Məhkəmə qərarları › İş №1(091)-112/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-112/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-112/2023 12.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili X16, Zərərçəkmiş şəxsin hüquqi varisi - X10 iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli və himayəsində iki azyaşlı uşağı olan, Göyçay rayonu Şahsoltanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263- 1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə mərhum qardaşı X4 mülkiyyətində olan VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay-Alpoud avtomobil yolunda üzü Alpoud kəndi istiqamətində 70 km surətlə hərəkət etdirərkən, Göyçay rayonun Bəydövül kəndi ərazisindən keçən hissəsində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarəetmə hüququnu sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olduğu halda, həmçinin, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol təsiri altında nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, habelə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, eyni zamanda nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, avtomobilin idarə olunmaz vəziyyətə düşməsinə yol verməməsini təmin edib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunan maddələrinə tələblərinə əməl etməməsi səbəbindən idarəetməni itirərək avtomobil yolunun sağ kənarına çıxaraq idarə etdiyi VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili qarşıda su kanalının kənarında olan iri gövdəli ağaca vurmuş, nəticədə ehtiyyatsızlıqdan avtomobildə sağ qarşı oturacaqda sərnişin qismində əyləşmiş qardaşı X2 qulaq sırğalığı nahiyyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası, üzün sağ yanaq - sağ almacıq sümüyü proyeksiyasında dərinin epidermis qatının sıyrılmış yarası, hər iki çənə bucağı nahiyələrində sıyrılmış yaraları, hər iki diz oynağının və sol baldırın yuxarı 1/3-nin ön hissələrində dərialtı qansızmalarından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən və başın qapalı travması, baş beyin qişaları altına və yan mədəciklərə ocaqlı qansızmalardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, sonuncunun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə günortadan sonra qardaşı Ziyaməddin Ağayev və tanışları Şahid1 və Şahid3 ilə birlikdə Göyçay rayonun Qaraman kəndinə balıq tutmaq üçün getmişlər. Saat təxminən günorta 01 radələrində balıq tutarkən yeyib içmişlər. O həmin vaxt çox içməmişdir. Axşam saat 18 radələrində isə yığışıb evə getməyi qərarlaşdırmışlar. Ona məxsus avtomobili işə salıb Göyçay-Alpoud avtomobil yolunda üzü Alpoud kəndi istiqamətində hərəkət etmişdir. Avtomobili özü idarə etmiş, avtomobildə qarşı sağ oturacaqda qardaşı X6, arxa oturacaqlarda isə tanışları Şahid1 və Şahid3 əyləşmişlər. Avtomobildə başqa heç kim olmamışdır. Avtomobili təxminən 70 km surətlə hərəkət etdirmişdir. Saat 19:00-da Göyçay rayonun Bəydövül kəndi ərazisindən keçən hissəsində öz hərəkət zolağında avtomobili idarə edərkən qəflətən qarşısına döngə çıxmış və o, idarə etməni itirmişdir. Döngəni keçən zaman qəflətən qarşısına iri gövdəli ağac çıxmışdır. Həmin ağaca çırpılaraq elə orada dayanıb qalmışdır. Həmin vaxt onun burnu idarə etdiyi avtomobilin sükanına dəyərək qanamış və o, yüngül xəsarət almışdır. Həmin vaxt qardaşının xəsarət aldığını və huşunu itirdiyini görmüşdür. Dərhal avtomobildən düşərək qardaşına kömək etmək istəmiş, lakin qardaşı artıq rəhmətə getmişdir. Avtomobilin arxa oturacağında əyləşən tanışları isə yüngül xəsarətlər almışdır. Bundan sonra hadisə yerinə gələn X20 Xidmətinin həkimləri onları Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, sürücülük vəsiqəsi olmamış, təxminən 70 km surətlə hərəkət etmiş, həmin vaxt qarşısına döngə çıxmış, idarə etməni itirmiş və ağaca çırpılmışdır. Avtomobil onun adına qeydiyyatda olmuşdur. Ona görə də, avtomobili özü idarə etmişdir. O, qəzadan sonra yüngül xəsarət almışdır. Təxminən günorta saat 01 radələrində qardaşı və tanışları ilə yeyib-içmişlər. Hadisə təxminən axşam saat 07 radələrində baş vermişdir. Qardaşının 2 oğlu olmuşdur. Qardaşımın ailəsi ilə barışmışdır. Döngəni keçən kimi qəflətən qarşısına iri gövdəli ağac çıxmışdır. Avtomobilin işıqları yanılı vəziyyətdə olmuşdur. Hava qaranlıq olduğu üçün ağacı görə bilməmişdir. 10 ildir avtomobil idarə edir, lakin 10 ildir sürücülük vəsiqəsi olmamışdır. Qəza törətdiyi avtomobili 10 ildir ki, idarə edirmiş. Avtomobili sürücülük vəsiqəsi olmadığı üçün kənd ərazisində idarə etmişdir. Avtomobili şəhər ərazisində idarə etməmişdir. Qardaşı həmin avtomobili idarə etməmişdir. Hadisə günü sərxoş vəziyyətdə olmuşdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X17 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Eyni zamanda bildirmişdir ki, spirtli içkilərdən istifadə etsə də, ərinin ailəsi ilə münasibəti yaxşı olmuş və hadisə baş verən günü balıq tutmaq üçün qardaşı Təqsirləndirilən şəxs və tanışları ilə Göyçay rayonu Qaraman kəndinə getmişlər. Qeyd olunanların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Qaraməryəm kəndində yaşayır. Göyçay rayonun Şahsoltanlı kənd sakinləri Təqsirləndirilən şəxs və X6 qardaşdırlar. Onlar bir yerdə usta kimi çalışmışlar. Ziyaməddin Ağayevin VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Hər gün həmin avtomobil ilə işə gedib gəlmişlər. Avtomobili həm Ramin, həmdə ki Ziyaməddin idarə etmişdir. 31 oktyabr 2022-ci il tarixdə günortadan sonra Ramin, qardaşı Ziyaməddin, həmkəndlisi Şahid1 Göyçay rayonun Qaraman kəndinə balıq tutmaq üçün getmişlər. Balıq tutarkən yeyib içmişlər və Ramin onunla və qardaşı Ziyaməddinlə spirtli içki, yəni araq içmişlər. Axşam saat 18 radələrində yığışıb evə getməyə qərarlaşmışlar. Təqsirləndirilən şəxs VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb Göyçay-Alpoud avtomobil yolunda üzü Alpoud kəndi istiqamətində hərəkət etdirmişdir. Qarşıda sağda Raminin qardaşı Ziyaməddin Ağayev oturmuş, arxada isə sağda o, arxada solda isə həmkəndlisi Şahid1 oturmuşlar. Avtomobildə başqa heç kim olmamış, həmçinin avtomobildə yük olmamışdır. Təqsirləndirilən şəxs avtomobili təxminən 70 km surətlə hərəkət etdirmişdir. Saat 19 radələrində Göyçay rayonun Bəydövül kəndi ərazisindən keçən hissəsində Ramin qəflətən idarəetməni itirdiyindən sonuncunun idarə etdiyi avtomobil yolun sağına çıxaraq su kanalının kənarında olan kol kosa sürtünərək xeyli qarşıya gedib su kanalının kənarında olan iri gövdəli ağaca möhkəm çırpılaraq elə orada çəpinə dayanıb qalmışdır. Zərbənin təsirindən avtomobilin qarşı sağ qapısı açıldığından qarşıda sağda əyləşmiş Ziyaməddin Ağayev huşsuz vəziyyətdə su kanalının kənarına düşmüşdür. Həmin vaxt o, Elçin və sürücü Ramin müxtəlif xəsarətlər almışlar. Belə ki, onun hər iki baldırı yüngül əzilmiş, Elçinin çanaq hissəsi yüngül əzilmiş, sürücü Təqsirləndirilən şəxs isə burnu sükana dəyərək qanamışdır. O, Şahid1 və sürücü Təqsirləndirilən şəxs avtomobildən düşüb, suyun içində olan sonuncunun qardaşı Ziyaməddinə yaxınlaşmışlar. Ziyaməddinin bədəni, eləcə də baş nahiyyəsi suyun içində qalmışdır. Həmin yer su kanalının kənarı olduğundan suyun dərinliyi həmin yerdə təxminən 60-70 santimetr olmuşdur. O, Elçin və Ramin suyun içindən Ziyaməddini çıxardaraq sonuncunu kənara çəkib yerə uzatmışlar. Lakin Ziyaməddin artıq ölmüşdür. Hadisə yerinə gələn Təcili Yardım Xidmətinin həkimləri onları Göyçay rayon Mərkəzi xəstəxanasına gətirmişlər. Həkimlər onları müayinə etmişlər. Yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarət səhhətinə heç bir zərər vurmamış, bədənində hər hansı xəsarət ümumiyyətlə qalmamışdır. Onun xəsarət almağı ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Yol nəqliyyat hadisəsi zamanı VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs təxminən saatda 70 km surətlə idarə etmiş, həmin avtomobilin hərəkəti üçün hər hansı maneə yaranmamışdır. Ramin qəflətən idarə etməni itirdiyindən avtomobil sağa istiqamətlənərək yoldan çıxmış və su kanalının kənarında olan kol kosa sürtünə sürtünə qarşıya gedib su kanalın kənarında olan ağaca çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid1 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonun Qaraməryəm kəndində yaşayır. Təqsirləndirilən şəxs və X6 qardaşdırlar və qonşu kənd olan Şahsoltanlı kənd sakinləridirlər. Onlar bir yerdə usta kimi çalışırlar. Ziyaməddin Ağayevin VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Hər gün həmin avtomobil ilə işə gedib gəlmişlər. Avtomobili həm Ramin, həmdə ki Ziyaməddin idarə etmişdir. 31 oktyabr 2022-ci il tarixdə günortadan sonra Təqsirləndirilən şəxs, qardaşı Ziyaməddin Ağayev, həmkəndlisi Şahid3 Göyçay rayonun Qaraman kəndinə balıq tutmaq üçün getmişlər. Balıq tutarkən yeyib içərkən Ramin qardaşı Ziyaməddinlə və Tərlan ilə araq içmişlər. O, isə araq içməmişdir. Axşam saat 18 radələrində yığışıb evə getməyə qərarlaşmışlar. Təqsirləndirilən şəxs VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb Göyçay-Alpoud avtomobil yolunda üzü Alpoud kəndi istiqamətində hərəkət etdirmişdir. Qarşıda sağda Raminin qardaşı Ziyaməddin Ağayav oturmuşdur. O, arxda solda, Şahid3 isə arxada sağda əyləşmişdir. Avtomobildə başqa heç kim olmamış, avtomobil yüksüz olmuşdur. Təqsirləndirilən şəxs VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 70 km surətlə hərəkət etdirmişdir. Saat 19 radələrində Göyçay rayonun Bəydövül kəndi ərazisindən keçən hissəsinə çatanda Təqsirləndirilən şəxs qəflətən idarə etməni itirdiyindən avtomobil yolun sağına çıxaraq su kanalının kənarında olan kol kosa sürtünərək xeyli qarşıya gedib su kanalının kənarında olan iri gövdəli ağaca möhkəm çırpılaraq elə çəpinə orada dayanıb qalmışdır. Zərbənin təsirindən avtomobilin qarşı sağ qapısı açıldığından qarşıda sağda əyləşmiş Ziyaməddin Ağayev halsız vəziyyətdə su kanalının kənarına düşmüşdür. Həmin vaxt o, Tərlan və Ramin də müxtəlif xəsarətlər almışlar. O, çanaq hissəsindən yüngül xəsarət almış, arxada yanında oturan Şahid3 hər iki baldırından yüngül xəsarət almış, sürücü Raminin isə burnu sükana dəyərək qanamışdır. O, Tərlan və avtomobili idarə edən Ramin avtomobildən düşüb suyun içində olan Ziyaməddinə yaxınlaşmışlar. Ziyaməddinin bədəni, eləcə də baş nahiyyəsi suyun içində qalmışdır. Suyun dərinliyi isə həmin yerdə təxminən 60-70 santimetrdir. O, Ramin və Tərlan suyun içindən Ziyaməddin Ağayevi çıxardaraq kənara çəkib yerə uzatmışlar. Lakin Ziyaməddin artıq ölmüşdür. Hadisə yerinə gələn həkimlər onları Göyçay rayon Mərkəzi xəstəxanasına gətirmişlər. Həkimlər onları müayinə etmişlər. Yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarət səhhətinə heç bir zərər vurmamış, bədənində hər hansı xəsarət ümumiyyətlə qalmamışdır. Onun, xəsarət almağı ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Yol nəqliyyat hadisəsi zamanı VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs təxminən saatda 70 km surətlə idarə etmiş, həmin avtomobilin hərəkəti üçün hər hansı maneə yaranmamışdır. Ramin qəflətən idarə etməni itirdiyindən avtomobil sağa istiqamətlənərək yoldan çıxmış və su kanalının kənarında olan kol kosa sürtünə sürtünə qarşıya gedib su kanalın kənarında olan ağaca çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə polis şöbəsinin daxili qrafiki əsasında əməliyyat qrupunun tərkibində olarkən axşam saat 19 radələrində Göyçay-Alpoud avtomobil yolunda Göyçay rayonun Bəydövül kəndi ərazisindən keçən hissəsində VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənaırnda ağaca çırpılması və ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alıb xidməti avtomobil ilə hadisə yerinə getmişdir. Hadisə yerinə gəldikdə həmin yolda üzü Alpoud kəndinə gedən istiqamətdə avtomobil yolunun sağ kənarında su kanalının yanında olan iri gövdəli ağacın yanında çəpinə VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin yerə toplaşanların deməsindən məlum olmuşdur ki, həmin avtomobildə 4 nəfər şəxs olmuş, həmin şəxslərdən biri ölmüş və 4 nəfərin hamısı hadisə yerinə gələn Təcili yardım Xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılmışdır. Hadisə yerinə gələn müstəntiq tərəfindən toplaşanlardan 2 nəfər hal şahidi dəvət olunaraq hadisə yerinin müayinəsi aparılmış, baxış zamanı müstəntiq yolun ölçülərini, eləcə də avtomobilin ağaca çırpılıb qaldığı yerdə suyun dərinliyinin ölçüsünü götürərək protokolda qeyd etmişdir. Eyni zamanda baxış zamanı VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanının üzərində, eləcə də sol qarşı qapısının üzərində və sol qarşı qapısının şüşəsinin iç tərəflərində qana bənzər ləkələr aşkar edilərək, Göyçay RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Sərxan İbrahimov tərəfindən götürülmüşdür. Yolun sağ kənarında avtomobilin dayandığı yerə qədər kol kosda avtomobilin sürtünməsinə xarakterik izlər də qalmışdır. Fotoşəkillər çəkilərək hadisə yerinin sxemi çəkilmişdir. Daha sonra tərtib edilmiş protokol ucadan oxunduqdan sonra iştirakçılar və hal şahidləri tərəfindən imzalanmışdır. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Göyçay rayonu, Şahsoltanlı kənd sakini Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay-Alpoud avtomobil yolunda üzü Alpoud kəndi istiqamətində hərəkət etdirərkən, Göyçay rayonun Bəydövül kəndi ərazisindən keçən hissəsində idarə etməni itirməsi səbəbindən yolun sağ tərəfinə çıxaraq qarşıda su kanalının kənarında olan ağaca çırpılaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə isə qarşı oturacaqda əyləşmiş qardaşı X6 hadisə yerində ölmüş, eyni zamanda sürücü Təqsirləndirilən şəxs və arxa oturacaqda olan sərnişinlər Şahid3 və Şahid1 müxtəlif bədən xəsarətləri almışlar. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Göyçay rayonu X8 Yardımın həkimi Xəlilov telefonla Göyçay Rayon Polis Şöbəsinə Göyçay rayonu Bəydövül kənd yolunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər şəxsin ölməsi barədə məlumat vermişdir (cild 01, iş vər. 03). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 31.10.202-ci il tarixli protokoldan görünür ki, faktla bağlı yol-nəqliyyat hadisəsi yerinə üzü Alpoud kəndi istiqamətində baxış keçirilmişdir. Baxış zamanı yol nəqliyyat hadisəsinin Göyçay-Alpoud avtomobil yolunun Bəydovül kəndi ərazisindən keçən hissəsində baş verməsi müəyyən edilmişdir. Hadisənin baş verdiyi avtomobil yolunun ümumi eni 7 metrdir. Yol ikitərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Yolun hər iki kənarlarında torpaq örtüyə malik olan yol qırağı (ehtiyyat hissə) vardır. VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi istiqamətdə, yolun sağ kənarında kol kosdan sağ tərəfdə yol boyu 60-70 sm dərinlikdə su kanalı mövcüddur. Avtomobil yolu quru olmaqla, asfalt-beton örtüyə malikdir. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi istiqamətdə, yəni üzü Alpoud kəndi istiqamətdə, avtomobilin dayandığı yerə qədər kol kosun üzərində 22 metr sıyrılma-sürtünmə izləri vardır. Baxış zamanı fotoşəkillər çəkilərək bu barədə protokol tərtib edilmiş eyni zamanda hadisə yerinin sxemi çəkilərək materiala əlavə edilmişdir. Baxış zamanı VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sürücünün əyləşdiyi tərəfdə - sol qarşı qapının üzərində və həmin qapının şüşəsinin üzərində, eləcə də avtomobilin sükanı üzərində qanabənzər ləkələr aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən, yəni avtomoblin ki tərəfindən idarə olunmasını müəyyən etmək məqsədi ilə həmin qanabəzər ləkələrin olduqları yerlərdən pambıq vasitəsi ilə 04 ədəd nümunələr 01 ədəd zərfdə qablaşdırılıb götürülmüş bu barədə protokolda qeydiyyat aparılmış, həmçinin müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 06-15). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə spirtli içki qəbul etmiş və onda alkoqol sərxoşluğunun orta dərəcəsi olması müəyyən edilmişdir (cild 01 iş vər. 22). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, DYP-nin MMS-də yoxlama zamanı müəyyən olunmuşdur ki, Göyçay rayonunun Şahsoltanlı kən sakini xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur (cild 01 iş vər. 49). Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin 01 noyabr 2022-ci il tarixli 771 nömrəli rəyindən görünür ki, Göyçay RMX-nın Təqsirləndirilən şəxs adına tərtib etdiyi tibbi arayışda qeyd edilən, “Burun qanaxması, əzilməsi” daqnozu küt - bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 01 iş vər. 50-51). Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2022-ci il tarixli 28 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ qulaq sırğalığı nahiyyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası, üzün sağ yanaq, sağ almacıq sümüyü proyeksiyasında dərinin epidermis qatının sıyrılmış yarası, hər iki çənə bucağı nahiyələrində sıyrılmış yaralar, hər iki diz oynağının və sol baldırın yuxarı 1/3nin ön hissələrində dərialtı qansızmalar - küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən də qərarın təsviri hissəsində göstərilmiş şəraitdə, yəni, avtoqəzaya uğraması nəticəsində əmələ gəlməsi halı inkar edilmir, mərhum Z.M.Ağayevin ölümündən əvvəl törənmişlər və bu da canlı şəxslərdə sağlamlığa ZƏRƏR vurmayan bədən xəsarətləri kimi qiymətləndirilir. X1 meyitinin xarici və daxili müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın qapalı travması, baş beyin qişaları altına və yan mədəciklərə ocaqlı qansızmalar - küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən də qərarın təsviri hissəsində göstərilmiş şəraitdə, yəni, avtoqəzaya uğraması nəticəsində əmələ gəlməsi halı inkar edilmir, mərhum Z.M.Ağayevin ölümündən əvvəl törənmişlər və bu da canlı şəxslərdə sağlamlığa ağır dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilir. X1 ölümünə səbəb – qapalı kəllə-beyin travması fonunda baş beyin qişaları altına və yan mədəciklərə ocaqlı qansızmalar olmuşdur. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 0,9% etil spirti aşkar eidlmişdir, bu da, canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir (cild 01 iş vər. 56-59). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli 011-13872-1222 nömrəli məktubdan görünür ki, aparılmış müqayisəli molekulyar –genetik identifiaksiya tədqiqatı nəticəsində VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı üzərindən və sol qarşı qapısı üzərindən götürülmüş 04 ədəd qan nümunələrin Təqsirləndirilən şəxs məxsusdur (cild 01 iş vər. 66). Cinayət işi materiallarında olan Göyçay rayon Mərkəzi Xəstəxansı PHŞ-dən alınmış xx.xx.2022-ci il tarixli 4183 nömrəli məktubdan görünür ki, Göyçay rayonu, Şahsoltanlı kənd sakini xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinikasında narkoloji və psixiatrik kabinetlərdə qeydiyatda yoxdur (cild 01 iş vər. 73) Cinayət işi materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 8/3111 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21099 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21099 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21099 markalı avtomobili yaşayış məntəqəsidə 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 01 iş vər. 88-90). Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və onun verdiyi ifadə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadə ilə uyğun olduğu müəyyən edilmişdir (cild 01 iş vər. 134-138). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Həmçinin, həmin Məcəllənin 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26-cı maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır. Belə ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində baş verən cinayətlər ehtiyatsızlıqdan törədilən cinayət sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmamasına baxmayaraq, yəni faktiki olaraq sürücülük hüququ olmadan VAZ 21099 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, həmin avtomobillə 70 km/saat sürətlə Göyçay-Alpoud yolunda Alpoud kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiş və ehtiyatsızlıqdan yuxarıda qeyd edilən cinayət əməlini törətmişdir ki, onun əməli özünün məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının, yol nəqliyyat vasitələrinin məhkəmə ekspertizalarının rəyləri, o cümlədən digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona görə də, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 263-1.3 maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CMnin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Ərizə” dən görünür ki, xx.xx.2022-ci il tarixdə Göyçay Rayonunun Bəydövül kəndi ərazisində qaynı Təqsirləndirilən şəxs idarə etdiyi AZ 21099 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə yol-nəqliyyat hadisəsi nəticəsində əri Ziyaməddin Ağayev ölmüşdür. Bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur (cild 01 iş vər. 79). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X18 adlı iki azyaşlı uşaqları vardır (cild 01 iş vər. 129-130). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, arvadı və 2009-cu il təvəllüdlü oğlu və 2012-ci il təvəllüdlü oğlu ilə) birlikdə Göyçay rayonu Şahsoltanlı kəndində qeydiyyatdadır və yaşayır. Yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir (cild 01 iş vər. 93-95). Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 68). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin hadisənin baş vermə mexanizmini, onun hadisəsindən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, habelə təqsirləndrilən şəxsin şəxsiyyətini, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 22-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 103-104, 130). Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə və CM-nin 56.1.1-ci maddəsinə istinadən qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi yaşadığı yer üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda, iş üzrə maddi sübut olan VAZ 21099 markalı ** BX *** markalı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan VAZ 21099 markalı ** BX *** markalı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar