Məhkəmə qərarları › İş №1(090)-3/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-3/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-3/2023 26.05.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Naxçıvan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə; xx.xx.1992-ci il təvəllüdlü, Şahbuz rayonu, Daylaqlı kəndində anadan olmuş, ali hərbi təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkumluğu olmayan, müvəqqəti işsiz, Şahbuz rayonu, Daylaqlı kəndində qeydiyyatda olan, cinayət törədən zaman Şahbuz rayonu, Daylaqlı kəndində yaşayan, 22 mart 2023-cü il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şahbuz Rayon Polis Şöbəsi tərəfindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq Türkiyə Respublikasından istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda bir ədəd Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, “ASKA” markalı, “Sentetien F 99” modelli, 9 mm kalibrlik təyinatına uyğun qaz və səs patronlarının atılması üçün nəzərdə tutulan, təyinatı üzrə istifadəyə yararlı olan qaz silahı, həmin silaha aid 1 ədəd təyinatı üzrə yararlı sandıqça və 4 ədəd təyinatı üzrə yararlı 9 mm kalibirlik səs patronunu əldə edib Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən evinə gətirərək orada saxlamış, daxil olmuş məlumat əsasında 21 yanvar 2023-cü ildə Şahbuz RPŞ-nin əməkdaşları tərəfindən həmin evə baxış keçirilərkən “ASKA” markalı, “Sentetien F 99” modelli, 9 mm kalibrli, qaz silahı, 1 ədəd sandıqçası və 4 ədəd 9 mm kalibirlik səs patronu aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.1992-ci ildə Şahbuz rayonu, Daylaqlı kəndində anadan olub və həmin kənddə ataanası ilə birlikdə yaşayır, subaydır, 2009-cu il tarixdə AAHM-ə qəbul olmuş, 2013-cü ildə oranı bitirərək baş leytenant hərbi rütbəli zabit kimi xidmət edibdir, 2019-cu il tarixdə öz ərizəsi ilə ehtiyata buraxılmış, hal-hazırda işsizdir. Təxminən 2020-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinə gəzməyə getmiş, İstanbul şəhərində təsadüfən tanış olduğu türk vətəndaşında qaz tapançası görmüş, həmin şəxs tapançanı satmaq istədiyini demiş, oda onunla razılaşmış, 2600 türk lirəsi verərək həmin şəxsdən qaz tapançasını və 20 ədəd patron almışdır. Bir müddət Türkiyə Respublikasında qaldıqdan sonra, o, həmin qaz tapançasını Naxçıvan Muxtar Respublikasına gətirmək qərarına gəlmiş, həmin silahı sökülü vəziyyətdə yarı hissəsini paltarlarını qoyduğu çantada, yarı hissəsini isə şalvarının bel hissəsinə qoymuş və gömrük məntəqəsindəki sıxlıqdan istifadə edərək Naxçıvan Muxtar Respublikasına gətirmişdir. Həmin tapançanı yaşadığı Şahbuz rayonu, Daylaqlı kəndindəki evlərinin həyətlərindəki saman preslərinin altında gizlətmişdir. O, ara-sıra həmin tapançanı aparıb çay kənarında atırmış, təxminən 5 ay əvvəl dostları ilə birlikdə Babək rayonu, Cəhri qəsəbəsindəki yeməkxanaya getmiş, həmin vaxtı qaz tapançası da üstündə olmuşdur. Yeməkxanadan çıxdıqdan sonra Babək rayonu, Cəhri qəsəbəsindəki qəbiristanlıqda silahı çıxarmış və 5-6 patronu da orada istifadə etmişdir. Bundan sonra onda 4 patron qalmışdır. O, oradan gəldikdən sonra tapançanı yataq otağında yatağının üstündə olan döşəyin altına qoymuş, daha sonra Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşları hal şahidlərinin iştirakı ilə həmin silahı oradan götürmüşlər. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmiş, ilk dəfə cinayət törətdiyini nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə ictintaqı zamanı sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, həmin tapançanı almaqda məqsədi arı saxladıqları üçün dağda olan zaman atmaq idi ki, tapançanın səsinə ayılar arı yeşiklərinə yaxın gəlməsin. Türkiyə Respublikasına gəzməyə getmiş, təsadüfən tanış olduğu adamda tapançanı görmüş və almışdır, bu əməlindən də çox peşmandır. Onda bundan başqa silah yoxdur və onunla heç kəsə hədə-qorxu gəlməmişdir. Məhkəmə istintaqı zamanı şahid X4 ifadə verərək bildirdi ki, o, Şahbuz rayonu, Daylaqlı kənd sakini Təqsirləndirilən şəxs tanımır və onunla heç bir qohumluq münasibəti, yaxud ədavəti olmamışdır. O, 2017-ci ilin aprel ayından Şahbuz şəhər 1 nömrəli tam orta məktəbində mühafizəçi işləyir, növbəli şəkildə bir gün işdə bir gün evdə olur, 21 yanvar 2023-cü il tarixdə səhər saatlarında növbəsini bitirib evə getmək istəyən zaman Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşı olan Şahid1 ona yaxınlaşıb Şahbuz rayonu, Daylaqlı kəndində evə baxış keçirəcəklərini və həmin baxışda hal şahidi qismində iştirak edə biləcəyini soruşmuş, oda Şahid1 razılıq vermiş və Şahbuz rayonu, Daylaqlı kəndinə getmişlər, bundan sonra oraya başqa daha bir nəfər hal şahidi kimi dəvət olunduqdan sonra evdə yaşayan Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yataq otağı olduğunu bildirdiyi otağa onları aparmış və həmin otaqda yatağın üzərində olan döşəyin altından bir ədəd silah, yanında bir ədəd sandıqça və 4 ədəd patron aşkar edilmiş, həmin silah onun və yanında olan tanımadığı digər hal şahidinin iştirakı ilə müvafiq qaydada götürülmüş və qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı sualları cavablandıran şahid X4 bildirdi ki, ondan Şahbuz rayonu, Daylaqlı kəndində hal şahidi kimi iştirak etməsini Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşı olan Şahid1 dəvət edib, hal şahidi qismində iştirak edən zaman hər hansısa bir qanunsuzluq müşahidə etməmişdir. Onunla birlikdə iştirak edən digər hal şahidini tanımır. O, hal şahidi qismində iştirak edən zaman Təqsirləndirilən şəxs məxsus olan mənzilin yataq otağında yatağın üzərində olan döşəyin altından üst hissəsi gümüşü, alt hissəsi isə qara rəngli silaha bənzər əşya aşkar edilərək götürüldüyünü və müvafiq qaydada qablaşdırılıb möhürləndiyini müşahidə etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, Təqsirləndirilən şəxs ilə heç bir qohumluq münasibəti və yaxud ədavəti yoxdur, 2021-ci ildən Şahbuz rayonu, Badamlı qəsəbə İƏD üzrə nümayəndəliyində icra nümayəndəsinin müavini vəzifəsində işləyir. 21 yanvar 2023-cü il tarixdə səhər saat 10:00 radələrində küçələrində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq Şahbuz rayonu, Daylaqlı kəndində yaşayan Təqsirləndirilən şəxs mənzilinə baxış keçiriləcəyini, baxış zamanı hal şahidi qismində iştirak edib-etməyəcəyini soruşmuşlar, o onlara razılıq verdikdən sonra polis əməkdaşları ilə birlikdə həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmiş, həmin vaxt orada onun tanımadığı bir nəfər hal şahidi də var imiş. Onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olmuş, mənzildə Təqsirləndirilən şəxs yataq otağı olduğunu bildirdiyi otağa daxil olmuşlar. Həmin otaqda olan yatağın üzərindəki çarpayı qaldırılan zaman oradan bir ədəd silaha bənzər alət, bir ədəd sandıqça və 4 ədəd patron aşkar edilərək götürülmüşdür. Həmin aşkar olunan bir ədəd silaha bənzər alət, bir ədəd sandıqça və 4 ədəd patron onların iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq və möhürlənmişdir. Məhkəmə istintaqı zamanı sualları cavablandıran Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs ilə həmkəndlidir, onu hal şahidi qismində iştirak etmək üçün həmin yerə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşı olan Məhzər müəllim dəvət edib, hal şahidi qismində iştirak edən zaman hər hansısa bir qanunsuzluq müşahidə etməmişdir. Onunla birlikdə iştirak edən digər hal şahidini tanımır. Hal şahidi qismində iştirak edən zaman mənzilin yataq otağında yatağın üzərində olan çarpayının altından silaha bənzər əşya aşkar edilərək götürüldüyünü və müvafiq qaydada qablaşdırılıb möhürləndiyini müşahidə etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək bildirdi ki, o, Təqsirləndirilən şəxs Şahbuz rayon sakini kimi tanıyır, onunla heç bir qohumluq münasibəti və yaxud ədavəti olmamışdır. 2012-ci ildən daxili işlər orqanlarında polis işləyir, həmin tarixdən də Şahbuz Rayon Polis Şöbəsində Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilib və halhazırda həmin vəzifədə işləyir, 21 yanvar 2023-cü il tarixdə Şahbuz rayonu, Daylaqlı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz silah saxlaması barədə məlumat daxil olmuş, həmin tarixdə məlumatı dəqiqləşdirmək üçün Şabuz RPŞ-in rəisinə raportla məruzə etmiş, bundan sonra isə Təqsirləndirilən şəxs Şahbuz RPŞ-nə dəvət edilmişdir. Onunla aparılan söhbət zamanı, o, bildirmişdir ki, həqiqətən onda silah vardır və o silahı Şahbuz rayonu, Daylaqlı kəndində yaşadığı mənzildə saxlayır, həmin silahın isə qaz tapançası olduğunu bildirmişdir, daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə ehtiraz etməmiş, mənzilə baxış keçirmək üçün onlara razılıq ərizəsi vermişdir. xx.xx.2023-cü il tarixdə o, Şahbuz Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X5, hal şahidləri X4 və X3 ilə birlikdə Təqsirləndirilən şəxs Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən mənzilinin yataq otağına baxış keçirmişdir. Təqsirləndirilən şəxs yataq otağında olan yatağın baş hissəsində üzərindəki döşəyin altında bir ədəd “AKSA” markalı, “Sentetien F 99“ modelli Türkiyə Respublikası istehsalı olan və Təqsirləndirilən şəxs qaz tapançası olduğunu bildirdiyi silah aşkar edilmiş, həmin silah hal şahidlərinin iştirakı ilə müvafiq qayda götürülərək qablaşdırılmışdır. Aşkar edilən silah Şahbuz rayonu, Daylaqlı kəndində Təqsirləndirilən şəxs yaşadığı üç yataq otağı, bir qonaq otağı, bir mətbəx və hamam otağından ibarət mənzildən, mənzilin giriş qapısından içəri daxil olanda sağ hissədə olan ikinci qapıdan içəri daxil olduqda Təqsirləndirilən şəxs söylədiyinə görə onun yataq otağı olan otaqdakı yatağın üzərində olan döşəyin altından bir ədəd silah aşkar edilib götürülübdür. Silah aşkar edilib götürülən zaman yanlarında hal şahidlərindən əlavə Təqsirləndirilən şəxs atası Allahqulu Məmmədlidə olmuşdur. Həmin vaxt evin və silahın aşkar edildiyi yerin foto şəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Qaz silahı aşkar edilib götürülən zaman, silahın yanında həmin silahın yanında silaha məxsus olan daraq və 4 ədəd patron olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ballistik ekspertizasının 24 yanvar 2023-cü il tarixli, 06C-23 №-li rəyindən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsi Dəftərxana” mətninə malik dairəvi möhür əksləri ilə möhürlənmiş zərfdə təqdim olunmuş tədqiqat obyektin Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, “AKSA” markalı, “Sentetien F 99” modelli təyinatına uyğun qaz və səs patronlarının atılması üçün nəzərdə tutulmuş tapançadır-qaz silahıdır, saz vəziyyətdədir, təyinatı üzrə istifadəyə yararlıdır, odlu silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 4 ədəd patron zavod üsulu ilə hazırlanmış, 9 mm kalibrli, qaz tapançalarında istifadə edilmək üçün nəzərdə tutulmuş səs patronudur, təyinatı üzrə istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmir. Bu patronlardan istifadə etməklə təqdim edilmiş qaz tapançasından atəş açmaq olar. Tədqiqata təqdim edilmiş sandıqça 9 mm kalibrli qaz və səs patronunun tutumuna malik olan, “AKSA Sentetien F 99” markalı qaz-tapançasında istifadə etmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır. Təyinatı üzrə istifadəyə yararlıdır. Döyüş sursatı hesab edilmir. Sandıqça uyğun növ silah və sandıqçalarda istifadə edilməsi üçün nəzərdə tutulmuş 9 mm kalibrli 17 ədəd patron tutumuna malikdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, ballistik ekspertizanın rəyini, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək onları sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə görə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xidməti və mülki silah haqqında Azərbaycan Respublikası Qanununun 2ci maddəsinin 10-cu bəndinə görə, qaz silahı dedikdə, gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və ya başqa güclü təsir göstərən digər maddələrin tətbiqi ilə canlı hədəfin müvəqqəti sıradan çıxarılması üçün nəzərdə tutulmuş silahdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qaz silah hesab edilən güclü təsir göstərən digər maddələrin tətbiqi ilə canlı hədəfin müvəqqəti sıradan çıxarılması xassəsinə malik olan qaz silahını qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən əldə edib, üzərində gəzdirmiş, qaz silahı hesab edilən Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, “AKSA” markalı, “Sentetien F 99” modelli təyinatına uyğun qaz və səs patronlarının atılması üçün nəzərdə tutulmuş tapança və 4 ədəd patron zavod üsulu ilə hazırlanmış, 9 mm kalibrli, qaz tapançalarında istifadə edilmək üçün nəzərdə tutulmuş səs patronu və “AKSA Sentetien F 99” markalı qaztapançasında istifadə etmək üçün nəzərdə tutulmuş sandıqca 21 yanvar 2023-cü il tarixdə Şahbuz RPŞ-nin əməkdaşları tərəfindən Şahbuz rayonu, Daylaqlı kəndində yaşadığı mənzilə baxış keçirilərkən onun yataq otağı olan otaqdakı yatağın üzərində olan döşəyin altından aşkar edilərək götürülmüşdür. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət olmaqla ictimai təhlükəsizlik əleyhinə olan cinayətdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası DİN Təşkilat-İnspeksiya İdarəsinin ƏSİB-dən verilmiş 05 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Şahbuz Rayon İcra Hakimiyyəti Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması, məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növünu və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şahbuz rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və probasiya bölməsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), o cümlədən, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və probasiya bölməsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş qaz silahı hesab edilən 1 ədəd Türkiyə Respublikası istehsalı, 9 mm kalibrli, “AKSA” markalı, “Sentetien F 99” modelli, istifadəyə yararlı soyuq silah qaz tapançası və həmin silaha məxsus 1 ədəd sandıqça və həmin sandıqçanın içərisində olan 4 ədəd 9 mm kalibrli qaz patronu hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə verilməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib, 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şahbuz rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və probasiya bölməsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz rayon polis şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş 1 ədəd Türkiyə Respublikası istehsalı, 9 mm kalibrli, “AKSA” markalı, “Sentetien F 99” modelli, istifadəyə yararlı soyuq silah qaz tapançası və həmin silaha məxsus 1 ədəd sandıqça və həmin sandıqçanın içərisində olan 4 ədəd 9 mm kalibrli qaz patronu hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə verilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar