Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-104/2021 03.05.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rəşad Şəmşir oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx xxxx 1980-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Mingəçevir şəhəri, ünvan 2bs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır cinayətlər Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanıdığı Zərərçəkmiş şəxs onun barəsində tanışları arasında rüsvayedici şaiyələr yaydığını əsassız olaraq güman edib, bununla bağlı şübhələrini araşdırmadan, ondan qisas almaq qərarına gəlmiş, 10.11.2020-ci il tarixdə yaşadığı evdə tək spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs zəng edərək, onu xalasının yaşadığı Mingəçevir şəhəri, Mehdi Hüseyn küçəsi 40 saylı yaşayış evinin qarşısına dəvət etmiş və həmin gün saat 17 radələrində yaşadığı evdən istintaqa məlum olmayan bıçağı götürərək görüş təyin etdiyi yerə yollanıb orada Zərərçəkmiş şəxsla görüşərkən, sonuncunun ona «nə olub Anar» sözünü aqressiv halda deməsini bəhanə gətirib, habelə onunla bağlı özündə yaratdığı şübhələrə aydınlıq gətirmədən heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib üzərində olan bıçaqla qəfil olaraq Zərərçəkmiş şəxs qarın boşluğunun sol yarısına bir dəfə vuraraq ona yoğun bağırsağın zədələnməsilə qarın boşluğuna dəlib keçən bir ədəd yaranın əmələ gəlməsinə səbəb olan və həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə günorta saatlarında yaşadığı evdə təkbaşına oturub spirtli içki içdikdən sonra əvvəldən tanıdığı Mübarizə zəng edərək xalasının yaşadığı yaşayış evinin qarşısına gəlməyini demişdir. Həmin vaxt özü ilə evdə olan və meyvə doğramaq üçün istifadə etdiyi bıçağı da götürmüş, demək olar ki, Mübarizlə eyni vaxtda xalasının yaşadığı evin qarşısına çatmışdır. Həmin vaxt mobil telefonla danışan zaman Mübarizin onun ünvanına nalayiq söyüş işlətməsini, barəsində açıqlanmasını istəmədiyi xoşagəlməz şayiələr yaymasını hesab edərək əynindəki gödəkçənin sol iç cibinə qoyduğu mətbəx bıçağını çıxardıb sonuncunun sol yan tərəfindən bir dəfə bıçaqla vurmuşdur. Bundan sonra Mübariz əlini yan tərəfinə tutub sürətli addımlarla onun yanından uzaqlaşmış və yaxınlıqda yerləşən pivəxanaya tərəf getmişdir. Bundan sonra o, Qarabağ kanalının sahilinə gedərək növbəti günə kimi orada qalmışdır. Növbəti gün saat 12 radələrində dayısı ilə əlaqə saxladıqdan sonra sonuncu ilə birlikdə Mingəçevir şəhər polis şöbəsinə gedib təslim olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır, qalxanvari vəzin böyüməsi xəstəliyindən əziyyət çəkdiyini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə saat 17 radələrində tanışı Anar ona zəng vuraraq Anarın xalasının ərinə məxsus evin qarşısına gəlməsini demiş, Anarla razılaşaraq həmin yerə gedərkən Anarın telefonla danışdığını görmüşdür. Anarın yanına çatanda Anar telefon danışığını bitirmiş, Anarla salamlaşıb üzbəüz dayanan zaman qəflətən gödəkçəsində gizlətdiyi bıçağı çıxarıb onun qarın nahiyəsinin sol tərəfindən bir dəfə bıçaqla zərbə vurmuşdur. Əvvəl bıçaqla vurulduğunu bilməmiş, sonradan qarnının sol tərəfində ağrı hiss etidiyinə və əlini həmin nahiyəsinə vuranda ondan qan axdığını gördüyünə görə Anarın onu bıçaqla vurduğunu anlamışdır. Bundan sonra oradan uzaqlaşaraq yaxınlıqda dayanan Ramil və adlarını bilmədiyi şəxslərə yaxınlaşaraq sonunculara bıçaqla vurulduğunu və onu xəstəxanaya aparmalarını demişdir. Ramil və digər şəxslər onu ağ rəngli markasını və dövlət qedyiyyat nişanını xatırlamadığı avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Təqsirləndirilən şəxs “zob” xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə saat 16 radələrində işi ilə əlaqədar Yevlax rayonunda olan zaman tanışı Mübariz ona zəng edərək axşam birlikdə oturub yemək yeməyi təklif etmişdir. Mübarizlə razılaşaraq Yevlax rayonunda olduğunu, Mingəçevir şəhərinə qayıdan kimi xəbər edəcəyini demişdir. Təxminən 10 dəqiqə sonra digər tanışı Anar ona zəng edərək axşam birlikdə yemək yeməyi təklif etmişdir. Anara da Yevlax rayonunda olduğunu, Mingəçevir şəhərinə qayıdanda birlikdə oturmalarını demişdir. Saat 17 radələrində qonşusu Samir ona zəng edərək Mübarizin bıçaqlandığını və xəstəxanada olduğunu dedikdən sonra Təqsirləndirilən şəxs Mübarizi bıçaqla vurduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı binanın yan tərəfində dayanan zaman Mübariz ona yaxınlaşaraq vəziyyətinin pis olduğunu və Xəstəxanaya getməkdə köməklik etməyini demişdir. Mübarizdən nə baş verdiyini dedikdə sonuncu böyrəyinin ağrıdığını demiş, bundan sonra yoldan keçən ağ rəngli VAZ 2106 markalı avtomobili saxlatdıraraq həmin avtomobilin sürücüsü olan tanımadığı şəxsdən onları Xəstəxanaya aparmasını xahiş etmişdir. Mübarizi Mingəçevir şəhər Xəstəxanasına aparmış və xəstəxananın Acil şöbəsində Mübarizi qəbul etmişlər. O daha sonra oradan uzaqlaşıb yaşadığı mənzilə qayıtmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə saat 17 radələrində evdə olarkən Mübarizin yaşadığı evin qarşısında səs-küy olduğunu eşidib dərhal evin qarşısına çıxmışdır. Həmin vaxt adlarını bilmədiyi qadınlar Mübarizin anasına Mübarizin bıçaqlandığını dediklərini eşitmişdir. O bundan sonra dərhal Mübarizin anasını və həyat yoldaşını özünə məxsus avtomobillə Mingəçevir şəhər Xəstəxanasına aparmışdır. Xəstəxanada Mübarizin anası Mübarizin Anar tərəfindən bıçaqla vurulduğunu demişdir. Mübariz ona Anarın Mübarizi telefonla zəng edərək görüşməyə çağırdığını, Anarın yanına gələndə Anarın heç bir söz demədən Mübarizi bıçaqla vurduğunu demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 11.11.2020-ci il tarixli 772 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş xəsarətlər: yoğun bağırsağın zədələnməsilə qarın boşluğuna dəlib keçən bir ədəd yara, deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən 10.11.2020-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməpsixatrik ekspertizasının 24.12.2020-ci il tarixli, 680 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının 03 fevral 2021-ci il tarixli, 3/33 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd gödəkçə, bir ədəd köynək və bir ədəd maykanın üzərində olan zədələr öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri də aiddir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan Mingəçevir şəhər Rayonlararası Narkoloji və Psixo-Nevroloji dispanserlərini təqdim etdiyi arayışlardan görünür ki, İsmayılov X4 və Ruhi-Əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 11 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1400-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 13 noyabr 2020-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Mingəçevir şəhər X5 Hissəsinin məsul növbətçisi tərəfindən tərtib edilmiş 11 noyabr 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü gəlib təqsirini boynuna almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırılması Sahəsi 9 saylı mənzil istismar sahəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədəm görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.2.4-cü maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, könüllü gəlib təqsirini boynuna almasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını və qalxanvari vəzin böyüməsi xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən sadalanan çoxsaylı hallarınn məcmusunu cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qəbul edir və təqsirləndirilən şəxsə CM-in 126.2.4-cü maddəsi ilə CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az müddətdə azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq, bu cəzanın, yəni təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzasının həcminin CM-in onun ittiham olunduğu maddəsində müəyyən edilmiş minimal hədd olan azadlıqdan məhrumetmə cəzasının altı illik müddətindən də aşağı həddə təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı səmimi ifadə verərək əməlini etiraf etməsi, istintaqın gedişinə heç bir maneə törətməməsi, himayəsində bir azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olması, qalxanvari vəzin böyüməsi xəstəliyindən əziyyət çəkməsi kimi hallar da onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini zəruri edir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində CM-in 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddən də az müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 11 noyabr 2020-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 56 AZN (əlli altı manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 1 ədəd gödəkçə, bir ədəd köynək və bir ədəd mayka sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 11 noyabr 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 56 AZN (əlli altı manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan bir ədəd gödəkçə, bir ədəd köynək və bir ədəd mayka sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surətini Təqsirləndirilən şəxs aldığı) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rəşad Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-104/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-104/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver