Məhkəmə qərarları › İş №1(091)-112/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-112/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-112/2020 16.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X13 Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X6 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X7, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1979-cu ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olan və Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 1 mənzil 406-da yaşayan, xx xxxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X13 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə saat 20:30 radələrində, Yevlax rayonu Aşağı Bucaq kəndində, müvəqqəti olaraq ailə üzvləri ilə birlikdə yaşadığı qayınanası X3 məxsus həyət evinin həyətyanı torpaq sahəsinin qarşısındakı küçədə, Zərərçəkmiş şəxs özünə məxsus “VAZ-21043” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili palçıqlı yolda idarə etməkdə çətinlik çəkdiyindən sonuncuya kömək məqsədi ilə yaxınlaşmış və kömək etmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs ona nalayiq söyüşlər söyüb bir dəfə yumruqla onun ağız nahiyəsindən vuraraq Təqsirləndirilən şəxs “üst dodağın selikli qişasının qançırı xəsarəti ilə müşayiət olunan”, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən qəsdən bədən xəsarəti yetirməklə döymüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinin çəpərindən götürdüyü istintaqa məlum olmayan ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq ona “qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 19:00 radələrində Yevlax rayonu Aşağı Bucaq kəndində qayınanası Həmayənin evində olarakən həyətə giriş qapısının önündə avtomobil səsi eşitmiş, avtomobilin batıb qaldığını, sürücünün avtomobilə yüksək qaz verdiyini eşitmişdir. Sürücüyə kömək etmək məqsədi ilə yola çıxmış, “VAZ-21043” markalı avtomobilin təkərlərinin palçıqda batıb qaldığını, görmüşdür. Sürücüyə “əmioğlu, nə kömək lazımdır” demiş, Pərviz ona “get tullan burdan, sən kimsən” cavabını vermişdir. Pərvizə “mən burda yaşayıram, sən kimsən” demiş və qabaq sol qapıya yaxınlaşmış, “bu nə danışıqdır danışırsan” demişdir. Pərviz ona nalayiq söyüş söymüşdür. Avtomobilin qapısının açıq olmuş şüşə yerindən Pərvizin başına doğru bir dəfə yumruq zərbəsi endirmişdir. Lakin, yumruq zərbəsi Pərvizə dəyməmişdir. Pərviz avtomobilindən düşərək ona nalayiq söyüş söymüşdür. Aytəkin və Həmayə evin həyətinə çıxmışlar. Pərvizə ailə üzvlərinin həyətdə olduğunu, söyüş söyməməsini demişdir. Pərviz üstünə gələrək onun ağız nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Dodağı əzilmiş və qan axmışdır. Pərvizə “niyə məni vurdun” demiş, Pərviz yenidən ona söyüş söyərək «yaxşı edib səni vurdum” demişdir. Həyətin qarğıdan olmuş çəpərində bir ədəd bıçağın olduğunu görmüş, bıçağı götürərək əlində saxlamış və Pərviz onu vurmaq üçün yenidən üstünə gələndə onu yenə də vuracağını görərək əlindəki bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurmuşdur. Qonşusu Allahyar gəlmiş, Pərvizi tanıdığını və nə səbəbə dalaşdıqlarını soruşmuş, cavabında söyüş söydüyünə və yumruq ilə vurduğuna görə vurduğunu bildirmişdir. xx xxxx 2020-ci ildə Yevlax Rayon Polis Şöbəsinə gəlmişdir. Əməlindən peşmandır. Zərəçəkmiş şəxs ilə barışmış, razılıq əldə etmişdir. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 20 radələrində oğlu Rəcəbin “ata təkər olsa tonqal yandırardıq” deməsinə görə təkər tapmaq üçün Yevlax rayonu Aşağı Bucaq kəndində Xaldan-Mingəçevir asfalt yolunun kənarında yerləşən avtomobil təkəri təmiri sexlərində lazımsız təkərlərin olduğunu xatırlamış və “VAZ-21043” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin əraziyə gedərək bir ədəd avtomobil təkəri gətirməyi qərara almışdır. Təkər tapmayaraq geri qayıdanda maşını işə salmaq istəyəndə maşın batmış, sürət versə də maşın yerindən tərpənməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs gələrək avtomobilin qabaq sağ qapısının şüşəsini döyərək “nə axtarırsan” demiş, cavabında “sən kimsən, get işinlə məşğul ol” demişdir. Ramil gələrək avtomobilin qabaq sol qapısının yanında dayanmış və “sənə demirəm nə axtarırsan” demişdir. Ramilə “nə işinə qalıb, aralaş, burdan get” cavabını vermişdir. Avtomobilin sükanı arxasında əyləşmiş və avtomobilin sol qabaq qapısının şüşəsi aşağı vəziyyətində olmuşdur. Ramil qapının açıq olmuş şüşə yerindən onun başına doğru bir yumruq zərbəsi atmışdır. Başını arxa tərəfə çəkmiş, Ramilin yumruq zərbəsi ona dəyməmişdir. Avtomobildən düşmüş, Ramilin üstünə gedərək “mənə niyə yumruq atırsan” demişdir. Həmin vaxt Ramil ona nalayiq söyüş söymüş, əvəzində o, da Ramilə söyüş söymüşdür. Ramil onun üstünə gəldiyi üçün yumruqla bir dəfə onun ağız nahiyəsindən vurmuşdur. Ramilin dodağından az miqdarda qanın axdığını görmüşdür. Həmin vaxt Ramil qarğı çəpərə tərəf getmiş və yenidən onun yanına qayıtmışdır. Ramil əlindəki predmetlə onun qarnından bir dəfə zərbə endirmiş, qarnının kəsildiyini hiss etmişdir. Əynində olmuş paltarlarını yuxarı qaldırmış, qarnının kəsildiyini və həmin nahiyəsindən qan axdığını görmüşdür. Ramilin əlindəki predmetin bıçaq olduğunu, bu səbəbdən də bıçağın onun qarnını kəsdiyini bilmişdir. Allahyar yanına gəlmiş, qarnındakı xəsarəti Allahyara göstərmiş və həmin xəsarəti Ramilin bıçaqla ona yetirdiyini demişdir. Allahyar Ramili yaşadığı evə yola salmış, Allahyara təkər götürmək üçün gəldiyini, avtomobilinin palçıqda batıb qaldığını, Ramilin onun yanına gəldiyini, bir-biri ilə mübahisə edib dalaşdığını demişdir. Ramilin qayınanası Həmayə və arvadı Aytəkin onların yanına gəlmişlər. Həmayə ona “gedək səni aparım həkimə” demişdir. Həmayəyə “lazım deyil, hanı məni bıçaqlayan şəxs, o, mənim yanıma gəlsin” demişdir. Aytəkin telefonla Ramilə bir neçə dəfə zəng etmişdir. Lakin, Ramil zəngə cavab verməmişdir. Həmayə ona yeznəsi Ramili bağışlamağını, sonuncunun əvəzindən ondan üzr istədiyini demişdir. O, qan itirdiyini görərək xəstəxanaya getməyi qərara almışdır. Xəsarət almış vəziyyətdə olduğu üçün avtomobilini idarə edə bilməyəcəyini görmüşdür. Kömək çağırmaq məqsədi ilə istifadə etdiyi telefonla qonşusu Tehrana zəng etmiş, Aşağı Bucaq kəndində bıçaqlandığını, yanına gəlməsini demişdir. Təxminən 5-10 dəqiqə sonra Tehran qonşusu Eyvazın idarə etdiyi “VAZ-21099” markalı avtomobili ilə yanına gəlmiş və qarnında olmuş xəsarətini Tehrana və Eyvaza göstərmişdir. Onu təcili olaraq X8 Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs ilə barışmış, razılıq əldə etmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 21 radələrində siqaret almaq üçün yaşadığı kənddə yerləşən mağazaya gedərkən Həmayənin evin yanında Ramil və Pərvizin sözlü mübahisə etdiklərini, Pərvizin avtomobilinin təkərlərinin palçıqda batdığını görmüşdür. Ramilin və Pərvizin az əvvəl dalaşdıqlarını başa düşmüş, Ramildən nə baş verdiyini soruşduqda Ramil Pərvizin avtomobilinin palçıqlı sahədə batırdığını, Pərvizə kömək etmək üçün yanına gəldiyini, Pərvizin kobud formada danışdığını, nalayiq söyüş söydüyünü və yumruqla ağzından vurduğunu, nəticədə dodağının əzildiyini, bundan sonra Pərvizlə dalaşdığını demişdir. Həqiqətən də Ramilin üst dodağının əzildiyini və qan axdığını görmüşdür. Ramili yaşadığı evə göndərmişdir. Pərviz əynindəki paltarını qaldırmış və Ramilin bıçaqla vuraraq qarnından xəsarət yetirdiyini demişdir. Pərvizin qarnının bir yerdən kəsildiyini və həmin nahiyədən qan axdığını görmüşdür. X11 adından üzr istəmiş, onu xəstəxanaya aparmaq istəsədə, o getməmişdir. Pərviz yaşadığı evə getmişdir. Bir neçə gün sonra Ramilin Yevlax Rayon Polis Şöbəsi tərəfindən həbs edildiyini, Pərvizin isə xəstəxanada müalicə olunduğunu bilmişdir. Şahid X4 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 20:30 radələrində yolda bir avtomobilin motorunun yüksək qaz səsini eşitmişdir. Ramil həyətə çıxmışdır. Təxminən 5 dəqiqə sonra Ramil evə qayıtmışdır. Ramilin üst dodağının əzildiyini və həmin nahiyəsindən qan axdığını görmüşdür. Aytəkin Ramildən nə baş verdiyini soruşmuşdur. Ramil yaşadığı evin yaxınlığında bir avtomobilin palçıqda batıb qaldığını, avtomobilə yaxınlaşaraq sürücüyə kömək təklif etdiyini, sürücünün Ramillə kobud formada danışdığını, söyüş söydüyünü, yumruqla ağzından bir neçə dəfə vurduğunu, həmin vaxt dodağının əzilərək qanadığını, bu səbəbdən də həmin şəxsə xəsarət yetirmək üçün çəpərdəki mətbəx bıçağı ilə bir dəfə qarın nahiyəsindən vurduğunu demişdir. Əvvəllər tanıdığı Pərviz onun yaşadığı evin həyətinə gəlmişdir. Həmkəndlisi Allahyar da Pərvizin yanında olmuşdur. Pərviz əynindəki paltarları yuxarı qaldırıb qarnını ona göstərmişdir. Pərviz Ramil tərəfindən bıçaqla vurulduğunu, qarın nahiyəsinin kəsildiyini, maykasının qana boyandığını demiş və Ramilin harada olduğunu soruşmuşdur. Pərviz Ramilin yanına gəlməsini ondan tələb etmişdir. Pərvizin qarın nahiyəsinin bir yerdən kəsildiyini, həmin nahiyəsindən qan axdığını görmüşdür. Pərvizi xəstəxanaya aparmağı təklif etmişdir. Pərviz isə həkimə getmək istəmədiyini demiş və Ramilin gəlməsini yenidən tələb etmişdir. Aytəkin telefonla Ramilin istifadə etdiyi telefona bir neçə dəfə zəng etmişdir. Lakin, Ramil zəngə cavab verməmiş və onların yanına gəlməmişdir. Pərviz həyətdən çıxıb getmişdir. Həmin gecə Ramil evə gəlməmişdir. Bir neçə saat sonra Aytəkin Ramilə zəng edərək harada olduğunu soruşmuşdur. Ramil Mingəçevir şəhərində qohumlarının evində olduğunu demişdir. Şahid X5 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 21 radələrində Pərviz zəng edərək Yevlax rayonu Aşağı Bucaq kəndində bıçaqlandığını, yanına gəlməsini demişdir. Eyvazın idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Aşağı Bucaq kəndinə getmişdir. Eyvazın avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı üçün avtomobili ilə Mingəçevir şəhərinə gedə bilməyəcəyini demişdir. Eyvaz qonşusu Firdovsiyə zəng etmiş və onlar Eyvazın idarə etdiyi avtomobillə Firdovsinin yaşadığı ünvana getmişlər. Firdovsi Pərvizin avtomobilini idarə edərək Pərvizi X8 Xəstəxanasına aparmışdır. Şahid4 məhkəmədə Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Şahid5ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 20 radələrində azyaşlı oğlu Rəcəb Pərvizə tonqal yandırmaq istədiyini demişdir. X14 kəndində yerləşən avtomobil təkəri sexlərinə gedəcəyini, bir ədəd təkər gətirəcəyini və tonqal yandıracağını demişdir. Pərviz idarə etdiyi “VAZ-21043” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək olaraq yaşadığı ünvandan çıxıb getmişdir. Pərviz evə qayıtmamışdır. Bir neçə saat sonra Pərvizə zəng edərək nə səbəbə evə gəlmədiyini və harada olduğunu soruşmuş, Pərviz isə Aşağı Bucaq kəndində bir nəfər şəxslə mübahisə etdiyini, həmin şəxsin bıçaqla Pərvizin qarnından vurub xəsarət yetirdiyini, X2 getdiyini demişdir. Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə Təqsirləndirilən şəxs həmin kənddə yerləşən ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq yaşadığı evin yerləşdiyi həyətin qarğı materialdan hörülmüş çəpərinin çöl tərəfində baş vermişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxxx 2020-ci il tarixli 190 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi mümkündür. Adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarət yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 307 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Kompleks məhkəmə-bioloji və trasoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 329/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu – O(1)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, pulover, mayka və Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə O (1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. xx xxx 2020-ci il tarixli 202/2020-MTKŞ nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön orta nahiyəsində bir ədəd dəlibkeçən zədə aşkar olunur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs ilə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin heç bir tələbi və şikayəti olmamasını, məcburi köçkün olması, himayəsində 2019-cu il təvəllüdlü Tunar adlı bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı isə CM-nin 60-cı maddəsinin “təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” müddəası nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 70- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakter və ictimai təhlükəllilik dərəcəsini, zərər çəkmiş şəxs ilə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin heç bir tələbi və şikayəti olmaması, Ağdam rayonundan məcburi köçkün olması, himayəsində bir azyaşlı uşağı olması kimi halları nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunacağını mümkün saydığına görə təyin olunan cəzanın sınaq müddəti ilə şərti olaraq tətbiq olunmasını, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək barədə vəzifə qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin126.1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həbsdə olduğu xx xxxx 2020-ci ildən xx xxxxxxxx 2020-ci ilə kimi olan 5 (beş) ay 25 (iyirmi beş) gün həmin cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti cəza 2 (iki) il 6 (altı) ay 5 (beş) gün saxlansın. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışına nəzarət Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan və Yevlax rayon PŞ-də saxlanılan bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd mayka Zərərçəkmiş şəxs, bir ədəd şalvar Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu gündən 20 gün müddətində X13 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar