Məhkəmə qərarları › İş №1(091)-117/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-117/2021

23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-117/2021 23.12.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.1994-cü ildə İsmayıllı rayonu Xənəyə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İsmayıllı rayon Xanagah kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1992-ci ildə İsmayıllı rayon Kürdmaşı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində dörd azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İsmayıllı rayon Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlamaq və satmaq barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2lə birlikdə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1370 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib sonuncunun yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evinə daşıyaraq gizlədib saxlamış, 16.12.2020-ci il tarixdə, saat 22:30 radələrində Təqsirləndirilən şəxs2 aralarında olan razılaşmaya əsasən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri narkotik vasitə qurudulmuş marixuananın külli miqdar təşkil edən 1150 qram çəkidə olan hissəsini və narkotik vasitənin çəkilməsi üçün istifadə etdikləri elektron tərəzini göy rəngli polietilen torbaya qoyaraq daşıyıb İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisində ona vermiş, aralarında olan rol bölgüsünə əsasən o, həmin narkotik vasitənin satışından əldə olunacaq puldan 500 manatını Təqsirləndirilən şəxs2 verməyi öhdəsinə götürmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri narkotik vasitə olan qurudulmuş marixuananın 220 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs2 yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evinin zirzəmisində, toyuq hini kimi istifadə edilən yerdə olan dəmir sobanın içərisində gizlədərək saxlamış, 16.12.2020-ci il tarixdə, saat 22:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İdarəyə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyyat-axtarış tədbiri nəticəsində o və Təqsirləndirilən şəxs2 İsmayıllı rayonunun Kürdmaşı kəndində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərlərində şəxsi axtarış aparılarkən onun əlində saxladığı bir ədəd göy rəngli polietilen bağlamadakı bir ədəd sellefan torbadan külli miqdarda, 1150 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmçinin 23.12.2020-ci il tarixdə, saat 15:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin baş müstəntiqi, polis polkovnikleytenantı X8 tərəfindən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 dekabr 2020-ci il tarixli 5(005)-1050/2020 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs2 İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən yaşadığı evdə axtarış aparılarkən evin zirzəmisində, toyuq hini kimi istifadə edilən yerdə olan dəmir sobanın içərisindən 1 ədəd ağ rəngli polietelin paketdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 220 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlamaq və satmaq barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1la birlikdə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1370 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evinə daşıyaraq gizlədib saxlamış, aralarında olan razılaşmaya əsasən 16.12.2020-ci il tarixdə, saat 22:30 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri narkotik vasitə qurudulmuş marixuananın külli miqdar təşkil edən 1150 qram çəkidə olan hissəsini və narkotik vasitənin çəkilməsi üçün istifadə etdikləri elektron tərəzini göy rəngli polietilen torbaya qoyaraq daşıyıb İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisində Təqsirləndirilən şəxs1 vermiş, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin satışından əldə olunacaq puldan 500 manatını ona verməyi öhdəsinə götürmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri narkotik vasitə olan qurudulmuş marixuananın 220 qram çəkidə olan hissəsini isə o, yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evinin zirzəmisində, toyuq hini kimi istifadə edilən yerdə olan dəmir sobanın içərisində gizlədərək saxlamış, 16.12.2020-ci il tarixdə, saat 22:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İdarəyə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyyat-axtarış tədbiri nəticəsində o və Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Kürdmaşı kəndində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərlərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əlində saxladığı bir ədəd göy rəngli polietilen bağlamadakı bir ədəd sellefan torbadan külli miqdarda, 1150 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmçinin 23.12.2020-ci il tarixdə, saat 15:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin baş müstəntiqi, polis polkovnikleytenantı X8 tərəfindən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 dekabr 2020-ci il tarixli 5(005)-1050/2020 nömrəli qərarı əsasında onun İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən yaşadığı evdə axtarış aparılarkən evin zirzəmisində, toyuq hini kimi istifadə edilən yerdə olan dəmir sobanın içərisindən 1 ədəd ağ rəngli polietelin paketdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 220 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 dekabr 2020-ci il tarixdə axşam saatlarında evində yemək yeyən zaman polis əməkdaşları evə gələrək evdə onu tutub dostu Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, orada içərisində narkotik vasitə olan sellofan paketi ona verərək polislərin dediyi məzmunda, yəni, guya narkotik vasitəni Cəlalın ona gələcəkdə vermək şərtilə 500 manata satdığını demişdir. Lakin onda narkotik vasitə olmamış, narkotik vasitənin olduğu sellofan torbanı polis əməkdaşları ona vermişlər. Polislər tərəfindən döyüldüyünə və təzyiqə məruz qaldığına görə ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 16 dekabr 2020-ci il tarixdə axşam vaxtlarında dostu Təqsirləndirilən şəxs2 ona bir ədəd sellofan torbada kilodan artıq narkotik vasitə tapdığını, həmin marixuananı 500 manata satdığını bildirmiş, Cəlala həmin narkotik vasitəni pulunu bir həftə ərzində ödəmək şərtilə deyilən qiymətə götürə biləcəyini demişdir. Cəlal da razılaşdıqdan sonra saat 22 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndinə gedib Cəlalla görüşmüş, Cəlal ona göy rəngli politelen bağlamada təxminən 500 qrama yaxın miqdarda narkotik vasitə marixuana və bir ədəd elektron tərəzi vermişdir. Cəlala bir həftədən sonra 500 manatı çatdıracağını söz vermiş, saat 2230 radələrində Cəlalla birlikdə Kürdmaşı kəndində piyada hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs ona və Cəlala yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onları qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək xidməti vəsiqələrini göstərmiş, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu və Cəlalı Bakı şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Həmin vaxtı o və Cəlal etiraz etməmiş və polis əməkdaşları ilə getməyə razılaşmışdırlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə o və Cəlal şübhəli şəxs qismində tutulmuşduqdan sonra üzərinə aparılan şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd pul kisəsi, şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, daha sonra əlində tutduğu üzərində “Baku” yazısı olan göy rəngli selofan torbanı təqdim etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Sonra onun təqdim etdiyi pul kisəsinə baxış zamanı içərisindən bir ədəd “Bazarstore”, bir ədəd “Azərişıq”, bir ədəd “Unibank”a məxsus, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd “Bakıkart”, bir ədəd üzərində “Bakcell” yazısı olan plastik kartlar aşkar edilmişdir. “Baku” yazısı olan selofan torbaya baxış zamanı içərisindən Cəlaldan əldə etdiyi bir ədəd elektron tərəzi və selofan torbada bir kilodan artıq çəkidə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 1 kiq 195 qram olması müəyyən olunmuşdur. Bağlama və elektron tərəzi üzərində “Baku”yazısı olan sellofan torba qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış zamanı qanunsuz əşya aşkar edilməmişdir. Aşkar olunmuş torbanın içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananın və elektron tərəzinin özünə məxsus olduğunu və qurudulmuş marixuana və elektron tərəzi olan torbanı saxlanılmamışdan az əvvəl şəxsi istifadəsi üçün gələcəkdə 500 manat pul verəcəyi barədə razılaşmaqla Cəlaldan əldə etdiyini, özünün narkotik vasitə aludəçisi olduğunu və narkotik vasitə olan qurudulmuş marixuanadan 2 ildən çoxdur ki, istifadə etdiyini, lakin narkotik vasitələrin satışını həyata keçirmədiyini bildirmişdir. Eyni zamanda Cəlal da onun üzərindən aşkar olunmuş qurudulmuş marixuananı və elektron tərəzini saxlanmamışdan az əvvəl ona verdiyini, imkansızlıq səbəbindən 500 manat pul qarşılığında ona satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs2 aldığı 01 ədəd göy rəngli politelen bağlamada təxminən 500 qrama yaxın marixuana olmuş, çünki, Cəlal da ona həmin 01 ədəd politelin bağlamada olan marixuananı satarkən 500 qrama yaxın çəkidə olmasını demişdir. Nartotik vasitənin bir hissəsini satmaq və digər hissəsini istifadə etmək üçün saxlamaq niyyəti olduğundan əməlində CM-in 234.1 və 234.2-ci maddələrinin tərkibinin olmasını hesab etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməyərək CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 dekabr 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olduğu zaman polis əməkdaşları onun evinə gələrək özləri ilə birlikdə Bakı şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin vaxt onun evində küçədən tapdığı 400 qram narkotik vasitə olan marixuana olmuş, həmin narkotik vasitəni polislərə təqdim etsə də sellofan torba ilə yerə çırparaq içərisindəki narkotiki ətrafa dağıtmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində polis əməkdaşlarının təzyiqi və təsiri nəticəsində Təqsirləndirilən şəxs1 polislər tərəfindən verilmiş sellofan torbanı əlində tutaraq içərisində olan narkotik vasitəni guya gələcəkdə vermək şətilə ondan aldığını bildirmiş, o da Cəmilin ifadəsinə uyğun ifadə vermişdir. Sonradan polis əməkdaşları onun yaşadığı evə gedərək guya evin zirzəmisindən də 220 qram marixuana aşkar etmişlər. Lkain onun özünə məxsus evində saxladığı 400 qram marixuana olmuş, bundan başqa onda narkotik vasitə olmamışdır. Cəmilin əlində tutduğu və evində şakar olunan marixuana ona məxsus olmamış, Cəmilə ümumiyyətlə gələcəkdə vermək şərtilə narkotik vasitə verməmişdir. Polis əməkdaşlarının təzyiq və təsiri nəticəsində ibtidai araşdırma zamanı etiraf edici ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəyə uyğun ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 16 dekabr 2020-ci il tarixdə digər əməliyyat müvəkkili Şahid1 İsmayıllı rayon Xanagah kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs1 və İsmayıllı rayon Kürdmaşı kənd sakini Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə gəzdirmələri və satmaları barədə əməliyyat məlumatı daxil olduğundan yaradılmış əməliyyat qrupu ilə birlikdə İsmayıllı rayon Kürdmaşı kəndində saat 2230 radələrində hərəkətdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamalarında şübhəli olduğundan barələrində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini bildirib üzərlərində şəxsi axtarış aparılması məqsədilə polis əməkdaşları ilə Baş Narkotiklər Mübarizə İdarəsinə gəlmələrini təklif etmişlər. Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 yanında olduğundan və özünü şübhəli apardığından Cəlal və Cəmilin arasında olan əlaqələri müəyyənləşdirilmək üçün Təqsirləndirilən şəxs2 də üzərinə şəxsi axtarış keçirilməsi üçün özləri ilə birlikdə aparmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etməyərək könüllü şəkildə polislərlə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmiş, orada hər ikisi şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs1 üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd pul kisəsi, şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon, daha sonra isə sağ əlində tutduğu sol əlinə keçirərək üzərində “Baku” yazısı olan sellofan torbanı təqdim etmişdir. Pul kisəsinə baxış zamanı içərisindən bir “Bazarstore”, bir ədəd “Azərişıq”, bir ədəd “Unibank”a məxsus, bir ədəd şəxsiyyət vəsiqəsi, bir icad “Bakıkart”, bir ədəd üzərində “Bakcell” yazısı olan plastik kartlar aşkar edilmişdir. “Baku” yazısı olan sellofan torbaya baxış zamanı içərisindən bir ədəd elektron tərəzi və bir bağlama açıq yaşıl rəngli, spesifik iyə malik olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 1 kq 195 qram olması müəyyən olunmuşdur. Elektron tərəzi və üzərində “Baku” yazısı olan sellofan torba qablaşdırılaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş torbanın içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı və 01 ədəd elektron tərəzini onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs2 saxlanılmamışdan az əvvəl şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitəyə görə Cəlala gələcəkdə 500 manat verəcəyini demişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə keçirilən baxış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərində qoymuş, daha sonra li qolsuz gödəkçənin sağ yan cibindən sonuncunun özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd “Accesbank"a məxsus plastik kart aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq tanışı Təqsirləndirilən şəxs1 üzrərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı və elektron tərəzini həqiqətən də sonuncuya verdiyini, Təqsirləndirilən şəxs1la uşaqlıq dostu olduğunu, özünün narkotik vasitə aludəçisi olduğunu və narkotik vasitə olan qurudulmuş marixuanadan 8 (səkkiz) ilə yaxındır ki, istifadə etdiyini, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 500 manat pul qarşılığında razılaşaraq satdığını, sonuncunun da ona 500 manat pul verəcəyini vəd etdiyini bildirmişdir. Bundan başqa 23.12.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19.12.2020-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs2 İsmayıllı rayon Kürdmaşı kəndində yerləşən fərdi yaşayış evində axtarış və götürmə hərəkətləri keçirilən zaman evin zirzəmisində, toyuq hini kimi istifadə edilən yerdə olan dəmir sobanın içərisindən 01 ədəd ağ rəngli polietelin paketdə narkotik vasitəsinə oxşar kütlə aşkar edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyən Şahid3, Şahid4 və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadələr verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 23.12.2020-ci il tarixdə təxminən saat 1535-də İsmayıllı rayon Kürdmaşı kəndi ərazisindən keçən zaman, yol kənarında olarkən bir neçə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra orada yerləşən bir evdə məhkəmə qərarı ilə axtarış və götürmə keçirəcəklərini, onun da həmin proses zamanı hal şahidi qismində iştirak etməyimi təklif etmişdirlər. Hal şahidi kimi iştirak etməyə konüllü razılıq verərək polis əməkdaşları ilə İsmayıllı rayon Kürdmaşı kəndində bir evə gəlmiş, söhbət zamanı ona həmin evin narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş Təqsirləndirilən şəxs2 məxsus olduğu məlum olmuşdur. Oraya dəvət edilmiş digər hal şahidinin, polis əməkdaşlarının və adını sonradan bildiyi Şahid7 iştirakı ilə evdə keçirilən axtarış zamanı evin zirzəmisində, toyuq hini kimi istifadə edilən yerdə olan dəmir sobanın içərisindən 01 ədəd ağ rəngli polietilen paketdə narkotik vasitəsinə oxşar kütlə aşkar edilmiş, həmin 01 ədəd sellofan torba qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs2 tutulduqdan təxminən 3-4 gün sonra, yəni 23 dekabr 2020-ci il tarixdə polis əməkdaşları yaşadıqları evə gəlib axtarış aparan zaman evin zirzəmisində narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Həmin narkotik vasitənin aşkar olunmasını görməmiş, polislər sonradan onu zirzəmiyə dəvət edərək oradakı sobadan bağlı paketdə nə isə aşkar olunduğunu bildirmişlər. Onların evlərində narkotik vasitə olmamış, həmin narkotik vasitəni polislər özləri oraya qoymuşlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 17.12.2020-ci il tarixli 7/869 nömrəli rəyində göstərilmişdir ki, - tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 ... təqdim etdiyi ....”yazıları olan göy rəngli polietilen bağlamadakı 01 (bir) ədəd sellofan torbanın içərisində təmiz çəkisi - 1150 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda narkotik olan vasitə marixuananın hissəcikləri vardır, həmin hissəciklər cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 25.12.2020-ci il tarixli 7/893 nömrəli rəyində göstərilmişdir ki, - tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd polietelin paketdə təmiz çəkisi -220.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. – Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 ... təqdim etdiyi ....”yazıları olan göy rəngli polietilen bağlamada və üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş ...” yazıları olan kağız paketdə, marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 05 yanvar 2021-ci il tarixli 02 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs1 “emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs1 aşkar edilmiş “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edilməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2021-ci il tarixli 380 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2021-ci il tarixli 381 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkamaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsi barədə 17 dekabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş CD-diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əlində tutuduğu sellofan torbanın içərisindən 1150 qram çəkidə marixuana narkotik vasitəsinə oxşar quru halda kütlə və bir ədəd tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Kürdmaşı kənd inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədən görünür ki, Quliyev X5 rayon Kürdmaşı kəndində yaşamaqla himayəsində dörd azyaşlı uşaqları vardır, yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Xanagah kənd inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədən görünür ki, Əhmədov X9 rayon Xanagah kəndində yaşamaqla, yaşadığı yür üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsdən alınmış 19.12.2021-ci il tarixli 19/51-12372 saylı məktubda göstərilmişdir ki, İsmayıllı rayon Kürdmaşı kəndində qeydiyyatda olan və orada yaşamış, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və İsmayıllı rayon Xanagah kəndində qeydiyyatda olan və orada yaşamış,xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 Respublika Narkoloji Mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X10 Şəxsdən alınmış 21.12.2020-ci il tarixli 8854 saylı məktubda göstərilmişdir ki, İsmayıllı rayon Kürdmaşı kəndində qeydiyyatda olan və orada yaşamış, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və İsmayıllı rayon Xanagah kəndində qeydiyyatda olan və orada yaşamış, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Vidadi oğlu məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Hərbi Məhkəməsinin 31.10.2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 17 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 0050-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 17 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 0110-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 18 dekabr 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş matreiallarında olan 18 dekabr 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə toplanmış hər bir sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymət verərək belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi yoxdur və aşağıdakı səbəblərə görə verilmiş ittiham üzrə onlara bəraət verilməlidir. Belə ki, itiham tərəfinin təqdim edərək istinad etdiyi əsas sübutlar kimi təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərinə video çəkilişlə baxış keçirilməsinə dair protokol və ona əlavə edilmiş CDdisk göstərilmişdir. Həmin sübuta münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüququları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə 10.04.2014-cü il tarixli Qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Bəhs edilən Qərarın 69-cu bəndində göstərilmişdir ki, “Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi”. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra İsmayıllı rayon Polis Şöbəsində deyil, oradan təxminən 2 saat-2 saat 30 dəqiqə yol sərf etməklə 150-180 km aralıda olan Bakı şəhərinə yerləşən Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasında üzərlərinə baxış keçirilmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən şəxslərin üzərinə dərhal aşkar olundaqları yerdə, o cümlədən təqsirləndirilən şəxslərin aşkar olunduqları yerə ən yaxın olan İsmayıllı rayon Polis Şöbəsində, eyni zamanda İsmayıllı rayonundan Bakı şəhəri istiqamətində olan digər (Şamaxı, Qobustan, Hacıqabul və s.) rayon Polis Şöbələrində təqsirləndirilən şəxslərin üzərinə baxış keçirilməməsinin səbəbini izah edə bilməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin hər ikisi polis əmkdaşları tərəfindən saxlanıldığı andan Bakı şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib şübhəli şəxs kimi tutularaq üzərlərinə şəxsi axtarış keçirilənə kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi baxımından polisin nəzarətində olmuş, ittiham tərəfi isə həmin dövr ərzində ittihamın əsasını təşkil edən narkotik vasitə olan marixuananın onların üzərinə qoyulmasına dair müdafiə tərəfinin dəlillərini təkzib edən heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşlarının nəzarəti altında təxminən 2 saat müddət ərzində qət edilən yolda içərisində narkotik vasitə olan sellofan torbanı əlində saxlaması məhkəmə üçün inandırıcı görünmür. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əlində tutduğu sellofan torbada aşkar olunmuş narkotik vasitənin təqsirləndirilən şəxslərə məxsus olmasına şübhə ilə yanaşır. Daha sonra ittiham tərəfinin istinad etdiyi ikinci sübut kimi 23 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Göyçay rayonu Kürdmaşı kəndindəki yaşayış evinə baxış keçirilməsi və evin zirzəmisndən 220 qram narkotik vasitə olan marixuananın aşkar olunmasına dair protokol göstərilmişdir. Həmin sübuta münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün CPM-nin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Həmin Məcəllənin 115.2 və 115.4-cü maddələrinin tələbinə görə isə hal şahidinin istintaq hərəkətində mütəmadi iştirakı qadağan edilməklə əks halda bu kimi vəziyyətin istintaq hərəkətinin etibarsız hesab edilməsinə əsas verir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli 1(012)-317/2020 nömrəli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli 1(005)-149/2020 nömrəli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.06.2021-ci il tarixli 1(101)-383/2021 və 04.06.2021-ci il tarixli 1(101)-232/2021 nömrəli hökmlərindən görünür ki, hazirki iş üzrə hal şahidi olan Şahid5 dörd müxtəlif işlər üzrə polislərlə əməkdaşlıq edərək hal şahidi qismində iştirak etmiş, sonuncunun hal şahidi kimi iştirak etdiyi əməliyyat tədbirlərinin hamısı Baş Narkotiklərə qarşı Mübarizə İdarəsi tərəfindən keçirilməklə həmin işlər üzrə müxtəlif vaxtlarda əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid4 keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etmişlər. X3 CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndiriləməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.08.2021-ci il tarixli hökmündən görünür ki, Şahid5 əməliyyat müvəkkili Şahid1 tərəfindən keçirilən əməliyyat tədbirinin birində şərti alıcı qismində iştirak etmişdir. Bütün bunlar hal şahidinin polis işçiləri ilə əməkdaşlıq etdiyini, bitərəf və müstəqil olmadığını, beləliklə də onun iştirakı ilə keçirilən Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş 220 qram çəkidə qurudulmuş marixuananın aşkar olunmasına dair baxışın etibarsız hesab edilməsinə əsas verir. Bundan başqa məhkəmə kollegiyası belə bir halı da diqqətdən qaçırmır ki, məhkəmə bioloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisindən aşkar edilmiş şəffaf polietilen paketdə 220 qram qurudulmuş marixuana ilə Təqsirləndirilən şəxs1 əlində tutduğu sellofan torbada aşkar olunmuş 1150 qram marixuananın tərkiblərinə görə eyni olması da həmin narkotik vasitələrin təqsirləndirilən şəxslərə məxsus olmasına dair onların xeyrinə olan şübhələri bir daha artırmış olur. Belə ki, məhkəmə araşdırması zamanı verilən suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid7 oğlu Təqsirləndirilən şəxs2 16 dekabr 2020-ci il tarixdə tutulduqdan sonra evlərinə baxış keçirilən 23 dekabr 2020-ci il tarixə kimi sonuncu ilə telefon vasitəsi ilə əlaqə saxladığını göstərmişdir. Məhkəmə tərkibi hesab edir ki, aşkar olunmuş 220 qram narkotik vasitə olan marixuana həqiqətən də Təqsirləndirilən şəxs2 məxsus olmuş olsaydı sonuncu ailə üzvləri ilə danışan zaman həmin narkotik vasitəni gizlətmələri və ya məhv etmələri barədə tapşırıq verə bilərdi. Həmçinin qeyd olunanlarla yanaşı istintaq hərəkəti aparılan zaman foto və ya video çəkilişdən istifadə edilməməsi də məhkəmənin həmin aşkar olunmuş narkotik vasitənin təqsirləndirilən Təqsirləndirilən şəxs2 aid olmasında dair şübhələrini bir daha təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs2 evində 400 qram marixuananın olmasına dair ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, həmin hissədə ibtidai araşdırma orqanı kifayət qədər sübutlar təqdim etməmişdir. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 125.2-ci maddəsində əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinin yol verilmədiyi hallar sadalanmışdır ki, həmin hallara 125.2.1-ci maddədə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi, 125.2.3-ci maddədə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, 125.2.7-ci maddədə isə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda olan hallar aid edilmişdir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs2 onda ittihamda qeyd edildiyi kimi 1150 və 220 qram marixuana deyil, yalnız 400 qram marixuana olduğunu, həmin marixuananın isə polis əməkdaşları evlərinə gələn zaman yerə dağıldığını göstərmiş, Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə aşkar olunmuş marixuanaya heç bir aidiyyətinin olmadığını bildirmişdir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamın əsasını təşkil edən narkotik vasitə olan 1150 və 220 qram marixuana isə yuxarıda sadalanan prosessual pozuntularla əldə olnmuşdur ki, həmin narkotik vasitə də sübut kimi qəbul edilərək ittihamın əsasını təşkil edə bilməz. Bundan başqa həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxslər məhkəməyədək icraat zamanı etirafedici ifadələr versələr də məhkəmə araşdırması zamanı ibtidai araşdırma zamanı verdikləri ifadələrini təkzib etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın əsası kimi çıxış edən sübutların əldə edilməsi cinayət-prosessual qanunvericiliyin və təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması ilə əldə olunmuşdur. Belə olan hallarda və işin halları ilə təsdiq edildiyindən məhkəmə tərkibi təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələrinə daha obyektiv və səmimi ifadə kimi qəbul edir. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Belə olan halda bəhs edilən şübhələr və ziddiyyətlər CPM-nin 145.3-cü maddəsinə əsasən ittiham tərəfinin heç bir sübutu ilə aradan qaldırılmadığına görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xeyrinə həll olunmalıdır. CPM-in 42.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törədilməsinə aidiyyəti olmadıqda məhkəmə baxışı nəticəsində ona qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Yuxarıda sadalananlara görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlilikləri sübuta yetirilmədiyinə görə onlara bəraət verilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından azad olunmalıdırlar. İş üzrə maddi sübut olan olan 1149.75 qram və 219.95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd tərəzi İsmayıllı rayon Polis Şöbəsinin sərəncamında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 157,64 AZN (yüz əlli yeddi manat altmış dörd qəpik) ekspertiza xərci dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə məhkəmə məsrəfi olan 157,64 AZN (yüz əlli yeddi manat altmış dörd qəpik) ekspertiza xərci dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan 1149.75 qram və 219.95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd tərəzi İsmayıllı rayon Polis Şöbəsinin sərəncamında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar