Məhkəmə qərarları › İş №1(090)-3/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Hökm — İş №1(090)-3/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şahbuz şəhəri İş № 1(090)-3/2025 04.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şahbuz rayonu, Badamlı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, üç uşaq atası, əvvəllər məhkumluğu olmayan, “X4” MMC-də işləyən, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 07 dekabr 2024-cü il tarixdə Şahbuz rayon Badamlı kəndində qonşusu Zərərçəkmiş şəxs evinə qanunsuz daxil olaraq evdə olan dəmir seyfin içərisindəki 1687 manat pulu gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, Şahbuz rayonu, Badamlı kəndində yaşayır, qonşuları Zərərçəkmiş şəxs 50 manat borc pul alıbdır, borcu maşını xarab olduğundan onu düzəltdirmək üçün alıbdır, evlərinə Musa əminin borcunu qaytarmağa gedibdir, qapını döyüb, Musanı çağırıb, heç kim səsinə çıxmayıb, fikirləşib yəqin Musa yatıbdır, ona görə evə giribdir, evə girdikdə dəmir seyfi görüb, seyfin ağzı açıq olubdur, içində 1687 manat pul olduğunu görüb, pulu götürüb çıxıbdır, tutduğu əmələ görə peşmandır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, pulu maşını xarab olduğu üçün alıbdır, hadisədən təxminən 7-8 ay qabaq alıb, 50 manat pul alıbdır, borcu 2024-cü ilin dekabr ayının təxminən beşi vaxtı qaytarmaq üçün gedibdir, çağırdıqda Zərərçəkmiş şəxs evdə olmayıbdır, Zərərçəkmiş şəxs yaşlı olduğu üçün, yatdığını güman edib evə giribdir, həmin vaxt qapı açıq olubdur, evə giriş qapısından daxil olub, içəridə çağırıb, səs verən olmayıbdır, evə girdikdən sonra ayağı həmin otaqda qaba dəyib, seyfi görüb, qapısı açıq olubdur, sonra pulu görüb götürübdür, 1687 manat götürübdür, pullar əllilik, beşlik, yüzlük, onluq əskinaslardan olubdur, götürdüyü pulu evdən çıxanda sayıbdır, o oğurluq niyyəti ilə Zərərçəkmiş şəxs evinə getməyibdir, pulu götürmək niyyəti gördükdən sonra onda yaranıb, pulu qaytarıb veribdir, özü polisə gedib etiraf edibdir, ilk dəfə polisdə dindirilərkən qorxduğu üçün etiraf etməyibdir, sonra isə həmin gün özü gedib pulu götürdüyünü deyibdir, sonra pulu qaytarıbdır, polis şöbəsinə getdiyi günü xatırlamır, pulu borclarını qaytarmaq üçün istifadə edibdir, pulun hamısı ilə dükan və digər borclarını ödəyibdir, polis onu çağırdıqda şöbəyə gedib, polisə hadisədən təxminən 3-4 gün sonra çağırılıbdır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, polisə getdikdən sonra peşman olub, qardaşına hadisəni danışıb, dəymiş zərəri tamamilə ödəyibdir, törətdiyi əmələ görə peşmandır, səhvlik edib, peşmandır. Əlavə olaraq tqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs sualları cavablandıran zaman bildirb ki, hadisənin tarixini dəqiq xatırlamır, təxminən dekabr ayının yeddisi olub hadisə, ilk dəfə qorxduğu üçün etiraf etməyib, həmin gün şöbəyə qayıdaraq etiraf edib, o şübhəli şəxs qismində 13 dekabr 2024-cü il tarixdə tutulub, polis onu çağırmamışdan qabaq qorxduğu üçün etiraf etməyibdir, 1687 manat pul olubdur, götürdüyü pullar ilə borclarını veribdir, kimə nə qədər verdiyini xatırlamır, pulların hamısını götürdüyü gündən sonrakı 2-3 gün ərzində bütün borclarını vermək üçün istifadə edibdir, pulu Zərərçəkmiş şəxs qardaşından alaraq qaytarıbdır, etdiyi əməldən peşman olub, buna görə də pulları qaytarmaq istəyib, polis onu çağırdıqdan sonra qardaşına hadisəni deyibdir, ilk dəfə qorxub, sonra isə peşman olaraq etiraf edibdir, Zərərçəkmiş şəxs bir dəfə borc alıbdır, hadisədən qabaq Zərərçəkmiş şəxs evinə getməyibdir, ehtiyacı olduğu üçün borc istəyib, Zərərçəkmiş şəxs də veribdir, Zərərçəkmiş şəxs ilə qonşuluq münasibəti vardır, əməlindən peşmandır, iki körpə uşağı vardır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 04 dekabr 2024-cü il tarixdə pensiyası köçürülür, 06 dekabr 2024-cü il tarixdə pensiyanı gedib almağı qərarlaşdırıb, pensiyasını alıb, pulun birazını saxlayıb, qalanını isə seyfin içərisinə qoyubdur, bir neçə gün sonra nə qədər pulu olduğuna baxmaq üçün seyfə baxdıqda orada pulunun olmadığını, içində 20 qəpik pul və köhnədən qalmış dörd özəlləşdirmə çeki qaldığını görübdür, polisə və icra nümayəndəliyinə müraciət edib, sonra məlum olubdur ki, Təqsirləndirilən şəxs evə gəlib, evin qapısı açıq olub, kassanın da qapısı açıq olub, pulları oradan götürübdür. Bununla yanaşı, Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxsin ona dəymiş ziyanı ödədiyini, sonuncuya qarşı şikayət və tələblərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun işlədiyi sexə gəlib, Raşənlə onun münasibəti pis olmayıbdır, Təqsirləndirilən şəxs avtomobilini düzəltdirmək üçün sexə gəlibdir, Təqsirləndirilən şəxs maşınını düzəldib, Təqsirləndirilən şəxs nağd olaraq ona 80 manat əlhaqqı veribdir, tam dəqiq tarixi xatırlamır, dekabr ayı olardı, maşının “çaşqa-peredok” hissəsini dəyişibdir, 80 manat pulu nəğd alıbdır, Təqsirləndirilən şəxs 80 manat verib, 30 manat isə borcu qalıbdır, maşının təmiri üçün 110 manata danışıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində bildirmişdir ki, Şahbuz rayonu, Badamlı qəsəbəsində mağaza işlədir, Təqsirləndirilən şəxs ona təxmini yüz neçə manat borcu olub, 6-7 ay idi ki, borcunu verməyibdir, sonra borcunu gətirib ödəyibdir, Təqsirləndirilən şəxs onun kəndçisidir, mağazadan mal götürdüyü üçün ona borcu yaranıbdır, Təqsirləndirilən şəxs ona 145 manat borcu olubdur, təxminən qış aylarında Təqsirləndirilən şəxs ona borcunu ödəyibdir, Təqsirləndirilən şəxs 4-5 ay olar ki, ona borcu olubdur, Təqsirləndirilən şəxs oğurluq etməsi ilə bağlı heçnə bilməyibdir, bu barədə polis şöbəsində məlumatı olubdur, Təqsirləndirilən şəxs Badamlı zavodunda işləyir, tez-tez ondan al-ver edibdir, su, siqaret və başqa şeylər alıbdır, ev üçün də mal alıbdır, sonuncu dəfə nə vaxt ona pul verdiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun mağazasından al-ver edibdir, dekabr ayının sonları, yanvar ayının əvvəllərində borcunu ödəyəcəyinə söz veribdir, sonra Təqsirləndirilən şəxs görməyibdir, polis şöbəsinə dəvət edilib, orada Təqsirləndirilən şəxs oğurluq əməli törətdiyini bilibdir, Təqsirləndirilən şəxs 15 il olar ki tanıyır, Təqsirləndirilən şəxs ondan siqaret, ərzaq, enerji içkiləri və başqa şeylər alıbdır, Təqsirləndirilən şəxs sonuncu dəfə 65 manat borcu olubdur, borcu hələ də qalır, Təqsirləndirilən şəxs əvvəlki borcundan 35-36 manat olub, 30 manatını ödəyibdir, həmin pulun oğurluq pulu olduğunu bilməyibdir, Təqsirləndirilən şəxs əvvəlki borcu olan 30 manatı ödəyibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Badamlı zavodunda olan iş yoldaşları ondan al-ver edirlər, Təqsirləndirilən şəxs da ondan al-ver edib geyim əşyaları alıbdır, qış aylarında Təqsirləndirilən şəxs ondan şalvar, köynək, atasına və özünə kurtka alıbdır, Təqsirləndirilən şəxs təximnən 140 manat borcu qalıbdır, o Təqsirləndirilən şəxs zəng vuraraq ona olan borcunu qaytarmasını, mal almağa gedəcəyini bildiribdir, Raşən isə “evdə badamım var, onu satıb yarım saata gətirib sənin pulunu verəcəm” deyərək, əlli manat verməyə imkanı çatacağını bildiribdir, yarım saat çəkməyib, Təqsirləndirilən şəxs gələrək 50 manat pul veribdir, qalanını isə maaşda verəcəyini bildiribdir, qalan borcunu da maaş vaxtı veribdir, sonralar yenə gəlib al-ver edib və pulunu maaş vaxtları ödəyibdir, hal-hazırda Təqsirləndirilən şəxs ona 60-65 manat borcu qalıbdır. Məhkəmə iclasında sulları cavablandıran Şahid4 bildirdi ki, bir il olar ki, Təqsirləndirilən şəxsla al-ver edir, Təqsirləndirilən şəxs sonuncu dəfə 50 manat, sonra isə 100 manat pul ödəyibdir, ona verdiyi pulun oğurluq olduğunu bilməyibdir. Təqsirləndidrilən şəxs Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanılmasına dair 17 yanvar 2025-ci il tarixli protokol elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində bir daha təstiq etmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsinin hadisə yerində yoxlanılması prosesində müvafiq audio-video çəkilmiş və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Şahbuz Rayon Polis Şöbəsinin Uçot-Qeydiyyat və statistika işləri qrupunun 14 dekabr 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şahbuz rayonu, Babdamlı kənd inzibati ərazi dairəsi üzrə icra Nümayəndəliyi tərəfindən verilən xasiyyətnaməyə və ailə tərkibi haqqında arayışa əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla, onun 3 nəfərdən ibarət ailə tərkibi olmaqla, himayəsində iki azyaşlı olmaqla 3 yetkinlik yaşına çatmayaq uşaq var. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən tərtib olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə 03 mart 2005ci il tarixli,1 №-li Plenum Qərarına əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxslər və şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X3rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını və 59.1.13.-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş 1687 manat pulun ödəməsi) və 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini, onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, müsbət xarakterizə olunmasını, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 13 dekabr 2024-cü il tarixdən 14 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətlər nəzərə alınmaqla qəti cəza təyin edilməlidir (CM-69.3). Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon icra və probasiya bölməsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon icra və probasiya bölməsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş materiallarında olan 01 ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Məhkəmə xərci olaraq ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il, 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 dekabr 2024-cü il tarixdən 14 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 (bir) gün həbsdə qaldığı müddət 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və probasiya bölməsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və probasiya bölməsinə həvalə edilsin. İş materiallarında olan 01 ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Məhkəmə xərci olaraq ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Təqsirləndirilən şəxs müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar