Məhkəmə qərarları › İş №1(091)-103/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-103/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-103/2022 15.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 12 avqust 1962-ci il tarixdə Qəbələ rayon Zirik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Qəbələ rayon Zirik kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07.11.2021-ci il tarixdə saat 18:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən uzun müddətdir aralarında ailə məişət zəminində davam edən münaqişələrlə əlaqədar əvvəlcədən ədavətli və küsülü olduğu həmkəndlisi, eləcə də qohumu (qudası) həmin vaxt sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs Qəbələ rayonu Zirik kəndində sonuncunun iştirak etdiyi toy şənliyinin keçirildiyi Şahid2 həyətindən yaxınlıqda yerləşən X3 evinin qarşısındakı yolun kənarına çağırıb az öncə ona mobil telefonla nəyə görə zəng vurmasının səbəbini soruşub buna görə ona iradını bildirmiş, Zərərçəkmiş şəxs isə ona zəng vurmasını inkar etdikdə, həmçinin hər ikisi ailələri arasında yaranmış ədavətin səbəbkarı kimi bir-birlərini günahlandırdıqda bu mövzuda aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı o, üzərində gəzdirdiyi açılıb-qatlanan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs qarnının sol nahiyyəsinə qəsdən bir bıçaq zərbəsi vuraraq sonuncuya qarının ön sol divarında qarın boşluğuna nüfuz edən, kiçik piyliyin ön divarının zədələnməsi və qarın boşluğuna qanaxma ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının ilkin mərhələsində zərərçəkmiş şəxsi qəsdən bıçaqla vurmadığını, aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla onu qorxutmaq istəyərkən bıçağın zərərçəkmiş şəxsin qarın nahiyəsinə batdığını bildirmiş, məhkəmə istintaqının sonrakı mərhələsində isə özünü elan olunan ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən günü sərxoş olmuş, Qəbələ rayonu Zirik kəndində toy məclisində iştirak edən qudası Zərərçəkmiş şəxsla söhbət etmək üçün toy şənliyinin getdiyi həyətdən kənara çıxmış, ailə məişət problemləri ilə bağlı söhbət edərkən aralarında sözlü mübahisə yaranmış və nəticədə spirtli içkinin təsirindən üzərində olan açılıb qatlanan bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Sonradan oradan uzaqlaşmış və evlərinə getmişdir. Bir qədər sonra isə polis əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmiş və polis şöbəsində cinayət əməli törətdiyi bıçağı könüllü təslim edərək əməlindən peşman olduğunu bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Yaşının çox olmasını, nəvələrinin olmasını, zərərçəkmiş şəxslə barışmasını, səmimi peşmançılığını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, həmin günü toy şənliyində iştirak etmək üçün Qəbələ rayonu Zirik kəndinə gəlmiş, toyda olan zaman qudası Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng etmişdir. Toy şənliyində olduğundan danışa bilməyəcəyini söyləyib telefonu söndürmüşdür. Bir müddət sonra Təqsirləndirilən şəxs toy şənliyinə gəlmiş və onu söhbət etmək üçün şənliyin olduğu həyətdən kənara dəvət etmişdir. Söhbət edən zaman hər ikisi spirtli içki içdiklərindən aralarında sözlü mübahisə yaranmış, bu zaman Təqsirləndirilən şəxs cibindən çıxardığı bıçaqla bir dəfə onun qarın nahiyəsinə vuraraq oradan uzaqlaşmışdır. O isə qarın nahiyəsindən qan axdığını görüb qardaşı Müzəffəri çağırmış və onu xəstəxanaya aparmağı xahiş etmişdir. Yolda olarkən qardaşı ondan nə baş verdiyini soruşduqda qudası Təqsirləndirilən şəxs tərəfnidən bıçaqlandığını söyləmişdir. Daha sonra qardaşı DİN 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 07.11.2021-ci il tarixdə saat 13 radələrində Qəbələ rayon Zirik kəndində bacısı X2 Abdullayevin toy məclisi təşkil olunmuş, həmin toy məclisinə qardaşı Tərbiyyə dəvət aldığı üçün arvadı Gülnisə ilə birlikdə Bakı şəhərindən Zirik kəndinə toy məclisinə gəlmişlər. Həmçinin həmkəndlisi Təqsirləndirilən şəxs toy məclisində iştirak etmiş, axşam saat təxminən 18:30 radələrində olardı bəy tərifi vaxtı arvadı Şahid3 qardaşı Tərbiyyənin bədəni üzərində qan görərək avtomobil vurduğunu bildirmiş, mağardan bayıra çıxanda qardaşı Tərbiyyənin mağarın kənarında stolda əyləşərək üst-başının qanlı vəziyyətdə əli ilə sol böyrünü tutduğunu görmüş, Tərbiyyədən nə baş verdiyini soruşarkən bu barədə ona heç bir söz deməyərək səhəti pis olduğunu onu Qəbələ şəhərinə xəstəxanaya aparmasını bildirmişdir. Qardaşı Tərbiyyəni idarə etdiyi avtomobilə mindirməklə Qəbələ şəhərinə xəstəxanaya apararkən yolda Tərbiyyədən təkrar olaraq nə baş verdiyini soruşduqda Tərbiyyə qohumu, yəni qudası Zeynəddin tərəfindən bıçaqlandığını bildirmiş, aldığı məlumatdan sonra dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 şahid X8 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadasində göstərmişdir ki, 07.11.2021-ci il tarixə saat 13 radələrində Qəbələ rayon Zirik kəndində özünəməxsus həyətdə oğlu Maqsum Abdullayevin toy məclisi təşkil olunmuş, toy məclisinə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dəvət etdiyi üçün hər ikisi toy məclisinə gələrək toyda iştirak etmişlər. Toy məclisinin sonlarında bəy tərifinin getdiyi vaxtda saat təxminən 18:30 radələrində qaynı Zərərçəkmiş şəxs əlini böyrünə tutaraq bədəni qanamış vəziyyətdə yol tərəfdən həyətinə tərəf gəldiyini görmüş, Tərbiyyədən nə baş verdiyi soruşsa da bu barədə heçnə deməyərək onu Qəbələ şəhərinə xəstəxanaya aparılmasını bildirmiş, Tərbiyyənin qardaşı Mürzəffər onu avtomobilinə mindirərək Qəbələ şəhərinə həkimə aparmış, sonradan Zərərçəkmiş şəxs qudası Təqsirləndirilən şəxs kəndin ara yolunda aralarında yaranmış mübahisə zamanı bıçaqla vuraraq xəsarət yetirdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadasində göstərmişdir ki, 07.11.2021-ci il tarixdə yaşadığı Ziring kəndində həmkəndlisi Şahid2 oğlu Maqsum Abdullayevin toy məclisi imiş, toy məclisi Şahid2 həyətində saat 13 radələrində keçirilməklə toy məclisində aşbaz olmuşdur. Saat təxminən 18 radələrində toy məclisinin sonu olmaqla bəy tərifi imiş, həmin vaxtı Zərərçəkmiş şəxs ilə mağardan kənarda toy həyətində ayrıcı stolda əyləşib ikisinə yeyib içirlərmiş, Zərərçəkmiş şəxs ilə yeyib içdikləri zaman həmkəndlisi Tərbiyyənin qohumu (qudası) Təqsirləndirilən şəxs toy həyətinə gəlib onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs “səninlə bir dəqiqə olarmı? sözünü demiş, Tərbiyyə Zeynəddinə “olar” sözünü deməklə əyləşdiyi stuldan qalxıb Zeynəddin ilə birlikdə ikisi toy həyətindən çıxıb getmişlər. Təxminən 15-20 dəqiqə sonra Zərərçəkmiş şəxs toy həyətinə geri qayıdıb talvarın altına tərəf gedib oturmasını və onun başına qohum əqrabasının yığışdığını görmüş. Bundan bir neçə dəqiqə sonra Tərbiyyəni qardaşı Mürzəffər onu avtomobilinə mindirməklə toy həyətindən çıxarıb aparmış, sonradan Zərərçəkmiş şəxs qudası Təqsirləndirilən şəxs toy həyətindən çıxarıb aparmaqla kəndin yolunda həmkəndlisi Yadigar Nəzirovun həyətinin giriş qapısının qarşısında aralarında yaranmış mübahisə zamanı bıçaqla vuraraq xəsarət yetirdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Tərbiyyə qızı ifadasində göstərmişdir ki, 07.11.2021-ci il tarixdə Qəbələ rayon Ziring kəndində bibisi oğlu Maqsum Abdullayevin toy məclisi olduğundan atası Zərərçəkmiş şəxs və anası Şahid4 toy məclisinə dəvət aldıqları üçün toyda iştirak etmək məqsədi ilə birlikdə Bakı şəhərindən Qəbələ rayon Zirik kəndinə getmişlər. Həmin gün axşam saatlarında Bakı şəhərində olarkən anası Gülnisə əri Nurlana zəng vuraraq atası Tərbiyyəni qaynatası Zeynəddin tərəfindən kənd ərazisində bıçaqla vuraraq xəsarət yetdirdiyini və atası Tərbiyyəni buna görə Qəbələ rayon X5 həkim müayinəsinə gətirdikləri barədə məlumat verərkən atası Tərbiyyəni qaytanası Zeynəddin bıçaqla vurub ona xəsarət yetirməsini bilmişdir. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, 07.11.2021-ci il tarixdə saat 18:46-da DİN-in “102 xidməti”nə Qəbələ rayon Zirik kənd sakini X8 zəng edərək qardaşı Zərərçəkmiş şəxs Zeynəddin adlı şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermişdir (cild 01, iş vər. 4). Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, 07.11.2021-ci il tarixdə saat 20:38-də Qəbələ rayon Diaqnostika Mərkəzindən həkim E.Salehov telefonla məlumat verərək bildirdi ki, Qələbə rayon Zirik kənd sakini 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olmuşdur (cild 01, iş vər. 5). Cinayət işinin materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 294 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə ,yəni 07.11.2021-ci il tarixdə orta dərəcədə sərxoş olmuşdur (cild 01, iş vər. 6). Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, 07.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi açılıb-qatlanan tiyəsi üzərində “STAİNLESS” sözləri yazılmış, dəstək hissəsi qırmızı və həmin dəstək hissədə yerləşdirilmiş bıçağın kəsici hissəsini açmaq üçün nəzərdə tutulan qoruyucusu olan, tiyəsi boz rəngli, ümumi uzunluğu 18,8 sm, bağlı vəziyyətdə 10.8 sm, dəstəyinin eni 2,5 sm və tiyəsinin eni 1.7 sm, tiyənin uzunluğu isə 8 sm, uc hissəsi isə 0.5 sm təşkil edən bıçaq həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş, müvafiq foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 27-34). Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə arasında baş vermiş mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirdiyi hadisə yerinə Təqsirləndirilən şəxs iştirakı ilə 08.11.2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin Qəbələ rayon Zirik kəndinin şərqində kənd mərkəzindən təxminən 100-120 metr məsafədə kənd sakini Yadigar Nəzirova məxsus həyətin giriş qapısının qarşısından keçən yolda baş verdiyi müəyyən edilmişdir (cild 01, iş vər. 39-45). Cinayət işinin materiallarında olan 28.12.2021-ci il tarixli “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, həmin tarixdə iş üzrə Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsussatları hadisə yerində də əyani şəkildə göstərmişdir (cild 01, iş vər. 197-199). Cinayət işinin materiallarında olan “Götürmə haqqında” protokoldan görünür ki, 07.11.2021-ci il tarixdə hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş geyim əşyalarından 01 ədəd uzunqol ağ və göy rəngli zolaqları olan boyun hissəsində BİENTE sözləri yazılmış marka emblemli köynək, 01 ədəd qara rəngli iç hissəsi istilik qatı ilə örtülmüş boyun hissəsində JDYG sözləri yazılmış emblem markalı qış gödəkcəsi aşkar edilərək götürülmüş, müvafiq foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 121- 125). Cinayət işinin materiallarında olan “Götürmə haqqında” protokoldan görünür ki, 07.11.2021-ci il tarixdə hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş geyim əşyalarından bel, boyun və qollarının bilək hissələri qəhvəyi, bədən hissəsi açıq qəhvəyi rəngli 01 ədəd jaket, üzərində damaya bənzər 4 xəttin birləşməsindən əmələ gələn bəzəklər olmaqla boyun hissəsində HB sözü yazılmış marka emblemli 01 ədəd qış gödəkcəsi, 01 ədəd klassik tipli qara rəngli parçadan olan şalvar götürülmüş, müvafiq foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 89-93.). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 28 noyabr 2021-ci il tarixli 566 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının ön sol divarında qarın boşluğuna nüfuz edən, kiçik piyliyin ön divarının zədələnməsi və qarın boşluğuna qanaxma ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası kimi iti deşici-kəsici xarakterə malik olan alətin o, cümlədən ekspertizaya təqdim edilmiş bıçağın təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 07 noyabr 2021-ci ildə törənməsinə uyğun gələn xəsarət aşkar edilmiş, qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir (cild 01, iş vər. 211-213). Cinayət işinin materiallarında olan 09.12.2021-ci il tarixli 3/1914;3/1925 nömrəli məhkəmə trasoloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus paltarların və Təqsirləndirilən şəxs məxsus gödəkcənin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilmişdir. Həmin zədələrdən Zərərçəkmiş şəxs məxsus köynəyin, gödəkcənin üzərində olan “a” zədəsi bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterikdir. Belə pretmetə oxşar bıçaq tiyələri o, cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir (cild 01, iş vər. 228-232). Cinayət işinin materiallarında olan 09.12.2021-ci il tarixli 6/5202 nömrəli məhkəmə lifli ekspertizası rəyindən görünür ki, tədqiata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd poliverin səthi üzərindən aşkar edilmiş mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən aşkar edilmiş qəhvəyi rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd poliverin tərkib liflərinə uyğun gəlirlər (cild 01, iş vər. 220-226). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 16 dekabr 2021-ci il tarixli 1524 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 219). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 30 noyabr 2021ci il tarixli 731 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur (cild 01, iş vər. 217-218). Cinayət işinin materiallarında olan 25.11.2021-ci il tarixli 3689/K saylı məhkəməkimiyəvi rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsinin tərkibində 0.7 faiz etil spirti aşkarlandığı, lakin metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədiyi bildirilmişdir (cild 01, iş vər. 200-203). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X6” X14 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 24.11.2021-ci il tarixli 1114 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “narkoloji və ya ruhi əsəb” kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda yoxdur (cild 01, iş vər. 135). Cinayət işinin materiallarında olan 08.02.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 29,120, 126.2.4, 221 və 229-cu maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir (cild 02, iş vər. 63-78). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Cinayət işinin materillarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də qeyd edilən tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən açılıb-qatlanan bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vuraraq ona sağlamlığa ağır zərər vurmaya aid (cinayət işində olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) xəsarət yetirmişdir. Odur ki, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə, o cümlədən ekspert rəyləri və iş materialarında olmaqla biri digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qəbələ Rayon Məhkəməsinin 24.05.2004-cü il tarixli hökmünə əsasən CM-in 128 və 132-ci maddələri ilə təqsiri bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə və şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə olduğu müddət nəzərə alınaraq cəzası çəkmiş hesab edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir və məhkumluğu olmayan şəxsdir (cild 01, iş vər. 128-130, 176-179). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Qəbələ rayon Zirik kəndində yaşayır və yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər.180-181). Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını, 60 yaşının olmasını, səmimi peşmançılığını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki halda ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməlidir. CM-in 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin qohum olmaqla (quda olmaqla) eyni kəndin sakinləri olmasını, onların barışmalarını, zərərçəkmiş şəxsin şikayətinin və heç bir tələbinin olmamasını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gələrək cinayətin aləti olan bıçağı polis əməkdaşlarına könüllü təqdim etməklə istintaqın gedişinə köməklik göstərməsini, səmimi peşmançılığını, yaşının çoxluğunu və baba olmaqla üç nəvə sahibi olmasını əsas götürərək, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmayan azadlığın məhdudlaşdırılması cəzanın edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 07.11.2021-ci il tarixdən 09.11.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş və 09.11.2021-ci il tarixdə qəbul olunan qərarla barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə X9 azad olunmuşdur (cild 1, iş vər. 14, 84-85). İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 119-120). Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.11.2021-ci il tarixdən 09.11.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, habelə 10.11.2021-ci il tarixdən 15.04.2021-ci il tarixədək həbsdə olduğu 05 (beş) ay 05 (beş) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb çıxılmalı və ona qəti müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməli, cəzanın icrası onun yaşadığı yer üzrə Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Qəbələ rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2200-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, kütləvi tədbirlər təşkil etməmək, habelə kütləvi tədbirlərdə iştirak etməmək, ictimai iaşə obyektlərinə getməmək, spirtli içki qəbul etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd açılıb qatlanan bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd jaket, 01 ədəd qış gödəkcəsi, 01 ədəd şalvar və X4 məxsus 01 ədəd uzunqol köynək, 01 ədəd qış gödəkcəsi hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalıdır. İş üzrə 282,16 AZN (iki yüz səksən iki manat on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.11.2021-ci il tarixdən 09.11.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, o cümlədən 10.11.2021-ci il tarixdən 15.04.2022ci il tarixədək həbsdə olduğu 05 (beş) ay 05 (beş) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Qəbələ rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2200-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, kütləvi tədbirlər təşkil etməmək, habelə kütləvi tədbirlərdə iştirak etməmək, ictimai iaşə obyektlərinə getməmək, spirtli içki qəbul etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd açılıb qatlanan bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd jaket, 01 ədəd qış gödəkcəsi, 01 ədəd şalvar və X4 məxsus 01 ədəd uzunqol köynək, 01 ədəd qış gödəkcəsi hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. İş üzrə 282,16 AZN (iki yüz səksən iki manat, on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar