Məhkəmə qərarları › İş №1(091)-101/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-101/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-101/2024 02.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1963-cü il tarixdə Zaqatala şəhərində doğulmuş, subay, vətəndaşlığı olmayan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə birinci dərəcəli məhkəmə kollegiyasının 27 oktyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 94-cü maddəsinin 6-cı bəndi, 220-2-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, işləməyən, orta təhsilli, əvvəllər Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşamış, daimi yaşayış yeri Azərbaycan Respublikası olan, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə 06 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşları Şahid2, Şahid1, X4 və Şahid3 ilə birlikdə “Qırmızı Körpü” X7 Məntəqəsindən Azərbaycan Respublikasını tərk edərək Gürcüstan ərazisindən keçməklə Türkiyə Respublikasına getmiş, oradan şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının Atma şəhərinə gedərək, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Xalid dayı” dini ləqəbli X5 rəhbərlik etdiyi “Xalid dayının camaatı” adlı silahlı birləşmənin tərkibinə daxil olub həmin birləşmənin fəaliyyətində digər üzvləri ilə birlikdə 2013-cü ilin iyun ayının əvvələrindən həmin ilin avqust ayının sonlarına qədər iştirak etmişdir. Bu cinayət əməllərinə görə o, xarici dövlətdə məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 12.1, 279.1-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildə Türkiyəyə, oradan da Suriya Ərəb Respublikasına getmiş, təxminən iki ay yarım orada qaldıqdan sonra vəziyyətin pis olması səbəbindən yenidən Türkiyəyə qayıtmışdır. Onu heç kim Suriya Ərəb Respublikasına dəvət etməmiş, orada yaşamaq fikri olmuşdur. Suriya Ərəb Respublikasına döyüşmək üçün getməmiş, ailəsi ilə orada yaşamaq istəmişdir. Mustafa adlı şəxslə cəzaçəkmə müəssisəsində bir yerdə olmuş, sonuncu ona Türkiyədə kirayə ev tapmağa köməklik etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1999-cu il tarixdə keçmiş arvadını öldürdüyünə görə 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkdiyi müddətdə əvvəllər Gürcüstan Respublikasının Rusiya Federasiyası daxilindəki Çeçenistan ərazisi ilə həmsərhəd olan Pankisi dərəsində aparılmış silahlı münaqişələrdə iştirak etmiş Mustafa adlı şəxslə tanış olaraq aralarında səmimi dostluq münasibətləri yaranmışdır. 2008-ci il tarixdə Mustafa cəza müddətinin sona çatması ilə əlaqədar olaraq azadlığa çıxaraq Türkiyə Respublikasına getmiş, birlikdə cəza çəkdikləri dövrdə Mustafa adlı həmin şəxsin təsiri ilə islam dininin “əhli-sünnə” (vəhhabi) məzhəbi üzrə ibadət etməyə başlamışdır. 2012-ci ildə azadlığa buraxıldıqdan sonra tanışlarından birinin vasitəçiliyi ilə Şahid2 ilə dini nikaha daxil olmuş, bu müddətdə sosial şəbəkələrdə Suriya Ərəb Respublikası və İraq Respublikası ərazisində dini zəmində aparılan silahlı münaqişələri əks etdirən foto və video görüntüləri izləməklə onda “din qardaş və bacıları”nın qisasını almaq istəyi yaranmışdır. Onun təkidi ilə Şahid2, sonuncunun oğulları Şahid1 və X4, sonuncunun dini nikahlı arvadı Şahid3 06 iyun 2013-cü il tarixdə “Qırmızı Körpü” X7 Məntəqəsindən Azərbaycan Respublikasını tərk edərək Gürcüstan Respublikası ərazisindən tranzit keçməklə əvvəlcə Türkiyə Respublikasının İstanbul şəhərinə gedib orada avtovağzalda bir gecə qaldıqdan sonra avtobusla Türkiyə Respublikasının Qaziantep şəhərinə getmişlər. Qaziantep şəhərində keçmiş dustaq yoldaşı Mustafa adlı şəxslə görüşüb sonuncuya Suriya Ərəb Respublikasına “cihad” məqsədilə getmək istədiyini və ailəsini də özü ilə aparmaq niyyətində olduğunu bildirmişdir. Mustafa ona müvafiq hərəkət marşrutunu izah etdikdən sonra Şahid2, Şahid1, Şəhriyar Hüseynli və Şahid3 ilə birlikdə həmin marşrut üzrə əvvəlcə Türkiyə Respublikasının Hatay şəhərinə, oradan isə tanımadığı bələdçilərin vasitəsilə Suriya Ərəb Respublikasının Atma şəhərinə keçmişlər. Atma şəhərində öz camaatı ilə birlikdə Suriya Ərəb Respublikası və İraq Respublikası ərazilərində qanunsuz olaraq fəaliyyət göstərən “İŞİD” adlı qanunsuz silahlı sabit qrupa beyət (tabeçilik) edərək həmin qrupun silahlı birləşməsinə çevrilən əslən Azərbaycan Respublikasının Tərtər rayonundan olan “Xalid dayı” dini ləqəbli X6 ilə tanış olmuş və aralarında səmimi münasibətlər yaranmışdır. Rövşən Bədəlovun “camaat”ına daxil olduqdan sonra sonuncu onları Suriya Ərəb Respublikasının Atma şəhərində bir evə yerləşdirmiş, 2013-cü ilin iyun ayının əvvəllərindən həmin ilin avqust ayının sonlarına qədər orada qalmışlar. Orada olduqları müddətdə onların yaşadığı ərazi “Əsəd hərbi qüvvələri” və kürd silahlı birləşmələri tərəfindən müntəzəm olaraq havadan və qurudan silahlı atəşə tutulduğu üçün həmin ərazilərin mühafizəsi oradakı kişi cinsindən olan şəxslərin silahlı formada postlara çıxması yolu ilə təmin olunmuş, buna baxmayaraq Şəhriyar Hüseynlinin xəstə olması, Şahid1 isə yaşının az olması səbəbilə Suriya Ərəb Respublikasında olduqları bütün müddətdə sonuncular vaxtlarını evdə keçirmişlər. Atma şəhərində iki ay qaldıqdan sonra həyat üçün təhlükəli ərazilər olduğuna görə Şahid2, sonuncunun oğlanları Şahid1, Şəhriyar Hüseynli və Şahid3 ilə birlikdə Türkiyə Respublikasına qaçaq yolla geri qayıtmaq qərarına gələrək 2013-cü ilin avqust ayının sonlarında əvvəlcə Türkiyə Respublikasının Qaziantep şəhərinə getmişlər. Yenə keçmiş məhkum yoldaşı Mustafanın köməkliyi ilə təxminən 4 ay orada qalmış, bu müddət ərzində Şəhriyar Hüseynli qardaşı Şahid1 Azərbaycan Respublikasına apardıqdan sonra Türkiyə Respublikasına geri qayıtmışdır. Şahid1 daimi olaraq Azərbaycan Respublikasında yaşamağa başlamış, onun özü Şahid2, Şəhriyar Hüseynli və Şahid3 isə 2014-2023-cü illər ərzində Türkiyə Respublikasının İstanbul şəhərinin Sultanbəyli ilçəsinə köçərək orada yaşamışlar. Bu müddət ərzində onlar Türkiyə Respublikasında rəsmi icazə olmadan qaldıqları, eləcə də Azərbaycan Respublikasına geri qayıdacaqları təqdirdə həbs olunacaqlarını düşündükləri üçün Azərbaycan Respublikasına geri qayıtmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anası Şahid2 keçmiş əri Şakir Mustafayevdən təxminən 2008-ci ildə ayrıldıqdan sonra əhli-sünnə (vəhhabi) məzhəbinə uyğun dindar həyat tərzi keçirməyə başlamış, təxminən 2012-ci ildə dindar həyat tərzi keçirən tanışlarından birinin vasitəsilə yeni azadlığa buraxılmış Təqsirləndirilən şəxsla dini nikaha daxil olmuşdur. Təqsirləndirilən şəxs radikal dindar şəxs olmaqla həmin vaxtlarda Suriya Ərəb Respublikası və İraq Respublikasında “din uğrunda” aparılan silahlı münaqişələrlə bağlı foto və videogörüntüləri izlədiyini və tez-tez orada baş verən münaqişələrdə müsəlman “qardaş və bacıları”nın öldürülməsindən danışdığını və həmin şəxslərin qisasının alınmasının vacib olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxtlar atası yerinə qoyaraq ailələrinin faktiki başçısı kimi tanımış, 6 iyun 2013-cü il tarixdə özü, qardaşı Şəhriyar Hüseynli, sonuncunun dini nikahlı arvadı Şahid3, anası Şahid2 və Təqsirləndirilən şəxsla birlikdə sonuncunun təkidi ilə Suriya Ərəb Respublikasına getmək üçün “Qırmızı Körpü” X7 məntəqəsindən keçməklə Azərbaycan Respublikasını tərk etmişlər. Həmin vaxt yetkinlik yaşına çatmadığına və ailəsindən ayrı qala bilməyəcəyinə görə ailəsi ilə birgə getmiş, Gürcüstan Respublikası ərazisindən tranzit olaraq keçərək quru yolu ilə əvvəlcə Türkiyə Respublikasının İstanbul şəhərinə getdikdən sonra orada bir gecə avtovağzalda gecələyib səhəri avtobusla Türkiyə Respublikasının Qaziantep şəhərinə getmişlər. İki günlük yoldan sonra həmin şəhərə çatan zaman orada Təqsirləndirilən şəxs keçmiş məhkum yoldaşı kimi təqdim etdiyi Mustafa adlı şəxslə görüşüb sonuncuya “cihad” üçün Suriya Ərəb Respublikasına getdiyini və ailəsini də yanında aparmaq niyyətinin olduğunu bildirmişdir. Mustafa adlı həmin şəxs Suriya Ərəb Respublikasına getmək üçün lazım olan hərəkət marşrutunu Təqsirləndirilən şəxs izah etdikdən sonra onlar həmin marşrut üzrə hərəkət edərək əvvəlcə Türkiyə Respublikasının Hatay şəhərinə, oradan isə bir nəfər yerli bələdçinin vasitəsilə qaçaq yolla Suriya Ərəb Respublikasının Atma şəhərinə keçmişlər. Atma şəhərində Təqsirləndirilən şəxs tez bir zamanda “Xalid dayı” ləqəbli X6 adlı şəxslə tanış olmuş və həmin şəxs onları Atma şəhərində bir evə yerləşdirmişdir. Burada Təqsirləndirilən şəxs və adıçəkilən ailə üzvləri ilə birlikdə 2013-cü ilin avqust ayının təxminən sonlarına qədər qalmış, onların qaldığı ərazinin yaxınlığında müxtəlif silahlı birləşmələr yerləşdiyi üçün həmin ərazi “Əsəd qüvvələri” kimi tanınan hökümət qüvvələri və kürd silahlı birləşmələri tərəfindən tez-tez atəşə tutulmuşdur. Bu səbəblərə görə həmin ərazinin təhlükəsizliyi orada yaşayan kişilər tərəfindən silahlı formada postlara çıxaraq mühafizə olunması yolu ilə təmin olunmuş, Suriya Ərəb Respublikasında olduqları bütün müddət ərzində qardaşı Şəhriyar Hüseynli ağır xəstə olduğuna görə bütün gününü evdə keçirmişdir. Həmin vaxt onun yaşının az olması ilə əlaqədar olaraq postlara çıxmamışdır. 2013-cü ilin avqust ayının təxminən sonlarında Təqsirləndirilən şəxs, Şahid2, Şəhriyar Hüseynli və Şahid3 olduqları ərazi həyat üçün təhlükəli olduğuna görə qaçaq yolla Türkiyə Respublikasına geri qayıtmış, 2013-cü ilin avqust ayının sonlarında qardaşı Şəhriyar Hüseynli onu Azərbaycan Respublikasına gətirmişdir. Həmin vaxtdan daimi olaraq Azərbaycan Respublikasında yaşamağa başlamış, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 isə Azərbaycan Respublikasına geri qayıdacaqları təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəklərindən qorxduqları üçün 2013-2023-cü illərdə ölkəyə geri qayıtmamışlar. Hazırda qardaşı Şəhriyar Hüseynli barəsində Türkiyə Respublikasında ibtidai araşdırma gedərək həbsdə saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası olmaqla anası mərhum X2 qətlə yetirdiyinə görə 1999-cu ildə 13 (on üç) il müddətə azadlıqdan məhrum edilmiş, atası Təqsirləndirilən şəxs təxminən 2012-2013-cü illərdə azadlığa buraxıldıqdan sonra xasiyyətinin dəyişdiyini və radikal dini ifadələr işlətdiyini müşahidə etmişdir. Azadlığa buraxıldıqdan cəmi bir neçə ay sonra Təqsirləndirilən şəxs özü ilə eyni dini əqidəyə sahib yəni “vəhhabi” olan Şahid2 ilə ailə həyatı qurmuş, Şahid2 dini ləqəb olaraq “Fatimə” ləqəbini götürmüşdür. Təqsirləndirilən şəxs 2012-2013-cü illərdə ona “cihad” barədə dini radikal söhbətlər etməyə başlamış və 2013-cü ilin əvvələrində isə ona Azərbaycan Respublikasında artıq yaşaya bilməyəcəyini, Türkiyə Respublikasına gedəcəyini bildirib onu aldadaraq Azərbaycan Respublikasını tərk etmişdir. Bundan sonra atasının Suriya Ərəb Respublikasına getdiyini öyrənmiş, münasibətləri yaxşı olmadığı üçün sonuncu Türkiyə Respublikasında olarkən cəmi bir neçə dəfə mobil telefonla onunla əlaqə saxlamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 və Şahid6 məhkəməyədək icraat zamanı eyni məzmulu ifadələr verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Cinayət işi materiallarına əlavə edilmiş “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçmə barədə tələbnamədən görünür ki, o, 06 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikasını Gürcüstan Respublikası istiqamətində tərk etmiş və 07 avqust 2023-cü il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsindən alınmış 18 yanvar 2019-cu il tarixli 2(001)-2064/2019 nömrəli qətnamənin məzmunundan görünür ki, 18 yanvar 2019-cu il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi ilə keçirilmiş açıq məhkəmə iclasında Təqsirləndirilən şəxs 06 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikasını tərk edərək Suriya Ərəb Respublikasının ərazisində “İŞİD” adlı cinayət birliyin tərkibinə daxil olması, beləliklə Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsinə dair kifayət qədər əsasların olması müəyyən edilərək, vətəndaşlığının itirilməsi barədə qətnamə qəbul edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik (ambulator) ekspertizasının 18 avqust 2023-cü il tarixli 2319 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs halhazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 11 sentyabr 2023-cü il tarixli 324/MEŞ saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarda göstərilən şəraitə uyğun, yəni odlu silah və sursatla yetirilməyə xarakterik xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə birinci dərəcəli məhkəmə kollegiyasının 27 oktyabr 1999-cu il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 94-cü maddəsinin 6-cı bəndi, 220-2-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. 01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş 08 dekabr 1960-cı il tarixli CM-də həmin Məcəllənin 94-cü maddəsinin 6-cı bəndində nəzərdə tutulan qəsdən adamöldürmə cinayəti ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Həmin Məcəllənin 53-cü maddəsinin 7-ci bəndinə əsasən on ildən artıq müddətə azadlıqdan məhrum olumağa məhkum edilmiş şəxslər və xüsusi təhlükəli residivistlər, əgər onlar cəzanı (əsas və əlavə cəzanı) çəkib qurtardıqları gündən səkkiz il ərzində yeni cinayət törətməmişlərsə və həm də məhkum olunmuş şəxsin islah olunduğu və onu məhkumluğu olan şəxs hesab etməyə zərurət olmadığı məhkəmə tərəfindən müəyyən edilərsə məhkumluğu olmayan şəxs hesab edilir. CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Ona görə də məhkəmə tərəfindən müəyyən edilir ki, CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi vardır. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saat 1935-də şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl CM-in 12.1, 279.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasına ancaq işləmək üçün getməsi və heç bir döyüş əməliyyatlarında iştirak etməməsinə dair ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, onun Suriya Ərəb Respublikasına getdiyi dövrdə orada aktiv döyüş əməliyyatlarının getməsi, və həmin ərazidə ümumiyyətlə işləmək üçün şəraitin olmaması, onun ailə üzvləri ilə birlikdə Türkiyədən Suriyaya qaçaq yolla qeyri-qanuni keçməsi kimi hallar onun həmin yerə işləmək üçün getməsinə məhkəmə tərəfindən şübhə ilə yanaşmağa əsaslar yaradır. Bundan başqa iş üzrə şahid ifadələri və özünün məhkəməyədək icraat zamanı verdiyi ifadələr onun ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməsini bir daha təsdiq edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halları və yüngülləşdirən halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 08 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar