Məhkəmə qərarları › İş №1(091)-108/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-108/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-108/2023 12.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1984-cü ildə Göyçay şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay şəhəri H.Z.Tağıyev küçəsi, dalan 5, ev 7-də qeydiyyatda olmaqla yaşamış, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 234.1ci maddələri ilə təqsirli blinərək 01 il 05 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdar təşkil edən 3,162 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz əldə edərək 01 şəffaf sellofan bükümdə qablaşdırılmış formada üzərində qanunsuz olaraq saxlamış, 15 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Göyçay şəhəri ərazisində olarkən və üzərində həmin psixotrop maddəni daşıyarkən Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis şöbəsinə gətirilmiş, 15 noyabr 2022-ci il tarixdə, saat 1700-da polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,162 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə yaşadığı evə gedərkən polis əməkdaşları onu saxlayaraq üzərinə baxış keçirmiş, lakin üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra onu polis şöbəsinə apararaq polislərin ona təqdim etdikləri narkotik vasitəni götürüb içəri getməli olduğunu bildirmişlər. Polis əməkdaşları ona təzyiq etdiklərinə görə narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Narkotik vasitə istifadəçisi olduğuna görə CM-in 234.1-ci maddəsi ilə razılaşmış, onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Göyçay şəhərinin mərkəzində H.Əliyev prospektində tək gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Göyçay rayon polis şöbəsinə dəvət etmiş, Göyçay rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı və içərisində psixotrop maddə olan metamfetaminin olduğu 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin metamfetamini bir neçə gün öncə şəxsi işləri ilə bağlı Ağdaş şəhərinə gedib geriyə qayıdarkən oradakı avtovağzalın yanında yerdən tapmış, lakin sorğu zamanı polis əməkdaşlarına tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş bükümdə olan metamfetamin sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 3,4 qram olmuş, sonra qablaşdırılaraq götürülmüşdür. Həmin metamfetamindən tutulanadək istifadə etməmiş, heç kimə satmamış və satmaq niyyəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saat 16 radələrində Göyçay şəhərin mərkəzində, H.Əliyev prospektində Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyəsində şübhəli olduğuna görə Göyçay rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək Göyçay rayon Polis Şöbəsinə gəlib orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki metamfetamini üç gün əvvəl Ağdaş şəhərində olarkən avtovağzalda tanımadığı şəxsdən aldığını bildirmiş, bükülü tərəzidə çəkildikdə çəkisi 3,4 qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 Əkbər oğlu və KTQ-nun kiçik inspektoru işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş iş üzrə təhqiqatçı olmuş X5 ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə növbədə olduğu vaxt Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə ona təqdim olunmuş, sonuncu saat 1645-də şübhəli şəxs qismində tutulduqdan sonra saat 1700-dan 1710-a kimi üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs real olaraq müdafiəçi təqdim edilmiş və müdafiəçi ilə konfidensial ünsiyyət saxlamasına hər cür şərait yaradılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsində müstəntiq işləmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində cəlb edilərkən müdafiəçi Rasim Vəliyevin iştirakı ilə dindirilmiş, sonuncu saat 1510-dan 1620-ə kimi dindirilmiş, digər iş üzrə təqsirləndirilən şəxs Əbülfət Bayramovun dindirilməsi texniki səhv olaraq dindirmə vaxtı 1440-1530 arası göstərilmiş, ona görə də digər iş üzrə Təqsirləndirilən şəxs dindirilmə vaxtı ilə üst-üstə düşmüşdür. Həmçinin Təqsirləndirilən şəxs qismində dindirilməsi texniki səhv olaraq saat 0930 göstərilmiş, real olaraq saat 0830-da dindirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2022-ci il tarixli 17/841 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 3,162 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin siyahısı”na daxildir (İİ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının ekspertizasının 27 yanvar 2023-cü il tarixli 148 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 685 nömrəli rəyində göstərilmişdir ki, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində yuxarıda qeyd edilən köhnə çapıq fonunda xx.xx.2022-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilmədi. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 15 noyabr 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu çəkisi 3,4 qram bir ədəd sellofan bükülü aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 29,177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən yenidən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay şəhər İcra Hakimiyyəti Başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış 26 yanvar 2023-cü il tarixli PHŞ-6-40/2-85/2023 saylı məktubda göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Göyçay RMX-da psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1645-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Göyçay rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə bir bükümdə olmaqla sonuncu bunu şəxsi istehlakı üçün saxladığını izah etmiş, onun metamfetaminin qəbulu nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, əvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, psixotrop maddələrin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar onun üzərindən aşkar olunmuş psixotrop maddəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitənin ona aid olmaması, polislər tərəfindən döyülməsi və təzyiq altında narkotik vasitənin ona aid olması ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və iş materialları ilə onun dedikləri təkzib olunduğundan, onları əsaslı hesab etmir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə qarşısına çıxarılarkən bu xüsusatlarla bağlı heç nə bildirməmiş, heç bir orqana şikayət etməmişdir. Həmçinin onun barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyindən də göründüyü kimi onun bədən səthi üzərinə hansısa xəsarət izi aşkar edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə heç bir təsir və ya təzyiq altında olmadan sərbəst şəkildə verdiyi ifadəsinin işin hallarına, iş materiallarında olan mötəbər və təkzibedilməz sübutlara uyğun olduğu qənaətinə gələrək, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı hesab edir və ona elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Bundan əlavə, müdafiəçi məhkəmə çıxışı zamanı təqsirləndirilən şəxsə münasibətdə ibtidai araşdırma zamanı real müdafiə hüququnun təmin edilmədiyini, müdafiəçi Rasim Vəliyevin həmin vaxt Göyçay Rayon Polis Şöbəsində istintaqı aparılan digər işlərdə də eyni vaxtda prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etdiyini, işin təhqiqatını aparan təhqiqatçı və işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən həyata keçirilən prosessual hərəkətlər zamanı nöqsanlara yol verildiyini bildirməklə Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsindən real olaraq müdafiəçi ilə təmin olunduğu, dolayısı ilə də onun müdafiə hüququnun təmin edildiyi müəyyən olunur. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan ilk andan iş üzrə ibtidai istintaqın yekunlaşdığı anadək müdafiəçi ilə təmin olunmuş, onunla bağlı bütün istintaq hərəkətlərinin həyata keçirilməsində müdafiəçi də iştirak etmiş və təqsirləndirilən şəxs heç bir halda müdafiəçi ilə, dolayısı ilə də müdafiə hüququnun təmin olunmaması ilə bağlı iradını bildirməmişdir. İbtidai araşdırma dövründə təhqiqatçı və müstəntiq tərəfindən prosessual hərəkətlərin və istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı müvafiq protokolların tərtib olunma tarixinin deyil, yalnız zaman etibarı ilə vaxtının, yəni saatının və dəqiqəsinin səhv yazılmasına dair xüsusatlara gəldikdə isə qeyd edilməldir ki, həmin səhvlər sonradan hər hansı şəxsin verdiyi ifadələrlə aradan qaldırıla bilməsə də, məhkəmə hesab edir ki, həmin yanlışlıqları texniki xəta olaraq qəbul edilməlidir. Belə ki, iş materialları ilə də sübut olunur ki, təqsirləndirilən şəxs sözügedən prosessual hərəkətlərin və istintaq hərəkətlərinin aparılmasında dövlət hesabına ona ayrılan müdafiəçi ilə birlikdə iştirak etmiş və hər iki şəxs müvaiq protokolları öz imzaları ilə təsdiq etmişdir. Bundan başqa şübhəli şəxs kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına dair videogörüntüdən də görünür ki, müdafiəçi Rasim Vəliyev həmin istitntaq hərəkətində real olaraq iştirak etmiş və Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sözügedən xüsusatlar birmənalı şəkildə təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi ilə bağlı qənaətə gəlməyə əsas vermir. Odur ki, müdafiə tərəfin qeyd etdikləri əsas götürülməklə təqsirləndirilən şəxsə irəli sürülən ittihamla bağlı bəraətin verilməsi qənaətinə gəlmək qeyri-mümkündür. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin həmin maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 15 noyabr 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 15 noyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan 3,112 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar