Məhkəmə qərarları › İş №1(091)-112/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-112/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-112/2022 07.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 2 (iki) ədəd iç-içə qoyulmuş polietilen kəsiyi bükümündə külli miqdarda 24,591 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və 3 (üç) ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,505 qram, 2,887 qram və 14,737 qram olmaqla ümumi təmiz çəkisi 18,129 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək əynində olan qara rəngli gödəkçənin sol yan cibində qanunsuz olaraq saxlamış, 2021-ci ilin noyabr ayının 26-da saat 19 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgələrində Regional Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, Yevlax şəhəri, Həzi Aslanov küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən satış məqsədilə əldə edib saxladığı 2 (iki) ədəd iç-içə qoyulmuş polietilen kəsiyi bükümündə külli miqdarda 24,591 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 3 (üç) ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,505 qram, 2,887 qram və 14,737 qram olmaqla ümumi təmiz çəkisi 18,129 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və üzərində heroin izləri olan 1 ədəd “gümüşü” rəngli işlək vəziyyətdə olan elektron tərəzi aşkar olunub, qanunamüvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, onun üzərində narkotik vasitə olmamışdır. Həmin günü o, Şahin adlı tanışının yaşadığı evə getmiş, evdə narkotik vasitə qəbul etmişdir. Bu vaxt Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgələrində Regional Şöbəsinin əməkdaşları həmin evə basqın etmiş, həmin evdən aşkar olunan narkotik vasitələr götürüldükdən sonra ona aid olması barədə ona təzyiq olunmuşdur. O da döyüldüyü üçün məcbur qalıb aşkar olunan narkotik vasitənin və metamfetaminin ona məxsus olması barədə etirafedici ifadə vermişdir. Ona görə də, özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, təxminən iki ildir ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitə aludəçisidir. Təxminən 2-3 aydır ki, İran İslam Respublikasında yaşayan, həmin ölkənin vətəndaşı Əhməd adlı şəxsdən narkotik vasitə alır. Sonuncu dəfə isə tutulmazdan təxminən 3-4 gün əvvəl Əhmədin göndərdiyi hesab nömrəsinə 500 manat pulu ödəyərək onun Bakı şəhəri Suraxanı rayonu ərazisinə qoydurduğu narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb özünün istifadəsi üçün üzərində saxlamışdır. 26 noyabr 2021-ci il tarixdə saat 19:00 radələrində Yevlax şəhəri H.Aslanov küçəsində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitəni üzərində saxlamağında şübhəli olduğunu bildirmiş, həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinə gedəcəyini demiş, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Yevlax Rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan gödəkcənin sol yan cibində saxladığı bir ədəd sellofan torbadakı iki ədəd qara rəngli torbacıqda olan üç ədəd sellofan bükümdəki psixotrop maddə metamfetamini, bir ədəd sellofan bükümdəki narkotik vasitə heroini və bir ədəd elektron tərəzini çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümlərə onun iştirakı ilə baxış keçirib sonra elektron tərəzidə çəkmiş, həmin bükümlər və elektron tərəzi ağ rəngli kağız zərfə qablaşdırılmış, o və digər iştirakçılar həmin zərfin üzərini imzalamış, həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 26 noyabr 2021-ci il tarixdə Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 3-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı və saxlanılması ilə məşğul olması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgələrində Regional Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş, şöbənin rəhbərliyinin razılığı alındıqdan sonra həmin məlumat əsasında şöbənin polis nəfəri Şahid1la birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışdır. Saat təxminən 19:00 radələrində Yevlax şəhəri, Həzi Aslanov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşmış, ona narkotik vasitələrin saxlanılmasında və satışında şübhəli olduğunu bildirib polis şöbəsinə getməli olduğunu demiş və Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinə getmişdir. Yevlax Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan torbadakı iki ədəd qara rəngli torbacıqda olan üç ədəd sellofan bükümdəki psixotrop maddə metamfetamin, bir ədəd sellofan bükümdəki narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, daha sonra həmin heroin, metamfetamin və elektron tərəzi maddi sübut əhəmiyyətli olduğundan ekspertizaya təqdim olunmaq üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən daxil olmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə üzərində saxladığı müəyyən edilmiş, onun barəsində əməliyyatqeydiyyat işi açılmamış, əməliyyat məlumatı daxil olan kimi təxirəsalınmaz qaydada əməliyyat tədbiri keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgələrində X4 şəhər sakini Yaşar adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı, istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat dəqiqləşdirilməsi nəticəsində Yaşar adlı şəxsin xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 02). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Yevlax şəhəri H.Aslanov küçəsində yolun kənarında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 2 (iki) ədəd içiçə qoyulmuş polietilen kəsiyi bükümündə külli miqdarda - 24,591 qram narkotik vasitə heroinə, 3 (üç) ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,505 qram, 2,887 qram və 14,737 qram olmaqla ümumi təmiz çəkisi 18,129 qram külli miqdarda psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 ədəd “gümüşü” rəngli işlək vəziyyətdə olan elektron tərəzi aşkar olunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 26-29). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2021-ci il tarixli 16/1261 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 24,591 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, ayrı-ayrılıqda təmiz çəkiləri 0,505 qram, 2,887 qram və 14,737 qram olmaqla ümumi təmiz çəkisi 18,129 qram olan maddələr-psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş gümüşü rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Tədqiqata təqdim edilmiş 1 ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 38-41). Cinayət işinin materiallarında olan Yevlax RPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün bir sıra tədbirlər həyata keçirilmiş, ancaq Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə üzərində saxlaması müəyyən edilmişdir (cild 01, iş vər. 89). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 02 mart 2022-ci il tarixli 291 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 120). Cinayət işinin materiallarında olan arayışlardan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatdadır, psixo-nevroloji kabinetdə isə dispanser qeydiyyatda yoxdur (cild 01, iş vər. 117-118). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı göstərdiyi xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və göstərilənlər öz təsdiqini tapmadığından, həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 92-93). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarxdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgələrində X4 şəhər sakini Yaşar adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı, istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat dəqiqləşdirilməsi nəticəsində Yaşar adlı şəxsin xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən külli miqdarda narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlə, həmçinin elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərək narkotik vasitə və psixotrop maddə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı döyülməsi və məcbur qalıb ona aid olmayan narkotik vasitə ilə bağlı etirafedici ifadələr verməsinə dair bildirdiklərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, həmin xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və göstərilənlər öz təsdiqini tapmadığından, xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, əksinə onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin və psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, aşkar olunan kütlələrin bükümlərdə olması, habelə üzərindən elektron tərəzinin də aşkar olunması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 yanvar 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür (cild 01, iş vər. 87-88). Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə onun əvvəllər də dəfələrlə məhkum olunmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin xx.xx.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 15, 70-72). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 24,391 qram heroin, 17,979 qram metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 32,40 AZN (otuz iki manat, qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 24,391 qram heroin, 17,979 qram metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 32,40 AZN (otuz iki manat, qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar