Məhkəmə qərarları › İş №1(091)-120/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-120/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-120/2023 06.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X13, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X8, zərərçəkmiş şəxsin hüquqi varisləri: X9 və Şahid1, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx.xx.1988-ci ildə İsmayıllı rayonu Qalacıq kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi Honda İnsight markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qohumu Şahid1 və dostu X14 ilə birlikdə 25 dekabr 2022-ci il tarixdə saat 1530 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu, Qurbanəfəndi kənd ərazisindən keçən 40-cı kilometrliyində, Qəbələ rayon istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, 1.1 üfüqi nişanlanma xəttini (bütov xətti) kəsib keçməməli, nəqliyyat vasitəsini hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol sərxoşluğu vəziyyətində idarə etməməli, avtomobili 60 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə riayət etməyib “X18” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin və 69-cü maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq ehtiyatsızlıqdan idarəetməni itirib avtomobili qarşı hərəkət zolağına çıxarmaqla həmin vaxt İsmayıllı şəhər istiqamətində hərəkətdə olan sürücü X3 idarəetdiyi BMW 320 markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun hərəkət zolağında toqquşması nəticəsində BMW 320 markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs bel fəqərəsinin fəsadlaşmayan sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət, həmin avtomobilin sürücüsü X4 döş sümüyünün soldan İİİ, İV, V, Vİ, Vİİ və Vİİİ qabırğalarının və sağ daban sümüyünün qapalı sınıqları, sol əlin İ barmağın çıxığı, başın, bədənin qançır və sıyrıqları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan və canlı şəxslərdə ağır travmatik şokla müşayiət edilən, ölümünə səbəb olan travma kompleksi nəticəsində baş vermiş ağır travmatik şok kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarət və sərnişin X5 bud sümüyünün açıq qəlpəli sınığı, sol said sümüklərinin qapalı qəlpəli sınığı, qasıq nahiyəsinin və sağ diz oynağının yarası, başın, bədənin sıyrıqları və qançırları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan, ölümünə səbəb olan travma kompleksi nəticəsində baş vermiş ağır travmatik şok kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarət yetirməklə ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını sərxoş halda pozma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 dekabr 2022-ci il tarixdə tanışı Nurlan ilə gəzmək məqsədilə İsmayıllı rayonuna getməyi qərara almış, bu məqsədlə həmin tarixdə səhər saatlarında işlədiyi Uber şirkəti tərəfindən ona verilən Honda İnsight markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı rayonuna çatdıqda xalası oğlu Anara zəng etdikdə sonuncu ona imtahanda olmasını bildirmişdir. Bundan sonra əmisi oğlugilə gedib orada bir qədər oturduqdan sonra sonuncunun qonşusunun satdığı xaski cinsindən olan bala iti almasına görə 20 manata razılaşaraq həmin iti gəlib götürəcəyini demişdir. Günorta saatlarında Anara yenidən zəng etdikdə sonuncu rayondakı “Bazarstore”nin yanında olmasını dedikdən sonra həmin yerə gedib Anarı götürmüş və yenidən əmisi oğlunun qonşusugilə gedib iti alaraq sonuncunun kartına 20 manat pul göndərəcəyini demişdir. Oradan çıxıb İsmayıllı rayonunda yol kənarında olan “Dostluq” kafesində oturub çay içdikdən sonra idarə etdiyi avtomobildə Nurlan ön oturacaqda, xalası oğlu Anar isə arxa oturacaqda əyləşməklə İsmayıllı rayonu Qalacıq kəndinin olduğu Qəbələ rayon istiqamətində hərəkətdə olan zaman musiqiyə qulaq asmışlar. İsmayıllı rayonu, Qurbanəfəndi kənd ərazisində olan zaman “Şirin su” restoranın yanında aldığı it balası qəflətən oturduğu oturacağın altına düşmüş, iti oradan götürmək istəyərkən idarəetməni itirdiyindən həmin an qəza baş vermişdir. Bundan sonra özünə gəldikdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasında olduğunu görmüş, hadisədən bir gün əvvəl spirtli içki içməklə həmin gün spirtli içki içməmişdir. Başı itə qarışdığı üçün qarşı zolağa keçdiyini xatırlamamış, sadəcə iti götürməyə çalışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum Qabil İsmayılov əri olmaqla sonuncuya məxsus BMW markalı **- OL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 25 dekabr 2022-ci il tarixdə Qəbələ rayonundan Bakı şəhərinə qayıdarkən avtomobildə ondan başqa qaynı Tərlanın qızı Şahid2 da olmuş, saat 15 radələrində əri Qabilin təxminən 55-60 km/saat sürətlə idarə etdiyi avtomobil İsmayıllı rayonu Qurbanəfəndi kənd ərazisindən keçən zaman “Şirin su” restoranına çatdıqda qarşı zolaqda hərəkətdə edən qırmızı rəngli Honda markalı avtomobilin onların hərəkət zolağına çıxaraq üstlərinə doğru gəlməsini görmüşlər. Həmin vaxt hadisələr anidən olmaqla qəza baş vermiş, əri Qabil qəzanın qarşısını almaq üçün tormoza bassa da aralarında məsafə az olduğuna görə qəzanın qarşısını ala bilməmişdir. Qəza zamanı avtomobilin ön hissəsi ilə qarşılarındakı Honda markalı avtomobilin ön hissəsi toqquşmuş və avtomobil yolun sağ kənarına istiqamətləndikdən sonra dayanmışdır. Özünə gəldikdə ona kömək edib təcili tibbi yardım avtomobilinə əyləşdirərək İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparmış, sonradan əri Qabilin öldüyünü bilmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, 25 dekabr 2022-ci il tarixdə Bakı şəhərində olarkən saat 16 radələrində əmisi ona zəng edib İsmayıllı rayonu ərazisində qarşıdan gələn avtomobilin atası Qabil İsmayılovun idarə etdiyi BMW markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yolunda digər avtomobil ilə toqquşmasını, hadisə nəticəsində atası, anası və əmisi qızı Aytacın İsmayıllı RMX-na aparılmasını bildirdikdən sonra dərhal İsmayıllı rayonuna getmiş, oraya çatdıqda atası Qabil reanimasiyada olmuş, anası və əmisı qızı xəstəxananın sarğı otağında olmuşdur. Bir neçə saat sonra atasının vəfat etməsini bilmişdir. Hadisə nəticəsində atasına məxsus BMW 320 markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi və atasının ölməsi ilə əlaqədar mənəvi ziyan olan ümumilikdə 55.000 manat dəyərində ziyanın Təqsirləndirilən şəxs tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya qarşı ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X22 ifadəsində göstərmişdir ki, mərhum Nurlan Nağıyev oğlu olmaqla 25 dekabr 2022-ci il tarixdə saat 16 radələrində telefonuna zəng gələrək oğlu Nurlanın İsmayıllı rayonu ərazisində avtoqəza nəticəsində xəsarət aldığını və xəstəxanada olduğunu dedikdən sonra dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına getmiş, xəstəxanaya çatdıqda artıq Nurlanın öldüyünü bilmişdir. Sonradan Nurlanın həmin gün Səməndər ilə Bakı şəhəri Yasamal rayonunda görüşdüklərini, Səməndərin orada pivə içdiyini, daha sonra isə yola çıxdıqlarını eşitmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya qarşı ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Qəbələ rayonundan Bakı şəhərinə qayıtmaq üçün əmisi Qabil İsmayılovun idarə etdiyi BMW markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ rayonundan Bakı şəhərinə təxminən 55-60 km/saat sürətlə gedərkən İsmayıllı rayonu Qurbanəfəndi kəndi ərazisində “Şirin su” restoranına çatdıqda qarşı zolaqda hərəkətdə edən qırmızı rəngli Honda markalı avtomobil anidən onların hərəkət zolağına çıxaraq üstlərinə doğru gəlməklə anidən həmin avtomobillə toqquşmuşlar. Məsafə az olduğuna görə əmisi Qabil qəzanın qarşısını ala bilməmiş, qəzadan sonra avtomobil yolun sağ kənarına istiqamətləndikdən sonra dayanmışdır. Özünə gəldikdə kömək edib onu təcili tibbi yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparmış, sonradan əmsi Qabilin xəstəxanada öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xalası oğlu olmaqla 25 dekabr 2022-ci il tarixdə saat 0830 radələrində 6 nömrəli tam orta məktəbdə keçiriləcək azərbaycan dili və ədəbiyyat fənləri üzrə respublika olimpiadasın iştirak etmək üçün yaşadığı İsmayıllı rayonu Qalacıq kəndindən avtobus ilə İsmayıllı şəhərinə gəlmiş, həmin vaxt xalası oğlu Səməndər ona zəng edərək harada olduğunu soruşduqda sonuncuya olimpiadada olmasını demişdir. Səməndər ona İsmayıllı şəhərinə gəldiyini, onunla görüşmək istədiyini bildirdikdə imtahanda çıxdıqdan sonra görüşməyi danışıb razılaşmışlar. İmtahandan çıxdıqdan sonra İsmayıllı şəhərində olan “Bazarstore” marketin qarşısında olan zaman Səməndərə zəng edib harada olmasını soruşmuş, sonuncu ona İsmayıllı rayonu Sumağallı kəndindən çıxdıqlarını və gəldiklərini demişdir. Bir qədər keçdikdən sonra Səməndər Honda markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oraya gəlmiş, avtomobildə Səməndərdən başqa adının sonradan Nurlan olduğunu bildiyi dostu olmuşdur. Səməndər ilə görüşdükdən sonra sonuncu İsmayıllı şəhərində Cülyan deyilən yerdən it götürəcəyini deyərək birlikdə Cülyana getmiş, orada Səməndər tanımadığı adamla görüşüb it götürdükdən sonra 20 manat pulu həmin şəxsin kartına atacağı barədə razılaşmışlar. Cülyanın yanında olan yol kənarında Dostluq kafesində oturub çay içdikdən təxminən 10-15 dəqiqə sonra yenidən avtomobilə əyləşib İsmayıllı rayonu, Qalacıq kəndində getməyi qərara almış, bu məqsədlə Səməndərin idarə etdiyi avtomobilə əyləşib yola çıxmışlar. Saat 1530 radələrində İsmayıllı rayonu Qurbanəfəndi kənd ərazisindən keçərkən başını ön sərnişin oturacağın arxa hissəsində qoyub telefonla məşğul olmuş, Nurlanla Səməndər isə avtomobildə mahnıya qulaq asmışlar. Həmin vaxt qəflətən güclü səsin gəlməsini, avtomobilin silkələnməsini hiss etmiş, huşunu itirdiyinə görə bir qədər sonra özünə gəldikdə avtomobildə heç kim olmadığını, ön sərnişin qapısının pəncərəsindən yerə düşdüyünü görmüşdür. Avtomobildən yerə düşdükdə Səməndər və Nurlanın maşının sol tərəfində yerdə uzandığını, sol tərəfdə qara rəngli BMW markalı avtomobilin olmasını və qəza baş verməsini görmüşdür. Bundan sonra isə hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir. Sonradan Səməndərin avtomaşınında qabaqda oturmuş Nurlanın və BMW markalı avtomobilin sürücüsünün öldüyünü bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, hadisə X12 avtomobil yolunun İsmayıllı rayonu, Qurbanəfəndi kənd ərazisindən keçən 40-cı kilometrliyində baş vermişdir. Avtomobil yolu 1.1 nişanlanma xətti ilə nişanlanmışdır. Hərəkət sürəti 60 km/saatdır. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, qurudur, Yolun hərəkət hissəsinin eni 8 metrdir. Yolun sol kənarında eni 2 metr sağ kənarında isə eni 2 metr enində yol çiyni vardır. Həmçinin yolun sol və sağ tərəflərində ağaclıq hissə vardır. Yolun hərəkət hissəsində tormoz və şin izi aşkar olunmamışdır. Avtomobil yolunda hər iki avtomobilə məxsus olan izlərin olması müəyyən edilməmişdir. Toqquşma yerində toqquşma baş verdikdən sonra BMW 320 markalı **-OL- *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol kənarında torpaqlıq hissədə dayanmış, Honda İnsight markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil isə toqquşma yerində dayanmışdır. Hadisə zamanı hər iki avtomobilin ön hissəsinin deformasiyaya uğraması müəyyən edilmişdir. Hər iki avtomobil yüksüz olmuş, hər iki avtomobildə 2 sərnişin olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü tarixli 38 nömrəli rəyindən görünür ki, X2 meyitində aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün açıq qəlpəli sınığı, sol said sümüklərinin qapalı qəlpəli sınığı, qasıq nahiyəsinin və sağ diz oynağının yarası, başın, bədənin, sıyrıqları və qançırları bərk küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində mərhum A.N.Nağıyevdə əmələ gələ bilərdilər, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. X2 ölümünə səbəb qeyd olunan travma kompleksi nəticəsində baş vermiş ağır travmatik şok olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü tarixli 39 nömrəli rəyindən görünür ki, X1 meyitində aşkar edilmiş xəsarətlər – döş sümüyünün soldan İİİ, İV, V, Vİ, Vİİ və Vİİİ qabırğaların və sağ daban sümüyünün qapalı sınıqları, sol əlin İ barmağın çıxığı, başın bədənin qançır və sıyrıqlarıbərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində mərhum S.Q.İsmayılovda əmələ gələ bilərdilər, canlı şəxslərdə ağır dərəcəli travmatik şokla müşayiət edildiyindən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vemriş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. X1 ölümünə səbəb qeyd olunan travma kompleksi nəticəsində baş vermiş ağır travmatik şok olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 717 nömrəli rəyindən görünür ki, 1976-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – bel fəqərəsinin fəsadlaşmayan sınığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/11 nömrəli rəyindən görünür ki, Honda İnsight markalı 99RY360 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X18” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü S.F.X20 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X18” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin(3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 4847/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı – 0.6 0/00 dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Narkoloji dispanserdən daxil olmuş məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1988-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Respublika Psixitriya Xəstəxanası X21 daxil olmuş məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhəkəmə iclasında tədqiq edilmiş Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1988ci il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ( xx.xx.2031-ci il tarixədək etibarlı olan) BB 213399 nömrəli “ B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə olan cinayət təqibi üzrə xx.xx.2011-ci il tarixdə CPMnin 40.2.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla daimi yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2013-cü ildə doğulmuş bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsinə dair 03 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 263-1.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmənin belə nəticəyə gəlməsinə təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, məhkəmətibb, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri və işdə olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Kənan İsmayılov məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək ona dəymiş 55000 manat dəyərində maddi və mənəvi zərərin ödənilməsini xahiş etmiş, məhkəmə istintaqı zamanı isə ərizə ilə müraciət edərək mülki iddiadan imtina etdiyini bildirmişdir. CPM-in 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 03 fevral 2023—cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 mülki iddiadan imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut olan BMW 320 markalı **-OL-*** dövlət qeydiyyat nişanlı və Honda İnsight markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar