Məhkəmə qərarları › İş №1(091)-117/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-117/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-117/2023 20.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X6 iştirakı ilə xx.xx.1989-cu ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ucar şəhəri, Tofiq İsmayılov küçəsində yaşamış, Ucar Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, 06 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən “Xan” şadlıq sarayında toyda iştirak edib spirtli içki qəbul etdikdən sonra sarayın avtomobillərin dayanması üçün nəzərdə tutulan dayanacağına çıxarkən tanışı Zərərçəkmiş şəxs ilə qarşılaşdıqda, iştirak etdikləri toyda həddindən artıq spirtli içki qəbul etməsi ilə bağlı Seymurun ona bildirdiyi iraddan əsəbləşərək, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı, sərxoş vəziyyətdə qisas almaq məqsədi ilə üzərində saxlayıb gəzdirdiyi, istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs ümumilikdə 3 zərbə vuraraq ona boyunun sağ yan səthinin kəsilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan, sağ kürəkaltı nahiyənin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran və döş qəfəsinin sağ yan səthinin daxilə keçən, diafraqmanı və qara ciyəri zədələyən, dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, zərərçəkmiş şəxs qonşusu olmuşdur. Toyda olan zaman Seymur onunla acıqlı danışmağa başlamış, onu çölə dəvət etmiş və çöldə üzünə sillə vurmuşdur. Bundan sonra o əsəbləşmiş, Seymur isə onun üzərinə gəlməyə davam etmişdir. Ona görə Zərərçəkmiş şəxs qorxutmaq üçün üzərində gəzdirdiyi bıçağı çıxartmış və onu bıçaqla vurmuşdur. Bıçaq dəydikdən sonra Seymur onun üzərinə yenə gəlməyə davam etmiş, lakin sonra hər ikisi hadisə yerindən uzaqlaşmışlar. Təqsirləndirilən şəxs daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, Seymuru bıçaqla vurmaq niyyəti olmamışdır. Onu sillə ilə vurduğu üçün əsəbləşib özündən çıxmışdır. Seymur zarafat etməmişdir, onu ciddi şəkildə vurmuşdur. Bıçaq həmin vaxt geyindiyi qış gödəkçəsinin cibində olmuşdur. Qeyd olunan bıçaq açılıb-qatlanan bıçaq olmuşdur. Seymurla gediş-gəlişləri vardır, həmin gün qonşuda toy məclisində olmuş və Seymur toyda oturarkən onunla acıqlı danışmış, ona qarşı pis rəftar etmişdir. O da Seymurdan bunun səbəbini soruşmuş və “əgər sözün varsa çıxaq çölə” demiş, Seymur da “gəl çıxaq çölə” demişdir. O, Seymuru oturduğu masaya çağırmamışdır. Çölə çıxanda ondan aralıda olmuş və Seymur onu yanına çağırmışdır. Ondan niyə belə münasibət göstərdiyini soruşanda, Seymur həmin an onu sillə ilə vurmuşdur. Seymur onu vurduqdan sonra yenə üzərinə gəlməyə başlamışdır. Hadisə gecə saatlarında, hava qaralanda baş vermişdir. Hava qaranlıq olduğu üçün Seymurun əlində heç nə görməmişdir. Əvvələr Seymurla arasında heç bir problem olmamışdır. Seymuru qisas almaq üçün vurmamışdır, sadəcə bu bir hadisədir. Seymuru bıçaqla vurduqdan sonra o, ayağa qalxıb ondan öndə getmiş və Seymura çata bilmədiyi üçün sonra ona köməklik göstərə bilməmişdir. O, əvvəllər belə olmamışdır. Tez əsəbləşib özündən çıxmağının əsas səbəbi müharibədə keçirdiyi həyəcanlardır. Seymur ona yad adam olmamışdır, vurandan sonra Seymurun pis vəziyyətdə olduğunu görsəydi, ona köməklik göstərərdi, lakin onu görməmişdir. Bıçağı kiməsə zərər yetirmək üçün üzərində gəzdirməmişdir, tez-tez çöldə yemək yediyi üçün üzərində olmuşdur. Əvvələr onun psixi vəziyyətində problem olmamışdır, müharibədə iştirak etdikdən sonra onda belə problem yaranmışdır. Gedib polis şöbəsinə təslim olmasını atası demişdir. Sonra Ucar şəhərinə gəlmiş və Ucar rayonu “Dördyol” adlanan ərazidən təhqiqatçı Elçin Neymanova zəng edib təslim olmaq istədiyini bildirmiş və onunla birlikdə polis şöbəsinə gedib təslim olmuşdur. Müharibə iştrakçısıdır, hadisədən sonra polis şöbəsinə gedib, könüllü təslim olmuşdur, Seymurla barışmışdır. Ona görə də yüngül cəza təyin olunmasını xahiş edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o və Zərərçəkmiş şəxs qonşusunun dəvəti əsasında Ucar şəhərində yerləşən “Xan” restoranında toy məclisində olmuşlar. Məclis zamanı aralarında olan söz-söhbəti dəqiq şəkildə xatırlamasa da, restoranın həyətinə düşdüyünü, orada Seymuru gördüyünü və birlikdə yaxınlıqda olan avtomobil duracağının qaranlıq yerində söhbət etmələrini xatırlamışdır. Aralarında olan söhbət əsnasında Seymur ona zarafatyana şillə vurmuş, bu zaman o, əsəbiləşib Seymurun başını qolu ilə tutmuşdur. Lakin haradan əldə etdiyini xatırlamadığı bıçaqla Seymura xəsarət yetirmək fikri olmamışdır. Bu zaman məqsədi Seymura bıçaqla zərbə etmək deyil, qorxutmaq olmuşdur. Əgər həmin zaman məqsədi Seymurun boğazını kəsmək və ya bıçaqla xəsarət yetirmək olsa idi, Seymura həmin xəsarəti yetirərdi. Fikri Seymurun boğazına ağır xəsarət yetirmək olsa idi, həmin xəsarəti yetirə biləcək gücü və imkanı olmuşdur, lakin bunu etməmişdir. Çünki, məqsədi Seymuru qorxutmaq olmuşdur. Seymur sağ qolunu boşaltdığına görə, Seymuru özü buraxmışdır. Bundan sonra Seymur qəfildən əllərini uzadıb üzərinə hərəkət edərkən o, Seymurun onun üzərinə hücum edəcəyini zənn etmiş və əlində olan bıçaqla Seymurun sağ tərəf hissəsinə qorxutmaq üçün bıçaq zərbəsi atmışdır. Birinci zərbəni atanda bıçağın dəyməsini hiss etməsə də, ikinci dəfə bıçağın Seymurun təxminən sağ qolaltı hissəsinə daxil olduğunu görmüşdür. Bundan sonra Seymura əlavə olaraq bir neçə bıçaq zərbəsi vurmaq imkanı olsa da, ixtiyari olaraq geri çəkilmiş və nə baş verməsini anlamamışdır. Sonra bıçağı aşağı salıb Seymura həqiqətən də xəsarət yetirib-yetirmədiyinə baxmaq istəyərkən Seymur yumruq zərbələri ilə onu vurmağa başlamışdır. Həmin vaxt o, özünü boş saxladığı üçün zərbələrin təsirindən yerə yıxılmışdır. Yerə yıxıldıqdan da sonra Seymur üzərinə çıxıb onu vurmağa başlamışdır. Həmin vaxtı yenə də təkrar olaraq onun Seymura istər bıçaqla, istərsə də əllə yerə yıxıb zərbə endirmək şəraiti və imkanını olmasına baxmayaraq, o, Seymura əvvəldən bıçaqla xəsarət yetirdiyinə görə, əlavə heç nə etməmişdir. Çünki, etdiyi əməldən həqiqətən qorxmuş və Seymurun ağır xəsarət almasına görə narahat olmuşdur. Bundan sonra Seymur durub oradan bir neçə addım kənara doğru irəliləmişdir. Seymur yerdə uzanıqlı olan zaman tez qalxıb yenə də Seymurun kürəyinə və ya başqa nahiyəsinə zərbə vurmaq imkanı olsa da, bunu etməmişdir. Lakin yerdə uzanıb nə etdiyini, etdiyi hərəkətin yanlış olduğunu fikirləşmişdir. Daha sonra sanki özündən getmiş kimi olmuş, əvvəlcədən qəbul etdiyi spirtli içki, sonradan isə Seymurla aralarında olan mübahisə zəminində sonuncunu bıçaqla qorxutmaq istəyib, bıçaqla xəsarət yetirməsinin nəticəsindən sanki şoka düşmüşdür. Bundan sonra hadisə yerindən necə uzaqlaşmağını bilməsə də, asfalt yola çıxıb orada yoldan ötən qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobilə əl edərək saxlamış və Bakı şəhərində özünə gəldiyini xatırlamışdır. Hazırda etdiyi əməldən peşmandır. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında hava qaranlıq olan vaxtda o, tanımadığı avtomobildə Bakı şəhərində 20 yanvar adlanan yerdə yuxudan ayılmış və bu zaman avtomobilin tanımadığı sürücüsü ona artıq 20 yanvar adlanan yerdə olduğunu, burada avtomobildən düşəcəyini bildirmişdir. Bu zaman o, avtomobildən düşmüş və həmin şəxsə cibində pulu olmadığını dedikdə, ona taksi deyil, yol maşını olduğunu, onu Ucar rayonunun “Dördyol” adlanan ərazisindən götürdüyünü və yol pulu olmadığı üçün haqqını halal etdiyini bildirmişdir. Həmin vaxt onda spirtli içkinin təsiri azalmışdır. Avtomobildən düşdükdən sonra başının və dodaqlarının ağrıdığını hiss etmiş, əlini dodağına vurduqda, dodağında qurumuş qan izləri görmüşdür. Axşam nə olduğunu fikirləşdikdə yadına gecə olanlar hissə-hissə gəlmişdir. Həmin vaxt təqribi dava-dalaş etdiyini xatırlamışdır. Lakin təfərrüfatlarını hələ də xatırlaya bilmir. Bu zaman istifadəsində olan mobil telefona baxanda, ona müxtəlif şəxslərdən dəfələrlə zəng gəldiyini görmüşdür. Həmin anda atası Nihat istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Atası ona qışqıraraq axşam dava-dalaş salmasını dedikdə, o, heç nə xatırlamadığını deyib, atasının ona olan səs tonundan əsəbləşərək telefonu söndürmüşdür. Bundan sonra Bakı şəhərində xx.xx.2022-ci il tarixə kimi parklarda qalmış, sonrakı gün özünə məxsus olan mobil telefon vasitəsilə atası Şahid5la əlaqə saxlamış və Zərərçəkmiş şəxs adlı şəxsi bıçaqladığını və məsuliyyətdən yayınmadığını, dərhal gəlib polis orqanlarına təslim olacağını demişdir. Daha sonra o, nə atası Şahid5, nə də ki, digər heç bir tanış və qohumları ilə əlaqə saxlamamışdır. Əvvəllər də spirtli içki qəbul etdiyi zamanlarda özündə olmadığını bildiyi üçün Zərərçəkmiş şəxs spirtli içkinin təsirində olub bıçaqladığını təxmin etmişdir. Bundan sonra Bakı şəhərində 8 gecə parklarda qalmışdır. Bu vaxt ərzində Bakı şəhərində olan adlarını bilmədiyi tanışları ilə bir neçə dəfə görüşmüş, həmin tanışlarına pulunun olmadığını deyib, özü üçün az miqdarda, yəni gündəlik 5-10 manat yemək xərclərini ödəyəcək qədər pul almışdır. Həmin tanışlarının adlarını xatırlamasa da, tanışlarının onun cinayət əməlindən xəbərləri olmadıqlarından əmin olmuşdur. Çünki, özü barədə onlara heç nə danışmamışdır. Əgər həmin tanışları onun əməlindən xəbərdar olmuş olsa idilər, bu barədə ondan nəsə soruşardılar. xx.xx.2022-ci ildə Bakı şəhəri Lökbatan qəsəbəsinə gəlmiş, orada olan dəqiq markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı kiçik həcmli avtobusla Ucar şəhəri “Dördyol” adlanan yerə gəlmişdir. Orada tanışı Ucar RPŞ-nın Təhqiqat bölməsinin baş təhqiqatçısı Elçin Neymanovla təsadufi şəkildə rastlaşmış və aralarında olan söhbət zamanı sonuncu ona əməlindən xəbərdar olduğunu və Ucar RPŞ-ya təslim olmasını məsləhət gördükdə, onunla razılaşaraq Ucar RPŞ-ya gəlib təslim olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci madəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, onlar birlikdə yemək yeyərək spirtli içki, araq qəbul etmişlər. Lakin bir müddət keçdikdən sonra Xeyrulun spirtli içkini həddindən artıq qəbul etdiyini və özünü idarə edə bilmədiyini hiss etdiyi üçün Xeyrula araq içməməyi, artıq Xeyrul üçün bəs etdiyini demişdir. Xeyrul isə əl hərəkətləri ilə onu yanına çağırmışdır. Həmin vaxt Xeyrul özündə olmamışdır. Çölə çıxmalarının səbəbi ona tam məlum olmamışdır. Daha sonra aralarında mübahisə baş vermiş və Xeyrul onu bıçaqla vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona bir bıçaq zərbəsi dəymişdir. Mübahisənin səbəbi onun Xeyrula “çox araq içmə” deməsi olmuşdur. Daha sonra Xeyrul toyda onun yanına gələrək, çölə çağırmışdır. Hadisə avtomobil dayanacağında olmuşdur. Xeyrul onu vurmaq istəyən zaman bıçaq boğazını sıyırmışdır. Xeyrul sərxoş vəziyyətdə olsa da, ayaq üstə dayana bilmişdir. Həmin məclisdə o da spirtli içki qəbul etmişdir. O, Xeyrula “çox içmə, bu qədər kifayətdir” dedikdən sonra Xeyrul məclisdə ona qarşı kobudluq etməmişdir. Çölə birinci o çıxmış və çıxandan 5 dəqiqə sonra Xeyrul da çölə çıxmışdır. Çöldə Xeyrulu görüb yanına çağırmışdır. Xeyrulu avtomobil dayanacağı olan yerə çağırmışdır. Hadisə yerini birinci o tərk etmişdir. O, oradan uzaqlaşan zaman Xeyrul yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Xeyrulun uzanıqlı vəziyyətdə qalmasının səbəbi, onu vurması olmuşdur. Xeyrula təxminən 1-2 zərbə vurmuş, daha sonra yerə yıxılmışdır. Xeyrulun müharibə iştirakçısı olduğunu bilir, müharibədən gəldikdən sonra Xeyrulun psixi vəziyyəti çox dəymiş, özündən tez çıxan olmuşdur. Xeyrulla barışmış və ondan şikayəti yoxdur. Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən (iş vər. 113-116) zərərçəkmiş şəxs kimi istintaqa verdiyi ifadəni təsdiq edərək Xeyrul Novruzla aralarında baş vermiş münaqişənin baş verməsini bir daha əyani şəkildə bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (iş vər. 129-132). Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onun ifadələri ardıcıldır, digər ifadələrlə uzlaşır, hadisənin baş vermə halı, xəsarətin xarakteri və yetirilmə mexanizmi, habelə təqsirləndirilən şəxsin göstərdiyi hallarla üst-üstə düşür. Zərərçəkmiş şəxs ifadəsi hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, zərərçəkmiş şəxsin ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: - Hadisə yerinə baxış keçirilməsinə dair protokol ilə. Onun gedişində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus olan bir ədəd tüd göy rəngli qış gödəkçəsi və üzərində qanabənzər ləkələr olan 16 ədəd çınqıl daşı hadisə yerindən aşkar edilərək götürülmüş, fotoşəkillər çəkilmişdir (iş vər. 7-11). - Təqdim etmə və götürmə barədə protokolla. Həmin hərəkətlə xx.xx.2022-ci il tarixdə Ucar RMX-nın Acil şöbəsinin həkim terapevti X8 hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş paltarları, yəni üzərində qanabənzər ləkələr və kəsilmə-deşilmə izləri olan bir ədəd tünd göy rəngli köynək və bir ədəd qara rəngli maykanı istintaqa təqdim etmişdir (iş vər. 14). - Şifahi ərizə protokolu ilə. Bu hərəkətlə 07 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Ucar şəhərində yerləşən “XAN” restoranının yaxınlığında Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyini bildirərək, həmin şəxs barədə qanuni tədbir görülməsini xahiş etmişdir (iş vər. 18). Ucar RPŞ-nın İstintaq bölməsinin müstəntiqi X4 raportu ilə. Həmin raportla 06 noyabr 2022-ci il tarixdə, saat 20:45-də Ucar RMX-nın həkimi A.Hüseynovun mobil telefonla məlumat verərək Ucar şəhəri, M.Qasımov küçəsində yaşayan Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının daxilə keçən bıçaq yarası xəsarətilə xəstəxanaya müraciət etməsi, deməsinə görə bıçaqlanması barədə məlumat verilməsi bildirilərək, hadisəni törətmiş şəxsin müəyyən edilməsilə bağlı CAB əməkdaşlarına göstəriş verilməsi Ucar RPŞ-nın rəisindən xahiş edilmişdir (iş vər. 19). Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 65MTKŞ/2023 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində bir ədəd, maykanın arxa səthində bir ədəd deşilmiş kəsilmiş zədə aşkar edildi. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (ola bilsin bıçağın) təsirindən törənmişdir (iş vər. 168-169). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 92/2023-MTBŞ nömrəli rəyi ilə. Bu rəylə müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu - B/İİİ/. Ekspertizaya təqdim olunan hadisə yerindən götürülmüş 16 ədəd çınqıl daşı, Zərərçəkmiş şəxs məxsus köynək və alt mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubyyəti ABO sistemi üzrə təqdqiq olunduqda “B” və “H” antogenləri, alt mayka üzərindəki ləkələrdə, həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (əgər onun qanında müşatiəyçi H antigeni varsa). Tədqiqata təqdim edilmiş gödəkçə üzərində qanabənzər şübhəli ləkələr aşkar edilmədi (iş vər. 171-174). Məhkəmə trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3/136. 6/448 nömrəli rəyi ilə. Bu rəylə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəldə göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs köynəyinin üzərindən aşkar edilmiş tünd göy rəngli hamar poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər (iş vər. 177-180). Məhkəmə kollegiyası aparılmış ekspertizaların nəticələrinin düzgünlüyünə və obyektivliyinə şübhə etməyə əsaslar tapmır, çünki həmin rəylər böyük iş stajına malik olan ekspertlər tərəfindən icra edilmiş, lazımi şəkildə rəsmiləşdirilmiş, elmi cəhətdən əsaslandırılmış, nəticələri aydın və başa düşüləndir, işin həqiqi halları və materialları, istintaq hərəkətləri və digər sənədlərlə uzlaşır. Bundan başqa, məhkəmə kollegiyasının iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, hadisəni görməmişdir. Evə gəlib Xeyrulu axtaran zaman hadisə ilə bağlı məlumat almışdır. Zərərçəkmiş şəxsla oğlu Xeyrul arasında dostluq münasibətləri olmuşdur. Xeyrul müharibədən gəldikdən sonra psixi vəziyyəti dəyişmiş, hətta buna görə müalicə də almışdır. Müalicələrin xeyiri olmuşdur, bu məsələ olandan sonra müalicə dayanmışdır. Xeyrul hələ də psixi vəziyyəti ilə bağlı həkim nəzarətindədir. Xeyrula gedib polis şöbəsinə təslim olmasını demişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, toy məclisində onlarla birlikdə oturmasına baxmayaraq, baş vermiş mübahisədən xəbəri olmamışdır. Məhkəmə kollegiyasının iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Seymur və Xeyrulu rayon sakini kimi tanımışdır. Baş vermiş hadisəni görməmişdir. Toy məclisində onlarla birlikdə əyləşmiş, amma mübahisələrini görməmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, restoran tərəfdən maşınla gedən zaman, rayon sakini kimi tanıdığı Seymur adlı şəxs onu saxlatmış və halının yaxşı olmadığını bildirmişdir. Daha sonra Seymuru xəstəxanaya aparmışdır. Seymur ona bıçaqlandığını demiş, amma kimin elədiyini bildirməmişdir. Seymuru restoranın yanından götürmüşdür. Məhkəmə kollegiyasının iclasında iş üzrə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Təqsirləndirilən şəxsla qohumu vasitəsilə əlaqə saxlamışdır. O Xeyrulla danışan zaman Xeyrul artıq Ucar şəhərində olduğunu və təslim olmaq üçün gəldiyini bildirmişdir. Xeyrul Ucar RPŞ-nı tanımamış, ona görə də polis şöbəsinə birlikdə getmişlər, daha sonra Xeyrul könüllü təslim olmuşdur. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs polis şöbəsinə məlumat verməsi barədə məlumatı yoxdur. Xeyrulun polis şöbəsinə getməyinə heç kim təsir etməyib, könüllü gələrək təslim olub. Xeyrulun baş vermiş hadisədən nə qədər sonra təslim olmasını isə dəqiq bilmir. Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə qonşusu Nurlanın övladına Ucar şəhərində yerləşən “Xan” restoranında keçirdiyi toy məclisində dəvətli qonaqları sırasında olmuş, saat 21 radələrində evinə getmək üçün restoranı tərk etmişdir. Restoranın avtomobil duracağı olan hissəsinin qarşısından keçərkən yaxınlıqda olan şəxslərin nə isə hadisə barədə danışdıqlarını eşitmiş, bu zaman onların yanına getdikdə, Ucar şəhər sakini Zərərçəkmiş şəxs narahat vəziyyətdə duracağdan çıxıb İbrahim adlı şəxsin avtomobili ilə Ucar RMX-ya getdiyini eşitmişdir. Bundan sonra özünə də maraqlı gəldiyi üçün həmin duracağa daxil olmuş, bir qədər irəliyə getdikdən sonra sol tərəfdə yerləşən qarğı-qamışdan ibarət çəpərə təxminən 4-5 metr qalmış yerdə olan xırda daşların üzərində qanabənzər ləkələr görmüş, bir neçə dəqiqə sonra həmin yerə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirəcəklərini bildirdikdə, araşdırmaya köməklik etmək məqsədilə gördüyü qanabənzər ləkələrin yerini göstərmişdir. Baş vermiş hadisəni və ya münaqişəni görməmiş, o, hadisə yerinə gələndə nə Xeyrul, nə də Seymur orada olmamışlar. Sadəcə olaraq yerdə qan ləkəsi gördükdə, polis əməkdaşlarına köməklik etmək məqsədilə yerini onlara göstərmiş, hadisə yerində qan izlərindən başqa heç nə görməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmasında təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 126.1-ci maddəsilə tövsif etməyə imkan verir, çünki o 06 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı, sərxoş vəziyyətdə qisas almaq məqsədi ilə üzərində saxlayıb gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs, ümumilikdə 3 zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan, yüngül və ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün səmimi etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla təsdiqini tapmışdır. Cinayət işinin materiallarına olan və məhkəmədə tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxansı” X18 daxil olmuş 10 dekabr 2022-ci il tarixli PHŞ/6.77-2-2022-1137 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetində qeydiyyatda yoxdur (iş vər. 100). Bundan əlavə, cinayət işinin materiallarına olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 787 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağılılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psioxpatik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazl-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir (iş vər. 163-164). Göründüyü kimi, Təqsirləndirilən şəxs psixiatr və narkoloqda uçotda deyil, anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumatlar yoxdur, buna görə də məhkəmədə onun psixi tamlığına şübhə yaranmır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 126.1-ci maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Bu prinspdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CMin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzalandırılmalı və bu zaman şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmalıdır. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 58.3-cü maddəsi). Cinayət işinin materiallarında olan (iş vər.101-102) və məhkəmədə tədqiq edilmiş DİNin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası X5 Şəhər Məhkəməsinin 02 fevral 2017-ci il tarixli hökmü ilə RF CM-in 111-ci maddəsinin 1-ci hissəsilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərdiyi 12 aprel 2023-cü il tarixli 31/47 nömrəli məktubunda isə bildirilmişdir ki, Novruzov Rusiya Federasiyası X5 Şəhər Məhkəməsinin 02 fevral 2017-ci il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs barədə hökmün tanınmasına dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan (iş vər. 84-86) və məhkəmə istintaqında tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 18 noyabr 2022-ci ill tarixli 4(063)-46/2022 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barədə 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən verilmiş (iş vər. 142) 30 dekabr 2022-ci il tarixli 334 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2007-ci il tarixdən 01 aprel 2009-cu il tarixədək Azərbaycan Respublikası silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 29 sentyabr 2020-ci il tarixdən 27 dekabr 2020ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrilə 27 dekabr 2020-ci il tarixdə ehtiyata buraxılmışdır. 29 dekabr 2020-ci ildən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2715 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli qərarı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir (iş vər. 142). Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş (iş vər. 156-158) Ucar rayon mənzil istismar təmir istehsalat sahəsi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli 116 nömrəli arayış, xasiyyətnamə və doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X3 və qızı X1 ibarətdir. Onun himayəsində 23 noyabr 2021-ci ildə anadan olmuş qızı vardır. Barəsində verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü normal aparmış, haqqında hüquq mühafizə orqanlarından və sakinlərdən təşkilata heç bir ərizə, şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs hərbi xidmətdə olmuşdur, 44 günlük Vətən müharibəsiin iştirakçısıdır. Fərdi əməklə məşğuldur, məhkumluğu olmamışdır, ailəlidir, hazırda bir övladı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərlə yanaşı, o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almışdır. İşin bu halı onun özünün ifadəsi və iş üzrə şahidlər Şahid5 və məhkəmə kollegiyasının iclasında iş üzrə şahid qismində dindirilmiş Elçin Neymanovun ifadələrilə də təsdiqini tapmışdır. Bunlardan əlavə o, zərərçəkmiş şəxslə barışmış, ona dəyən ziyanı ödəmiş və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmə kollegiyası CM-in 59.1.4, 59.1.10, 59.1.12 və 59.2-ci maddələrinə əsasən, bu halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. CM-in 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb belə qənaətə gəlir ki, CMin ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 126.1-ci maddəsilə təqsirli bilinib, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanuni və ədalətlidir. CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunu məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquqi tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəlir ki, residiv cinayətə yol verilməsin yaxud da minimum residivlik azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar. Başqa sözlə, cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində isə göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cəzanı çəkmədən də islah olunması mümkündür. Ona görə də ona cəza şərti olaraq tətbiq edilə bilər. CM-in 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Göründüyü kimi, qanunverici şərti məhkumetmənin təyin edilməsi üçün zəruri şərt olaraq məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən mübaribəsində iştirak etmiş və Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirdiyinə görə medallarla təltif edilmiş vətənpərvər bir şəxsdir. Himayəsində 23 noyabr 2021-ci il təvəllüdlü övladı vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilən şəxs kimi xarakterizə olunur, cinayət hadisəsini törətdikdən sonra könüllü gəlib təslim olaraq təqsirini boynuna almışdır, zərərçəkmiş şəxslə barışmış, ona dəyən ziyanı ödəmiş və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkumluğu olmayan şəxsdir. Baş verənlərdən əzab çəkir, özünü məzəmmət edir. İş üzrə cəzanı ağırlaşdıran heç bir hal müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyаsı CM-in 70.2-ci mаddəsinə uyğun olаrаq, törədilmiş cinаyətin xаrаkterini, ictimаi təhlükəlilik dərəcəsini, müəyyən olunmuş cəzаnı yüngülləşdirən hаllаrı, cəzаnı аğırlаşdırаn hаllаrın olmаmаsını nəzərə аlaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı çəkmədən də islah olunmasını mümkün hesab edir. Qanunvericilik şərti məhkumetmənin təyin edilməsi üçün zəruri şərt olaraq məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair 22 sentyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, onu da qeyd etmək lazımdır ki, şərti məhkum etmə xüsusi cinayət-hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Şərti məhkum etmə CM-in 70.1-ci maddəsinə görə beş əsas cəzaya münasibətdə (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddət azadlıqdan məhrum etmə) tətbiq edilir. Şərti məhkum etmədə məhkum ona müəyyən olunmuş sınaq müddəti daxilində öz davranışı ilə islah olunmasını sübut etməlidir. Şərti məhkum etmə zamanı məhkəmə qeyd olunan cəzalardan birini təyin edir və ikinci mərhələdə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq həmin cəzanı şərti hesab edir və məhkuma sınaq müddəti müəyyən edir (6 aydan 5 ilədək). Beləliklə, şərti məhkum etmə zamanı ümumi qaydalarla təyin edilən cəza məhkumluq yaradır, lakin cəza real icra olunmur. Şərti məhkum olunmuş şəxs ittiham hökmünün qüvvəyə mindiyi andan məhkum sayılır. Şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmu ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşayiət olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən isə məhkumların islah edilməsi – onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şərti məhkumetmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da, təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, CPM-in 346-cı maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalı və hökm qanuni qüvvəsini alanadək həmin qətimkan tədbiri dəyişdirilməməli, işi üzrə maddi sübut olub, Ucar RPŞ-da saxlanılan bir ədəd tünd göy rəngli qış gödəkçəsi, hadisə yerindən götürülmüş 16 ədəd çınqıl daşı, eləcə də Zərərçəkmiş şəxs məxsus olan bir ədəd göy rəngli köynək və bir ədəd qara rəngli alt mayka məhv edilməli, iş üzrə yüz əlli manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 70-ci maddəsinə əsasən, həmin cəza iki il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin və o, davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməsin, üzərinə qanuna və cəmiyyət maraqlarına uyğun olmayan məqsədlərlə insanların toplaşdığı yerlərə getməmək, ictimai faydalı əməklə məşğul olmaq, ailəsinə maddi yardım göstərmək, zərərli vərdişlərdən, alkoqollu içkilərin qəbulundan çəkinmək, asudə vaxtını səmərəli keçirmək, davranışına nəzarət edən orqanın çağırışlarına vaxtında gəlmək və nümunəvi davranışı ilə islah olunmasını sübut etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İşi üzrə maddi sübut olub, Ucar RPŞ-da saxlanılan bir ədəd tünd göy rəngli qış gödəkçəsi, hadisə yerindən götürülmüş 16 ədəd çınqıl daşı, eləcə də Zərərçəkmiş şəxs məxsus olan bir ədəd göy rəngli köynək və bir ədəd qara rəngli alt mayka məhv edilsin. İş üzrə yüz əlli manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar