Məhkəmə qərarları › İş №1(091)-102/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-102/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-102/2024 14.03.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 2005-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasının çəkilməmiş 08 ay 14 günü Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunduğu 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla qəti olaraq 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2022ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunduğu 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 12 günü Ağdaş Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarı ilə 03 ay 06 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmündən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə dair müddəalar xaric edilmiş, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası azaldılaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəza Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunduğu 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdə saat 19:00 radələrində Ağdaş şəhəri, M.Əsədov küçəsində Zərərçəkmiş şəxs ona və yanındakı şəxslərə davranışları ilə bağlı irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun uzunqol gödəkçə ilə onun sifətinə vurmasından sonra üzərində gəzdirdiyi dəstəyi qara rəngli bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ tərəfinə 1 zərbə vurmaqla ona daxilə keçən, yetirilən anda insan həyatı üçün təhlükəli olan qarının sağ nahiyəsinin, böyük piyliyin, çənbərəbənzər bağırsağın zədələnməsi və daxili qanitirmə ilə müşayiət olunan qəsdən sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 09 may 2023-cü il tarixdə saat 19 radələrində əvvəlcədən tanıdığı Şahid1, Şahid2 və Şahid3 ilə birlikdə Ağdaş şəhəri, M.Əsədov küçəsində piyada hərəkət edən zaman Şahid1 söhbət zamanı Sevinc Bayramovun qulağına söz demiş, bu zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs qeyd olunan hərəkətləri əxlaqsız hesab edib yanlarına gələrək iradlarını bildirmiş və nalayiq ifadələr işlətmişdir. Şahid1 Şahid3 ilə münasibətdə əxlaqsız hərəkət etmədiyini və sonuncunun qulağına söz dediyini Zərərçəkmiş şəxs bildirmiş, o isə mədəni danışmasını sonuncudan tələb etmişdir. Bu vaxt Zərərçəkmiş şəxs əlində olan uzunqol gödəkçə ilə onun sifətinə 1 zərbə vurmuş, lakin zərbənin təsirindən o, xəsarət almamış və ağrı hiss etməmişdir. Bundan sonra o, həmin tarixdə Ağdaş şəhərində yerləşən H.Əliyev parkında olan zaman yerdən taparaq əynində olan cins şalvarın sağ yan cibində saxladığı dəstəyi qara rəngli açılıb-bağlanan bıçağı çıxararaq açmış və Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ yan tərəfinə qəsdən 1 zərbə vurmuşdur. Həmin vaxt orada başqa heç kəs olmamış və bundan sonra o, Şahid1, Şahid2 və Şahid3 həmin yeri tərk etmişlər. Bir müddət sonra Ağdaş RPŞ-nin əməkdaşları yaşadığı fərdi yaşayış evinə gələrək Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmışlar və o, qeyd olunan bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır və barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 Ağdaş rayon sakinləri kimi tanımış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 09 may 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Ağdaş şəhəri, M.Əsədov küçəsində olan zaman Təqsirləndirilən şəxs ilə Şahid1 2 nəfər qadın cinsli şəxslərlə gəldiklərini və Şahid1 qadın cinsli şəxslərdən birinə qarşı əxlaqsız hərəkətlər etdiyini görmüşdür. Qeyd olunan səbəbdən o, bununla bağlı irad tutmuş, bu zəmində aralarında sözlü mübahisə yaranmış və həmin vaxt Təqsirləndirilən şəxs və Şahid1 onun ünvanına nalayiq ifadələr işlətmişlər. Daha sonra isə mübahisənin gedişində o, əlində olan gödəkçə ilə Təqsirləndirilən şəxs sifətinə bir zərbə vurmuş və həmin şəxslərin ünvanına nalayiq sözlər demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən açılıb-bağlanan bıçağı çıxararaq açmış və onun qarın nahiyəsinin sağ yan tərəfinə 1 zərbə vurmuşdur. Həmin vaxt orada başqa heç kəs olmamış, bundan sonra Təqsirləndirilən şəxs, Şahid1 və yanlarında olan qadın cinsli şəxslər həmin yeri tərk etmişlər, o isə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 09 may 2023-cü il tarixdə saat 19 radələrində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 ilə birlikdə Ağdaş şəhəri, M.Əsədov küçəsində piyada hərəkət edən zaman o, söhbət əsnasında Şahid3 qulağına söz demiş, bu zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs qeyd olunan hərəkətləri əxlaqsız hesab edib yanlarına gələrək iradlarını bildirmiş və nalayiq ifadələr işlətmişdir. O, Şahid3 ilə münasibətdə əxlaqsız hərəkət etmədiyini və sonuncunun qulağına söz dediyini Zərərçəkmiş şəxs bildirmiş, Təqsirləndirilən şəxs isə mədəni danışmasını sonuncudan tələb etmişdir. Bu vaxt Zərərçəkmiş şəxs əlində olan uzunqol gödəkçə ilə Təqsirləndirilən şəxs sifətinə 1 zərbə vurmuş, lakin zərbənin təsirindən sonuncu xəsarət almamışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində saxladığı açılıb-bağlanan bıçağı çıxararaq açmış və Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ yan tərəfinə 1 zərbə vurmuşdur. Həmin vaxt orada başqa heç kəs olmamış və bundan sonra o, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 qeyd olunan yeri tərk etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 09 may 2023-cü il tarixdə axşam saat 19 radələrində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 ilə birlikdə Ağdaş şəhəri, M.Əsədov küçəsində piyada hərəkət edən zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq hər hansı xoşagəlməz hadisə törətmələrini düşünüb irad tutmuş və bu zəmində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. O, qorxduğu üçün mübahisənin baş verdiyi yerə tərəf baxmamış, həmin yeri tərk edib getmiş, sonradan polis şöbəsində olan zaman isə mübahisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbə vurması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 09 may 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Zərərçəkmiş şəxs “sağ qabırğaaltı nahiyənin kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 15 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq qara rəngli olmaqla, tutacaq və tiyə hissələrindən ibarətdir, açılıb bağlanandır, dəmir materialdan hazırlanmışdır, ümumi uzunluğu, 16 sm, tutacaq hissəsinin uzunluğu 9 sm, tiyə hissəsinin uzunluğu isə 7 sm-dir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 25 may 2023-cü il tarixli PHŞ-6-22/2- 774/2023 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs 09 may 2023-cü il tarixdə xəstəxananın Acil şöbəsinə “sağ qabırğaaltı nahiyənin kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 09 avqust 2023-cü il tarixli 230 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onda “qarının sağ nahiyəsinin, böyük piyliyin, çənbərəbənzər bağırsağın zədələnməsi və daxili qanitirmə ilə müşayiət olunan daxilə keçən yara” diaqnozu ilə, 09 may 2023-cü il tarixdə kəsici-deşici alətin təsirindən törənmiş, o cümlədən ekspertizaya təqdim olunan bıçaqla yetirilə bilən, dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 30 noyabr 2023-cü il tarixli 17/822 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla metal materialdan hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, konstruksiyasında dəyişikliklər edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 may 2023-cü il tarixdə saat 19 radələrində Ağdaş şəhəri, M.Əsədov küçəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında baş verən mübahisə zamanı qəsdən bıçaqla sonuncuya zərbə vuraraq xəsarət yetirməsi, mübahisə vaxtı Şahid1, Şahid2 və Şahid3 orada olması, həmin vaxt Şahid3 yaşadığı evə çıxıb getməsi səbəbindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi zamanı orada yalnız Şahid1 və Şahid2 olması və ətrafda kənar şəxslərin olmaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 29,120.1, 126.2.1, 126.2.2, 126.2.4, 221.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 04 dekabr 2023cü il tarixli 18-1-22/2-1809/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurma cinayətini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamışdır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli və 14 mart 2023-cü il tarixli hökmlərinin və 01 iyun 2023-cü il tarixli qərarının, Şəki Apellyasiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarının və Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli hökmünun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzasının çəkilməmiş 08 ay 14 günü Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunduğu 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla qəti olaraq 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, onun Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunduğu 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 12 günü Ağdaş Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarı ilə 03 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bundan əlavə, Şəki Apellyasiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmündən CM-in 66.5-ci maddəsinə dair müddəalar xaric edilmiş, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası azaldılaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəza CM-in 68-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 11 ay 28 gün müəyyən olunaraq Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli hökmü ilə CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunduğu 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək cəzasını çəkib qurtarmasa da əvvəllər törətdiyi cinayət əməllərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, habelə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzası sonradan azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edildiyindən, azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza hesab olunduğundan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzası sonradan məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyi halda həmin şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilmədiyindən və qeyd olunan cinayətləri yetkinlik yaşına çatmadığı dövrdə törətdiyindən onun sonradan göstərilən cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini CM-in 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzasının ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, məhz cinayətin üsulu kimi bıçaqdan istifadə edilməsini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs məhz həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 126.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 23 noyabr 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Habelə cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli hökmü ilə CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli hökmü çıxarılmamışdan əvvəl o, hazırki cinayət əməlini törətdiyindən CM-in 66.5-ci maddəsinə əsasən qeyd olunan hökmlə təyin olunmuş 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 30,60 (otuz manat altmış qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 30,60 (otuz manat altmış qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,60 (otuz manat altmış qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar