Məhkəmə qərarları › İş №1(091)-117/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-117/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-117/2025 09.10.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Qazax rayonunun Ağköynək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Qazax rayonunun Ağköynək kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Samir” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda, yəni iki ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1120,0 qram və 1175,0 qram olmaqla, ümumi təmiz çəkisi 2295,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda, yəni iki ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 370,145 qram və 895,0 qram olmaqla, ümumi təmiz çəkisi 1265,145 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində gəzdirməklə saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin və Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki rayonunun Göybulaq kəndinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib 28 sentyabr 2024-cü il tarixdə saat 23:31 dəqiqədən başlayaraq üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əlindəki qara rəngli idman çantasının içərisindən külli miqdarda, yəni iki ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1120,0 qram və 1175,0 qram olmaqla, ümumi təmiz çəkisi 2295,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda, yəni iki ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 370,145 qram və 895,0 qram olmaqla, ümumi təmiz çəkisi 1265,145 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, baş vermiş hadisədən əvvəl üç aydır istifadəsində mobil telefon olmamış və narkotik vasitədən istifadə etməmişdir. Samir adlı şəxslə Bakı şəhərində 28 May metrostansiyasının yaxınlığında yerləşən parkda tanış olmuş, həmin şəxs “Şəki Ləhcəsi”ndə danışmamış, qeyd olunan şəxslə birlikdə usta kimi işləməmiş, kirayə qaldıqları evin pulunu göstərilən şəxs vermiş və o, sonradan işləyib adı çəkilən şəxsə borclarını qaytaracağını qərarlaşdırmışdır. O, Samir adlı şəxslə hər axşam görüşmüş və birlikdə spirtli içki qəbul etmişlər. O, Samir adlı şəxsin mobil telefon nömrəsini bilməmiş və həmin şəxsə heç vaxt zəng etməmişdir. Samir adlı şəxs ona Şəki rayonunda bibisigilin evində kafel-metlax işi görməyi təklif etmiş, həmin şəxs ona Şəki rayonuna narkotik vasitəyə görə getdiklərini deməmiş, o da razılaşmış və birlikdə mikroavtobusla Şəki rayonu istiqamətində hərəkətə başlamışlar. Ucar rayonunun ərazisində olarkən dayanmışlar, yemək yeyib spirtli içki qəbul etmişlər və bundan sonra o, artıq sərxoş vəziyyətdə olmuşdur. Daha sonra hərbi qulluqçunun avtomobili ilə Ucar rayonundan Şəki rayonu istiqamətində hərəkətə başlamışlar və 29 sentyabr 2024-cü il tarixdə saat 22:00-23:00 radələrində Şəki rayonuna çatmışlar. Şəki rayonunun bilmədiyi kəndinin ərazisində yol kənarında dayanmışlar, həmin vaxt Samir adlı şəxs özü bulaqdan su doldurmuş, qeyd olunan şəxs ona əvvəlcədən bulağın yanına gəldiyini və içərisində usta işi ilə bağlı alətlərin olduğu çantanı bulağın yanına qoyduğunu deyib orada olan çantanı götürməsini xahiş etmişdir. O, göstərilən çantanı götürən zaman Samir adlı şəxs ondan 2-3 metr məsafədə dayanmış, o, həmin çantanı götürüb 2 metr uzaqlaşmamış 9 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış və polis əməkdaşları onu yerə yıxmışlar. Qeyd olunan vaxt Samir adlı şəxs artıq ona heç nə deyə bilməmiş və bu zaman polis əməkdaşları ona Samir adlı şəxsin qaçıb getdiyini demişlər. Sonradan polis şöbəsinə aparılmış, orada olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir-təzyiq olunmuş və əməliyyat müvəkkilləri onu döyərək ayağının alt hissəsinə zərbələr endirmişlər. Polis əməkdaşları ona köməklik edəcəklərini deyib özləri istədikləri məzmunda ifadəni yazdırmışlar və hadisə onun ibtiai istintaq zamanı verdiyi məzmunda baş verməmişdir. Samir adlı şəxsin oraya narkotik vasitəni yerləşdirib qaçaraq həmin yeri tərk etdiyini və çantanı polis əməkdaşlarının yerləşdirib hadisə yerində gözlədiklərini düşünmüşdür. Polis əməkdaşları tərəfindən vurulmuş zərbələr nəticəsində ayağının alt hissəsində xəsarətlər yaranmamış, penitensiar müəssisədə olan zaman həkim bədənində xəsarətlərin olub-olmadığını yoxlamış, lakin hər hansı xəsarət olmadığı üçün onu müayinə edən həkimə heç nə deməmiş və polis əməldaşlarının qanunsuz əməlləri ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, tikinti işlərində usta işləməklə qazanc əldə etmiş, iki ay əvvəl işləmək üçün Bakı şəhərinə getmiş, bir müddət orada işləyib kirayə pulunu və şəxsi xərclərini ödəmişdir. Sonradan kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxmış, hadisədən təxminən 3-4 gün əvvəl Bakı şəhərində 28 May metrostansiyasının yaxınlığında Heydər Əliyev adına saray ilə üzbəüzdə yerləşən parkda olarkən təsadüfən bir nəfər şəxslə tanış olmuş və həmin şəxs adının Samir olduğunu demişdir. Həmin şəxslə tanış olub bir qədər söhbət etdikdən sonra əvvəlcədən aralarındakı razılığa əsasən növbəti gün qeyd olunan parkda görüşmək qərarına gəlmişlər və 2-3 gün ərzində axşam saatlarında eyni məkanda görüşərək birlikdə gəzmiş və bir neçə yerdə oturub yemək yemişlər. Təxminən bir ay yarım əvvəl istifadəsində olan mobil telefonu oğurlandığı üçün növbəti günün görüşünü əvvəlcədən təyin etmişlər və Samir adlı şəxslə eyni məkanda və eyni saatda olmaqla, əsasən axşam vaxtı görüşmüşlər. Samir adlı şəxs Şəki rayonunda ona məxsus narkotik vasitə olduğunu, onu Şəki rayonunun kəndlərinin birində köhnə uçmuş tikilidə çantada saxladığını, həmin narkotik vasitəni bu yaxınlarda Qazax rayonunun Kosalar kəndinə çatdırılmalı olduğunu demiş, birlikdə Şəki rayonuna gəlib qeyd olunan narkotik vasitəni götürüb Qazax rayonuna apararaq orada təhvil verməyi ona təklif etmiş və bu işə görə onlara 1600 manat pul veriləcəyini demişdir. O, əvvəlcə tərəddüd etsə də, kredit borcu ilə əlaqəli yaranmış maddi sıxıntıya görə narkotik vasitəni ünvanına çatdıraraq özünə düşən pulu alıb kredit borclarını ödəyəcəyini düşünmüş, bu səbəbdən də Samir adlı şəxsin təklifini qəbul etmişdir. Söhbət əsnasında Samir adlı şəxsdən narkotik vasitəni kimə və hara aparacaqları barədə soruşmamış və aralarında əldə olunmuş razılığa əsasən 28 sentyabr 2024-cü il tarixdə axşam vaxtı Samir adlı şəxslə birlikdə Bakı Beynəlxalq Avtovağzalından avtobusa əyləşib Şəki rayonu istiqamətində hərəkətə başlamışlar. Təxminən 4-5 saat müddətində hərəkət etdikdən sonra tanımadığı kəndin yaxınlığında Samir adlı şəxsin təklifi ilə sürücü avtomobili saxlamış, birlikdə avtomobildən düşmüşlər və sürücü avtomobili idarə edib getmişdir. Samir adlı şəxs köhnə tikilini ona göstərib həmin yerdə narkotik vasitə olduğunu demiş, bundan sonra köhnə uçmuş tikiliyə çatmağa bir neçə metr qalmış Samir adlı şəxs özünün bulaqdan su dolduracağını demiş, ona isə qeyd olunan tikilini göstərərək çantanın orada olduğunu və götürüb yaxınlaşmasını bildirmişdir. O, tikiliyə çatdıqda qara rəngli torbanın tikilinin giriş qapısının qarşısında olduğunu görmüş, çantanı götürərək Samir adlı şəxsin olduğu yerə tərəf hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər, Samir adlı şəxs isə qaçıb getmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada olan zaman hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman yanında olan qara rəngli idman çantasından içərisində narkotik vasitəyə qurudulmuş marixuanaya bənzər kütlə olan 02 ədəd və narkotik vasitə heroinə bənzər kütlə olan 02 ədəd bağlama aşkar olunmuşdur. O, bir neçə gün əvvəl axşam vaxtı Bakı şəhərində 28 May metrostansiyasının yaxınlığındakı parkda əvvəllər tanımadığı və özünü Samir adı ilə təqdim edən şəxslə tanış olduqlarını, həmin şəxsin soyadını, adını və atasının adını dəqiq bilmədiyini, qeyd olunan şəxsin ona Şəki rayonunda adını xatırlamadığı kəndin ərazisində yerləşən köhnə tikilidə olan narkotik vasitələri götürüb Qazax rayonunda bir nəfər şəxsə verib əvəzində ikisinə 1600 manat pul alacaqlarını və həmin pulun 800 manatının ona veriləcəyini təklif etdiyini, sonuncunun bu təklifi ilə razılaşıb 28 sentyabr 2024-cü il tarixdə axşam vaxtı sonuncu ilə birlikdə markasını, dövlət qeydiyyat nömrəsini və sürücüsünü bilmədiyi avtomobillə Bakı şəhərindən Şəki rayonunun adını xatırlamadığı kəndinin ərazisinə getdiklərini və orada yerləşən köhnə tikilidən narkotik vasitələri aşkar edib götürdüklərini demişdir. Daha sonra həmin narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Şəki rayonunun ərazisində narkotik vasitələri əldə etməsi, saxlanması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə 28 sentyabr 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da Şəki rayonunun Göybulaq kəndinin yaxınlığında saxlanılmış, qeyd olunan vaxt orada sonuncudan başqa heç kəs olmamış, daha sonra Təqsirləndirilən şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş, orada olarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə sonuncunun üzərində şəxsi axtarış aparılmış və bu zaman yanında olan qara rəngli idman çantasından içərisində narkotik vasitəyə qurudulmuş marixuanaya bənzər kütlə olan 02 ədəd və narkotik vasitə heroinə bənzər kütlə olan 02 ədəd bağlama aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhərində 28 May metrostansiyasının yaxınlığındakı parkda əvvəllər tanımadığı və özünü Samir adı ilə təqdim edən şəxslə tanış olduğunu, həmin şəxsin ona 1600 manat pulun müqabilində Şəki rayonunda adını xatırlamadığı kəndin ərazisində yerləşən köhnə tikilidə olan narkotik vasitələri götürüb Qazax rayonunun Kosalar kəndinə aparıb təhvil verməyi təklif etdiyini, kredit borcları və maddi sıxıntıları olduğu üçün Samir adlı şəxsin bu təklifi ilə razılaşıb 28 sentyabr 2024-cü il tarixdə sonuncu ilə birlikdə Bakı şəhərindən Şəki rayonuna getdiklərini, orada Samir adlı şəxsin su doldurduğunu, sonuncunun təklifi ilə köhnə tikilidə olan narkotik vasitəni götürüb oradan uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, Samir adlı şəxsin isə qaçaraq oradan uzaqlaşdığını bildirmişdir. Daha sonra həmin narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid3la eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Şəki Şəhər- Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs Şəki şəhərinin ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin tarixdə Şəki rayonunun Göybulaq kəndinin yaxınlığında saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 29 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 28 sentyabr 2024-cü il tarixdə saat 23:31-dən 29 sentyabr 2024-cü il tarixə saat 02:00dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman yanında olan qara rəngli idman çantasından içərisində narkotik vasitəyə qurudulmuş marixuanaya bənzər kütlə olan 02 ədəd və narkotik vasitə heroinə bənzər kütlə olan 02 ədəd bağlama aşkar olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının və məhkəmə-bioloji ekspertizasının 29 sentyabr 2024-cü il tarixli 17/792 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqdə “Şübhəli şəxs Təqsirləndirilən şəxs əldə edilmiş maddi sübut...” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki 02 (iki) ədəd qara rəngli sellofan bağlamada, ayı-ayrılıqda təmiz çəkiləri 1120,0 qram və 1175,0 qram olmaqla, ümumi təmiz çəkisi 2295,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. 01 (bir) ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkisi 370,145 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd qara rəngli sellofan bağlamada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qara rəngli sellofan bağlamada olan maddənin tərkibi məlum olmadığından həmin obyektin digər 01 (bir) ədəd qara rəngli sellofan bağlamada olan heroinlə müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fizikikimyəvi ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 6/4745 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində MEM-in X5 məxsus “Tədqiqat obyekti №2” ştamp əksi, “Ekspert rəyi 17/792...29 sentyabr 2024-cü il... Şəki ŞRPŞ...” və s. yazılar, imza olan kağız paketdəki 01 ədəd bağlamada təmiz çəkisi 895 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu heroin kütləsi ilə üzərində MEM-in X5 məxsus “Tədqiqat obyekti №2” ştamp əksi, “Ekspert rəyi 17/792...29 sentyabr 2024-cü il... “Zərflər üçün №53” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs əldə edilmiş maddi sübut” və s. soyadlar, imzalar olan kisədəki 01 ədəd yapışqan letntlə bağlanmış vəziyyətdə qalıq təmiz çəkisi 370,095 qram heroin kütləsi kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 7/1631 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs əldə edilmiş maddi sübut...” yazılar və imzalar olan ağ rəngli sintetik torbada 02 (iki) ədəd bağlamada olan marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 10 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsini, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etməsində və dövriyyəsində digər şəxslərin iştirakının olmasını, onun “Samir” adlı şəxslə Bakı şəhərindən Şəki rayonuna gəldikləri avtomobilin sahibini və həmin vaxt avtomobili idarə edən sürücünün şəxsiyyətini, içərisində narkotik vasitələr olan çantanı özündə saxlayarkən “Samir” adlı şəxsin həqiqətən də onun yanında olmasını, aşkar edilmiş narkotik vasitələri haradan əldə etməsini, onun əvvələr narkotik vasitələrin satışı ilə məşğul olmasını və onun qeyd olunan cinayət əməlindən başqa digər cinayətlərdə iştirakının olmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Samir adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək əməlinə hüquqi qiymət verilməsi üçün həmin tarixdə qeyd olunan cinayət işindən ayrıca icraata material ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 800 qram və daha artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar və 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 28 sentyabr 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs Şəki şəhərinin ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs qeyd olunan tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə 28 sentyabr 2024-cü il tarixdə saat 23:31-dən 29 sentyabr 2024-cü il tarixə saat 02:00-dək olan müddət ərzində onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərində olan torbadan narkotik vasitə heroin və narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və həmin narkotik vasitələr məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 28 sentyabr 2024-cü il tarixdə saat 23:31-dən 29 sentyabr 2024-cü il tarixə saat 02:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitə heroinin və narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və xüsusilə külli miqdarda narkotik vasitə heroini əldə edib saxlayıb daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində baş vermiş hadisədən əvvəl üç aydır istifadəsində mobil telefonun olmadığını, narkotik vasitədən istifadə etmədiyini, Samir adlı şəxslə Bakı şəhərində 28 May metrostansiyasının yaxınlığında yerləşən parkda tanış olduğunu, həmin şəxsin “Şəki Ləhcəsi”ndə danışmadığını, qeyd olunan şəxslə birlikdə usta kimi işləmədiyini, kirayə qaldıqları evin pulunu göstərilən şəxsin verdiyini, sonradan işləyib adı çəkilən şəxsə borclarını qaytaracağını qərarlaşdırdığını, Samir adlı şəxslə hər axşam görüşdüklərini, birlikdə spirtli içki qəbul etdiklərini, Samir adlı şəxsin mobil telefon nömrəsini bilmədiyini, həmin şəxsə heç vaxt zəng etmədiyini, Samir adlı şəxsin ona Şəki rayonunda bibisigilin evində kafelmetlax işi görməyi təklif etdiyini, həmin şəxsin ona Şəki rayonuna narkotik vasitəyə görə getdiklərini demədiyini, sonuncunun işləmək üçün getmək barədə təklifi ilə razılaşdığını, birlikdə mikroavtobusla Şəki rayonu istiqamətində hərəkətə başladıqlarını, Ucar rayonunun ərazisində olarkən dayandıqlarını, yemək yeyib spirtli içki qəbul etdiklərini, bundan sonra artıq sərxoş vəziyyətdə olduğunu, daha sonra hərbi qulluqçunun avtomobili ilə Ucar rayonundan Şəki rayonu istiqamətində hərəkətə başladıqlarını, 29 sentyabr 2024-cü il tarixdə saat 22:00-23:00 radələrində Şəki rayonuna çatdıqlarını, Şəki rayonunun bilmədiyi kəndinin ərazisində yol kənarında dayandıqlarını, həmin vaxt Samir adlı şəxsin özünün bulaqdan su doldurduğunu, qeyd olunan şəxsin ona əvvəlcədən bulağın yanına gəldiyini və içərisində usta işi ilə bağlı alətlərin olduğu çantanı bulağın yanına qoyduğunu deyib orada olan çantanı götürməsini xahiş etdiyini, göstərilən çantanı götürən zaman Samir adlı şəxsin ondan 2-3 metr məsafədə dayandığını, həmin çantanı götürüb 2 metr uzaqlaşmamış 9 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, polis əməkdaşlarının onu yerə yıxdıqlarını, qeyd olunan vaxt Samir adlı şəxsin artıq ona heç nə deyə bilmədiyini, bu zaman polis əməkdaşlarının ona Samir adlı şəxsin qaçıb getdiyini dediklərini, sonradan polis şöbəsinə aparıldığını, orada olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir-təzyiq olunduğunu, əməliyyat müvəkkillərinin onu döyərək ayağının alt hissəsinə zərbələr endirdiklərini, polis əməkdaşlarının ona köməklik edəcəklərini deyib özləri istədikləri məzmunda ifadəni yazdırdıqlarını, hadisənin onun ibtiai istintaq zamanı verdiyi məzmunda baş vermədiyini, Samir adlı şəxsin oraya narkotik vasitəni yerləşdirib qaçaraq həmin yeri tərk etdiyini, çantanı polis əməkdaşlarının yerləşdirib hadisə yerində gözlədiklərini düşündüyünü, polis əməkdaşları tərəfindən vurulmuş zərbələr nəticəsində ayağının alt hissəsində xəsarətlərin yaranmadığını, penitensiar müəssisədə olan zaman həkimin bədənində xəsarətlərin olub-olmadığını yoxladığını, lakin hər hansı xəsarət olmadığı üçün onu müayinə edən həkimə heç nə demədiyini və polis əməldaşlarının qanunsuz əməlləri ilə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitələrin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokolda hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, göstərilən cinayət əməlini törətdiyini, əməlindən peşman olduğunu və ilk dəfə narkotik vasitələrlə bağlı cinayət işində iştirak etdiyini qeyd etmişdir. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2024-cü il tarixli 1874 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən həkimə narkotik vasitədən istifadə etmədiyini və aşkar edilən çantadakı narkotik vasitəni dostunun onlayn yolla əldə etdiyini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bu Qərarın 12-ci bəndinə əsasən, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bu Qərarın 16-cı maddəsinə əsasən, CM-in 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib-törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin və narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsini, aşkarlanmış narkotik vasitə heroinin və narkotik vasitə qurudulmuş marixuananın müxtəlif növdə olmasını və çəkilərinin çox olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 234.4-1-ci maddəsi ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, aşkarlanmış narkotik vasitə heroinin və narkotik vasitə qurudulmuş marixuananın müxtəlif növdə olmasını və çəkilərinin çox olmasını, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.4-1-ci maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 28 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 28 sentyabr 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 28 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2024-cü il tarixli 1874 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 20 noyabr 2024-cü il tarixli 18-1-33/2-555/2024 nömrəli məktubdan görünür ki, Eyubov X2 Şəhər Poliklinikasının Narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 oktyabr 2024-cü il tarixli 722 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirmir. O, hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 20 noyabr 2024-cü il tarixli 18-1-33/2-555/2024 nömrəli məktubdan görünür ki, Eyubov X2 Şəhər Poliklinikasının Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 2294,8 qram narkotik vasitə qurudulmuş marixuana və 1264,795 qram narkotik vasitə heroin həmin tarixdə maddi sübut hesab olunmuşdur və hazırda Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılır. CPM-in 132.1-ci maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ hissəsinin 49-cu bəndinə əsasən, heroin və 146-cı bəndinə əsasən, marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 2294,8 qram narkotik vasitə qurudulmuş marixuana və 1264,795 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 289,91 (iki yüz səksən doqquz manat doxsan bir qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 289,91 (iki yüz səksən doqquz manat doxsan bir qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 28 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 2294,8 qram narkotik vasitə qurudulmuş marixuana və 1264,795 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 289,91 (iki yüz səksən doqquz manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar