Məhkəmə qərarları › İş №1(091)-114/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-114/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-114/2024 15.05.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax şəhəri Nizami küçəsi ev 234də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd ağ rəngli sellofan bükülüdə çəkisi 2.497 qram olan narkotik vasitə-heroini istintaqa məlum olmayan mənbədən əldə edib qanunsuz olaraq üzərində saxlamış, xx.xx.2023-cü il il tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və istehlakı ilə şübhəli bilindiyinə görə Yevlax şəhəri Nizami prospektində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində xx.xx.2023-cü il tarixdə saat 13:20-dən 13:50-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində olan 1 (bir) ədəd ağ rəngli sellofan bükülünün içərisində çəkisi 2,497 qram külli miqdarda olan satış məqsədi olmadan üzərində saxladığı narkotik vasitə-heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsi elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evdə olduğu zaman polis əməkdaşları evə daxil olaraq onu götürmüşlər. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Daha sonra “Kərim” adlı polis əməkdaşı ona demişdir ki, onun şöbə rəisi ilə problemi var. Kiçik bir büküm narkotik vasitəni boynuna alsa, onu 48 saata buraxdıracaqdır. O da Kərimlə razılaşmışdır. Sonra cibinə böyük bir büküm narkotik vasitə qoymuşdurlar. Videoçəkilişdən əvvəl, hazırda adını xatırlamadığı vəkilə demişdir ki, narkotik vasitə ona aid deyil. Elə bunu demişdir ki, vəkil əsəbləşərək otaqdan çıxmışdır. Bunu dediyi üçün polis əməkdaşları onu yuxarı aparıb döyməyə başlamışdırlar. Sonra ona demişdirlər ki, əgər narkotik vasitəni boynuna almasa, evindən 15 kiloqram narkotik vasitə çıxaracaqlarmış. O da qorxmuş və iki qram narkotik vasitəni boynuna almışdır. Təkrar qeyd edir ki, aşkar olunan narkotik vasitə ona aid olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşları onu evdən götürmüşdürlər. Polis əməkdaşları evə gələn vaxt evdə o və bacısı olmuşdur. Onu apardıqlarını bacısı görmüşdür. Polis əməkdaşları onu döymüşlər. Döyülmədən sonra bədənində xəsarət qalmamışdır. Penitensiar müəssisədə onu müayinə etmişdirlər. Xəsarət aşkar edilməmişdir. Döyülmə faktı ilə bağlı heç yerə şikayət etməmişdir. İstintaq zamanı vəkili olan şəxsin adını hazırda xatırlamır. Kərim müəllimlə razılaşmalı olmuşdur. Belə ki, Kərim müəllim ona rəislə problemi olduğunu bildirmişdir. Ona demişdir ki, narkotik vasitəni boynuna almasa ona külli miqdar narkotik vasitəylə ittiham veriləcəkdir. O da məcbur qalıb boynuna almışdır. Kərim müəllimlə razılaşmadan əvvəl polis əməkdaşları onu yuxarı mərtəbəyə qaldırıb döymüşdürlər. Polis şöbəsində olan vaxt ondan başqa iki nəfər saxlanılmışdır. Hər iki şəxsi tanımışdır. Səhv etmirsə, hazırda həmin şəxslər buraxılmışdır. Polis şöbəsinə aparılan vaxt telefonu üzərində olmamışdır. İbtidai istintaq zamanı vəkilin yanında Kərim müəllimə demişdir ki, onu niyə aldadırlar? Ona narkotik vasitənin çəkisi az olacağını demişdirlər. Acnaq cibinə qoyduqları narkotik vasitənin çəkisi çoxdur. Vəkil də əsəbləşib çıxıb getmişdir. Sonra onu təkrar yuxarı mərtəbəyə qaldırıb döymüşdürlər. Daha sonra təkrar videoçəkiliş olmuşdur. İkinci çəkiliş zamanı isə vəkilini dəyişmişdirlər. Bütün sənədlərə imza etmişdir. Müstəntiq Gəncə şəhərinə gəlməyib. Onu 3 ay sonra ekspertizaya aparmışlar. Döyüldükdən sonra Kərim müəllimlə razılaşmışdır. Döyülmə faktı ilə bağlı heç yerə şikayət etməmişdir. Kərim müəllim onu aldatmışdır ki, məhkəmədə onların dediklərini desə onu buraxacaqlar. O da onların dedikləri kimi məhkəmədə ifadə vermişdir. Məhkəmə ona 4 ay həbs verdiyi vaxt başa düşmüşdür ki, polis əməkdaşları onu aldatmışdır. O, rəsmi evlidir. Narkotik vasitədən istifadə edirmiş. Narkotik vasitəni iynə ilə damar yoluyla qəbul edirmiş. Qardaşları həbs olunub. Kərim müəllim ondan başqa qardaşlarını da həbs etmişdir. Kərim onlara qaraçı deyir və onlara nifrət edir. Hər kəs Kərim müəllimdən şikayət edirmiş. Onun 4 uşağı vardır. Himayəsində xəstə anası və xəstə qızı vardır. İki qardaşı həbsdədir. Ailəsı başsız qalmışdır. Əməlindən peşmandır. Məhkəmə kollegiyasından ona kömək olunmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla, tədqiq olunmuşdur. O həmin ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illərdir ki, narkotik vasitə-heroin istifadə edir, xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində yaşadığı Yevlax şəhəri Nizami küçəsində yol ilə gedərkən yerdə ağ rəngli sellofan bükülü olduğunu görərək onu yerdən götürüb sellofan bükülünün içərisini açan zaman orada “kakos” adlanan narkotik vasitə olduğunu görmüş, özü istifadəçi olduğuna görə həmin narkotik vasitəni-heroini sellofan bükümdə cibinə qoymuş, həmin heroindən cəmi bir dəfə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri E.Məmmədov küçəsində yol ilə gedən zaman Yevlax RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmiş, polislərlə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmiş, Yevlax RPŞdə onun seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 RPŞ-nə dəvət edilmiş, müdafiəçisi Zaur Bərxudarovun iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və əynindəki boz rəngli şalvarın sağ yan cibində olan 1 (bir) ədəd ağ rəngli sellofan bükülünün içərisində narkotik vasitə olan heroin aşkar edilmiş, həmin narkotik vasitə olan heroin sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmişdir. Üzərindən aşkar edilərək götürülmüş 2,497 qram narkotik vasitə olan heroin onun özünə məxsusdur, narkotik vasitə olan heroin istifadəçisi olmuş, həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə yaşadığı Yevlax şəhəri Nizami küçəsində yerdən tapmış, həmin heroindən cəmi 1 (bir) dəfə istifadə etdikdən sonra onu yenidən istifadə etmək üçün üzərində gəzdirmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, belə bir fikri, niyyəti olmamış, istifadəsində mobil telefon olmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması barədə xx.xx.2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı həmin gün raportla rəhbərliyə məruzə etmiş və Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli əmri ilə onun, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid2, Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmış, bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Nizami prospektinə getmiş, orada Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq özlərini təqdim etmiş və ona qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və saxlaması barədə Yevlax RPŞ-nə məlumat daxil olduğunu, saxlanılıb üzərinə axtarış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə axtarış keçirilməli olduğunu izah etmişdir. Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək təhqiqatçıya təhvil vermiş və Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs saxlanılarkən paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üstünə baxış zamanı başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofana bükülmüş bükülünün nə olduğunu soruşulduqda o, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı küçədə yerdən tapdığını, həmin kütləni şəxsi istifadəsi üçün saxladığını, satış məqsədinin olmadığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü açıb içərisinə baxdıqda bükümün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olması aşkar edilmiş, həmin kütlə bükülü olduğu bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 2,62 qram olması müəyyən edilmişdir. Həmin kütləni bükümlə birlikdə bir ədəd zərfə qoyaraq qablaşdırılaraq götürülmüş və zərfdə qablaşdırılmış maddənin narkotik vasitə olub-olmadığı müəyyən etmək üçün ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Protokol tərtib edilmiş, protokol iştirakçılara oxunmuş, o və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişdirlər. Təqsirləndirilən şəxs əvvəllər Yevlax şəhər sakini kimi tanımış, aralarında heç bir münasibət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Yevlax RPŞ-yə Yevlax şəhəri Nizami prospekti 234-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşıması, saxlanması və satışı barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-06). xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə, saat 12:30-da qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşıması, saxlanması və satışında şübhəli bilinən, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş və Yevlax şəhəri Nizami prospekti 234-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Nizami Prospektində saxlanılaraq Yevlax RPŞ-yə gətirilmişdir (cild 01, iş vər. 10). xx.xx.2023-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq xx.xx.2023-cü il saat 12:30-dan məhdudlaşdırılmışdır (cild 01, iş vər. 19-20). xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 13:20 dəqiqədən saat 13:50 dəqiqəyədək polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü təqdim etmişdir. O, həmin bükümün içərisində “kakos” adlanan narkotik vasitə olan heroin olduğunu, xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində Yevlax şəhəri, Nizami küçəsində yerdən tapdığını, həmin kütləni şəxsi istifadəsi üçün saxladığını, satış məqsədinin olmadığını, xx.xx.2023-cü il tarixdə saat 12:30-da Yevlax şəhəri Nizami prospektində saxlanılaraq Yevlax RPŞ-nə gətirildiyini bildirmişdir. Bundan sonra həmin 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü açıb içərisinə baxdıqda bükümün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olması aşkar edilmiş, həmin kütlə bükülü olduğu bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 2,62 qram olması müəyyən edilərək qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Çəkilişin əks olunduğu CD disk müvafiq protokola əlavə olunmuşdur (cild 01, iş vər. 28-36). xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilməsi zamanı, həmçinin şübhəli şəxs qismində tutulması zamanı polis əməkdaşları tərəfindən ona heç bir fiziki və pisixi zor tətbiq olunmamasını və heç bir təsir və təzyiq göstərilməsini bildirərək, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir (cild 01, iş vər. 40). xx.xx.2023-cü il tarixli 17/735 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzi Şəki regional Bölməsinin ekspert rəyindən görünür ki, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofanda narkotik vasitə olan heroinə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellafan bükümdə, təmiz çəkisi - 2,497 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təhqiqata sərf edildi 0,050 qr., qalıq 2,447 qram (cild 01, iş vər. 47-49). xx.xx.2023-cü il tarixli, 4(039)-83/2023 nömrəli Yevlax Rayon Məhkəməsinin qərarından görünür ki, təqsirləndirilənn şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (01 cild, vər. 75-79). xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2,497 qram çəkidə narkotik vasitə olan heroin onun özünə məxsusdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmamışdır. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan əldə etməsini müəyyən etmək mükün olmamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. xx.xx.2023-cü il tarixli, PHŞ-2320/23 nömrəli “Yevlax RMX” X27 təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs sözügedən xəstəxananın psixo-nevroloji kabinetdində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 90). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Yevlax şəhəri İcra Hakimiyyətinin Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ibtidai istintaqa təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri Yevlax şəhəri Nizami prospekti 234 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə qismən yaxşı səciyyələndirilir (cild 01, iş vər. 105-106) xx.xx.2023-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və hazırda məhkumluğu yoxdur (cild 01, iş vər. 107). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 27 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 108). xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Qas oğlunun barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 109-114). xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkumun Tibbi Kitabçasından çıxarılmış tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X14 qəbul edilərkən ilkin tibbi baxışdan keçirilmiş və onda tutulması və həbsə alınması dövrünə uyğun xəsarətlər aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Yevlax rayon Qeydiyyat şöbəsinin məktubuna əlavə edilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə rəsmi nikaha girmiş, o, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il tarixli X5 atasıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X15 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Kollegiya qeyd edir ki, şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsi həmin əməllərə görə şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkitik vasitə olan heroini əldə edib üzərində saxlamışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkitik vasitə olan heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2.497 qram olan narkotik vasitə-heroini istintaqa məlum olmayan mənbədən əldə edib qanunsuz olaraq üzərində saxlamış, xx.xx.2023-cü il il tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və istehlakı ilə şübhəli bilindiyinə görə şübhəli şəxs qismində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis şöbəsinə aparılmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibində olan 1 (bir) ədəd ağ rəngli sellofan bükülünün içərisində çəkisi 2,497 qram külli miqdarda olan satış məqsədi olmadan üzərində saxladığı narkotik vasitə-heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək polis əməkdaşlarının onu döydüyünü, döyülmə faktı ilə bağlı heç yerə şikayət etmədiyini, Kərim müəllimlə razılaşmalı olduğunu, belə ki, Kərim müəllim ona rəislə problemi olduğunu bildirməsini, ona narkotik vasitəni boynuna almasa ona külli miqdar narkotik vasitəylə ittiham veriləcəyini deməsini, o da məcbur qalıb boynuna almasını, Kərim müəllimlə razılaşmadan əvvəl polis əməkdaşları onu yuxarı mərtəbəyə qaldırıb döymələrini, ona narkotik vasitənin çəkisi az olacağını demələrini, acnaq cibinə qoyduqları narkotik vasitənin çəkisinin çox olduğunu, sonra onu təkrar yuxarı mərtəbəyə qaldırıb döymələrini, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitənin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonrakı dövrdə tutularkən üzərində psixotrop maddənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmiş, həmçinin müdafiəçisinə bu barədə məlumat verməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək satış məqsədi olmadan çəkisi 2,497 qram külli miqdarda olan narkotik vasitə-heroini qanunsuz olaraq əldə edib üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatları müdafiə tərəfi əsaslandırmamış və sübutlarını məhkəm istintaqında tədqiq edilməsi üçün təqdim etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra dəfələrlə döyülməsi və işkəncəyə məruz qalması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs X14 qəbul edilərkən ilkin tibbi baxışdan keçirilmiş və onda tutulması və həbsə alınması dövrünə uyğun xəsarətlər aşkar edilməmiş və qeydiyyatı aparılmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə əməliyyat tapşırığı ilə bağlı 14 noyabr 2023-cü il tarixli Yevlax rayon Polis şöbəsinin CAB tərəfindən verilmiş raportundan görünür ki, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya üzərində aşkar edilmiş külli miqdarda 2,497 qram narkotik vasitə olan heroini satmaq məqsədinin olması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini qanunsuz şəkildə əldə edib üzərində saxlamış və üzərində şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,497 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilmişdir. Bundan başqa, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan heroin məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamışdır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyasının ən aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə aparılmış ibtidai araşdırma nəticəsində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 46-cı bəndinin sonuncu abzasında qeyd edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilibgöstərilməməsindən asılı deyillər. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutları tədqiq edərək belə qənayətə gəlmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla himayəsində beş azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Yevlax rayon Polis şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,447 qram təşkil edən narkotik vasitə olan – heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69 (altmış doqquz) manat, 10 (on) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69 (altmış doqquz) manat, 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 2,447 qram miqdarında narkotik vasitə olan heroin məhv edilsin, 01 ədəd CD diskin iş materiallarında olması nəzərə alınsın. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar