Məhkəmə qərarları › İş №1(091)-117/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-117/2020

12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-117/2020 12.10.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X14, Dövlət ittihamçısı – X2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxslərin hüquqi varisləri – X4 və X7, xx xxxx 1989-cu il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində üç azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, İsmayıllı rayonunun Keyvəndi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 13:15 radələrində Muğanlı- İsmayıllı yolunun İsmayıllı rayonunun Diyallı kəndi ərazisindən keçən 38-ci kilometrində idarə etdiyi “QAZ 2705” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərini pozaraq avtomobili qarşı hərəkət zolağına çıxararaq əks yolla Muğanlı istiqamətində hərəkətdə olan X1 idarə etdiyi “VAZ 21074” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ 21074” markalı avtomobilin sürücüsü X3 başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, təpə, burun, alt çənə, sol dirsək, sol baldır (qamış və incik) sümüklərinin açıq yerdəyişən sınıqları, kəllə əsası, hər iki almacıq, üst çənə, sağ körpücük sümüklərinin, sağdan İİİ, İV, V, Vİ və soldan İV, V, Vİ, Vİİ qabırğaların qapalı yerdəyişən sınıqları, başın, burnun, alt çənə nahiyəsinin, sol saidin, xayalığın, sol baldırın əzilmiş yaraları, başın, bədənin sıyrıq və qançırları kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə, həmin avtomobildə olan sərnişinlər X10 başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, alın və kəllə əsası sümüyünün sınığı, sol baldır (qamış və incik) sümüklərinin açıq-qəlpəli sınıqları, başın, bədənin sıyrıq və qançırları kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə, X8 başın yumşaq toxumalarının iç səthinə, baş-beyin toxumasına və beynin yumşaq qişasına, beyin kötüyünə geniş qansızmalar, koma İV dərəcə, kəllə əsası sümüyünün sınığı, hər iki almacıq, burun və sağ bazu sümüklərinin qapalı-qəlpəli sınıqları, hər iki göz qapaqlarının əzilmiş yaraları (cərrahi tikilmiş), başın sıyrıq və qançırları kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə, o cümlədən “QAZ 2705” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs alın nahiyəsinin yaraları, sifətin sıyrıq və qançırları xəsarətləri yetirərək sağlamlığına yüngül zərər vurulmasına, habelə X3 məxsus “VAZ 21074” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə sonuncuya 5200 (beş min iki yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə günorta saatlarında kənddən çıxıb İsmayıllı rayonunun məkəzinə gedərkən Muğanlı- İsmayıllı yoluna çatanda həmkəndlisi Zərərçəkmiş şəxs yolun kənarında dayandığını görmüş, avtomobilini onun yanında saxlamışdır. İlham rayon mərkəzinə getmək istədiyini bildirdikdə onu da idarə etdiyi avtomobilə götürmüş, İlham qabaq oturacaqda əyləşmiş, 60-70 km/saat sürətlə yoluna davam etmişdir. İsmayıllı rayonunun Diyallı kəndinin ərazisinə çatarkən qarşıdan əks yolla tünd rəngli xarici istehsallı avtomobil, onun arxasınca da qırmızı rəngli “Vaz 21074” markalı avtomobil hərəkətdə olmuş, ara məsafələri az olduqda “Vaz 21074” markalı avtomobil qarşıdakı avtomobili ötmək üçün onun yoluna daxil olaraq düz üstünə gəlmiş, o, sükanı sağa bursa da, hadisənin qarşını ala bilməmiş, avtomobillər onun hərəkət zolağında toqquşmuşdur. Hadisənin təsirindən huşunu itirmiş, bir müddət sonra xəstəxanada ayılmış, ayıldıqdan sonra “Vaz 21074” markalı avtomobildə olanların rəhmətə getdiklərini öyrənmişdir. Odur ki, baş verən hadisədə onun günahı olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verməklə göstərdi ki, xx.xx.2020-ci il tarixdə günorta saatlarında İsmayıllı rayonunun mərkəzinə getmək üçün Muğanlı-İsmayıllı yolunun kənarında dayanmış, yoldan keçən avtomobillərdən bir neçəsinə əl edib rayona getmək istəmişdir. Bu zaman həmkəndlisi kimi tanıdığı Şöhrətin idarə etdiyi Qazel markalı avtomobilin yaxınlaşdığını görmüş və əl edəndə o, yanında saxlamış, o, Şöhrətə rayon mərkəzinə getdiyini bildirmiş və Şöhrət də eyni istiqamətdə getdiyini bildirib onu götürmüşdür. Avtomobildə ikisi olmuş, Şöhrət avtomobili idarə etmiş, o isə qabaq oturacaqda əyləşmişdir. Yolboyu normal qaydada hərəkət etmişlər. Diyallı kəndinin ərazisinə çatanda onlardan qarşıda rəngini və markasını xatırlamadığı avtomobil hərəkətdə olmuş, saat təxminən 13:15 radələrində Muğanlı-İsmayıllı yolu ilə İsmayıllı istiqamətində hərəkət edərkən Diyallı kəndinin ərazisində qarşıdan gələn “VAZ 2107” markalı avtomobil özündən irəlidə hərəkət edən rəngini və markasını xatırlamadığı avtomobili ötüb öz yoluna qayıtmış, bu zaman onlardan irəlidə hərəkət edən avtomobil sürətini azaltdığı üçün Şöhrət həmin avtomobilin arxasıyla toqquşmamaqdan ötrü sükanı sola burub avtomobili qarşı zolağa çıxartmışdır. Bu zaman qarşı hərəkət zolağında onların avtomobili ilə qırmızı rəngli “VAZ 21074” markalı avtomobil toqquşmuşdur. Hadisənin təsirindən bir anlıq özünü itirsə də, sonradan özünə gəlmişdir. Bir qədər sonra hadisə yerinə gəlmiş təcili yardım briqadası ilə onu xəstəxanaya aparmışlar. Sonradan ona “VAZ 21074” markalı avtomobildə olan şəxslərin vəfat etdiyi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, X5 onun oğlu olmuşdur. Birlikdə bir ünvanda yaşamışlar. “Vaz 21074” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə Musaya məxsus olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində Musa evdən çıxıb dostu Nadirlə birlikdə Nadirin qohumunun hüzr məclisində iştirak etmək üçün İsmayıllı rayonunun Tircan kəndinə getmiş, həmin vaxt onlarla birlikdə digər dostları Rüstəm də olmuşdur. Günorta saat 13 radələrində məlumat vermişlər ki, oğlu Musa Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu Diyallı kəndi ərazisindən keçən hissəsində yol qəzasına düşmüşdür. O, dərhal hadisə yerinə getmiş, hadisə yerində olanda orada olan şəxslər bildirmişlər ki, uşaqların hamısı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisə yerində ona məlum olmuşdur ki, oğlu Musanın idarə etdiyi “Vaz 21074” markalı avtomobil Muğanlı İsmayıllı yolunun İsmayıllı rayonunun Diyallı kəndi ərazisində İsmayıllı rayonunun Keyvəndi kənd sakini Şöhrət adlı şəxsin idarə etdiyi Qazel markalı avtomobillə toqquşmuşdur. Bundan sonra o, təcili olaraq xəstəxanaya getmiş və orada məlum olmuşdur ki, Musa artıq rəhmətə gedib və onun meyiti morqdadır. Bir qədər keçdikdən sonra isə Rüstəmin də meyitini morqa gətirmişlər, digər sərnişin Nadir isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsində olmuşdur. Musanın meyiti ekspert müayinəsindən sonra onlara verilmiş və onu gətirib dəfn etmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X15 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X7 da məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə xidmətdə olduğu zaman günorta saat təxminən 13 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Diyallı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. O, dərhal idarə etdiyi BMV markalı xidməti patrul avtomobili ilə hadisə yerinə yollanmışdır. Hadisə yerinə çatanda orada insanların və avtomobillərin toplaşdığını görmüş, sonra hadisə yerini mühafizə etməkdən ötrü orada olan şəxsləri hadisə yerindən kənarlaşdırmışdır. Həmin vaxt Muğanlı istiqamətində yolun sağ zolağında hərəkət hissəsində aşmış vəziyyətdə Qazel markalı, ondan bir qədər sağda isə ağaca çırpılmış vəziyyətdə qırmızı rəngli VAZ 21074 markalı avtomobil olmuşdur. VAZ 21074 markalı avtomobilin sürücüsü Musa adlı şəxs hadisə yerində rəhmətə getmiş, digər şəxslər isə yaralı vəziyyətdə xəstəxanaya göndərilmişlər. O, hadisə barədə növbətçi hissəyə məlumat vermiş, çox keçmədən hadisə yerinə təhqiqatçı gəlmiş, hal şahidlərinin iştirakı ilə birlikdə hadisə yerinə baxış keçirmişlər. Hadisə yerində olarkən orada olan şəxslərdən eşitmişdir ki, hadisədən əvvəl Qazel markalı avtomobil qarşı yola, yəni VAZ 21074 markalı avtomobilin yoluna daxil olmuş və qarşı yolda toqquşma baş vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Muğanlı- İsmayıllı yolunun İsmayıllı rayonu ərazisindən keçən 38-ci kilometrliyidir. Protokola hadisə yerində çəkilmiş şəkillər və sxem əlavə olunmuşdur. (cild 01, iş vər. 7-23) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər - alın nahiyəsinin yaraları, sifətin sıyrıq və qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixli yolnəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. (cild 01, iş vər. 115-117) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki,mərhum X1 meyitində aşkar edilmiş xəsarətlər - üzərində başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, təpə, burun, alt çənə, sol dirsək, sol baldır (qamış və incik) sümüklərinin açıq yerdəyişən sınıqları, kəllə əsası, hər iki almacıq, üst çənə, sağ körpücük sümüklərinin, sağdan İİİ, İV, V, Vİ və soldan İV, V, Vİ, Vİİ qabırğaların qapalı yerdəyişən sınıqları, başın, burnun, alt çənə nahiyəsinin, sol saidin, xayalığın, sol baldırın əzilmiş yaraları, başın, bədənin sıyrıq və qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qəzaya düşməsi zamanı salonun qabarıq hissələrinə dəyməsi nəticəsində mərhum M.Ə.İsmayılzadədə əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum M.Ə.İsmayılzadənin ölümünə səbəb olmuşaldığı travma nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar olmuşdur. Mərhum M.Ə.İsmayılzadənin meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitul turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 01, iş vər. 129-135) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, mərhum X9 meyitində aşkar edilmiş xəsarətlər başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, alın və kəllə əsası sümüyünün sınığı, sol baldır (qamış və incik) sümüklərinin açıq-qəlpəli sınıqları, başın, bədənin sıyrıq və qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qəzaya düşməsi zamanı salonun qabarıq hissələrinə dəyməsi nəticəsində mərhum R.R.Əzimovda əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum R.R.Əzimovun ölümünə səbəb olmuşaldığıtravma nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar olmuşdur. Mərhum R.R.Əzimovun meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitul turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 01, iş vər.136-142) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, mərhum X6 meyitində aşkar edilmiş xəsarətlər başın yumşaq toxumalarının iç səthinə, baş-beyin toxumasına və beynin yumşaq qişasına, beyin kötüyünə geniş qansızmalar, koma İV dərəcə, kəllə əsası sümüyünün sınığı, hər iki almacıq, burun və sağ bazu sümüklərinin qapalı-qəlpəli sınıqları, hər iki göz qapaqlarının əzilmiş yaraları (cərrahi tikilmiş), başın sıyrıq və qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qəzaya düşməsi zamanı salonun qabarıq hissələrinə dəyməsi nəticəsində mərhum N.A.Səlimlidə əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum N.A.Səlimlinin ölümünə səbəb başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalarla müşayiət olunan ağır kəllə-beyin travması nəticəsində inkişaf edən kəskin beyin ödemi olmuşdur. Mərhum N.A.Səlimlinin ölümü xx.xx.2020-ci il tarixdə saat 09:00-da baş vermişdir(İsmayıllı RMXnın tərtib etdiyi xx.xx.2020-ci il tarixli ******* saylı stasionar tibbi kartasına əsasən). Mərhum N.A.Səlimlinin meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitul turşusutörəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 01, iş vər. 144-151) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki,Təqsirləndirilən şəxs götürülmüş qan nümunələrində metil, etil, propil, butil və amil spirtləri, barbitul turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkilərindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Qaz 2705 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (cild 01, iş vər. 197-198) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş avtomobillərin üzərində olan zədələrin təsviri və istiqaməti rəyin tədqiqi hissəsində verilib. İlkin kontakt anında Qaz 2705 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi (qabaq sol qanad) ilə Vaz 21074 markalı **-FZ-*** dövlət qeydyyat nişanlı avtomobilin qabaq sol hissəsi (qabaq sol qanad) arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. (cild 02, iş vər. 21-23) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-in X12 tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 016-21084-1220 nömrəli məktudan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə AC seriyalı 542084 nömrəli BC dərəcəli sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. (cild 01, iş vər. 127) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan görünür ki, hadisə nəticəsində VAZ 21074 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5200 (beş min iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. (cild 01, iş vər. 179) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 02, iş vər. 34-36) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisənin onun yolunda baş verdiyini, hadisənin günahkarının VAZ 21074 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünün olduğunu, sonuncunun ötmə əməliyyatını qüsurlu etdiyini və nəticədə arzuolunmaz hadisənin baş verdiyini bildirməklə qeyd edilən halların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatların cinayət işinin materiallarında mövcud olan sübutlarla təsdiq olunmadığı və həqiqəti əks etdirmədiyi qənaətindədir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilən hadisə yerinə keçirilən baxış istintaq hərəkətinin protokolundan, ona əlavə olunmuş hadisənin baş vermə mexanizmini əks etdirən sxemdən və hadisə yerində çəkilmiş fotoşəkillərdən aydın olur ki, hadisə məhz VAZ 21074 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yolunda baş vermişdir. Bundan əlavə, iş üzrə Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı dindirilərkən, habelə təqsirləndirilən şəxslə üzləşdirilərkən, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən ifadəsində təqsirləndirilən şəxsin göstərdiklərinin əksinə olaraq hadisənin Təqsirləndirilən şəxs hərəkətdə olduğu istiqamətdə qarşıda gedən avtomobilin sürətini azaltması ilə bağlı onun arxasıyla toqquşmamaqdan ötrü sükanı sola burub avtomobili qarşı zolağa çıxartması səbəbindən məhz VAZ 21074 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolunda baş verdiyini qeyd etmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında müdafiə tərəfi xx.xx.2020-ci il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış” protokolunda hal şahidlərindən biri olan Ağadadaş İmamverdiyevin imzasının olmadığını əsas gətirməklə həmin protokolun etibarlılığını mübahisələndirsə də, məhkəmə kollegiyası qeyd edilən halla bağlı bildirir ki, sözügedən hal şahidinin imzası yalnız müvafiq protokolun ön səhifəsində olmamış, lakin digər səhifələrdə və protokolun son səhifəsində onun imzası mövcud olmuşdur ki, bu hal həmin şəxsin qeyd edilən prosessual hərəkətin aparılmasında iştirak etdiyini təsdiq edir və sözügedən protokolun etibarlılığını şübhə altına alan heç bir halın baş vermədiyini əks etdirir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarında olmaqla üst-üstə düşən və biri digərini tamamlayan sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdikləri, o cümlədən müdafiə tərəfinin məhkəmə istintaqı zamanı sərgilədiyi mövqe cinayət işi üzrə mövcud olan və məhkəmə istintaqı zamanı da müəyyən olunan obyektiv həqiqəti əks etdirmədiyindən, habelə cinayət işinin materiallarında olan sübutlar vasitəsi ilə təkzib edildiyindən həmin mövqe əvvəlcədən düşünülmüş müdafiə taktikası olmaqla məsuliyyətdən yayınmağa hesablanmış hərəkətlər kimi qəbul edilməli və onunla razılaşılmamalıdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan ailə üzvləri – arvadı və üç azyaşlı uşağı ilə birlikdə İsmayıllı rayonunun Keyvəndi kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 237-240) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. (cild 01, iş vər. 181, 188-192) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən verilmiş məktubdan görünür ki, Oğuz rayon məhkəməsinin 1(054)-13/2014 saylı xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs İsmayıllı rayon məhkəməsinin 7(037)-16/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan azad olunduğu üçün xx.xx.2018-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. (cild 01, iş vər. 193) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, o cümlədən ehtiyatsızlıqdan da olsa törədilmiş cinayət əməli nəticəsində üç nəfər gəncin vəfat etməsini və həmin şəxslərin ailəsinin düşdüyü vəziyyəti nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan, ibtidai istintaq orqanı tərəfindən qəbul edilən qərardan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2020-ci il tarixdə qəbul olunan qərarla şübhəli şəxs statusuna xitam verilmiş, daha sonra İsmayıllı rayon məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, apelyasiya instansiya məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixdə “ev dustaqlığı” ləğv edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 48-49, 66, 242-246, cild 02, iş vər. 1-5) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə növündə əsas cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunan cəzadan çıxılmalı, ev dustaqlığında və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzanın başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə 200 manat (iki yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan “Qaz 2705” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21074” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin olunan əsas cəzaya hesablanaraq çıxılsın və Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan “Qaz 2705” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21074” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfləri olan 200 manat (iki yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X19 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar