Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-106/2022 18.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxx 1979-cu il tarixdə Balakən rayonu Hənifə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla Balakən rayonu Gərəkli kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının sonlarında Sumqayıt şəhərində yerləşən Dənizkənarı Bulvarda olan zaman yerdən taparaq qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 01 ədəd qara və 01 ədəd sarı rəngli sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 2,510 qram və 1,634 qram, ümumi təmiz çəkiləri 4,144 qram olan, yəni külli miqdarda Azərbaycan Respublikası ərzisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,669 qram və 01 ədəd şəffaf sellofan torbada təmiz çəkisi 163,445 qram, ümumi təmiz çəkiləri 166,114 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, həmçinin, tərkibində sintetik narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan 01 ədəd konvalyutdakı 10 ədəd "Metadhone 40" adlı həblərini üzərində daşıyıb Balakən rayonu Gərəkli kəndində yerləşən yaşadığı evə gətirərək saxlamış, 12 yanvar 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kəndində yerləşən yaşadığı evə saat 15:20-dən saat 16:10-dək baxış keçirilən zaman onun qəsdən satış məqsədi ilə qanunsuz olaraq Sumqayıt şəhərində yerləşən Dənizkənarı Bulvarda olan zaman yerdən taparaq əldə edib üzərində daşıyaraq yaşadığı evə gətirib saxladığı 01 ədəd qara və 01 ədəd sarı rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,510 qram və 1,634 qram, ümumi təmiz çəkiləri 4,144 qram olan, yəni külli miqdarda Azərbaycan Respublikası ərzisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,669 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və tərkibində sintetik narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan 01 ədəd konvalyutdakı 10 ədəd "Metadhone 40" adlı həbləri evin qonaq otağındakı stolun üzərindən, 01 ədəd şəffaf sellofan torbada təmiz çəkisi 163,445 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin isə həmin otaqda olan divanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, onun özündə 01 ədəd konvalyutdakı 10 ədəd "Metadhone 40" adlı həbləri olmuş, polis əməkdaşları tərəfindən onun evində axtarış aparılan zaman özləri tərəfindən qoyulan narkotik vasitə və psixotrop maddə də onun adına rəsmiləşdirilib götürülmüşdür. Etiraz edən zaman döyülmüş və ailəsi ilə təhdid edilmiş, onlarla razılaşıb narkotik vasitəni boynuna götürməsə arvadının da onunla birlikdə tutulacağı ona bildirilmişdir. Belə olub onlarla razılaşmış və nə sənəd qoysalar qol çəkmiş, onların dediyi formada ifadə vermişdir. Əslində isə onun özünə məxsus yalnız metadon həbləri olmuşdur. Metamfetamindən ümumiyyətlə istifadə etməmiş, heroindən isə bir neçə dəfə istifadə etmişdir. Bu faktlar barədə heç yerə bildirməmiş və şikayət etməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, hazırda Balakən rayonu Gərəkli kəndində arvadı Günel Mehdiyeva və azyaşlı oğlu İlkin Mehdiyevlə birlikdə yaşayır. Təxminən 01 ildir narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. O, 2021-ci ilin avqust ayının sonlarında Sumqayıt şəhərində yerləşən Dənizkənarı Bulvarda olan zaman orada yerdə 01 ədəd korton qutunun olduğunu görmüş, diqqətini cəlb etdiyi üçün həmin qutunu yerdən götürüb içərisinə baxanda içərisində 01 ədəd sellofan torbada narkotik vasitə heroin, 01 ədəd xırda sellofan bükümdə narkotik vasitə heroin, 02 ədəd xırda sellofan bükümlərdə psixotrop maddə metamfetamin və 01 ədəd konvalutda 10 ədəd Metadon adlı dərman preparatının olduğunu görmüş, o, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğuna görə, tapdığı həmin narkotik vasitəni və psixotrop maddəni cibinə qoyub Balakən rayonu Gərəkli kəndində yerləşən yaşadığı evə gətirmişdir. Xırda bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yaşadığı evin qonaq otağındakı stolun üzərinə qoymuş, sellofan torbada olan narkotik vasitə heroini isə həmin otaqdakı divanın içərisində gizlədib saxlamışdır. Həmin narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən evdə tək olan vaxtlarda təxminən 10 dəfə istifadə etmişdir. 12 yanvar 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları yaşadığı ünvana gedərək onu səsləyib bayıra çağırmışlar, yaşadığı evə baxış keçirilməsi barədə qərarla onu tanış etmişlər və evinə baxış keçirmək istədiklərini bildirmişlər. O da ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilən zaman o, evinin qonaq otağındakı stolun üzərində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini, 02 ədəd sellofan bükümlərdə olan psixotrop maddə metamfetamini, 01 ədəd konvalutda 10 ədəd Metadon adlı dərman preparatını, narkotik vasitə və psixotrop maddə qəbulunda istifadə etdiyi 02 ədəd 02 qramlıq şprisləri, 01 ədəd şüşə flakonu, 01 ədəd borucuğu və 01 ədəd üzərində “Rızla” yazılan narkotik vasitə qəbulu üçün istifadə etdiyi ağ rəngli kağızlar olan qutunu, həmçinin, həmin otaqdakı divanın içərisində saxladığı 01 ədəd sellofan torbada olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi narkotik vasitələri və psixotrop maddələri elektron tərəzidə çəkmişlər. 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin 2,95 qram, 02 ədəd sellofan bükümlərdə olan psixotrop maddə metamfetaminlər 2,81 qram və 1,76 qram, 01 ədəd sellofan torbada olan narkotik vasitə heroin 166,79 qram, 01 ədəd konvalutda olan 10 ədəd Metadon adlı dərman preparatları 6,05 qram təşkil etmişdir. Evindən aşkar edilmiş həmin narkotik vasitə, psixotrop maddə və Metadon adlı dərman preparatları 01 ədəd kağız zərfə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan əlavə onun evindən aşkar edilmiş 02 ədəd 02 qramlıq şprislər, 01 ədəd şüşə flakon, 01 ədəd borucuq və 01 ədəd üzərində “Rızla” yazılan narkotik vasitə qəbulu üçün istifadə etdiyi kağızla dolu qutu əlavə 01 ədəd kağız zərfə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Baxış zamanı yaşadığı evdən və evinin həyətində saxladığı avtomobilindən əlavə qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onu dəvət edərək Balakən RPŞ-nə gətirmişlər, Polis Şöbəsində ona təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil X6 Şöbəsinə dəvət olunmuş, bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış zamanı onun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə fikizi-kimyəvi ekspertizasının 13 yanvar 2022-ci il tarixli 17/44 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, onun yaşadığı evdən aşkar edilmiş 02 ədəd sellofan bükümlərdə olan psixotrop maddə metamfetaminin ümumi təmiz çəkiləri 4,144 qram, 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinin təmiz çəkisi 2,669 qram və 01 ədəd sellofan torbada olan narkotik vasitə heroinin təmiz çəkisi 163,445 qramdır. Əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroindən və ya psixotrop maddə metamfetamindən heç kimə pay verməmiş və ya satmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla Balakən rayonu Gərəkli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, daha sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə sonuncunun yaşadığı evə baxış keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Polis əməkdaşları ilə birlikdə ünvana çatanda Təqsirləndirilən şəxs darvazadan səsləyib bayıra çağırmışlar və Təqsirləndirilən şəxs bayıra çıxandan sonra sonuncu yaşadığı evə baxış keçirilməsinə dair qəbul olunmuş qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs qərarla tanış olduqdan sonra ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı stolun üzərindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə, 02 ədəd sellofan bükümlərdə psixotrop maddə metamfetaminə oxşar kütlələr, 01 ədəd konvalutda olan 10 ədəd Metadon adlı həblər, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbulunda istifadə etdiyi 02 ədəd 02 qramlıq şprislər, 01 ədəd şüşə flakon, 01 ədəd borucuq və üzərində “Rızla” yazılmış 01 ədəd qutuda olan kağızlar, həmçinin, həmin otaqdakı divanın içərisində olan 01 ədəd sellofan torbadakı narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş həmin narkotik vasitə heroinə oxşar kütlələr, psixotrop maddə metamfetaminə oxşar kütlələr və 01 ədəd konvalutda olan 10 ədəd Metadon adlı həblər zərfə qoyulub qablaşdırılmaqla götürülmüşdür. Həmçinin, aşkar edilmiş 02 ədəd 02 qramlıq şprislər, 01 ədəd şüşə flakon, 01 ədəd borucuq və üzərində “Rızla” yazılmış 01 ədəd kağızla dolu qutu təhqiqatçı tərəfindən digər 01 ədəd kağız zərfə qoylub qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və evinin həyətində saxladığı avtomobildən əlavə qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 Ziyad oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 12.01.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Balakən Rayon Polis Şöbəsinə Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla Balakən rayonu Gərəkli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 04). Cinayət işinin materiallarında olan 12.01.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan 12.01.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə yazılı ərizə verərək polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir (cild 1, iş vərəqi 11). Cinayət işinin materiallarında olan 12.01.2022-ci il tarixli “Baxış aparılması və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə saat 15:20-dən saat 16:10-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kəndində yerləşən yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 03 otaqdan ibarət kürsülü evin qonaq otağındakı stolun üzərindəki 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütləni, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddəni, 01 ədəd lentdə 10 ədəd tablet olmaqla üzərində Metadon 40 yazılan narkotik vasitə metadona oxşar maddəni, 01 ədəd sellofan bükümdə “limon duzu” adlandırdığı psixotrop maddə metamfetaminə oxşar kütləni, 01 ədəd narkotik vasitə və psixotrop maddə qəbulunda istifadə etdiyi şüşə flakonu, 02 ədəd 02 qramlıq şprisləri, 01 ədəd qırılmış qələmdən düzəldilmiş borucuğu və 01 ədəd “Rızla” yazısı olan içərisində kağızlar olan qutunu, daha sonra isə Təqsirləndirilən şəxs həmin otaqdakı divanın içərisində saxladığı 01 ədəd sellofan torbada olan narkotik vasitə heroinə oxşar kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümdə və 01 ədəd sellofan torbada olan narkotik vasitə heroinə oxşar ketləni, 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütləni və 01 ədəd lentdə olmaqla içərisində 10 ədəd tablet olan narkotik vasitə Metadona oxşar maddəni 2021-ci ilin dəqiq bilmədiyi ayında şəhərdə dəniz kənarı bulvarda gəzdiyi zaman yerdə qutunun olmasını görüb həmin qutunu təpiklə vurduğunu, bu zaman qutunun içərisində sellofona bükülmüş halda olmaqla həmin narkotik vasitəni və psixotrop maddəni tapdığını, yaşadığı evinə gətirərək saxladığını, təxminən 7-8 aydır ki narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, evində saxladığı narkotik vasitə və psixotrop maddədən gələcəkdə istifadə etmək üçün saxladığını, stolun üzərində olan 01 ədəd şüşə flakondan, 01 ədəd borucuqdan, 02 ədəd 02 qramlıq şprislərdən və “Rızla” adlanan kağızlardan narkotik vasitə qəbulu üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs digər 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlənin limon duzu olduğunu, həmin limon duzundan da narkotik vasitə və psixotrop maddə qəbulunda istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkilərkən çəkisi 2,95 qram, 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilərkən çəkisi 2,81 qram, 01 ədəd lentdə 10 tablet olmaqla narkotik vasitə Metadona oxşar maddə lentlə birlikdə çəkilərkən 6,05 qram, 01 ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs “limon duzu” adlandırdığı psixotrop maddə metamfetaminə oxşar kütlə çəkildikdə 1,76 qram və 01 ədəd sellofan torbada olan narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkilərkən 166,79 qram təşkil etmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə oxşar kütlələr, narkotik vasitə Metadona oxşar maddə və sellofan bükümlərdə olan psixotrop maddə metamfetaminə oxşar kütlələr 01 ədəd kağız zərfə, aşkar edilmiş 01 ədəd şüşə flakon, 01 ədəd borucuq, 02 ədəd 02 qramlıq şprislər və 01 ədəd “Rızla” adlanan kağız qutusu əlavə 01 ədəd kağız zərfə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Baxışın əks olunduğu video görüntülər CD diksə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 12-16). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 13 yanvar 2022-ci il tarixli 17/44 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "...Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 ədəd sellofan bükümdə..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara və 01 (bir) ədəd sarı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,510 qram və 1,634 qram, ümumi təmiz çəkiləri 4,144 qram olan maddələr “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27) daxil olan metamfetamindir. 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 2,669 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 163,445 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "Metadhone 40" yazısı olan 01 (bir) ədəd blisterdəki 10 (on) ədəd tablet formalı həblərin tədqiqatını müvafiq laboratoriya cihazı olmadığından aparmaq mümkün olmamışdır. Təqdim olunmuş, üzərində "vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş 2 ədəd şpris..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şüşə flakonda və 02 (iki) ədəd 2 ml-lik şprislərdə olan maddə hissəcikləri heroin hissəcikləridir. Həmin zərfin içərisindəki 01 (bir) ədəd plastmas borucuqda olan maddə hissəcikləri metamfetamin hissəcikləridir. Təqdim olunmuş kağız parçalarında narkotik, psixotrop maddə hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qara və 01 (bir) ədəd sarı rəngli sellofan bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümdə və 01 (bir) ədəd şəffaf sellofan torbada olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd şüşə flakonda və 02 (iki) ədəd 2 ml-lik şprislərdə olan heroin hissəcikləri və 01 (bir) ədəd plastmas borucuqda olan metamfetamin hissəcikləri cuzi miqdarda olduğundan onların təqdim olunmuş heroinlərlə və metamfetaminlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır (cild 01, iş vər. 44-48). Cinayət işinin materiallarında olan Balakən Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli, 5(019)-2/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsinə dair 12.01.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 01, iş vər. 60-62). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi eskpertizasının 04 fevral 2022-ci il tarixli 6/553 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsi TƏDQİQAT OBYEKTİ № 3" dairəvi möhür əksi “.....Ekspert Rəyi 17/44........” yazı və imzalar olan paketdə 1 ədəd üzərində "Metadhone 40" yazılan konvalyutda 10 ədəd üzərində “F/M40” yazılan qəhvəyi rəngli, dairəvi formalı həblər öz aralarında tərkiblərinə görə eyni olan sintetik narkotik vasitə metadon olub, 10 ədəd həbdə metadon təsir maddəsinin ümumi miqdarı 0,4 qramdır. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir (cild 01, iş vər. 130-135). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli 143 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 129). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 12.01.2022-ci il tarxdə Balakən Rayon Polis Şöbəsinə Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla Balakən rayonu Gərəkli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, həmin günü şəxsin iştirakı ilə video çəkilişlə yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı onun yaşadığı evdə narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr, həmçinin həblər aşkar olunmuşdur. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına, o cümlədən məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 12.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünün də iştirakı ilə evinə video çəkilişlə baxış keçirilərək narkotik vasitələrin və psixotrop maddənin, habelə metadon həblərinin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, əməliyyat axtarış tədbirinin keçirilməsinə dair sözügedən qərar Balakən Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli, 5(019)-2/2022 saylı qərarı ilə də qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə hesab edir və vurğulayır ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü və məcbur qalıb etirafedici ifadələr verdiyini bildirsə də, ibtidai istintaq zamanı bu barədə məlumat verməmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən, təqsirləndirilən şəxs qismində dindirilərkən qeyd edilən xüsusatla bağlı heç nə bildirməmiş, istintaq təcridxanasına qəbul olunarkən müayinə olunduğu zaman üzərində hər hansı xəsarət aşkar olunmamış və həmin müəssisəyə qəbul edilərkən də döyülmə faktı ilə bağlı məlumat verməmişdir. Odur ki, onun polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmadığından, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır. Əksinə şəxsin ibtidai istintaq zamanı narkotik vasitənin, psixotrop maddə metamfetaminin və metadon həblərinin əldə edilməsi ilə bağlı verdiyi ifadəsi hərtərəfli olduğu üçün, həmçinin obyektiv həqiqəti əks etdirdiyi, işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyü üçün, məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayır və ona elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə də tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin evdən narkotik vasitə heroinlə bərabər, psixotrop maddə metamfetaminin, habelə metadon həblərinin aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddəni, metadon həblərini məhz satış məqsədi ilə əldə edərək evində saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Balakən rayonu Gərəkli kəndində yaşayır, himayəsində 2013-cü il təvəllüdlü bir azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vərəqi 123-129). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunmuş, sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18.01.2008-ci il tarixli hökmünə əsasən CM-in 180.2.3, 180.2.4, 180.2.5, 326.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07.04.2012-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06.04.2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 29 günündən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir, məhkumluğu yoxdur (cild 01, iş vər. 119-121). Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokollardan və Balakən Rayon Məhkəmənin 14.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12.01.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 27, 82-84). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına aid edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı 12.01.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 166,014 qram olan narkotik vasitə heroin, 4,044 qram olan psixotrop maddə metamfetamin, içərisində heroin hissəcikləri olan 01 ədəd şüşə flakon və 02 ədəd 2 ml-lik şprislər, üzərində metamfetamin hissəcikləri olan 01 ədəd plastmas borucuq, üzərində narkotik vasitə və ya psixotrop maddə hissəcikləri aşkar edilməyən kağız parçaları, həmçinin 08 ədəd "Metadhone 40" adlı dərman həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 157,80 AZN (bir yüz əlli yeddi manat, səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 12.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 166,014 qram olan narkotik vasitə heroin, 4,044 qram olan psixotrop maddə metamfetamin, içərisində heroin hissəcikləri olan 01 ədəd şüşə flakon və 02 ədəd 2 ml-lik şprislər, üzərində metamfetamin hissəcikləri olan 01 ədəd plastmas borucuq, üzərində narkotik vasitə və ya psixotrop maddə hissəcikləri aşkar edilməyən kağız parçaları, həmçinin 08 ədəd "Metadhone 40" adlı dərman həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 157,80 AZN (bir yüz əlli yeddi manat, səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-106/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-106/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver