Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-107/2024 05.08.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İ instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X6 müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Şamaxı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi sahibkarlıqla məşğul olan, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda yəni, 2,491 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 sentyabr 2023-cü il tarixdə saat 1025 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhəri Vidadi küçəsində yerləşən Mərkəzi Bazar ərazisində saxlanılaraq ünvan 2 ünvanda yerləşən inzibati binasına gətirilmiş, həmin gün saat 1215 radələrində üzərində keçirilmiş şəxsi axtarış və götürmə hərəkətləri zamanı əyninə geyindiyi qara rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd sellofan bükümdə 2,491 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə saat 1005 radələrində işlədiyi Ağsu Mərkəzi bazarda olarkən Ağsu rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin rəisi Şahid6 iki nəfər mülki geyimli Polis əməkdaşları ilə birlikdə işlətdiyi mağazaya yaxınlaşaraq onunla bir dəqiqəlik işləri olduğunu bildirmiş, Sübhiyə yaxınlaşaraq birlikdə bazarın orta giriş qapısına tərəf getmişlər. Çöldə yanında başqa bir mülki geyimli polis əməkdaşının olduğu qara rəngli Azsamand markalı avtomobilə minərək birlikdə Ağsu rayon Polis Şöbəsinə getmişlər. Ağsu rayon Polis Şöbəsində ikinci mərtəbədə olan otaqda Qorxmaz adlı polis əməkdaşı mülki geyimli iki nəfər polis əməkdaşına onun əllərini yuxarı qaldırıb möhkəm saxlamağı tapşırdıqdan sonra Qorxmazın özü arxa tərəfdən onun ciblərini yoxlamağa başlamışdır. Sol arxa cibində olan pullarını çıxarıb stolun üstünə qoymuş, sonra isə sağ tərəfdəki arxa cibinə əlin salıb və əlində saxladığı sellofana bükülmüş olan nə isə çıxarıb stolun üstünə ataraq həmin bükülünün narkotik vasitə olduğunu bildirmişdir. Qorxmaza həmin narkotik vasitəni sonuncunun özünün əlini cibinə salıb və yenidən çıxarmasını, narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Polis əməkdaşlarına əgər narkotik vasitə ona aiddirsə bazarda alver edərkən kameraya düşdüyünü, alver etdiyi müddət ərzində, əlini arxa ciblərinə salıb çıxartdığını, ciblərində olan pulların və hər iki cibində olanların kamerada göründüyünü, əgər narkotik cibində olsa idi yəqin ki, əlini cibinə salarkən hansısa bir vaxtda yerə düşə biləcəyini və yaxud onun əlinə gələ biləcəyini bildirmiş, sonradan Polis Şöbəsində ondan narkotik vasitəni kimdən aldığını soruşduqda isə bir daha həmin narkotik vasitəni Şahid5 özünün onun cibinə əlini salıb çıxartdığını və stolun üstünə qoyduğunu bildirmişdir. Sonradan Şahid6 onunla söhbətində həmin narkotik vasitəni boynuna götürməsini, ona köməklik edəcəklərini bildirmiş, o da yenə də narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Sonra Şahid5 onun həbs edilməsinin yuxarıdan tapşırıq olduğunu demiş, hətta Sübhi ona polisdə olan zaman digər rayon sakini Təqsirləndirilən şəxs Cəlal oğlunun da polis şöbəsində olduğunu, Təqsirləndirilən şəxs Cəlal oğlunun da narkotiklə gətirildiyini Təqsirləndirilən şəxs həmin narkotiki yerdən tapdığını dediyini, onun da o cür deməsini istəmişdir. Yenə də etirazını bildirdikdən sonra Sübhi pulları cibinə sayıb qoymasını tapşırmış, polis əməkdaşları pulları sayıb onun sol cibinə qoymuşlar. Stolun üstündə olan narkotik vasitəni sağ arxa cibinə qoyduqda həmin narkotik vasitəni sağ arxa cibindən çıxarıb stolun üstünə ataraq ona aid olmadığını bildirmişdir. Bundan sonra Şahid6 mülki geyimli polis əməkdaşlarına onun əllərini saxlamalarını və narkotiki yenidən arxa cibinə qoymalarını tapşırmış, polis işçiləri də onun əllərini hərəsi bir tərəfdən ayaq üstündə iki saatdan yuxarı müddətə həmin vəziyyətdə saxlamışlar. Həmin dövr ərzində polis işçiləri otağa gəlib getmiş, onu saxlayan polislərə həmin müddətdə zəng edib yemək üçün peraşki gətirməsini də tapşırmışdır. Həmin müddət ərzində polislər növbə ilə peraşki yeyib gəlmiş, sonradan onu sağdakı otağa aparmışlar. Otağa daxil olanda Qorxmaz, Sübhi içəridə tanımadığı mülki formada olan şəxs olmuş, həmin mülki formada olan şəxs özünü vəkil kimi təqdim etmişdir. Vəkilin yanında adını sonradan bildiyi Elnur adlı təhqiqatçı foto və video çəkən Taleh adlı polis işçisi və sonradan da iki nəfər mülki formada olan vətəndaş gəlmişdir. Gələnlərdən biri ona qonşu olan Mətanətin yoldaşı Namiq, o biri isə üzdən tanıdığı sonradan adının nə olduğunu bildiyi şəxs olmuşdur. Həmin şəxslərin iştirakı ilə şəkil çəkilmiş, video çəkiliş qeydə alınmışdır. Həmin videoda əvvəlki otaqda dediklərini bir daha təkrarlamış və dediklərinin hamısı qeydə alınmışdır. Vəkilindən imtina edərək özünün vəkili gəlməyənə qədər heç bir ifadə verməyəcəyini və heç bir sənədə qol çəkməyəcəyini bildirmiş, Şəki Penitensiar Xidmətinə getdiyi günə qədər heç kimə izahat verməyərək heç bir sənədə imza çəkməmişdir. Vəkildən imtina edəndən sonra bunu həmin vəkilə bildirib ona vəkil kimi lazım olmadığını demiş, polis işçiləri onun cibində olan pulları çıxardıb təzədən həmin otaqda saymış və cibinə qoyduqları narkotiki çıxarıb stolun üstünə qoymuşlar. Elnur bir tərəzini çıxarıb stolun üstünə qoyaraq üstündən çıxan narkotiki çəkdiyini demiş, yenə də narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Bundan sonra polis işçiləri onun qol çəkmədiyini və izahat vermədiyini görüb onu otaqdan çıxarıb X8 Saxlama Yerinə aparmış, Ağsu rayon Prokururluğuna və Məhkəməsinə aparılan zaman orada da həmin narkotik vasitənin ona aid olmadığını və polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirmişdir. Narkotiklə ittiham edilib tutulmasının səbəbi onun haqqında rayonun axundu Elşən tərəfindən yazılmış düzgün olmayan məlumatlar olmuş, həmin məktub əsasında polis şöbəsində işləyən Vüqar Novruzəliyevə izahat vermişdir. Həmin məktub araşdırılması üçün sonradan Ağsu rayon icra Hakimiyyətinə daha sonra isə X22 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Həmin məktubda təxminən səkkiz nəfər namaz qılan şəxsin dini təşkilatın və qrupların üzvü olduğu yalandan bildirilərək dövlətin qanunlarına tabe olmadığı göstərilmiş, orada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir məlumat yazılmamışdır. Polis şöbəsinə aparılan zaman üzərində mobil telefonu olmayaraq mağazada qalmış, sonradan tutulduğu gün həmin mobil telefonu polisə təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi işləyən Şahid6 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2023-cü il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın əməliyyat müvəkkilləri Şahid5, Şahid4, PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə saat 10 radələrində Ağsu şəhəri Vidadi küçəsində yerləşən, mərkəzi bazara getmiş, orada olan Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin və iki nəfər hal şahidinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının ciblərindən qəpik və kağız pullar, şalvarın arxa sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə çəkisi 2,7 qram olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt etiraz edərək narkotik vasitənin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuzluğa yol verilməmiş, polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid5, Şahid4, Post-patrul Xidmətinin polis nəfəri işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Ağsu rayon Polis Şöbəsinin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin üzərində axtarış və götürmə hərəkətləri aparılacağını bildirib onun da həmin istintaq hərəkətində hal şahidi qismində iştirak etməsini xahiş etmiş, buna etiraz etməyərək hal şahidi qismində dəvət edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli cins şalvarının ciblərindən qəpik və kağız pullar, şalvarın arxa sağ cibindən isə bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Sonra kağız və qəpik pullar sayılaraq Təqsirləndirilən şəxs geri qaytarılmış, narkotik vasitə olan heroinə bənzər kütlə isə elektron tərəzidə çəkilməklə çəkisinin 2,70 qram olması müəyyən edilmişdir. Sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib olunmuş protokola imza etmişdir. Vüqar həmin kütlənin ona məxsus olmamasını bildirmiş, Vüqarın üzərinə kənar şəxslər tərəfindən narkotik vasitə qoyulmasının şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla eyni bazarda işləməklə işlətdikləri mağazaları yaxın olmuş, sonuncunu halal və əxlaqlı adam kimi tanımışdır. Vüqarın hətta siqaret çəkmədiyini bilmiş, mağazasında ancaq dəftərxana ləvazimatları satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs siqaret, spirtli içki və narkotik vasitə qəbul etməsi, dövriyyəsi ilə məşğul olmasını görməmiş, bu barədə heç nə eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10, X5 və X7 eyni məzmunlu ifadə verərək X3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində X4 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə Ağsu bazarında atasının kömək etmək üçün sonuncunun işlədiyi mağazada olarkən saat 10 radələrində üç nəfər polis əməkdaşı mağazaya yaxınlaşaraq atasına başları ilə işarə etmiş, atası da polis əməkdaşları ilə oradan uzaqlaşmışdır. Atası ilə polis əməkdaşlarının arasında heç bir söhbət olmamış, atasının nəyə görə aparıldığını başa düşməmişdir. Saat 17 radələrində atasının norkotik ittihamı ilə saxlandığını bilmiş, atası heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon X11 Qrupunun təhqiqatçısı işləyən X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona səhər saatlarında təqdim olunmuş, təxminən bir saatdan çox onun otağında qalmışdır. Şəxsə müdafiəçi Şirvan şəhər Vəkil Bürosundan dəvət edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs öz müdafiəçisi olduğunu, lakin müdafiəçinin bir həftəyə gələ biləcəyini bildirmişdir. Buna görə də dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, istintaq hərəkəti zamanı özünə məxsus olan İphone markalı smartfon tipli cihazla fotoşəkillər çəkilmişdir. Həmin texniki vasitədən istifadə etməsi barədə protokolda qeyd aparmamışdır. Təqsirləndirilən şəxs yaxınlarına tutulması barədə məlumat vermiş, bu barədə məktub da göndərmişdir. Hazırda fotoşəkilləri çəkdiyi cihaz xarab olduğuna görə detal kimi Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığındakı mağzalardan birinə satmış, ona görə də həmin cihaz onda qalmamışdır. Şəxsi axtarış zamanı video-çəklişdən istifadə olunmamış, ancaq mobil telefon vasitəsilə həm özü, həm də digər təhqiqatçı Taleh Osmanov tərəfindən fotoşəkillər çəkilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-ci il tarixli 17/684 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 2,491 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir. (İ siyahı) İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1658 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs heroindən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 768 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir və hal-hazırda da keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən əməli düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 12 sentyabr 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Ağsu rayon Mərkəzi Xəstəxanası” X14 alınmış xx.xx.2023cü il tarixli 18-1-25/2-881/2023 nömrəli arayışdan görünür ki, Ağsu şəhəri, Ə.Bayramov küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Ağsu RMX PHŞ-nə müraciət etməmiş dispanser qeydiyyatına götürülməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu rayon İcra Hakimiyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzər nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-34-13/2-3-2958/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. İş materiallarına əlavə edilmiş 12 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1045-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Ağsu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin bir bükümdə olması, əvvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, narkotik vasitələrin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar onun üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmaması və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçinin və hal şahidlərinin iştirakları ilə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını təsdiq etməsə də polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuzluq və zorakılıq hallarına yol verilməmiş, həmin vaxt ona qarşı hansısa bir qanunsuzluq edilməsinə dair heç bir müraciət etməmiş, bundan başqa polis əməkdaşlarının narkotik vasitəni onun cibinə qoymalarına dair hansısa dəlil təqdim edə bilməmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ifadəsini işin hallarına uyğun gəlmədiyinə görə obyektiv və səmimi ifadələr kimi qəbul etmir. Müdafiə tərəfinin təqdim etdiyi müşahidə kamerasından göründüyü kimi Təqsirləndirilən şəxs saat 1008-də polis əməkdaşları tərəfindən Ağsu rayon Polis Şöbəsinə aparılmış, saat 1045-də isə şübhəli şəxs qismində tutulmuşdur. Bununla əlaqədar olaraq məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, həmin təxmini 35-40 dəqiqə müddət məhkəmə üçün şəxsin üzərinə narkotik maddənin polis əməkdaşları tərəfindən “qoyulması” qənaətinə gəlməyə əsas vermir. Belə ki, şəxsin olduğu yerdən Polis Şöbəsinə gedərkən qət etdiyi məsafə, müvafiq sənədləşmənin aparılması üçün təhqiqatçıya təqdim edilməsi, təhqiqatçı tərəfindən müdafiəçinin dəvət edilməsi və bununla əlaqədar müvafiq sənədlərin tərtib edilməsi üçün müəyyən vaxt tələb olunduğundan həmin müddəti təbii olan vaxt axımı kimi qiymətləndirir. Daha sonra müdafiə tərəfinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video-çəkilişdən istifadə edildiyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, CPM-in 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Araşdırma zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış iki hal şahidinin iştirakı ilə keçirilmiş, istintaq hərəkəti protokoluna isə həmin istintaq hərəkətinin əks olunduğu fotoşəkillər əlavə edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, bununla bağlı məhkəmə tərəfindən həmin istintaq hərəkətinin etibarsızlığına səbəb ola biləcək hansısa kobud pozuntu müəyyən edilməmiş, eyni zamanda bu zaman video-çəklişin aparıldığını təsdiq edən hansısa bir dəlil aşkar edilməmişdir. Müdafiə tərəfi əlavə olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman özünün seçdiyi müdafiəçi ilə təmin olunmadığına görə müdafiə hüququnun pozuntusuna münasibətdə isə qeyd edilməlidir ki, araşdırma zamanı şahid qismində dindirilmiş şəxslər də ifadələrində Təqsirləndirilən şəxs özünün vəkilinin olduğunu və gələcəkdə özünə vəkil tutacağını bildirmiş, təhqiqatçı Elnur Əzizov da şübhəli şəxs Təqsirləndirilən şəxs özünün vəkil tutacağını və həmin vəkilin bir həftəyə kimi işə çıxacağını bildirmişdir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraatın sonrakı mərhələsində müqavilə əsasında müdafiəçi ilə təmin olunmuş və öz müdafiəsi üçün bütün vasitələrdən istifadə etmişdir. Müdafiə tərəfinin müstəntiq tərəfindən məhkəmə-narkoloji ekspertizasının rəyi ilə cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan 10 gün müddət ərzində deyil təxminən iki ay sonra tanış edilməsinə dair dəlilinə gəldikdə isə məhkəmə tərkibi bununla əlaqadar qeyd edir ki, bu da şəxsin təqsirliliyinə təsir edən hal olmamaqla bu pozuntuya yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılması üçün əsas ola bilər. Bundan başqa Təqsirləndirilən şəxs barəsində düzgün olmayan məlumatların çatdırılmaması ilə əlaqədar olaraq sifariş əsasında tutulduğunu bildirsə də məhkəmə bunu təsdiq edə biləcək hansısa hal müəyyən etməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağsu rayon Polis Şöbəsində saxlanılan 2,441 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-107/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-107/2024
05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver