Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-112/2021 29.04.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rəşad Şəmşir oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət ittihamını müdafiə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxx 1999-cu il tarixdə Rusiya Federasiyasının Kaluqa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27.11.2020-ci il tarixdə saat 21 radələrində Göyçay şəhəri H.Əliyev prospekti dalan 5 ev 9 ünvanında yerləşən yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 21901 markalı **-BG-*** dövlət nömrəli avtomobili ilə qonşuluqda yaşayan Şahid1 həmin küçəyə gətirməsi səbəbindən, eləcə də əvvəllər də davamlı olaraq sonuncunun yaşadığı ünvana gəlib orada əylənərək səs-küy salmasına görə qonşuların narazılığına səbəb olan hərəkətlər etməsi ilə bağlı ona öz iradını bildirdikdə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu əli ilə boynundan, təpiklə ayağından vuraraq fiziki ağrılar yetirməsi, eləcə də özünün və ailə üzvlərinin ünvanına söyüşlər söyüb təhqir etməsi səbəbindən hiddətlənmiş və üzərində olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan tipli cib bıçağının kəsici-deşici hissəsi ilə qəsdən vuraraq sonuncuya gövdənin ön səthində qarınüstü nahiyənin sol hissəsində qarın boşluğuna nüfuz etməyən yumşaq toxumanın deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmçinin qarının aşağı şöbəsinin sol və sağ yan hissələrində qarın boşluğuna nüfuz edən bağırsaq müsariqələrinin zədələnməsi ilə müşayiət edilən deşilmiş-kəsilmiş yaralardan ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onların yaşadığı dalanda yüngül həyat tərzi keçirən Şahid1 və digər xanımlar yaşayır. Həmin ünvana daima yad adamlar gəlir, həmin evdə həmişə səs-küy olur, əyləncələr keçirilir ki, bu hal qonşular arasında, eləcə də onda narazılıq yaratmışdır. Dəfələrlə bu barədə Şahid1 bildirsə də, sonuncu buna əhəmiyyət verməmişdir. Zərərçəkmiş şəxs isə uşaqlıqdan tanımışdır və onunla yaxşı münasibəti olmuşdur. Həmin vaxt qonşular arasında gəzən şayiələrdən eşitmişdir ki, Zərərçəkmiş şəxs da tez-tez Şahid1 evinə gəlir və həmin evdə təşkil olunan əyləncələrdə iştirak edir. Hadisə günü, yəni 27.11.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında dalanda olan zaman Zərərçəkmiş şəxs idarə etdiyi tünd göy rəngli **-BG-*** dövlət nömrəli avtomobili ilə Fatmanı və yanında bir nəfər kirayə yaşayan Kəmalə adlı qızı gətirib onların yaşadığı evin yanında düşürtdüyünü görmüşdür. Aqil geriyə qayıdanda dalandakı döngədə əli ilə işarə edib avtomobili saxlatmışdır ki, Aqilə iradını bildirsin. Aqildən yerə düşməsini xahiş edəndə sonuncu əksinə ona avtomobildə söhbət etmələrini təklif etmişdir. O isə Aqilə onun avtomobilinə əyləşməyəcəyini və yerdə onunla söhbət edə biləcəklərini söyləmişdir. Bu zaman Aqil avtomobildən düşərək ona aqressiv formada “sən kimsən mənimlə söhbət edəsən, mənə nəsə öyrədəsən, mən özüm bilərəm bura kimi düşürdürəm, get işinlə məşğul ol” deyərək boyun nahiyəsindən bir dəfə yumruqla, sol ayağından isə təpiklə bir dəfə vurmuşdur. Aqil ona təpik və yumruğu zərbə ilə endirmədiyinə görə heç bir xəsarət almamışdır. Aqilə sadəcə qohum-qonşulardan ayıb olduğunu və hamının onun bu hərəkətlərinə pis baxdığını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs narazılıq edərək ona və ailə üzvlərinin ünvanına ağır ifadələrlə nalayiq söyüşlər söyüb onu təhqir etmişdir. O, artıq Aqilin ağır söyüş söyməsinə dözməmiş və əsəbiləşdiyindən gödəkçəsinin cibində olan kiçik qatlanan bıçağı çıxarıb yumruq və təpik vurduğuna, eləcə də söyüş söyüb onu təhqir etdiyinə görə cəzalandırmaq üçün Zərərçəkmiş şəxs qarnının müxtəlif yerlərindən vurub xəsarət yetirmiş və dərhal sonuncudan aralanmışdır. Aqil isə onun üzərinə yeriyəndə Şahid1 onların yanına yaxınlaşmışdır. Lakin Aqil həmin vaxt dayanmış, Fatma isə aralarına girib Aqilə avtomobilə əyləşməsini bildirərək sonuncunu avtomobilə əyləşdirmişdir. O isə hadisə yerindən uzaqlaşmışdır və hadisə yerindən uzaqlaşarkən Aqili vurduğu qara rəngli bıçağı qatlayıb bir neçə metr aralıda yolun solunda otluq yerə atmışdır. Aqil öz avtomobili ilə Fatma ilə dalandan çıxıb uzaqlaşandan sonra o, yaşadığı evə getmiş və hadisə barədə atasına danışmışdır. Bir az sonra isə polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. O da polis şöbəsinə gələrək hadisənin nə cür baş verməsi barədə izahat vermişdir. Daha sonra hadisə yerinə gedərək hadisə yerini və bir az aralıda Aqilə xəsarət yetirmiş olduğu qara rəngli bıçağı atdığı yeri göstərmişdir. Həmin bıçaq da otluqdan aşkar edilərək götürülmüşdür. Sadəcə yanlış anlaşılma nəticəsində belə bir hadisə baş vermişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs çoxdan tanımışdır və onunla yaxşı münasibəti olmuşdur. Hadisə günü öz avtomobili ilə yolla gedərkən əvvəldən tanıdığı Fatmanının əlində ağır zənbillə getdiyini görüb avtomobilini saxlayıb onu və yanında olan Kəmalə adlı qızı avtomobilə mindirmiş və evlərinə gətirmişdir. Fatmagili yaşadığı ünvana apararaq onu düşürüb qayıdan zaman Təqsirləndirilən şəxs onun qabağına çıxmışdır. Avtomobildən düşüb onunla söhbət edən zaman Təqsirləndirilən şəxs ona küçələrinə gəldiyinə görə irad bildirmişdir. Belə ki, barəsində gəzən şayiələrə görə onun Rüstəmgilin küçələrində yaşayan Fatma adlı qadının yanına gəlib, orada yüngül həyat tərzi keçirən qadınlarla əyləndiyini düşünərək Rüstəm ona iradlarını bildirmişdir. O da barəsində səhv fikirləşdiyini bildirib fikrini izah etmək istəmiş, heç vaxt belə işlərlə məşğul olmadığını ona bildirmiş, ancaq bir-birlərini düzgün başa düşmədikləri üçün mübahisələri yaranmışdır. Bu zaman qarşılıqlı olaraq bir-birlərinə əl-qol atmışlar. Həmin ərəfədə ola bilsin ki, Təqsirləndirilən şəxs bir-iki dəfə vurmuş və əsəblərini cilovlaya bilməyib onun ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ona üzərində olan bıçaqla vuraraq xəsarətlər yetirmişdir. Həmin vaxt hadisə yerinə Şahid1 gəlmiş, onu avtomobilə əyləşdirmiş və onlar xəstəxanaya getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Münasibətləri həmişə yaxşı olmuşdur. Sadəcə yanlış anlaşılma nəticəsində belə bir hadisə baş vermişdir. Məhkəmədən təqsirləndirilən şəxsin azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, onların yaşadığı küçədə 16 ailə yaşayır. Fatma adlı qadın da anası ilə birlikdə onların küçəsində yaşayır. Loğman adlı bir nəfər Fatma üçün onların həyətində ev tikib və həmin evi Fatma özü kimi yüngül həyat tərzi keçirən qadınlara kirayəyə verib. Onların yaşadıqları həmin ünvana çoxlu maşınlar gəlib-gedir, daima səs-küy olur ki, bu da söz-söhbətə səbəb olur. X12 də küçəyə gələrək Fatma adlı qadını düşürtdüyünü görəndə ona öz iradlarını bildirərək onunla dalaşmış və bıçaqla ona xəsarətlər yetirmişdir. Sonradan oğlu bilmişdir ki, Aqil həmin küçəyə tez-tez gələnlərdən deyil. O, həmin vaxt Fatmaya kömək etmək üçün onu gətirib evlərində düşürtmüşdür. Hadisə gəzən şayiələrə görə yanlışlıq nəticəsində baş vermişdir. Hazırda heç bir problem yoxdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, onların küçəsində gəzən şayiələrə görə polis şöbəsinə gedərək şikayət etmişlər. Bu işlə bağlı da eşitdikləri barədə ifadə vermişdir. O, Aqil adlı şəxsin də küçələrində yaşayan Fatma adlı qadının yanına əylənmək üçün gəldiyini eşitmiş, lakin onun özünü orada görməmişdir. Sonra da Rüstəmin Aqil adlı şəxsə iradlarını bildirərək onunla dalaşdığını və ona bıçaqla xəsarətlər yetirdiyini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 Şahid5 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək icraat dövründə şahid qismində verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Şahid1 həmin ifadəsində göstərmişdir ki, iki azyaşlı uşağı ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Sanitar Təmizlik idarəsində briqada başçısı işləyir. Yaşadığı evin həyətində başqa balaca ev kimi bir tikili vardır ki, orada Kəmalə, Briliyant, Şəhanə adlı qızlar kirayə yaşayırlar. Kəmalə, Briliyant, Şəhanə Göyçay şəhərində müxtəlif yerlərdə işləyirlər. Zərərçəkmiş şəxs ilə yoldaşlıq, dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs isə onunla qonşuluqda bir dalanda yaşayır. Təqsirləndirilən şəxs hər dəfə Zərərçəkmiş şəxs onu yaşadığı evə düşürtməsinə görə və Aqilin hərdənbir onun yaşadığı evə gəlməsinə görə narazılıqlar etmiş, eyni zamanda yaşadığı evin həyətində başqa qızların kirayə qaldıqlarına görə irad bildirmişdir. O isə Rüstəmin sözlərinə məhəl qoymamış, lakin Rüstəmlə mübahisə etməmişdir. Sonuncu dəfə o, 27.11.2020-ci il tarixdə saat 20:30 radələrində yaşadığı evin yaxınlığında olan “Bolluq” market adlanan mağazadan əlində sellofanlarla yaşadığı evə getmişdir. Onun yanında isə onun həyətindəki evdə kirayə qalan Kəmalə də olmuşdur. Onlar yaşadıqları dalana çatana yaxın Zərərçəkmiş şəxs idarə etdiyi VAZ markalı **-BG-*** dövlət nömrəli avtomobili ilə yanlarından keçmiş və əllərində yük olduğu üçün avtomobili evə aparmağı onlara təklif etmişdir. O və Kəmalə də razılaşıb avtomobilə minmişlər. Onlar küçə ilə yaşadıqları evə gedərkən dalanda Rüstəmi görmüşdür. Lakin onun küçədə olmasına əhəmiyyət verməmişdir. Aqil isə dönüb geriyə qayıdan zaman dönəcəkdə açıqlıq yerdə Rüstəmin onun avtomobilinə əl edib saxlatdığını görmüşdür. Kəmalə həmin vaxt əllərində olan sellofan torbaları evə aparmışdır. O isə kənardan Rüstəm tərəfə baxanda sonuncu ilə Aqil nəsə söhbət etmişlər və Aqil avtomobildən düşmüşdür. Aqil ilə Rüstəmin arasında sözlə mübahisə yaranmışdır. Aqil Rüstəmə əl-qol atmış, o isə sonunculara tərəf gedəndə Aqil Rüstəmə söyüş söymüşdür. Birdən anidən Rüstəm qara rəngli bıçaqla Aqilin qarın nahiyəsindən iki-üç dəfə vurub xəsarət yetirmiş və dərhal Aqildən aralanmışdır. O da Aqilin xəsarət aldığını görüb xəstəxanaya aparmaq üçün Aqili avtomobilinə əyləşdirmişdir. Rüstəm isə onların yanından qaçıb küçənin başına tərəf getmişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə sonuncunun avtomobili ilə xəstəxanaya getmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək icraat dövründə şahid qismində verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Şahid3 həmin ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında Şahid1 məxsus evin həyətində yerləşən köhnə evdə Brilyant və Şəhanə adlı qızlarla kirayə yaşayır. Fatma isə həmin həyətdə digər təzə tikilmiş evdə azyaşlı uşaqları ilə yaşayır. Zərərçəkmiş şəxs Şahid1 tanışı kimi tanımışdır. Aqil ilə Fatmanın dostluq münasibətləri olmaqla əvvəllər Aqil Fatmagilə qonaq kimi gəlibgetmişdir, lakin onlar həyətdə heç zaman səs-küy salmamışlar. Təqsirləndirilən şəxs isə onlarla qonşuluqda yaşayır. 27.11.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında olan “Bolluq market” adlanan mağazadan Şahid1 ilə əllərində sellofan torbalarla evə getmişlər. Yaşadıqları dalana çatana yaxın Zərərçəkmiş şəxs idarə etdiyi Lada markalı avtomobili ilə yanlarından keçərkən avtomobili saxlayıb əllərində yük olduğu üçün evə aparmağı təklif etmişdir. O və Fatma da razılaşıb Aqilin idarə etdiyi avtomobilə minmişlər. Avtomobildə küçə ilə evə gedərkən dalanda Rüstəmi görmüşdür. Aqil onları düşürüb dönüb geriyə qayıdan zaman dönəcəkdə Rüstəmin onun avtomobilinə əl edib saxlatdığını və onların söhbət etdiklərini görmüşdür. Lakin nə danışdıqlarını eşitməmişdir. O, həmin vaxt əlində olan sellofan torbaları evə aparmışdır. Fatma isə Rüstəm ilə Aqilə tərəfə getmişdir. O, Fatmadan ayrılıb həyətə daxil olandan sonra küçədə hər hansı bir səsküy və mübahisə səsi eşitməmişdir. Təxminən 10 dəqiqə keçmişdir ki, Fatmanın evə gəlmədiyini görüb yenidən küçəyə çıxmışdır. Lakin küçədə heç kimi görməmişdir. Küçədə həmin vaxt heç kim olmamış və qonşulardan da heç kim çölə çıxmamışdır. Sonra Fatma ilə əlaqə saxlayanda məlum olmuşdur ki, Rüstəmlə Aqilin arasında sonuncunun dalana gəlib-getdiyinə görə mübahisə baş vermiş və Rüstəm bıçaqla Aqilə zərbələr vuraraq ona xəsarət yetirmişdir. Ona görə də, Fatma Aqil ilə xəstəxanaya getmişdir. O, hadisənin nə cür baş verdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27.11.2020-ci il tarixli “Raport”dan görünür ki, 27.11.2020-ci il tarixdə saat 2135-də Göyçay rayon Mərkəzi Xəstəxanasından tibb bacısı Qarayevanın telefonla verdiyi məlumatda göstərilmişdir: Göyçay rayonu Potu kənd sakini 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qarnının daxilə keçən kəsilmiş, deşilmiş yarası. Bıçaqla vurulub. (cild 01, iş vər. 4) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27.11.2020-ci il tarixli “Raport”dan görünür ki, 27.11.2020-ci il tarixdə saat 21:35-də Göyçay rayon X3 RPŞ-nin Növbətçi Hissəsinə xx.xx.1984-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonunun Potu kəndində yaşayan Zərərçəkmiş şəxs qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 05) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Cinayət haqqında şifahi məlumatın qəbulu barədə” 27.11.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs aşağıda göstərilən məlumatı verdi: 27.11.2020-ci il tarixdə saat 21 radələrində Göyçay şəhəri H.Əliyev prospekti dalan 5-də Rüstəm adlı şəxs onu bıçaqlamışdır. (cild 01, iş vər. 06) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “baxış keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, o, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı atdığı yeri göstərmiş, həmin yerdən bir ədəd qara rəngli qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. Fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 11-15) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi barədə” 28 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş sellofan torbaya baxış keçirilən zaman müəyyən olundu ki, həmin torbada olan 01 ədəd boz rəngli, uzunqol qış köynəyinin üzərində çoxlu sayda qana oxşar ləkələr və köynəyin ön səthinin üzərində deşilmiş zədə izlərinin olması müəyyən edildi. Bundan sonra torbada olan ağ rəngli, pambıq materialdan olan maykanın üzərinə baxış zamanı həmin maykanın üzərində də çoxlu sayda qana oxşar ləkələr və köynəyin ön səthinin üzərində deşilmiş zədə izlərinin olması müəyyən edildi. Həmin təqdim edilmiş paltarlar əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq möhürlənib götürüldü. (cild 01, iş vər. 28-30) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 30 noyabr 2020-ci il tarixli, 486 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər: Gövdənin ön səthində qarınüstü nahiyənin sol tış hissəsində qarın boşluğuna nüfuz etməyən, yumşaq toxumanın deşilmiş-kəsilmiş yarası iti kəsici kənara malik deşici-kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 27.11.2020-ci il tarixdə əmələ gəlməsi halı inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qarının aşağı şöbəsinin sol və sağ yan hissələrində qarın boğluğuna nüfuz edən bağırsaq müsariqələrinin zədələnməsi ilə müşayiət edilən deşilmiş-kəsilmiş yaralar iti kəsici kənara malik deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 27.11.2020-ci il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (cild 01, iş vər. 52-54) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə tibbi kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 15 yanvar 2021-ci il tarixli 615-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş A.Q Zeynalova məxsus paltarların (qolsuz mayka və uzunqol köynək) ön səthində sağda 01 (bir) ədəd və ön səthində solda 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgüclü, iti ucu və küpü olan yastı tiyə tipli deşici kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin, o cümlədən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş eyni xarakterli xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarların ön səthində 01 (bir) ədəd və ön səthində solda 02 (iki) ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədənində olan üç ədəd eyni xarakterli xəsarətlərlə (qarınüstü nahiyəsinin sol tış hissəsində 01 (bir) ədəd və qarının aşağı şöbəsinin sol və sağ yan hissələrində - cəmi 02 (iki) ədəd yerləşməsinə görə nisbi olaraq uyğun gəlirlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. (cild 01, iş vər. 150-155) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi biologiya ekspertizasının 25 dekabr 2020-ci il tarixli 977/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİl). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəkdə, maykada və bıçaqda insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alındı. Belə olan halda bu qan ləkələri B alfa/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 01, iş vər. 156-160) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X10 25 fevral 2021-ci il tarixli, 990 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. (cild 01, iş vər. 210) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03.02.2021-ci il tarixli ərizədən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək 27.11.2020-ci il tarixdə saat 21 radələrində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu 1 dəfə əli ilə və 1 dəfə ayağı ilə vurduğunu, lakin bununla bağlı Zərərçəkmiş şəxs şikayəti və tələbinin olmadığını göstərmişdir. (cild 01, iş vər. 176) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 27 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qabil oğlunun əməlində CM-nin 29,120.1, 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələrinin tərkib əlaməti olmadığından, həmin maddələrlə barəsində cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Şahid1 yaşadığı ünvanda əxlaqsız yuva saxlanması ilə bağlı xüsusatda CM-nin 244-cü maddəsinin tərkib əlamətlərinin mövcudluğunun olub-olmamasına hüquqi qiymət verilməsi üçün 11.03.2020-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti, 5 saylı dalanda yaşayan X2, X5, X8 və qeyrilərinin DİN-in 102 xidmətinə müraciətləri əsasında, eləsə də 03.04.2020-ci il tarixdə Şahid2 müraciəti əsasında toplanmış materiallar üzrə qəbul edilmiş qərarlar ləğv edilmiş və əlavə araşdırma məsələsinə baxılması üçün prokuror qarşısında vəsatət qaldırılmış, Zərərçəkmiş şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin təsiri altına düşsə də, Təqsirləndirilən şəxs onun barəsində şikayəti olmadığından, barəsində inzibati xəta haqqında icraatın başlanılmaması qərara alınmışdır. (cild 01, iş vər. 217-232) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəsinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu əli ilə boynundan, təpiklə ayağından vuraraq fiziki ağrılar yetirməsi, eləcə də özünün və ailə üzvlərinin ünvanına söyüşlər söyüb təhqir etməsi səbəbindən hiddətlənmiş və üzərində olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan tipli cib bıçağının kəsici-deşici hissəsi ilə qəsdən vuraraq sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (məhkəmə-tibbi ekspertizasının 30 noyabr 2020-ci il tarixli, 486 nömrəli rəyinə əsasən) xəsarətlər yetirmişdir. Odur ki, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, habelə məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq olunan şahid ifadələri, ekspert rəyləri, o cümlədən biri digərini tamamlayan digər sübutlarla məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Göyçay şəhəri H.Əliyev prospekti dalan 5/9 ünvanında qeydiyyat olmaqla yaşayır. Onun barəsində yaşadığı ərazidən Göyçay RİHBnin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (cild 01, iş vər. 141-143) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 202-203) Məhkəmə kollegiyası cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamaqla onunla barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və etdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə şəxsin şəxsiyyətini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını, lakin onun həmin cəzanı real olaraq çəkmədən də islah oluna biləcəyini əsas götürərək ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxsin eyni rayon sakini olmaqla bir-birlərini tanımalarını, əvvəllər aralarında hər hansı ədavətin və düşmənçiliyin olmamasını, təqsirləndirilən şəxsin gənc olmaqla hadisəni zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsini, təqsirləndirilən şəxsin cinayət hadisəsi törətdikdən sonrakı hərəkətlərini, yəni ibtidai istintaqının gedişinə köməklik göstərməsini (cinayət alətinin aşkar olunması, səmimi ifadələr verməsi, istintaq orqanından yayınmaması və s.), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə” 28 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün, yəni 28 noyabr 2020-ci il tarixdə saat 15:00-da cinayət əməlini törətməkdə şübhə yaranan şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 39) Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” 4(046)-33/2020 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 28.11.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 81-83) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla çıxılmalı və üzərində saxlanılan azadlıqdan məhrumetmə növündə cəzaya CM-nin 70-ci maddəsi tətbiq edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edildiyindən, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka tələb edilmədiyindən, həmçinin cinayət aləti olan bir ədəd bıçaq isə dəyəri müəyyən olunmadığından məhv edilməlidir. İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28.11.2020-ci il tarixdən 29.04.2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu 05 (beş) ay 01 (bir) gün müddət əsas cəzaya hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş və üzərində saxlanılmış 03 (üç) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə növündə cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka, həmçinin cinayət aləti olan bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-112/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-112/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver