Məhkəmə qərarları › İş №1(089)-9/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-9/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-9/2023 02.06.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs Hasan, müdafiəçi Naxçıvan şəhər Vəkil bürosunun vəkili X5, tərcüməçi X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Hasanın -xx.xx.1985-ci il tarixdə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, bir uşaq atası, ali təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikası, İgdır şəhəri, Karaağaç məhəlləsində qeydiyyatda olan və yaşayan, hazırda həbsdə-barəsində Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Hasan İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təmiz çəkisi 3.618 qram qurudulmuş marixuananı bir ədəd qara sellofan kəsiyinə bükmüş və idarə etdiyi 34BGT583/54ABV516 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində alt yatağın üzərindəki döşəyin örtüyünün alt hissəsində gizlətmiş, 15 fevral 2023-cü il tarixdə, saat 15 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş etmiş, Culfa rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununlа dа Təqsirləndirilən şəxs Hasan Azərbaycan Respublikası CM- nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Hasan özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Türkiyə Respublikasının İgdır şəhərində ailəsi ilə birlikdə yaşayır. Təxminən 2 ildir ki, tır sürücüsü işləyir. 15 fevral 2023-cü il tarixədək “Saygın” firmasına məxsus 34BGT583/54ABV516 nömrəli “Mercedes-Benz” markalı yüknəqliyyat vasitəsini idarə etmişdir. Əsasən Türkiyə Respublikasından İran İslam Respublikasına yüklər daşıyır. Sonuncu dəfə təxminən 1 həftə əvvəl İzmir şəhərindən yüklədiyi yükü İranın Tehran şəhərinə aparmış, Tehran şəhərindən pvc xammalı yükünü yükləmiş və Türkiyə Respublikasına aparmaq üçün geri qayıtmışdır. İranın Təbriz şəhərində maşın parkında yük nəqliyyat vasitəsini yudurdarkən iranlı bir tır sürücüsünün nəqliyyat vasitəsinin kabinində kənafir otu istifadə etdiyini görmüş, ondan əgər varsa ona da satmasını xahiş etmiş, tır sürücüsü ona bir bükümdə kənafir otu vermiş, qarşılığında həmin şəxsə 300 tümən vermişdir. Həmin narkotikdən bir hissəsini istifadə etmiş, qalan hissəsini nəqliyyat vasitəsinin kabinində alt yatağın üzərindəki döşəyin örtüyünün altında gizlətmişdir. 15 fevral 2023-cü il tarixdə günorta vaxtlarında İranın Culfa gömrüyünə, oradan isə Azərbaycanın Culfa gömrüyünə gəlmişdir. Gömrük əməkdaşı idarə etdiyi yük avtomobilini yoxlayacağını bildirmişdir. Gömrük əməkdaşı ondan nəqliyyat vasitəsində qadağan edilən hər hansı əşyanın olub-olmamasını soruşmuş, qorxmuş, nəqliyyat vasitəsində heç nə olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxlamağa başlamış, nəqliyyat vasitəsinin kabininin qapısı açılan zaman narkotik vasitənin iyi hiss olunmuşdur. Nəqliyyat vasitəsinin kabinini axtaran zaman alt yatağın üzərindəki döşəyin örtüyünün alt hissəsinə qara sellofana bükərək qoyduğu narkotik vasitə olan kənəvir otu aşkar etmişdir. Təqsirləndirilən şəxs Hasan ifadəsində onu da bildirmişdir ki, əvvəllər bir neçə dəfə Culfa Gömrük postundan yük nəqliyyat vasitəsi ilə keçmiş, üzərində, nəqliyyat vasitəsində narkotik vasitə, psixotrop maddə keçirməmişdir. Əməlindən çox peşmandır. Əvvəllər hər hansı bir cinayət törətməmişdir. Himayəsində bir azyaşlı uşağı var, arvadı hamilədir, atası xərçəng xəstəliyindən əziyyət çəkir, ailədə yeganə qazanc gətirən şəxsdir, onun cinayət əməli törətməsi ailə üzvlərini pərişan etmişdir. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsi “Culfa” gömrük postunun baş inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində xidmətdə olmuşdur. Saat 15 radələrində İran İslam Respublikasından gələn Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Hasanın idarə etdiyi 34BGT583/54ABV516 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yaxınlaşmış və sürücünu sorğu-sual etmiş, sürücünün həyəcanlı olduğunu görmüşdür. Sürücünün şübhəli davranışları səbəbindən nəqliyyat vasitəsini yoxlamaq qərarına gəlmişdir. Bəhlul və Əli adlı şəxsləri hal şahidi olaraq dəvət etmiş, onları hal şahidi qismində iştrak emələri barədə məlumatlandırmış, hüquq və vəzifələrini izah etmişdir. Həmçinin sürücü xarici ölkənin vətəndaşı olduğundan türk dilini bilən Kamran Möhbalıyevi tərcüməçi qismində dəvət etmişdir. Yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs Hasanın idarə etdiyi nəqliyyat vasitəsində və ya üzərində bəyan edilməli və ya gizlədilmiş hər hansı bir predmet olubolmamasını, varsa təqdim edilməsini təklif etmiş, Təqsirləndirilən şəxs Hasan idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı bir şey olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Hasanın idarə etdiyi yük nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, alt yatağın üzərindəki döşəyin örtüyünün alt hissəsindən qara sellofana bükülmüş, kəskin iyli, təxmini çəkisi 3,6 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar etmişdir. Sonra sürücünün üzərində şəxsi yoxlama aparmış, lakin heçnə aşkar etməmişdir. Yoxlamalar bitdikdən sonra protokollar tərtib etmiş və protokolları imzalanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Babək rayonunun Badaşqan kəndində yaşayır, daimi iş yeri yoxdur. Hərdən Culfa gömrük postunun ərazisində yüklərin yük nəqliyyat vasitələrindən boşaldılması və yığılmasında fəhləlik edir. 15 fevral 2023-cü il tarixində Culfa gömrük postunun ərazisində olmuşdur. Saat təxminən 16-17 radələrində gömrük əməkdaşı Həsən onu və Bəhlul adlı şəxsi çağırmış, İrandan gələn Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 34BGT583/54ABV516 nömrəli yük nəqliyyat vasitəsinə onların da iştirakı ilə baxış keçirmək istədiyini bildirmiş, etiraz etməmişlər. Həsənlə birlikdə yoxlamanın keçiriləcəyi anbara getmişlər. Sürücü Türkiyə Respublikasının vətəndaşı olduğundan yoxlamanın keçiriləcəyi yerə bir nəfər tərcüməçi də çağrılmışdır. Yoxlamadan əvvəl Həsən onlara sürücünü təqdim etmiş, onu tanıyıb-tanımadıqlarını soruşmuş, sürücünü ilk dəfə gördüklərini bildirmişlər. Gömrük əməkdaşı sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, yaxud bəyan edilməli olan nəsə varsa təqdim etməsini təklif etmiş, sürücü nəqliyyat vasitəsində qadağan olunmuş, yaxud bəyan edilməli olan nəsə olmadığını bildirmişdir. Uzun çəkən yoxlamadan sonra yük nəqliyyat vasitəsinin kabinində, alt yatağın üzərindəki döşəyin örtüyünün alt hissəsindən qara sellofana bükülmüş, kəskin iyli, təxmini çəkisi 3,6 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Yoxlama bitdikdən sonra müvafiq sənədlər tərtib olunmuş və sənədləri imzalamışlar. Şahid1 ifadəsində onu da bildirmişdir ki, Oktay Temandan bükümdə nə olması, haradan, nə məqsədlə aldığı soruşulmuş, kənəvir otu olduğunu, İİR-da olarakən istifadə etməsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təzyiq, təsir olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Həsənov X3 Əli Əsəd oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Hasanın yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün səmimi etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs Hasan istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilmiş, onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postunun inspektoru Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hasanın idarə etdiyi 34BGT583/54ABV516 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinində, alt yatağın üzərindəki döşəyin örtüyünün alt hissəsindən qara sellofana bükülmüş, kəskin iyli, təxmini çəkisi 3.6 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. - Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 170 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən, üzərində Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Hasan oğlundan aşkar edilərək götürülmüş bir ədəd kağız zərfin içərisindəki, bir ədəd qara sellofan kəsiyi bükümündə təmiz çəkisi 3.618 qram olan bitki mənşəli kütlə narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siayhı, İ bənd, №146). Qeyd: Marixuananın təmiz çəkisi- 3,618 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 3,568 qramdır. - İş üzrə xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Hasandan götürülmüş təmiz çəkisi 3.618 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla, qalmış 3,568 qram marixuana narkotik vasitənin məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılması nəzərə alınmışdır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 24 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Hasanda marixuana narkomaniyası aşkar olunmuş və hazırda məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs Hasanın peşə (sürücülük) fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir narkotik vasitə və ya güclü təsirə malik həblərin (dərmanların) qəbul edilməsinə tibbi cəhətdən yol verilmir. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hasanın məhkumluğu yoxdur. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş əhali qeydiyyatı barədə sənəddən müəyyən olunur ki, Oktay Teman X7 ilə evlidir, 12 iyun 2018-ci il tarixdə doğulmuş X13 atasıdır. 23 sentyabr 2019-cu il tarixdə doğulmuş X16 26 oktyabr 2019-cü il tarixdə ölmüşdür. 20 fevral 2023-cü il tarixli xəstənin müayinəsi barədə arayışda qeyd edilmişdir ki, Oktay Nurdanın 10 hətə 4 günlük hamilə olması aşkar edilmişdir. Türkiyə Respublikası Səhiyyə Nazirliyi İstanbul İl sağlamlıq müdürlüyü Marmara Universiteti Pendik Təhsil və Araşdırma xəstəxanası vəziyyət bildirən hesabatında qeyd edilmişdir ki, Hasan Oktayda C34.9 Bronx və ya ağciyərin bədxassəsi olması müəyyən edilmişdir (izahat-mərhələ 4 skuamöz hüceyrəli ağciyər karsinoması üçün immunoterapiya müalicəsi alır. Döş qəfəsindəki kütləyə görə neyrocərrahiyə tərəfindən əməliyyat planlaşdırılıb. Həyati təhlükəsi olan bir xəstəliyi var. Xəstənin təqib və müalicəsində baxıma ehtiyacı vardır.) Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokolu, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 170 nömrəli, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 24 nömrəli ekspert rəylərini, maddi sübutu, ibtidai istintaq orqanı və məhkəmə hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Hasan İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi təmiz çəkisi 3.618 qram qurudulmuş marixuananı bir ədəd qara sellofan kəsiyinə bükmüş və idarə etdiyi 34BGT583/54ABV516 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində alt yatağın üzərindəki döşəyin örtüyünün alt hissəsində gizlətmiş, 15 fevral 2023-cü il tarixdə, saat 15 radələrində İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən Culfa rayonunun inzibati ərazisində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların perekursorlrının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-cimaddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatıistisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasındaistifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdəvə sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Hasan Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Hasanın Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Hasanın əvvəllər məhkum olunmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, arvadının hamilə olmasını, atasının xərçəng xəstəliyindən əziyyət çəkməsini, əvvəllər məhkum olunmamasını, əməlindən çox peşman olmasını, ailəni dolandıran yeganə şəxs olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs Hasanın cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.2-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 62.1 və 62.2-ci maddələrinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər. Cəzanı yüngülləşdiriən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Türkiyə Respublikası vətəndaşı olan Təqsirləndirilən şəxs Hasanın cəzasını yüngülləşdirən halların məcmusunu, əvvəllər məhkum olunmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, arvadının hamilə olmasını, atasının xərçəng xəstəliyindən əziyyət çəkməsini, əvvəllər məhkum olunmamasını, əməlindən çox peşman olmasını, ailəni dolandıran yeganə şəxs olmasını və narkotik maddənin miqdarını müstəsna hallar hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza, cərimə cəzası təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Hasana cərimə növündə cəza təyin olunduğu təqdirdə də, təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Hasanın barəsində məhkəməyədək icraat zamanı 15 fevral 2023-cü il tarixdə tutma tətibiq olunmuş və Naxçıvan Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Hasanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli 15 fevral 2023-cü il tarixdə hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hasanın 15 fevral 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Hasana təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələbinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut kimi tanınmış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan, 3.568 qram qurudulmuş marixuna narkotik vasitəsi məhv edilməli, Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs Hasandan götürülmüş 1 ədəd «Redmi Note 11 Pro» markalı (İMEİ1 **********93702/78, İMEİ2 **********93710/78) mobil telefon, Culfa rayon Məhkəməsində olan U24912134 nömrəli pasport Təqsirləndirilən şəxs Hasana qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Hasanın barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ittiham hökmünün qəbul edildiyini, həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxdığını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs Hasanın barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir.. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Hasanda marixuana narkomaniyası aşkar olunduğundan, məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə təyin edilməli, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Hasana təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Hasanın Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsinə əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Hasan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Hasanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 5000 manat miqdarında cərimə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Hasanın 15 fevral 2023-cü il tarixdən həbsdə saxlandığı müddət nəzərə alınsın, təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs Hasanın üzərində 4000 manat miqdarında cərimə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs Hasanın barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs Hasan məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Hasana marixuana narkomaniyasından məcburi müalicə təyin edilsin, narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 3.568 qram qurudulmuş marixuna narkotik vasitəsi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs Hasandan götürülmüş, 1 ədəd «Redmi Note 11 Pro» markalı (İMEİ1 **********93702/78, İMEİ2 **********93710/78) mobil telefon, Culfa rayon Məhkəməsində olan U24912134 nömrəli pasport Təqsirləndirilən şəxs Hasana qaytarılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar