Məhkəmə qərarları › İş №1(091)-106/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-106/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-106/2023 12.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, Xəqani küçəsi, ev 37-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədilə qanunsuz olaraq 0,883 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, xx.xx.2022-ci il tarixdə təxminən axşam saat 19 radələrindən 20 radələrinədək olan müddətdə Yevlax şəhəri, Xəqani küçəsində həmin 0,883 qram miqdarında narkotik vasitə olan heroini tanışı Şahid3 45 (qırx beş) manat pul müqabilində satmış, xx.xx.2022-ci il tarixdə, saat 18:30-da Şahid3 narkotik vasitənin qanunsuz satışında şübhəli bilindiyinə görə Yevlax Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Yevlax şəhəri Q.Quliyev küçəsində tutularaq Yevlax Rayon Polis Şöbəsinə gətirilib orada üzərində həmin günü saat 19:05-dən 19:17-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarının sol yan cibindən Təqsirləndirilən şəxs pul müqabilində alaraq əldə edib 01(bir) ədəd qara sellofan bükümdə saxladığı 0,883 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,151 qram, 0,061 qram, ümumi təmiz çəkisi – 0,212 qram miqdarında narkotik vasitə olan heroini, 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə və 01 (bir) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,082 qram, 0,041 qram, 0,054 qram, 0,527 qram, ümumi təmiz çəkisi – 0,704 qram miqdarında psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 13 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Xəqani küçəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, orada üzərində həmin gün saat 16:05-dən 16:25-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki göy rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədi ilə əldə edib saxladığı həmin 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi – 0,212 qram miqdarında narkotik vasitə olan heroin və 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, 01 (bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi – 0,704 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunan ittihamda qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, evdə olduğu zaman vəziyyəti pisləşmiş və qonşusunu çağırmışdır ki, ona sistem köçürsün. Elə bu vaxt evə polis əməkdaşları daxil olmuşlar. Polis əməkdaşları ona təzyiq göstərərək qolunu qandallayıb, narkotik vasitənin harada olduğunu soruşmuşlar. Həmin vaxt stolun üstündə ona məxsus bir büküm narkotik vasitə olan heroin olmuşdur. Həmin narkotik vasitə olan heroini özünün istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşlarına narkotik vasitənin stolun üstündə olduğunu bildirmişdir. Polis əməkdaşları stolun üstündə olan narkotik vasitəni götürmüşlər. Bundan sonra polis əməkdaşları onu döyməyə başlamışlar. Elə həmin vaxt yerdə olan şüşə parçasını götürüb özünə xəsarət yetirməyə başlamışdır. Həmin vaxt üstündə sadəcə alt paltarı olmuşdur. Elə həmin alt paltarı ilə onu maşına əyləşdirib polis şöbəsinə aparmışlar. Bundan sonra Teymur müəllim başqa otaqdan 5-6 büküm psixotrop maddə olan metamfetamini gətirib stolun üstünə qoymuş və ona demişdir ki, bu bükümlər də ondan aşkar edilmişdir. Həmin vaxt etiraz etmiş və bükümlərin ona aid olmadığını bildirmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, bükümləri boynuna almasa, onun başına oyun açacaqlar. Alt paltarında olduğu üçün Məhəmməd adlı polis əməkdaşı onun evinə gedərək ona məxsus şalvar və köynək gətirmişdir. Həmin paltarları geyindikdən sonra onu başqa otağa aparmışlar. Bundan sonra ona yenə təzyiq göstərmişlər. O da qorxduğu üçün bükümləri boynuna almışdır. Ona olunan təzyiqlə bağlı prokurorluğa şikayət etmişdir. Səmimi olaraq etiraf edir ki, narkotik vasitənin heroin növündən istifadə edir, lakin metamfetamindən istifadə etməmişdir. Ümumiyyətlə ittiham aktında göstərilən içərisində metamfetamin olan bükümlər ona aid olmamışdır. Sonra ona demişlər ki, güya Şahid3 adlı şəxsə narkotik vasitə satmışdır. Həmin vaxt Sənanı tanıdığını, lakin ona narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra onu Sənanla üzləşdirmişlər. Həmin vaxt Sənan ona narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ona olunan təzyiqlə bağlı müdafiəçisinə məlumat verməmişdir. Çünki polis əməkdaşlarından qormuşdur. Polis əməkdaşları evinə daxil olan zaman yatağında oturmuş, polis əməkdaşları evinə daxil olan zaman ondan icazə almamış, evinə baxış keçirməyə dair ondan razılıq ərizəsi alınmamış, evdə axtarış onun iştirakı ilə olmuş, stolun üstündə olan bir büküm narkotik vasitə olan heroin ona aid olmuş, metamfetamin olan bükümlər ona aid olmamışdır. İbtidai istintaq zamanı ifadə verməmiş, müstəntiq nə yazıbsa ona imza çəkmişdir. İbtidai istintaq zamanı yazılan ifadəni oxumamış, polis əməkdaşları ona demişlər ki, metamfetamin olan bükümləri qəbul etməsə onun başına oyun açacaqlar, o da qorxduğu üçün bükümləri boynuna almışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə qarşısına çıxmış, həmin vaxt aşkar olunan içərisində metamfetamin olan bükümlərin ona aid olmadığını, bir büküm narkotik vasitə olan heroinin isə ona aid olduğunu bildirmişdir. Prokurorluqda döyülməyi ilə bağlı heç nə bildirməmişdir. Çünki polis əməkdaşlarından qorxmuşdur. X6 müayinə olunmuş, həmin vaxt polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. İbtidai istintaq zamanı ittiham aktında göstərilən qaydada ifadə verməmiş, ibtidai istintaq zamanı ifadəni oxumadan imzalamış, ümumiyyətlə, psixotrop maddə olan metamfetamindən istifadə etməmişdir. Şahid3 tanıyır, lakin ona narkotik vasitə satmamışdır. Sənanın telefonuna Elnur adlı şəxs zəng etmiş, lakin o, Sənana zəng etməmişdir. İbtidai istintaq zamanı Elnura mobil nömrə aldığını bildirmişdir. Sənan həmin telefon nömrəsi ilə əlaqə saxlamışdır. Həmin nömrəni Elnur işlətmişdir. Elnur adlı şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Odur ki, qeyd olunanlar nəzərə alınaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində o göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saat 12 radələrində Yevlax şəhəri Xaqani küçəsində olan zaman yerdən bir ədəd sellofana bükülmüş bükülü tapmış, bükülünü açanda içində 2 ədəd başqa bükülü olduğunu, birinin narkotik vasitə olan heroin, digərinin isə psixotrop maddə olan metamfetamin olduğunu görmüş və onları evə aparıb gələcəkdə istifadə etmək üçün ümumilikdə 6 ədəd bükümə ayırmış və üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Xaqani küçəsində olmuş və iki gün qabaq tapdığı həmin heroin və metamfetaminlər üzərində olmuşdur. Həmin gün saat 15 radələrində tanımadığı şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdirərək onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə Yevlax Rayon Polis Şöbəsinə gəlmiş, Yevlax rayon polis şöbəsində olan zaman müstəntiq ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək vəkillərin siyahısını ona təqdim etmiş, o da vəkillərin siyahısından vəkil Zaur Bərxudarovun onun hüquqlarını müdafiə etməsini xahiş etmiş, bundan sonra müstəntiq vəkil Zaur Bərxudarovu polis şöbəsinə dəvət edərək ona təqdim etmiş, müstəntiq və vəkil ona hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt bir nəfər polis əməkdaşı da videokamera vasitəsi ilə çəkiliş aparmış, müstəntiq ona üzərindəki əşyaları təqdim etməyini bildirmiş, həmin vaxt o, əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan 06 ədəd narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin bükümlərini çıxarıb təqdim etmiş, sonra isə həmin bükülülərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və həmin heroin və metamfetamini iki gün qabaq yaşadığı küçədən tapdığını, özü istifadə etmək üçün hissələrə ayıraraq üzərində saxladığını bildirmiş, polis əməkdaşları həmin bükülünün içərisindəki bükülülərdəki kütlələrə baxaraq narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzədiyini bildirmiş, daha sonra müstəntiq həmin kütlələri bükümlə birlikdə elektron tərəzidə çəkmiş, həmin kütlələri vəkili, onun və polis əməkdaşlarının iştirakı ilə qablaşdırıraq zərfə qoyub möhürləmişdir. Bundan sonra protokol tərtib edilərək, ucadan oxunmuş, iştirakçılar və o, protokolu imzalamış, həmin maddələr də ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Şahid3 tanıyır, lakin Şahid3 narkotik vasitə satmamış, o, üzərindən aşkar edilmiş narkotik vasitəni də satış məqsədi ilə deyil, saxlamaq məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs əlavə ifadəsi alınarkən ***-***-**-** saylı mobil nömrənin onun adına olsa da, istifadəsində olmadığını, həmin nömrə ilə aparılmış mesaj və zənglərdən məlumatının olmadığını, həmin nomrə ilə danışıqlar aparmadığını bildirmişdir (cild 01 iş vər. 233-236). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən axşam saat 19-20 radələrində Yevlax şəhər sakini Nəsimi adlı şəxslə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb ona narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. Nəsimi isə ona onun yaşadığı Yevlax şəhərində yerləşən Xəqani küçəsinə gəlməyini bildirmişdir. Bundan sonra, o, həmin küçəyə getmiş və orada Nəsimi ilə görüşərək ona 45 manat verərək bunun müqabilində bir bükümdə 1.5 qram narkotik vasitə olan heroin almışdır. Heroini aldıqdan sonra onlar ayrılmışlar. Bundan sonra, həmin narkotik vasitə heroindən bir qədər istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 18:30 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində olarkən xx.xx.2022-ci il tarixdə Yevlax şəhər sakini Nəsimi adlı şəxsdən aldığı narkotik vasitə heroin üzərində olmuşdur. Bu zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, isə etiraz etməyib polis əməkdaşları ilə Yevlax Rayon Polis Şöbəsinə gəlmişdir. Yevlax Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və onun əynində olan şalvarın sol yan cibindən 01 ədəd qara rəngli bükümdə olan narkotik vasitə heroin aşkar edilmişdir. O, həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin heroini Yevlax şəhərində Nəsimi adlı şəxsdən 45 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, üzərindən aşkar olunan narkotik vasitəni Nəsimi adlı şəxsdən almışdır. Həmin şəxs hazırda təqsirləndirilən şəxs qismində tanınan şəxs deyil. Bu barədə ibtidai istintaq zamanı da bildirmiş, hətta aralarında üzləşdirmə keçirilən zaman da qeyd etmişdir. Narkotik vasitəni ona satan şəxs özünü ona Nəsimi kimi təqdim etmişdir. Lakin həmin şəxs bu şəxs olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Rəfael oğlu ifadəsində göstərmişdir ki, müstəntiq Ayxan Cəlilov tərəfindən verilmiş əməliyyat tapşırığının icrası zamanı əməliyyat-axtarış yolu ilə əldə edilmiş əməliyyat məlumatlarından məlum olmuşdur ki, Yevlax şəhəri Xaqani küçəsi ev 37-də yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə hal-hazırda Yevlax şəhəri ərazisindədir və Nəsiminin üstündə narkotik vasitə olan heroin var. O, bu barədə rəhbərliyə məlumat verdikdən sonra əməliyyat tapşırığının icrası üçün iş yoldaşı ilə birlikdə təxminən saat 15:10 radələrində Yevlax şəhəri Xaqani küçəsinə getmiş, Nəsimini Yevlax şəhəri Xaqani küçəsində görmüş, Nəsimiyə yaxınlaşaraq özlərini təqdim etmiş, Nəsimiyə onlarla polis şöbəsinə getməsini bildirmiş, Nəsimi də etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkil dəvət edilmiş, Nəsimi şübhəli şəxs qismində tutulmuş, üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Nəsiminin əynindəki göy rəngli şalvarının sağ yan cibindən 06 ədəd bükümdə olan narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Sorğu-sual zamanı Nəsiminin özü həmin bükümlərin içərisində olan maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin heroin və metmafetaminləri xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində yerdən tapdığını, özünün narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu və həmin heroini və metamfetaminləri üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu, satmaq məqsədinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 Rəfael oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”un surətindən görünür ki, həmin tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1975-ci il təvəllüdlü Şahid3 qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 07). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarın surətindən görünür ki, Şahid3 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”un surətindən görünür ki, həmin tarixdə saat 18:30-da daxil olmuş əməliyyat məlumatına əsasən Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 1a, mənzil 10 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1975-ci il təvəllüdlü Şahid3 Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür görünür ki, Şahid3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vər. 11). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokolun surətindən görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Şahid3 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid3 əynindəki şalvarının sol yan cibindən 01 ədəd qara sellofan bükümdə saxladığı 0,883 qram miqdarında narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, Şahid3 həmin narkotik vasitəni Yevlax şəhəri Xəqani küçəsində yaşayan Nəsimi adlı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə iş protokolun surətinə əlavə edilmişdir (cild 01, iş vər. 14-22). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2022-ci il tarixli 17/619 saylı rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Şahid3 üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,883 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 01, iş vər. 25-29). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid3 X2 narkotik vasitə olan heroinin və Şahid3 üzərində şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan heroinin mənbəsinin müəyyən edilməsi və Nəsimi adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi üçün cinayət işindən ayrıca icraata material ayrılmışdır (cild 01, iş vər. 54-64). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri Xəqani küçəsi ev 37-də yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində Yevlax şəhəri Xaqani küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Həmçinin, əməliyyat-axtarış məlumatlarına əsasən Təqsirləndirilən şəxs üzərində daşınması, gəzdirilməsi və satışı qadağan edilmiş narkotik vasitə və ya psixotrop madddələrin olması ehtimalı vardır (cild 1, iş vərəqi 82). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ədəd kiçik şəffaf sellofan torbanın içərisində ümumilikdə 06 ədəd olmaqla, 04 ədəd (0,57 qr, 0,07 qr, 0,11 qr və 0,13 qr) içərisində psixotrop maddə olan metafetaminə bənzər kütlələr olan gümüşü rəngli siqaret kazğızına və şəffaf sellofana bükülmüş büküklülər və 02 ədəd (0,41 qr və 0,07 qr) içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olan gümüşü rəngli siqaret kağızına bükülmüş bükülələr aşkar olunmuş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 96-103). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 14 dekabr 2022-ci il tarixli 17/885 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan narkotik vasitə heroinə bənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir və heroinin ayrıayrılıqda təmiz çəkiləri – 0,151 qram və 0,061 qram olmaqla ümumi təmiz çəkisi – 0,212 qram təşkil edir. Həmçinin Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə və 01 (bir) ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir və metamfetaminin ayrı-ayrılıqda təmiz çəkiləri – 0,082 qram, 0,041 qram, 0,054 qram və 0,527 qram olmaqla ümumi təmiz çəkisi – 0,704 qram təşkil edir (cild 01, iş vər. 112-116). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2023-cü il tarixli 17/184 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eyni olub, Şahid3 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə heroindən xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlənirlər (cild 01 iş vər. 240-243). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2023cü il tarixli 270 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yararan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01 iş vər. 244). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X4 rayon Narkoloji Kabinetindən 26 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə xx.xx.2021-ci il tarixdən qeydiyyatda durur (cild 01, iş vər. 152). Cinayət işinin materiallarında olan Yevlax rayon X1 Kabinetindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli PHŞ-8739/22 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 151). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “SMS_Tarixçəsi” “Zənglərin_Detallaşması” və “Zənglərin_Məxsusluq_Tarixçəsi”adlı yeddi ədəd qovluğun olduğu müəyyən edilmişdir. 4cü qovluğa baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr arasında xx.xx.2022, xx.xx.2022 və 08.082022-ci il tarixlərdə danışıqların olması qeydə alınmışdır. Baxış zamanı***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına olması müəyyən edilmişdir (cild 01 iş vər. 187-193). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “SMS_Tarixçəsi”, “SMS_Tarixçəsi”, “Zənglərin_Detallaşması” və “Zənglərin_Məxsusluq_Tarixçəsi”adlı dörd ədəd qovluğun olduğu müəyyən edilmişdir. 1-ci qovluğa baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən: - xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Zema xeqanidi berk prablem yasiyiram dunenki torpaq meselesine gore imkan varsa meni tecili yig gozleyirem diyecey sozum var tecili elaqe saxla, Onu kim verib sene bilmirem ama ikimizin cani o nedise basqa sheydi qalmisam cixilmaz veziyetde men sene dedim axi senin bir kelme sozune inanib durub o qeder yol geldim indi camaat mennen ya pulun yada aynuyonun istiyir mennen elaqe saxla bele eleme men qalmisam pis veziyetde” məzmunlu mesajlar göndərilmişdir. 2-ci qovluğa baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: -xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Salam ay Nasimi qardaş.Menem Əşqa adişin oqlu.” məzmunlu; - xx.xx.2022ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa dermanin var.” məzmunlu;xx.xx.2022-ci il tarixdə 055- ***-**-** saylı mobil nömrədən “nesimi menem Seyiddi Elmir” məzmunlu; -xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa dermanin var.” məzmunlu;-xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “ Bu ne hereketi men lomkada mezelenrsen adam kişi olar.” məzmunlu; xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa 7 manat var, gəlim qaqa. Qaqa 10 manatım var, gəlim qaqa, qaqa 7 manat var. Qaqa 6 manatım var” məzmunlu;-xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Siz kimsiz ne danwirsiz. menim hec kime pisliyim deymez. uwaqdediyinde meni yaxsi taniyir.men xeqaniye neleri kecmiwem.burda ne olubsa men bilmirem. Menlik de deyil ” məzmunlu; mesajlar göndərilmişdir. 3-cü qovluğa baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr arasında 07 avqust 2022-ci il tarixdə saat 17:36, 17:46, 17:47 və 17:51 dəqiqələrdə danışıqlar qeydə alınmışdır. Bundan başqa isə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə həmin nömrələr arasında danışıqların olması qeydə alınmışdır. 4-cü qovluğa baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs yəni özünün adınadır (cild 01 iş vər. 198-199) Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 Məhəmməd oğlunun əməllərində CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 245-258). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1975-ci il təvəllüdlü Şahid3 qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs həmin günü şübhəli şəxs qismində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, vəkil ilə təmin edilməklə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, Şahid3 üzərindən aşkar olunan narkotik vasitə heroini Yevlax şəhəri Xəqani küçəsində yaşayan Nəsimi adlı şəxsdən aldığını bildirmiş, daha sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, xx.xx.2022-ci il tarixdə “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə” qərar qəbul edilərək Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, üzərindən psixotrop maddə olan metafetamin və narkotik maddə olan heroin aşkar olunaraq götürülmüşdür. Götürülmüş kütlələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı, o cümlədən narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, əvvəllər CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, habelə ekspert rəyləri, cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərindən aşkar olunan 01 bükümdə olan narkotik vasitə heroinin ona aid olması, qalan kütlələrin, o cümlədən psixotrop maddə metafetaminin ona aid olmaması, habelə ona polislər tərəfindən təzyiq olunması nəticəsində fərqli ifadə verməyə məcbur qalması, həmçinin, Şahid3 narkotik vasitə satmaması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həmin ifadələrini müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı saxlanılarkən və polis şöbəsində olarkən polis əmkədaşları tərəfindən təzyiqə məruz qaldığını bildirsə də, ibtidai istintaqın ilkin mərhələsindən sonuna qədər bu barədə heç bir məlumat verməmiş, ibtidai araşdırmanın ilkin mərhələsindən müdafiəçi ilə təmin edilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman, nə də sonrakı mərhələlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçi daim yanında olduğu halda, ona bu barədə məlumat verməmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən məhkəmədə bu barədə bildirməmiş, əksinə yalnız özünü qismən təqsirli bilərək şəxsi istifadə üçün sözügedən kütləni üzərində saxladığını bildirmişdir ki, belə olan halda, məhkəmə təqsirləndirilən şəxsin dediklərinə tənqidi yanaşır və onları əsaslı sübut kimi qəbul etmir. Şəxsin ibtidai istintaq zamanı üzərindən aşkar olunanlarla bağlı verdiyi ifadələrin iş üzrə obyektiv həqiqəti əks etdirdiyi və iş materialları ilə üst-üstə düşdüyü üçün məhkəmə həmin ifadələri əsaslı sayır və ona elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxsin Şahid3 narkotik vasitə satmaması və Şahid3 da bu halı təsdiq etməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə, məhkəmə həm onun ifadəsini, həm də Şahid3 ifadəsini iş materialarında olan sübutlarla (telefon danışıqları, SMS yazışmalar və s.) qarşılıqlı şəkildə araşdırıb əsaslı saymır, ona görə də, həmin ifadələrə də tənqidi yanaşır və onlarla razılaşmır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə qismən yaxşı səciyyələndirilir (cild 01, iş vərəqi 179-180). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 171-172). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin, cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materialarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 85). Cinayət işinin materialarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 141-146). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesaba alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə CM-in 99-1.1-ci maddəsində göstərilən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 0,072 qram narkotik vasitə olan heroin və ümumi çəkisi 0,624 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid3 üzərindən aşkar olunan və tədqiqatdan sonra qalan 0,783 qram narkotik vasitə olan heroinin onun barəsində olan və hazırda qanuni qüvvəsini alan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(039)-46/2023 saylı hökmü ilə məhv edilməsi, 04 (dörd) ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 141,04 AZN (bir yüz qırx bir manat, dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 0,072 qram narkotik vasitə olan heroin və ümumi çəkisi 0,624 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid3 üzərindən aşkar olunan və tədqiqatdan sonra qalan 0,783 qram narkotik vasitə olan heroinin onun barəsində olan və hazırda qanuni qüvvəsini alan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(039)-46/2023 saylı hökmü ilə məhv edilməsi, 04 (dörd) ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 141,04 AZN (bir yüz qırx bir manat, dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar