onlara şam yeməyi gətirmiş, ondan yeməyi almış, yemək üçün Bölmənin yeməkxanasına enmişlər. Süfrəni hazırlayan zaman, saat təxminən 19:40 radələrində Rüstəmin qaynı onları səsləmiş, “gəlin görək bu uşaq nə deyir?” deyə bildirmişdir. Onlar bölmədən çölə çıxan zaman bir nəfər Milax kənd sakini kimi tanıdığı, lakin adını bilmədiyi uşağın Rüstəmin qaynının yanında dayandığını görmüş, uşaq Əlincə kəndində yol ayrıcında dayanıb avtobus gözləyən zaman Əlincə qalasının yanından üzüaşağı avtomobil işığı gəldiyini və sonradan həmin avtomobilin yoldan çıxaraq dərəyə yuvarlandığını gördüyünü bildirmişdir. Həmin vaxt Polis Bölməsində özündən başqa növbətçi köməkçisi Şahid2 və bölmənin ocaqçısı Hüseyn adlı şəxs olmuşdur. Şahid2 bölmədə qalmasını bildirmiş, məlumatın düzgünlüyünü yoxlamaq üçün Hüseyn adlı şəxs və məlumatı verən uşaqla birlikdə bölmənin qarşısına enmiş, Rüstəmin qayınının avtomobili ilə uşağın dediyi yerə getmişlər. Şahid5la birlikdə avtomobildən enmiş, yolun kənarındakı ağacın əyildiyini görmüş, avtomobilin həmin yerdən yoldan çıxdığını düşünmüş, cəld yolun sağ tərəfindəki dərəyə doğru getmişlər. Yuxarıdan dayanıb baxdıqda dərənin içərisində avtomobilin işıqlarının yanıb-söndüyünü görmüş və avtomobildə olan şəxslərin kömək istədiyini eşitmişlər. Onları oraya gətirən avtomobilin sürücüsünə uşağı aparıb marşrutla yola salmasını bildirmiş, hadisə barədə bölmə rəislərinə məlumat vermiş, Şahid5la birlikdə dərəyə, avtomobilin düşdüyü yerə enmişlər. Dərənin içərisində avtomobilin üzü əsas yol istiqamətində əzilmiş vəziyyətdə, şüşələr sınmış və təhlükəsizlik şarları açılmış halda öz təkərləri üzərində dayandığını, avtomobilin içərisində olan çörəklərin əzilərək ətrafa səpələndiyini, həmin avtomobilin içərisində bir qadın və bir kişi olmaqla iki nəfərin olduğunu, həmin vaxt qadının sürücü oturacağında, kişinin isə qabaq sağ oturacaqda olduğunu, heç birində təhlükəsizlik kəmərinin bağlı vəziyyətdə olmadığını görmüşlər. Kişidən avtomobili qadının idarə edibetmədiyini soruşmuş, kişi avtomobili özünün idarə etdiyini, avtomobil yuvarlanan zaman yerlərinin dəyişildiyini bildirmişdir. Şahid5la birlikdə sürücü qapısını çətinliklə açmış, qadını köməkli şəkildə avtomobildən çıxarıb təqribən 3-4 metr aralıya qoymuş, qadın orada oturmuş vəziyyətdə qalmış, sonra digər qapını açaraq kişini avtomobildən çıxarmış və avtomobildən kənara çəkmişlər. Kişini avtomobildən çıxaran zaman protezi yerə düşmüş, kişinin bir ayağının olmadığını görmüşlər. Protezi götürmüş kişiyə vermişlər. Qadını avtomobildən endirən zaman sol ayağını hiss etmədiyini və qolunun ağrıdığını bildirmiş, kişinin üzünün sol tərəfi qan içində olmuş, sol çiyninin ağrıdığını demişdir. Kişinin içkili olduğunu hiss etmiş, spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o, “sus, dinmə, heç kim bilməsin” deyə cavab vermişdir. Kişini və qadını avtomobildən endirdikdən dərhal sonra avtomobilin akkumulyatorunun şunurunu çəkib çıxarmış, şəbəkə olan yerə çəkilmiş, bölmənin növbətçi köməkçisi Şahid2 zəng vurmuş, təcili yardımı və xəsarət alanları dərədən yuxarı qaldırmaq üçün əlavə kömək çağırmasını bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra hadisədən xəbər tutan digər vətəndaşlar və bir neçə polis əməkdaşı hadisə yerinə gəlmişlər. Hadisə barədə kişinin təkidi ilə digər ailə üzvlərinə də xəbər vermişlər. Kişinin oğlu da hadisə yerinə gəlmiş, təqribən 35-40 dəqiqə sonra təcili yardım avtomobili də gəlmiş, onlara hadisə yerində ilkin tibbi yardım göstərilmiş, sonra köməkli şəkildə ilk öncə kişini xərəyə qoyaraq yuxarı qaldırmış, daha sonra isə qadını xərəyə qoyaraq yuxarı qaldırmış, kişini təcili yardım avtomobili ilə, qadını isə mülki şəxsin avtomobili ilə xəstəxanaya aparmışlar. Özü hadisə yerində qalmış, hadisə yerinə baxış keçirildikdən sonra X8yıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 2016-cı ildən DİO-da polis nəfəri kimi xidmət edir. 2021-ci ildən X9 PPXT-nin manqa komandiri kimi, 2023-cü ildən isə Culfa RPŞ-nin PPXT-nin manqa komandiri vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə olmuş, axşam xidmətində olan zaman X10 növbətçi köməkçisi Şahid2 ona zəng vurmuş, Əlincə Qalasına tərəf gedən yolda yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmiş, dərhal hadisə yerinə getmiş, yolun kənarında ondan öncə gəlmiş bir neçə avtomobilin olduğunu, həmçinin gecə vaxtı olduğuna görə tanıya bilmədiyi bir neçə şəxsin də orada olduğunu görmüşdür. Avtomobili saxlamış, dərhal hadisənin baş verdiyi əraziyə enmiş, hadisə yolun sağ kənarında yerləşən dərin dərədə baş vermişdir. Qəzaya uğramış avtomobilin yanına çatmış, orada bir neçə kənar şəxsin, avtomobili idarə edən şəxsin və bir qadının olduğunu görmüşdür. Qəzaya uğramış avtomobilin şüşələri sınmış, avtomobil əzilərək yararsız hala düşmüş, qadının avtomobilin sürücü olan tərəfindən yerdə, kişinin isə avtomobilin sağ tərəfindən yerdə oturduğunu görmüşdür. Kişinin ayağı protez olduğundan, protez ayağından çıxaraq yanına düşmüşdür. Kişinin sağ alın nahiyəsi yaralanmış, qadın isə oturduğu yerdə ağlamışdır. Təcili tibbi yardım avtomobili gəldikdən sonra yuxarı qalxmış, onların hadisə yerinə enməsi üçün yol göstərmiş, ilkin olaraq kişini xərəyə qoymuş, yuxarı qaldırmışlar. Sonra isə qadını xərəyə qoymuş, təcili tibbi yardım avtomobilinin yanına aparmışlar. Təcili tibbi yardım avtomobili tək nəfərlik olduğundan kişini təcili yardım avtomobili ilə, qadını isə tanımadığı mülki avtomobil ilə xəstəxanaya yola salmışlar. Culfa RPŞ-nin İstintaq və Təhqiqat qrupunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, qəzaya uğramış avtomobil hadisə yerində qaldığına görə orada qalması və hadisə yerini mühafizə etməsi ona tapşırılmış, hadisə yerində qalmış, avtomobilin mühafizəsini təşkil etmişdir. Növbəti gün səhər avtomobil hadisə yerindən götürülmüş, xidmət vaxtı başa çatdığından oranı tərk etmiş, evə qayıtmışdır. Hadisə vaxtı avtomobildə xəsarət almış iki nəfərdən başqa kimsə olmamış, kişini xərəyə mindirən zaman sərxoş vəziyyətdə olması aşkar hiss olunmuşdur. Hadisənin hansı şəraitdə, necə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid9 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, xx.xx.2013-cü il tarixdən DİO-da xidmət edir. Hadisə baş verən zaman Culfa rayon Xanəgah kəndinin sahə inspektoru vəzifəsində xidmət etmişdir. xx.xx.2023-cü il tarixdə iş vaxtı bitdikdən sonra yaşadığı Əlincə kəndində yerləşən evlərinə getmişdir. Saat təqribən 20:30 radələrində X9 növbətçi köməkçisi vəzifəsində işləyən Şahid2 onun ***-***-**-** mobil nömrəli telefonuna zəng vurmuş, Əlincə PB-dən yuxarıda, Əlincə qalası istiqamətində yol-nəqliyyat hadisəsinin baş verdiyini, kömək üçün hadisə yerinə getməsini bildirmişdir. Cəld evdən çıxmış, özünə məxsus olan Mitsubishi L200 markalı, 72BD922 qeydiyyat nömrəli avtomobili ilə Şahid2 bildirdiyi yer istiqamətində getmiş, Əlincə PB-dən üzü yuxarı istiqamətdə təqribən 500-600 metr getdikdən sonra yol kənarında avtomobilini saxlamış, həmin vaxt yol kənarında və görünən ərazidə kimsə olmamış, yolun kənarında başqa avtomobil də olmamışdır. Hadisə yerinə ilk olaraq Şahid9 getdiyini bildiyindən onu səsləmiş, Yaşar dərənin içərisindən ona səs vermiş, avtomobilin dərənin içərisində olduğunu, onların da avtomobilin yanında olduğunu bilmiş, həmin istiqamətdə dərənin içərisinə enmiş, ağ rəngli aşan avtomobilin sayrışan işıqlarının yanıb-söndüyünü və avtomobildə olan şəxslərdən bir nəfər qadının avtomobilin qabaq sol qapısından 2-3 metr aralıda yerdə daşın üzərində oturduğunu, digər kişinin isə qabaq sağ qapıdan təqribən 2 metr aralıda yerdə oturduğunu, Əlincə PB-nin əməkdaşları olan Şahid9 və həmin bölmənin ocaqçısı olan Şahid5 orada olduqlarını görmüşdür. Avtomobildən çıxarılan şəxslər yerdən qalxmağa çalışsalar da, onlarda hər hansı bir daxili qanaxma ola biləcəyindən və həkim müayinəsinə ehtiyac olduğundan yerlərindən qalxmasına icazə verməmiş, hadisə yerinə çatdıqdan təqribən 10 dəqiqə sonra həmkəndlisi Şahid8 da hadisə yerinə gəlmiş, əlavə bədbəxt hadisə baş verməsin deyə Mütəllimdən avtomobilin kaport hissəsini açmağı, akkumulyatoru ayırmağı xahiş etmiş, Mütəllim avtomobilin akkumulyatorunu ayırmışdır. Növbətçi köməkçisi ilə danışmış, iki nəfər xəsarət aldığını, onların yoldan aralı, dərənin içərisində olduqlarını, təcili yardıma iki xərək gətirməsini deməsini bildirmişdir. Həmin vaxt Əlincə PB-nin əməkdaşı, Əlincə kəndinin polis sahə inspektoru Şahid3 ona zəng etmiş, hadisə yerinin harada olmasını soruşmuş, Şahid3 hadisə yerini təsvir etmiş, Şahid3, Əlincə PB-nin PPXT-nın manqa komandiri Qorxmaz Quliyev və tanımadığı digər vətəndaşlar da hadisə yerinə gəlmişlər. Təcili yardım əməkdaşları hadisə yerinə gəldikdən sonra xəsarət alanlara ilkin tibbi yardım göstərilmiş, sonra köməkli şəkildə ilk öncə kişini, sonra qadını avtomobillərin olduğu yerə qaldırmış, xəstəxanaya yola salmış, özü isə yaşadığı ünvana qayıtmışdır. Şahid4 ifadəsində onu da ildirmişdir ki, 2016-2017-ci illər ərzində Culfa rayonunun Qazançı kəndində sahə inspektoru vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs və onun arvadı Zərərçəkmiş şəxs2 Qazançı kəndində çörək sexi işlətdiklərinə görə tanımışdır. Hadisədən əvvəl nəqliyyat vasitəsini kimin idarə etməsini bilməmiş, onlardan da bu barədə soruşmamışdır. H.Sadıqova yaxınlaşan zaman ondan spirt iyi gəldiyini hiss etmiş, hərəkətlərindən onun sərxoş vəziyyətdə olduğunu bilmiş, ondan bu barədə nəsə soruşmamışdır. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün səmimi etirafı ilə bərabər, dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspert rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş- 08 yanvar 2023-ci il tarixli, 40 nömrəli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, Təqsirləndirilən şəxs saat 22:52-də sərxoşluq vəziyyəti yoxlanılmış, onun alkoqol sərxoşluğu vəziyyəti olması (1.14) müəyyən edilmişdir. AD 817370 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 75BG038 dövlət qeydiyyat nömrə nişanlı, X16 M2 MİNİK markalı (buraxılı ili 2013, mühərrik nömrə 7448265, ban nömrə LGWEE2A49DE634315) nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs1dur. xx.xx.2023-cü il tarixli, 24 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətlər sağ kürək nahiyəsində qançır, sağ əlin arxa səthində sıyrıq, sol əlin arxa səthində qançır, qarının sağ yan divarında qançır, sağ və sol birinci qabırğaların sınığı aşkar edilmiş, göstərilən xəsarətlər küt əşyanın təsirindən törənmişdir və elecə də avtomobil qəzası nəticəsində yarana bilərdi. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətlərinə aiddir. xx.xx.2023-cü il tarixli, 25 saylı ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər sol gözün ətrafında periorbital sahədə qançır, təpə nahiyəsində yara, qapalı kəllə beyin travması, sol kürək sümüyünün sınığıdır. Göstərilən xəsarətlər küt əşyanın təsirindən törənmişdir və elecə də avto qəza nəticəsində yarana bilərdi. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətlərinə aiddir. H.Sadıqov hadisədən az əvvəl spirtli içki qəbul etmişdir. Naxçıvan Muxtar Respublikası DİN-in X15 İdarəsinin 1/83 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan X16 M 2 minik markalı, ** BG *** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2022ci il tarixədək Naxçıvan MR DİN-in X15 İdarəsinin Qeydiyyat İmtahan və X11 müayinə mərkəzi tərəfindən texniki baxışdan keçirilmiş, MF11413159 nömrəli elektron talon verilmişdir. Culfa rayon Polis Şöbəsinin DYPQ-dən verilmiş 23 yanvar 2023-cü il tarixli, 5/275 nömrəli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində son 1 il ərzində yol hərəkəti qaydalarını pozduğuna görə inzibati protokol tərtib edilməmişdir. Hadisə baş verən yolda sürət həddini göstərən yol nişanları olmadığından və yaşayış məntəqəsindən kənarda yerləşdiyindən, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinə əsasən yuxarı sürət həddi 90 km/saat müəyyən edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2023-cü il tarixli, 75 nömrəli rəyində qeyd edilmişdir ki, istintaq tərəfindən göstərilən vəziyyətdə X16 M 2 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin Qanununun 36-cı maddəsinin1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən vəziyyətdə hadisənin baş verməsi asfalt örtüklü yolun bitum yağlı və yolun mailli-enişli olması ilə deyil, sürücü Təqsirləndirilən şəxs təhlükəsizliyi təmin etməyən öz hərəkətləri ilə əlaqədar olmuşdur. Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər dispanserindən verilmiş 174 nömrəli, 15 fevral 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat-X2 verilmiş tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə qeydiyyat yoxdur. Naxçıvan Muxtar Respublikası DİN-in X15 İdarəsinin 1/360 nömrəli, 27 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş DYP idarəsinin X4 məlumatları üzrə müvafq yoxlama aparılmış, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. Culfa rayon İH-nin Qazançı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Naxçıvan şəhər 3 saylı Mİİ-dən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarili, 155 nömrəli rəyində qeyd edilmişdir ki, 08 fevral 2023-cü il tarixli nöqsan aktı məlumatlarına əsasən Zərərçəkmiş şəxs1 məxsus 2013-cü il buraxılışlı, X16 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı tədqiq edilən avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hssələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan nəzəri hesablanma yolu ilə təxminən 5740, 40 manat müəyyən edilmişdir. 052048 nömrəli vəsiqənin surətindən müəyyən Təqsirləndirilən şəxs müharibə veteranıdır. 033251 nömrəli vəsiqənin surətindən müəyyən Təqsirləndirilən şəxs birinci qrup hərbi əlildir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə törətdiyi cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə, saat 19:30 radələrində etibarnamə və sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə etdiyi, eyni ünvanda yaşadığı oğlu Zərərçəkmiş şəxs1 məxsus X16 M2 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Culfa rayonunun Qazançı kəndindən sərnişin qismində olan arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə Naxçıvan şəhərinə, yaşadıqları ünvana qayıdan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmuş, sərxoş olduğu halda avtomobili 80 km/saat sürətlə idarə etmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa imkanı olduğu halda, Qanunun göstərilən tələblərini pozaraq idarəetməni itirmiş, yol hərəkəti iştirakçıları üçün təhlükəli şərait yaratmış, nəticədə avtomobil Çeşməbasar-Ərəfsə avtomobil yolunun Əlincə kəndinin ərazisindən keçən hissəsində Əlincə Qalasını keçdikdən sonra yoldan çıxmış və yolun sağ tərəfindəki 21 metr dərinliyində olan dərəyə yuvarlanmış, nəticədə avtomobildə olan sərnişin, arvadı Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan “sağ kürək nahiyəsində qançır, sağ əlin arxa səthində sıyrıq, sol əlin arxa səthində qançır, qarının sağ yan divarında qançır, sağ və sol birinci qabırğaların sınığı” xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətləri almasına səbəb olmuş, eyni zamanda törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində etibarnaməsi olmadan sərxoş vəziyyətdə idarə etdiyi və oğlu Zərərçəkmiş şəxs1 məxsus olan X16 M2 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək yararsız vəziyyətə düşməsi nəticəsində oğlu Zərərçəkmiş şəxs1 ümumilikdə 5740,40 manat maddi ziyan vurmuşdur. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlidir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyası daxilində ədalətli cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin onu bağışlamasını, vurulmuz zərərin ödənilməsini, cinayət əməli törətməsindən peşman olmasını, birinci qrup hərbi əlil olmasını, müharibə veteranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən, yəni cəzanı çəkmədən islah olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti olaraq tətbiq edilməsini məhkəmə qanuni və ədalətli hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir, həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti olaraq tətbiq edildiyi təqdirdə də təmin edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli, 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, ona 1 il 6 ay sınaq müddəti müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs müəyyən edilmiş 1 il 6 ay sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, onun üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilən 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə əlavə cəzası hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Məhkəmə cinayət iş üzrə maddi sübutların taleyi ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Culfa rayon Polis Şöbəsinin X10 mühafizə olunan dayanacağında saxlanılan, Zərərçəkmiş şəxs1 məxsus olan X16 M2 MİNİK, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və Culfa Rayon Məhkəməsində olan AD 817370 nömrəli qeydiyyat şəhadətnaməsi hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1, həmçinin Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmaması barədə məsələni həll edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edildiyindən, polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur, zərər çəkmiş Zərərçəkmiş şəxs1 dəymiş 5740,40 manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edir, belə nəticəyə gəlir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçiyə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən ... təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin, Təqsirləndirilən şəxs 1 il 6 ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs müəyyən edilmiş 1 il 6 ay sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulsunn. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Culfa rayon Polis Şöbəsinin X10 mühafizə olunan dayanacağında saxlanılan, Zərərçəkmiş şəxs1 məxsus olan X16 M2 MİNİK, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və Culfa Rayon Məhkəməsində olan AD 817370 nömrəli qeydiyyat şəhadətnaməsi hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1, həmçinin Culfa Rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İşdə mülki iddia yoxdur. Müdafiəçi Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar