Məhkəmə qərarları › İş №1(091)-119/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-119/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-119/2023 23.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1977-ci ildə Balakən rayonu Qullar kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında Balakən rayonu Gərəkli kəndində yaşadığı evin yaxınlığındakı dağlıq ərazidən tapdığı yabanı halda bitmiş 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən 15 (on beş) ədəd toxumları yığıb yaşadığı evə gətirib gizlədib saxlamış, 2022-ci ilin mart ayının ortalarında həmin toxumları Balakən rayonu Gərəkli kəndində yerləşən evinin yaxınlığındakı X8 Qoruğuna aid dağlıq ərazidə qəsdən, qanunsuz olaraq əkərək həmin toxumlardan cücərmiş 15 (on beş) ədəd, yəni xeyli miqdarda olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, əkib-becərib yetişdirərək kultivasiya etdiyi həmin 15 (on beş) ədəd çətənə bitkilərinin üzərindən 2022-ci ilin sentyabr ayının ortalarında yararlı hissələrini toplayıb həmin yerdə qurutmaqla qəsdən, qanunsuz olaraq, vahid satış məqsədi və tamah niyyəti ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 13 kiloqram 110 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı evə gətirib 03 (üç) ədəd sellofan torbalara dolduraraq 945,0 qram, 5170,0 qram və 6995,0 qram çəkilərdə olmaqla yaşadığı evin birinci mərtəbəsində yerləşən yataq otağındakı divanın altında gizlədib satış məqsədi və tamah niyyəti ilə saxlamış, 02 yanvar 2023-cü il tarixdə axşam radələrində yaşadığı evin birinci mərtəbəsində yerləşən yataq otağındakı divanın altında 03 ədəd sellofan torbalara doldurub gizlədərək saxladığı həmin narkotik vasitə-qurudulmuş marixuananın bir hissəsini, yəni 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada olan külli miqdarda, yəni 945,0 qram çəkidəki narkotik vasitə – qurudulmuş marixuananı götürüb əynindəki qış gödəkcəsinin sol iç hissəsinə qoymaqla daşıyaraq satış məqsədi və tamah niyyəti ilə üzərində saxlamışdır. 02 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarayev X7 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 2110-dan 2145-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq üzərində 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki 01 ədəd qara rəngli sellofan torbada saxladığı külli miqdarda, yəni təmiz çəkisi 945,0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitəqurudulmuş marixuana əynindəki qış gödəkçəsinin sol iç hissəsindən aşkar edilərək götürülmüşdür. Həmçinin 02 yanvar 2023-cü il tarixdə saat 2215-dən 2320-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kəndində yerləşən yaşadığı evinə baxış keçirilən zaman onun qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq yaşadığı evin birinci mərtəbəsində yerləşən yataq otağındakı divanın altında gizlədərək saxladığı, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri -5170,0 qram və 6995,0 qram olan – ümumi təmiz çəkisi 12 kiloqram 165 qram, yəni külli miqdarda olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə – qurudulmuş marixuana, eləcə də 03 yanvar 2023-cü il tarixdə saat 0940-dan 1020-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kəndində yerləşən evinin yaxınlığındakı X8 Qoruğuna aid dağlıq əraziyə baxış keçirilən zaman onun qəsdən, qanunsuz olaraq əkib-becərib yetişdirərək kultivasiya etdiyi xeyli miqdarda, yəni 15 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin ümumi təmiz çəkiləri 325,0 qram olan 09 (doqquz) ədəd hissələri həmin ərazidən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 yaşından narkotik vasitə istifadə etməklə 02 yanvar 2023-cü il tarixdə işdən evə gələrkən cibində olan narkotik vasitənin bir qismindən istifadə etmiş, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq avtomaşına qoyduqdan sonra onu rayon Polis Şöbəsinə aparmışlar. Üzərində olan narkotik vasitəni aşkar etdikdən sonra yaşadığı evə getmişlər. Orada divanın altından aşkar olunan narkotik vasitə polis əməkdaşları tərəfindən evlərinə qoyulmuşdur. 15 ədəd əkdiyi narkotik tərkibli bitkilərdən 9 ədədi aşkar olunmuş, evində divanın altından aşkar olunan narkotik vasitələr ona məxsus olmamışdır. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında yaşadığı evin yaxınlığındakı dağlıq ərazidən tapdığı bir ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin üzərindən yığıb yaşadığı evdə gizlədib saxladığı 15 ədəd toxumları 2022-ci ilin mart ayının ortalarında yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən evinin yaxınlığındakı dağlıq ərazidə əkib-becərdikdən sonra 2022-ci ilin sentyabr ayının ortalarında həmin yetişmiş narkotik təkibli çətənə bitkilərinin yararlı hissələrindən yığaraq dağlıq ərazidə sərib qurutmuşdur. Qurutduğu narkotik vasitəni 3 ədəd qara rəngli sellofan torbalara yığaraq yaşadığı evin 1-ci mərtəbəsindəki yataq otağında olan divanın altında şəxsi istifadəsi üçün saxlamış, xx.xx.2023-cü il tarixdə evində saxladığı 1 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə - qurudulmuş marixuananı əlavə olaraq 1 ədəd göy rəngli sellofan torbaya qoyaraq evindən başqa daha təhlükəsiz yerdə gizlədib saxlamaq məqsədi ilə həmin sellofan torbanı götürərək küçəyə çıxmışdır. Yaşadığı Gərəkli kənd yolu ilə piyada getdiyi zaman Balakən rayon Polis Şöbəsinin mülki geyimdə olan əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onu Balakən RPŞ-yə dəvət etmiş, Balakən rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdfiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qış gödəkçəsinin içərisində saxladığı bir ədəd göy rəngli sellofan torbanın içərisində olan qara rəngli sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bir ədəd sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə çəkisi 995 qram təşkil etmiş, sonra həmin sellofan torba təhqiqatçı tərəfindən qablaşdırıldıqdan sonra götürülmüşdür. Şəxsi axtarış zamanı yaşadığı evdə də narkotik vasitə saxladığını bildirdiyinə görə xx.xx.2023-cü il tarixdə yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən evinə keçirilən baxış zamanı evinin birinci mərtəbəsindəki yataq otağında olan divanın altında saxladığı iki ədəd qara rəngli sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torbalardan birincisi elektron tərəzidə çəkilərkən çəkisi 5 kq 240 qram, ikinci sellofan torba isə 7 kq 60 qram təşkil etmiş, həmin sellofan torbalar da qablaşdırıldıqdan sonra götürülmüşdür. xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən müdafiəçisinin və mütəxəssis qismində dəvət edilmiş aqronomun iştirakları ilə narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi X8 Qoruğunun Balakən rayonu Gərəkli kəndi ərazisindəki dağlıq sahəyə baxış keçirilən zaman orada 2022-ci ilin mart ayının ortalarında əkib-becərdiyi 15 ədəd çətənə bitkilərindən qalan qurumuş vəziyyətdə olan 9 ədəd çətənə bitkilərinin hissələri aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin gün saat 20 radələrində Balakən rayonu Gərəkli kəndinin ərazisində saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Balakən rayon Polis Şöbəsinə dəvət edilmiş, rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sol iç hissəsində qoltuğunda saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu və çəkisinin 995 qram olduğu bir ədəd göy rəngli sellofan torbanı çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan torbanın içərisində marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitəni yaşadığı evin arxa hissəsindəki meşə tərəfdə mart ayının əvvəlində əkdiyi 15 ədəd əkdiyi narkotik tərkibli bitkilərdən əldə etdiyini, narkotik vasitənin bir hissəsini yaşadığı evdə də 2 ədəd sellofan torbada saxladığını, bildirmiş, qurudulmuş marixuanaya oxşar bitki kütləsi həmin göy rəngli sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kəndində yerləşən yaşadığı evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evin birinci mərtəbəsindəki otaqdakı divanın oturaq hissəsini qaldıraraq narkotik vasitəni həmin yerdə saxladığını bildirib divanın həmin hissəsinin altına qoyulmuş üzərləri skoçla bərkidilmiş qara rəngli iki ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaların hər birinin çəkisi müvafiq olaraq 5 kq 240 qram və 7 kq 60 qram olmaqla içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Daha sonra xx.xx.2023-cü il tarixdə saat 10 radələrində X8 Qoruğunun Balakən rayonu Gərəkli kəndi ərazisindəki dağlıq sahəyə baxış keçirilən zamanı qeyd olunan dağlıq ərazidən cəmi doqquz ədəd hündürlükləri 105 sm.-dən 110 sm.-dək olan narkotik tərkibli çətənə bitkilərinə oxşar qurumuş bitki hissələri aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Baxışda iştirak edən alim-aqronom Şahid1 aşkar edilmiş 09 ədəd bitki hissələrinin narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki hissələri olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin dağlıq ərazidə 15 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiyini, lakin onlardan yalnız 09 ədəd bitkinin qurumuş hissələrinin qaldığını, qalan bitkilərin isə məhv olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon X2 və PH qrupunun kiçik inspektoru Şahid3, X4 polis nəfəri Şahid4, Post Patrul Xidmət Bölüyünün polis nəfəri X6 və aqronom-mütəxəssis Şahid1 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 03 yanvar 2023-cü il tarixli 17/9 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki kütləsi” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada,təmiz çəkisi – 945,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar bitki kütləsi.” yazısı olan sintetik kisənin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkisi 5170,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar bitki kütləsi.” yazısı olan digər sintetik kisənin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkisi – 6995,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbada və 02 (iki) ədəd sintetik kisədə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “X8 Qoruğunun Balakən rayonu Gərəkli kəndi ərazisindəki dağlıq ərazidə aşkar edilmiş 9 ədəd çətənə bitkisinə oxşar bitki hissələri” yazısı olan sintetik kisənin içərisindəki, uzunluqları 105 sm-dən 110 sm-dək, quru vəziyyətdə ümumi çəkiləri – 325,0 qram olan 09 (doqquz) ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 79 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasından 11 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci ildə cəzası başa çatmışdır. CM-in 18.2.2-ci maddəsinə əsasən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli resdivi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış keçirilməsinə dair 02 yanvar 2023-cü il tarixli protokola və həmin protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç tərəfində saxladığı göy rəngli sellofan torbanın içərisində qara rəngli sellofan torba, həmin torbanın içərisində isə çəkisi 995 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 02 yanvar 2023-cü il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gərəkli kəndindəki evinin yataq otağındakı divanın altında içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu, müvafiq olaraq çəkilərinin 5 kq 240 qram və 7 kq 60 qram olduğu iki ədəd sellofan torba aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 03 yanvar 2023-cü il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, X8 Qoruğunun Balakən rayonu Gərəkli kəndi ərazisindən keçən dağlıq sahədə Təqsirləndirilən şəxs əkib becərdiyi doqquz ədəd hündürlükləri 105 sm-dən 110 sm-dək olan çətənə bitkilərinə oxşar bitki hissələri aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 02 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2055-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Qarayev X7 rayonu Gərəkli kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Balakən rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli, PHŞ-6-27/2- 12/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs MRX-nin poliklinika şöbəsində narkoloji və psixiatriya kabinetində qeydiyyatda yoxdur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan saxlamasına və evində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunmasına dair nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki, məhkəmə nəzarətini həyata keçirən prokurora bildirməmişdir. Bundan başqa istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilən zaman bədən səthində hər-hansı bir xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin satışına görə məhkum olunması, aşkar olunan narkotik vasitələrin miqdarı və eyni tərkibdə olması onun həmin narkotik vasitələri satış məqsədilə saxlaması qənaətinə gəlməyə əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3. və 237.1-ci maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı 02 yanvar 2023-cü il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan çəhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 02 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən rayon Polis Şöbəsində saxlanılan 13 kq 109,70 qram olan narkotik vasitə qurudulmuş marixuana və 09 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar