Məhkəmə qərarları › İş №1(091)-101/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-101/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-101/2021 06.04.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxx 1986-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının sonlarında istintaqa məlum olmayan mənbədən təmiz çəkiləri 16,362 qram narkotik vasitə olan tiryəki, ümumilikdə təmiz çəkiləri 0,454 qram olan psixotrop maddə metamfetamini və tərkibində ümumilikdə təsir gücü 0,400 qram olan 10 ədəd narkotik vasitə metadonu satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin tiryəkdən 04 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 3,104 qramını, həmin metadondan tərkibində təsir gücü 0,200 qram olan 05 ədədini və həmin psixotrop maddədən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,015 qram metamfetamini qanunsuz olaraq satış məqsədi ilə üzərində saxlayıb daşımış, həmin narkotik vasitələrdən ayrıayrılıqda 16 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 13,258 qram tiryəki, tərkibində təsir gücü 0,200 qram olan 05 ədəd metadonu və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,439 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq yaşadığı ünvan 2 ünvanda yerləşən evdə saxlamış, xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaşadığı Ağdaş şəhəri M.Əsədov küçəsi ev 2/3-də saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman həmin satış məqsədi ilə qanunsuz olaraq daşıdığı 04 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 3,104 qram tiryək, tərkibində təsir gücü 0,200 qram olan 05 ədəd metadon və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,015 qram psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs üzərindən, ayrı-ayrılıqda 16 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 13,258 qram tiryək, tərkibində təsir gücü 0,200 qram olan 05 ədəd metadon və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,439 qram psixotrop maddə metamfetamin yaşadığı ünvan 2 ünvanda yerləşən evindən aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 evinin həyətyanı sahəsində əkilibbecərilməsi qadağan olunmuş ümumi çəkisi 765 qram olan, külli miqdarda 28 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarını 2020-ci ilin aprel ayının sonlarından qanunsuz olaraq əkməklə həmin tarixdən xx.xx.2020-ci il tarixədək aqrotexniki qaydada qulluq edərək yetişdirib kultivasiya etmiş, xx xxx 2020-ci il tarixdə saat 17:00 radələrində Ağdaş Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 765 qram olan, həmin 28 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən, yəni CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik maddələrin müxtəlif növlərindən istifadə edir. İstifadə etdiyi narkotik maddələrdən yaşadığı evin həyətində əkmişdir. Ancaq yaşadığı evin həyətindən aşkar olunmuş narkotik maddələrin sayı ilə razı deyildir. Onun fikrinə görə, həmin narkotik maddələrin hamısı onun tərəfindən əkilmiş olsaydı, boyları fərqli olmaz, hamısı bir boyda olardı. O, yalnız 7-8 ədəd çətənə bitkisini əkmiş və onlara qulluq etmişdir. Digər çətənə bitkiləri isə yabanı şəkildə yetişmişdir. O, heç kəsə narkotik maddə verməmiş və ya satmamışdır. Həmçinin üzərindən və evindən aşkar olunan həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməmişdir. Ona satışla bağlı ittiham verilsə də, bunu sübut edəcək heç bir sübut növü mövcud deyildir. Odur ki, əməlinin CM-nin 234.1 və 237.1-ci maddələrinə tövsif edilməsini və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs onun üzərindən və evindən aşkar edilmiş digər bütün narkotik maddələrin onun özünə məxsus olduğunu və şəxsi istifadə məqsədi ilə əldə etdiyini, 2007-ci ildən müxtəlif narkotik maddələrdən istifadə etdiyini, lakin yalnız narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyini, heç kimə narkotik vasitə satmadığını və yalnız şəxsi istifadə üçün narkotik vasitə saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik maddələr əkməsi və üzərində narkotik maddələr olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu ilə onun yaşadığı ünvana getmişlər. Hal şahidlərinin və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evin həyətinə baxış keçirilmiş və müxtəlif növ narkotik maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, daxil olan məlumat yalnız Təqsirləndirilən şəxs üzərində və yaşadığı evində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə olmuş, dövriyyəsi ilə məşğul olması barədə olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə saxladığını etiraf etmiş və onları özü polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxsin üzərindən və evinin həyətindən aşkar edilmiş narkotik maddələrin müxtəlif növlərdə və külli miqdarda olmasına görə, ona eyni zamanda satışla bağlı ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5, Şahid1 və Şahid4 Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, ixtisasca aqronomdur. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları onu dəvət etmişlər və o, təqsirləndirilən şəxsin evində keçirilən baxış zamanı aqronom kimi iştirak etmişdir. Aşkar edilmiş narkotik maddələrə oxşar bitkilərə baxıb, onların yabanı halda bitən deyil, aqrotexniki qaydada qulluq edilmiş bitkilər olması barədə rəy vermişdir. Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə etdiyini etiraf etmiş və ona görə də, həmin bitkiləri əkdiyini bildirmişdir. Həmin narkotik maddələrə bənzər bitkilərin dibi yumşaldılmış və eyni zamanda suvarıldığına görə torpaq nəm olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin evində və üzərinə baxış keçirilən zaman hal şahidi kimi iştirak etmişdir. O, narkotik maddələri tanımasa da, aqronom həyətdən aşkar edilmiş bitkilərə baxıb onların narkotik maddələrə oxşar bitkilər olduğunu bildirmişdir. Aşkar edilmiş narkotik tərkibli bitkilərin ümumi sayı 28 ədəd olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs evindən və onun üzərindən tabletka formasında və bükümlərdə narkotik maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid2 Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə günorta saatlarında xidmətdə olan zaman Ağdaş şəhəri M.Əsədov küçəsi ev 2/3-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib becərməsi, qəbul etməsi, üzərində və evində saxlaması barədə məlumat daxil olduğunu, həmin məlumatla əlaqədar raportla şöbə rəhbərliyinə məruzə etdiyini və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdiyini, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün Ağdaş rayon məhkəməsindən də qərar alındığını, daha sonra həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 17:00 radələrində polis əməkdaşları ilə birlikdə Fəqanın yaşadığı ünvana getdiklərini, həmin vaxt onu küçədən səslədiklərini, Fəqanın həmin vaxt qapıya çıxanda ona qanunsuz olaraq yaşadığı ünvanda narkotik bitki kolları əkməsi, eləcə də qanunsuz olaraq narkotik vasitə saxlaması barədə onlarda məlumat olduğunu və ona evində axtarış aparacaqlarını bildirdiklərini, həmçinin onu Ağdaş rayon məhkəməsinin qərarı ilə də tanış etdiklərini, bundan sonra Fəqanın şübhəli şəxs qismində tutulduğunu və ona müdafiəçi təyin edildiyini, daha sonra iki nəfər hal şahidinin, aqronomun, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun yaşadığı evin həyətində onun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları masanın üzərinə qoymasının təklif olunduğunu, Fəqanın əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd kibrit qutusu, həmin şalvarın sağ yan cibindən telefon və siqaret qutusu və alışqanı çıxardıb masanın üzərinə qoyduğunu, kibrit qutusu açılan zaman içərisindən 05 ədəd dərman, 04 ədəd sellofan büküm və 01 ədəd kağız büküm aşkar edildiyini, sellofan bükümlər açılan zaman içərisindən tiryək, kağız bükümün içərisindən isə metamfetamin aşkar edildiyini, sellofan bükümlər tərəzidə çəkilən zaman 3 qram gəldiyini, həmin sellofan bükümlər, kağız büküm və 05 ədəd dərmanın zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, daha sonra Fəqanın yaşadığı evin həyətyanı sahəsinə baxış keçirildiyini, baxış zamanı onun əkib-becərdiyi 28 ədəd tərkibində narkotik maddələr olan bitki kolları aşkar edildiyini, aqronom Şahid3 28 ədəd bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, daha sonra onun evinə baxış keçirildiyini, evinə baxış zamanı yataq otağında masanın üzərindən 01 ədəd banka aşkar edildiyini, həmin bankanın içərisinə baxan zaman oradan 16 ədəd sellofan bükümdə tiryək, 01 ədəd şəffaf sellofan bükümdə metamfetamin və 05 ədəd dərman, yəni metadon aşkar edildiyini, tiryək elektron tərəzidə çəkilən zaman 12 qram olduğunu, metamfetaminin 0,51 qram olduğunu, Fəqanın üzərindən və evindən aşkar edilmiş dərmanların metadon olduğunu, təsir gücünün az olduğunu, vaxtları keçdiyini bildirdiyini, evindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə metamfetaminin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, şəxsi axtarış və axtarış keçirilməsi barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, iştirakçıların protokola imza etdiklərini, Fəqanın özünün deməsinə görə, həmin narkotik vasitəni və psixotrop maddəni 2020-ci ilin mart ayının sonlarında Bakı şəhərində Kubinka adlanan ərazidə tanımadığı şəxsdən aldığını, özü istifadə etmək məqsədilə üzərində və evində saxladığını bildirdiyini, Fəqanın özünün deməsinə görə, əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, onların toxumlarını evinin həyətinə atdığını, həmin toxumların bitdiyini, onlara da daima qulluq etdiyini, lakin 28 ədədini əkib-becərmədiyini, qurudulmuş marixuananın xəstəsi olduğunu, ona görə də, əkdiyini bildirdiyini, Fəqanın narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olduğunu, lakin realizə etmək mümkün olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” Qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi, qəbul etməsi, üzərində və evində saxlaması barədə əməliyyat məlumatı olduğundan təxirəsalınmaz hal kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, yaşadığı evə və evin həyətinə baxış keçirilməsi üçün müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 6) Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli raportdan görünür ki, Ağdaş şəhəri M.Əsədov küçəsi ev 2/3-də yaşayan, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi, qəbul etməsi, üzərində və evində saxlaması barədə rayon polis şöbəsinə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqi 9). Cinayət işinin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 5(014)-36/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əkib-becərməsi, qəbul etməsi, üzərində və evində saxlaması ilə əlaqədar olaraq onun üzərinə, yaşadığı Ağdaş şəhəri M.Əsədov küçəsi 2/3-də yerləşən evə və evin həyətinə baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 13) Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri M.Əsədov küçəsi ev 2/3 ünvanına baxış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibindən 01 ədəd kibrit qutusu, sağ yan cibindən isə mobil telefon, 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan aşkar olunmuşdur. Aşkar olunmuş kibrit qutusunun içərisindən 05 ədəd dərman həbi, 04 ədəd sellofan və 01 ədəd kağız büküm aşkar olunmuşdur. 04 ədəd sellofan büküm açılanda isə içərisində qara rəngli kristal halda olan maddə aşkar olunmuşdur. Elektron tərəzidə çəkildikdə ümumi çəkisi 3 qram olmuşdur. Sonra kağız bükümlərin içərisindən xırdalanmış formada olan şəffaf rəngli maddə aşkar olunaraq götürülmüşdür. Protokola fotoşəkillər əlavə olunmuşdur. (cild 01, iş vər. 36-41) Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri M.Əsədov küçəsi ev 2/3 ünvanına baxış keçirilmiş və evin qarşısında olan ağacların dib hissəsində təpə halında olan torpaqda xüsusi qulluq olunmuş çətənə kolları aşkar olunmuşdur. Bundan əlavə həyətin kənarında olan hasarın aşağı hissəsində müxtəlif yerlərdə narkotik tərkibli çətənə kollarına oxşar bitkilər aşkar olunmuşdur. Həyətyanı sahədən ümumilikdə 28 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitkilər aşkar olunmuşdur. Protokola fotoşəkillər əlavə olunmuşdur. (cild 01, iş vər. 42-50) Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri M.Əsədov küçəsi ev 2/3 ünvanına baxış keçirilmiş və evin yataq otağında ortada olan kiçik ölçülü masanın içərisindən 01 ədəd banka və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Bankanın içərisindən 05 ədəd dərman tableti, 16 ədəd ağ rəngli sellofan və 01 ədəd şəffaf rəngli sellofan bükümlər aşkar olunmuşdur. 16 ədəd ağ rəngli sellofan bükümlərin içərisindən ümumi çəkisi 12 qram olan qara rəngli kristal halda maddələr, şəffaf sellofan bükümün içərisindən isə ümumi çəkisi 0.051 qram olan şəffaf rəngli kristal halda maddələr aşkar olunmuşdur. Sonra aşkar edilmiş həmin bükümlər, dərman tabletləri və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Protokola fotoşəkillər əlavə olunmuşdur. (cild 01, iş vər.52-56) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2020-ci il tarixli 17/304 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfi açdıqda içərisində 04 (dörd) ədəd sellofan bükümlərdə ümumi təmiz çəkiləri 3,104 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 01 ədəd kağız bükümdə, təmiz çəkisi 0,015 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamindir, 05 ədəd üzərlərində F/M40 yazısı olan açıq-qəhvəyi rəngli, dairəvi, tablet formasında həblər – metadon adlı preparatdır. Metadon adlı preparat Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxildir. Təqdim edilmiş 05 ədəd həblərdə olan metadon preparatının təsir maddəsinin ümumi miqdarı 0,200 qram (bir ədəd həbdə təsir maddəsinin miqdarı 0,040 qramdır) təşkil edir. Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş” sözləri və imzalar yazılmış zərfin içərisindəki: 01 ədəd şəffaf sellofan bükümün içərisindəki 16 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkiləri 13,258 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,439 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamindir. 05 ədəd üzərlərində F/M40 yazısı olan açıq-qəhvəyi rəngli, dairəvi, tablet formasında həblər metadon adlı preparatdır. Metadon adlı preparat Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxildir. Təqdim edilmiş 05 ədəd həblərdə olan metadon preparatının təsir maddəsinin ümumi miqdarı 0,200 qram (bir ədəd həbdə təsir maddəsinin miqdarı – 0,040 qramdır) təşkil edir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş” sözləri və imzalar yazılmış sintetik kisənin içərisində, hündürlükləri 10 smdən 86 sm-dək, ümumi təmiz çəkiləri 765,00 qram olan 28 ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom-mütəxəssis Şahid3 xx.xx.2020-ci il tarixli rəyinə əsasən 28 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (cild 01, iş.vər: 66-69) Cinayət işinin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 569 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “Eroin narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatdadır. (cild 01, iş.vər: 123) Cinayət işinin materiallarında olan Gəncə Şəhəri Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli 897 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan “Metamfetamin”dən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş.vər: 224) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli 494 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş.vər. 225-226) Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş narkotik vasitələrin müxtəlifliyi, aşkar olunan narkotik vasitə tiryəkin xırda bükümlərə bölünməklə saxlanılması, həmin narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olması ona deməyə əsas verir ki, Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitələri və psixiotrop maddələri məhz satış məqsədi ilə əldə etmiş və özündə, o cümlədən evində saxlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 7-8 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarını əkib, onlara aqrotexniki qaydada qulluq edildiyini, digərlərinin isə yabanı halda bitdiklərini bildirməklə özünü CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilsə də, cinayət işinin materiallarında olan mütəxəssis rəyi və məhkəmə bioloji ekspertizasının rəyinin tədqiqindən müəyyən olunur ki, həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində 28 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar edilmiş və bütün narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Ona görə də, məhkəmə kollegiyası yalnız 7-8 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarının əkilərək, həmin narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq edilməsi ilə bağlı müdafiə tərəfinin göstərdiklərini təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinin daha yüngül cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb edilməsinə hesablanmış özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, ekspertiza rəyləri və biri digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Ağdaş şəhəri M.Əsədov küçəsi ev 2/3 ünvanında yaşayır. Onun barəsində dəfələrlə narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumatlar daxil olmuş, əvvəllər məhkumluq həyatı yaşamış, yaşadığı küçənin və qonşu küçələrin sakinlərinin hörmətini qazanmamışdır. (cild 01, iş vərəqi 222-223) Cinayət işinin materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 234.1, 93.1.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 3-cü bəndi ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad olunmuşdur. (cild 01, iş vər. 116-122) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunmasını və əməllərindən nəticə çıxarmayaraq yenidən cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 30) Cinayət işinin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(014)-50/2020 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 104-107) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəzasına hesablanmalı, barəsində cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi tədqiqata sərf edildikdən sonra qalıq qalan 14,662 qram tiryək, ümumi təmiz çəkisi tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,354 qram metamfetamin, 08 ədəd metadon, ümumi təmiz çəkisi tədqiqata sərf edildikdən sonra qalıq qalan 763,60 qram çəkidə 28 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 103,65 AZN (yüz üç manat, altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi tədqiqata sərf edildikdən sonra qalıq qalan 14,662 qram tiryək, ümumi təmiz çəkisi tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,354 qram metamfetamin, 08 ədəd metadon, ümumi təmiz çəkisi tədqiqata sərf edildikdən sonra qalıq qalan 763,60 qram çəkidə 28 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 103,65 AZN (yüz üç manat, altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar