Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-101/2022 22.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli və himayəsində üç azyaşlı uşağı olan, Göyçay rayon Qaraxıdır kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 3261,31 qram narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı Göyçay rayonu Qaraxıdır kəndində yerləşən evinə və həyətyanı sahəsindəki tövləyə daşıyaraq saxlamış, 20 oktyabr 2021-ci il tarixdə saat 18:35-də Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sonuncunun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahəsində yerləşən tövlənin içərisində 01 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmış təmiz çəkisi 2585.00 qram, eyni zamanda yaşadığı evdə cehiz əşyalarının yığıldığı otaqda üzərinə televizor qoyulan masa ilə ütü stolunun arxasındakı kardon qutunun içərisində saxladığı 01 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmış təmiz çəkisi 590.00 qram, həmin otaqda paltar şkafının yanında 01 ədəd göy rəngli sellofanda qablaşdırılmış təmiz çəkisi 77,71 qram, yataq otağındakı kreslonun üzərindəki yastığın altından 01 ədəd kibrit qutusunda qablaşdırılmış təmiz çəkisi 3,19 qram və üzərinə “Qarabağ” sözü yazılan günəbaxan tumunun paketində qablaşdırılmış təmiz çəkisi 5,41 qram olmaqla, ümumi təmiz çəkiləri 3261,31 qram (üç kiloqram iki yüz altmış bir tam yüzdə otuz bir qram) külli miqdarda həmin narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin həyətyanı sahəsində yerləşən tövlənin çardağından asılı vəziyyətdə olan uzunluqları 50 sm və 90 sm, ümumi təmiz çəkiləri 124,83 qram olan 02 (iki) ədəd quru halda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin iyun ayının əvvəllərində o, yaşadığı kənd ərazisində yol kənarında kiçik ölçülü qara rəngli sellofan büküm görmüş, həmin bükümü yerdən götürüb içərisinə nəzər saldıqda içərisində 6 ədəd toxumların olmasını görmüşdür. O, narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün həmin toxumların çətənə bitkilərinin toxumları olmasını bilmişdir. Ona görə də, həmin bükümü götürüb yaşadığı evə gətirib qab-qacaq qoyulan dolabda su rumkasının içərisində gizlətmiş, və bu barədə heç kimə heç bir söz deməmişdir. Həmin ərəfələrdə onun borcları çox olduğundan bir neçə gün sonra iyun ayının dəqiq tarix yadında qalmayan günü həmin toxumları gizlətdiyi yerdən çıxarmış yaşadığı evin həyətyanı pay torpaq sahəsində əkmək qərarına gəlmişdir. Belə ki, o fikirləşmişdir ki, çətənə bitkisinin toxumlarını əkib becərərək əldə etdiyi nəşədən satıb borclarını qaytara biləcəkdir. Buna görə də iyun ayının ortalarından o, həmin 06 ədəd çətənə bitkisinin toxumlarını yaşadığı evin arxa tərəfində həyətyanı torpaq sahəsinin ətəyində qamışlıq hissənin arasında əkib-becərməyə başlamışdır. Məqsədi həmin toxumları becərib sonra becərdiyi çətənə kollarını qurudub satıb borclarını ödəmək olmuşdur. Həmin toxumları əkdikdən sonra həyat yoldaşı Gülnardan xəbərsiz, ən çoxda sonuncu evdə olmadığı zaman onların dibini yumşaltmaq və suvarmaqla qulluq etməyə başlamışdır. Ancaq əkdiyi 06 ədəd çətənə bitkilərindən 5 ədəd çətənə kolu normal olaraq inkişaf etmişsədə, lakin qalan 01 ədədi inkişaf etməmişdir. 2021-ci ilin sentaybr ayının son günlərində artıq həmin çətənə kollarının yetişdiyini görmüş gecə vaxtı bitkiləri torpaq sahəsindən çıxarmış yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin çardağına qurumaları üçün sərmişdir. Artıq havalar soyumağa başladığı üçün o, həmin çətənə kolları təxminən 15-20 gün müddətində tövlənin çardağında saxlamışdır ki, orada tam qalıb qurusun. Həmin 5 ədəd ağacın 2 ədədi tam qurumudağı üçün onları tam quruması üçün tövlədə tavandan asılı vəziyyətdə saxlamışdır. Ancaq 3 ədədi tam quruduğu üçün yarpaqlarını ağaclarından ayıraraq “nəşə” kimi tanıdığı həmin qurdulmuş marixunanın çox olduğunu görmüş bir hissəsini ağ rəngli toyuq yemi üçün nəzərdə tutulan sintetik kisəyə yığıb tövlənin içərisində saxlamışdır. Sonra qalan hissəsini də 01 ədəd ağ rəngli sintetik kisəyə və 01 ədəd sellofan paketə qoymuş evdə zala daxil olduqda düz qarşıda olan cehiz əşyalarının yığıldığı istifadə olunmayan yataq otağında gizlətmişdir. Belə ki, ağ rəngli sintetik kisəni həmin otaqda televizor qoyulan kiçik şkafla paltar ütüləmək üçün nəzərdə tutulan üzəri qara rəngli ütü stolunun arxa tərəfində olan kardon qutunun içərisində, göy rəngli sellofanı isə sağ tərəfdəki paltar şkafının yanında gizlətmişdir. Həmin zaman həyat yoldaşı Gülnar onu görmüş ağ rəngli kisənin və göy rəngli sellofanın içindəkilərin nə olduğunu soruşduğu üçün o, da həmin ağ rəngli kisənin və göy rəngli sellofanın başqasına məxsus olmasını və müvəqqəti saxlamaq üçün ona əmanət etdiyini bildirmişdir. O, fikirləşmişdir ki, Gülnara bu cür dediyi üçün sonuncu ona əmanət edilən şeyin içindəkilərin nə olmasını öyrənmək üçün həmin kisəni və sellofanı açıb qurcalamasın. Ancaq Gülnar tövləyə girib çıxmadığı üçün orada ağ rəngli sintetik torbadakı nəşə və tavandan asılı vəziyyətdə saxladığı 02 ədəd çətənə bitkisi barədə həyat yoldaşı Gülnara heçnə deməmişdir. Həmin gündən 2-3 gün sonra 19 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində o, tövlədə saxladığı ağ rəngli torbada olan nəşədən 01 ədəd kibrit qutusuna və 01 ədəd üzərinə “Qarabağ” sözü yazılan günəbaxan tumunun boş paketinə yığıb yaşadığı kənd ərazisinə çıxmışdır ki, onları satıb əldə etdiyi pulla Bakı şəhərində yaşayan xəstə qardaşı Mirdamət Nəsirovun yanına gedib sonuncuya baş çəksin. Ancaq həmin gün o, kənd ərazisində bir az gəzdikdən sonra heç kəsə risk edib üzərində narkotik vasitə olduğunu və satdığını deyə bilmədiyindən yenidən yaşadığı evə qayıdıb kibrit qutusunda və günəbaxan tumunun paketində olan narkotik vasitəni yatdığı yataq otağında olan kreslonun üzərinə qoyub üzərinə balaca yastıq qoymuşdur. Belə ki, o xəstə qardaşı Mirdamət Nəsirova baş çəkmək üçün vacib Bakı şəhərinə sonuncunun yanına getməli olduğu üçün fikirləşmişdir ki, həmin kibrit qutusunda və günəbaxan tumunda olan nəşəni Bakıya aparıb orada satar. Bir gün sonra, yəni 20.10.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə qardaşının yanına getmişdir. Ancaq yadından çıxdığı üçün ertəsi gündən satmaq məqsədilə kreslonun üzərinə qoyduğu həmin kibrit qutusunda və günəbaxan tumunun paketində olan narkotik vasitəni özü ilə götürməyi unutmuşdur. Elə həmin gün axşam vaxtı həyat yoldaşı Gülnar ona zəng edib polis əməkdaşlarının yaşadığı evə gəldiklərini, həyat yoldaşı Gülnara əmanət olduğunu dediyi və cehiz əşyalarının yığıldığı otağa qoyduğu ağ rəngli və göy rəngli torbaları götürdüklərini, öz yataq otağının kreslonun üzərindəki yastığın altından içərilərində yaşımtıl rəngli qurumuş halda kütlə olan 01 ədəd kibrit qutusu və günəbaxan tumuna aid paketi, həmçinin yaşadıqları həyətdə olan tövlədən həmin gizlətdiyi yaşımtıl rəngli kütlələri aşkar edərək müvafiq sənədləşmə apardıqlarını bildirmişdir. Bu zaman artıq o, əmin olmuşdur ki, polis əməkdaşları yaşadığı evdə və həyətyanı sahədə olan tövlədə gizlətdiyi narkotik vasitə olan “nəşə” kimi tanıdığı qurudulmuş marixuananı aşkar edib aparmışlar. Növbəti gün də, yəni 21.10.2021-ci il tarixdə günorta vaxtlarında o, Bakı şəhərindən yaşadığı Qaraxıdır kəndinə gələrkən kənd ərazisində polis əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə dəvət etmişlər. Sözügedən narkotik vasitəni əldə edib gələcəkdə sataraq borclarını ödəmək barədə fikirləşsə də, satış istiqamətində heç bir hərəkət etməmiş, heç kimlə bu barədə danışmamışdır. Odur ki, qeyd olunanların nəzərə alınmaqla barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Göyçay rayon Qaraxıdır kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, yaşadığı evdə və həyətyanı sahəsində narkotik vasitələr saxlaması ilə bağlı ona əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatlar əsasında onun tərəfindən 20.10.2021-ci il tarixdə RPŞ-nin rəhbərliyinə raportla məruzə olunmuşdur. Bundan sonra dərhal onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş və həmin qərar əsasında şöbə rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin günü, yəni 20.10.2021-ci il tarixdə saat 18 radələrində polis əməkdaşları ilə Göyçay rayon Qaraxıdır kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün gedilmişdir. Eyni zamanda həmin kəndə getdikdən sonra oraya iki nəfər də hal şahidləri olan kəndin icra nümayəndəsi Şahid5 və həmin kənd ərazisində olan qonşu kəndin sakini Şahid6 dəvət edilmişdir. Sonuncular da Təqsirləndirilən şəxs məxsus yaşadığı ünvana baxış keçirilməsinə könüllü olaraq razı olduqdan sonra Təqsirləndirilən şəxs məxsus yaşadığı ünvanın qarşısına çatıb sonuncunu çağırmışlar. Ancaq həmin vaxt Cavadın həyat yoldaşı Şahid7 onların qarşısına çıxaraq əri Cavadın elə həmin gün səhər saatlarında Bakı şəhərinə xəstə qardaşı Mirdamətə baş çəkmək üçün getdiyini və evdə olmadığını bildirmişdir. Həmin vaxt onlar tərəfindən Şahid7 bildirilmişdir ki, əri Cavad yaşadıqları ünvanda narkotik vasitə saxlamasında şübhəli olduğu üçün yaşadıqları evə və həyətyanı sahəyə baxış keçirəcəklər. Həmin vaxtı Şahid7 da heç bir etiraz etmədən yaşadıqları ünvana baxış keçirilməsinə könüllü olaraq razı olmuşdur. Həmçinin, Gülnar Nəsirov etirazı olmaması barədə rayon polis şöbəsinin rəhbərliyinin adına ərizə də yazmışdır. Bundan sonra onun, digər polis əməkdaşlarının, hal şahidləri və Şahid7 özünün iştirakı ilə ilk öncə yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı həyətə giriş darvazasından sağ tərəfdə yerləşən tövlənin içərisinə baxdıqda orada dirəyə söykənilmiş vəziyyətdə olan toyuq yemi üçün nəzərdə tutulan ağ rəngli sintetik kisənin içərisində qurumuş halda olan yaşımtıl rəngli kütlə və tövlənin çardağından asılı vəziyyətdə olan 02 ədəd yaşımtıl rəngli kök hissəsi olmayan bitki aşkar olunmuşdur. Həmin vaxt onlar tərəfindən hal şahidləri və Şahid7 yanında ilk öncə sintetik kisədə olan yaşımtıl rəngli qurumuş vəziyyətdə olan kütləni elektron əl tərəzisində çəkdikdə həmin kütlənin çəkisi kisə ilə birlikdə 2,705 kq olması müəyyən edilmişdir. Bundan sonra tövlənin çardağından asılı vəziyyətdə olan həmin 02 ədəd yaşımtıl rəngli bitkilər də polis əməkdaşları tərəfindən şəffaf rəngli sellofana yerləşdirilərək elektron əl tərəzisində çəkilmiş 0,140 kq olması müəyyən edilmişdir. Həmçinin, həyətə baxış bitdikdən sonra yenə də, Şahid7 və hal şahidləri ilə birlikdə yaşadıqları evin otaqlarına baxış keçirilməyə başlanmışdır. İlk öncə zala daxil olduqdan düz qarşılarına çıxan sağ tərəfdə yerləşən cehiz əşyalarının yığıldığı qonaq otağına baxış keçirilməyə başlanmışdır. Baxış zamanı onlar tərəfindən həmin otaqda qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub olmadığını Şahid7 soruşmuşlar. Həmin zaman Gülnar həmin otaqda ancaq cehiz əşyalarının olduğunu, bundan başqa da, təxminən 2-3 gün əvvəl həyat yoldaşı Cavadın həmin otağa daxil olduqdan sonra sol tərəfdə televizor qoyulan kiçik şkafla paltar ütüləmək üçün nəzərdə tutulan üzəri qara rəngli ütü stolunun arxa tərəfində olan kardon qutunun içərisində ağ rəngli sintetik torbanı və həmin otaqdakı paltar şkafının yanında olan göy rəngli sellofanı onlara göstərmiş içərisində nə olduğunu bilmədiyini və əri Cavadın həmin torbaların oraya qoyduğunu demişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən hər kəsin gözü qarşısında həmin torbaları açıb içərisinə nəzər salındıqda hər iki torbanın içərisində qurumuş halda olan yaşımtıl rəngli kütlə olması müəyyən edilmişdir. İlk öncə aşkar edilmiş həmin yaşımtıl rəngli kütlə də, aşkar olunduğu ağ rəngli sintetik torba ilə birlikdə elektron əl tərəzisində çəkilərək 0,635 kq olması müəyyən edilmişdir. Daha sonra göy rəngli sellofanda qurumuş halda olan yaşımtıl rəngli kütlə elektron əl tərəzisində çəkilərək sellofan torba ilə birlikdə çəkisi 0,110 kq olması müəyyən edilmişdir. Bundan sonra həmin otağa onlar tərəfindən baxış keçirilmişsədə əlavə heçnə aşkar edilməmişdir. Həmçinin, həmin vaxt Gülnar aşkar edilmiş torbaları 2-3 gün əvvəl həyat yoldaşı Cavad axşam vaxtı gətirib həmin otağa qoyarkən onların nə olduğunu əri Cavaddan soruşduğunu, ancaq ərinin həmin torbaların başqasına məxsus olub əmanət olaraq saxlamaq üçün evlərinə gətirdiyini həyat yoldaşı Gulnara deməsini qeyd etmişdir. Daha sonra evin digər otaqlarına da baxış keçirilmişdir. Baxış zamanı Şahid7 yataq otağını göstərmişdir. Həmin otağa baxış zamanı kreslonun üzərində olan kiçik ölçülü yastığın altından 01 ədəd kibrit qutusu və üzərinə “Qarabağ” sözü yazılan günəbaxan tumunun paketi aşkar edilmişdir. Həmin kibrit qutusu və günəbaxan tumunun paketinin içərisinə nəzər salındıqda hər ikisinin içərisində yaşımtıl rəngli kütlə olması müəyyən edilmişdir. Bundan sonra onlar tərəfindən kibrit qutusunda və günəbaxan paketində olan yaşımtıl rəngli kütlələr də orada hər kəsin gözü qarşısında evdəki masanın üzərinə gümüşü rəngli elektron tərəzi qoyularaq ayrı ayrılıqda çəkilmişdir. 01 ədəd kibrit qutusunda olan yaşımtıl rəngli kütlə kibrit qutusu ilə birlikdə çəkisi 5,8 qram və günəbaxan tumunun içərisində olan yaşımtıl rəngli kütlə isə 6,8 qram olması müəyyən edilmişdir. Baxış zamanı aşkar olunanlar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bir gün sonra isə, yəni 21.10.2021-ci il tarixdə günorta vaxtlarında Təqsirləndirilən şəxs Bakı şəhərindən geri qayıdıb yaşadığı kənd ərazisinə çatan zaman onlar tərəfindən saxlanılaraq rayon polis şöbəsinə dəvət edilmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi X7 ilə təmin olunaraq şübhəli şəxs qismində tutulub üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən hər hansı narkotik vasitə və yaxud qanunla qadağan olunmuş əşya predmet aşkar edilməsədə, şəxsi axtarış zamanı şifahi sorğu olunarkən Təqsirləndirilən şəxs bir gün əvvəl, yəni 19.10.2021-ci il tarixdə evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaların özünə məxsus olduğunu, borclarını ödəmək üçün öz həyətində çətənə bitkilərini əkib yetişdirib qurudaraq satmaq məqsədilə torbalara yığıb yaşadığı ünvanda saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Əvəz oğlu və Şahid3 ayrı-ayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Göyçay rayon Qaraxıdır, Şəkər və Veysəlli kəndlərinin İcra Nümayəndəsi vəzifəsində işləyir. 20.10.2021-ci il tarixdə saat 18 radələrində Göyçay rayon Qaraxıdır kəndi ərazisində olan zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq həmin kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasını yaşadığı ünvanda narkotik vasitə saxlamasında şübhəli olmasını və sonuncunun yaşadığı ünvana baxış keçirilməsində hal şahidi kimi iştirak etməyni təklif etmiş, o da etiraz etməyərək baxışda hal şahidi qismində iştirak etmişdir. Baxış zamanı evin həyətindki tövlədən, evin otaqlarında ayrı-ayrı sellofanlarda, ümumilikdə 3 kq-dan çox darda narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar olunmuş, aşkar olunanlar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 şahid X11 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 20.10.2021-ci il tarixdə saat 18 radələrində o, yaşadıqları evdə olan zaman həmin vaxtı polis əməkdaşları yaşadıqları ünvana gələrək həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadıqları evdə narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt polis əməkdaşları həyat yoldaşı Cavadın evdə olub olmadığını soruşduqda, oda Cavadın bu gün səhər saatlarında Bakı şəhərində yaşayan xəstə qardaşına baş çəkmək üçün getdiyini və evdə olmadığını bildirmişdir. Buna baxmayaraq o, polislərin evlərinə və həyətyanı sahələrinə baxış keçirməklərinə heç bir etiraz etmədən könüllü olaraq razı olmuş, bununla bağlı özü ərizə də yazmışdır. Bundan sonra polis əməkdaşları iki nəfər hal şahidinin iştirakı ilə ilk öncə fərdi yaşayış evlərinin həyətinə baxış keçirməyə başlamışlar. Baxış zamanı o, özü də polis əməkdaşları və hal şahidləri ilə birlikdə baxışda iştirak etmiş, Baxış zamanı evin həyətindki tövlədən, evin otaqlarında ayrı-ayrı sellofanlarda, ümumilikdə 3 kq-dan çox darda narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar olunmuş, aşkar olunanlar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan 20.10.2021-ci il tarixli “Raport”dan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Göyçay rayonu, Qaraxıdır kəndində yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olmaqla yaşadığı evdə saxlanması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 03). Cinayət işinin materiallarında olan 20.10.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan 20.10.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Şahid7 həmin tarixdə yazılı ərizə verərək polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir (cild 1, iş vərəqi 09). Cinayət işinin materiallarında olan 20.10.2021-ci il tarixli “Baxış aparılması və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, hal şahidlərinin, Şahid7 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu Qaraxıdır kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış nəticəsində həyətyanı sahədə yerləşən tövlənin içərisində 01 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmış təmiz çəkisi 2585.00 qram, eyni zamanda yaşadığı evdə cehiz əşyalarının yığıldığı otaqda üzərinə televizor qoyulan masa ilə ütü stolunun arxasındakı kardon qutunun içərisində saxladığı 01 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmış təmiz çəkisi 590.00 qram, həmin otaqda paltar şkafının yanında 01 ədəd göy rəngli sellofanda qablaşdırılmış təmiz çəkisi 77,71 qram, yataq otağındakı kreslonun üzərindəki yastığın altından 01 ədəd kibrit qutusunda qablaşdırılmış təmiz çəkisi 3,19 qram və üzərinə “Qarabağ” sözü yazılan günəbaxan tumunun paketində qablaşdırılmış təmiz çəkisi 5,41 qram olmaqla, ümumi təmiz çəkiləri 3261,31 qram (üç kiloqram iki yüz altmış bir tam yüzdə otuz bir qram) külli miqdarda həmin narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin həyətyanı sahəsində yerləşən tövlənin çardağından asılı vəziyyətdə olan uzunluqları 50 sm və 90 sm, ümumi təmiz çəkiləri 124,83 qram olan 02 (iki) ədəd quru halda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüş, müvafiq foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur (cild 01, iş vər. 10-29). Cinayət işinin materiallarında olan məhkəmə bioloji eskpertizasının 21.10.2021-ci il tarixli 17/764 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda və 01(bir) ədəd polietilen paketin içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri – 3,19 qram və 5,41 qram, ümumi təmiz çəkiləri – 8,60 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən və həyətyanı sahədə yerləşən tövlədən aşkar olunmuş kütlə”. Sözləri və imzalar yazılmış 01(bir) ədəd sintetik kisənin içərisindəki açıq vəziyyətdə, təmiz çəkisi – 2585,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 01 (bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi – 77,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 01 (bir) ədəd ağ rəngli sintetik kisədə, təmiz çəkisi – 590,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 (bir) ədəd şəffaf sellofan torbada, uzunluqları 50 sm və 90 sm, ümumi təmiz çəkiləri – 124,83 qram olan 02(iki) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 61- 65). Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli, 5(046)-73/2021 saylı qərarından görünür ki, Göyçay rayonu, Qaraxıdır kəndində yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair 20.10.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 01, iş vər. 139-140). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması” istintaq hərəkətinin protokolundan görünür ki, təqsirkəndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, o ifadəsində göstərdiyi xüsusatları bir daha əyani şəkildə göstərərək təstiq etmişdir. Bu barədə müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 144-150). Cinayət işinin materiallarında olan “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış 26 noyabr 2021-ci il tarixli 5356 saylı məktubdan görünür ki, Göyçay rayon Qaraxıdır kəndində yaşayan Təqsirləndirilən şəxs Göyçay RMX-da psixatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur (cild 01, iş vər. 104). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2021-ci il tarixli 1519 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 121). Cinayət işinin materiallarında olan 07.02.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 237.1, 234.1 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 189-205) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 20.10.2021-ci il tarxdə Göyçay Rayon Polis Şöbəsinə Göyçay rayonu Qaraxıdır yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olması və yaşadığı evdə saxlanması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin yaşadığı ünvana polis əməkdaşlarının, şəxsin arvadı Şahid7 və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun yaşadığı evdə və evin həyətindəki tövlədə külli miqdarda narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 20.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs evinə hal şahidlərinin də iştirakı ilə baxış keçirilərək narkotik vasitə olan marixuananın aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, şəxsin evindən narkotik vasitə marixananın müxtəlif yerlərdən aşkar olunması, həmçinin özünün ifadəsində mövcud olan borclarını qaytarmaq üçün narkotik vasitəni əldə etməyə çalışması barədə qeydləri onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı və 2010, 2012, 2018-ci il təvəllüdlü üç azyaşlı uşağı ilə) birlikdə Göyçay rayonu Qaraxıdır kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vərəqi 109-111). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 103). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası tərəfindən CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 51). Cinayət işinin materiallarında olan qərardan görünür ki, 23.10.2021 il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, X8 azad edilmişdir (cild 01, iş vər. 95-96). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun 21.10.2021-ci il tarixdən 23.10.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, cəzaçəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 22.04.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 3261,06 qram narkotik vasitə marixuana və 124,73 qram çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.10.2021-ci il tarixdən 23.10.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 22.04.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 yerləşdirilməsi üçün X3 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 3261,06 qram narkotik vasitə marixuana və 124,73 qram çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-101/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-101/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver