Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-111/2021 27.04.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rəşad Şəmşir oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1996-cı il tarixdə Ağsu rayonunun Elabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonunun Elabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdə saat təxminən 17:30 radələrində Ağsu şəhəri Nizami küçəsində yerləşən «Topaz» idman mərc oyunları məntəqəsinə gəlib məntəqəni işlədən Şahid1 bir gün əvvəl mərc etdiyi oyun üçün 20 manat pul müqabilində ona verdiyi plastik kartı qaytarmasını xahiş edərək həmin plastik kartdan çəkəcəyi pul vəsaiti hesabına ona olan 20 manat borcunu qaytarmaq istədiyini söyləmiş, Şahid1 isə digər işləri ilə əlaqədar onun bir az gözləməli olacağını qeyd etdikdə o, sakit tərzdə, səsinin tonunu qaldırmadan təcili işlərinin olduğunu, ona görə də, tez bir vaxtda pulu plastik kartdan çəkib ona verməklə işlərinin dalınca getmək istədiyini bildirərək sonuncudan plastik kartı qaytarmasını, hətta lazımdırsa əvəzində hazırda üzərində olan telefonu da ona verə biləcəyini demiş, bu zaman məntəqədə olan müştəri Zərərçəkmiş şəxs ona özündən yaşca böyük olan Şahid1la ünsiyyətdə diqqətli olmasını, ucadan və əsəbi halda onunla danışmamasını, Şahid1 ona gözlə dediyi təqdirdə gözləməli olmasını bildirərək onlar arasında gedən söhbətə heç bir əsas olmadan, yersiz müdaxilə etməsi səbəbindən Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yaşanmış, bundan sonra Təqsirləndirilən şəxs Şahid1 kartını götürüb məntəqəni tərk edib getmiş və 20 dəqiqə sonra yenidən həmin məntəqəyə qayıdaraq Şahid1 olan 20 manat pul borcunu qaytarıb az əvvəl baş verənlərlə bağlı hələ də məntəqədə olan Zərərçəkmiş şəxslə məsələni aydınlaşdırmaq üçün məntəqədən çölə çıxıb ikilikdə söhbət edərkən Zərərçəkmiş şəxs onun çiyninə vurub getməsini ona qarşı səhv davranış kimi qəbul etmiş və bunun səbəbini aydınlaşdırmağa çalışarkən sözlü mübahisə şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə çevrildiyindən, əsəbiləşib qisas almaq niyyəti ilə üzərində gəzdirdiyi, istintaqla müəyyən edilməyən bıçağı çıxarıb Zərərçəkmiş şəxs qəsdən bir dəfə vuraraq, sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçən və hemopnevmotoraks törədən deşilmiş kəsilmiş yara ilə müşayiət olunan dərəcəsinə görə yetirilən andan həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən (CM-nin 126.1-ci maddəsi ilə) təqsirli bilib məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 24.11.2020-ci il tarixdə mərc oyunlarına pul qoymaq üçün Ağsu şəhəri Nizami küçəsində yerləşən topaz idman-mərc oyunları məntəqəsinə gedib mərc oyunlarına 20 manat pul yazdırmış, lakin pulu olmadığı üçün öz adına olan “Kapital Bank”a məxsus pul kartını pul əvəzinə həmin məntəqəni işlədən Şahid1 vermiş və Nazimə səhərisi gün 20 manat pulu gətirib verəcəyini bildirmişdir. Nazim də onunla razılaşmış və onun əvəzindən mərc üçün 20 manat pul ödəmişdir. 25.11.2020-ci il tarixdə saat 17:00 radələrində yenidən həmin məntəqəyə gedərək Nazimdən pul kartını istəmiş, kartdan 20 manat pul çəkib gətirib verəcəyini demişdir. Sonra isə Nazimə lazım olarsa özünə məxsus olan mobil telefonunu da ona verə biləcəyini bildirmişdir. Nazim isə ona gözləməsini, hazırda işi olduğunu demişdir. O, bu zaman tələsdiyi üçün Nazimin ona etibar etməməsini zənn edib “sən məni tanımırsan, kartı mənə vermirsən?” deyə sual etmiş, özünə məxsus olan Samsung A20 markalı mobil telefonunu Nazimə vermişdir. Həmin vaxt Nazimin oturduğu masanın yanında olan Ağsu rayon sakini kimi tanıdığı Zərərçəkmiş şəxs onların söhbətinə müdaxilə edərək ona nəyə görə Nazim əmi ilə kobud danışdığını bildirmişdir. O da kobud danışmadığını, sadəcə, pul çəkmək üçün kartı istədiyini demişdir. Nazim də Rüfana onun kobud danışmadığını, sadəcə tələsdiyi üçün kartı istədiyini demişdir. Rüfan da bundan sonra keçib məntəqədə olan stolların birində əyləşmişdir. O isə məntəqədən çıxıb kartdan pulu çəkməyə getmiş, pulu çəkdikdən sonra saat 17:30 radələrində yenidən məntəqəyə qayıtmışdır. O, məntəqəyə qayıdıb pulu Nazimə verib telefonunu götürmüşdür. Həmin vaxt Rüfan məntəqədə stolların birində oturub kupon yazırmış. O, Rüfana yaxınlaşıb nəyə görə bir az əvvəl onun Nazimlə olan söhbətinə müdaxilə etdiyini, onunla əsəbi danışdığını soruşmuş və Rüfandan çölə çıxıb siqaret çəkmələrini, söhbət etmələrini istəmişdir. Rüfan isə ona “sən nə oğlansan ki, mən səninlə siqaret çəkim” deyə bildirmişdir. Sonra o, yenidən Rüfana çölə çıxmağını demiş, Rüfan isə bu söhbəti qurtarmasını bildirmişdir. O da Rüfanla razılaşmış və Rüfanı qucaqlayaraq üzündən öpmüşdür. Sonra isə Rüfana demişdir ki, gəl çıxıb çöldə siqaret çəkək. Bundan sonra Rüfanla birlikdə çölə çıxmışlar. Həmin vaxt məntəqədə kupon yazan, lakin tanımadığı şəxslər onun Rüfanla mübahisə etmək üçün çölə çıxdıqlarını başa düşüb onlarla birlikdə çölə çıxmışlar. Sonra o, məntəqənin çölündə Rüfanla siqaret çəkərək idman-mərc oyunları baradə söhbət etməyə başlamışlar. Bir az söhbət etdikdən sonra Rüfan əlindəki siqaret kötüyünü yerə tullamış, onun yanından keçən zaman gülümsəyərək çiyni ilə ona toxunub məntəqəyə girmişdir. O, Rüfanın bu hərəkətinə əsəbləşdiyi üçün Rüfanın arxasınca içəri girmiş və Rüfana söhbəti qurtardıqdan sonra nəyə görə ona çiyin vurduğunu deyərək Rüfanın yenidən çölə çıxmasını istəmişdir. Rüfan isə ona qarşı nalayiq söyüş söymüşdür. O, Rüfanın ona qarşı söyüş söydüyünü görüb məntəqədə stolda oturan Rüfana yaxınlaşıb söyüş etməsinin səbəbini soruşmuşdur. Rüfan isə ona “mən sözü bir dəfə deyirəm” demişdir. O da əyninə geyindiyi qara rəngli gödəkçəsinin sol içəri döş cibindən bıçağı çıxarıb Rüfanın sol kürək nahiyəsindən bir dəfə vurmuş və Rüfanı vurduqdan sonra məntəqədən tez çölə çıxaraq tanımadığı və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə Ağsu rayonunun Elabad kəndinə getmişdir. Kəndin giriş hissəsində avtomobildən düşərək Bakı-Şamaxı- Yevlax avtomobil yolunun sol kənarında yerləşən dərənin yaxınlığına getmiş və bıçağı dərəyə tullamışdır. O, bıçağı dərəyə atdıqdan sonra yaşadığı evə getmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışdığını, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən əməlinin CM-in 126.1-ci maddəsinə tövsif olunmaqla ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25.11.2020-ci il tarixdə saat təxminən 17 radələrində Ağsu şəhəri Nizami küçəsində yerləşən “topaz” idman-mərc oyunları məntəqəsinə gəlmiş, idman-mərc oyunları üçün kupon yazmışdır. Məntəqədə olan zaman saat təxminən 17:10 radələrində Ağsu rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs məntəqəyə gəlmişdir. Saleh məntəqəyə gəldikdən sonra məntəqəni işlədən Nazimlə söhbət etməyə başlamışdır. Saleh Nazimlə söhbət edərkən kobud danışmış, Saleh özünə məxsus olan pul kartını Nazimdən verməsini tələb etmiş, kartdan pul çəkib gətirib verəcəyini demişdir. Nazim isə Salehə tələsməməsini, işlərinin çox olduğunu bildirmişdir. Bu zaman o, Salehə “Nazim əmi ilə kobud danışma” demişdir. Saleh isə “yaxşı eləyirəm, zor eləyirəm” demiş və onun üstünə gəlmişdir. Həmin vaxt Nazim və məntəqədə çayçı işləyən, lakin adını bilmədiyi şəxs Salehi sakitləşdirmiş və məntəqədən çölə çıxarmışlar. O da məntəqədə əvvəlki yerində əyləşmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Saleh yenidən məntəqəyə gəlmiş və Nazimə yaxınlaşıb pul vermişdir. O isə həmin vaxt məntəqədə kupon yazırmış. Saleh Nazimə pul verdikdən sonra onun oturduğu stola yaxınlaşıb ona “sən bir az əvvəl mənimlə nəyə görə başqa cür danışırdın” deyə bildirmişdir. O isə Salehə səhv başa düşdüyünü, sadəcə Nazim əmi ilə kobud danışmağa görə irad bildirdiyini demişdir. Saleh isə onu söhbət etmək üçün məntəqədən çölə dəvət etmişdir. O da Salehə çıxıb getməsini bildirmiş, Salehin üzündən öpmüşdür. Sonra o, Salehlə söhbət edərək məntəqənin giriş qapısına yanına gəlmişlər. O, Salehə çıxıb getməsini və söhbətə son qoymağı bildirmişdir. Saleh isə ona “sən məni Nazim əminin yanında pis vəziyyətdə qoydun” demiş və çöldə söhbəti davam etdirməyi bildirmişdir. O isə Salehə bu söhbəti qurtarmağı deyib məntəqəyə daxil olaraq yenidən əvvəl oturduğu stolda əyləşmişdir. O, stolda oturduqdan sonra Saleh yenidən ona yaxınlaşmış və onu yenidən söhbət etmək üçün məntəqənin çölünə dəvət etmişdir. O isə Salehə təkrar çıxıb getməsini bildirmiş və stoldan ayağa qalxmamışdır. Bu zaman Saleh qəflətən bıçaqla onun sol kürək nahiyəsindən vurmuşdur. O, Salehin onu vurduğunu görüb orada olan insanlardan xəstəxanaya çatdırılmağını istəmişdir. Sonra Ağsu rayon sakini Şahid3 onu avtomobilə mindirib Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirmiş və xəstəxanada həkimlər ona tibbi yardım göstərmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyildir, təqsirləndirilən şəxsin ailəsi tərəfindən onun xəstəxana xərci çəkilmişdir, ona qarşı heç bir tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda “Topaz” idman-mərc oyunları məntəqəsində operator işləyir. 24.11.2020-ci il tarixdə günorta radələrində Ağsu rayon sakini kimi üzdən tanıdığı adını sonradan bildiyi Saleh adlı şəxs işlətdiyi “Topaz” idman-mərc oyunları məntəqəsinə gələrək mərc oyunları üçün kupon yazmışdır. Saleh kupon yazdıqdan sonra ona yaxınlaşıb pulu olmadığını və pul əvəzində özünə məxsus pul kartını verməsini, yazdığı kuponu qeydiyyatdan keçirməsini bildirmişdir. O da Təqsirləndirilən şəxs pul kartını alıb özündə saxlamış və Təqsirləndirilən şəxs əvəzindən kuponu qeydiyyatdan keçirmək üçün 20 manat pul ödəmişdir. 25.11.2020-ci il tarixdə saat təxminən 17 radələrində məntəqədə operator masasının arxasında olarkən Təqsirləndirilən şəxs məntəqəyə gələrək əyləşdiyi operator masasına yaxınlaşıb bir gün əvvəl, yəni 24.11.2020-ci il tarixdə pul əvəzində ona verdiyi pul kartını istəyərək həmin kartdan pul çəkib gətirib verəcəyini demişdir. O isə həmin vaxt digər kuponları qeydiyyata almaq üçün kompüterin sisteminə yükləyirmiş və Salehə bir az gözləməsini, işlərini gördükdən sonra dediklərini edəcəyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs lazım olarsa mobil telefonunu da vermək istədiyini bildirmişdir. Həmin vaxt məntəqədə olan mərc oyunlarına pul qoyan rayon sakini kimi tanıdığı Zərərçəkmiş şəxs Salehə “sən əmini tanıyırsanmı onunla bu cür danışırsan” demiş, özündən yaşca böyük olan əmi ilə ünsiyyətdə diqqətli olmasını, ucadan və əsəbi halda onunla danışmamasını, əminin ona gözlə dediyi təqdirdə gözləməli olmasını bildirmişdir. Saleh isə Rüfana “sən niyə görə söhbətə müdaxilə edirsən” demiş və Rüfanla aralarında sözlü mübahisə yaranmış, sonra Saleh məntəqədən çıxıb getmişdir. Rüfan isə məntəqədə qalmışdır. Bundan bir neçə dəqiqə sonra Saleh yenidən məntəqəyə gələrək ona yaxınlaşıb 20 manat pul vermişdir. O, pulu Salehdən aldıqdan sonra kassaya qoymuşdur. Saleh pulu ona verdikdən sonra məntəqədə yenidən Rüfana yaxınlaşıb az əvvəl baş verənlərlə bağlı onunla söhbət etməyə başlamışdır. Saleh və Rüfan söhbət etmək üçün çölə çıxmışlar. Bir az sonra Rüfan yenidən qayıdıb məntəqədə stolların birində əyləşmişdir. O da operator stolunun arxasında kuponları kompüterin sistemində qeydiyyatdan keçirmişdir. Bundan sonra o, Salehin içəri nə vaxt girməsini görməmişdir. Az sonra Rüfan qışqıraraq bıçaqlanmasını bildirmişdir. O Rüfana tərəf baxdıqda Salehi orada görməmişdir. Çünki Saleh artıq çölə çıxmışdır. O, Rüfana yaxınlaşıb nə baş verdiyini soruşmuş, Rüfan isə ona sol kürək nahiyəsini göstərərək Salehin bıçaqla vurduğunu bildirmişdir. O, əlini Rüfanın xəsarət aldığı yerə vurmuş və görmüşdür ki, Rüfanın bıçaqla vurulduğu yer qanamışdır. Sonra o, məntəqədə xəsarət alan Rüfanı məntəqədən çölə çıxartmışdır. Məntəqənin çölündə idman mərc oyunları məntəqəsinə bitişik çayxanada çayçı iləyən Şahid2 onları görən kimi onlara tərəf gəlmişdir. Sonra o, Niyazla birlikdə Rüfanı idman-mərc oyunları məntəqəsinin yanında dayanan Şahid3 avtomobilinə mindirmişlər. Niyaz və Rüfan Xəstəxanaya getmişlər. İfadəsinin davamında Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs söhbət əsnasında ona qarşı kobudluq etməmiş, sadəcə təcili işlərinin olduğu üçün tələsdiyini bildirmiş və plastik kartı ondan istəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs danışıq tərzi ilə bağlı irad bildirərkən Təqsirləndirilən şəxs həmin vaxt ona “yaxşı eləyirəm, zor eləyirəm” kimi sözlər deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda “Topaz” idman-mərc oyunları məntəqəsinin arxa tərəfində yerləşən və həmin məntəqəyə bitişik olan çayxanada çayçı işləyir. Zərərçəkmiş şəxs Ağsu şəhər sakini kimi tanıyır. Rüfanı bir neçə dəfə “topaz” idman mərc oyunları məntəqəsində görmüşdür. Lakin Rüfanı bıçaqlayan və adını sonradan bildiyi Təqsirləndirilən şəxs tanımır. 25.11.2020-ci il tarixdə saat təxminən 17:30 radələrində o, çayxanada çay hazırlayırmış. Bu zaman məntəqənin çölündə, giriş hissədə səs-küy gəldiyini eşitmişdir. O, tez çayxanadan çıxıb məntəqənin ön tərəfinə gəlmiş və görmüşdür ki, Rüfan məntəqənin çölündə dayanmışdır. O, Rüfana tərəf getdikdə Rüfan ondan xəstəxanaya aparılmasını istəmişdir. Həmin vaxt Nazim də Rüfanın yanında olmuşdur. Sonra o, Rüfanı Nazimlə birlikdə məntəqənin yaxınlığında dayanan Şahid3 avtomobilinə mindirmişlər. Onlar taksiyə mindikdən sonra xəstəxanaya getməyə başlamışlar. Taksi ilə gedərkən o, Rüfandan nə baş verdiyini soruşmuş, Rüfan da bıçaqlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 25.11.2020-ci il tarixdə saat təxminən 17:30 radələrində idarə etdiyi Vaz 21099 minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ağsu şəhəri Nizami küçəsində yerləşən Topaz idman-mərc oyunları məntəqəsindən kənarda ərzaq mağazasının qarşısında saxlayıb mağazadan ərzaq alan zaman topaz idman-mərc oyunları məntəqəsində çayçı işləyən Şahid2 və Ağsu şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs ona yaxınlaşaraq tez xəstəxanaya getmək lazım olduğunu bildirmişlər. O, Niyaz və Rüfandan nə üçün xəstəxanaya getmələrini soruşduqda Niyaz Rüfanın özünü piss hiss etdiyini bildirmişdir. O da Niyaz və Rüfanı öz avtomobilinə mindirib xəstəxanaya aparmışdır. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, Ağsu Rayon Polis Şöbəsinə 25.11.2020-ci il tarixdə saat 20:00-da Ağsu Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olmuşdur ki, həmin tarixdə xəstəxanaya döş qəfəsinin sol tərəfinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş bıçaq yarası xəsarəti ilə 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs daxil olmuşdur. (cild 01, iş vər. 03) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25.11.2020-ci il tarixli protokoldan görünür ki, hadisə Ağsu şəhəri Nizami küçəsində Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun sol tərəfində yerləşən “Topaz” idman-mərc oyunları məntəqəsində baş vermişdir. Hadisə yerinə aid müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 06-11) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Götürmə və baxış keçirilməsi haqqında” 06.12.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli uzunqol pulover və bir ədəd boz rəngli uzunqol sviter iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq protokol tərtib olunmaqla götürülmüşdür. Müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 95-98) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” 26.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, şübhəli şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində qeyd etmiş, daha sonra bıçağı atdığı yeri göstərmiş, lakin axtarış zamanı əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya aşkar edilməmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 57-65) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26.11.2020-ci il tarixli 383 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs adına doldurulmuş tibbi sənəddə yazılanlara və məhkəmə-tibbi müayinəyə əsasən bu nəticəyə gəlinir ki, döş qəfəsinin sol yarısının arxa səthinin bir ədəd daxilə keçən və hemopnevmotoraks törədən deşilmiş kəsilmiş yarası onun xəstəxanaya gətirilməsindən bir qədər əvvəl – yəni 25.11.20-ci il tarixdə deşici kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilən bir zərbə nəticəsində baş vermişdir. Ağırlıq dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (cild 01 iş vər. 66-70) Cinayət işinin materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının 08.02.2021-ci il tarixli 33/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus puloverin arxa səthində solda bir ədəd, alt paltarın arxa səthində solda bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilərdi. (cild 01, iş vər. 142-144) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 09.02.2021-ci il tarixli 40/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir. (şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus pulover və sviter üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigenti alındı. Bu qan ləkələri AB0 sistemi üzrə A/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 01, iş vər. 137-141) Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 26.01.2021ci il tarixli 168 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vər. 134-136) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 26 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 221.3 və 228.4-cü maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 01, iş vər. 151-161) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşmır və Təqsirləndirilən şəxs qarşı CM-nin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Həmin cinayət əməlinin xuliqanlıq niyyəti ilə törədilməsi CM-nin 126.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxsin CM-nin 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin məhz xuliqanlıq motivi ilə törədilməsi təsdiq olunsun. Xuliqanlıq niyyəti təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində qəsdən cinayət əməli törətmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Bu qəbildən olan cinayətlərin törədilməsində motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədilməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, motiv (xuliqanlıq motivi) bu qəbildən olan cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərərvurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərərvurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Hazırkı iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-nin 126.2.4-cü madəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdə saat təxminən 17:30 radələrində Ağsu şəhəri Nizami küçəsində yerləşən «Topaz» idman mərc oyunları məntəqəsinə gələrək məntəqəni işlədən Şahid1 bir gün əvvəl mərc etdiyi oyun üçün 20 manat pul müqabilində verdiyi plastik kartı qaytarmasını tələb etmiş, Şahid1 digər işləri ilə əlaqədar bir az gözləməsini xahiş etsə də, o, buna məhəl qoymayıb sonuncudan kartı qaytarmasını kobud formada israr etdikdə həmin vaxt məntəqədə olan müştəri Zərərçəkmiş şəxs söhbətə müdaxilə edərək ona özündən yaşca böyük olan Şahid1la ünsiyyətdə diqqətli olması üçün haqlı iradını bildirmiş, o, Şahid1 kartını götürüb məntəqəni tərk etdikdən 20 dəqiqə sonra yenidən həmin məntəqəyə qayıdaraq az əvvəl hərəkətlərinə görə ona iradını bildirmiş Zərərçəkmiş şəxs yaxınlaşıb, bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini ətrafdakıların fövqündə qoyub cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirməklə, ictimai qayda və hamılıqla qəbul edilmiş əxlaq normalarını pozaraq üzərində gəzdirdiyi, istintaqla müəyyən edilməyən bıçağı çıxarıb Zərərçəkmiş şəxs qəsdən bir dəfə vuraraq sonuncuya xuliqanlıq niyyətilə döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçən və hemopnevmotoraks törədən deşilmiş kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə yetirilən andan həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə hərəkət edərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərməsi, ictimai qayda və hamılıqla qəbul edilmiş əxlaq normalarını pozub zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirməsi qənaətinə gələrək təqsirləndirilən şəxsin əməlini CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etsə də, xuliqanlıq motivinin nədən ibarət olduğunu, qeyd olunanların özünü nədə biruzə verdiyini, hansı hərəkətlərin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər olduğunu, hansı hərəkətlərin cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq normalarına qarşı saymazlıq olduğunu konkretləşdirərək ittiham aktında əks etdirməmiş, yəni gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki hazırkı işdə məhkəmə istintaqı nəticəsində müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı heç də xuliqanlıq motivi ilə hərəkət etməmiş, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməmiş, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətməmişdir. Belə ki, o, 25 noyabr 2020-ci il tarixdə saat təxminən 17:30 radələrində Ağsu şəhəri Nizami küçəsində yerləşən «Topaz» idman mərc oyunları məntəqəsinə gəlib məntəqəni işlədən Şahid1 bir gün əvvəl mərc etdiyi oyun üçün 20 manat pul müqabilində ona verdiyi plastik kartı qaytarmasını xahiş edərək həmin plastik kartdan çəkəcəyi pul vəsaiti hesabına ona olan 20 manat borcunu qaytarmaq istədiyini söyləmiş, Şahid1 isə digər işləri ilə əlaqədar onun bir az gözləməli olacağını qeyd etdikdə o, sakit tərzdə, səsinin tonunu qaldırmadan təcili işlərinin olduğunu, ona görə də, tez bir vaxtda pulu plastik kartdan çəkib ona verməklə işlərinin dalınca getmək istədiyini bildirərək sonuncudan plastik kartı qaytarmasını, hətta lazımdırsa əvəzində hazırda üzərində olan telefonu da ona verə biləcəyini demiş, bu zaman məntəqədə olan müştəri Zərərçəkmiş şəxs ona özündən yaşca böyük olan Şahid1la ünsiyyətdə diqqətli olmasını, ucadan və əsəbi halda onunla danışmamasını, Şahid1 ona gözlə dediyi təqdirdə gözləməli olmasını bildirərək onların arasında gedən söhbətə heç bir əsas olmadan, yersiz müdaxilə etməsi səbəbindən Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yaşanmış, bundan sonra Təqsirləndirilən şəxs Şahid1 kartını götürüb məntəqəni tərk edib getmiş və 20 dəqiqə sonra yenidən həmin məntəqəyə qayıdaraq Şahid1 olan 20 manat pul borcunu qaytarıb az əvvəl baş verənlərlə bağlı hələ də məntəqədə olan Zərərçəkmiş şəxslə məsələni aydınlaşdırmaq üçün məntəqədən çölə çıxıb ikilikdə söhbət edərkən Zərərçəkmiş şəxs onun çiyninə vurub getməsini ona qarşı səhv davranış kimi qəbul etmiş və bunun səbəbini aydınlaşdırmağa çalışarkən sözlü mübahisə şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə çevrildiyindən, əsəbiləşib qisas almaq niyyəti ilə üzərində gəzdirdiyi, istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs bir dəfə vuraraq sonuncunun sağlamlığına qəsdən ağır bədən xəsarəti yetirmişdir. Lakin nədənsə ibtidai istintaq orqanı şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dəlalət edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməlinə subyektiv münasibətini xarakterizə edən halları, “əsaslı səbəbin olmaması” kimi dəyərləndirməklə Təqsirləndirilən şəxs məhz bu motivdən, yəni xuliqanlıq motivindən çıxış etməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə aralarında yaranan mübahisə ilə bağlı sonuncuya bıçaqla bir dəfə xəsarət yetirdikdən dərhal sonra hadisə yerini tərk etmişdir. Hadisənin bu cür inkişaf etməsi Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik etmədiyini, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərmədiyini, ictimai qayda və hamılıqla qəbul edilmiş əxlaq normalarını pozmadığını, əksinə şəxsi münasibətlər zəminində törədildiyini göstərir. Belə olan halda onun hərəkətləri xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma kimi deyil, şəxsi münasibətlər zəminində baş vermiş hadisə kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, bu cür yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin özünün qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqe və yaratdığı məhkəmə təcrübəsi ilə də uyğunluq təşkil edir. (Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında icmal) Beləliklə, qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir və ona görə də, onun əməli CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə ədalətli cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin təqsirli bilindiyi müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi (arvadı və 2018-ci il təvəllüdlü bir azyaşlı uşağı) ilə birlikdə Ağsu rayonunun Elabad kəndində yaşayır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 131- 132) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, əməliyyatstatistik kartotekada Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. (cild 01, iş vər. 91) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. (cild 01, iş vər. 133) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 25.11.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağsu Rayon Məhkəməsi tərəfindən isə əvvəli 25.11.2020ci il tarixdən hesablanmaqla 27.11.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 32, 87-88) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli 25.11.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxus bir ədəd boz rəngli uzunqol poluver və bir ədəd boz rəngli uzunqol sviter hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxus bir ədəd boz rəngli uzunqol poluver və bir ədəd boz rəngli uzunqol sviter hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-111/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-111/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver