Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-118/2023 11.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumemtə cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkən, ünvan 1 ünvanda yaşamış, hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,461 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin idarənin X6 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 17 noyabr 2022ci il tarixdə saat 12:20-də ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada saat 13:40dan etibarən üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 3,461 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, bacısıgildə olduğu vaxt evə polis əməkdaşları daxil olmuş və bacısını yerə yıxaraq onun üstünə gəlmişlər. O özü beyin infarktı keçirmişdir. Polis əməkdaşları bacısına bildirmişlər ki, guya o məhkəmədən boyun qaçırdığı üçün onu məhkəməyə aparırlar. Bacısı da həmin vaxt polis əməkdaşlarına bildirmiş ki, onun üzərinə baxış keçirib, daha sonra aparsınlar. Həmin vaxt polis əməkdaşları üzərinə baxış keçirmiş və üzərindən qanunsuz heç nə aşkar etməmişlər. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona təzyiq etmələrinə baxmayaraq, heç nəyi boynuna almamış, bundan sonra, kəlbətin vasitəsilə onun dişini çıxarıb ona işgəncə etmişlər. Görmüşlər ki, heç nəyi boynuna almır, ona bildirmişlər ki, narahat olmasın, CM-in 234.1-ci maddəsi ilə ona ittiham veriləcəkdir. Sonra 1 qram narkotik vasitəni ona təqdim edərək külli miqdar olmadığını və boynuna almağını bildirmişlər. O da məcbur qalıb polis əməkdaşları ilə razılaşmış və bundan sonra videoçəkiliş olmuşdur. Əslində isə aşkar olunan psixotrop maddə ona aid olmamışdır. Polis əməkdaşları ona təzyiq etdikləri üçün onlarla razılaşmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərdi ki, polis əməkdaşları tərəfindən ona təzyiq olunduğu üçün narkotik vasitəni boynuna almış, ona olunan təzyiqlə bağlı prokurorluğa şikayət ərizəsi yazmışdır. Polis əməkdaşları onu bacısının evində saxlamışlar. Polis əməkdaşları onu günorta saat 12 radələrində saxlamışlar. Evə 15-20 nəfər polis əməkdaşı daxil olmuşdur. Saxlanıldığı ev həyət evi olmuşdur. Güya məhkəmə onun barəsində məcburi gətirmə qərarı vermişdir. Ona görə də, polis əməkdaşları onu saxlamışlar. Saxlanıldığı vaxt üzərində narkotik vasitə olmamışdır. İlk əvvəl onu Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Səhərisi gün isə onu Bakı şəhərinə baş idarəyə aparmışlar. 8-9 nəfər polis əməkdaşı ona işgəncə etmişdir. Ona işgəncə edən polis əməkdaşlarını tanıyır. Polis əməkdaşları onu bacısıgildə saxladıqdan sonra yaşadığı evə aparmışlar. Evdə axtarış etmişlər və heç nə aşkar edilməmişdir. Bundan sonra polis şöbəsinə getmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır. Polis əməkdaşları ona nə deyiblərsə, o məzmunda ifadə vermişdir. Çünki təzyiq altında olmuşdur. Bacısının evi Fikrət Əmirov küçəsində yerləşir. Yaşadığ evlə bacısının evi arasında 1 km məsafə vardır. Yaşadığı evin yaxınlığında saxlanılmamışdır. Saxlanıldığı vaxt evdə bacısı və bacısıoğlu olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verdiyi üçün qəbul etmir. Məhkəmə istintaqı zamanı verdiyi ifadə doğrudur. O, Bakı İstintaq Təcridxanasına qəbul olunarkən xəsarətləri yazılıb. İstintaq təcridxanasına qəbul olunduğu vaxt döyüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. 2022-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhərində avtovağzal adlanan ərazidə olduğu zaman bir nəfər şəxs ona yaxınlaşaraq alışqan istəmiş və ümumi söhbətlər etməyə başlamışdır. Söhbət əsnasında narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin şəxs özünü təqdim etməmişdir. Həmin şəxs 40-45 yaşlarında qara bəniz, orta boylu oğlandır. Lakin adını, anket məlumatları, harada qalması haqqında məlumatı yoxdur və mobil nömrəsini bilmir. Həmin şəxs ondan narkotik vasitə istifadə edib etmədiyini soruşmuşdur. O isə narkotik vasitə istifadə etdiyini bildirdikdə o demişdir ki, istəsə narkotik vasitə tapa bilər. Onun da 15 manat pulu olduğundan və həmin pula istifadə etmək üçün psixotrop maddə metamfetamin alacağından psixotrop maddə metamfetamin lazım olduğunu bildirmişdir. Həmin şəxs də cibindən bir ədəd sellofan bükümdə psxiotrop maddə metamfetamini çıxarıb ona uzatmışdır və 15 manat pulu ondan almışdır. Daha sonra isə ondan uzaqlaşmışdır. Həmin psxiotrop maddə metamfetamini cibinə qoyub oradan uzaqlaşdır. Həmin psixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə əldə etmişdir. 17 noyabr 2022-ci il tarixdə saat 12:20 radələrində ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdir. Həmin vaxt psixotrop maddə metamfetamin onun üzərində olmuşdur. Polis əməkdaşları onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdir. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişdir. Etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bundan sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarının sol yan cibindən bir ədəd içərisində “MAXVİ” markalı mobil telefon və 20 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin psixotrop maddə metamfetamin qablaşdırılmış, möhürlənmiş, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Aşkar edilmiş “MAXVİ” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. 20 manat pul isə ona qaytarılmışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin özünə məxsusdur, həmin kütləni tanımadığı şəxsdən bir həftə bundan əvvəl Bakı şəhəri ərazisində istifadə etmək məqsədi ilə 15 manata əldə etmişdir, heç kimə narkotik vasitə satmamış, başqa heç yerdə narkotik maddə saxlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olduğunu öyrəndikləri üçün 17 noyabr 2022-ci il tarixdə saat 12:20-də həmin ünvana gəlmişdir. Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin həmin ünvanın yaxınlığında piyada hərəkət etdiyini görmüşdür. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan anket məlumatlarını bildirməsi barədə xahiş etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə Yevlax Rayon Polis Şöbəsinə getmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb birlikdə Yevlax RPŞ-ya gəlmişdir. X7 Kazımova müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd “MAXVİ” markalı mobil telefon və 20 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “MAXVİ” markalı mobil telefon da götürülmüşdür. 20 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanımadığı şəxsdən bir həftə bundan əvvəl Bakı şəhəri ərazisində istifadə etmək məqsədi ilə 15 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, daha əvvəl ona şəxs barəsində hər hansı məlumat daxil olmamış, təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmamışdır. Şəxs saxlanılarkən və ondan sonrakı dövrdə təzyiqə və təsirə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Xəqani oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 5 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Yevlax rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, ünvan 5 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Yevlax rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğundan, həmin tarixdə saat 12:20də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və BNMİ QBRŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat nəticəsində ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vərəqi 11). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şəxsin üzərindən 01 ədəd bükümdə psixotrop maddə metafetaminə bənzər kütlələr aşkar edilərək qanuna müvafiq qaydada götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntülər CD diksə köçürülərək cinayət işinə əlavə olunmuşdur (cild 01, iş vər. 31-33). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2022-ci il tarixli, 6/6625 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N7” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi ...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,461 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (cild 01, iş vər. 40-44).\ Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir (cild 01 iş vər. 118-120). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 17 dekabr 2022-ci il tarixli 7678 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 209-210). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli 12536 nömrəli “Respublika Psixiatriya Xəstəxanası” X9 təqdim etdiyi məktubdan görünür ki, ünvan 5 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 01 iş vər. 153). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli xx/xx-1091 nömrəli “Respublika Narkoloji Mərkəzi” X9 təqdim etdiyi məktubdan görünür ki, ünvan 5 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (cild 01 iş vər. 165). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli 537/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilmədi (cild 01 iş vər. 206-208). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə əlavə ifadəsində göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 01 iş vər. 211-214) Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək psixotrop maddə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 bükümdə təmiz çəkisi 3,461 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Sözügedən psixotrop maddənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan bükümdə təmiz çəkisi 3,461 qram psixotrop maddə olan metamfetamin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefon ibtidai istintaq orqanı tərəfindən götürülərək həmin telefona və şəxsə məxsus mobil nömrəyə daxil olan-çıxan zənglər, SMS-lər barədə məlumatlara baxış keçirilmiş, lakin iş üçün hər hansı əhəmiyyətli bir hal müəyyən olunmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm ibtidai istintaqın ilkin dövrlərində qeyd etdiklərini (narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması ilə bağlı ifadəsi) səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına məhz həmin ifadələri qoyur. Məhkəmə kollegiyası polis əməkdaşlarının məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı verdikləri şahid ifadələrini dinləyib, həmin ifadələri iş üzrə mövcud olan digər sübutlarla qarşılıqlı şəkildə araşdırıb, həmin şəxslərin ifadələrinə bu hissədə tənqidi yanaşır və hesab edir ki, şəxslərin bu xüsusatla bağlı ifadələri ehtimallara əsaslanır və iş materiallarında olan sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinə 234.1-1-ci maddəsi əlavə edilmiş və həmin maddənin dispozisiyasında göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – həmin şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sözügedən qanun xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və rəsmi qaydada dərc edilmişdir. Odur ki, hazırki cinayət əməli 2022-ci ilin may ayından sonrakı dövrə, yəni 2022-ci ilin noyabr ayına təsadüf etdiyindən, şəxsin əməli CM-in 234.1-1-ci maddəsinə tövsüf olunmalı və şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı fiziki təzyiq, işgəncə və digər qeyri-insani rəftara məruz qalması, təzyiq altında etirafedici ifadə verməsi ilə bağlı bildirdiklərinə gəldikdə isə, məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və həmin ifadələri müdafiə taktikası ilə deyilmiş ifadələr kimi qəbul edərək rədd edir. Belə ki, iş materiallarında olan qərardan görünür ki, təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatlarla bağlı ibtidai istintaq zamanı araşdırma aparılmış və bu xüsusatlarla bağlı qeyd edilənlər öz təsdiqini tapmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi (atası, anası, qardaşları və bacıları) ilə birlikdə Yevlax şəhəri C.Mustafayev yaşayır və yaşayış yeri üzrə qismən yaxşı səciyyələndirilir (cild 01, iş vər. 146-148). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Yevlax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 02 il 09 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzanın əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli Qanun tətbiq edilərək üzərində 02 il 04 ay 16 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmiş və üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən cinayət əməli törətdiyinə görə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumemtə cəzasına məhkum edilmişdir. Hazırda həmin cəzanı çəkir (cild 01, iş vər. 149-152, 189-194). Hazırki iş üzrə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, Kazımov X4 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. CM-in 83.4-cü maddəsində əsasən isə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Şəxsin təqsirli bilindiyi əvvəlki cinayət əməli az ağır cinayət (CM-in 221.3-cü maddəsi) sayıldığından və CM-in 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçdikdən, yəni məhkumluq ödənildikdən sonra yenidən qəsdən hazırki cinayət əməlini törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmır. Belə ki, şəxs xx.xx.2020-ci ildə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, hazırki cinayət əməlini isə xx.xx.2022-ci il tarixdə törətmişdir ki, bu halda 2 il müddət keçmişdir. Odur ki, onun əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən olunmur. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə şəxsin əvvəllər dəfələrlə cinayət əməllərinin törədilməsinə görə təqsirli bilinərək məhkum olunmasına baxmayaraq bundan nəticə çıxarmayıb yenidən qəsədn cinayət əməlini törətməsini əsas götürərək cəzanın məqsədinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Eyni zamanda, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunan cəzanı çəkir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunan cəza ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunan cəza qismən toplanılmalı və onun barəsində cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 66.1-ci maddəsində əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Habelə həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda, CM-in 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:20-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 107-111). Məhkəmə kollegiyası qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunduğundan, o, hazırki iş üzrə təyin ediləcək qəti cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı hazırki iş üzrə hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 3,411 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunan 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunan 02 (iki) il müddət azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 3,411 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-118/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-118/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver