Məhkəmə qərarları › İş №1(091)-103/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-103/2020

27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-103/2020 27.08.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3, xx xxxxxx 1992-ci il tarixdə Balakən rayonu Tülü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Balakən rayonu Tülü kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində “xxxx” qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X8 Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2018-ci ilin payız aylarında Balakən rayonu Hənifə kəndi ərazisinin çöl sahəsindən tapdığı yabanı halda bitmiş 03 ədəd narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi toxumları 2020-ci ilin aprel ayında kirayədə yaşadığı Balakən rayonu Mahamalar kəndində yerləşən evin həyətyanı sahəsindəki boş su hövzəsinin içərisində dibçəklərdə qəsdən qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərib suvarmaqla tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 26 ədəd 18 sm-dən 51 sm-dək hündürlükləri olan çətənə (kannabis) bitkilərini və 05 ədəd 10 smdən 14 sm-dək hündürlükləri olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərini, ümumilikdə külli miqdarda, yəni 31 (otuz bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini yetişdirib kultivasiya etmiş, xx xxx 2020-ci il tarixdə saat 11 radələrində Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsindəki boş su hövzəsinin içərisində dibçəklərdə qəsdən qanunsuz olaraq kultiyasiya etmiş olduğu külli miqdarda, yəni 26 ədəd narkotik tərkibli çətənə-kannabis bitkiləri və 05 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar olunaraq kökündən çıxarılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 ilə yaxındır ki, narkotik vasitə olan marixunadan istifadə etdiyinə görə 2018-ci ilin payız aylarında Balakən rayonu Hənifə kəndinin yaxınlığında çobanlıq edən zaman çöllük sahədə yabanı şəkildə bitmiş çətənə toxumlarından götürüb saxlamışdır. 2020-ci ilin aprel ayında həmin toxumları Balakən rayonu Mahamalar kəndində kirayədə yaşadığı evin həyətindəki 31 ədəd dibçəklərdə dolduraraq əkmiş, sonra kənar şəxslərin görməməsi üçün yaşadığı evin həyətində yerləşən boş su hövzəsinin içərisinə qoymuşdur. xx xxx 2020-ci il tarixdə səhər saatlarında Balakən rayon Polis Şöbəsinin işçiləri onun yaşadığı evə gələrək ona narkotik tərkibli bitkilərin əkib-becərilməsində şübhəli olduğunu və bu səbəbdən də həyətə baxış keçiriləcəyini bildirmişlər. Həyətə baxış keçirilməsinə etiraz etməmiş, polis əməkdaşları tərəfindən dəvət edilmiş aqronomun iştirakıyla videoçəkiliş aparılmaqla yaşadığı evin həyətinə keçirilən baxış zamanı həyətdəki içərisində su olmayan su hövzəsinin içərisindəki dəmir qablarda əkib-becərdiyi 10 sm-dən 51 sm-dək hündürlükdə olan 31 ədəd narkotik tərkibli çətənə bitkiləri polis işçiləri tərəfindən aşkar edilərək kökündən çıxarılıb götürülmüşdür. Baxış keçirilən zaman əlavə hər hansı bir qadağan olunmuş kütlə və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində kirayədə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat-istintaq qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib dəvət edilmiş aqronom-mütəxəssisin iştirakı ilə keçirilmiş baxış zamanı evin sol tərəfində yerləşən boş su hövzəsinin içərisində olan 31 ədəd dibçəklərin içərisində 10 sm-dən 51 sm-dək hündürlükləri olan narkotik tərkibli çətənə bitkilərinə oşxar bitkilər aşkar edilərək kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş, baxışda iştirak edən aqronom-mütəxəssis Şahid1 bitkilərə baxış keçirdikdən sonra həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi barədə rəy vermişdir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən və evdən əlavə hər-hansı bir bitki və ya digər kütlə aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün manqa komandiri işləyən Şahid4, polis nəfəri işləyən Şahid5 və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Balakən rayonu Dövlət X4 bitkiçilik sektorunda baş məsləhətçi işləyən Şahid1 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, Balakən rayonu Talalar kəndində qeydiyyatda olsa da, ərindən ayrıldığı üçün oğlu Röyalla birlikdə Balakən rayonu Mahamalar kəndində kirayədə yaşamışdır. xx xxx 2020-ci il tarixdə polis əməkdaşları onlara gəlib yaşadıqları evin həyətində baxış keçirdikdən sonra oğlu Təqsirləndirilən şəxs tərəfindən yaşadıqları evin həyətindəki boş su hövzəsinin içərisindəki qablarda narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumatı olmuşdur. Bu haqda əvvəlcədən heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 17/320 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş ağ rəngli sintetik kisənin içərisindəki 26 (iyirmi altı) ədəd, hündürlükləri 18 sm-dən 51 sm-dək, yaş vəziyətdə, ümumi təmiz çəkisi - 253,17 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 05 (beş) ədəd hündürlükləri 10 sm-dən 14 sm-dək, yaş vəziyətdə, ümumi təmiz çəkisi - 1,79 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom Şahid1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş 26 (iyirmi altı) ədəd çətənə bitkilərinə və 05 (beş) ədəd çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 485 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1150-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “xxxx” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd X6 üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxstörətdiyi əməldən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində xxxxə alındığı xx xxx 2020-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olan Balakən rayon Polis Şöbəsində saxlanılan 31 ədəd narkotik tərkibli çətənə bitkiləri və şitilləri məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik)Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç), 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. İş üzrə 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən rayon Polis Şöbəsində saxlanılan 31 ədəd narkotik tərkibli çətənə bitkiləri və şitilləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X8 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar