Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-111/2023 07.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1966-cı ildə Göyçay şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay şəhəri ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli blinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdar təşkil edən 3,415 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz əldə edərək 01 ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış formada üzərində saxlamış, 15 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri ərazisində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis şöbəsinə gətirilmiş, 15 noyabr 2022-ci il tarixdə saat 1840-da polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,415 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xəstə anası üçün dərman almağa getmək məqsədilə yaşadığı evin qapısından çıxarkən polis əməkdaşları ona yaxınlaşaraq Bakı şəhərində oğurluq olduğuna görə onu Bakı şəhərinə aparacaqlarını bildirmiş, sonra isə onu Göyçay rayon Polis Şöbəsinə aparmışlar. Orada ona başına torba keçirib Bakıya aparacaqlarını, ya da ki narkotik vasitəni aparıb evdəkiləri də məsuliyyətə cəlb edəcəklərini bildirdiklərinə görə məcbur qalıb polis əməkdaşlarının onun qarşısına qoyduqları narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri Nizami küçəsində, “Bioloji Təbabət” klinikasının yaxınında tək gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Göyçay rayon polis şöbəsinə dəvət etmiş, Göyçay rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı və içərisində narkotik vasitə olan heroinin olduğu bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin metamfetamini bir neçə gün öncə şəxsi işləri ilə bağlı bir neçə gün öncə Şəki şəhər məhkəməsində barəsində olan cinayət işi ilə bağlı Şəki şəhərinə gedib qayıdarkən Şəki şəhərində yerdən tapmış, lakin sorğu zamanı polis əməkdaşlarına Şəki şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş bükümdə olan heroin sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 3,6 qram olmuş, sonra qablaşdırılaraq götürülmüşdür. Həmin heroindən tutulanadək istifadə etməmiş, heç kimə satmamış və satmaq niyyəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən X3 ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saat 18 radələrində Göyçay şəhəri Nizami küçəsində, “Bioloji Təbabət” klinikasının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğuna görə Göyçay rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək Göyçay rayon Polis Şöbəsinə gəlib orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki heroini üç gün əvvəl Şəki şəhərində məhkəmədən çıxarkən dayanacağın yanında tanımadığı şəxsdən aldığını bildirmiş, bükülü tərəzidə çəkildikdə çəkisi 3,6 qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 və KTQ-nun kiçik inspektoru işləyən Şahid3 eyni məzmunlu ifadə verərək X2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X7 Bölməsinin təhqiqatçısı işləmiş X8 ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə növbədə olduğu vaxt Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə ona təqdim olunmuş, sonuncu saat 1835-də şübhəli şəxs qismində tutulduqdan sonra saat 1840-dan 1850-ə kimi üzərində şəxsi axtarış aparılmışdır. Digər iş üzrə şübhəli şəxs Səxavət Qəhrəmanovu şübhəli şəxs kimi tutan təhqiqatçı Qiyas Behbutov tutma vaxtını texniki səhv olaraq səhv göstərdiyinə görə Təqsirləndirilən şəxsla tutulma vaxtları üst-üstə düşmüşdür. Təqsirləndirilən şəxs real olaraq müdafiəçi təqdim edilmiş və müdafiəçi ilə konfidensial ünsiyyət saxlamasına hər cür şərait yaradılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsində müstəntiq işləmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində cəlb edilərkən müdafiəçi Rasim Vəliyevin iştirakı ilə dindirilmiş, texniki səhv olaraq dindirmə vaxtı 1440-1530 arası göstərilmiş, ona görə də digər iş üzrə təqsirləndirilən şəxs Bəxtiyar Mehdiyevin dindirilmə vaxtı ilə üst-üstə düşmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2022-ci il tarixli 17/842 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 3,415 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının ekspertizasının 27 yanvar 2023-cü il tarixli 147 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 684 nömrəli rəyində göstərilmişdir ki, 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində xx.xx.2022-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilmədi. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 15 noyabr 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu, çəkisi 3,6 qram olan bir ədəd sellofan bükülü aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Amnistiya aktının tətbiq olunması ilə bağlı Göyçay rayon Məhkəməsinin 7(046)-42/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan azad olunmuş, Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə və sonuncu hökm qanuni qüvvəyə minmədən qabaq hazırki cinayəti törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay şəhər İcra Hakimiyyəti Başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri ünvan 1 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X11 alınmış 26 yanvar 2023-cü il tarixli PHŞ-6-40/2-83/2023 saylı məktubda göstərilmişdir ki, ünvan 2 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən “Narkomaniya” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır, psixiatrik kabinetdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1835-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Göyçay rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə bir bükümdə olmaqla sonuncu bunu şəxsi istehlakı üçün saxladığını izah etmiş, onun metamfetaminin qəbulu nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, əvvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, psixotrop maddələrin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar onun üzərindən aşkar olunmuş psixotrop maddəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitənin ona aid olmaması, polislər tərəfindən döyülməsi və təzyiq altında narkotik vasitənin ona aid olması ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və iş materialları ilə onun dedikləri təkzib olunduğundan, onları əsaslı hesab etmir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə qarşısına çıxarılarkən bu xüsusatlarla bağlı heç nə bildirməmiş, heç bir orqana şikayət etməmişdir. Həmçinin onun barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyindən də göründüyü kimi onun bədən səthi üzərinə hansısa xəsarət izi aşkar edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə heç bir təsir və ya təzyiq altında olmadan sərbəst şəkildə verdiyi ifadəsinin işin hallarına, iş materiallarında olan mötəbər və təkzibedilməz sübutlara uyğun olduğu qənaətinə gələrək, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı hesab edir və ona elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Bundan əlavə, müdafiəçi məhkəmə çıxışı zamanı təqsirləndirilən şəxsə münasibətdə ibtidai araşdırma zamanı real müdafiə hüququnun təmin edilmədiyini, müdafiəçi Rasim Vəliyevin həmin vaxt Göyçay Rayon Polis Şöbəsində istintaqı aparılan digər işlərdə də eyni vaxtda prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etdiyini, işin təhqiqatını aparan təhqiqatçı və işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən həyata keçirilən prosessual hərəkətlər zamanı nöqsanlara yol verildiyini bildirməklə Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsindən real olaraq müdafiəçi ilə təmin olunduğu, dolayısı ilə də onun müdafiə hüququnun təmin edildiyi müəyyən olunur. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan ilk andan iş üzrə ibtidai istintaqın yekunlaşdığı anadək müdafiəçi ilə təmin olunmuş, onunla bağlı bütün istintaq hərəkətlərinin həyata keçirilməsində müdafiəçi də iştirak etmiş və təqsirləndirilən şəxs heç bir halda müdafiəçi ilə, dolayısı ilə də müdafiə hüququnun təmin olunmaması ilə bağlı iradını bildirməmişdir. İbtidai araşdırma dövründə təhqiqatçı və müstəntiq tərəfindən prosessual hərəkətlərin və istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı müvafiq protokolların tərtib olunma tarixinin deyil, yalnız zaman etibarı ilə vaxtının, yəni saatının və dəqiqəsinin səhv yazılmasına dair xüsusatlara gəldikdə isə qeyd edilməldir ki, həmin səhvlər sonradan hər hansı şəxsin verdiyi ifadələrlə aradan qaldırıla bilməsə də, məhkəmə hesab edir ki, həmin yanlışlıqları texniki xəta olaraq qəbul edilməlidir. Belə ki, iş materialları ilə də sübut olunur ki, təqsirləndirilən şəxs sözügedən prosessual hərəkətlərin və istintaq hərəkətlərinin aparılmasında dövlət hesabına ona ayrılan müdafiəçi ilə birlikdə iştirak etmiş və hər iki şəxs müvaiq protokolları öz imzaları ilə təsdiq etmişdir. Bundan başqa şübhəli şəxs kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına dair videogörüntüdən də görünür ki, müdafiəçi Rasim Vəliyev həmin istitntaq hərəkətində real olaraq iştirak etmiş və Təqsirləndirilən şəxs müdfiə hüququ təmin edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sözügedən xüsusatlar birmənalı şəkildə təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi ilə bağlı qənaətə gəlməyə əsas vermir. Odur ki, müdafiə tərəfin qeyd etdikləri əsas götürülməklə təqsirləndirilən şəxsə irəli sürülən ittihamla bağlı bəraətin verilməsi qənaətinə gəlmək qeyri-mümkündür. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin həmin maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 15 noyabr 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 66.5-ci maddəsinə əsasən Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin edələcək azadlıqdan məhrum etmə cəzasına qismən toplanılaraq qəti cəza təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplanılaraq üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 15 noyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan 3,365 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-111/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-111/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver