Məhkəmə qərarları › İş №1(091)-118/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-118/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-118/2022 02.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X14, Zərərçəkmiş şəxsin hüquqi varisi – X1 iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonu Birinci Aral kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1, 150.1 və 181.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 00:15 radələrində Ağdaş rayonunun Birinci Aral kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə sonuncunun Ağdaş rayonunun Birinci Aral kəndində yerləşən evinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan basqın edərək, təpik və yumruq ilə onun bədəninin müxtəlif yerlərindən bir neçə dəfə vurub, ona zor tətbiq etməklə köməksiz vəziyyətindən istifadə edərək ağzı üstə çarpayıya yıxıb, alt paltarını soyunduraraq gərginləşmiş cinsiyyət orqanını zorla Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edib zor tətbiq etməklə sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaqla zorlamış, daha sonra isə gərginləşmiş cinsiyyət orqanını zorla Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə daxil edib zor tətbiq etməklə sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, bundan sonra isə o, qanuna zidd əməllərini davam etdirərək Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə sonuncunun yaşadığı evinə və həyətyanı sahəsində yerləşən mağazasına qanunsuz daxil olub həyat və sağlamlığı üçün təhlükəli olan təpik və yumruq ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərindən vurub mağazadan götürdüyü mətbəx bıçağını sonununcunun boğazına dayamaqla zorakılıqla bağlı basqın edib və başını kəsməklə zorakılıq edəcəyi ilə bağlı hədə-qorxu gələrək sonuncunun mağazada saxladığı 120 (bir yüz iyirmi) manat məbləğində pulunu ələ keçirərək quldurluq etmiş, yəni Zərərçəkmiş şəxs burun yəhərinin, alt çənə nahiyəsinin, üzün sağ çənə qanadı proyeksiyasının sıyrıqları, sağ süd vəzisinin yuxarı nahiyəsinin, sol süd vəzisinin aşağı nahiyəsinin qançırları, sağ bazu oynağının arxa səthinin, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun bayır səthinin qançırları, sağ saidin orta 1/3-nin ön səthinin qançırı, sağ və sol dirsək oynağının arxa səthinin sıyrıqları, döş qəfəsinin ön sol nahiyəsinin yumşaq toxumalarının əzilməsi, aralığın cırılması, uşaqlıq yolunun girəcəyinə qansızmalar, arxa keçəcək dəliyinin şüəvari büküşlərinin şişkinliyi, qansızmaları, arxa keçəcək dəliyindəki sıyrıqlarla nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək özgənin əmlakını ələ keçirtmək məqsədi ilə zərərçəkmiş şəxsin yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib 120 (bir yüz iyirmi) manat maddi ziyan vurmaqla quldurluq etmiş, zor tətbiq etməklə sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaqla zorlamış, zor tətbiq etməklə sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə o, yaşadığı evdə olmuş, həmin gün saat 16 radələrində o, saçını kəsdirmək məqsədi ilə həmkəndlisi Marifənin evinin yaxınlığında olan bərbərə gəlmiş, həmin vaxt görmüş ki, bərbər İsmət yerində yoxdur. Daha sonra o, İsməti çağırmaq məqsədi ilə onun yaxınlıqda yerləşən evinə getmiş, İsmətin evinə çatan vaxt görmüş ki, həmkəndlisi və sinif yoldaşı X4 yolu ilə ona doğru gəlir. Həmin vaxt Elvin fitlə onu çağıraraq bildirmiş ki, “gözlə səninlə işim var”. Bundan sonra Elvin ona yaxınlaşmış və onlar birlikdə yaxınlıqda olan məktəbin həyətində söhbət etmişlər. Məktəbin həyətində Elvin ona demiş ki, “axşam saat 20-21 radələrində Marifənin evinin qarşısında yerləşən məktəbin yanına gələrsən səninlə işim var.” O, da Elvindən soruşmuş ki, “mənimlə sənin nə işin var ?” Elvin də ona bildirmiş ki, “axşam gələrsən görüşərik və sənə nə işim olduğunu deyəcəm”. Həmin gün axşam təxminən saat 21 radələrində o, Birinci Aral kəndində yerləşən köhnə məktəbin qarşısına gəlmiş, həmin vaxt görmüş ki, Elvin məktəbin qarşısında dayanıbdır və hədsiz dərəcədə sərxoş vəziyyətdədir. Belə ki, həmin vaxt Elvindən spirtli içkilərin kəskin qoxusu gəlir, davranışları isə sərxoş şəxsin davranışlarına oxşuyurdu. O, həmin vaxt Elvinə demiş ki, hara getmək lazımdır. Elvin də həmin vaxt ona bildirmiş ki, “Marifənin mağazasını görürsənmi?”. O, da ona mağazanı gördüyünü demiş, daha sonra Elvin Mustafayev bildirmişdir ki, “Marifənin mağazasının yaxınlığına 30 dəfə gedib gəlmiş, Marifə mağazada yoxdur, həmçinin, Marifəni 1-2 dəfə çağırmışam və bilirəm ki, Marifə evdə yoxdur, mən, Marifənin həyətinə girib mağazadan oğurluq edəcəm, sən mənə köməklik edərsən, sən bağda dayanarsan, kimsə gəlib gedəsi olsa mənə məlumat verərsən.” O, da Elvin Mustafayevin dedikləri ilə razılaşmış, bundan sonra Elvin və o, Marifənin həyətyanı sahəsinin bağ hissəsindən həyətə keçmiş, həmin vaxt görmüşdür ki, Elvin cibindən 1 cüt əlcək və iki ədəd sellofan torba çıxarmışdır. O, həmin vaxt Elvindən əlcək və sellofan torbaları nə edəcəyini soruşmuş, Elvin də ona demişdir ki, o, bunları iz itirmək üçün istifadə edəcək. Marifənin evinə yaxınlaşan zaman o, və Elvin pəncərədən Marifənin evinin işıqlarının yandığını və televizora baxdığını görmüş, o, həmin vaxt Elvinə Marifənin evdə olduğunu, geri qayıtmalı olduğunu bildirmiş, lakin, Elvin ona bildirmiş ki, “mənə pul lazımdır, lazımdırsa arvadı vurub çıxacam”. Daha sonra o, və Elvin Marifənin evinin altında zirzəmidə təxminən 1 saat gözləmiş. Həmin müddət ərzində Marifə özünə yemək bişirib yemiş, belə ki, Marifənin səslərini o, və Elvin açıq aşkar eşidirmiş, həmçinin, Marifənin evdə saxladığı it balası həmin vaxt dayanmadan hürürmüş, 1 saat sonra Elvin Mustafayev siqaret çəkməyə başlamış, siqareti çəkib qurtardıqdan sonra ona bildirmişdir ki, “arxamca gəl evə girək”. O, Elvinin arxası ilə eyvana qalxıb Marifənin yaşadığı evə girmiş, Marifə həmin vaxt çarpayısında uzanaraq yatmış, Elvin Marifənin çarpayısına yaxınlaşıb onu ayağından tutaraq yerə yıxmış, Marifə yerə yıxıldıqdan sonra ayılmışdır. Daha sonra o, Marifənin hər iki əlindən Elvin Mustafayev isə Marifənin hər iki ayaqlarından tutaraq evin qonaq otağının mərkəzi hissəsinə gətirərək yerə uzatmış, həmin vaxt Elvin Marifənin üz nahiyəsinə 2-3 dəfə şillə vurub sağ ayağının onun sinə nahiyəsinə qoyub ağzından tutmuş, həmin vaxt Elvin ona bildirmiş ki, “düş həyətə gör gələn-gedən yoxdumu”. O, həmin vaxt həyətə getməkdən imtina etdiyi üçün Elvin onu vurmuş və o, yerə yıxılmışdır . Daha sonra o, Elvin Mustafayevdən qorxduğu üçün evdən çıxaraq həyətə düşmüş, Marifənin evinin həyətinə və həyətin ətrafında heç kimin olmadığına əmin olduqdan sonra 1 ədəd siqaret çəkib yenidən Marifənin evinə qayıtmışdır. Evə qayıtdıqdan sonra Elvin Marifənin alt paltarlarını soyundurub arxası üstə yerə uzadaraq onunla təbii yolla cinsi əlaqədə olduğunu görmüş, həmin vaxt X12 İsmayılovanın əllərini baş nahiyəsinə doğru aparıb biləklərindən sıxıb saxlamaqla onun təbii yolla cinsi əlaqədə olurmuş, Elvin onu evə qayıtdığını görüb bildirmiş ki, “mənə kömək elə arvadın əllərini saxla mən qutarım”. O, da Elvin Mustafayevin dediyi ilə razılaşıb Zərərçəkmiş şəxs başının üzərinə keçib yuxarıdan hər iki əlindən tutaraq onun əllərini sıxıb saxlamış, təxminən 1-2 dəqiqə sonra Elvin Mustafayev boşalmış və ayağa qalxaraq şalvarını geyinmişdir. O, isə Marifənin əllərini buraxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs əlləri ilə onun sol yanaq, sol əl nahiyəsini cırmaqlayaraq ona xəsarət yetirmişdir. 1-2 dəqiqə sonra onun sol əli və sol yanağı qanamışdır. Elvin Mustafayev ayağa qalxdıqdan sonra sol əli ilə Zərərçəkmiş şəxs saçından sağ əli ilə isə ağzından tutaraq Zərərçəkmiş şəxs həyətdəki mağazaya doğru aparmışdır. O, da onların arxası ilə mağazaya getmişdir. Marifə mağazanın qıfılını açarla açdıqdan sonra Elvin Mustafayev təpiklə Zərərçəkmiş şəxs vuraraq mağazanın içərisinə doğru itələmiş, Marifə isə mağazanın içərisindən bıçaq götürərək “Ay oğraş, şərəfsiz” sözlərini ucadan qışqırmaqla Elvinin üzərinə hücum çəkib onun sağ ayağına bıçaqla zərbə vurmuşdur. Elvin isə bıçağı Marifənin əlindən alaraq piştaxtanın arxasına atmış və əli ilə onun ağzını tutmuş, daha sonra Marifə bıçağın hələ də Elvinin əlində olduğunu düşünüb demiş ki, “ ay bala əlindəkini yerinə qoy, vallah nə pulum varsa verəcəm” sözlərini dedikdən sonra mağazanın döşəməsinə doğru əyilib döşəmənin üzərinə çəkilmiş xalçanın altından sonradan məbləğini öyrəndiyi 93 manat məbləğində pulu Elvinə vermişdir. Lakin, həmin vaxt hava qaranlıq olduğu üçün pulun məbləğini görməmiş, o, həmin vaxt baş verənləri mağazanın giriş qapısının yaxınlığında dayanaraq kənardan izləmişdir. Pulları aldıqdan sonra Elvin ona demişdir ki, “Sən gəldiyimiz yerdən çıx get. Mən qapıda çıxıb gedəcəm”. Bundan sonra o, Marifənin yaşadığı həyətyanı sahənin bağ hissəsindən keçərək yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən saat təxminən 23:00 radələrində yaşadığı evdə tək yatmışdır. Həmin gün də anası evdə tək, atası isə Bakı şəhərində olmuşdur. Onun pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı evinə getsin və ondan pul tələb etsin. Bilirmiş ki, Marifə tək yaşayır, o ərzaq mağazası işlədir, onun pulu olar. Belə olub o, evdən anasının xəbəri olmadan tək çıxmaq qərarına gəlmiş, həmin vaxt əyninə qara qısaqol köynək, boz rəngli adidas şalvar, qəhvəyi rəngdə idman ayaqqabısı olmuş, əlində və başında heç nə olmamışdır. O, Marifənin yaşadığı evin qarşısına getmiş və bağ tərəfdən kolluqdan ibarət çəpərdən onun həyətinə daxil olmuşdur. Həmin vaxt o, görmüşdür ki, Marifə evin şüşəbəndində televizora baxır. O, evin kənarında oturub Marifənin yatmağını gözləmiş, Marifə təxminən bir saatdan sonra yataq otağına keçmiş və yatmışdır. Bundan sonra o, Marifənin evinə daxil olanda, evin qarşısında olan işığı keçirmişdir. Bundan sonra evin giriş qapısına yaxınlaşmış, evin giriş qapısı açıq vəziyyətdə olduğundan və qarşısında pərdə olduğundan, pərdəni kənara çəkmiş və evin şüşəbəndinə daxil olmuşdur. Bundan sonra görmüşdür ki, Marifə onu görmüşdür. Bu vaxt Marifə qışqırıb yatağında oturmuş, o, Marifənin üzərinə gedəndə Marifə onun üzərinə hücum çəkmiş, bu vaxt Marifə qışqırmağa başlamış, o,sağ əlini onun ağız hissəsindən tutmaq istəmiş ki, o qışıqrmasın. Həmin zaman ovucunun içi sifət nahiyəsinə dəymiş, əlini sürüşdürərək onun ağız nahiyəsindən tutmuş. Bu vaxt o, sağ əlini onun sol sifət nahiyəsinə ataraq dırnaqları ilə sol sifət nahiyəsini cızmışdır. Həmin vaxt o, Marifənin arxasına çevrilib, arxadan sağ əli ilə onun ağızından tutub, onu aşağı əymişdir ki, qonşunun işığı şüşəbəndə düşdüyündən onları görən olmasın. Həmin vaxt Marifə dizi üstə yerə yıxılmış və o, sağ əli ilə onun sol əlinin üst hissəsini dırnaqları ilə cızmışdır. Daha sonra o, Marifənin baş nahiyəsindən tutub sürüyüb digər otağa aparmaq istəyəndə Marifə onun əlindən çıxmış və üstünə yenindən gələndə onu əli ilə itələmiş, Marifə kənarda olan mebel dəstinə dəymiş, bundan sonra o yerə yıxılmış və huşunu itirmişdir. Təxminən 10 saniyədən sonra Marifə ayılmış, dərhal o, sağ əli ilə onun qaranlıq olduğu üçün sifət nahiyəsindən bərk tutmuş və onu yerə yıxaraq ondan pul tələb etmişdir. Marifə ona demişdir ki, “sənin kim olduğunu bilmirəm, gəl yanımda otur sənə pul verəcəm, burax məni, ayağa qalxım”. O, fikirləşmişdir ki, o durub işığı yandıracaqdır və onu tanıyacaq. Bu səbəblə də onu buraxmamış, bundan sonra Marifənin əynində olan alt paltarını çıxarmış və onu kənara tullamışdır. Lakin o, Marifə ilə cinsi əlaqədə olmamış və ona qarşı hər hansı bir seksual xarakterli hərəkətlər etməmişdir. Daha sonra isə o, Marifənin boynunun arxasından tutub əynində olan xalatla onu işlətdiyi mağazaya aparmış ki, mağazadan ona pul versin. Mağzanın həyətdə olan qapısına yaxınlaşanda o, Marifəyə demiş ki, mağazanın qapısının qıfılını aç. Marifə mağazanın qıfılını açmış, mağazaya daxil olmuş, bundan sonra Marifə mağazaya daxil olan kimi sağdan mətbəx bıçağını əlinə götürmüş və onun sağ ayağından vurmaq istəyəndə o, Marifənin əlindən tutub bıçağı almış və onu buraxmışdır. Həmin vaxt Marifə ona demiş ki, “əlindəkini kənara qoy sənə pul verəcəm”. O, da bıçağı mağazanın kənarına tullamış və ona demiş ki, pulu ver. Bundan sonra Marifə əyilib mağazada yerə sərilmiş xalçanın altından ona bir dəstə pul vermişdir. Lakin o, həmin pulun miqdarını gecə olduğu üçün orada saymamış, bundan sonra o, həmin pulu cibinə qoymuş və oradan uzaqlaşaraq yaşadığı evə gəlmişdir. Məhkəmə istintaqında məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanındıqdan sonra ölmüş Zərərçəkmiş şəxs ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 23 radələrində evin şüşəbənd hissəsində televizora baxırmış, həmin vaxtı o, tək olmuş, həmin yerdə də onun iki ədəd yataq yeri var. O, televizora baxdıqdan sonra şüşəbəndə daxil olanda sol hissədə olan yataq yerində yatmaq qərarına gəlmiş, evdə televizoru söndürüb yatmış, həmin vaxt evin qarşı hissəsində çöl hissədə bir ədəd işıq yanırmış, o, yaşadığı evdə yataq otağında yatağında yatdığı zaman kiminsə onu boğmasını hiss etmişdir. Həmin vaxt o, gözlərini açan zaman üzü bağlı bir nəfər şəxsin onu boğmasnı görmüş, həmin vaxt o, əlini atıb həmin şəxsin üzündəki parçanı açmaq istəyən zaman həmin şəxs yumruqla iki dəfə onun baş nayihəsindən vurmuşdur. Daha sonra həmin şəxs yenidən onu boğmağa başlamışdır. O, qışqıran kimi o, onun ağız nahiyəsini əli ilə tutmuş ki,səsi çıxmasın. Bundan sonra həmin şəxs onu yatağından yerə salmış və saçlarından tutub sürütləyə-sürütləyə evin digər otağına aparmış, Elvin digər otağında olan zaman həmin şəxs bir neçə dəfə təpiklə onun baş nahiyəsindən, kürək nahiyəsindən və bədəninin digər nahiyələrindən vurmuşdur. Həmin şəxs daha sonra onu evdə olan yun ədyala bükmüş, həmin zaman o, nəfəs ala bilmirmişdir. Sonra əli ilə adyalın kənarından nəfəs almaq üçün yer etmiş, yenədə onu döyməyə başlamış, o, yataqdan yerə düşmüşdür. İstəmiş ki, ayağa qalxsın onu itələmiş, o, yıxılmışdır. Daha sonra o yenə də onun saçlarından tutub digər otağa aparmış və qaytarıb gətirib onu otaqdakı yatağın üzərinə ağzı üstə qoymuşdur. Bundan sonra həmin şəxs yumruqla onun baş nahiyəsindən bir neçə dəfə vurmuşdur. Həmin vaxt özünü müdafiə etmək üçün ayağa qalxmaq istəmiş, lakin həmin şəxs onu vurmağa davam edirmiş, həmin şəxs onun əllərindən tutmuş, o, da, həmin vaxt onun barmağından tutmuş və əlini cırmaqlamış, əlini də onun sifət nahiyəsinə atmışdır. Daha sonra həmin şəxs onun baş nahiyəsindən vurmuş və o, huşunu itirən kimi olmuşdur. Həmin səxs yataqda ağzı üstə onu uzandırmış, əynindəki ust geyimini belinə qaldırmış, əynindəki alt paltarını əynindən çıxarmış, onunla zorla qabaq və arxa keçəcək dəliyindən cinsi əlaqədə olmuşdur. Daha sonra o, ayağa qalxmaq istəyərkən sonradan həmin şəxs onun saçından tutub onu sürütləyə-sürütləyə digər otğına aparmışdır. Həmin vaxt o, həmin şəxsdən ondan nə istəməsini soruşmuş, həmin şəxsdə ona evdə qonağı olduğunu və ona təcili pul lazım olduğunu söyləmiş, o, da, həmin şəxsə təxminən özünə gəlməyi üçün 10 dəqiqə gözləməsini və ona pul verəcəyimi söyləmiş, aradan təxminən 10 dəqiqə keçəndən sonra həmin şəxs onun saçından tutub dartmış və iki dəfə sillə ilə onun sifət nahiyəsindən vuraraq ondan pul verməyini tələb etmişdir. Ona demiş ki, pul mağazadadır mağazanın açarını götürsün versin. O, da daha sonra jiletinin cibindən yaşadığı evin həyətində olan ona məxsus dükanın açarını götürmüş və həmin şəxs ilə dükana getmişdir. Həmin vaxt həmin şəxs dükanın qapısını özünün açmağını söyləmiş, daha sonra o, dükanın qapısını açıb içəri girəndə həmin şəxs boynumun arxaısndan yumruqla bir dəfə məni vuraraq “tez ol pulu ver” deyə söyləmiş və onu arxadan vurmuş, o,dizi üsdə aşağı çökmüşdür. O, da dükanda olan piştaxtanın altındakı palazın altında saxladığı 120 manat puldan bir miqdar götürüb ona pulu vermişdir. Həmin vaxt yaxınlıqda olan dükanda istifadə etdiyi bıçağı götürüb özünü müdafiə etmək istəyərkən həmin şəxs bıçağı onun əlindən almış və bıçağı boynuna dirəyərək onun başını kəsəcəyini söyləmiş, o, həmin vaxt sakit qalmış, bundan sonra həmin şəxs 120 manat pulun yerdə qalan hissəsini də, götürmüşdür. Daha sonra isə həmin şəxs bir dəfə təpiklə kürək nahiyəsindən vurduqdan sonra qaçıb getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq qeyd etmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir, məhkəmədən ona ən ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qaynanası olmuşdur. 10 sentyabr 2021-ci il tarixdə saat təxminən 00:30 radələrində Aralbir kəndindəki qonşusu Namis ona zəng vuraraq bildirmişdir ki, “tez gəl Anar Marifə xalanı evinə oğru girib, Marifə xalanı döyüblər”. Daha sonra o, DİN-nin 102 xidmətinə bu barədə məlumat verib Ağdaş rayonuna yola düşmüş, Ağdaş rayonunun Birinci Aral kəndinə çatdıqdan sonra qonşuları Namis onu kənddə qarşılamış, o, Namisdən nə baş verdiyini soruşduqda sonuncu bildirmişdir ki, qaynanası Zərərçəkmiş şəxs gecə radələrində döyülmüş vəziyyətdə, ayaqları palçıq, saçları dağınıq şəkildə onlara gəlmişdir. O, Namisdən Zərərçəkmiş şəxs harada olduğunu soruşduqda sonuncu Zərərçəkmiş şəxs onların yaşadığı evdə anası və arvadı ilə birlikdə olduğunu, narahat olmamağını bildirmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olmuş, həmin vaxt həyətyanı sahənin və mağazanın qapıları açıq olmuş, lakin, o, həyətyanı sahəyə daxil olduqdan sonra bir daha DİN-nin 102 xidmətinə məlumat verib, onların gəlməsini gözləmiş və Zərərçəkmiş şəxs yaşadığı evə daxil olmamışdır. Bir neçə dəqiqə sonra Ağdaş RPŞ-nin polis əməkdaşları hadisə yerinə gəlmiş, həmin vaxt o, onlarla birlikdə evə daxil olmuş, həmin vaxt evdə əşyalar dağınıq olmuş, daha sonra o, polis əməkdaşları ilə birgə həyətyanı sahədə yerləşən mağazaya daxil olmuş, həmin vaxt mağazasının içərisində əşyalar dağınıq olmuş, bundan sonra polis əməkdaşları Zərərçəkmiş şəxs izahat almış, lakin, Zərərçəkmiş şəxs onlara döyülmədiyi və evinə heç kimin daxil olmadığını bildirmişdir. Buna səbəb isə Zərərçəkmiş şəxs hədsiz dərəcədə utanması olmuşdur. Daha sonra Ağdaş RPŞ-də bu barədə araşdırma aparılmış və müəyyən olunmuşdur ki, naməlum şəxs 09 sentyabr 2021-ci il tarixdə saat 21-22 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə girərək onu döymüş, daha sonra onunla zorla cinsi əlaqədə olmuş, daha sonra isə qaynanası Zərərçəkmiş şəxs həyətdəki mağazaya aparıb ondan 120 manat məbləğində pulu zorla alıb qaçıb getmişdir. Belə ki, qaynanası Zərərçəkmiş şəxs sonradan ona və arvadı Minəxanım Tanrıverdiyevaya bir neçə gün sonra bildirmişdir ki, 09 sentyabr 2021-ci il tarixdə saat təxminən 21-22 radələrində ticarətlə məşğul olduğu və həyətyanı sahədə yerləşən mağazadan evə qayıtmış, mağazadan qayıtıqdan sonra mətbəxdə kartof qızardaraq yemək yemiş, daha sonra isə çarpayıya uzanaraq yatmış, bir müddət sonra isə o, evdən gələn səsə ayılmış və çarpayının yaxınlığında başının üzərində 1 nəfəri başı parça ilə örtülü olan tanımadığı şəxsi görmüş, ev həmin vaxt qaranlıq olmuş, belə ki, qeyd edilən şəxs evin elektrik təminatını kəsərək işıqları söndürmüş, həmin şəxs yuxudan ayıldıqdan sonra onun baş nahiyəsindən dayanmadan yumruqla vuraraq çarpayıda onu döyməyə başlamış, daha sonra o, yerə yıxılmış, yerə yıxıldıqdan sonra həmin şəxs onun arxa baş nahiyəsindən yəni saçından tutaraq digər böyük otağa aparmış, həmin şəxs həmin otaqda onu döydükdən sonra yenidən yataq otağına qaytarıb orada onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmin şəxs onunla zorla cinsi əlaqədə olarkən qaynanası Marifə onun əlini və sifətini cızmış, daha sonra həmin şəxs qaynanası Marifəni yenə yumruq, təpiklə döyərək ondan xırıltılı qalın qoca kişi səsi ilə “pul hanı” deyə soruşmuş, daha sonra qaynanası zərbələrin təsirindən çarpayıyla mebelin arasına düşmüş, daha sonra o, həmin şəxsə pulun mağazada olduğunu və onu döyməməsini bildirmiş, həmin şəxs isə yenidən onun saçından tutaraq ayağa qaldırıb onun baş nahiyəsindən yumruqla vura- vura həyətdəki mağazaya aparmış, daha sonra o, mağazanın qapısının qıfılını açaraq həmin şəxslə birlikdə içəri keçmiş, həmin şəxs Marifədən pulları verməyi tələb etmiş, Marifə pulları mağazada olan xalçanın (kavralit) altından 120 manat məbləğində pulu götürərək həmin şəxsə vermiş, daha sonra Marifə mağazada pulların yaxınlıqda yerdə olan mətbəx bıçağını götürərək həmin şəxsi ayağından vurmaq istəmiş, lakin, həmin şəxs ayağını çəkdiyi üçün bıçaq ona dəyməmiş, daha sonra isə həmin şəxs bıçağı onun əlindən vuraraq yerə salmış və Marifəyə 2-3 dəfə təpik vurub onun ünvanına nalayiq ifadələr işlətdikdən sonra mağazanın içəri qapısından qapısından çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Ağdaş rayonu, Birinci Aral kənd sakini mərhumə X8 onun qonşusu olmuşdur. Zərərçəkmiş şəxs ilə onun yaşadığı evin arasında 150-200 metr məsafə olmuşdur. 10 sentyabr 2021-ci il tarixdə gecə saat təxminən 12 radələrində yaşadığı evdə yatdığı vaxt həyətin darvazasının döyüldüyünü eşidib yuxudan ayılmış, daha sonra o, həyətə düşərək həyət darvazasını açmış və darvazanı döyən şəxsin Zərərçəkmiş şəxs olduğunu görmüş, Zərərçəkmiş şəxs həmin vaxt ağlayırmış. Onun əynindəki paltarları, saçı dağınıq formada olmuşdur. O, Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda Marifə, ona bildirmişdir ki, tanımadığı 1 nəfər şəxs yatdığı vaxt onun evinə girərək onu döymüş, həmin vaxt evinin işıqları sönülü olmuş, daha sonra həmin şəxs onu döyərək mağazaya aparmış, o, isə həmin şəxsə 120 manat məbləğində pul vermiş, daha sonra isə həmin şəxs mağazadan çıxaraq getmişdir. O, Zərərçəkmiş şəxs sakitləşdirib yaşadığı həyətə gətirmişdir. Daha sonra o, mobil telefonla baş vermiş hadisə barədə Zərərçəkmiş şəxs kürəkəni Şahid1 məlumat vermiş, Şahid1 təxminən 30-40 dəqiqə sonra Mingəçevir şəhərindən Ağdaş rayonunun Birinci Aral kəndinə gəlmişdir. Şahid1 Birinci Aral kəndinə gəldikdən sonra ondan nə baş verdiyini soruşmuş, o, Şahid1 Zərərçəkmiş şəxs barədə məlumat vermiş, Şahid1 yaşadığı evə gedib qaynanası Marifə ilə söhbət etdikdən sonra Marifə bir daha Şahid1 baş vermiş hadisə barədə məlumat vermişdir. Şahid1 isə DİN-nin 102 ximdətinə məlumat verdiyini, bir neçə dəqiqə sonra polis əməkdaşlarının gələcəyini bildirmiş, bir neçə dəqiqə sonra Ağdaş RPŞ-nin əməkdaşları Ağdaş rayonunun Birinci Aral kəndinə gəlmişdir. Onlar Zərərçəkmiş şəxs yaşadığı evə və mağazaya baxış keçirdikdən sonra Zərərçəkmiş şəxs izahat almışlar. Lakin, Zərərçəkmiş şəxs utandığı üçün izahatında evinə və mağazasına heç kimin daxil olmadığını və onu hər hansı bir şəxsin döymədiyini bildirmiş, Şahid1 təkidlərinə baxmayaraq o, utandığını bildirmişdir. Həmin gün Zərərçəkmiş şəxs onun yaşadığı evdə qalmış, 10 sentyabr 2021-ci il tarixdə günorta radələrində isə Şahid1 Zərərçəkmiş şəxs, sonradan onlara gəlmiş bacısı Şahid4 ilə birlikdə Mingəçevir şəhərinə aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 Şahid2 ifadəsinə uyğun ifadə verməklə onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı olmuşdur. 10 sentyabr 2021-ci il tarixdə saat təxminən 9-10 radələrində bacısı Zərərçəkmiş şəxs kürəkəni Şahid1 əri Şahid5 zəng vuraraq 09 sentyabr 2021-ci il tarixdə gecə radələrində bacısı Zərərçəkmiş şəxs yaşadığı Ağdaş rayonunun Aralbir kəndində yerləşən evinə naməlum şəxs və ya şəxslərin girdiyini və onu döyərək mağazadan pul götürdüklərini bildirmiş, daha sonra həmin gün o və Şahid5 avtomobilləri ilə Bərdə rayonundan Ağdaş rayonunun Aralbir kəndinə yola düşmüş, həmin gün günorta radələrində bacısı Zərərçəkmiş şəxs Ağdaş RPŞ-dən yaşadığı evə gəlmiş, evə gəldikdən sonra o və əri Mirzə bacısı Marifədən nə baş verdiyini soruşmuş, bacısı Zərərçəkmiş şəxs ona və əri Şahid5 baş vermiş hadisə barədə danışaraq bildirmişdir ki, o, 09 sentyabr 2021-ci il tarixdə saat təxminən 21-22 radələrində ticarətlə məşğul olduğu və həyətyanı sahədə yerləşən mağazadan qayıtmış, mağazadan qayıtıqdan sonra mətbəxdə kartof qızardaraq yemək yemiş, daha sonra isə çarpayıya uzanaraq yatmış, bir müddət sonra isə o, evdən gələn səsə ayılmış və çarpayının yaxınlığında başının üzərində 1 nəfəri başı örtülü və ağzı tibbi maskalı olan tanımadığı şəxsi görmüş, ev həmin vaxt qaranlıq olmuş, belə ki, qeyd edilən şəxs evin elektrik təminatını kəsərək işıqları söndürmüş, həmin şəxs yuxudan ayıldıqdan sonra onun baş nahiyəsindən dayanmadan yumruqla vuraraq çarpayıda onu döyməyə başlamış, daha sonra o, yerə yıxılmış, yerə yıxıldıqdan sonra həmin şəxs onun arxa baş nahiyəsindən yəni saçından tutaraq digər böyük otağa aparmış, daha sonra həmin şəxs bacısını həmin otaqda da yumruq, təpiklə döyərək ona “pullar hardadı” sözlərini demiş, daha sonra bacısı zərbələrin təsirindən çarpayıyla mebelin arasına düşmüş, daha sonra o, həmin şəxsə pulun mağazada olduğunu və onu döyməməsini bildirmiş, həmin şəxs isə yenidən onun saçından tutaraq ayağa qaldırıb onun baş nahiyəsindən yumruqla vura- vura həyətdəki mağazaya aparmış, daha sonra o, mağazanın qapısının qıfılını açaraq həmin şəxslə birlikdə içəri keçmiş, həmin şəxs bacısı Marifədən pulları verməyi tələb etmiş, bacısı Marifə pulları mağazada olan xalçanın (kavralit) altından 120 manat məbləğində pulu götürərək həmin şəxsə vermiş, daha sonra bacısı Marifə mağazada pulların yaxınlıqda yerdə olan mətbəx bıçağını götürərək həmin şəxsi ayağından vurmaq istəmiş, lakin, həmin şəxs ayağını çəkdiyi üçün bıçaq ona dəyməmiş, daha sonra isə həmin şəxs bıçağı onun əlindən vuraraq yerə salmış və bacısı Marifəyə 2-3 dəfə təpik vurub onun ünvanına nalayiq ifadələr işlətdikdən sonra mağazanın içəri qapısından çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə verməklə onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs 13 sentyabr 2021-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə naməlum şəxs onu döymüş, onu arxa keçəcək nahiyyədən zorlamış və 120 manat pulunu zorla ondan almışdır. Odur ki, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 16). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi barədə” protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2021-ci il tarixdə hal şahidlərinin və Zərərçəkmiş şəxs iştirakı ilə hadisənin baş verdiyi Ağdaş rayonunun Birinci Aral kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evə və mağazaya baxış keçirilmiş, hadisə yerindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd mətbəx bıçağı, 01 ədəd tül parça, 04 ədəd trusa, 01 ədəd baş örtüyü, 01 ədəd qısaqol don və 01 ədəd qadın maykası götürülmüşdür (cild 01, iş vər. 19-28). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, hadisənin baş vermə mexanizmini göstərərək bir daha istintaqa verdiyi ifadəsini təsdiq etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 101-115). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 582 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər - burun yəhərinin, alt çənə nahiyəsinin, üzün sağ çənə qanadı proyeksiyasının sıyrıqları, sağ süd vəzisinin yuxarı nahiyəsinin, sol süd vəzisinin aşağı nahiyəsinin qançırları, sağ bazu oynağının arxa səthinin, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun bayır səthinin qançırları, sağ saidin orta 1/3-nin ön səthinin qançırı, sağ və sol dirsək oynağının arxa səthinin sıyrıqları, döş qəfəsinin ön sol nahiyəsinin yumşaq toxumalarının əzilməsi, aralığın cırılması -küt alət təsirindən törənmiş, törənmə müddətləri müayinə olunanın göstərdiyi tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs uşaqlıq yolunun girəcəyində və arxa keçəcək dəliyində aşkar olunan əlamətlər (usaqlıq yolunun girəcəyinə qansızmaları, arxa keçəcək dəliyinin şüəvari büküşlərinin şişkinliyi, qansızmaları, arxa keçəcək dəliyindəki sıyrıqlar) erreksiya olunmuş(bərkimiş) kişi xarici cinsiyyət üzvünün uşaqlıq yoluna və arxa keçəcək dəliyinə yeridilməsi zamanı əmələ gələ bilərlər. Zərərçəkmiş şəxs uşaqlıq yolunda və arxa keçəcək dəliyində spermanın olub-olmaması uşaqlıq yolunda və arxa keçəcək dəliyindən götürülən tamponun məhkəmə-bioloji müayinəsinin nəticəsi laboratoriyadan alındıqdan sonra təyin olunacaqdır (cild 01, iş vər. 91-93). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021 tarixli “xx.xx.2021-ci il tarixli 582 saylı” rəyinə əlavədən görünür ki, Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 2 ədəd tamponun məhkəmə -tibbi bioloji müayinəsi zamanı spermatozoidlər aşkar olunmadı (cild 02, iş vər. 242). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 589 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunan xəsarətlər - üzün sol yanağının sol əlin üst səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər müayinə olunanın özünün göstərdiyi şəraitdə əmələ gələ bilərlər (cild 01, iş vər. 95-96). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 590 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə cinsi əlaqəyə mane olan hər hansı bir yara, xora, çapıq və.s aşkar olunmadı (cild 01, iş vər. 98- 99). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlarası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkaqoldan epizodik istifadə edibdir. Narkotik vasitələrdən istifadə etmir. Narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və xroniki alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 03, iş vər. 63). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2021ci il tarixli 9/1227 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi:Balfa/H/(İİİ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi:Balfa/H/(İİİ). X5 ABO sistemi üzrə qrup göstəricisi:Balfa/H/(İİİ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus don, tuman(№l) və M.Şahbazova məxsus 01 cüt ayaqqabının sol tayı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı. Belə olan halda bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və ya E.Ç.Mustafayevə məxsus ola bilər, (əgər hadisə zamanı sonuncularda qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Ekspertizaya təqdim edilmiş 02 ədəd ədyal, Zərərçəkmiş şəxs məxsus qadın alt paltarı, tuman (№2,3), mayka, Təqsirləndirilən şəxs məxsus şalvar və hadisə yerindən götürülmüş 01 ədəd bıçaq üzərində olan ləkələrdə qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tuman(№4), baş yaylığı, parça hissəsi, Təqsirləndirilən şəxs məxsus alt şalvarı, köynək, mayka, tuman, 01 cüt ayaqqabının sağ tayı üzərində qana şübhəli ləkələr aşkar olunmadı (cild 03, iş vər. 53-61). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 19/09 nömrəli rəyinin ambulator məhkəməpsixiatriya ekspertizası hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək və öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur, yəni anlaqli olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 -ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal- hazırda da hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlarası Psixonevroloji Dispanserinin kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 38/10 nömrəli rəyinin məhkəmə-psixoloji ekspertizası hissəsindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən adi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir) (cild 03, iş vər. 65-68). Cinayət işinin materiallarında olan Ağdaş RPŞ-dən daxil olmuş 18 fevral 2022-ci il tarixli 15/132-3982-1222 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2021- ci il tarixdə saat 21-23 radələrində, eləcə də xx.xx.2021-ci il tarixdə gecə saat 12 və 01 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayonu Aral bir kəndində X7 ilə birlikdə olması barədə hər-hansısa məlumat əldə olunmamış, həmçinin kənd sakinləri arasında onları görə biləcək hər-hansısa şəxsin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs evinə qanunsuz daxil olarkən Elvin Mustafayevlə birgə olmadığı, E.Mustafayevin həmin evə daxil olmadığı, Təqsirləndirilən şəxs evdə daxil olduqda E.Mustafayevin həmin hadisədə heç bir iştirakının olmadığı, eləcə də sonuncunun baş vermiş hadisə ilə əlqədar hər-hansısa əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs evinə qanunsuz daxil olaraq sonuncunu yumruq və təpiklə döyməsi, daha sonra zorla təbii və qeyri təbii yolla cinsi əlaqədə olmaqla ona qarşı zorakılıq hərəkətlərinə davam etməsi, həmçinin Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəsindəki mağazadan 120 manat məbləğində pulunu quldurluq yolu ilə ələ keçirməsi müəyyən edilmişdir (cild 03, iş vər. 122). Cinayət işinin materiallarında olan Ağdaş RMX-nı PHŞ-in 25 sentyabr 2021-ci il tarixli 1399 saylı məktubundan görünür ki, Ağdaş rayon Birinci Aral kənd sakini, xx.xx.1982-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb, narkoloji və vərəm xəstəlikləri üzrə qeydiyyatda deyil. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 149.2.1, 150.2.1, 181.2.1, 149.2.4, 150.2.4, 157 və 128-ci maddələrinin tərkib əlamətləri aşkar edilmədiyindən, barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmiş, həmçinin həmin qərarla X5 əməllərində CM-in 149.2.1, 150.2.1, 181.2.1 və 181.2.3-cü maddələrinin tərkib əlamətləri aşkar edilmədiyindən, barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmişdir (cild 03, iş vər. 212-254). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü ona elan olan olunan ittiham üzrə qismən təqsirli bildiyini, cinayət əməlinin Elvin Mustafayev tərəfindən törədildiyini göstərsə də, məhkəmə kollegiyası onun qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (ölmüş zərərçəkmiş şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi, müvafiq ekspertizanın rəyləri, ifadənin yerində yoxlanması istintaq hərəkətinin protokolu və s.) təqsirləndirilən şəxsin qeyd etdiklərini tamamilə təkzib etmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, onun Elvin Mustafayev barəsində qeyd etdiyi xüsusatlar ibtidai istintaq orqanı tərəfindən araşdırılmış və X5 əməllərində CM-in 149.2.1, 150.2.1, 181.2.1 və 181.2.3-cü maddələrinin tərkib əlamətləri aşkar edilmədiyindən, barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmişdir, hazırda həmin qərar qüvvədədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün ibtidai araşdırmanın ilkin mərhələsində vermiş olduğu qismən etirafı ilə yanaşı, mərhum zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 149.1, 150.1 və 181.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 165). Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində və CM-in 61-ci maddəsində göstərilən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vər. 58). Cinayət işinin materialarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 142-146). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Ağdaş rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd mətbəx bıçağı, 01 ədəd tül parça, 04 ədəd trusa, 01 ədəd baş örtüyü, 01 ədəd qısaqol don və 01 ədəd qadın maykası, Təqsirləndirilən şəxs aid 01 ədəd boz rəngli şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli alt tuman şalvarı, 01 ədəd üzərində “Margo Donatt” yazılmış qara boz haşiyələri olan tursa, 1 cüt qara boz rəngdə idman ayaqqabısı, quru qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, qara rəngli, düyməli, 01 ədəd “KGTEL” markalı mobil telefon Təqsirləndirilən şəxs, 02 ədəd qəhvəyi və ağ naxışlı yun materialından ibarət ədyallar isə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1, 150.1 və 181.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd mətbəx bıçağı, 01 ədəd tül parça, 04 ədəd trusa, 01 ədəd baş örtüyü, 01 ədəd qısaqol don və 01 ədəd qadın maykası, Təqsirləndirilən şəxs aid 01 ədəd boz rəngli şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli alt tuman şalvarı, 01 ədəd üzərində “Margo Donatt” yazılmış qara boz haşiyələri olan tursa, 1 cüt qara boz rəngdə idman ayaqqabısı, quru qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, qara rəngli, düyməli, 01 ədəd “KGTEL” markalı mobil telefon Təqsirləndirilən şəxs, 02 ədəd qəhvəyi və ağ naxışlı yun materialından ibarət ədyallar isə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar