Məhkəmə qərarları › İş №1(091)-116/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-116/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-116/2025 14.04.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, X12 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid5, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İsmayıllı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 2007-ci il tarixdə Qəbələ şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və 24 avqust 2024-cü ildə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə cinayətini törətmişdir. Belə ki, o 17 yaşı tamam olub, lakin yetkinlik yaşına çatmadığı 2024-cü ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda tanışları, yetkinlik yaşına və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan xx.xx.2009-cu il təvəllüdlü 15 yaşlı Şahid3 və xx.xx.2009-cu il təvəllüdlü 15 yaşlı Şahid1 ilə birlikdə istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən əldə etdikləri narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını səpmə yolu ilə ümumilikdə 51 ədəd olmaqla, külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq Qəbələ rayonunun Qaradeyin kəndində həmin kənd sakini X5 məxsus bağ sahəsində sonuncunun məlumatı və iştirakı olmadan əkib, aqrotexniki qaydada qulluq etməklə yetişdirmiş, qeyd olunan çətənə bitkilərindən 2 ədədini onunla birlikdə həmin çətənə bitkilərini kultivasiya etmiş Şahid3 xx.xx.2024-cü il tarixdə kök hissəsindən çıxararaq, hissələrini gələcəkdə istifadə etmək məqsədi ilə yaşadığı ünvan 2 ünvanında yerləşən evə aparıb saxlamış, bundan sonra Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin (bundan sonra Qəbələ RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz kultivasiyasında şübhəli bilinib, tutularaq, saat 13:30 radələrindən başlayaraq müdafiəçisinin, qanuni nümayəndəsinin və özünün iştirakı ilə Qəbələ rayonunun Qaradeyin kəndi ərazisində yerləşən X5 məxsus bağ sahəsində narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq kultivasiya etdiyi yeri təqdim etməklə, həmin əraziyə baxış keçirilən zaman oradan torpağa əkili vəziyyətdə onun tərəfindən yuxarıda adları sadalanan azyaşlı şəxslərlə birlikdə qanunsuz olaraq kultivasiya edilmiş tərkibində narkotik maddələr olan, hündürlükləri 53 sm-dən 307 sm-dək müxtəlif ölçüdə, ümumi təmiz çəkisi 3072,22 qram olmaqla, 49 (qırx doqquz) ədəd - külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkarlanaraq götürülmüş, daha sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq, həmin tarixdə, saat 15:20-dən başlayaraq, onunla birlikdə çətənə bitkilərini qanunsuz kultivasiya etmiş azyaşlı Şahid3 yaşadığı ünvan 2 ünvanında yerləşən evə sonuncunun və valideyninin razılığı ilə baxış keçirilən zaman evin yataq otağındakı şkafın üzərində, alt geyimə (maykaya) bükülü vəziyyətdə yuxarıda qeyd edilən ərazidə qanunsuz kultivasiya edilmiş narkotik tərkibli çətənə bitkilərindən Şahid3 tərəfindən xx.xx.2024-cü il tarixdə kök hissəsindən çıxarılıb, götürülmüş 2 ədəd çətənə bitkisindən əldə edilmiş uzunluqları 62 sm-dən 91 sm-dək olan nəm halda, ümumi təmiz çəkisi 53,38 qram təşkil edən 4 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uşaqlarla çayda çimməyə getmiş və oradan qayıdanda fındıq bağı görmüşlər. Bağın sahibsiz olduğunu eşitdikləri üçün bağa girib, fındıq yığmağa başlamışlar, lakin bağın sahibi olmuşdur. Fındığı yığmaqda da məqsədi yığdıqları fındığı satıb, onda olan motosikletə benzin almaq olmuşdur. Səhəri gün yenə həmin bağa getmiş, lakin fındıq yığmamışlar. Bir qadın gəlib, “102”-yə məlumat vermişdir. Bundan sonra polislər gəlmiş və onları tutub polis bölməsinə aparmışlar. Orada onları döyüb, zorla boyunlarına qoymuş və sənədləri imzalamağa məcbur etmişlər. Polis şöbəsinin CAB-ın rəisi Elçin müəllim həmin bağı tanıdığını və əvvəllər oranı biçdirdiyini demişdir. Daha sonra suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 7 nəfər onları döymüş və boyunlarına qoymuşlar. İfadəni də özləri yazıb, “qol çək” demişlər. Sonra onları həmin bağa aparmış və orada 2-3 metrlik kolların içərisindən həmin bitkiləri özləri axtarıb tapmışlar. Onun fikrincə, həmin narkotik kolları yabanıdır. Onlardan şikayət edən bağın sahibi olmuşdur. Oraya atasının motosikletilə getmiş və gedərkən bağa qulluq etmək üçün nəsə aparmamışdır. Şahid3 toxum olmuş, ancaq nə toxumu olduğunu bilməmişdir. Ekspertizadan çıxandan sonra nə olduğu məlum olmuşdur. Əvvəlcə, bilməmiş, amma polis şöbəsində çörəkotu toxumu olduğunu demişlər. Orxan onu Trendyoldan almışdır. Orxanın həmin toxumla nə edəcəyini bilməmişdir. Onlar toxumu heç bir yerə səpməmişlər. Orxanın toxum gətirdiyini əvvəlcədən bilmişdir. Belə ki, Orxan ona zarafatla demişdir. Murad ona zəng etmişdir ki, gəl çimməyə gedək. Keçən il iki dəfə həmin yerə çimməyə getmişlər. İkinci dəfə çayda çimməkdən qayıdanda fındıq bağı görmüş və bağa girib, fındıq yığmağa başlamışlar. Polis əməkdaşları hadisə yerinə baxış keçirən vaxtı 2-3 metr hündürlüyü olan kolların içərisindən bir-bir narkotik tərkibli bitkiləri tapmışlar və Elçin müəllim ona “əlinlə göstər, səni videoya çəkib, buraxacayıq” demişdir. 3 ədəd narkotik tərkibli bitki yolun qırağında olmuşdur. Yolun qırağında olanlar videoçəkilişdə görünür. Narkotik tərkibli bitkilər böyürtkən kollarının içərisində olmaqla, ətrafı kol-kos olmuşdur. Həmin yerdə hər hansı suvarma kanalı və ya arxı, bellənmə işləri görsənməmişdir. Həmin narkotik vasitələrin hündürlüyü 1,5 metrdən 3 metrə qədər olmuşdur. Orada balaca ölçülü bitkilər də olmuşdur. Birinci dəfə 8 kg fındıq yığmış və onu satmışlar, ikinci dəfə isə Orxanla Məhəmməd bağa gedib, fındıq yığacaqlarını demiş və arxada qalmış, bağa gedə bilməmişlər. Bağın sahibi maşınla gəlmiş və onlara sizi “polisə verəcəm” demişdir. Orxanla Məhəmməd oradan qaçmışlar. Sonra isə getmişdir və bunları götürmüşdür. Bağa Orxan, Murad və Məhəmmədlə getmiş, lakin Məhəmməd orada çox qalmamışdır. Həmin bağı Orxan tanımışdır. Əvəllər narkotik tərkibli bitkilərin əkildiyi bağa girməmişdir. Oraya polislərlə birlikdə girmişdir. İlk dəfə meşəyə çimməyə getmiş, sonra qayıtmışlar. İkinci dəfə yenə meşədə çimməyi planlaşdırmışlar, hava da isti olmuşdur. Gedib ağacın altında oturub, yemək yemişlər. Sonra Muradla böyük dağa qalxmışlar. Məhəmmədlə Orxan isə aşağıda qalmışlar. Xeyli vaxt keçirəndən sonra aşağı düşmüş və onların olmadığını görmüşlər. Fındıq bağının qabağında maşın saxlamışdır. O, həmin fındıq bağının sahibi olmuşdur. Sonra isə onları saxlayıb, haradan gəldiklərini soruşduqda, “dağdan” deyə, cavab vermişlər. “Dünən mənim bağımdan oğurluq etmisiniz?” dedikdə, qorxduqlarından boyunlarına almamışlar. Getmək istədikdə, yenə qadın qarşılarına çıxıb, telefonla çəkərək, üzərlərinə gəlmişdir. Onlar da sürüb getmişlər. Bu zaman Məhəmmədlə Orxan yolda qaçdıqları üçün onları da götürmüşdür. Gələndə də onları post patrul maşını saxlamış, oradan da polis şöbəsinə getmişlər. Şöbəyə gəldikdən sonra vəziyyətləri dəyişmiş və onları döymüşlər. Onlardan oğurluğu hardan etdiklərini soruşduqda, “Qaradeyin kəndində” demişlər. Kəndin adını çəkən kimi, Elçin müəllim bütün əməliyyatçıları çağırıb, onları döydürmüşdür. Ona görə məcburiyyət qarşısında boyunlarına almışlar. Sonra polislər onu bağa aparmış və ona narkotik tərkibli bitkiləri əlində saxlamsını bildirmiş, bu formada şəkillərini çəkmişlər. Narkotik tərkibli bitkilər ona məxsus deyildir. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə doğru deyil, məcbur olub o cür ifadə vermişdir. İfadəsinin sonunda “Oxudum, mənim sözlərimlə doğru yazılıb. İmzamla təsdiq edirəm” yazması yadına gəlmir. Heç vaxt narkotik vasitə əkməmiş və istifadə də etmir. Narkoloji ekspertizadan keçmiş, həkimlə görüşmüş və ona suallar vermişlər. Orada onu qorxudan olmamış, sərbəst olmuşdur. Biraz həyəcanlı olduğuna görə, həkimə “bir dəfə narkotik vasitə olan marixuana çəkmişəm” demişdir. Həkimə marixuana istifadə etdiyini bildirmiş, amma məşğul olmamışdır. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində isə özünü CM-in 237.2.3-cü maddəsilə təqsirli bilərək qeyd etmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır və yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Narkotik maddələrdən arabir istifadə edir, əvvəllər məhkumluğu olmamışdır. xx.xx.2023-cü il tarixdə Qəbələ rayonunun Böyük Əmili kəndində olan zaman Qəbələ RPŞ-nın əməkdaşları oğurluqda şübhəli olduğunu deyərək, onu Qəbələ RPŞ-nın inzibati binasına dəvət etmişlər. Onlara razılıq verərək polis şöbəsinə gəlmişdir. Qəbələ RPŞ-da oğurluqla bağlı izahatı alınan zaman hansı işlə məşğul olduğu soruşulduqda, səmimi olaraq etiraf etmişdir ki, dostları Murad və Orxanla birlikdə Qaradeyin kəndində narkotik vasitə əkərək onlara qulluq göstərmişlər. Belə ki, narkotik vasitələrin əkilib-becərilməsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və onların arasından Firidun Osmanov adlı müdafiəçini seçmişdir. Ona hüquq və vəzifələri izah olunduqdan sonra yenə də Qəbələ rayonunun Qaradeyin kəndində yerləşən tanımadığı şəxsin bağ sahəsində 48 ədəd çətənə kolu əkdiyini bildirmişdir. Təxminən 3 ay əvvəl tanışları olan Şahid1 və Şahid3 ilə söhbət edən zaman Şahid3 çətənə kolları kultivasiya etmək barədə təklif vermişdir. Onunla razılaşmış və Şahid3 “Trendyol” onlayn sifariş portalı vasitəsilə xarici ölkədən çətənə kollarının toxumlarını sifariş etmişdir. İyun ayının ortalarında həmin toxumları Şahid3 Qəbələ şəhəri ərazisində “Demir” karqo adlı şirkətdən götürmüş və onlara kultivasiya etmək vaxtı olduğunu demişdir. Beləliklə, atasına məxsus, mütəmadi olaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Muravey” markalı nəqliyyat vasitəsi ilə Qəbələ rayonunun Qaradeyin kəndinə getmişlər. Oradakı boş ərazini gəzərək, əlverişli bir bağ sahəsi tapmış və həmin bağ sahəsinin içərisinə girib, baxan zaman boş olduğu üçün əldə etdikləri çətənə kollarının toxumlarını orada kultivasiya edə biləcəkləri barədə razılığa gəlmişlər. 2024-cü ilin iyun ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə, əldə etdikləri çətənə kollarının toxumlarını sözü gedən bağ sahəsində torpağı yumşaldıb, səpmişlər. Bir neçə gündən sonra gedib baxan zaman 48 ədəd çətənə kolunun cücərərək inkişaf etdiyini müəyyən etmişlər. Mütəmadi olaraq Şahid1 və Şahid3 ilə birlikdə qulluq etməyə, yəni su verməyə, diblərini yumşaltmağa, eləcə də peyin verməyə başlamışlar. Peyini onun nəqliyyat vasitəsi ilə gətirirmişlər. Həmin çətənə kolları inkişaf edərək təxminən 3 metr hündürlüyə kimi çatmışdır. xx.xx.2024-cü il tarixdə isə X6 bağ sahəsindən fındıq oğurlanması ilə bağlı müraciəti əsasında, o, Şahid1, Şahid3 və X2 RPŞ-ya gətirilmişlər. Araşdırma ilə bağlı izahatları alınan zaman Qəbələ rayonunun Qaradeyin kəndində çətənə kollarını kultivasiya etdiklərini etiraf etmişlər. Onlarla birlikdə Qəbələ RPŞ-ya gətirilmiş X16 çətənə kollarının kultivasiyasında və ya digər vaxt onlara köməklik etməmişdir. Çətənə kollarını özləri istifadə etmək üçün kultivasiya etmişlər. xx.xx.2024-cü il tarixdə, yenə də çətənə kollarına baxmaq üçün gedən zaman isə Şahid3 çətənə bitkilərinin iki ədədini kökündən çıxarıb, qurutmaq məqsədi ilə yaşadığı evə aparmışdır. Həmin hissəciklər Şahid3 evindən aşkar edilərək götürülmüşdür. Qeyd olunan çətənə kollarını sonradan qurudaraq istifadə etmək məqsədilə əkib-becərmişlər. Çətənə kollarını Şahid1 və Şahid3 köməkliyi ilə istifadə etmək məqsədi ilə əkib-becərmişlər. Qaradeyin kəndində aşkar edilərək götürülmüş çətənə bitkilərindən savayı heç bir yerdə çətənə bitkisi əkməmişdir. Heç yerdə narkotik tərkibli hər hansı maddə, bitki və ya onların prekursorlarını saxlamır. xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Qaradeyin kəndində kultuvasiya etdikləri çətənə kollarına baxmağa gedərkən həmin bağın yaxınlığındakı adı sonradan ona məlum olan X6 bağ sahəsində fındıq ağaclarının olduğunu görmüşlər. Yeganə Mirzəyevanın bağ sahəsinə Şahid1, X16 və Şahid3 ilə birlikdə girmişlər. Oradan, təxminən qarzaqsız vəziyyətdə 8 kiloqram fındıq yığmış və gətirib Zarağan kəndində yerləşən fındıq alan məntəqəyə 25 manata satmışlar. Satdıqdan sonra pulu dördü öz arasında bölmüşlər. Bundan əlavə hər hansısa bir yerdən oğurluq etməmişdir. Ona heç kim heç bir fiziki zor tətbiq etməmişdir. Ambulator məhkəmə psixiatrik və psixoloji kspertizasında müayinə zamanı qeyd edilən bağ sahəsində olan narkotik vasitələrdən məlumatının olmadığını ona görə bildirmişdir ki, işi ağırlaşmasın. Fikirləşmişdir ki, ekspert müayinə zamanı ağır rəy verər. Lakin əslində və reallıqda bütün hadisələr ifadələrində göstərdiyi qaydada baş vermişdir. Çətənə kollarına kultivasiya etməsindən bağ sahibinin məlumatı olmamışdır. Etdiyi əmələ görə peşmandır (İİ cild, i/v 97-99). Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü madəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, əvvəllər bu uşaqların heç birini tanımamışdır. Hadisə ilə bağlı tanımışdır. Qaradeyin kəndində oğurluq hadisəsi baş vermiş, yəni 3 nəfər motosikletlə fındıq oğurlamışdır. Əməliyyat qrupu onları saxlayıb, polis şöbəsinə gətirmişdir. Rayon polis şöbəsində belə hallara qarşı profilaktik tədbir keçirmişlər. Həmin şəxslərin başqa cinayətləri də ola bilər deyə, ərazidə əməliyyat axtarış tədbirləri keçirmişlər. İlkin olaraq şəxslərlə söhbət aparılmışdır. Həmin vaxt İntiqamın gözləri axmış və bu hal onların diqqətini çəkmişdir. İntiqamla söhbət apardıqda, o, narkotik vasitələri əkdiyini etiraf etmişdir. Narkotik vasitələri haradan əldə etdiklərini soruşduqda isə Orxan adlı uşağın trendyoldan gətirdiyini bildirmişdir. Telefona baxış keçirdikdə kereviz adlı bitkinin toxumlarını sifariş vermələri, proqramda həmin məhsulun sifarişi və Qəbələ rayonundan götürülməsi təsdiqlənmişdir. Polis şöbəsində üzərinə baxış keçirilmiş, ancaq heç nə aşkar olunmamışdır. Ondan narkotik tərkibli bitkinin yerini soruşduqda, göstərə biləcəyini demiş və özünün iştirakı ilə bir yerdə Qaradeyin kəndinə getmişlər. Qaradeyin kəndi dərənin altındadır, yaşayış yoxdur, hamı köçüb getmişdir. Aqronom və vəkilin iştirakı ilə əraziyə baxış keçirilmiş və aqronom narkotik tərkibli bitkilərə qulluq olunduğunu bildirmişdir. Onlar təsdiq etmişlər ki, narkotik vasitəni özləri əkmişlər. Üçü birlikdə çaya çimməyə gəlmiş, qayıdanda da həmin bitkilərə peyin, su verməklə qulluq göstərmişlər. Sonradan hadisə barədə müstəntiqlə maraqlandıqda, o trendyoldan sifariş olunan toxumun həmin bitkinin toxumu olmadığını və narkotik vasitəni əkmək üçün toxumu haradan əldə etdiklərini müəyyən edə bilmədiyini bildirmişdir. Narkotik tərkibli bitkilərin sayı 49 ədəd olmuş, onlardan 2 ədədi çıxarılmışdır. Onlar dünən Orxanla gəlib, 2 ədəd narkotik tərkibli bitkini çıxarıb, apardıqlarını etiraf etmişlər. Bundan sonra Orxanın yaşadığı evə baxış keçirilmiş və 2 ədəd bitkinin şkafın başına qoyulması aşkar edilmişdir. Həmin bitkini götürüb, polis şöbəsinə gətirmişlər. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, həmin ərazidə heç kim yaşamır, o yerin sahibi isə bir kənd adamı olmuşdur. Ərazini onlara İntiqam göstərmişdir. Orxan ərazidə olmamışdır. İntiqamın iştirakı ilə əraziyə getmişlər və orada bitkilərin yerini onlara göstərmişdir. Orada olan aqronom aşkar edilən narkotik tərkibli bitkilərə aqrotexniki qulluq olunduğunu bildirmişdir. Əvvəlki illərdə Qaradeyin kəndində olmuşdur. O 2021-ci ildə Qəbələ RPŞ-ya təyinat almış, lakin ondan əvvəl belə, polis əməkdaşları Qaradeyin kəndini gəzmələrinə baxmayaraq, orada narkotik tərkibli bitkilərin yabanı halda bitmədiyini qeyd etmişlər. Qaradeyin kəndinin ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər olmamışdır. Həmin əraziyə o da getmişdir. Ancaq əraziyə baxış keçirilən zaman kimlərin iştirak etdiyini xatırlamır və narkotik tərkibli bitkilərin olduğu torpaq sahəsinin kimə məxsus olduğunu bilmir. Həmin torpaq sahəsi çəpərə alınmış vəziyyətdə olmuşdur. Kiminsə şəxsi mülkü də ola bilər, lakin hamı çıxıb gedib deyə, orada yaşayış yoxdur. Aqronom rəy vermişdir ki, narkotik tərkibli bitkilərə aqrotexniki qulluq olunmuşdur. Əraziyə baxış videoçəkilişlə aparılmışdır. Orada özləri də narkotik tərkibli bitkilərin dibinə peyin və su verdiklərini təsdiqləmişlər. Narkotik tərkibli bitkilər sıra ilə əkilmiş, ətrafında kol-kos da olmuşdur. Həmin yer onların ərazisi olduğuna görə tanıyırlar, ancaq orada yaşayış yoxdur. Çəpərdən kənarda narkotik tərkibli bitkilərin olub-olmadığını xatırlamır. Orxanla Muradın işində əvvəldən axıra kimi iştirak etmişdir. İntiqamın işində tam iştirak etməsini xatırlamır. Amma İntiqamın işində sahəyə və evə baxış keçirilən zaman iştirak etmişdir. İntiqamın özü ilə otaqda söhbət edilmişdir. Onları axşam əməliyyat istintaq qrupu oğurluqla bağlı saxlamışlar. İntiqamın üzərində xasarətlər görməmiş və onlara qarşı hər hansı bir təsir olmamışdır. Onlar özləri etiraf etmişlər ki, narkotik tərkibli bitkilər var, özümüz əkmişik və üçümüz də qulluq etmişik. Yerini göstərə biləcəklərini soruşduqda, razılaşmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, övladı Şahid3 dostu ilə fındığ yığmağa getdiyini deyib evdən getmiş və bir sutka ərzində ona zəng çatmamışdır. Narahat olmuş, ona görə də polis şöbəsinə zəng edib, övladının harda olduğunu və ona zəng çatmadığını bildirmişdir. Ona “Narahat olma, övladın buradadır” demişlər. Onlardan nə olduğunu soruşduqda, ona “Evdə nəsə var, biz onu götürməliyik” demişlər. Qonşu İntiqam onların evində usta işləmişdir deyə, o da bilir. Onlara “Evi indi təmizləmişəm, bu evdə nə ola bilər? Evdə atam, qardaşım da yoxdur, azyaşlı övladım Orxan var” dedikdə, “Evdə nəsə var, kimsə nəsə qoyub” demişlər. Onlar evə daxil olub, şkafın üzərindən uşağın paltarına bükülmüş balaca bir bitki çıxarmışlar. Oğlu ona “Bitkini dostum verib və sonra mən götürücəm” demişdir. Ancaq hansı dostunun verdiyini bilməmişdir. Şahid daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu həmin bitkini gətirən zaman yox, sonradan polislər aşkar edəndə bilmişdir ki, evdə belə bir şey var. Həmin bitkini dostu ona vermişdir ki, apar saxla. Uşaqlar bağa fındıq yığmağa getmişlər. Oğlu bitki olduğunu, elə-belə götürüb baxdıqlarını və hansısa dostu ona “Götür qır, evə gedəndə özümlə apara bilmərəm. Sonra səndən götürəcəm” demişdir. Oğlu bitkinin cır olduğunu bilmişdir, amma kiminsə onu əkdiyini bilməmişdir. Oğlunun bitkinin cır olduğunu haradan öyrəndiyini bilmir. Evdə atası, qardaşı və kişisi olmadığına görə, belə bir şeydən istifadə edən də yoxdur. Polislər aşkar edəndən sonra bilmişdir ki, evə bitki qoyulmuşdur. Polislər gedəndən sonra Orxanla xeyli söhbət etmişdir. Orxan dostunun adını deməmişdir. Polislərin suallarından bilmişdir ki, bitki ya cır halda yetişib, ya da kiminsə bağıdır, ancaq bu uşaqların üzərinə qoyulmuşdur. Narkotik tərkibli bitkinin adını bilmir, balaca bir bitki olmuşdur. Heç onun evdə olduğunu görməmişdir. Oğlu da “Dostum verib ki, evə qoyum, sabah götürəcək. Evə apara bilməyəcək” demişdir. Bitkini hansı dostunun verdiyini isə bilmir. Bitki Orxanın köynəyinə bükülü vəziyyətdə olmuşdur. Orxan bü günə kimi bitkini hansı dostunun verdiyini deməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Şahid3 onun oğludur. xx.xx.2024-cü il tarixdə isə məlumatı olmuşdur ki, oğlu Orxan Qəbələ Rayon Polis Şöbəsindədir. İzahatı alınmalı, eləcə də üzərinə baxış keçirilməlidir. Buna görə də həmin tarixdə Qəbələ RPŞ-ya gələrək, onunla birlikdə izahatının alınmasında, üzərinə baxış keçirilməsində, eləcə də yaşadıqları evə baxış keçirilməsində iştirak etmişdir. Yaşadıqları evə baxış keçirilən zaman isə evdə, dolabın üzərindən Orxanın təqdim etməsi ilə çətənə bitkisinin hissəcikləri aşkar edilmişdir. Övladı Şahid3 çətənə kollarını qanunsuz kultivasiya və ya istifadə etməsindən, eləcə də yaşadığı evdə saxlamasından məlumatı olmamışdır. Oğlu Şahid3 ondan xəbərsiz onun şəxsiyyət vəsiqəsindən istifadə etməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına “Kenevir” toxumu sifariş vermiş və sadəcə bir dəfə 01 avqust 2024-cü il tarixdə həmin toxumu təhvil götürmüşdür. Lakin həmin toxumu da istintaqa təqdim etmişlər. Fikrincə, Qaradeyin kəndi ərazisində aşkar edilmiş çətənə bitkiləri onların təqdim etdiyi toxumlardan, yəni Orxanın Trendyol vasitəsilə sifariş verib, əldə etdiyi toxum, baharatdan əmələ gəlməmişdir. Bundan əlavə, Orxan heç bir vaxt sifariş etməmişdir. Onun, eləcə də övladı Şahid3 Qəbələ rayon Qaradeyin kəndində hər hansı bir qohumu və tanışı yoxdur. Onun, eləcə də övladı Orxanın Qəbələ rayonunun Qaradeyin kənd sakini X13 ilə hər hansı bir qohumluğu və tanışlığı və ya hər hansı bir ədavəti yoxdur (İİ cild, i/v 148-150). Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid3 bildirmişdir ki, İntiqam, Murad və o bir yerdə oturmuşlar. Məhəmmədə zəng etdikdən sonra o da gəlmişdir. Fikirləşmişlər ki, haradan fındıq yığalar. Məhəmməd “Zarağan tərəfdə bir kənd tanıyıram, gedək ora” demişdir. O, əvvəllər Zarağan kəndində yaşamışdır. Dördü bir yerdə fındıq yığmağa getmişlər. “Muravey” markalı nəqliyyatı fındıq bağından 300-400 metr məsafədə kənarda saxlamışlar. Məhəmməd bayıra getmək istədiyini bildirmiş, o da Məhəmmədlə birlikdə getmişdir. Onlar kənarda, kolların içərisində böyük çətənə bitkilərinin olduğunu görmüşlər. Məhəmmədlə danışmışdır ki, maraq üçün ikisini götürsünlər. Sosial səbəkələrdə belə şeyləri çox görmüş, ona görə necə olduğunu bilmək istəmişlər. İki ya da üç dənəsini götürmüşlər ki, guya qapıda bölüşdürəcəklər, lakin yadlarından çıxmışdır. Evdəkilər görməsin deyə, bitkiləri maykaya büküb, şkafın üzərinə qoymuşdur. Səhəri gün yenidən fındıq yığmağa gedəndə, guya həmin bitkiləri götürüb, Məhəmmədlə bölüşdürəcəkdir. Ancaq fındıq yığmağa gedən zaman saxlanılmışlar. Bağın sahibi də gəlmişdir. Daha sonra suallara cavab olaraq Şahid3 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini oxumamışdır. Niyə oxumadığını bilmir. Onları döymüşlər, ancaq kimin döydüyünü bilmir, gözləri bağlı olmuşdur. Bu işin cinayət olduğunu bilməmişlər deyə, polisə məlumat verməmişlər. Həmin kənddə iki dəfə olmuş və hər ikisində də dördü birlikdə getmişlər. Birinci dəfə fındıq yığmış, çətənə kolu götürmüşlər. İkinci dəfə isə gedəndən yarım saat sonra saxlanmışlar. Həmin kənddə cəmi iki dəfə olmuşlar. Kəndə getməkdə məqsədləri fındıq yığmaq və çimmək olmuşdur. Məhəmmədlə o, çətənə kollarını aşkar edən zaman İntiqamla Murad 20-30 metr kənarda olmuşlar. İntiqamla Murad onların çətənə kollarını tapdıqlarını və özlərilə gətirdiklərini onların qapısına çatdıqdan sonra bilmişlər. Həyətin içinə tam girməmişlər. Qapını biraz açdıqda, kolların çox olduğunu görmüşlər. İçəriyə sərbəst halda girmək çətin olmuşdur. Təsadufən bağdan 30-50 metr kənarda saxlamış və Məhəmmədlə o, motosikletdən düşəndə çətənə kollarını görmüşlər. Onlarda maraq oyanmışdır ki, aparıb görsünlər necə şeydir. İnternetdə çox görmüşlər deyə, çətənə kolunun marixuana olduğunu tanımışlar. Əvvəllər marixuanadan istifadə etməmişdir. Yarım metr içəri girib, əllərini atıb kol qarışıq iki ədəd çətənə bitkisi götürmüşlər və həmin kolları yığdıqları 7-8 kq fındığın yanına qoymuşlar. Həmin kolları fındığın yanına qoyanda İntiqam görməmişdir. “Muravey” markalı nəqliyyat vasitəsinin arxası açıqdır, ancaq İntiqam sürücüdür deyə, arxaya baxa bilməmişdir. Çətənə kollarını gətirəndə də İntiqamla Murad onu görməmişlər. Çətənə kolları çox da iri olmamışdır. Çətənə kollarının aşkar edilməsindən yalnız onun və Məhəmmədin xəbəri olmuş, qapıya çatdıqdan sonra isə İntiqamla Muradın məlumatı olmuşdur. “Muravey”in arxasında 3 nəfər əyləşmişlər. Çətənə kolları balaca bir şey olduğu üçün arxaya, oturduqları yerə atmışlar və demək olar ki, kolların üzərində əyləşmişlər. İntiqamla Məhəmməd çətənə kollarını onların qapısına çatdıqdan sonra görmüşlər. O, Məhəmmədə zəng edib, çətənə kollarını bölüşdürəcəklərini bildirdikdə, o, “Yadımdan çıxıb, səhər bölüşdürərik” demişdir. İntiqamla Murad əlində nəsə apardığını görmüşlər. Nə olduğunu soruşduqda, çətənə kolları olduğunu bildirmişdir. Çətənə kollarını Məhəmmədlə bölüşdürmək istəmiş, İntiqamla Murad isə çətənə kollarına yaxın durmamışlar. Əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Trendyoldan sifariş etdiyi ədviyyat olmuşdur. Onu ekspertizaya da təqdim etmişdir, ədviyyat olduğu təsdiqlənmişdir. Ədviyyatı yeməklərdə istifadə edir, özü də evdə çox vaxt yemək bişirir. Maraqlı gəlmişdir deyə, sifariş etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Həmin ifadəsi yazılan vaxt orada olmuş və sadəcə ifadəsinə qol çəkmişdir. İfadəsini oxumamışdır. Yaşadığı evdən çətənə kolları aşkar olunmuşdur. Çətənə bitkiləri əkməmiş və onlara qulluq etməmişlər. Trendyoldan kereviz toxumu sifariş etmişdir. Toxumu çoxdan şifariş etmiş, amma bəyan etməmişdir deyə, 1-2 ay gec gəlmişdir. Toxumu, təxminən avqustdan 1 ay əvvəl götürmüşdür. Bu hadisədən sonra toxumla bağlı sifarişi olmamışdır, yalnız bir dəfə şifariş etmişdir. Çətənə kollarının kultivasiyası ilə məşğul olmamışdır. Çətənə bitkilərini maraq üçün götürmüşdür. İntiqam, Murad və o bir yerdə olan zaman zəng edib, Məhəmmədi çağırmışlar. Məhəmməd onlara “Zarağan tərəfdə bizim evimiz olub, mən o tərəfləri tanıyıram” demiş və sonra bir yerdə getmişlər. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid2 bildirmişdir ki, oğlu ona “Mama, uşaqlar fındıq yığmağa çağırır” deyib, evdən çıxmışdır. Sonra xəbər gəlmişdir ki, oğlu Murad polis şöbəsindədir, fındığa görə saxlamışlar. O da polis şöbəsinə getmişdir. Başqa heç bir məlumatı yoxdur. İntiqamı tanımır, heç vaxt görməmişdir. Oğlu onunla da gəzmir, sadəcə uşaqlar bir yerə yığışıb fındıq yığmağa, çimməyə getmişlər. Başqa niyyətlə oğlu heç yerə getməmişdir. Daha sonra verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, uşaqları fındıq bağından oğurluq etdiklərinə görə saxlamışlar. Sonra çətənə kolları barədə danışıqlar olmuşdur. X3 ilə qohumluğu, tanışlığı yoxdur. Adını indi eşidir. İntiqamla da tanışlığı olmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində isə bildirmişdir ki, Şahid1 onun oğludur. xx.xx.2024-cü il tarixdə məlumatı olmuşdur ki, oğlu Murad Qəbələ RPŞ-dadır. Onunla əlaqə saxlayan şəxsə bildirmişdir ki, işləri olduğu üçün istintaq hərəkətləri onun iştirakı olmadan aparılsın, sonradan gəlib iştirak edər. Övladı Şahid1 çətənə kollarını qanunsuz kultivasiya və ya istifadə etməsindən məlumatı olmamışdır. Nə özü, nə də övladı Murad, eləcə də ailə üzvlərinin hər hanısa biri xarici ölkələrdən Azərbaycan Respublikasına çətənə toxumu, eləcə də “Kenevir” toxumu sifariş etməmişlər. Ümumiyətlə, xarici ölkələrdən sifariş verməyin üsul və qaydasını bilmirlər. Onun, eləcə də övladı Şahid1 Qəbələ rayonunun Qaradeyin kəndində hər hansı bir qohumu və tanışı yoxdur. Onun, eləcə də övladı Şahid1 Qəbələ rayonunun Qaradeyin kənd sakini X13 ilə hər hansı bir qohumluğu, tanışlığı və ya hər hansı bir ədavəti yoxdur (İİ cild, i/v 134-135). Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid1 bildirmişdir ki, tanış uşaqlarla bir yerdə oturmuş və qərarlaşdırmışlar ki, hava isti olduğundan çimməyə getsinlər. Hərə bir fikir demiş, biri pul yığıb hovuza getməyi bildirmiş, Məhəmməd isə demişdir ki, “Zarğanda evim var, o tərəflərdə çayın yerini bilirəm.” İntiqamın atasının motosikleti olduğundan, onlar hərədən 1-2 manat yığıb, benzinpulu toplamış və 4 nəfər ora getmişlər. Onlar fındıq bağını görüb getmiş və bağın sahibi onları saxlamışdır. Bağa girib çıxmış və ağacın altında oturub, yemişlər. Bağın sahibi onları çağırıb “Mənim bağımdan oğurluq etmisiz?” demişdir. İntiqamla o, kənarda olmuşlar, Orxanla Məhəmməd isə qorxub, qaçmışlar. Üzü yuxarı çıxdıqları zaman, yarı yolda motosiklet qızmış, Məhəmmədlə Orxan isə bayıra getmişlər. Sonra motosikletə minmişlər. Düşəndə Məhəmməd onlardan qabaq düşmüşdür. Onlar evə getmək istəyəndə, Məhəmmədin gödəkçəsinin qaldığını görmüşdür. Gödəkçənin altında ota oxşar bir şey olmuşdur. Orxan İntiqam və ona “Bu sənindir? deyə, sual verdikdə, onlar “yox” cavabı vermişlər. Zəng edib, Məhəmməddən soruşmuş və Məhəmməd özünün olduğunu bildirmişdir. Orxana “Elə yerə qoy ki, görməsinlər. Səhər gələndə mənə verərsən” demişdir. Səhər tezdən çıxıb, fındıq yığmağa getmişlər. Orxan çətənə kolunu gətirməyi yadından çıxamış və həmin kol evində qalmışdır. Fındıq yığıb qayıdanda, yolda polislər onları saxlamışdır. Daha sonra verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, yəqinki, çətənə kollarını Orxanla Məhəmməd qırmışlar, çünki onlar bayıra getmişlər. Məhəmməd Orxana “Elə yerə qoy ki, görməsinlər. Sabah götürəcəm” demişdir. Toxum səpib heç nə yetişdirməmişlər. Onlar ora iki dəfə getmişlər, iki dəfə ilə bu mümkün deyil. Çətənə kolunu görən kimi tanımışdır, çünki onu internetdən və sosial şəbəkələrdən görmüşdür. O, çətənə kollarının əkildiyi yerin olduğunu bilməmişdir. O, həmin kəndə tək getməmiş, başqa vaxtlar da kəndin ərazisində olmamışdır. Fındığı satıb motosikletə benzin almışlar. Məhəmməd çətənə bitkilərini gödəkçəsinin içində saxlamış və onu motosikletin arxa hissəsinə atmışdır. Evə gedən zaman gödəkçə və içindəkinin Məhəmmədə məxsus olduğunu öyrənmişlər. Məhəmməddən soruşduqda gödəkçə və içindəkinin özünə aid olduğunu bildirmiş, amma narkotik vasitə olduğunu deməmişdir, onlar sonradan öyrənmişlər. Çətənə kolu orta ölçüdə və əzilmiş formada olmuşdur. Məhəmməd bayıra çıxıb, onlara doğru gələndə, çətənə kolunu gödəkçəsinin arasına büküb, gətirmişdir. Hmin vaxt yay fəsli olmuşdur. Gödəkçə qısa qollu olmuşdur. Fındıq yığmağa səhər saat 08-də getmişlər. Çətənə bitkilərini çimib qayıtdıqdan sonra, günorta radələri qırmışlar. Çətənə bitkiləri aşkar olunan yeri tanımır. Həmin ərazidə təsadüfən dayanmışlar. Gəldikləri motosiklet qızdığı üçün soyumağını gözləmişlər. Ona qədər 10-15 km yol gəlmişlər. Eyni yolu gedərkən də motosiklet qızmışdır. Ona görə bir neçə yerdə dayanmışlar. İfadəsinin altına “İfadəmi oxudum, doğrudur. Əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” yazmışlar, amma oxumağa imkan verməmişlər. Narkoloji ekspertizadan keçmiş və həkimlərlə görüşmüşdür. Həkimlər ona təyziq etməmişlər, polis şöbəsində təyziqlər olmuşdur. Həkimlərlə söhbət etmiş və orada problem olmamış, analiz verib, qayıtmışdır. Narkotik vasitə istifadə etməmişdir. Onları döyüb, boyunlarına almağı məcbur etmişlər. Məhkəmə istintaqında verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid5 bildirmişdir ki, Bakıda işləyəndə ona bu hadisənin baş verdiyini demişlər. Bakıdan rayona qayıdandan sonra polis şöbəsində ona demişlər ki, oğlun narkotik tərkibli bitkilər əkir və 42 ədəd ağac aşkar olunub. O inanmamışdır. Hadisələrin gedişində ona məlum olmuşdur ki, oğlu İntiqamın günahı yoxdur. Daha sonra suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Bakıda olanda İntiqam anası ilə rayonda olmuşdur. Həmin vaxt İntiqam anası və nənəsi ilə birlikdə rayonda qalmışdır. İntiqamın narkotik vasitə istifadə etməsi barədə məlumatı olmamışdır. Ona məxsus üç təkərli motosiklet olmuş və İntiqamın həmin motosikletdən istifadə etməsinə icazə vermişdir. İntiqamın Fındıq oğurlmasını, çayda çimməsini hadisədən sonra bilmişdir. Hadisəni biləndən sonra İntiqamı danlamışdır. Orxan və Məhəmmədin bağda bitən narkotik vasitə qırması, evə gətirməsi barədə məlumatı olmamışdır. O, hadisədən sonra İntiqamdan bu barədə soruşmuş, o da andaman etdmişdir ki, mən o bağa getməmişəm. Cinayət işi ilə tanış olmuş, lakin oxuya bilmədiyi üçün mütəxəssis rəyini oxumamışdır. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid6 bildirmişdir ki, öz xahişi ilə 2021-ci ilin noyabr ayında Qəbələ RPŞ-ya əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxs və onunla olan digər şəxsləri hadisə ilə bağlı tanımışdır. Eşitmişdir ki, Qəbələ rayonunun Qaradeyin kəndində oğurluq hadisəsi baş vermiş, yəni üç nəfər motosikletlə fındıq bağından fındıq oğurlamışlar. Ona görə əməliyyat istintaq qrupu onları saxlayıb, polis şöbəsinə gətirmişlər. Həmin şəxslərin başqa cinayətləri də ola bilər deyə, ərazidə əməliyyat axtarış tədbirləri keçirmişlər. Bundan əvvəl isə həmin şəxslərlə söhbət aparmışlar. Həmin vaxt İntiqamın gözləri axmış və onun bu halı onların diqqətini çəkmışdir. İntiqamla söhbət apardıqda, o narkotik vasitələri əkdiyini etiraf etmişdir. Narkotik vasitələri haradan əldə etdiklərini soruşduqda, Orxan adlı şəxsin “Trendyol”dan gətirdiyini bildirmişdir. Onun telefonuna baxış keçirdikdə, müəyyən edilmişdir ki, “kereviz” adlı bitkinin toxumlarını sifariş vermişlər, proqramda həmin məhsulun sifarişi və Qəbələ rayonundan götürülməsi təsdiqlənmişdir. Polis şöbəsində üzərinə baxış keçirilmiş və heç nə aşkar olunmamışdır. Ondan narkotik tərkibli bitkinin yerini soruşduqda, göstərə biləcəyini qeyd etmiş və özünün iştirakı ilə bir yerdə Qaradeyin kəndinə getmişlər. Qaradeyin kəndi dərənin altında yerləşir və orada yaşayış yoxdur, hamı köçüb getmişdir. Aqronom və vəkilin iştirakı ilə əraziyə baxış keçirilmiş və aqronom narkotik tərkibli bitkilərə qulluq olunduğunu bildirmişdir. Onlar təsdiq etmişlər ki, narkotik vasitəni özləri əkmişlər. Üçü birlikdə çaya çimməyə gəlmiş, qayıdanda da həmin bitkilərə peyin və su verməklə, qulluq göstərmişlər. Sonradan müstəntiqlə hadisə barədə maraqlandıqda, o, “Trendyol”dan sifariş olunan toxumun həmin bitkinin toxumu olmadığını və narkotik vasitəni əkmək üçün toxumu haradan əldə etdiklərini müəyyən edə bilmədiyini demişdir. Narkotik tərkibli bitkilərin sayı 49 ədəd olmuşdur, 2 ədədi çıxarılmışdır. Özləri dünən Orxanla gəlib, 2 ədəd narkotik tərkibli bitkini çıxarıb apardıqlarını etiraf etmişlər. Orxanın evinə baxış keçirilmiş və Orxanın 2 ədəd bitkini şkafın başına qoyması aşkar edilmişdir. Həmin bitkini götürüb polis şöbəsinə gətirmişlər. Daha sonra verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, ərazini İntiqam göstərmişdir, Orxan ərazidə olmamışdır. İntiqamla birlikdə əraziyə gedilmiş və bitkilərin yerini onlara göstərmişdir. Aqronom isə narkotik tərkibli bitkilərə aqrotexniki qulluq olunduğunu bildirmişdir. Əvvəlki illərdə də Qaradeyin kəndində olmuşdur. Ondan əvvəl belə, polis əməkdaşları Qaradeyin kəndini gəzmələrinə baxmayaraq, orada narkotik tərkibli bitkilərin yabanı halda bitmədiyini qeyd etmişlər. Qaradeyin kəndinin ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər olmamışdır. O da həmin əraziyə getmişdir. Baxış keçirilən zaman kimlərin iştirak etdiyini xatırlamır. Narkotik tərkibli bitkilərin olduğu torpaq sahəsinin kimə məxsus olduğunu bilmir. Torpaq sahəsi çəpərə alınmış vəziyyətdə olmuşdur. Hamı çıxıb gedib deyə, orada yaşayış yoxdur. Əraziyə baxış videoçəkiliş vasitəsilə aparılmışdır. Həmin şəxslər özləri də, narkotik tərkibli bitkilərin dibinə peyin və su verdiklərini təsdiqləmişlər. Narkotik tərkibli bitkilər sıra ilə əkilmiş, ətrafında kol-kos da olmuşdur. Həmin yer onların əraziləri olduğuna görə, oranı tanıyırlar, orada yaşayış yoxdur. Orxanla Muradın işində əvvəldən axıra kimi iştirak etmişdir. Amma İntiqamın işində sahəyə və evə baxış keçirilən zaman iştirak etmişdir. İntiqamın özü ilə otaqda söhbət edilmişdir. Onları əməliyyat istintaq qrupu oğurluqla bağlı saxlamışdır. İntiqamın üzərində xasarətlər görməmiş, onlara qarşı hər hansı bir təsir olmamışdır. Özləri etiraf etmişlər ki, narkotik tərkibli bitkilər var, özümüz əkmişik və üçümüz də qulluq etmişik. Yerini göstərə biləcəklərini soruşduqda isə razılaşmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid X13 bildirmişdir ki, o torpaq atasından qalmışdır. 4-5 aydan bir ora getmişdir. Həmin torpaqdan demək olar ki, istifadə etmir, köhnə yurd yeridir və orada yad bitki görməmişdir. Daha sonra suallara cavab olaraq Mənsur Mehralıyev bildirmişdir ki, 1986-cı ildə həmin torpaqdan köçmüşdür. Orada az sayda insan yaşayır. X21 və digərləri vardır. Bağla üzbəüz heç kim yoxdur. Adlarını qeyd etdiyi şəxslər 100 metr uzaqda yaşayırlar. Torpağı heç kimə icarəyə verməmişdir. Bağdan köçəndən sonra orada nəsə əkməmişdir. Bağda meyvə ağacları, kol-kos və s. vardır. O, bağda təmizlik olmamışdır. Hər yer koldur. Həmin yerə axırıncı dəfə 2024-cü ildə, qoz yığmaq üçün getmişdir. Bağın ətrafını 5-6 il əvvəl özü bağlamış və giriş-çıxış üçün qapı da qoymuşdur. Oraya getmədiyi üçün torpağın qazılmasını da bilməmişdir. Amma orada bel, dırmıx və s. olmamışdır. O bağda əkin-biçin olmamış, kimsə narkotik vasitə əkməmişdir. Demək olar ki, bağa getmir, ildə 1-2 dəfə qoz yığmağa getmişdir. Bağdan təxminən 100 metr uzaqda qonşu vardır, üzbəüzdə kimsə yoxdur. O, bağda narkotik tərkibli bitkilərin əkilməsini polislərdən eşitmişdir. Həmin vaxta qədər bu barədə heç bir məlumatı olmamışdır. 3 nəfərin bağda nəsə əkib becərməsi barədə polis şöbəsində nəsə deməmişdir. Müstəntiq uşaqların adlarını çəkənə qədər onların haqqında heç nə bilməmişdir. Bağda kimin, nəsə əkməsini, ümumiyyətlə bilməmişdir. Qoz yığmağa gedəndə orada qanunsuz bitki əkilib-biçilməsini görməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid X15 bildirmişdir ki, 2024-cü ilin avqust ayında Qəbələ şəhər sakinləri Təqsirləndirilən şəxs, Şahid3 və Şahid1 Qəbələ rayonunun Qaradeyin kəndi ərazisində, dərəlik sahədə yerləşən bağ sahəsində narkotik vasitə olan çətənə bitkilərini əkib, onlara qulluq etmələri barədə Qəbələ RPŞ-nın Cinayət axtarış bölməsinə məlumat daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs göstərişi ilə həmin əraziyə getmişlər. Əraziyə Təqsirləndirilən şəxs, onun müdafiəçisi, təhqiqatçının iştirakları ilə baxış keçirilmişdir. İntiqam əkilən bitkiləri polis əməkdaşlarına göstərmişdir. Təxminən 40-60 ədəd arası çətənə bitkiləri aşkar olunmuş və sonra təhqiqatçının iştirakı ilə bitkilərin hamısı qablaşdırılaraq, götürülmüşdür. Daha sonra verilən suallara cavab olaraq şahid Ruhlan Mustafayev bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı polis tərəfindən hər hansı bir zorakılıq göstərilməmiş və onun bu barədə heç bir şikayəti olmamışdır. Əvvəllər Qaradeyin kəndində yox, başqa kəndlərdə çətənə bitkisinin yabanı halda bitməsi barədə eşitmişdir. Oğurluq hadisəsindən əvvəl onların narkotik vasitə ilə məşğul olmaları və narkotik tərkibli bitki əkmələri barədə məlumatları olmuşdur. Onların fındıq oğurluğu ilə tutulmalarında iştirak etməmiş, əraziyə baxış keçirilməsində iştirak etmişdir. Əraziyə baxışdan əvvəl İntiqamın narkotik tərkibli bitkilərin əkilməsi ilə məşğul olması barədə məlumat olmuşdur. Fındıq oğurluğu həmin əraziyə yaxın yerdə olmuşdur. Bu da onların şübhələrini artırmış və onların bu işlə məşğul olmasını təsdiq etmişdir. Əvvəlcədən İntiqam və digərlərinin narkotik tərkibli bitkiləri əkmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyatçılar onları tutmaq üçün orada gözləmiş, lakin tuta bilməmişlər. Fındıq oğurluğundan sonra işin üstü açılmışdır. Əməliyyat məlumatı digər əməliyyatçıya daxil olmuşdur. Əraziyə baxış keçiriləndə İntiqam orada olmuşdur. Oğurluq hadisəsindən sonra İntiqam, şöbədə narkotik tərkibli bitki əkmələrini etiraf etmişdir. Daxil olan məlumatda bitkilərin əkildiyi yer qeyd olunmamışdır. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid X22 bildirmişdir ki, Qəbələ şəhər sakinləri Təqsirləndirilən şəxs, Şahid3 və Şahid1 Qəbələ rayonunun Qaradeyin kəndi ərazisində, dərəlik sahədə yerləşən bağ sahəsində narkotik vasitə olan çətənə bitkilərini əkərək, onlara qulluq etmələri barədə Qəbələ RPŞ-nın Cinayət axtarış bölməsinə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən nəsə aşkar edilməmiş, lakin o, Qaradeyin kəndinin ərazisində narkotik tərkibli bitki əkdiyini təsdiq etmişdir. Əkilən ərazini göstərə bilib-bilməməsini soruşanda, göstərəcəyini demişdir. Orada müdafiəçi, müəllim, əməliyyat müvəkkilləri və başqa şəxslər iştirak etmişlər. Baxış zamanı çoxsaylı və hündür çətənə kolları aşkar edilmişdir. Orada aqronom da iştirak etmiş və rəy vermişdir. Orxanın da üzərindən nəsə aşkar edilməmiş, amma yaşadığı evdə narkotik tərkibli bitkinin olduğunu demişdir. Həmin gün, onun yaşadığı evə baxış keçirilmiş və oradan bükümdə olan narkotik tərkibli bitki aşkar edilmişdir. Evə keçirilən baxışda Orxanın anası da iştirak etmişdir. Daha sonra suallara cavab olaraq şahid Musa Əlizadə bildirmişdir ki, zərurət olmadığı üçün ibtidai istintaq zamanı ifadə verməmişdir. Keçirilmiş əməliyyat tədbirlərində iştirak etmişdir. Başqa vaxtlarda həmin ərazidə narkotik vasitə əkilməmiş və aşkar edilməmişdir. Hadisə yerinə baxış keçirilərkən, Təqsirləndirilən şəxs heç bir şeyə etirazı olmamışdır. Təqsirləndirilən şəxs olanları özü etiraf etmiş və 3 nəfərlə birlikdə əkib-becərdiklərini demişdir. O, “Murad və Orxanla bir yerdə bu bağa gəlmişik, əkmişik, qulluq etmişik” demişdir. Ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. O, hadisə yerinə baxış keçirilməsində iştirak etmiş və həmin vaxt İntiqamda xəsarət əlamətləri olmamışdır. Həmçinin, o, narkotik tərkibli bitkilərlə bağlı etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs, Şahid3 və Şahid1 heç kim bitkilərin yerini göstərməmişdir. O 3 il 3 ay Qəbələ RPŞ-da işləmiş, lakin o yeri tanımamışdır. Birkilərin yerini onlara İntiqam göstərmişdir. Orada işlədiyi müddətdə, həmin ərazidə narkotik vasitə aşkar edilməmiş və ya əkilməmişdir. Təhqiqatçının otağında vəkil iştirakı etmiş və videoçəkiliş aparılmışdır. Əgər, İntiqama qarşı fiziki zor tətbiq edilmişdirsə, niyə vəkilinə bu barədə deməmişdir? Polis şöbəsindən çıxandan sonra niyə harasa şikayət etməmişdir? İntiqama qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid X17 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ RPŞ-nın Təhqiqat bölməsində araşdırması aparılan material üzrə mütəxəssis qismində dəvət olunduqdan sonra baxış keçirmək üçün Qəbələ rayonunun Qaradeyin kəndində yerləşən bağ sahəsinə getmişdir. Birlikdə Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi, eləcə də onun müdafiəçisi Firudun Osmanov, müəllim və digər polis əməkdaşları da iştirak etmiş və videoçəkiliş aparılmışdır. Təhqiqatçı videoçəkilişlə iştirakçıları təqdim etmiş və proses başlamışdır. Bu vaxta kimi həmin yerin hansı bağ sahəsi olduğunu bilməmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşının biri ilə qabağa düşüb, bağı göstərmişdir. Birinci bağın girişində balaca, zəif inkişaf etmiş və hündürlüyü təxminən 50-60 sm olan çətənə kolunu göstərmişdir. Daha sonra bağın içərisinə keçmişlər. Orada gediş-gəliş yolunu xatırladan cığır olmuşdur. Getdikcə bir neçə dənəsi də üzə çıxmışdır. Onların boyları təxminən 70 sm - 1 metr arası olmuşdur. İkinci topa olan yerə yaxınlaşmışlar, orada 1-2 metr hündürlüyü olan çətənə bitkiləri olmuşdur. Ən sonda getdikləri toplu bitkilər olan yerdə 2,5-3 metr hündürlüyü olan çətənə bitkiləri olmuşdur. Təhqiqatçı İntiqamdan soruşanda, o, əkib-becərdiyini bildirmişdir. Bitkilərin növünü öyrənmək üçün botaniki və bioloji xüsusiyyətlər vardır. Çətənə bitkisi olub-olmadığını dəqiqləşdirmək üçün həmin üsullardan istifadə etmişdir. Çətənə kolları aprel-may aylarında əkilir. Avqust ayında onlar normal hündürlükdə olmalıdır. Lakin, birinci aşkar olunanlar nazik və zəif inkişaf etmişdir. Sonradan cığırın olduğunu görmüşdür. Bitkilərə su verilmişdir, ola bilsin dibləri yumşadılmadığı üçün zəif inkişaf etmişlər. İkinci və üçüncü topalar aşkar olunandan sonra bir daha əmin olmuşdur ki, həmin bitkilər sulanmış və diblərininə qulluq edilmişdir. Çətənə bitkilərinin növü və formaları çoxdur. Səpin üçün “kannabis sativa” adlı növü vardır. Bu bitki təsərrüfat əhəmiyyətlidir. Kənaf nikotin tərkibinə görə daha çox narkotik tərkibi olan “kannabis indika” növünə aid edilir. Bu da yaşadıqları ərazidə vardır. Alaq çətənəsi, yəni “kannabis ruderalis” bitkisi yabanı formada su kanallarında, çay hövzələrində, dağ yamaclarında və digər yerlərdə bitə bilir. Bunların boyu 1-1.5 metr, budaqları isə 20-30 sm olur və sentyabr ayında yetişir. Bağda aşkar olunan bitkilərin dibləri yaş olmuşdur. Ola bilsin, həmin bitkilərə peyin, gübrə verilməmişdir, amma həmin ərazi çürüntülərlə zəngin olan münbit ərazidir. 2,5-3 metr hündürlüyü olan çətənə bitkilərinin budaqları 60-80 sm-dək uzanmışdır. Çıxarılan bitkilərin kökləri çox yaxşı vəziyyətdə olmuşdur. Gövdənin qalınlığının diametri torpağa yaxın hissədə 2 sm-dan artıq olmuşdur. Yabanı halda bitən bitkilərdə belə hallar olmur. Toxumlar avqust ayının 1-də səpilmişdir. Hər bir bitkinin böyümə fazaları vardır. Tez, orta, gec yetişən sortlar 90-160 gün arası böyüyür. 3 metrə yaxın çətənə bitkilərinin çiçəkləri görünmüş və onların tam yetişmə vaxtı olmuşdur. Bitkinin 23 günə belə olması mümkünsüzdür. Ona görə ikinci rəyində bunu bildirmişdir. Çətənə toxumlarının növləri çoxdur. Onlar əsasən, açıq-bozumtul rəngdə olur. Təqdim olunan toxum kişniş bitkisinin toxumlarına oxşamışdır. Bağda aşkar olunan bitkilərin kim tərəfindən əkildiyini müəyyən etmək çətindir. Normalda bitkilər səliqəli, cərgə ilə əkilir, amma burada elə olmamışdır. Hətta böyürtkən kollarının altında da çətənə bitkiləri olmuşdur. Daha sonra suallara cavab olaraq şahid Famil Xitilov bildirmişdir ki, bitkiləri kökündən çıxarmışdır. O bitkilərin diblərinə qulluq edilmişdir. Avqust ayı olmasına baxmayaraq, bitkilərin dibləri nəm olmuşdur. Onun bitkiləri yabanı və ya kim tərəfindən əkilməsini dəqiqləşdirmək imkanı yoxdur. 2 metrdən uzun ağacların sayı ümumi ağacların təxminən 40%-ni təşkil etmişdir. Neçə ağacın dibinin yaş olmasını bilməmiş, amma o ağaclara vaxtında su verilmişdir. 15 ağacın çıxarılmasında iştirak etmiş və demək olar ki, hamısının dibi nəm olmuşdur. Neçə gün əvvəl sulandığını isə deyə bilmir. Bağ kəndin qərb tərəfində yerləşir. Əgər yağış yağmış olsaydı, bitkinin dibi ilə yanaşı, hər yer nəm olardı. Burada ancaq bitkilərin dibləri yaş olmuş və təxminən 1 qarış diametrində torpaq yumşaldılmışdır. Həmin bitkiləri torpaqdan çıxaranda torpağın yumşadılmasını görmək mümkün olmuşdur. Aşkar olunan bitkilərin çəkisini bilməmişdir. Gövdənin qalınlığının diametri torpağa yaxın hissədə 2 sm-dən artıq olmuşdur. Bitkinin hündürlüyünə görə, bu diametr normaldır. Bitkilərə gübrə verilməsinə dair əlamətlər hiss olunmamışdır, həmin ərazi çürüntülərlə zəngin olan münbit ərazi olmuşdur. Bağdan çöldə təxminən 60 sm hündürlükdə 1 ədəd çətənə bitkisi olmuşdur. Həmin əraziyə polislərlə getmişdir. Ora gedəndə İntiqam və müdafiəçi də orada olmuşdur. Rəyində bitkinin dibinin yumşaldılması və suvarılması qeyd olunmuşdur. Yayda o bitkilərə su verilməsə, məhv olardılar. Quru toxumların səpmə üsulu ilə bitməsi təxminən 30 %-dir. Ola bilsin, dırmıqdan istifadə edilib. Elə yerlər var idi ki, orada 5-6 dənəsi bir yerdə bitmişdir. Ola bilsin, əkilməmişdən əvvəl böyürtkən kolları balaca və az olmuş, sonra inkişaf edərək, böyümüşdür. Bəlkə də zəif inkişaf edənlər kölgəlik yerə düşmüşdür. Yabanı bitmiş çətənə bitkisi ilə bunlar arasında fərqlər vardır. Yabanı halda bitən bitkinin hündürlüyü 1-1,5 metr uzunluğunda olur. Kənar yarpaqlarının ölçüsü isə 20-30 sm inkişaf edir. Aşkar olunan bitkilər isə inkişaf baxımdan yabanı bitən bitkiyə oxşamamışlar. Çünki, bunlar yaxşı inkişaf etmişlər. Bitkilər yetişməmişdir. Təxminən sentyabr ayının 10dan sonra yetişir. Alaq otlarına və digər otlara su verilməmiş, kökün 20 sm ətrafına su verilmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid X16 bildirmişdir ki, birinci dəfə İntiqam, Murad və Orxanla birlikdə Qaradeyin kəndində çaya çimməyə getmişlər. Muradı Orxanın vasitəsilə tanımışdır. Orada “sabaha yemək filan götürüb təkrar qayıdaq” demişlər. Orada olanda bir qadın video çəkə-çəkə onlara tərəf gəlmiş və onlar getmək qərarına gəlmişlər. Gedərkən İntiqam motosikleti sürmüşdür. Bir qədər getdikdən sonra, ayaqyolu üçün dayanmışlar. Bu vaxt Orxanın əlində nəsə olmuş və onu jiletə büküb, motosikletə atmışdır. Ondan sonra evlərinə getmişlər. Daha sonra suallara cavab olaraq şahid Məhəmməd Nəsirov bildirmişdir ki, İntiqamı 1 ildir, keçən yaydan, Muradı isə 3-4 ildir tanıyır. Əvvəllər Qaradeyin kəndindən başqa harasa getməmişlər. Qaradeyin kəndinə iki dəfə getmişlər. Kəndə, çayda çimmək üçün getmişlər. Çiməndən sonra su, benzin almaq üçün fındıq yığmışlar. Onlar bağın sahibinin olduğunu bilməmişlər. Yığılan fındığı satmış, su və benzin almışlar. Bükülü vəziyyətdə olan şey Orxanın əlində olmuş və Orxan onu motosikletə atmışdır. Orxan birinci dəfə gedəndə bükümü motosikletə atmışdır. Bükümün kənarlarından ot görünmüş, adi ot olduğunu düşünmüşdür. İntiqam Orxanın nə etdiyini görməmişdir. Kəndə ikinci dəfə gedəndə bu hadisə olmuşdur. Birinci dəfə fındıq yığıb, qayıtmışlar. İkinci dəfə oturmağa yerləri olmuşdur. Orada oturub, yemək yeyəndə, “Opel” markalı maşın yaxınlaşmış və maşından qadın düşmüşdür. Qadın video çəkiliş etdiyi üçün oradan uzaqlaşmışlar. Fındıq bağı ayrı yerdə, Orxanın motosikletə qoyduğu büküm ayrı yerdə olmuşdur. İntiqam və Murad həmin vaxt motosikletlə gəzmişlər. Narkotik vasitə ilə bağlı məlumatı olmamışdır. Polis şöbəsində analiz üçün ondan qan götürmüşlər. Şöbədə onlara “kimsiniz, haradan almısınız, harada əkmisiniz, hansı kənddir?” kimi suallar verilmişdir. O, cavab olaraq, məlumatının olmadığını demiş, sonra isə suallar verilmişdir. Fındıq oğurluğunda dördü də iştirak etmişdir. Orxanın bağdan bitki qopardığını görmüş, amma nə bitkisi olduğunu bilməmişdir. Orxanın əlində nəsə olmuş, onu jiletə büküb, motosikletə atmışdır. Orxan bitkini qopardanda orada olmuşdur. İntiqam və Murad isə motosikletdə olmuşlar. Orxan bükümü motosikletə atanda İntiqam və Murad bunu görməmişlər. Ondan sonra evə getmişlər. Orxana “bunu evə apar, sonra götürəcəm” deməmişdir. Qadın polisə zəng vurmuş, Böyük Pirəllidə polislər onları saxlamış və şöbəyə aparmışlar. Polis şöbəsində onlara etdiklərini boyunlarına almağı demişlər. Polis şöbəsində İntiqam, Orxan və Muraddan uzaq olmuşdur. İntiqam, Orxan və Muradın narkotik tərkibli bitkilər əkib-becərdiklərini bilməmişdir. Şahid ifadələrini dinləyib, tədqiq edən məhkəmə kollegiyası Şahid6 həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrin, digər şahidlər Ruhlan Mustafayev, Mənsur Mehralıyev, Musa Əlizadə, Famil Xitilov, Məhəmməd Nəsirovun məhkəmə istintaqında, Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 isə ibtidai istintaq zamanı verdikləri ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların bu ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası həmin ifadələri dürüst və mötəbər sübutlar hesab edir və hökmün əsasına qoyur, şahidlərin qeyd olunan ifadələrində təqsirləndirilən şəxsə böhtan atmaları üçün əsaslar görmür. Eyni zamanda, şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Qəbələ RPŞ-nın CAB-nın rəisi Elçin İsmayılovun 23 avqust 2024-cü il tarixli raportu ilə. Həmin raportda göstərilir ki, xx.xx.2024-cü il tarixdə DİN-in 102 Xidmətinə Qəbələ rayonunun Qaradeyin kənd sakini X18 zəng edərək, özünə məxsus fındıq bağı sahəsinə 4 nəfər tanımadığı şəxsin daxil olaraq məhsulunu yığıb, aparmaları barədə məlumat vermişdir. Tərəfimizdən keçirilmiş əməliyyat tədbirləri nəticəsində X10 məxsus fındıq bağı sahəsindən oğurluq edən şəxslərin Qəbələ şəhər sakinləri xx.xx.2009-cu ildə Qəbələ şəhərində anadan olmuş, Qəbələ rayonunun Bum qəsəbəsində qeydiyyatda olmaqla, Qəbələ - 2, M.Abdıyev küçəsində yaşayan X16, xx.xx.2009-cu ildə ünvan 4 ünvanında yaşayan Şahid1, xx.xx.2009-cu ildə Qəbələ şəhərində doğulmuş, Kəlbəcər rayonunun Milli kəndində pasport qeydiyyatında olmaqla, ünvan 6 ünvanında yaşayan Şahid3 və xx.xx.2007-ci ildə Qəbələ şəhərində anadan olmuş, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs olmaları müəyyən olunmuşdur. Həmin şəxslər ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində X10 məxsus fındıq bağı sahəsindən oğurluq etmələri və bundan başqa Təqsirləndirilən şəxs, Şahid3 və Şahid1 birlikdə, təxminən 23 iyun 2024-cü ildə internet vasitəsilə “Trendyol”dan marixuana (nəşə) bitkisinin toxumlarını sifariş edərək, Qəbələ rayonunun Qaradeyin kəndi ərazisində külli miqdarda əkərək, kultivasiya etmələri müəyyən olunmuşdur (İ cild, i/v 03). Yetkinlik yaşına çatmayan şübhəli şəxsin tutulması haqqında 23 avqust 2024-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən xx.xx.2024-cü il tarixdə, saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i/v 12). Şəxsi axtarış keçirilməsi və götürmə barədə 22 avqust 2024-cü il tarixli protokolla. Həmin protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və predmet, eləcə də narkotik vasitə və ya prekusorlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs baxış zamanı 49 ədəd çətənə kolunun toxumlarını Şahid3 və Şahid1 ilə birlikdə, təxminən iki ay bundan əvvəl internet vasitəsilə sifariş edərək, əldə etdiklərini, Qəbələ rayonunun Qaradeyin kəndində kultivasiya etdiklərini, həmin çətənə kollarını təqdim edəcəyini bildirmişdir (İ cild, i/v 25-26). Şəxsi axtarış keçirilməsi və götürmə barədə 22 avqust 2024-cü il tarixli digər protokolla. Həmin protokoldan müəyyən olunur ki, Şahid3 üzərinə şəxsi axtarış aparılan zamanı Şahid3 üzərindən hər hansı əşya və predmet, eləcə də narkotik vasitə və ya prekusorlar aşkar edilməmiş, lakin Şahid3 baxış zamanı 49 ədəd çətənə kolunun toxumlarını Təqsirləndirilən şəxs və Şahid1 ilə birlikdə, təxminən iki ay əvvəl internet vasitəsilə sifariş edərək, əldə etdiklərini, Qəbələ rayonunun Qaradeyin kəndində kultivasiya etdiklərini, həmin çətənə kollarını təqdim edəcəyini, 21 avqust 2024-cü il tarixdə isə iki ədəd kultivasiya edilmiş çətənə kolunu kökü ilə birlikdə çıxararaq, yaşadığı ünvana apardığını, yaşadığı evdə paltar dolabının üzəribə qoyaraq orada saxladığını və təqdim edə biləcəyini bildirmişdir (İ cild, i/v 32-33). Şəxsi axtarış keçirilməsi və götürmə barədə 23 avqust 2024-cü il tarixli digər protokolla. Həmin protokoldan müəyyən olunur ki, Şahid1 üzərində şəxsi axtarış keçirilən zaman üzərindən hər hansı əşya və predmet, eləcə də narkotik vasitə və ya prekusorları aşkar edilməmişdir. Şahid1 baxış zamanı 49 ədəd çətənə kolunun toxumlarını Təqsirləndirilən şəxs və Şahid3 ilə birlikdə, təxminən iki ay əvvəl internet vasitəsilə sifariş edərək, əldə etdiklərini, Qəbələ rayonunun Qaradeyin kəndində kultivasiya etdiklərini, həmin çətənə kollarını təqdim edəcəyini, 21 avqust 2024-cü il tarixdə Şahid3 kultivasiya edilmiş iki ədəd çətənə kolunu kökü ilə birlikdə çıxararaq, yaşadığı ünvana apardığını bildirmişdir (İ cild, i/v 40-41). Baxış keçirilməsi haqqında 23 avqust 2024-cü il tarixli protokol və ona əlavə edilmiş foto və video görüntü ilə. Həmin sübutlardan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi X11, müəllim X23, qəyyum-Ağdaş RİH-nin Hüquq şöbəsinin baş çəslətçisi X26, əməliyyat müvəkkilləri X22, Şahid6 və X15 və aqronom X7 iştirakı ilə narkotik tərkibli çətənə bitkilərini kultivasiya edildiyi Qəbələ rayonunun Qaradeyin kəndi ərazisində yerləşən bağ sahəsinə təhqiqatçı Elşən Qasımov tərəfindən baxış aparılmışdır. Baxış keçirilən yer Qəbələ rayonunun Qaradeyin kəndi ərazisində yerləşən bağ sahəsidir. Bağ sahəsi Qaradeyin kəndində yaşayış evlərinin olmadığı yerdə yerləşir. Bağ sahəsinin kənarı ağac və kol-kosdan ibarət hasardır. Bağ sahəsinə ağac hasarın sökülmüş hissəsindən girilmişdir. Bağ sahəsinə daxil olmazdan əvvəl sökülmüş hasarın yaxınlığında, yol kənarında, dib hissədə 01 ədəd çətənə koluna bənzər bitki aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkini təqdim edərək, Şahid1 və Şahid3la birlikdə əkib qulluq etdiyini demişdir. Həmçinin, aqronom Famil Xitilov həmin bitkiyə baxış keçirərək, bitkiyə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra bağın içərisinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs çətənə kollarını əkdiyi ərazini və orada əkdikləri çətənə kollarına bənzər bitkiləri təqdim etmişdir. Həmin çətənə kolları otluq və kol-kosdan ibarət təxminən 25-30 metr diametr ərazidə yerləşir. Aşkar edilmiş bitkilərə aqronom Famil Xitilov tərəfindən də baxış keçirilmiş və o, bitkilərə aqrotexniki qaydada qulluq edildiyi bildirilmişdir. Təqsirləndirilən şəxs Şahid1 və Şahid3la birlikdə həmin bitkilərə peyin və su verərək, qulluq etdiklərini bildirmişdir. Həmin bitkilər kökündən çıxarılıb, giriş hissədə olan torpaq örtüklü yola sıra ilə düzülmüşdür. Bağ sahəsindən, ümumilikdə 48 ədəd, giriş hissədə yol kənarında isə 1 ədəd olmaqla, ümumilikdə 49 ədəd çətənə bitkilərinə bənzər bitkilər aşkar edilmişdir. Həmin bitkilərin hündürlükləri metrə ilə ölçülərkən ən kiçiyinin 53 sm, ən hündürünün isə 3 metr 7 sm olduğu müəyyən edilmişdir. Həmin bitkilər 35 ədədi bir ədəd ağ rəngli, 14 ədədi isə digər ağ rəngli kisədə qablaşdırılmış, üzəri DİN-in 103 saylı möhürü ilə möhürlənmiş və imzalanması üçün iştirakçılara təqdim edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır (İİ cild, iş vər. 49-63). Baxış keçirilməsi haqqında 23 avqust 2024-cü il tarixli protokol və ona əlavə edilmiş foto və video görüntü ilə. Həmin sübutlardan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Şahid3 yaşadığı ünvan 2 nömrəli evə baxış aparılarkən Şahid3 yaşadıqları evdə Qəbələ rayon Qaradeyin kəndində əkdikləri çətənə bitkilərindən iki ədədini kökündən çıxarmaqla qurutmaq məqsədilə yataq otağının şkafının üzərində saxladığını bildirmiş və həmin çətənə bitkilərini təqdim edə biləcəyini qeyd etmişdir. Daha sonra Şahid3 otaqda yerləşən şkafı göstərərək, üzərində həmin çətənə kollarını saxladığını bildirmiş və həmin çətənə kollarını təqdim etmişdir. Çətənə bitkilərinə bənzər hissəciklər alt geyim paltarı olan maykaya bükülü vəziyyətdə olmuşdur. Həmin bitkilərə baxış zamanı bükülmüş yumru halda olduğu müəyyən edilmişdir. Kütlə maykadan kənara qoyularaq tərəzi vasitəsilə çəkilmiş və həmin kütlə 0,730 qram olmuşdur. Bundan sonra bitkilər 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, üzəri DİN-in 103 saylı möhürü ilə möhürlənmiş və imzalanması üçün iştirakçılara təqdim edilmişdir. İştirakçılar tərəfindən imzalanmışdır (İİ cild, iş vər. 65-73). 23 avqust 2024-cü il tarixli mütəxəssis rəyi ilə. Həmin rəydə göstərilir ki, xx.xx.2024-cü il tarixdə vət. Təqsirləndirilən şəxs Qəbələ rayonu Qaradeyin kəndində kənarları bağlı bağ sahəsinə baxış zamanı həmin bağ sahəsinin giriş hissəsinin önündə 01 ədəd, həmin bağ sahəsinin içərisində 48 ədəd əkilmiş narkotik tərkibli bitki olan, çətənə (kannabis) bitkisinə bənzər bitki kolları aşkarlanmışdır. Həmin bitkilərin dibi bellənərək yumşaldılmış, dibləri suvarılmış və xüsusi aqrotexniki qulluq olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 23 iyun 2024-cü il tarixdə internet vasitəsilə “Terndyol”dan marixuana (nəşə) bitkisinin toxumlarını sifariş verərək, dostları Şahid3 və Şahid1 ilə birlikdə əkərək kultivasiya etmişlər (İİ cild, iş vər. 90). 19 noyabr 2024-cü il tarixli digər mütəxəssis rəyi ilə Həmin rəydə isə göstərilir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonunun Qaradeyin kəndi ərazisində yerləşən bağ sahəsində Təqsirləndirilən şəxs göstərməsi əsasında aşkar edilmiş, ümumilikdə 49 ədəd uzunluq ölçüləri 53 sm-dən 307 sm-dək olan narkotik tərkibli bitki olan, çətənə (kannabis) bitkilərinin həmin hündürlükdə yetişməsi üçün bitkinin səpindən başlayaraq böyümə fazaları dövrünü nəzərə almaqla azı 90-110 gün müddət lazımdır. Həmin çətənə kollarının 01 avqust 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək olan müddət ərzində qeyd edilən hündürlüyə çatması bioloji cəhətdən mümkün deyildir. Məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/735 nömrəli rəyilə. Həmin rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış kağızda “.. Bioloji ekspertizaya təqdim edilmək üçün götürülmüş...” sözləri, adlar və imzalar olan 02 (iki) ədəd sintetik kisələrin içərisindəki, ümumilikdə 48 (qırx səkkiz) ədəd, uzunluqları 53 sm-dən 307 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri - 3045,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmçinin, 01 (bir) ədəd, uzunluğu 136 sm, yaş vəziyyətdə təmiz çəkisi - 27,22 qram olan bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. X29 23 avqust 2024-cü il tarixli rəyinə əsasən, təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 48 (qırx səkkiz) ədəd çətənə (kannabis) bitkiləri və 01 (bir) ədəd çətənə (kannabis) bitkisinin hissəsisi tərkiblərinə görə eynidirlər. -Tədqiqata təqdim olunmuş, üzərində “..Şahid3 yaşadığı evdən götürülmüş narkotik tərkibli bitki kolu bioloji ekspertizaya təqdim edilmək üçün...” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki, 04 (dörd) ədəd, uzunluqları 62 sm-dən 91 sm-dək, nəm vəziyyətdə ümumi təmiz çəkiləri- 53,38 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 48 (qırx səkkiz) ədəd çətənə (kannabis) bitkiləri və ümumilikdə 05 (beş) ədəd çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər (İİ cild, iş vər. 92-94). Məhkəmə narkoloji ekspertizanın 18 oktyabr 2024-cü il tarixli 1699 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (İİ cild, iş vər. 25). Diskə baxış keçirilməsi haqqında 11 oktyabr 2024-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, "xxxx" MMC vasitəsi ilə iş üzrə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən 24 avqust 2023-cü il tarixdən 24 avqust 2024-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısına, mesajların məzmununa, daxil olan və çıxan zənglərin anten dairələrinə və abunəçilərə dair məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs atası Şahid5 adına rəsmiləşdirilmişdir. ***-***-**-** mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs əsasən, Şahid1 istifadəsində olan "xxxx" MMC mobil rabitə operatoruna aid ***-***-**-** və ***-***-**-** mobil nömrələri və Şahid3 istifadəsində olan "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsilə intensiv şəkildə əlaqə saxlamışdır. Bununla yanaşı, məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrənin anteninin “Agdash-Qebele yolunun sag terefinde yerlesen torpaq” sahəsi adlanan ərazidə 2023-cü il tarixdə bir dəfə, 2024-cü il tarixdə isə fevral ayından avqust ayının sonlarına kimi olan müddətdə 6 dəfə olduğu müəyyən edilmişdir (İİ cild, iş vər. 01). Diskə baxış keçirilməsi haqqında 11 oktyabr 2024-cü il tarixli digər protokolla. Həmin protokoldan görünür ki, "xxxx" MMC mobil rabitə operatoruna aid Şahid1 məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən 24 avqust 2023-cü il tarixdən 24 avqust 2024-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısına, mesajların məzmununa, daxil olan və çıxan zənglərin anten dairələrinə və abunəçilərə dair məlumatlardan müəyyən edilir ki, Şahid1 əsasən, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" MMC mobil rabitə operatoruna aid ***-***-**-** saylı mobil nömrə ilə, həmçinin Şahid3 istifadəsində olan "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrə ilə intensiv şəkildə əlaqə saxlamışdır. Bununla yanaşı, məlumatlara baxış keçirilən zaman Şahid1 istifadəsində olan ***-***- **-** və ***-***-**-** mobil nömrələrin anteninin xx.xx.2024 04:37:22-ci saniyədə Qəbələ rayonunun Zarağan kəndində olduğu, xx.xx.2024 06:17:55-ci saniyədə Qəbələ rayonunun Böyük Pirəlli kəndində olduğu, xx.xx.2024 07:45:14-cü saniyədə isə Qəbələ rayonunun Qaradeyin kəndində olduğu müəyyən edilmişdir (İİ cild, iş vər. 02). Diskə baxış keçirilməsi haqqında 25 noyabr 2024-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, "xxxx" MMC mobil rabitə operatoruna aid Şahid3 məxsus ***-***-**-** mobil nömrədən 24 avqust 2023-cü il tarixdən 24 avqust 2024-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısına, mesajların məzmununa, daxil olan və çıxan zənglərin anten dairələrinə və abunəçilərə dair məlumatların öyrənilməsi məqsədilə ***-***-**-** mobil nömrənin istifadəçisi Şahid3 ilə intensiv şəkildə əlaqə saxlanılan nömrələr müəyyən edilmiş, həmçinin Şahid3, əsasən Təqsirləndirilən şəxs istifadəsində olan Azercell Telekom MMC» mobil rabitə operatoruna aid ***-***-**-** mobil nömrəsi və Şahid1 istifadəsində olan "xxxx" MMC-yə məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrilə intensiv şəkildə əlaqə saxladığı müəyyən edilmişdir. Bununla yanaşı, məlumatlara baxış keçirilən zaman Şahid3 istifadəsində olan ***-***- **-** mobil nömrənin anteninin xx.xx.2024 07:45:14-cü saniyədə Qəbələ rayonunun Qaradeyin kəndində, Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrənin isə anteninin 2024-cü ilin iyun ayından avqust ayının sonlarına kimi olan müddət ərzində 5 dəfə Qəbələ rayonunun Qaradeyin kəndində olduğu aşkar edilmişdir (İİ cild, iş vər. 160). Qəbələ RİH başçısının Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli məktubla. Həmin məktubda göstərilmişdir ki, Qəbələ şəhər sakinləri Təqsirləndirilən şəxs, Şahid3 və Şahid1 ilə Qəbələ rayonunun Qaradeyin kənd sakini X4 arasında heç bir qohumluq əlaqəsi yoxdur. Adları qeyd edilən şəxslərin Qaradeyin kəndində heç bir qohumu və ya tanışları yoxdur. Lakin Şahid3, Təqsirləndirilən şəxs və Şahid1 kənd ərazisində 2024-cü ilin yaz-yay aylarından başlayaraq 4-5 dəfə kənd sakinləri tərəfindən mosikletlə müşahidə edilmişlər. Qəbələ RPŞ-nın Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Pünhan Məhəmmədovun 04 noyabr 2024-cü il tarixli raportu ilə. Həmin raportda göstərilir ki, Qəbələ RPŞ-nın İstintaq bölməsində araşdırması aparılan ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış tədbirləri keçirilmiş, nəticədə Təqsirləndirilən şəxs külli miqdarda kultivasiya etdiyi çətənə bitkilərinin toxumlarını Şahid3 tərəfindən əməliyyat yolu ilə müəyyən edilməsi mümkün olmayan mənbəədən əldə edildiyi, narkotik vasitəni qanunsuz olaraq kultivasiya etməsi ilə bağlı əməlində Şahid3 və Şahid1 iştirakının olması, eləcə də Təqsirləndirilən şəxs külli miqdarda kultivasiya etdiyi çətənə bitkilərinin aşkar edildiyi torpaq sahəsinin, bağın Qəbələ rayonunun Qaradeyn kənd sakini X5 məxsus olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs hər hansı bir şəxs və ya şəxslərə narkotik vasitə-marixuana satıb-satmaması, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə intensiv şəkildə əlaqə saxlayan şəxsləri müəyyən edib, onların ətrafında zəruri olan əməliyyat-axtarış tədbirləri, o cümlədən müvafiq sorğular keçirilsə də, qeyd olunan cinayətin törədilməsində Təqsirləndirilən şəxs ilə əlbirliklərinin olub-olmaması, onlardan qanunsuz olaraq narkotik vasitə əldə edib-etmədiyi, onlara narkotik vasitələr satıb-satmadığı və ya onları narkotik vasitələrin istifadəsinə təhrik edibetməməsi, eləcə də Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qanunsuz olaraq kultivasiya etməsi əməlində kənar şəxslərin məlumatının olub-olmamasına dair isə əməliyyat məlumatı əldə olunmamışdır. Şübhəli və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 07 noyabr 2024-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrindən başlayaraq Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Qeyd olunan istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə yerində göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs ona edilmiş təkliflə razılaşmış və bundan ötrü Qəbələ rayonunun Qaradeyin kəndinə getmək lazım olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi marşrut üzrə Qəbələ rayonunun Qaradeyin kəndi ərazisinə, dərəyə çatdıqda Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobili saxlamaq lazımdır. İstintaq hərəkəti iştirakçıları avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs solda yerləşən bağ sahəsini, bağ sahəsinin ağac materialından olan giriş qapısını, bağ sahəsinin içərisində 2024-cü ilin yay aylarında əkdiyi, qulluq etdiyi narkotik tərkibli çətənə kollarının yerləşdiyi sahələri göstərərək bildirmişdir ki, həmin ərazidə tanışı Şahid3 tərəfindən əldə edilmiş çətənə toxumlarını 2024-cü ilin yay aylarında, dəqiq xatırlamadığı vaxtda əkmişlər. Həmin toxumların dibinə su verməklə, peyin tökməklə qulluq göstərmişlər. Çətənə toxumlarından 49 ədədi cücərdikdən sonra onların dib hissələrini belləyərək, su və peyin verməklə qulluq göstərmişlər. Çətənə bitkilərinə tanışları Şahid3 və Şahid1 ilə birlikdə qulluq göstərmişlər. İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qulluq göstərib, yetişdirdiyi çətənə kolları onun göstərməsindən sonra xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən kök hissəsindən çıxarılaraq götürülmüşdür. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd edilən bağ sahəsində çətənə bitkilərini əkməsindən sadəcə Şahid1 və Şahid3 məlumatı olmuşdur. Nə bağ sahibinin, nə də qeyribir şəxsin bu barədə heç bir məlumatı olmamışdır. İfadənin yerində yoxlanılması zamanı bağ sahəsində və ya kənarda hər hansı bir çətənə bitkisinə bənzər bitkilər aşkar edilməmişdir. İfadəsinin yerində yoxlanılması istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar ifadəsini yerində yoxlayarkən göstərdiyi xüsusatlarla tam uyğun gəlir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməkdə təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 237.2.3-cü maddəsilə tövsif etməyə imkan verir, çünki Təqsirləndirilən şəxs 2024-cü ilin yay aylarında tanışları, yetkinlik yaşına və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan Şahid3 və Şahid1la birlikdə istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən əldə etdikləri narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını səpmə yolu ilə 51 ədəd olmaqla, külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq Qəbələ rayonunun Qaradeyin kəndində həmin kəndin sakini Mənsur Mehralıyevə məxsus bağ sahəsində və onun məlumatı və iştirakı olmadan əkib, aqrotexniki qaydada qulluq etməklə yetişdirmiş, qeyd olunan çətənə bitkilərindən 2 ədədini onunla birlikdə həmin çətənə bitkilərini kultivasiya etmiş Şahid3 xx.xx.2024-cü il tarixdə kök hissədən çıxararaq, yaşadığı evə aparıb saxlamış, bundan sonra Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə Qəbələ RPŞnın əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz kultivasiyasında şübhəli bilinib tutulmuş, saat 13:30 radələrindən başlayaraq müdafiəçisinin və qanuni nümayəndəsinin iştirakı ilə narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq kultivasiya etdiyi yeri təqdim etməklə, qırx doqquz ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkarlanaraq götürülmüş, daha sonra həmin tarixdə, saat 15:20 radələrindən başlayaraq onunla birlikdə çətənə bitkilərini qanunsuz kultivasiya etmiş azyaşlı Şahid3 yaşadığı evə baxış keçirilən zaman evin yataq otağındakı şkafın üzərində alt geyimə (maykaya) bükülü vəziyyətdə yuxarıda qeyd edilmiş ərazidə qanunsuz kultivasiya edilmiş narkotik tərkibli çətənə bitkilərindən Şahid3 tərəfindən xx.xx.2024-cü il tarixdə kök hissədən çıxarılaraq götürülmüş 2 ədəd çətənə bitkisindən əldə edilmiş dörd ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs dinləyən məhkəmə kollegiyası onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməkdə təqsirinin olmaması barədə dəlillərini əsaslı hesab etmir. Çünki, təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər işdə olan digər sübutlar, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, baxış keçirilməsi və götürmə haqqında protokollar, habelə maddi sübutlar və digər istintaq materialları ilə təkzib edilir. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polislərin onu döymələri barədə məsələni araşdıran məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin bu barədə irəli sürdüyü dəlillərin də heç bir əsası yoxdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verənə qədər heç bir zaman nə özü, nə də müdafiəçisi tərəfindən hər hansı bir qanunsuz rəftara, təzyiqə məruz qalması və ya hər hansı bir polis əməkdaşı tərəfindən döyülməsi barədə hər hansı bir orqana və ya şəxsə hər hansı bir şikayət və ya narazılıq ifadə edən müraciət etməmişdir. Əksinə, 23 avqust 2024-cü ildə videoçəkilişlə davam edən şəxsi axtarış zamanı o, təhqiqatçının sualına cavab olaraq bildirmişdir ki, aşkar edilmiş 49 ədəd narkotik tərkibli çətənə bitkilərini Şahid3 və Şahid1la birlikdə qanunsuz olaraq əkmiş, sulamış və peyin vermişdir. Bundan əlavə, Qəbələ Rayon Məhkəməsində 24 avqust 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən qeydə alınmış videogörüntüdən isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs dindirilərkən bildirmişdir ki, səhvdir, eləmişəm. Yanımda iki nəfər var idi, Şahid3, bir də Şahid1. Onlar dedi, mən də elədim. Toxum zakaz elədilər. Mən də razılaşdım. Toxumu Şahid3 sifariş etmişdi. Məndə motesklet var, ona peyin yığırdıq, mən aparırdım bağa, onlar götürüb keçirdilər bağa, suların verirdilər, qulluq edirdilər. Hakimin barəsində həbs qətimkan tədbirinin seçilməsinə münasibəti soruşulanda isə bildirmişdir ki, bir səhvdir, eləmişəm. Hakimin “başqa nəsə demək istəyirsən? sualına isə “xeyr” deyə, cavab vermişdir. Hakim tərəfindən narkotik tərkibli bitkinin nə məqsədlə əkilməsi soruşulduqda isə “Təqsirləndirilən şəxs onlar dedi əkək, mən də razılaşdım. Sadəcə bir həvəs idi, oldu, keçdi” deyə, cavab vermişdir. Məhkəmədə aparılan videoçəkilişdən Təqsirləndirilən şəxs özünü tam sərbəst aparması, verilən suallara aydın, dəqiq və konkret cavab verməsi, heç bir narahatçılıq keçirməməsi, üzərində hər hansı bir xəsarətin olmaması, hər hansı bir təzyiqə və ya pis rəftara məruz qalması barədə heç bir fikir bildirməməsi müəyyən olunur. Təqsirləndirilən şəxs barədə ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2024-cü il tarixli qərarından da görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında Qəbələ rayonunun Qaradeyn kəndində yerləşən meşəlik və kolluq ərazidə narkotik tərkibli çətənə (kannabis) bitkisi yetişdirməyi Şahid3 təklif etdiyini və toxumların Bakı şəhərindən gətirilib, ərazidə səpildiyini, onun Şahid3 və Şahid1 ilə birlikdə əkinə peyin verdiyini, yetişən kollara qulluq etdiyini bildirmişdir (İİ cild, iş vər. 160-161). Bundan əlavə, “Məhkəmə Tibbi Ekspertiza və X20” X37 Qəbələ rayon şöbəsinin rəisi Aydın Xasanmədovun (iş təcrübəsi 1988-ci ildən) verdiyi canlı şəxsin əlavə ekspertizasına dair 10 oktyabr 2024-cü il tarixli 503 nömrəli rəydə göstərilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilmədi. Həmin rəyin əsaslandırıcı hissəsində bildirilir ki, şöbəyə 10 oktyabr 2024-cü il tarixdə təqdim olunmuş Təqsirləndirilən şəxs adına Qəbələ MRX-nın, PHŞ-nın və TTYŞ-nın müayinə formasındakı qeydlərindən görünür ki, o 27 avqust 2024-cü ildə müraciət etmişdir. Nevroloq həkimin qeydlərində bildirilir ki, şikayəti baş ağrılarından, baş gicəllənməsindən, yorğunluqdan, A/T yüksək olmasından şikayətlənir. Nevroloji statusunda emosional labildir. Keri nöqtələri ağrılıdır. Diaqnoz: G 96.9, G 44.8. Qəbələ MRX PHŞ-nın radioloq həkimi Mürsəddin Abdurahmanovun 29 avqust 2024-cü il tarixli qeydlərindən görünür ki, vət. Təqsirləndirilən şəxs kəlləsinin KT-də normal KT görüntüsü olmuşdur. Rentgenoloq həkim Anar Rəsulovun 28 avqust 2024-cü il tarixli qeydlərində göstərilir ki, vət. Təqsirləndirilən şəxs bel fəqərələrinin və sağ ayaq pəncəsinin rentgenoloji müayinəsində travma ilə bağlı patalogiya aşkar edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tibbi müayinə edilən zaman Qəbələ RPŞ-da polis əməkdaşları tərəfindən yumruqla, təpiklə və rezin dəyənəklə döyülməsini bildirsə də, göstərilən bu xüsusatlar istinad edilən tibbi rəyə, onun təqsirləndirilən şəxs qismində verdiyi ifadəsilə, habelə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrlə öz təsdiqini tapmamışdır. Odur ki, müdafiə tərəfinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. X1 10 iyun 2014-cü ildə polis tərəfindən pis rəftara məruz qalması, tutulması və həbs olunmasının qanuniliyi barədə şikayəti üzrə Avropa Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarının 35-36-cı bəndlərində qeyd olunmuşdur ki, 20 avqust 2008-ci il tarixdə baş verdiyi iddia olunan pis rəftar (məsələn, polisin əlinin ovucu ilə ərizəçinin başına vurması) kimi rəftarlar həmişə izlərin qalmasına səbəb olmamalıdır. Lakin hazırkı işdə ərizəçi məhkəməyə pis rəftara dair iddiasını dəstəkləyən başqa sübut təqdim edə bilməyib. Bundan əlavə, o, şikayətini dəstəkləmək üçün istintaq zamanı verilmiş şahid ifadələrinə istinad etsə də, işdəki sənədlərdən və şahidlərin ərizəçinin polis tərəfindən döyülməsi ilə bağlı hər hansı bir ifadə verdikləri görünmür. Bu kimi halları və əlindəki bütün iş materiallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizəçinin 20 avqust 2008-ci il tarixində polis tərəfindən pis rəftara məruz qalması ilə bağlı sübutlar “əsaslı şübhə” standartına cavab vermir. Bu isə məhkəmənin ərizəçinin pis rəftara məruz qalması nəticəsinə gəlməyinə mane olur. Məhkəmə kollegiyası bu səbəbdən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsinin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiasını heç bir dəlillə möhkəmləndirə bilməməsini və həmin vaxt ona zorakılığın tətbiq olunmasına dair əsaslı şübhə yaradan halların müəyyən edilməməsini, əksinə onun qeyd olunan tarixdə polis tərəfindən pis rəftara məruz qalması ilə bağlı dəlilləri “əsaslı şübhə” standartına cavab vermədiyindən məhkəmə onun polis tərəfindən tutularkən pis rəftara məruz qalması nəticəsinə gələ bilmir və bu barədə iddialarını əsassız hesab edir. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, həmin bağ Qəbələ RPŞ-nın CAB-ın rəisi Elçin İsmayılovun olmuş, ancaq indi onların boyununa qoymaq istəyir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan (İİ cild, iş vər. 62-64, 101) Torpağın mülkiyyətə verilməsinə dair JN 036A nömrəli 40610028 kodlu şəhadətnamənin surətindən, şahid Mənsur Mehralıyevin ifadələrindən, Qəbələ RİH başçısının Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Qəbələ rayon Kürd bələdiyyəsi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli məktublardan müəyyən olunur ki, cinayət işi üzrə ümumilikdə 51 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin qanunsuz olaraq kultivasiya edildiyi Qəbələ rayonunun Qaradeyin kəndində yerləşən torpaq sahəsi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə həmin kəndin sakini X13 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Ona görə də təqsirləndirilən şəxsin irəli sürdüyü bu dəlilin heç bir əsası yoxdur. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ifadəsində “Həmin yerdə hər hansı suvarma kanalı və ya arxı, bellənmə işləri görsənməmişdir” desə də, hadisə yerinə baxış keçirilməsini əks etdirən videoçəkilişdən və şübhəli və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 07 noyabr 2024-cü il tarixli protokola əlavə edilmiş fotoşəkildən görünür ki, narkotik təkibli bitkilərin kultivasiya edildiyi torpaq sahəsinin yaxınlığından su arxı keçir və həmin arxla su axır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsinin bu dəlilinin əsaslı olması qənaətinə gələ bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. “Məhkəmə hökmü haqqında” qərarının 33-cü bəndində isə qeyd olunmuşdur ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyləri, baxış keçirilməsi haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Həmin vaxt onun təzyiq və təsir altında özünü CM-in 237.2.3-cü maddəsilə təqsirli bilməsinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək onlarla razılaşmaya bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fətullayev Azərbaycana qarşı iş üzrə 07 aprel 2022-ci il tarixli qərarının 83-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə həmçinin xatırladır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsilə bağlı prinspi əks etdirən oturuşmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir. Məhkəmələr irəli sürülən hər bir arqumentə müfəssəl cavab vermək məcburiyyətində olmasa da, qərardan aydın olmalıdır ki, işin əsas məsələlərinə baxılıb və işin nəticəsi üçün həlledici olan arqumentlərə spesifik və açıq cavab verilib (Kərimov və digərləri Azərbaycana qarşı, № 24219/16). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlı məsələ adətən yerli məhkəmələr ərizəçinin qaldırdığı spesifik, müvafiq və vacib məqama məhəl qoymadıqda meydana çıxır (Neçiporuk və Yonkalo Ukraynaya qarşı № 42310/04, § 280, 21 aprel 2011-ci il). Qəbələ RMX PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-52/2-2630/2024 nömrəli məktubla bildirilmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 RMX-nın PHŞ-nin poliklinika şöbəsinin psixiatriya və narkoloji kabinetlərində qeydiyyatda deyildir (İ cild, iş vər. 202). Eyni zamanda, kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 17 sentyabr 2024-cü il tarixli 667 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs əvvəllər ruhi-əsəb xəstəliklərindən əziyyət çəkməmişdir. O, halhazırda da hər hansı bir ruhi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törədən zaman ANLAQLİ olmuşdur və onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. O, öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs sensorperseptiv proseslərin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, iş üçün əhəmiyyətli halları qavraya bilmişdir. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymaq və ya qavramaq imkanındadır. O, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillidir. O, aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: - praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs tərəfindən edilən hərəkətlərin xarakter və mənasını anlaya bilmək qabiliyyətindədir. O, tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi emosianal halda olmuşdur. Təqsirləndirilən şəxs yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq törətmiş olduğu əməlin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi və psixoloji vəziyyətində hər hansı pozuntu aşkar edilmədiyindən o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək iqtidarındadır (İİ cild, iş vər. 21-23). Göründüyü kimi, Təqsirləndirilən şəxs psixiatr və narkoloqda uçotda deyil, anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumatlar yoxdur, ona görə də məhkəmədə onun psixi tamlığına şübhə yaranmır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 237.2.3-cü maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 10 iyul 2023-ci il tarixli tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu yoxdur (İİ cild, iş vər. 167). Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qəbələ RİH başçısının Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qəblə şəhəri, N.Kərimov küçəsi, ev 2 ünvanında atası, anası, qardaşı və nənəsi ilə birlikdə yaşayır (İİ cild, iş vər. 04). Həmin nümayəndəlik tərəfindən təqsirləndirilən şəxs barədə verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı müddət ərzində özünü nizam-intizamlı aparmış, şəhər əhalisi və qonşularla həmişə mehriban münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs Qəbələ şəhərində yaşadığı müddət ərzində özü və ailəsi haqqında Qəbələ şəhər inzibati dairəsi üzrə nümayəndəliyə hər hansı bir hüquq pozma və cinayət xarakterli məlumat daxil olmamışdır (İİ cild, iş vər. 05). Məhkəmə kollegiyası CM-in 59.1.2 və 59.2-ci maddələrinə əsasən, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə)) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın İİİ siyahınsının (Tərkibində narkotik maddələr olan bitkilər) 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında bitən, tərkibində narkotik maddələr olan çətənə bitkisinin 3- 15 ədədi (6-30 hissəsi) xeyli miqdar, 16-800 ədədi (31-1550 hissəsi) külli miqdar, 801 ədədi (1551 hissəsi) isə xüsusilə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs 49 ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini və 4 ədəd həmin bitkinin hissələrinin qanunsuz olaraq kultivasiya edilməsində təqsirləndirilən şəxsdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl bütövlükdə bir neçə səbəbdən cəmiyyət üçün böyük risklər və təhdidlər yaradır:

1. Narkotiklərin yayılması və asılılıq problemi. Narkotik bitkilərin kultivasiya edilməsi, onların kütləvi şəkildə bazara çıxarılmasına və daha çox insanın narkotik maddələrdən asılı olmasına səbəb olur. Narkotik maddələr insanların həyatına ciddi zərər vurur, fiziki və psixoloji asılılıq yaradır, eləcə də cəmiyyətdə sosial problemlərin artmasına yol açır. Asılılıq vəziyyətində olan insanlar daha çox cinayətkarlıqla məşğul olurlar, təhsildən uzaqlaşırlar və ümumiyyətlə cəmiyyətin inkişafını əngəlləyirlər.

2. Təhlükəli cinayət şəbəkələrinin güclənməsi. Narkotik bitkilərin qanunsuz şəkildə yetişdirilməsi və tədarük edilməsi təşkilatlanmış cinayət şəbəkələrinin artmasına və güclənməsinə səbəb ola bilər. Bu şəbəkələr, narkotiklərin ticarəti ilə məşğul olur və bu, yalnız qanunsuz iqtisadiyyatın böyüməsinə deyil, həm də cəmiyyətdə zorakılıq, narkotik ticarəti ilə əlaqədar cinayət hadisələrinin artmasına yol açır.

3. Hüquq-mühafizə orqanlarının resurslarının israfı. Qanunsuz narkotik bitkilərin kultivasiyası, hüquq mühafizə orqanlarının böyük miqdarda vaxt və resurs xərcləməsinə səbəb olur. Bu isə, digər daha əhəmiyyətli cinayətlərin qarşısını almağa yönələn fəaliyyətləri zəiflədir və hüquq-mühafizə orqanlarının effektivliyini azaldır.

4. Ekoloji təhlükələr. Narkotik bitkilərin yetişdirilməsi üçün geniş ərazilər tələb olunduğu halda, bu, ətraf mühitin pozulmasına gətirib çıxara bilər. Çox zaman, narkotik bitkilər qanunsuz olaraq meşəlik ərazilərdə və ya qorunan təbiət zonalarında yetişdirilir ki, bu da ekosistemin balansını poza bilər. Eyni zamanda, bu bitkilərin becərilməsi üçün istifadə olunan pestisidlər və kimyəvi maddələr torpağı və suyu çirkləndirə bilər.

5. Sosial təhlükələr. Narkotik ticarəti və istifadəçilərinin sayının artması cəmiyyətdə mənəvi və sosial dəyərlərin pozulmasına, ailə içi zorakılıq, işsizlik, yoxsulluq və digər sosial problemlərin güclənməsinə yol açır. Cəmiyyətin müxtəlif təbəqələrini narkotik maddələrdən qorumaq, ölkənin ümumi təhlükəsizliyi və rifahı üçün əhəmiyyətlidir. Bu səbəblərdən, narkotik bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, yalnız hüquq pozuntusu deyil, həm də ciddi sosial, iqtisadi və ekoloji təhlükələr yaradır. Belə fəaliyyətlərin qarşısının alınması, cəmiyyətin sağlamlığını və inkişafını qorumaq baxımından çox əhəmiyyətlidir. Məhz buna görə də X9 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri bilinmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi kifayət qədər əsaslı və ədalətlidir. CM-in 237.2.3-cü maddəsində bu əməlin törədilməsinə görə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi və yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 237.2.3-cü maddəsinin sanksiyasına uyğun olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cəzanın təyin edilməsinin sosial ədalətin bərpasına təsiri böyük və çoxyönlüdür. Belə ki, düzgün təyin edilmiş cəza, cəmiyyətdə hüquq və ədalət prinsipinin işləməsini təmin edir, həmçinin cinayətkarın gələcəkdəki davranışlarını dəyişdirmək və zərər çəkmiş şəxsin haqqını bərpa etmək məqsədini güdür. Cəzanın təyini, sosial ədalətin və hüququn bərpası üçün mühüm bir alət olur. Cəzanın təyin edilməsi, cinayətkarın törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməsini təmin edir. Bu, hüququn və ədalətin qorunması baxımından çox vacibdir. Əgər cinayətkar cəzalandırılmırsa, bu, cəmiyyətdə ədalətsizlik hissinin yaranmasına və hüquq pozuntularının daha da artmasına səbəb ola bilər. Cəzanın təyini, cinayətkarın təqsirini tanıyıb, öz davranışlarını dəyişdirməsinə, həmçinin digər potensial cinayətkarları qorxutmağa xidmət edir. Sosial ədalət, bütün fərdlərə bərabər hüquqların verilməsini və cinayətlərin qarşısının alınmasını nəzərdə tutur. Əgər cəmiyyətdə hüquqların pozulmasına qarşı cəza tədbirləri mövcuddursa və bu cəzalar ədalətli şəkildə tətbiq olunursa, cəmiyyətin üzvləri bu hüquq sisteminə güvənir və ədalət hissi güclənir. Bu, sosial harmoniya və hüquqi nizamı qorumağa kömək edir. Cəzanın ədalətli tətbiqi, insanlar arasında bərabərlik və ədalət anlayışını təşviq edir. Cəzanın təyin edilməsi yalnız cinayətkara qarşı deyil, həm də cinayətin qurbanına qarşı bir ədalət mexanizmi kimi işləyir. Eyni zamanda, ədalətli və düzgün təyin edilmiş cəza, cəmiyyətin hüquqi sisteminə inamı artırır. İnsanlar cəmiyyətdə hüquq sisteminin işləməsinə və ədalətin yerinə yetirilməsinə güvənməyə başladıqda, ümumi sosial harmoniya da güclənir. Əgər cinayətkarlar cəzasız qalarsa, bu, hüquq sisteminin zəifləməsinə və ədalətsizliyə gətirib şıxarar və qanunların pozulmasına səbəb olar. Cəzanın düzgün təyini isə hüquqi sisteminin etibarını artırır və sosial ədaləti bərpa edir. Cəzanın təyini, yalnız cinayətkarın davranışını düzəltmək deyil, həm də digər şəxsləri cinayət törətməkdən çəkindirmək məqsədini güdür. Cinayət törətmiş şəxs cəzalandırılarsa, bu, digər şəxslər üçün bir xəbərdarlıq rolunu oynayar və hüquqi qaydalara riayət etməyə təşviq edir. Bu, həm də cinayətlərin qarşısını almaq və cəmiyyətdəki ümumi təhlükəsizliyi təmin etmək baxımından sosial ədalətin bərpası üçün mühüm rol oynayır. Cəzanın təyini, sosial ədalət prinsipinə uyğun olaraq, cəmiyyətdəki hüquqi və etik qaydaların gücləndirilməsinə də xidmət edir. Əgər cəzalar qanunla müəyyən edilmiş şəkildə, obyektiv və ədalətli təyin edilərsə, cəmiyyətin fərdləri hüquqi qaydalara daha çox hörmət etməyə başlayar. Bu, cəmiyyətin etikasının və hüquqi çərçivəsinin möhkəmlənməsinə kömək edir. Cəzanın məqsədi yalnız cəzalandırmaq deyil, həm də cinayət törətmiş şəxsin islah olunmasına, davranışlarını dəyişməsinə və cəmiyyətə reinteqrasiyasına şərait yaratmaqdır. Reabilitasiya proqramları, təhsil və psixoloji dəstək vasitəsilə cinayətkarlar cəmiyyətə yenidən uyğunlaşa bilərlər. Bu, cəzanın sosial ədalətin bərpasına təsirinin bir hissəsidir — cinayətkarın gələcəkdə təkrarlanan cinayətlərdən çəkinməsinə və cəmiyyətə faydalı bir fərd halına gəlməsinə yardım edər. Cəzanın təyin edilməsi, eyni zamanda sosial ədalətin bərpası üçün çox mühüm rol oynayır. Düzgün və ədalətli cəzaların təyin edilməsi, hüquqi nizamın qorunmasına, cəmiyyətin etibarının artmasına, cinayətkarın məsuliyyətə cəlb olunmasına və zərərçəkmiş tərəflərin haqqının bərpa olunmasına kömək edir, gələcək cinayətlərin qarşısını almağa və cəmiyyətin daha ədalətli və təhlükəsiz olmasına xidmət edir. Cəza yalnız bir mühakimə və

cəzalandırma aləti deyil, həm də islah və sosial ədalət prinsiplərinin həyata keçirilməsi üçün bir vasitədir. Cəzanın şəxsin islah olunmasına təsiri məsələsinə gəlincə, burada cəzanın məqsədi yalnız şəxsi cəzalandırmaq və cəmiyyətə qarşı törətdiyi cinayətə görə məsuliyyətini hiss etdirmək deyil, həm də onun təkrar cinayət törətməməsi və cəmiyyətə yenidən inteqrasiya olunması üçün bir vasitədir. Cəzanın daha geniş sosial və psixoloji məqsədləri vardır. Belə ki, cəza şəxsin davranışlarını dəyişdirərək onu daha yaxşı və məsuliyyətli bir fərd halına gətirməyi nəzərdə tutur. Cəza yalnız təhdid etmə və qorxutma ilə bitmir. Şəxsin mənəvi və psixoloji inkişafını dəstəkləyən proqramlar, təlimlər və reabilitasiya ilə müşayiət olunmasını ehtiva edir. Bu cür yanaşma, cəzanın məqsədinin yalnız şəxsin azadlığını məhdudlaşdırmaq olmadığını göstərməklə, həm də onu islah etmək və cəmiyyət üçün faydalı bir insan halına gətirmək vəzifəsi daşıyır. Cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri isə şəxsin cinayət əməlinə görə cəza almasını, onun ailə üzvlərində yaratdığı sosial, emosional, psixoloji, iqtisadi və digər təsirləri, cəzanın yalnız cinayətə görə məsuliyyət daşıyan şəxsi deyil, həm də onun ailə üzvlərinə necə təsir etdiyini, cəza alan şəxsin işləməkdən məhrum olmasını, bu vəziyyətin onun ailəsinin maliyyə vəziyyətinə mənfi təsirini, ailə üzvlərinin emosional (cəza alan şəxsə qarşı sevgi və ya qəzəb) hisslər yaşamalarını, bu halların ailə üzvlərinin psixoloji vəziyyətinə mənfi təsir edə bilmək ehtimalını nəzərdə tutur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 237.2.3-cü maddəsinin sanksiyasına uyğun olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. İşdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00-da şübhəli şəxs qismində tutulmuş və Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2024-cü il tarixli qərarı ilə həmin gün barəsində əvvəli 23 avqust 2024-cü il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilərək, həbsdən azad edilmişdir. CPM-in 158.2 və 158.2.2-ci maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hökm çıxarılanadək on səkkiz yaşına çatmadığına görə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi tərbiyə müəssisəsində çəkməlidir. Çünki, CM-in 55.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Həmin Məcəllənin 85.5.1-ci maddəsinə əsasən isə yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını — ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə ehtiyacı olmasa da, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət bilinmişdir. Ona görə də o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. CPM-in tələblərinə əsasən, maddi sübut olub, Qəbələ RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış, 48 ədəd çətənə bitkisi və 5 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri məhv edilməlidir. Çünki, məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli rəyində, ümumilikdə 48 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi və 5 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrinin olması göstərilmişdir. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 23 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Qəbələ RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış qırx səkkiz ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və beş ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri məhv edilsin. İş üzrə otuz beş manat doxsan yeddi qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rafail Əliyev

Hakimlər: Xaliq Məmmədov

Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar