Məhkəmə qərarları › İş №1(091)-103/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-103/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-103/2023 19.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxx 1973-cü il tarixdə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Qax rayonu, Qax İngiloy kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq 2022-ci ilin yay aylarında dəqiq ayı və günü yadında olmayan vaxtı Qax rayonu, Kötüklü kəndi ərazisində gəzən zaman orada yabanı halda bitmiş narkotik tərkibli çətənə bitki kollarını və onun üzərində olan yetişmiş hissələrini yığıb əldə edərək qeyd olunan ərazidə yerləşən torpağın üzərinə sərib qurutmuş, həmin narkotik vasitəni sellofan torbaya yığaraq Qax rayonu, Qax İngiloy kəndində yerləşən yaşadığı evə gətirmiş, həmin narkotik vasitədən bir hissəsini sellofan bükümə qablaşdıraraq istifadə etməsi üçün üzərində daşımış, qalanını isə Qax rayonu, Qax İngiloy kəndində yerləşən yaşadığı evində saxlamış, 11 yanvar 2023-cü il tarixdə, saat 20:15 radələrində Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax rayonu, Qax İngiloy kəndi ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,38 qram və Qax rayonu, Qax İngiloy kəndində yerləşən yaşadığı evin yataq otağında olan çarpayının üzərində olan döşəyin altından əldə edərək, saxlayıb gizlətdiyi 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 3700 qram olmaqla, ümumilikdə ümumi təmiz çəkisi 3705,38 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində 1-2 ildir ki, ayda 1-2 dəfə narkotik vasitə olan marixuana qəbul etdiyini, 2022-ci ilin yay aylarında Qax rayonu, Kötüklü kəndinə getdiyini, oraları gəzəndə yol kənarından keçən su kanalının ətrafında yabanı halda bitmiş çətənə kollarını gördüyünü, onlardan bir qədər yığıb kənara atmasını, quruyanda yığıb, götürüb, saxlayıb az-az çəkməsini düşündüyünü, elə də etdiyini, yabanı halda bitmiş çətənə kollarından xeyli sayda kol qopardıb kənara atdığını, bir neçə gün sonra bir daha həmin yerə gələndə həmin kolların quruduğunu gördüyünü, onları əli ilə sellofan torbaya yığdığını, yaşadığı evə gətirib evin yataq otağında çarpayının üzərində olan döşəyin altında gizlətdiyini, ara-bir oradan çıxarıb istifadə etdiyini, 11 yanvar 2023-cü il tarixdə, saat 20:00 radələrində həmin narkotik vasitə olan marixuanadan bir qədər götürüb salfetkaya büküb kiçik sellefan torbaya qoyub evdən çıxdığını, məqsədinin onu tütünə qatıb çəkmək olduğunu, Qax rayonu Qax İngiloy kəndi ilə əsas yola doğru gedən zaman polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim etdiyini, daha sonra polis əməkdaşlarının ona narkotik vasitəni qanunsuz gəzdirdiyinə görə şübhəli olmasının bildirildiyini, Qax Rayon Polis Şöbəsinə gedərək üzərinə baxış keçirəcəklərini dediklərini, polisdə onun qanunsuz narkotik vasitə daşımağı barədə məlumatın olmasını bildiyini, bunun üçün də etirazın boş olduğunu görüb polis əməkdaşları ilə birlikdə Qax Rayon Polis Şöbəsinə gəldiyini, polis şöbəsində ona vəkillərin siyahısının təqdim olunduğunu, Qax şəhərində fərdi fəaliyyət göstərən tanıdığı vəkil İslam müəllimi seçdiyini, daha sonra ona bütün hüquq və vəzifələrinin izah edildiyini, vəkilinin iştirakı, polis əməkdaşlarının iştirakı ilə, videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirildiyini, ona üzərində olan əşyaları təqdim etməsinin təklif edildiyini, əynindəki qara rəngli gödəkcənin sol cibindən həmin sellefon torbaya qoyduğu salfetkaya bükdüyü narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etdiyini, onu özünün istifadə etməsi üçün üzərində gəzdirdiyini bildirdiyini, bundan sonra həmin narkotik vasitənin onların iştirakı ilə elektron tərəzidə çəkildiyini, həmin bükümün ümumilikdə 7,04 qram olmasının müəyyən edildiyini, sonra isə ekspertizaya göndərilməsi üçün zərfə qoyulduğunu, bundan sonra protokol tərtib edildiyini, həmin protokola vəkili ilə birlikdə imza etdiyini, həmin narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evdə saxladığını bildirdiyini, daha sonra yaşadığı Qax rayonu, Qax İngiloy kəndindəki evdə baxış keçirilməsi üçün icazə ərizəsi yazdığını, sonra da baxış üçün Qax rayonu, Qax İngiloy kəndindəki evə getdiyini, baxış zamanı evin yataq otağında olan çarpayının üzərində olan döşəyin altında gizlətdiyi narkotikin digər hissəsini çıxarıb təqdim etdiyini, sellofan torba açılanda oradan marixuana aşkar edildiyini, sellofan torbanın marixuana ilə birlikdə tərəzidə çəkildiyini, içi dolu torba çəkiləndə oradakı narkotikin çəkisinin 3 kiloqram 730 qram olduğunu, bundan sonra həmin torbanın polis tərəfindən götürüldüyünü, ekspertizaya göndərilməsi üçün qablaşdırıldığını, bütün otaqlara əlavə olaraq baxılsa da, hər hansı qanunsuz əşyanın aşkar edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan marixuananı su kanalının kənarında yabanı halda bitmiş çətənə bitkilərindən toplayaraq yerə sərib qurutmaqla əldə etmişdir. Üzərindən və evindən aşkar olunan narkotik vasitələr özünə aid olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən ikinci dərəcəli əlil olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində 11 yanvar 2023-cü il tarixdə Qax rayonu, Qax İngiloy kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olması, mütəmadi olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə polis əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradıldığını, qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydalarının izah edildiyini, bundan sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Qax rayonu, Qax İngiloy kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirdiklərini, 11 yanvar 2023-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qax rayonu, Qax İngiloy kəndi ərazisində saxlanılaraq Qax Qax Rayon Polis Şöbəsinə gətirildiyini, bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqlarının müdafiə edilməsi məqdsədi ilə təhqiqatçı tərəfindən vəkil dəvət edildiyini, bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı onun əvvəlcə əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd sellofan büküm təqdim etdiyini, daha sonra üstünə keçirilən şəxsi axtarış zamanı başqa maddi sübut əhəmiyyətli əşyanın aşkar edilmədiyini və götürülmədiyini, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onu Qax rayonu, Kötüklü kəndi ərazisində gəzən zaman meşə ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını yığaraq həmin yerdə qurutduğunu, həmin narkotik vasitə olan qurudulmuş marixuanadan bir hissəsini sellofan bükümə qoyaraq istifadə etməsi üçün üzərində daşıdığını, qalanını isə yaşadığı evdə saxladığını, təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı özü üçün istifadə edəcəyini, satmaq məqsədi olmadığını bildirdiyini, bundan sonra həmin 1 ədəd sellofan bükümün elektron tərəzi vasitəsilə çəkildiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə çəkisinin 7,04 qram olduğunu, bundan sonra həmin aşkar olunan 1 ədəd sellofan bükümün iş üçün maddi sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırıldığını və möhürlənərək götürüldüyünü, daha sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklifin daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiklərini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı Qax rayonu, Qax İngiloy kəndində yerləşən yaşayış evinə təhqiqatçı tərəfindən baxış istintaq hərəkətinin keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Qax rayonu, Qax İngiloy kəndində yerləşən yaşayış evinin yataq otağında olan çarpayının üzərində olan döşəyin altında saxladığı 1 ədəd sellofan torbada narkotik vasitə olan qurdulmuş marixuana aşkar olunduğunu, şübhəli şəxs Təqsirləndirilən şəxs 1 ədəd sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onu Qax rayonu, Kötüklü kəndi ərazisində gəzən zaman meşə ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını yığaraq həmin yerdə qurutduğunu və yaşadığı evin yataq otağında olan çarpayının üzərində olan döşəyin altında saxladığını bildirdiyini, daha sonra aşkar olunmuş 1 ədəd sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə elektron tərəzi vasitəsilə çəkildiyini, çəkisinin 3730 qram olduğunu, bundan sonra həmin aşkar olunan 1 ədəd sellofan torbanın maddi sübut əhəmiyyəti kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırıldığını, möhürlənərək götürüldüyünü, daha sonra bu barədə protokol yazıb iştirakçılara ucadan oxunduğunu, heç bir şikayət və təklifin daxil olmadığını, özünün və digər iştirakçıların protokola imza etdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax X10 X2 baş məsləhətçisi vəzifəsində işlədiyini, 31 yanvar 2023-cü il tarixdə polis əməkdaşlarının onu Qax rayonu, Kötüklü kəndi ərazisində yerləşən meşəlik ərazisində kolluq sahəyə baxış keçirilməsində aqronom kimi dəvət etdiklərini, dəvəti qəbul etdiyini, birlikdə Qax rayonu, Kötüklü kəndi ərazisində yerləşən meşəlik ərazisinə yollandığını, həmin yerdə kolluq sahəyə baxış keçirdiyini, baxış zamanı polis əməkdaşlarına həqiqətən də orada yabanı halda narkotik vasitə olan çətənə kollarının bitməsinin mümkün olduğunu dediyini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Qax Rayon Polis Şöbəsinə Qax rayonu Qax İngiloy kənd sakini “Əli” adlı şəxsin narkotik vasitə qurududulmuş marixuananı üzərində və yaşadığı evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Qax İngiloy kənd sakini “Əli” adlı şəxsin cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 20:15-də Qax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Qax rayonu Qax İngiloy kəndində yaşayan xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı üzərində və yaşadığı evində saxlaması şübhəsi ilə Qax rayonu Qax İngiloy kəndində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qara gödəkcənin sol yan cibindən 01 ədəd sellofan torbanın içərisindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 7,04 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunuşdur (cild 01, iş vər. 25-31). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşlarının onun yaşadığı evə baxış keçirmələrinə etiraz etməmişdir. (cild 01 iş vər. 34) Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Qax rayonu Qax ingiloy kəndində yerləşən yaşadığı evinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yatdığı otaqda yatdığı çarpayısının üzərində olan döşəyin atından 01 ədəd sellofan torbada yaşıl rəngli, quru, tünd, kəskin iyli kütlə aşkar edilərək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Baxış istintaq hərəkətinin əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunuşdur (cild 01, iş vər. 35-36). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanmış və narkotik vasitə tapdığı yeri göstərmişdir (cild 01 iş vər. 65). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 17/48 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş kütlə.” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd salfet kağızı bükümündə, təmiz çəkisi-5,38 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “X7 məxsus yaşayış evindən aşkar edilmiş kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi-3700,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd salfet kağızı bükümündə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirilər (cild 01, iş vər. 41-44). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin 01 fevral 2023-cü il tarixli, 62 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (cild 01 iş vər. 136-139). Cinayət işinin materiallarında olan “Qax RMX” X8 alınmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Qax rayonu Qax-İngiloy kəndində yaşayan Təqsirləndirilən şəxs Qax RMX-nın PHŞ-nin polilinika şöbəsində narkoloji, göz və ruhi əsəb kabinetlərində qeydiyyatda yoxdur. (cild 01, iş vər. 98). Cinayət işinin materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2023-cü il tarixli, 192 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 135). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus narkotik vasitənin mənbəyinin müəyyən olunması, hansı məqsədlə əldə edib üzərində daşıması, onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, əgər məşğul olubsa, kimlərə satmasını müəyyən etmək, həmçinin ifadəsində göstərdiyi halların həqiqiliyini yoxlamaq məqsədilə 30 yanvar 2023-cü il tarixdə əməliyyat tapşırığı verilmişdir. Əməliyyat tapşırığının 07 fevral 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı Qax rayonu, Kötüklü kəndinin ərazisində yabanı halda bitmiş çətənə kollarını yığaraq qurutmuşdur. Əməliyyat tədbirləri nəticəsində ondan aşkar edilmiş narkotik vasitə olan marixuananı özünün şəxsi istifadəsi üçün saxlaması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması müəyyən edilmişdir (cild 01 iş vər. 106-107, 131). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bununla bağlı material ayrılaraq Qax rayon prokurorluğuna göndərilmişdir (cild 01, iş vər. 148-156). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarxdə Qax Rayon Polis Şöbəsinə Qax rayonu Qax İngiloy kənd sakini “Əli” adlı şəxsin narkotik vasitə qurudulmuş marixuananı üzərində və yaşadığı evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Daha sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs Qax rayonu Qax-İngiloy kəndində yerləşən yaşadığı evinə müdafiəçinin də iştirakı ilə baxış keçirilmiş, baxış zamanı 01 ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Qax-İngiloy kəndində yaşayır, yaşayış yeri üzrə qismənyaxşı səciyyələndirilir (cild 01, iş vər. 99-100). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 01, iş vər. 104-105). İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən və Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq ikinci dərəcəli əlilliyi vardır. Təqsirləndirilən şəxs ikinci dərəcəli əlilliyinin olması, əməlindən səmimi peşman olması CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların, habelə cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 12- 13). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 79-83). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının 3-cü maddəsinin 2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. İş materialları ilə Təqsirləndirilən şəxs müddətsiz olaraq ikinci dərəcəli əlil olması müəyyən edildiyindən, onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan 3705,23 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 (iki) ədəd DVD diskin isə cinayət işinin materialarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan 3705,23 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 (iki) ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar