Məhkəmə qərarları › İş №1(091)-118/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-118/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-118/2025 23.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X3, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Yevlax rayonunun Yuxarı Qarxun kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə saat təxminən 20:40 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbləri pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi Carçalov Sənan Vəkil oğlunun adına olmaqla sonuncudan pul müqabilində alaraq özünə məxsus olan “VAZ 2101” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri, Nizami prospektində Yevlax rayonunun Aşağı Qarxun kəndi istiqamətində asfalt-beton örtüklü yolla hərəkətdə olan zaman hava qaranlıq olduğundan qarşıdan gələn avtomobillərin qoşulmuş vəziyyətdə olan ön işıqları gözünü qamaşdırdığı üçün belə şəraitdə idarə etdiyi avtomobilin qəza işıq siqnalını qoşmaqla hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda, bunlara əməl etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, avtomobilin hərəkətini davam etdirib avtomobilin qabaq sağ tərəfi ilə hərəkət yolunun sağ kənarında dayanmış vəziyyətdə olan Şahid1 idarə etdiyi “QAZEL” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfinə çırpılmış, nəticədə onun idarə etdiyi “VAZ 2101” markalı avtomobildə olan sərnişinlər, bacısı X2 açıq kəllə beyin travması, üz skelet sümüklərinin çoxqəlpəli, kəllə əsası sümüklərinin xətti sınığı, subaraxnoidal qansızma, döş sümüyünün, hər iki tərəf qabırğaların sınığı xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirilərək ehtiyatsızlıqdan ölməsi ilə nəticələnən və qızı X5 ehtiyatsızlıqdan kəllə və üz skelet sümüklərinin çoxsaylı sınıqları, alt çənə sümüyünün qəlpəli sınığı, sağ kürək sümüyünün qəlpəli sınığı, sağ qamış və incik sümüklərinin yerdəyişməyən sınığı, kəllə beyin silkələnməsi xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətlərinin, övladı X6 ehtiyatsızlıqdan sağlamlığa yüngül zərər vuran alın nahiyəsinin, burun belinin, sol yanağın çoxsaylı sıyrıqları, qapalı kəllə beyin travması xəsarətlərinin, övladı X8 ehtiyatsızlıqdan sağlamlığa yüngül zərər vuran qapalı kəllə beyin travması, alın nahiyəsinin sıyrığı xəsarətlərinin yetirilməsinə səbəb olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən məbləğdə pulun müqabilində almış, həmin avtomobil onun adına rəsmiləşdirilməsə də faktiki olaraq ona məxsus olmuş və qeyd olunan avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. 25 may 2024-cü il tarixdə saat təxminən 19 radələrində arvadı Qanuni nümayəndə, qardaşı Nəzarət Sanayadov, bacısı Bahar Sanayadova və üç az yaşlı övladı Rabiyə Rəsulova, Samirə Rəsulova və Ceyhun Rəsulovla birlikdə idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə digər bacısı X10 şəhərində yaşadığı evə getmişlər və həmin tarixdə saat təxminən 20 radələrində oradan yaşadıqları evə qayıdan zaman o, avtomobili idarə etmiş, bacısı Bahar Sanayadova qabaq sağ oturacaqda, qardaşı Nəzarət Sanayadov arxa sol oturacaqda, arvadı Qanuni nümayəndə arxa sağ oturacaqda, övladları Rabiyə Rəsulova, Samirə Rəsulova və Ceyhun Rəsulov isə arxa orta oturacaqda əyləşmişlər. Həmin tarixdə təxminən 20:30 radələrində Yevlax şəhəri, Nizami prospekti ilə Yevlax rayonunun Aşağı Qarxun kəndi istiqamətində hərəkətdə olan zaman hava qaranlıq və yağışlı olduğuna görə yolun asfalt örtüyü yaş, yolda görmə məsafəsi isə məhdud olduğundan o, avtomobili 50-60 km/saat sürətlə hərəkət etdirmiş, bu zaman qarşı tərəfdən əks hərəkət zolağı ilə təxminən 70-80 metr məsafədə qabaq işıqları yanmış vəziyyətdə avtomobilin gəldiyini və həmin avtomobilin arxası ilə gələn başqa avtomobilin qarşısındakı avtomobili ötmək üçün hərəkət yolunun sol tərəfinə çıxdığını görərək göstərilən avtomobilin ötməni rahat etməsinə şərait yaratmaq üçün idarə etdiyi avtomobili hərəkət yolunun sağ kənarına doğru istiqamətləndirmiş və sağ zolaq ilə hərəkətini davam etdirmişdir. Ötmə edən və həmin avtomobilin arxası ilə gələn markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillərin işıqları gözünü qamaşdırdığına görə yolu aydın görə bilməmiş, həmin avtomobil onun avtomobilinin yanından keçəndən sonra o, qarşı tərəfi aydın gördükdə həmin an qarşı tərəfində, təxminən 10-15 metr məsafədə yolun sağ kənarında “QAZEL” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilinin arxa işıqları sönmüş vəziyyətdə dayanmasını görmüşdür. O, həmin avtomobili görən an toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobilin tormoz pedalını sıxaraq avtomobili hərəkət yolunun sol tərəfinə istiqamətləndirmiş, lakin məsafə az olduğuna görə avtomobilinin qabaq sağ kənarı həmin yük avtomobilinin arxa sol bort hissəsinə çırpılmış, zərbənin təsirindən “QAZEL” markalı avtomobil irəliyə doğru hərəkət etmiş, onun avtomobili isə dayanmışdır. Daha sonra o, avtomobildən aşağı düşdükdə arvadı Qanuni nümayəndə və qardaşı Nəzarət Sanayadovanın xəsarət almadıqlarını, az yaşlı övladları Samirə Rəsulova və Rabiyə Rəsulovanın xəsarət aldıqlarını görmüş və övladlarını arvadı Qanuni nümayəndə ilə birlikdə orada olan avtomobillərdən birinə əyləşdirib Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Törətdiyi əmələ görə peşmandır, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilməsi təklif olunmuş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs onun qardaşı, ölmüş zərərçəkmiş şəxs X2 isə onun bacısı olduğunu bildirərək ifadə verməkdən imtina etmiş və bacısı Bahar Sanayadovanın yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı Təqsirləndirilən şəxsla barışdığını və sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, hadisə baş verən tarixdə atasının idarə etdiyi qırmızı rəngdə olan avtomobillə bibisigilə getmiş, həmin vaxt hadisə baş vermiş və hadisə zamanı çənə nahiyəsində xəsarət yaranmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, X11 onun qızı, Təqsirləndirilən şəxs isə onun əridir. 25 may 2024-cü il tarixdə saat təxminən 19 radələrində əri Təqsirləndirilən şəxs, qaynı Nəzarət Sanayadov, baldızı Bahar Sanayadova və üç az yaşlı övladı Rabiyə Rəsulova, Samirə Rəsulova və Ceyhun Rəsulovla birlikdə əri Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə baldızı X10 şəhərində yaşadığı evə getmişlər və həmin tarixdə saat təxminən 20 radələrində oradan yaşadıqları evə qayıdan zaman əri Təqsirləndirilən şəxs avtomobili idarə etmiş, baldızı Bahar Sanayadova qabaq sağ oturacaqda, qaynı Nəzarət Sanayadov arxa sol oturacaqda, o, arxa sağ oturacaqda, övladları Rabiyə Rəsulova, Samirə Rəsulova və Ceyhun Rəsulov isə arxa orta oturacaqda əyləşmişlər. Həmin tarixdə təxminən 20:30 radələrində Yevlax şəhəri, Nizami prospekti ilə Yevlax rayonunun Aşağı Qarxun kəndi istiqamətində hərəkətdə olan zaman hava qaranlıq və yağışlı olduğuna görə yolun asfalt örtüyü yaş, yolda görmə məsafəsi isə məhdud olmuşdur. Qarşı tərəfdən əks hərəkət zolağı ilə təxminən 70-80 metr məsafədə qabaq işıqları yanmış vəziyyətdə avtomobil gəlmiş, həmin avtomobilin arxası ilə gələn başqa avtomobil qarşısındakı avtomobili ötmək üçün hərəkət yolunun sol tərəfinə çıxmış, Təqsirləndirilən şəxs bunu görərək qeyd olunan avtomobilin ötməni rahat etməsinə şərait yaratmaq üçün idarə etdiyi avtomobili hərəkət yolunun sağ kənarına doğru istiqamətləndirmiş və sağ zolaq ilə hərəkətini davam etdirmişdir. Həmin vaxtı ötmə edən və həmin avtomobilin arxasınca gələn markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillərin işıqları Təqsirləndirilən şəxs gözünü qamaşdırdığına görə sonuncu yolu aydın görə bilməmiş, daha sonra isə qarşı tərəfdə, təxminən 10-15 metr məsafədə yolun sağ kənarında “QAZEL” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilinin arxa işıqları sönmüş vəziyyətdə dayanmasını görmüşdür. Təqsirləndirilən şəxs həmin avtomobili görən an toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobilin tormoz pedalını sıxaraq avtomobili hərəkət yolunun sol tərəfinə istiqamətləndirmiş, lakin məsafə az olduğuna görə avtomobilinin qabaq sağ kənarı qeyd olunan yük avtomobilinin arxa sol bort hissəsinə çırpılmış, zərbənin təsirindən “QAZEL” markalı avtomobil irəliyə doğru hərəkət etmiş, onun əyləşdiyi avtomobil isə dayanmışdır. Həmin vaxt o, xəsarət almamış, avtomobildən aşağı düşdükdə az yaşlı övladları Samirə Rəsulova və Rabiyə Rəsulovanın xəsarət aldıqlarını, baldızı Bahar Sanayadovanın isə baş nahiyəsindən qanın axmasını görmüşdür. Daha sonra polis əməkdaşları oraya gəlmişlər və mərhum baldızı X13 Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Bundan sonra isə o, əri Təqsirləndirilən şəxsla birlikdə övladlarını orada olan avtomobillərdən birinə əyləşdirmiş və Yevlax Rayon Mərkəzi Xəstəxanasına getmişdir. X18 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası X9 adına olan “QAZEL” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə etmişdir. 25 may 2024-cü il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi “QAZEL” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Yevlax şəhəri, Nizami prospekti ilə Yevlax rayonunun Aşağı Qarxun kəndi istiqamətində təxminən 3 kilometr məsafə getdikdən sonra avtomobilin yanacağı qurtardığı üçün o, avtomobili yolun sağ hərəkət hissəsinin kənarında saxlamış, həmin avtomobilin qəza işıq siqnalını yandırmış və yolun əks tərəfində pərakəndə şəkildə yanacaq satan şəxslərdən benzin alan zaman “VAZ 2101” markalı avtomobil onun dayanmış vəziyyətdə olan yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis X25 X22-nəqliyyat hadisələri üzrə baş inspektoru vəzifəsində xidmət edir. 25 may 2024-cü il tarixdə saat 20:50-də sutkanın qaranlıq vaxtı və hava yağışlı olduğundan görmə məsafəsi məhdud olmuş, həmin vaxt Yevlax Rayon Polis Şöbəsinin Növbətçi hissəsindən Yevlax şəhəri, Nizami prospekti ilə Yevlax rayonunun Aşağı Qarxun kəndi istiqamətində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə ona məlumat daxil olmuş və o, hadisə yerinə getmişdir. Oraya çatdıqda sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Yevlax rayonunun Aşağı Qarxun kəndi istiqamətində yolun sağ hərəkət hissəsinin kənarında dayanmış vəziyyətdə olan sürücü Şahid1 etibarnamə əsasında idarə etdiyi “QAZEL” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılması nəticəsində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X2 aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi ona məlum olmuşdur. Daha sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisəni sənədləşdirmişlər, ardınca isə xəsarət alan sərnişinlər orada olan vətəndaşların köməkliyi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 may 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 20:50-də Yevlax Rayon Polis Şöbəsinin Növbətçi hissəsindən Yevlax şəhəri, Nizami prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 25 may 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Yevlax şəhəri, Nizami prospektində baş vermişdir. Hadisə baş verən ərazi yaşayış yeridir, maksimum hərəkət sürəti 60 km/saat həddində müəyyən edilmişdir. Həmin ərazidə yol bir hərəkət hissəli, iki hərəkət istiqamətli, dörd hərəkət zolaqlı olmaqla düz, asfalt örtüklü, yağış yağdığına görə yaş, düz və nahamardır, yağmurlu hava şəraiti və qaranlıq vaxtı olduğuna görə görmə məsafəsi məhduddur. Yolun asfalt örtüklü hissəsinin ümumi eni 13,50 metr, şəhərin mərkəzinə doğru istiqamətdə sağ zolağın eni 6,75 metr, sol zolağın eni isə 6,75 metrdir. Yolun hər iki tərəfi bordür daşları ilə əhatələnmiş və həmin daşlardan sonra ağaclar əkilmiş torpaq sahə və yaşayış üçün nəzərdə tutulmuş evlər və tikililər vardır. Hadisə yerində avtomobillərə məxsus tormoz və sürüşmə izləri aşkar edilməmişdir. Hadisə yerində “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sınmış və çatlamış vəziyyətdə qabaq şüşəsi vardır. Yolda uzununa 1.3 nişanlanma xətti vardır, sürücülərə ötmə əməliyyatı etmələrinə icazə verilir. Avtomobillərin toqquşma nöqtəsi Yevlax rayonunun Aşağı Qarxun kəndinə doğru istiqamətdə yolun sağ hərəkət hissəsində, yəni “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında, yolun sağ kənarından mərkəzə doğru 3 metr məsafədə yerləşir. Toqquşma nöqtəsindən “QAZEL” markalı avtomobilə qədər 5 metr, “VAZ 2101” minik markalı avtomobilə qədər isə 1 metr məsafə vardır. “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə “QAZEL” markalı avtomobilin arasındakı məsafə 5,2 metrdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 25 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə mərhum X2 meyitinə baxış keçirilmişdir. Meyitin əynində bordo rəngli polver, üzərində qırmızı rəngli gülləri olan qısaqol köynək, bordo rəngli büstqalter, açıq çəhrayımtıl rəngdə retuz, solğun bənövşəyimtil rəngdə tuman, don və qara rəngli corablar vardır. Paltarlar qanabənzər ləkələrlə çirklənmişdir, poliver bir neçə yerdən cırılmışdır. Hər iki xarici qulaq keçəcəkləri və burun dəliklərində qan izləri vardır. Əllədikdə üz skelet sümüklərində, qabırğalarda, döş sümüyündə patoloji hərəkət, sümük krepitasiyası hiss olunur. Sağ saidin yuxarı 1/3-nin yan səthində istiqaməti köndələn yerləşmiş 1,5x1 sm ölçülü, sol saidin arxa səthində istiqaməti boylama yerləşmiş 8x2 sm ölçülü ellepsəbənzər formalı, hamar kənarlı, ucları iti yaralar aşkar edildi. Hər iki gözətrafı nahiyədə mərkəzdə solğun bənövşəyimtil rəngdə qançır (eynək simptomu) aşkar edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə” dair 25 may 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 may 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 23:30-da Yevlax Rayon Mərkəzi Xəstəxanasından Yevlax Rayon X23 şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 ölməsi və ölmüş vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 may 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 23:35-də Yevlax Rayon Mərkəzi Xəstəxanasından Yevlax Rayon X23 şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 “hər iki göz qapağının küt zədəsi” xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 25 may 2024-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, mərhum X2 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onda “açıq kəllə beyin travması, üz skelet sümüklərinin çoxqəlpəli, kəllə əsası sümüklərinin xətti sınığı, subaraxnoidal qansızma, döş sümüyünün, hər iki tərəf qabırğaların sınığı” diaqnozu ilə, 25 may 2024-cü il tarixdə küt alətin-alətlərin təsirindən, yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin maneəyə dəyərək kəskin tormozlaması nəticəsində avtomobildə sərnişin qismində əyləşmiş şəxsin avtomobildə olan detallara, cihazlar panelinə, ön külək şüşəsinə çırpılması nəticəsində əmələ gəlməsi istisna edilməyən, həyati, ölümlə birbaşa səbəbli əlaqəli olan və sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malik xəsarətlər aşkar edilmişdir. Mərhumun bilavasitə ölmünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beynin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 iyun 2024-cü il tarixli 340 nömrəli rəyindən görünür ki, X3 məhkəmə-tibb ekspertizası zamanı onda “kəllə və üz skelet sümüklərinin çoxsaylı sınıqları, alt çənə sümüyünün qəlpəli sınığı, sağ kürək sümüyünün qəlpəli sınığı, sağ qamış və incik sümüklərinin yerdəyişməyən sınığı, kəllə beyin silkələnməsi” diaqnozu ilə, 25 may 2024-cü il tarixdə küt alətin təsirindən əmələ gəlmiş, yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilməyən və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinin Yevlax Regional Qeydiyyat-İmtahan və X16 daxil olmuş 19 avqust 2024-cü il tarixli 3-13-16-11/2-3302/24 nömrəli məktubdan görünür ki, sürücü Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sistemində olan məlumata əsasən, sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs sürücülük hüququ olmayan şəxs hesab olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 sentyabr 2024-cü il tarixli 8/175 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinin Yevlax Regional Qeydiyyat-İmtahan və X16 daxil olmuş 02 oktyabr 2024-cü il tarixli 3-13-16-11/2-3993/24 nömrəli məktubdan görünür ki, “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 mart 2022-ci il tarixdə X17-İmtahan və X19 Carçalov Sənan Vəkil oğlunun adına rəsmiləşdirilmiş və BD seriyalı, 204981 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sistemində olan məlumata əsasən, “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil halhazırda da Carçalov Sənan Vəkil oğlunun adına qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-3-cü maddəsi ilə elan olunmuş ittiham həmin tarixdə dəyişdirilmədən saxlanılmış və barəsində CM-in 264-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26-cı maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman qarşı tərəfdən əks hərəkət zolağı ilə təxminən 70-80 metr məsafədə qabaq işıqları yanmış vəziyyətdə avtomobilin gəldiyini, həmin avtomobilin arxası ilə gələn başqa avtomobilin qarşısındakı avtomobili ötmək üçün hərəkət yolunun sol tərəfinə çıxdığını görərək qeyd olunan avtomobilin ötməni rahat etməsinə şərait yaratmaq üçün idarə etdiyi avtomobili hərəkət yolunun sağ kənarına doğru istiqamətləndirdiyini, sağ zolaq ilə hərəkətini davam etdirdiyini, ötmə edən və göstərilən avtomobilin arxası ilə gələn markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillərin işıqları gözünü qamaşdırdığına görə yolu aydın görə bilmədiyini, həmin avtomobil onun avtomobilinin yanından keçəndən sonra qarşı tərəfi aydın gördükdə bu zaman qarşı tərəfində, təxminən 10-15 metr məsafədə yolun sağ kənarında “QAZEL” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilinin arxa işıqları sönmüş vəziyyətdə dayanmasını gördüyünü, qeyd olunan avtomobili görən zaman toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobilin tormoz pedalını sıxaraq avtomobili hərəkət yolunun sol tərəfinə istiqamətləndirdiyini, lakin məsafə az olduğuna görə avtomobilinin qabaq sağ kənarının göstərilən yük avtomobilinin arxa sol bort hissəsinə çırpıldığını qeyd etmişdir. Hadisə vaxtı avtomobildə olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə isə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ərinin idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman ərinin qarşı tərəfdən əks hərəkət zolağı ilə təxminən 70-80 metr məsafədə qabaq işıqları yanmış vəziyyətdə avtomobilin gəldiyini, həmin avtomobilin arxası ilə gələn başqa avtomobilin qarşısındakı avtomobili ötmək üçün hərəkət yolunun sol tərəfinə çıxdığını görərək qeyd olunan avtomobilin ötməni rahat etməsinə şərait yaratmaq üçün idarə etdiyi avtomobili hərəkət yolunun sağ kənarına doğru istiqamətləndirdiyini, sağ zolaq ilə hərəkətini davam etdirdiyini, ötmə edən və göstərilən avtomobilin arxasınca gələn markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillərin işıqları ərinin gözünü qamaşdırdığına görə yolu aydın görə bilmədiyini, həmin avtomobil onun əyləşdiyi avtomobilin yanından keçəndən sonra əri Təqsirləndirilən şəxs qarşı tərəfi aydın gördükdə bu zaman qarşı tərəfində, təxminən 10-15 metr məsafədə yolun sağ kənarında “QAZEL” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilinin arxa işıqları sönmüş vəziyyətdə dayanmasını gördüyünü, qeyd olunan avtomobili görən an toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobilin tormoz pedalını sıxaraq avtomobili hərəkət yolunun sol tərəfinə istiqamətləndirdiyini, lakin məsafə az olduğuna görə avtomobilinin qabaq sağ kənarının göstərilən yük avtomobilinin arxa sol bort hissəsinə çırpıldığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüş, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə isə əri Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına nail olmaq üçün qeyd olunan məzmunda ifadə vermişdir. Belə ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 sentyabr 2024-cü il tarixli 8/175 nömrəli rəyində də istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluğun olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması qeyd olunmuşdur. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hadəsinin baş vermə şəraiti ilə bağlı Təqsirləndirilən şəxs və Qanuni nümayəndə ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 sentyabr 2024cü il tarixli 8/175 nömrəli rəyində qeyd olunanların və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının (bundan sonra – Qərar) 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bu Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 19-cu bəndində isə məhkəmələrə izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibb ekspertizasının rəyləri əsasında müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263-cü maddəsinin (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) dispozisiyası blanket xarakterli olduğundan və yol hərəkəti qaydaları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə tənzimləndiyindən məhkəmə həmin Qanunun müvafiq maddələrinə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Bu Qanunun 33-cü maddəsinin İV hissəsinə əsasən, velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Bu Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Bu Qanunun 73-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən, gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri sonuncunun təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onun bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə qeyd olunan hadisə baş vermişdir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan yol-nəqliyyat hadisəsi nəticəsində övladı X6 ehtiyatsızlıqdan sağlamlığa yüngül zərər vuran alın nahiyəsinin, burun belinin, sol yanağın çoxsaylı sıyrıqları, qapalı kəllə beyin travması və övladı X8 ehtiyatsızlıqdan sağlamlığa yüngül zərər vuran qapalı kəllə beyin travması, alın nahiyəsinin sıyrığı xəsarətlərinin yetiriLməsinə dair bəndlər xaric olunmalıdır. Belə ki, CM-in 263-cü maddəsinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən, sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ağır zərər vurulmasına, habelə zərərçəkmiş şəxsin ölümünə və ya iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunur. Göründüyü kimi, yol-hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda şəxs cinayət məsuliyyətindən azad edilir. Bundan başqa, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının 17-cin bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CMin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan yol-nəqliyyat hadisəsi nəticəsində övladı X6 ehtiyatsızlıqdan sağlamlığa yüngül zərər vuran alın nahiyyəsinin, burun belinin, sol yanağın çoxsaylı sıyrıqları, qapalı kəllə beyin travması və övladı X8 ehtiyatsızlıqdan sağlamlığa yüngül zərər vuran qapalı kəllə beyin travması, alın nahiyəsinin sıyrığı xəsarətlərinin yetirilməsinə dair bəndlər xaric olunmalıdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə saat təxminən 20:40 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbləri pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi Carçalov Sənan Vəkil oğlunun adına olmaqla sonuncudan pul müqabilində alaraq özünə məxsus olan “VAZ 2101” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri, Nizami prospektində Yevlax rayonunun Aşağı Qarxun kəndi istiqamətində asfalt-beton örtüklü yolla hərəkətdə olan zaman hava qaranlıq olduğundan qarşıdan gələn avtomobillərin qoşulmuş vəziyyətdə olan ön işıqları gözünü qamaşdırdığı üçün belə şəraitdə idarə etdiyi avtomobilin qəza işıq siqnalını qoşmaqla hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda, bunlara əməl etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, avtomobilin hərəkətini davam etdirib avtomobilin qabaq sağ tərəfi ilə hərəkət yolunun sağ kənarında dayanmış vəziyyətdə olan Şahid1 idarə etdiyi “QAZEL” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfinə çırpılmış, nəticədə onun idarə etdiyi “VAZ 2101” markalı avtomobildə olan sərnişinlər, bacısı X2 açıq kəllə beyin travması, üz skelet sümüklərinin çoxqəlpəli, kəllə əsası sümüklərinin xətti sınığı, subaraxnoidal qansızma, döş sümüyünün, hər iki tərəf qabırğaların sınığı xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirilərək ehtiyatsızlıqdan ölməsi ilə nəticələnən və qızı X5 ehtiyatsızlıqdan kəllə və üz skelet sümüklərinin çoxsaylı sınıqları, alt çənə sümüyünün qəlpəli sınığı, sağ kürək sümüyünün qəlpəli sınığı, sağ qamış və incik sümüklərinin yerdəyişməyən sınığı, kəllə beyin silkələnməsi xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətlərinin yetirilməsinə səbəb olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 263-1.3-cü maddəsi ilə tövsifi düzgündür. Həmçinin cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinin Yevlax Regional Qeydiyyat-İmtahan və X16 daxil olmuş 02 oktyabr 2024-cü il tarixli 3-13-16-11/2-3993/24 nömrəli məktubdan görünür ki, “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 mart 2022-ci il tarixdə X17- İmtahan və X19 Carçalov Sənan Vəkil oğlunun adına rəsmiləşdirilmiş və BD seriyalı, 204981 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sistemində olan məlumata əsasən, “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda da Carçalov Sənan Vəkil oğlunun adına qeydiyyatdadır. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində həmin avtomobili müəyyən məbləğdə pulun müqabilində aldığını, qeyd olunan avtomobil onun adına rəsmiləşdirilməsə də faktiki olaraq göstərilən avtomobilin ona məxsus olduğunu və təsvir olunan avtomobili etibarnamə olmadan idarə etdiyini qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hadisə baş verən zaman “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin Təqsirləndirilən şəxs olması qəbul edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 iyun 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ibtidai istintaq orqanına müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, 01 yanvar 2015-ci ildə doğulmuş Lamiyə Rəsulova, 12 fevral 2016-cı ildə doğulmuş Məryəm Rəsulova, 01 yanvar 2017-ci ildə doğulmuş Rabiyə Rəsulova, 01 yanvar 2018-ci ildə doğulmuş Samirə Rəsulova, 27 noyabr 2019-cu ildə doğulmuş Ceyhun Rəsulov və 06 sentyabr 2020-ci ildə doğulmuş Sübhan Rəsulov onun himyəsindədir, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, onun hadisədən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını, hadisə nəticəsində təqsirləndirilən şəxsin bacısının ölməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmənin bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələnməsi, hadisə nəticəsində bacısının ölməsi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışması, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmaması və himayəsində azyaşlı uşaqlarının olması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmənin Təqsirləndirilən şəxs 03 (üç) il sınaq müddəti ilə tətbiq edilməli olmasını məqsədəmüvafiq hesab edir. CM-in 70.4-cü maddəsinə əsasən, şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsin barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 22-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. CM-in 45.2-ci maddəsinə əsasən, şərti məhkum etmə zamanı nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. CM-in 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə müəyyən vəzifələri qoya bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Habelə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – CİM) 179-cu maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilməlidir. Həmçinin CİM-in 181-ci maddəsinə əsasən, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 21 noyabr 2024-cü il tarixli PHŞ-6847/24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Bundan savayı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə maddi sübut qismində tanınmış və Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama duracağına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama duracağında saxlanılan “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bunlarla yanaşı, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınаq müddəti ilə şərti hesаb edilsin. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış və iş yerlərini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama duracağında saxlanılan “VAZ 2101” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar