Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-108/2024 13.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx.xx.2007-ci ildə İsmayıllı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, İsmayıllı şəhəri N.Səmədov küçəsi ev 35A ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 03 radələrində qardaşı Şahid1, tanışları Şahid2 və Zərərçəkmiş şəxs ilə birlikdə İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Bahar” adlı kafedə spirtli içkilər qəbul etmiş, oradan getmək istədikləri vaxt əvvəldən aralarında olan razılaşmaya baxmayaraq onunla birlikdə olan Zərərçəkmiş şəxs hesabı ödəməyəcəyini bildirmiş, buna görə də Təqsirləndirilən şəxs kafedən çıxıb Zərərçəkmiş şəxs çölə çağıraraq küçədə onunla mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs onlara “sizin barənizdə hesabı ödəməyənin...” deyərək nalayiq ifadələr işlətmiş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən əsəbiləşərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar yanında olan tanışı Şahid2 şalvarının arxa cibində olan qatlanan cib bıçağını götürərək Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bir dəfə zərbə vurub sonuncuya daxili qanaxma, İİ-İİİ dərəcəli posthemorragik şok və nazik bağırsaq ilgəklərinin müsariqəsinin çoxsaylı zədələnmələri ilə müşayiət edilən qarının ön divarının daxilə nüfuz edən bir ədəd yarasından ibarət həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində qardaşı Şahid1, tanışı Şahid2 və sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs ilə birlikdə İsmayıllı şəhərində yerləşən kafedə təxminən bir saat pivə içdikdən sonra artıq gec olduğu üçün kafe kafedən durmağı qərarlaşdırmış, 25 manat təşkil edən hesabı ödəmək üçün Pünhan Maisə və ona özündə pul olmadığına görə hesabı verməsini demişdir. Pünhana pulu verə bilməyəcəklərini, həmin yerə onları Pünhanın gətirdiyini bildirib aralarında mübahisə yaranmışdır. Mübahisə edə-edə kafedən çölə çıxmış, qardaşı Ramazan da kafedən çıxıb onların yanına gəlmişdir. Kafedən bir qədər aralıda mübahisə zamanı Pünhan onun sifət nahiyəsindən bir dəfə şillə ilə zərbə endirmiş, zərbənin təsirindən yerə yıxılmışdır. Yerdə olan zaman Pünhan onlara “sizin payınıza hesabı ödəməyənin anasını-bacısını...” deyərək nalayiq ifadələr işlətmiş, bu zaman yerdən qalxaraq yanında dayanmış Maisin arxa cibindən açılıb bağlanan düyməli bıçağını götürərək Pünhanın qarın nahiyəsindən bir dəfə zərbə endirmişdir. Zərbədən Pünhan bir neçə addım geriləyərək yerə oturmuş, Ramazan isə həmin vaxt bıçağı onun əlindən alaraq Maisə vermişdir. Mais isə bıçağı var gücü ilə uzağa atmış, bundan sonra Ramazan yoldan keçən Anar adlı rayon sakinini köməyə çağırmışdır. Bir qədər sonra tibbi yardım əməkdaşları gələrək Pünhanı xəstəxanaya aparmış, Anar isə onu və qardaşı Ramazanı oradan polis şöbəsinə gətirmişdir. Həmin zaman Mais artıq qaçaraq oradan uzaqlaşmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peçmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs hazırda bir çox halları xatırlamadığını və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində İsmayıllı şəhərində yerləşən “Zərifə Əliyeva adına” parkdan çıxaraq yaşadığı evə tərəf getdiyi yolun üstündə olan “Lüks” marketə girərək siqaret alıb çıxarkən marketin qarşısında üzdən tanıdığı, şəxsiyyətinin sonradan ona məlum olduğu Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 görüb sonunculara yaxınlaşaraq hal-əhval tutmuş, bir qədər söhbət etdikdən sonra birlikdə spirtli içki içmək qərarına gəlmişlər. Bu məqsədlə İsmayıllı şəhərində yerləşən “Mustafa” marketin ikinci mərtəbəsində olan çay evinə getmiş, orada bir qədər pivə içdikdən sonra Təqsirləndirilən şəxs “Bahar” kafeyə getmələrini, orada pivə içmələrini və həmin yerdə olan hesabı özlərinin ödəyəcəklərini bildirmişdir. Onlar masadan qalxdıqda o, 35 manat hesab ödəmiş, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində birlikdə Təqsirləndirilən şəxs dediyi “Bahar” kafesinə getmişlər. Orada hərəsinə 2 bakal pivə içdikdən sonra Təqsirləndirilən şəxs ona hesabı ödəməyini söyləmiş, üzərində pul qalmadığını, həmçinin aralarında olan razılaşmaya əsasən hesabı Yusifgilin ödəməli olduğunu bildirmişdir. Bu zaman aralarında söz mübahisəsi yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs onu çölə dəvət edərək mübahisəni orada davam etdirmişlər. Kafenin qarşısında olan küçədə olan zaman Təqsirləndirilən şəxs və qardaşı Şahid1 onun üzərinə gəlmiş, bu zaman Yusiflə Ramazanı itələyərək özündən kənarlaşdırmışdır. Təqsirləndirilən şəxs və qardaşı Şahid1 hesabı ödəmələrini və çıxıb getmələrini bildirdikdə sonuncular təkrar onun üzərinə gəlmişlər. Şahid1 yumruqla onu vurmağa cəhd etdikdə hər ikisini bir daha itələyib özündən kənarlaşdırmışdır. Həmin vaxt qarın nahiyəsində ağrı hiss etmiş, ilk öncə Təqsirləndirilən şəxs qarnından yumruqla vurduğunu və bunun üçün ağrı hiss etdiyini düşünmüşdür. Lakin qarın nahiyəsinə baxdıqda oradan qan axdığını, bundan başqa qarnında bıçaq olduğunu görmüşdür. Həmin an Təqsirləndirilən şəxs qışqıra-qışqıra “mən vurdum, mən vurdum” deyə bildirmiş və qaçaraq oradan uzaqlaşmışlar. Həmin vaxt huşunu itirmiş, özünə gəldiyi zaman Qəbələ rayon mərkəzi xəstəxanasında olduğunu görmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində qardaşı Təqsirləndirilən şəxs, tanışı Şahid2 və şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs ilə birlikdə İsmayıllı şəhərində yerləşən kafedə təxminən bir saata yaxın pivə içdikdən sonra artıq gec olduğu üçün durmağa hazırlaşmış, həmin vaxt Pünhan Yusif və Maisə hesabı ödəmələrini, səhər pullarını verəcəyini bildirmiş, Yusif və Mais isə Pünhana pulu verə bilməyəcəklərini, onları oraya Pünhanın gətirdiyini deyərək bunun üstündə aralarında mübahisə yaranmışdır. Sonuncular mübahisə edə-edə kafedən çölə çıxmış, o da kafedən çıxıb həmin yerə getmişdir. Kafedən bir qədər aralıda mübahisə edən zaman Pünhan Yusifin sifət nahiyəsindən bir dəfə sillə ilə zərbə endirmiş, zərbənin təsirindən Yusif yerə yıxılmışdır. Yusif yerdə olan zaman Pünhan onlara “sizin payınıza hesabı ödəməyənin anasını-bacısını...” deyərək nalayiq ifadələr işlətmiş, bu zaman Yusif yerdən qalxaraq yanında dayanmış Maisin arxa cibindən açılıb bağlanan düyməli bıçağını götürərək Pünhanın qarın nahiyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Zərbədən Pünhan bir neçə addım geriləyərək yerə oturmuş, bu zaman Yusifin əlində olan bıçağı alaraq Maisə vermişdir. Mais isə bıçağı var gücü ilə uzağa atmış, bundan sonra yoldan keçən Anar adlı rayon sakinini köməyə çağırmışdır. Müraciət etdikdən bir qədər sonra tibbi yardım əməkdaşları gələrək Pünhanı xəstəxanaya aparmış, Anar isə onunla və qardaşı Yusiflə birlikdə oradan polis şöbəsinə getmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 484 №-li rəyində göstərilmişdir ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – daxili qanaxma, İİ-İİİ dərəcəli posthemorragik şok və nazik bağırsaq ilgəklərinin müsariqəsinin çoxsaylı zədələnmələri ilə müşayiət edilən qarının ön divarının daxilə nüfuz edən 1 ədəd yarası deşici-kəsici alətin (ola bilsin bıçağın) təsirindən törənməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixatrik-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 672 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur; Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik keçirməmişdir və hazırda da heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Təqsirləndirilən şəxs əqli inkişafdan geri qalma və ya ləngimə halları müşahidə olunmur. Təqsirləndirilən şəxs baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq qabiliyyətindədir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-47/2-914/23 nömrəli məktubundan görünür ki, Şıxıyev X2 RMX-nin Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə saat 1730-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbiri seçmək haqqında 08 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq təqsirləndirilən şəxsin əməlini CM-in 126.1-cı maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, törətdiyi əməldən səmimi peşimançılıq keçirməsini, onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və cəzanı ağırlaşdıran hal olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60.1-ci maddəsinin tətbiqini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək CM-in 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 uyun tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) da nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilməsi, əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ondan heç bir şikayət və tələbinin olmaması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxsnа 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməlidir. Cinаyət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Cinayəti kafedə qəbul etdiyi spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə törətməsini nəzərə alaraq sınаq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ictimai iaşə yerlərinə getməmək və spirtli içkiləri qəbul etməmək vəzifələri qoyulmаlıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ictimai iaşə obyektlərinə getməmək və spirtli içki qəbul etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-108/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-108/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver