Məhkəmə qərarları › İş №1(091)-115/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-115/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-115/2022 30.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1974-cü ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Mingəçevir şəhəri Nizami prospekti ev 4-A mənzil 22-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən narkotik vasitə оlаn heroinin şəxsi istehlak miqdarı 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumilikdə çəkisi 7,102 qram - kustar üsulla hazırlanmış narkotik vasitə heroini əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “Ford Connect” markalı **- BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Mingəçevir şəhəri, Gəncə şossesində Yevlax rayonundan Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Pоlis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 2140 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Yevlax rayonunda piyada hərəkətdə olarkən yerdə işərisində narkotik vasitə heroin olan 1 ədəd sarı rəngli kağız bükümü götürüb əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoyaraq gizlətmiş, saat 2110 radələrində idarə etdiyi “Ford Connect” markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Mingəçevir şəhəri Gəncə şossesində hərəkətdə olarkən polis əməkdaşları onu saxlayaraq özlərini təqdim edib nаrkоtik vаsitələrin qanunsuz dövriyyəsi ilə məşğul оlmаsı bаrədə pоlis şöbəsində məlumаt оlduğunu bildirib onu pоlis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sarı rəngli kağıza bükülmüş bükümü, qara rəngli şalvarın sol yan cibindən alışqan, qara rəngli qış gödəkcəsinin sağ yan cıbindən 1 ədəd alışqanı və açarları, qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu, 1 paket qara rəngli Magna siqaretini, 1 ədəd maşın açarını, qara rəngli qış gödəkçəsinin sol iç yan cıbindən içərisində şəxsiyyət vəsiqəsi, əlillik vəsiqəsi, veteranlıq vəsiqəsi olan sənəd qabını, əynində olan qara rəngli şalvarın sol arxa yan cibindən isə 7 ədəd 5 manatlıq pul əskinazını könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi bir ədəd gümüşü rəngli kağızına bükülmüş büküm açılıb baxıldıqda bükümdə olan kütlənin kəskin iyə malik narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmiş, aşkar еdilmiş kütlə tərəzidə çəkilərkən çəkisi 7,83 qrаm оlmuşdur. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürləndikdən sonra götürülmüşdür. Narkotik vasitəni saxlamaqda satış məqsədi olmamış, şəxsi istehlak məqsədilə saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs nаrkоtik vаsitələrin qanunsuz olaraq əldə edib saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin girişində Gəncə şossesində idarə etdiyi “Ford Connect” markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Yevlax rayonundan Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən avtomobili saxlatdıraraq sonuncuya yаxınlаşıb bаrəsində nаrkоtik vаsitələri qanunsuz olaraq əldə edib saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması bаrədə məlumаt оlduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Şəhər Polis Şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən sarı rəngli sellofan bükümdə içərisində narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Təqdim оlunmuş həmin sellofan büküm аçılаrkən içərisində 7,83 qram çəkisi olan narkotik vasitə heroinə oxşar olan kütlə aşkar еdilmişdir. Heroinə охşаr kütlə zərfə qоyulаrаq qаblаşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs sarı rəngli bükümdəki kütlənin “heroin” оlduğunu, Yevlax şəhəri ərazisinə olarkən tapdığını və həmin narkotik vasitə heroindən istifadə etdiyinə görə şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşı olmaqla Vüqar İ Qarabağ müharibəsinin iştirakçısı olmaqla İ qrup əlil olmuşdur. Qardaşı əvvəllər Rusiya Federasiyası ərazisində çalışmış və təxminən 15 il əvvəl Azərbaycan Respublikasına qayıtmışdır. Həmin vaxtdan etibarən Vüqar narkotik vasitələrdən istifadə etmiş, əvvələr maddi durumu yaxşı olduğundan narkotik vasitələrdən istifadə etməsi hiss edilməmişdir. Lakin sonradan Vüqarın maddi vəziyyəti getdikcə pisləşmiş və istifadə etdiyi narkotik vasitənin miqdarı artdığından artıq Vüqar narkotik vasitə almaq üçün tanış şəxslərdən borc almış və onları da tanışlarının yanında pis vəziyyətə salmışdır. Həmçinin Vüqar evdə olan bütün qiymətli əşyaları satdıqdan sonra artıq məişət əşyalarını da sataraq narkotik vasitəyə vermişdir. Lakin Vüqarın narkotik vasitəni hardan və necə əldə etməsi haqqında məlumatı olmamışdır. Vüqar son zamanlar narkotik vasitənin miqdarını artırmış, bir dəfə Vüqarın əlindən narkotiki alıb istifadəsinə imkan verməmişdir. Həmin vaxt Vüqar ona qarşı zor tətbiq etmiş və yalnız valideynlərinin təkidindən sonra narkotiki istifadəsi üçün Vüqara qaytarmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdə saat 22:57:14-dən saat 22:58:28-dək 74 saniyə, həmin tarixdə 22:45:31-dən 22:45:31-dək 26 saniyə ərzində və həmijn tarixdə saat 23:14:24-dən saat 23:15:23-dək 60 saniyə ərzində danışıqları olması ilə əlaqədar ola bilsin ki, Vüqarla tanışları Əfqan Şirəliyev, Cahangir Hüseynov və ya başqa şəxslər əlaqə saxlamışdır. Çünki Vüqarı tanımamış, istifadəsində olan mobil telefon nömrəsini istifadə üçün tanışlarına da vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 17/839 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 7,102 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 100 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 1-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-psixiatrik ekspertizasının 16.012.2021-ci il tarixli 769 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törtməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (narkomaniya nəticəsində şəxsiyyətin psixopatizasiyası) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən, öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Cəfərov X5 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza edildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingçevir şəhəri 8 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Cəfərov X5 şəhəri Nizami küçəsi ev 4A, mənzil 22-də qeydiyyatda olmaqla yaşamış, himayəsində 2008-ci ildə doğulmuş Gülçin Cəfərova adlı azyaşlı uşağı vardır. Yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserindən alınmış 28 dekabr 2021-ci il tarixli 1028 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən “Opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntusu. Asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X2 şəhər rayonlararası Psixo-Nevroloji Dispanserinnin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 2503 nömrəli arayışdan görünür ki, Cəfərov X5 Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 23 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xr. Pielonefrit tez-tez kəskinləşmələrlə XBÇ-V mərhələ. Proqramlı hemodializ. Renal anemiya diaqnozu ilə müddətsiz İ qrup əlillik təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mİngəçevir şəhər Hərbi komissarlığı tərəfindən verilmiş 075693 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X3 iştirak etmişdir. İş materiallarına əlavə edilmiş 03 dekabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2130-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Mingəçevir şəhər Məhkəməsinin 05 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd sarı rəngli sellofana bükülmüş bükümünün içərisində çəkisi 7,102 qram narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər Prokurorluğunun 25 iyun 2022-ci il tarixli qərarındam görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq və təsirə məruz qalmasına dair məlumat əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BİKİ-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan məlumatları özündə əks etdirən DVD diskə baxış zamanı tərtib edilmiş cədvəlin 85-ci bəndində İlqar Baxışovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə kril əlifbası ilə “Gələssən bura?”, 83-cü bənində “Gəlirsən?”, 82-ci bəndində “Salamatçılıqdı?”, xx.xx.2021-ci il tarixdə isə 78-ci bəndində “Mənə zəng elə”, 77-ci bəndində “Zəng elə” məzmununda mesaj yazılmışdır. Həmin cədvəlin 4-cü və 5-ci bəndində X6 istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsinə “QAQA ZƏNG ETDİYİMİ CEKƏ DEMİSƏN HƏ?” məzmunlu mesaj yazılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin qeyd olunduğu cədvələ baxış keçirilən zaman Təqsirləndirilən şəxs müntəzəm olaraq CM-in 234-cü maddəsinin müxtəlif bəndləri ilə barələrində cinayət işləri aparılan Mingəçevir şəhər sakinləri X10 istifadəsində olan ***-***- **-** saylı, X4 istifadəsində olan ***-***-**-** və Şahid5 Elman oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə əlaqədə olması müəyyən edildi. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu əməli satış məqsədi olmadan törtəməsinə dair nəticəyə gələrkən təqsirləndirilən şəxsdə aşkar olunmuş narkotik vasitənin yalnız bir növdə və bir bükümdə olmasını, onun narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, Təqsirləndirilən şəxs da məhz narkotik vasitə heroinin aşkar olunması, əvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması kimi halları nəzərə alır. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində ittiham aktı tərtib edilərkən ona “Gələssən bura?”, “Gəlirsən?”, “Salamatçılıqdı?”, “Mənə zəng elə”, “Zəng elə” “QAQA ZƏNG ETDİYİMİ CEKƏ DEMİSƏN HƏ?” məzmunlu mesajlara və eyni zamanda qanunsuz olaraq narkotik vasitələrin istehlakına görə məhkum olunmuş şəxslərlə əlaqə saxlamasına da istinad edilmişdir ki, həmin SMS-in mətnindən də göründüyü kimi orada Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair heç bir qeyd müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən də əziyyət çəkməsinin onun narkotik vasitə istifadəçiləri ilə əlaqə saxlayaraq sonuncularla telefon danışığının olması normal hal kimi qəbul olunmaqla onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına əsas verə bilməz. Eyni zamanda cinayət işi materiallarında olan Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması və onların alqı-satqısında şübhəli olduğu göstərilsə də bununla bağlı əməliyyat qeydiyyat-işi açılmamış, həmçinin əməliyyat tapşırığına verilən cavabda da Təqsirləndirilən şəxs konkret olaraq hansı şəxslərə narkotik vasitə satması qeyd edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin həmin maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, Xr. Pielonefrit tez-tez kəskinləşmələrlə XBÇ-V mərhələ. Proqramlı hemodializ. Renal anemiya xəstəliyindən əziyyət çəkməklə İ qrup əlil olması, X3 iştirak etməsi və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Belə ki, Təqsirləndirilən şəxs əvvəl də CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunsa da həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən eyni xarakterli cinayət əməlini törətməsi həmin cəzanın onun islah olunmasında yetərli olmadığını, barəsində daha sərt olan azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsini zəruri edir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləməməli, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 03 dekabr 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 03 dekabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 7,052 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar