Məhkəmə qərarları › İş №1(091)-107/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-107/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-107/2021 17.05.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rəşad Şəmşir oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3, zərərçəkmiş şəxsin hüquqi varisi: X7, xx xxxxxx 1995-ci ildə Göyçay rayonun Ləkçıplaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Ləkçıplaq kəndində qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 noyabr 2019-cu il tarixdə saat 2140-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbinə görə hərəkət təhlükəsizliyi üçün qorxu törədən, diqqət və çevikliyi azaldan alkoqollu içki qəbul edilmiş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, Qanunun bu tələbini pozaraq sürücülük vəsiqəsi olmaqla nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə həmin kənd sakini X8 adına olan, faktiki isə öz mülkiyyətində olan, lakin etibarnamə ilə sərxoş vəziyyətdə idarə etdiyi Vaz 21074 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Cəyirli kəndi ərazisində Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, tələblərinə görə diqqətini dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli və avtomobilin idarə olunmaz vəziyyətə düşməsinə yol verməməsini təmin edib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd olunan maddənin tələblərinə əməl etməməsi səbəbindən, idarəetməni itirərək avtomobili yolun sol tərəfində olan ağaca vurmuş, nəticədə ehtiyyatsızlıqdan avtomobildə sağ qarşı oturacaqda sərnişin qismində əyləşmiş həmkəndlisi X4 hər iki ağ ciyərin əzilmiş cırılmış yaraları, daxili qanaxma, sağdan İ-İİ-İİİ-İV- V-Vİ-Vİİ və soldan İİİ-İV-V-Vİ qabırğaların qapalı, yerdəyişən sınıqları, sol bud sümüklərinin qapalı, qəlpəli, yerdəyişən sınığı, sağ bazu-çiyin oynağı nahiyyəsinin, sağ budun aşağ 1/3-nin və sağ baldırın yuxarı 1/3-nin ön səthlərinin və sağ belüstü nahiyyənin dərialtı qan sızmaları fonunda sıyrıqlarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, sonuncunun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ağ rəngli Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmaqla həmin avtomobili 2016-cı ildə həmkəndlisi Elşən Kərimovdan 3000 manata almış, lakin avtomobili həmişə etibarnamə ilə idarə etmişdir. 27 noyabr 2019-cu il tarixdə saat 11 radələrində dostu Ruslan Rüstəmov ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş, həmin gün evdən Vaz 21074 markalı avtomobili ilə çıxıb Ruslanın yaşadığı küçəyə getmişdir. Ruslanla görüşəndə sonuncu ona qardaşının qonşuluqdakı həyətdən xurma aldığını, həmin xurmanı qablaşdırmaqda ona köməklik etməyi təklif etmişdir. Ruslana etiraz etməyərək sonuncunun qonşuluğunda olan həyətdəki yerə yığılmış xurmaları taralara qablaşdırdıqdan sonra Ruslan ilə birlikdə nahar etmək üçün Ləkçıplaq kəndində Qaraxıdır kəndinə gedən yolda kəndin girişində yolun sol tərəfində olan kafeyə gedib orada yemək yeyib bundan sonra Ruslangilə getmişlər. Həmin gün saat 18 radələrində kənd yolunun kənarına məktəbin yanına gəlmişdir. Həmin vaxt orada Ruslanla görüşmüşlər və bir qədər söhbət etdikdən sonra Ruslanın təklifi ilə sonuncunun yaşadığı evə getmişlər. Ruslangildə yemək yedikdən sonra oradan çıxmışlar. Avtomobilə yaxınlaşan zaman özünü narahat hiss etdiyi üçün avtomobilin sürücü oturacağında Ruslan Rüstəmov əyləşərək avtomobili idarə etmiş, bundan sonra baş verənləri xatırlamamışdır. Göyçay MRX-da ayılaraq həmin vaxt xəsarət aldığını bilmişdir. Ruslangilin evindən çıxan zaman nə səbəbə narahat olduğunu, daha sonra nə vaxt və haradan enerji içkiləri aldıqlarnı və digər baş verənləri ümumiyyətlə xatırlamamışdır. Spirtli içkini konkret olaraq harada və nə qədər içdiklərini, ümumiyyətlə spirtli içki qəbul etməyini də xatırlamamışdır. Hadisə zamanı kimin sükan arxasında olması və avtomobili kimin idarə etməsi barədə heç nəyi xatırlamamışdır. Mərhum Ruslanla dost olduqlarını, onu ölümünü özünə bağışlamadığını, Ruslanın valideyinləri ilə yaxşı münasibətdə olduğunu, onlarla barışdığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, mərhum Ruslan Rüstəmov onun oğlu olmaqla 27 noyabr 2019cu il tarixdə səhər saatlarında Ruslan dostu Təqsirləndirilən şəxs ilə birlikdə həmkəndliləri Eldarın həyətində olan xurmaları qablaşdırmaqla məşğul olmuşlar. Ruslan nahardan sorna saat 15-16 radələrində evə gəlib evdə bir qədər yatmış, saat 18 radələrində isə evdən çıxıb getmişdir. Bir qədər sonra Ruslan digər oğlu Təbrizə zəng edərək edərək dostu Elxanla birlidkə onlara qonaq gəldiklərini demiş, həmin vaxt evlərində qudaları qonaq olmuşlar. Bir qədər sonra Elxanla Ruslan yaşadıqları evə gəlmiş, Ruslan və Elxan digər otaqda oturub evdə hazırlanmış balıq və digər yeməklərdən yeyərək evdə olan 700 qramlıq araqdan da təxminən 300-400 qram qalmış hissəsini içmişlər. Yeyib içdikdən sonra saat 20 radələrində Ruslan bir qədər sonra evə gələcəyini deyib Elxanla birlikdə çıxıb getmişdir. Evdə qonaq olduğu üçün Elxan ilə Ruslanı heç kim küçədə yola salmamış, bundan sonra Elxan və Ruslandan xəbərləri olmamışdır. Həmin gün saat 22 radələrində Ruslangilin yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldıqları məlum olmuş, xəstəxanaya gedəndə isə hadisə nəticəsində oğlu Ruslanın vəfat etdiyi, Elxanın isə ağır xəsarət aldığını bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, şikayət və tələbi yoxdur, sonuncunun barəsində yüngül cəza təyin ediləsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Ruslan Rüstəmov onun qardaşı olmaqla 27 noyabr 2019-cu il tarixdə saat 11 radələrində qardaşı Ruslana zəng edərək qonşuları Eldarın həyətində xurma yığdığını, həmin xurmaları yeşiklərə yığmaq üçün ona kömək etməsini bildirdikdən sonra saat 12 radələrində Ruslan ona zəng edərək dostu Təqsirləndirilən şəxs ilə birlikdə 19 yeşik xurma yığdıqılarını bildirmişdir. Həmin gün saat 19 radələrində Ruslan ona zəng edərək Elxanla bilrikdə yaşadıqları evə qonaq gəldiklərini bildirdib Təqsirləndirilən şəxsla sonuncuya məxsus Vaz 21074 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə evə gəlmişlər. Həmin vaxt evlərində qaynanası və qaynatası qonaq olmuş, Ruslan və Elxan digər otaqda oturub evdə hazırlanmış balıq və digər yeməklərdən yeyərək araq içmişlər. Elxangil yemək yedikdən sonra saat 20 radələrində evdən çıxmış, evdə qonaq olduğu üçün Ruslan və Elxanı heç kim yola salmamışdır. Həmin gün saat 22 radələrində ona və ailə üzvlərinə Ruslan və Elxanın yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldıqları, xəstəxanaya gedəndə isə qardaşı Ruslanın vəfat etdiyi məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 27 noyabr 2019-cu il tarixdə, saat 1230 radələrində Təqsirləndirilən şəxs digər həmkəndlisi Ruslan Rüstəmovla birlikdə işlətdiyi Göyçay rayonu Qaraxıdır kəndinin girişində yerləşən kafeyə gəmiş, həmin vaxt Elxan ilə Ruslanın əllərində təxminən 500 qramlıq araq butulkası olmuşdur. Elxanla Ruslan yemək yeyə-yeyə araq içdikdən sonra hesabı ödəyib kafedən çıxıb getmişlər. Elxan ilə Ruslanı küçəyə qədər ötürmədiyi üçün sonuncuların həmin vaxt kafeyə nə ilə gəldiklərini bilməmişdir. Həmin günü saat 23 radələrində kənd uşaqları danışan zaman yol nəaliyyat hadisəsində Ruslanın vəfat etdiyini, Elxanın isə xəsarət aldığını öyənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 noyabr 2019-cu il tarixdə Göyçay rayonu Şirvan kanalı deyilən yerdə olan vaxt iki nəfər şəxs Vaz 21074 markalı avtomaşından düşərək mağzaya daxil olub göy rəngli Bizon içkisi aldıqdan sonra həmin şəxslərdən biri digərinə avtomaşının açarını verərək Bizon içəcəyini, avtomaşını digər şəsin sürməsini demişdir. Avtomaşın sürətlə yerindən tərpənib sonra təxminən 700 metr getdikdən sonra bərk “tappıltı” səsi gəldiyindən həmin yerə gedərkən avtomaşında olan şəxslərin yolun kənarında uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 27 noyabr 2019-cu il tarixdə saat 21 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsindən təxminən 15-20 dəqiqə əvvəl həmin kənd ərazisində Şirvan kanalının Bərgüşad avtomobil yolu ilə kəsişən hissəsində dayanacağın yanında dayanıb avtomobil yolunun sağ tərəfində yerləşən Soltan İbrahimovun işlədiyi marketi açmasını gözləmiş, həmin vaxt Cəyirli kənd sakini “Baba” ləqəbli Səbuhi də mağazanın yaxınlığında olmuşdur. Bir qədər gözlədikdən sonra Soltan mağazanı açmış, o da oradan siqaret aldıqdan sonra mağazanın qarşısına çıxmışdır. Həmin vaxt Ləkçıplaq kəndi istiqamətdən ağ rəngli Vaz 21074 markalı avtomobil gələrək mağazanın qarşısında üzü Göyçay şəhəri istiqamətdə dayanmış və avtomobildən biri bir qədər saqqallı olmaqla iki nəfər cavan oğlanlar düşərək mağazaya daxil olmuşlar. Həmin oğlanlar mağzadan çıxıb yenidən avtomobilə minmiş, avtomobili idarə edən saqqalı oğlanın əlində göy rəngli enerji içkisi, digərinin əlində isə qırmızı rəngli enerji içkisi olmuşdur. Əlində göy rəngli enerji içkisi olan oğlan avtomobili işə salaraq üzü Göyçay şəhəri istiqamətdə nisbətən yüksək sürətlə hərəkət etməyə başlamış, avtomobilin hərəkəti bir qədər qeyri-adi olduğundan avtomobil yoluna tərəf çıxaraq həmin avtomobilin hərəkət istiqamətinə baxmışdır. Bir az sonra irəlidə bərk səs-küy gəldiyinə görə həmin avtomobiln nəyəsə çırpıldığını başa düşmüşdür. Həmin vaxt mağzanın yaxınlığında dayanmış Cəyirli kənd sakini Ülvi idarə etdiyi VAZ 2109 markalı avtomobili ilə Cəyirli kənd sakinləri Səbuhi və Seymur adlı şəxslərlə birlikdə baş vermiş hadisə yerinə getmişlər. Hadisə yerinə çatan kimi yolun sağ tərəfində üzü yol kənarına tərəf dayanmış VAZ 21074 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Avtomobilin qabaq sağ oturacağının qarşısında ayaqqabı tayı və qırmızı rəngli bizon enejrki içkisi, hadisə yerində yolun sağ kənarında otluq hissədə isə göy rəngli bizon elerji içkisinin qabı olmuşdur. Avtomobilin içərisində heç kim olmamış, yolun digər tərəfinə baxanda ağacların yanında bir qədər əvvəl mağazadan çıxan cavan oğlanların demək olar ki, bir-birinin yanında yerdə uzandıqlarını görmüşdür. Onların birinin qulağından qan gəlmiş, həmin vaxt oraya gələn digər şəxslər təcili yardım xidmətinə zəng etmişlər. Təcili yardm avtomobili gəldikdən sonra Seymur həmin şəxslərə kömək edərək həmin iki nəfər cavan oğlanları xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27 noyabr 2019-cu il tarixdə saat 21 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində Şirvan kanalının Bərgüşad avtomobil yolu ilə kəsişən hissəsində Soltan adlı şəxsin işlədiyi marketin yaxınında Səbuhi Abdullayevlə dayanmış, qonşu Kürdəmiş kənd sakini Şahid1 da bir az aralıda Soltanın işlətdiyi mağazanın yanında dayanaraq mağazanın açılmasını gözləmişdir. Səbuhi ilə söhbət edən zaman Soltan gəlib mağazanı açmış, Şahsən mağazaya daxil olub çıxmışdır. Həmin vaxt mağazanın qarşısında Ləkçıplaq kəndi tərəfdən gələn ağ rəngli Vaz 21074 markalı avtomobil dayanmış və avtomobildən biri daha çox saqqallı olmaqla iki nəfər cavan oğlanlar düşərək mağazaya daxil olmuşlar. Sonra isə birinin əlində göy rəngli, birinin əlində isə qırmzı rəngli bankada “Bizon” enerji içkiləri ilə mağazdaan çıxıb avtomobilə minmişlər. Sükan arxasına kimin əyləşməsinə fikir verməmiş, həmin vaxt sürücü avtomobili mağazanın qarşısından bir qədər sürətlə yerindən hərəkətə gətirərək üzü Göyçay şəhəri istiqamətinə getmişdir. Bir qədər getdikdən sonra qarşıda tappıltı səsi eşitdikdən sonra avtomobilin nəyəsə çırpıldığını bilmişlər. Həmin vaxt o, Səbuhi və mağazanın qarşısında olan Şahsən mağazanın yanına gələn Ülvi Hacıyevin idarə etdiyi VAZ 2109 markalı avtomobilinə əyləşib olduqları yerdən təxminən 1 km məsafədə yolun sağ tərəfində üzü yol kənarına tərəf mağazanın yanından tərpənən ağ rəngli VAZ 21074 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüşlər. Avtomobildən düşüb VAZ 21074 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, lakin həmin avtomobilin içərisində heç kim olmamışdır. Avtomobil yolunun digər, yəni sol tərəfinə baxanda ağacların yanında bir qədər əvvəl mağazadan çıxan iki nəfər cavan oğlanların bir-birinin üzərində yaralı vəziyyətdə olduqlarını görmüşlər. Həmin vaxt oraya gələn digər şəxslər təcili yardıma zəng etmiş və təcili yardm avtomobili gəldikdən sonra o da köməklik edib iki nəfər cavan oğlanları xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 27 noyabr 2019-cu il tarixdə saat 21 radələrində həmkəndlisi Mərdalı Mahmudova məxsus Vaz 2109 markalı avtomobillə Göyçay rayonu Cəyirli kəndi ərazisində Şirvan kanalının Bərgüşad avtomobil yolu ilə kəsişən hissəsində yolun sağ tərəfində olan Soltan adlı şəxsin işlədiyi marketə getmiş, həmin vaxt avtomobili dayandırıb mağazanın arxasında olan ayaqyoluna gedib mağazanın qarşısına gələndə əvvəllər tanıdığı Ləkçıplaq kənd sakini Təqsirləndirilən şəxs məxsus Vaz 21074 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Soltanın mağazasnın qarşısından Bərgüşad yoluna çıxıb üzü Göyçay şəhəri istiqəmətdə getdiyini görmüşdür. Avtomobili arxadan gördüyü üçün avtomobildə kimin olmasını və avtomobili kimin idarə etməsini görməmişdir. Mağazaya girib siqaret alıb çıxanda üzü Göyçay şəhəri istiqamətdə avtomobil yolunda səs-küy gəldiyini eşitmiş, həmin vaxt yolun kənarında mağazanın qarşı tərəfində olan həmkəndliləri Səbuhi, Seymur və qonşu kənd sakini Şahsən yolda nəqliyyat hadisəsi olduğunu demişlər. Bundan sonra onun idarə etdiyi avtomobil ilə hadisə yerində gedərkən yolun kənd tərəfdən sol tərəfində ağacların yanında iki nəfər cavan oğlanın bir-birinə birləşik halda yerdə uzandıqlarını, VAZ 21074 markalı **-BL-*** dövlət qeydiyat nişanlı avtomobilin isə yolun sağ tərəfində üzü yolun sağ tərəfinə doğru dayandığını görmüşdür. Bundan sonra oraya təcili yardım avtomobili gəlmiş və həmin iki nəfər oğlanları xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X16 Patrul Xidmət Tağımının polis nəfəri işləyən X9 ifadəsində göstərmişdir ki, 27 noyabr 2019-cu il tarixdə saat 2130 radələrində Göyçay şəhərindən çıxıb Göyçay-Bərgüşad avtomobil yolunda üzü Yuxarı Şirvan su kanalına doğru hərəktədə olarkən Cəyirli kəndi ərazisində, həmin su kanalının üstünə çatmamış avtomobil yolunda adamların toplşadığını, yolun sol tərəfində isə çəpinə ağ rəngli VAZ 21074 markalı avtomobilin əzilmiş vəziyyətdə dayandığını görmüşdür. Avtomobildən yerə düşərək həmin Vaz 21074 markalı avtomobilə yaxınlaşanda avtomobilin içərisində heç kimin olmadığını, yolun digər tərəfində isə ağacların yanında adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə Ruslan Rüstəmovun yan-yana uzanıqlı vəziyyətdə olduqlarını və bədənlərində xəsarətlərin olduğunu görmüşdür. Dərhal RPŞ-nin Növbətçi hissəsinə bu barədə məlumat vermiş, biraz sonra həmin yerə Təcili Tibbi yardım avtomobili gələrək oraya toplaşmış adamların köməkliyi ilə həmin xəsarət almış Təqsirləndirilən şəxs ilə Ruslan Rüstəmovu xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 15 dekabr 2019-cu il tarixli 27 nömrəli rəyində göstərilmişdir ki, mərhum X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - hər iki ağ ciyərin əzilmiş cırılmış yaraları, daxili qanaxma, sağdan İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ və soldan İİİ-İV-V-Vİ qabırğaların qapalı, yerdəyişən sınıqları, sol bud sümüklərinin qapalı, qəlpəli, yerdəyişən sınığı, sağ bazu-çiyin oynağı nahiyyəsinin sağ budun aşağ 1/3-nin və sağ baldırın yuxarı 1/3-nin ön səthlərinin və sağ belüstü nahiyyənin dərialtı qan sızmaları fonunda sıyrıqları həyatidirlər, qərarın təsviri hissəsində göstərilmiş avtomobil qəzası zamanı əmələ gəlməsi inkar olunmur və törənmə müddəti 27.11.2019-cu il tarixinə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddilər. Mərhum R.Rüstəmovun ölümünə səbəb sol bud sümüyünün qapalı sınığı, hər iki tərəfdə qabırğaların çoxsaylı sınıqları fonunda hər iki ağciyərin zədələnməsi nəticəsində baş vermiş daxili qanağma və travma şoku olmuşdur. Mərhum R.Rüstəmovun meyitinin qanından götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 0,5 % etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07 fevral 2019-cu il tarixli 587 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın sağ alın nahiyyəsinin sıyrıq izləri, hər iki əng, sağ almacıq sümüyü və döş sümüyü cisminin yerdəyişmiş, Th2-Th3 fəqərə cisimlərinin natamam, bitişmiş, stabil və qeyri-stabil, kompression, L1, L2 fəqərələrinin sol köndələn çıxıntılarının yerdəyişmiş sınıqları, müştərək açıq-kəllə beyin travması, orta-ağır dərəcəli beyin əzilməsi, epidural hematoma, alın sümüyünün sağ qaşüstü nahiyyədən təpə sümüyünə və kəllə əsasına doğru uzanan yerdəyişmiş sınıqları, hər iki ağ ciyərin iki tərəfli hemotoraksı küt bərk əşyanın təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 27.11.2019-cu il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-lifli ekspertizasının 30 dekabr 2019-cu il tarixli 31932 nömrəli rəyində göstərilmişdir ki, VAZ 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağından götürülməsi qeyd olunan üzlüklər üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə X4 məxsus olduğu qeyd edilən cins şalvarın tərkib liflərinə uyğun gəlir. Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağından götürülməsi qeyd olunan üzlüklər üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən cins şalvarın tərkib liflərinə uyğun gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmətibbi və trasoloji ekspertizasının 09 iyul 2020-ci il tarixli 4671 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı müştərək açıq kəllə-beyin travması, orta-ağır dərəcəli beyin əzilməsi, epidural hemotoma, alın sümüyünün sağ qaşüstü nahiyədən təpə sümüyünə və kəllə əsasına doğru uzanan yerdəyişmiş sınıqları, hər iki əng, sağ almacıq sümüyünün sınığı və başın sağ alın nahiyyəsində sıyrıq, döş sümüyü cisminin, TH2-Th3 fəqərə cisimlərinin natamam, bitişmiş, stabil və qeyri-stabil kompression, L1, L2 fəqərələrinin sol köndələn çıxıntılarının yerdəyişmiş sınıqları, hər iki plevra boşluğuna qan yığılması müəyyən edilmişdir. Mərhum R.R.Rüstəmovun meyitinin müayinəsi zamanı hər iki ağciyərin əzilmiş-cırılmış yaraları, daxili qanaxma, sağdan İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ və soldan İİİ-İV-V-Vİ qabırğaların qapalı, yerdəyişən sınıqları, sağ bud sümüklərinin qapalı, qəlpəli, yerdəyişən sınığı, sağ bazuçiyin oynağı nahiyəsinin, sağ budun aşağı 1\3 və sağ baldırın yuxarı 1\3-nin ön səthlərinin və sağ belüstü nahiyənin dərialtı qansızmalar fonunda sıyrıqları müəyyən edilmişdir. Hər iki şəxsin xəsarətlərinin xüsusiyyətlərinə, yerləşmə nahiyyələrinə, məhkəmə-lifli ekspertizada qabaq sol oturacaqdan Təqsirləndirilən şəxs şalvarının liflərinin tapılması onun hadisə vaxtı VAZ-21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü qismində, Ruslan Rüstəmovun isə sərnişin qismində olması qənaətinə gəlməyə əsas verir. İş materiallarənda olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 07.01.2021-ci il tarixli 8/2315 rəyində göstərilmişdir ki, VAZ-21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücüsü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Vaz 21074 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında Təqsirləndirilən şəxs və yaxud mərhum Ruslan Rüstəmovun olub olmamasını müəyyən etmək məqsədi ilə Təqsirləndirilən şəxs fotoşəkli, digər şəxslərə aid fotoşəkillərlə birlikdə Şahid1 tanınma üçün təqdim edilmişdir. Təqdim olunmuş 04 ədəd fotoşəkillərin arasında Şahid1 Təqsirləndirilən şəxs fotoşəklini göstərib həmin şəxsin hadisədən öncə əlində göy rəngli energi içkisi olan və avtomobilin sükanı arxasına əyləşərək avtomobili idarə edən şəxs olduğunu bildirmişdir. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək bu barədə protokol tərtib edilmişdir. İstintaq zamanı Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin sağ qarşı oturacağın alt hissəsindən aşkar edilərək götürülmüş 42 ölçülü sağ ayaqqabı tayı və mərhum Ruslan Rüstəmovun meyitinin müayinəsi zamanı paltarları ilə morqa təqdim edilmiş 42 ölçülü sol ayaqqabı tayına baxış keçirilərək onların bir ayaqqabı cütü olması müəyən edilmişdir. Həmin ayaqqabılar mərhum R.Rüstəmovun qardaşı Şahid2 tanınmaya təqdim edilmiş, o həmin ayaqqabıları tanıyaraq mərhum qardaşı Ruslan Rüstəmova məxsus olduğunu bildirmişdir. İş matreiallarında olan Göyçay rayon Mərkəzi Xəstəxansından alınmış 08.02.2021ci il tarixli 542 nömrəli məktubda göstərilmişdir ki, Göyçay rayonu Ləkçıplaq kənd sakini, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinikasında psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Göyçay rayon İHB-nın Ləkçıplaq kəndi üzrə ərazi nümayəndəsinin təqdim etdiyi 28.01.2021-ci il tarixli arayışda və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Qətimkan tədbirinin seçilməsinə dair 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə Məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi hallar məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında tam təkzib olunur. Belə ki, o, öz müdafiəsi üçün avtomaşının sağ tərəfində sərnişin qismində əyləşdiyini, avtomaşını idarə etmədiyini göstərmişdir. Tədqiq olunmuş sübutlardan görünür ki, hadisənin şahidi olmuş Şahsən Həsənov ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs avtomaşında sükanın arxasında əyləşdiyini görmüş, fotoşəkillə tanımaya təqdim etmə zamanı isə Təqsirləndirilən şəxs bilavasitə tanımışdır. Bundan başqa mərhum Ruslan Rüstəmova məxsus ayaqqabının bir tayı da Vaz 21074 markalı avtomaşının qabaq sərnişin oturacağında aşkar edilmişdir. Eyni zamanda məhkəmə lifli matreiallar və məhkəmə tibbi-trasoloji ekspertizasının rəyləri də məhkmənin Vaz 21074 markalı avtomaşının sükanı arxasında Təqsirləndirilən şəxs olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə həmçinin şahid Şahsən Həsənovun məhkəməyədək icraat qismində verdiyi ifadəsini də işin hallarına uyğun gəldiyindən daha səmimi və obyektiv ifadə kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi olan atası ilə barışaraq sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı özünün də ağır dərəcəli bədən xəsarəti alması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Qeyd olunan cəzanı yüngülləşdirən halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq, bu cəzanın, yəni təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə 508,46 AZN (beş yüz səkkiz manat, qırx altı qəpik) məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Göyçay rayon Polis Şöbəsində saxlanılan 01 ədəd qara rəngli V şəkilli markası olan gödəkçə, 01 ədəd cins şalvar və bir ədəd açıq qəhvəyi rəngli köynək Təqsirləndirilən şəxs, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd cins şalvar, 01 ədəd qırmızı rəngli poliver, 01 ədəd mayka, bir cüt 42 ölçülü, ipsiz ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmalı, bir ədəd qırmızı rəngli “Bizon” markalı enerji içkisinin qutusu, Vaz 21074 markalı avtomaşının hər iki ön oturacaqlarından götürülmüş yan və bel üzlükləri dəyəri olmadığına görə məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Göyçay rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 508,46 AZN (beş yüz səkkiz manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan 01 ədəd qara rəngli V şəkilli markası olan gödəkçə, 01 ədəd cins şalvar və bir ədəd açıq qəhvəyi rəngli köynək Təqsirləndirilən şəxs, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd cins şalvar, 01 ədəd qırmızı rəngli poliver, 01 ədəd mayka, bir cüt 42 ölçülü, ipsiz ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılsın, bir ədəd qırmızı rəngli “Bizon” markalı enerji içkisinin qutusu, Vaz 21074 markalı avtomaşının hər iki ön oturacaqlarından götürülmüş yan və bel üzlükləri dəyəri olmadığına görə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Rəşad Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar