Məhkəmə qərarları › İş №1(091)-116/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-116/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-116/2023 12.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs satış məqsədi olmadan Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən – 3,360 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz əldə edərək ümumilikdə 04 ədəd kağız bükümlərdə qablaşdırmaqla Göyçay şəhəri, Ə.Kərim küçəsində qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, 15 noyabr 2022-ci il tarixdə saat 11 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Göyçay RPŞ-yə gətirilmiş, həmin tarixdə saat 11:10-da polis şöbəsinin Növbətçi Hissəsində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 04 ədəd kağız bükümlərdə saxladığı həmin 3,360 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Göyçay şəhəri, Ə.Kərim küçəsində olan zaman Göyçay RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və satışında şübhəli olduğunu bildirib Göyçay RPŞ-yə aparmışlar. Orada olan zaman Göyçay RPŞ-nin CAB-nin rəisi Şahid3 onunla söhbət edərək əlində olan metamfetamini ona vermiş və cibinə qoymasını bildirmişdir. O, buna etiraz etdiyi üçün Şahid3 evinə külli miqdarda narkotik vasitə yerləşdirərək ailə üzvlərinin də barəsində cinayət işi başlayacaqları ilə hədələdiyi üçün o, ailə üzvlərinin tutulmaması üçün həmin psixotrop maddəni götürərək üzərində olan gödəkçənin cibinə qoymuşdur. Daha sonra isə hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 04 ədəd içərisində ağ rəngli maddə olan bükümlər aşkar edilmişdir. Həmin bükümlər elektron tərəziyə qoyularaq çəkilən zaman çəkilərinin ayrı-ayrılıqda 2,1, 0,5, 0,5 və 0,5 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, üzərində narkotik vasitə daşıması və narkotik vasitənin satışı ilə məşğul olması barədə Göyçay RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında 15 noyabr 2022-ci il tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Göyçay şəhərinin ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 04 ədəd içərisində ağ rəngli maddə olan bükümlər aşkar edilmişdir. Həmin bükümlər elektron tərəziyə qoyularaq çəkilən zaman çəkilərinin ayrı-ayrılıqda 2,1, 0,5, 0,5 və 0,5 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və X3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CABnin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması və üzərində narkotik vasitələri daşıması barədə Göyçay RPŞyə məlumat daxil olmuş, məlumat əsasında 15 noyabr 2022-ci il tarixdə Göyçay Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 raportla rəhbərliyə məruzə etmiş və müvafiq sənədləşmə işləri aparılmışdır. O, CAB-nin rəisi olduğu üçün Şahid1 raportu ilə əvvəlcədən tanış olmuş, lakin digər xidməti işləri olduğu üçün Təqsirləndirilən şəxs tutulması ilə bağlı aparılan əməliyyat-axtarış tədbirində iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə yerləşdirməmiş, sonuncunun saxlanılaraq rayon polis şöbəsinə gətirilməsi və üzərində şəxsi axtarış aparılan zaman üzərindən psixotrop maddə olan metamfetaminin aşkar olunması barədə sonradan məlumatı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 noyabr 2022-ci il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, narkotik vasitəni saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 noyabr 2022-ci il raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, narkotik vasitəni saxlaması və satması şübhəsi ilə saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 04 ədəd içərisində ağ rəngli maddə olan bükümlər aşkar edilib götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 15 noyabr 2022-ci il tarixli 17/840 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 04 (dörd) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,500 qram, 0,499 qram, 0,479 qram və 1,882 qram olmaqla ümumi çəkisi - 3,360 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 04 (dörd) ədəd sellofan bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 22 yanvar 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddələri haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etməsi və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilsə də, konkret olaraq rayon ərazisində kimlərə psixotrop maddə satması müəyyən edilməmişdir. Habelə onun psixotrop maddələri aldığı İran İslam Respublikasının vətəndaşı olan “Həsən” adlı şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2023-cü il tarixli 203 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 fevral 2023-cü il tarixli 92 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayəti törədərkən öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 02 dekabr 2022ci il tarixli 4029 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay RMX-da “oyanıq tipli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə” diaqnozu ilə Psixiatrik kabinetdə qeydiyyatdadır, Narkoloji kabinetdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və onun əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı material ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının psixotrop maddələrə aid olan İİ siyahısının 67-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 15 noyabr 2022-ci il tarixdə Göyçay Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, narkotik vasitəni saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 15 noyabr 2022-ci il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və psixotrop maddənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etsə də ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək üzərində şəxsi axtarış və götürmə aparılarkən aşkar olunmuş psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən bilavasitə üzərində şəxsi axtarış və götürmə aparılmamışdan və videoçəkiliş aparılmamışdan əvvəl onun üzərinə yerləşdirildiyini, polis əməkdaşları tərəfindən təsirə və hədəyə məruz qalması səbəbindən psixotrop maddə metamfetaminin özünə məxsus olması barədə yalan ifadə verdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və psixotrop maddənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı bir qeyd aparılmamışdır. Eyni zamanda ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi onun bədəni üzərində xəsarətlər aşkar olunardı. Lakin o, 18 noyabr 2022-ci il tarixdə məhkəmə-tibbi ekspertizadan keçirilən zaman onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir, habelə tibbi kitabçasında da hər hansı xəsarətlər qeyd edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə Yevlax rayon prokurorluğunda araşdırma aparılmış və öz təsdiqini tapmadığı üçün 25 noyabr 2022-ci il tarixli qərarla işinin başlanması rədd edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin göstərilən məzmunda ifadələr verməsi iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılarkən qeyd etdikərinin, eləcə də şahid ifadələrinin və başqa sübutların iş materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsləsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, saxlamaqla daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddəni əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 04 ədəd kağız bükümlərdə külli miqdarda, yəni 3,360 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sözügedən psixotrop maddənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin psixotrop maddə metamfetaminin ayrı-ayrı kağız bükümlərdə olmasına baxmayaraq, başqa növ narkotik vasitənin və ya psixotrop maddənin, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı bir şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 3,360 qram psixotrop maddə metamfetamin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefon nömrələrinə daxil olan və həmin mobil telefon nömrələrindən çıxan zənglərə və SMS mətnlərinə dair məlumatlar götürülmüş, lakin iş üçün hər hansı əhəmiyyətli hal müəyyən olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə etməsi şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, 2012-ci ildə doğulmuş qızı Nihan Məmmədova, 2014-cü ildə doğulmuş oğlu Murad Məmmədov, 2017-ci ildə doğulmuş qızı Zəhra Məmmədova və 2019-cu ildə doğulmuş oğlu Mehdi Məmmədov onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 15 noyabr 2022-ci il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 3,160 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 3,160 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar