Məhkəmə qərarları › İş №1(089)-8/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-8/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-8/2025 24.04.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs- xx xxxxxx 1968-ci il tarixdə Şərur rayonunun Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Şərur rayonunun Aralıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 31 dekabr 2024-cü il tarixdə sərnişin qismində 85AE302 dövlət qeydiyyat nişanlı “MAN” markalı Bakı-Naxçıvan istiqamətində hərəkət edən avtobusla İran İslam Respublikasından tranzit keçməklə Azərbaycan Respublikası ərazisinə gələrkən İran İslam Respublikasında olduğu müddət ərzində istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,748 qram qurudulmuş marixuana narkotik vasitəsini əyninə geyindiyi qara rəngli alt paltarının içərisinə qoyaraq gizlətmiş, həmin tarixdə qeyd olunan avtobusla Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən saat 08 radələrində Culfa rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 206.2-ci maddələsi ilə tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə İstanbul şəhərində yaşayır. X3 danışıq problemi olduğu üçün təxminən 2024-cü ilin dekabr ayının ortalarında İstanbuldan Bakı şəhərinə getmişdir. Özü də 28 dekabr 2024-cü il tarixdə nəvəsinin müalicəsi ilə əlaqədar Bakı şəhərinə getmək üçün axşam saatlarında Şərur rayonunda yerləşən avtovağzaldan yola düşmüşdür. Nəvəsini müalicə edən həkim Sumqayıt şəhərində olduğu üçün qızı müvəqqəti olaraq həmin şəhərdə öz xalası qızıgildə yaşamışdır. 29 dekabr 2024-cü il tarixdə təxminən saat 11-12 radələrində Bakı şəhərində yerləşən avtovağzala çatmış, qızı Sumqayıt şəhərində olduğu üçün oradan taksi ilə Sumqayıt şəhərinə getmiş, günorta yeməyini orada yemiş, qızının qonaq qaldığı evin sahibinin də uşağı xəstə olduğundan, 2 xəstə uşağın eyni evdə qala bilməyəcəyini bildirmiş, məsləhətləşib qızının başqa evə köçməsini demişdir. Axşam saat 4-5 radələrində Bakı şəhərinə qayıtmış, gecəni Bakı şəhərində hosteldə keçirmişdir. 30 dekabr 2024-cü il tarixdə axşam saat təxminən 19 radələrində Bakı şəhərindən avtobusla Naxçıvan şəhərinə doğru yola düşmüş, həmin gün Biləsuvar gömrüyündən keçərək İranın Biləsuvar şəhərinə gəlmişdir. Biləsuvar şəhərində ayaqyoluna girərkən “nəşənin” qoxusu onu vurmuş, ayaqyoluna giribçıxdıqdan sonra ayaqyolunun qabağında olan şəxsə yaxınlaşmış, “yaxşı qoxusu gəlir, məni də qonaq edə bilərsən” demişdir. Oradakı şəxs də əlindəki siqareti ona vermiş, oradan uzaqlaşmış, həmin yer qaranlıq olduğu üçün həmin şəxsin sifətini tam görə bilməmişdir. “Nəşə” dolu siqareti çəkib qurtardıqdan sonra avtobusun dayandığı yerə doğru getmiş, avtobusların dayandığı yerdə olan yeməkxanaya girmiş, çay içmiş, yemək yemişdir. Sonra ona “nəşə” olan siqareti verən adam yaxınlaşmış, ona “necə idi, xoşuna gəldi” demiş, həmin şəxsə xoşuna gəldiyini demiş və ona yemək sifariş vermişdir. Biraz həmsöhbət olmuş, ona yol getdiyini və biraz “ot” verməsini demiş, o da kağızın arasında ona biraz “ot” vermişdir. Həmin otdan biraz istifadə etmiş, qalanını isə üç dəfə çəkmək üçün 3 bükümə bölmüş və həmin bükümləri əyninə geyindiyi alt paltarının içərisinə qoymuş, Naxçıvan şəhərinə doğru yola düşmüşdür. Naxçıvan Muxtar Respublikasının Culfa gömrüyünü keçdiyi zaman gömrük əməkdaşı üzərini yoxlayarkən cibində olan bir ədəd boş siqaret filtirini görmüş və üzərində şəxsi yoxlama aparacağını bildirmiş, onu bir otağa dəvət etmiş və iki nəfər tanımadığı adamın şahidliyi ilə üzərini yoxlamışdır. Yoxlama zamanı alt paltarında gizlətdiyi narkotiki aşkar etmiş, həmin narkotiki tərəzidə çəkmiş və çəkisinin 1.2 qram olduğunu görmüşdür. Daha sonra yoxlama barəsində müvafiq sənədlər hazırlanmış, o da imzalamışdır. Törətdiyi əmələ görə çox peşmandır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 31 dekabr 2024-cü il tarixdə sərnişin xəttində xidmətdə olduğu vaxt, xidmətin bitməsinə az qalmış, təxminən saat 08 radələrində Bakıdan Naxçıvana avtobusla gələn, sonradan adını bildiyi Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçmək üçün yaxınlaşmış, üzərində olan əşyaları boşaltmış və sərnişin zalında olan detektordan keçmişdir. O, şəxsin üzərindən boşaltdığı əşyalara baxarkən bir ədəd içi boş siqaret filtiri görmüş və nə üçün istifadə etdiyini soruşmuş, şəxs isə kağız olduğunu bildirmişdir. O, vətəndaşın bu cavabından və hərəkətlərindən şübhələnməyə başlamış və onun üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmişdir. Post rəisindən müvafiq icazə aldıqdan sonra iki nəfər hal şahidi dəvət etmiş və Təqsirləndirilən şəxsı şəxsi yoxlama üçün nəzərdə tutulmuş otağa aparmışdır. Burada iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş və ya bəyan ediləsi predmet olub-olmadığını soruşmuş, o isə üzərində qadağan olunmuş və ya bəyan ediləsi hər hansı predmet olmadığını bildirmişdir. O, şəxsin üzərini yoxlamağa başlamış, yoxlama zamanı əyninə geyindiyi qara rəngli alt paltarının içərisindən 3 ədəd büküm aşkar etmiş, həmin bükümləri açmış və içərisində yaşıl rəngli, ot halında kəskin iyli narkotik vasitəyə bənzər kütlənin olduğunu görmüşdür. Daha sonra aşkar etdiyi həmin bükümləri Təqsirləndirilən şəxs və hal şahidlərinin yanında elektron tərəzidə çəkmiş və ümumilikdə çəkisinin 1.2 qram olduğunu görmüşdür. Sonda aşkar etdiyi bükümləri şəxsi yoxlamada iştirak edən şəxslərin yanında qablaşdırıb götürmüş, müvafiq protokol tərtib etmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 31 dekabr 2024-cü il tarixdə Culfa gömrüyündə yük boşaldarkən gömrük əməkdaşı Şahid1 onu çağırmış, bir nəfər Azərbaycan vətəndaşının üzərində yoxlama aparacağını və onun da hal şahidi qismində iştirak etməyini xahiş etmiş, o da etiraz etməmiş və onunla birgə yoxlamanın aparılacağı otağa getmişdir. Daha sonra Şahid1 onunla birgə orada yük boşaldan Etibarı da hal şahidi kimi dəvət etmiş, Təqsirləndirilən şəxsı onlara təqdim etmiş, onu tanıyıb-tanımadıqlarını soruşmuş, onlar da ilk dəfə gördüklərini və tanımadıqlarını bildirmişlər. Daha sonra gömrük əməkdaşı Teymur onların iştirakı ilə vətəndaşı yoxlamağa başlamış, yoxlama zamanı şəxsin əyninə geyindiyi alt paltarının içərisindən üç ədəd büküm aşkarlamışdır. Sonra həmin bükümləri açmış və içərisində kəskin iy verən otun olduğunu görmüşdür. Şahid1 həmin otun narkotik vasitəyə bənzədiyini bildirmiş və tərəzidə çəkmiş, çəkisinin 1.2 qram olduğunu görmüşlər. Sonra həmin maddəni qablaşdırıb götürmüş, sənədlər hazırlanmış və onlar da imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Bəxtiyar oğlu Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı cinayət əməlini törətməsini etiraf etmiş, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 31 dekabr 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli alt paltarının içindən 3 ədəd bükümdə qablaşdırılma ilə birlikdə ümumi çəkisi 1.2 qram olan kəskin iyli, yaşıl rəngli, qurudulmuş ot halında narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2025-ci il tarixli, 10 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfdə olan 01 ədəd sellofan paketin içərisindəki şərti 1 nömrəli kağız bükümün içərəsindəki təmiz çəkisi- 0,367 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlə, şərti 2 nömrəli kağız bükümün içərisindəki təmiz çəkisi- 0,301 qram olan tünd yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlə, şərti 3 nömrəli kağız zərfin içərisində tütünlə qarışıq şəkildə ümumi çəkisi-0,228 qram, tütün hissəciklərini ayırdıqdan sonra təmiz çəkisi-0,080 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlələr narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 03 ədəd bükümlərdəki qurudulmuş marixuananın ümumi təmiz çəkisi-0,748 qramdır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respunlikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (İ siyahı, İ bənd, sıra №146) daxildir. Marixuana narkotik vasitəsinin təmiz çəkisi -0, 748 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 0,688 qram. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 18 fevral 2025-ci il tarixli, 82 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “narkotik maddə istifadəçisidir. Təqsirləndirilən şəxs “Konnobinoid narkomaniyası” aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Dispanser qeydiyyatına alınması məsləhətdir”. Naxçıvan MR DİN-nin Tİİ-nin ƏSİB-nə göndərilmiş 16 yanvar 2025-ci il tarixli tələbnamədə qeyd edilmişdir ki, Əliyev X7 Respublikası İstanbul 6-cı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Türkiyə Respublikası Cinayət Məcəlləsinin narkotik maddələrin satışı maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Şərur rayon İH-nin Yuxarı Aralıq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şərur rayonu İH-nin Yuxarı Aralıq kəndi İƏD üzrə nümayəndəliyindən xx.xx.2025-ci il tarixdə verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzləri arvadı X6, qızları X8, X5, oğlu X4 ibarət tərkibdədir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, 31 dekabr 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi yoxlama aparılması haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2025-ci il tarixli, 10 nömrəli nömrəli ekspert rəyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş 18 fevral 2025-ci il tarixli, 82 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 31 dekabr 2024cü il tarixdə sərnişin qismində 85AE302 dövlət qeydiyyat nişanlı “MAN” markalı Bakı- Naxçıvan istiqamətində hərəkət edən avtobusla İran İslam Respublikasından tranzit keçməklə Azərbaycan Respublikası ərazisinə gələrkən İran İslam Respublikasında olduğu müddət ərzində istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,748 qram qurudulmuş marixuananı əyninə geyindiyi qara rəngli alt paltarının içərisinə qoyaraq gizlətmiş, həmin tarixdə qeyd olunan avtobusla Naxçıvan Muxtar Respublikası ərazisinə gələrkən saat 08 radələrində Culfa rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Marixuana” 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respunlikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələr siyahısı”na daxildir. 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” narkotik maddə olan marixuananın şəxsi istehlak miqdarından xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.14-cü maddəsinə görə, gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir; 1.0.1-ci maddəsinə görə bəyanetmə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi deməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlusilah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində izah edilir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 16-cı maddəsində isə izah edilir ki, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə, onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cinayətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir, şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir, həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddələriinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 fevral 2025-ci il tarixdə “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci, 90 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan ekspertiza tədqiqatından sonra, təmiz çəkisi 0,688 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Samsung Galaxy A01” markalı (İmei1: **********73777, İmei 2: **********73775) mobil telefon, Culfa rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus C03338190 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 0,688 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. İş üzrə ekspertiza xərci 90 manat məbləğində pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung Galaxy A01” markalı (İmei1: **********73777, İmei 2: **********73775) mobil telefon, Culfa rayon Məhkəməsində olan, Təqsirləndirilən şəxs məxsus C03338190 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə vəsait təqdim ediləcək hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar