Məhkəmə qərarları › İş №1(091)-122/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-122/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-122/2021 07.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 1971-ci ildə Vartaşen (Oğuz) rayonu, Bayan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Bayan kəndində qeydiyyatda olmaqla yaşamış, 13 sentyabr 2020-ci il tarixdən həbsdə olan və hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 188.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək məqsədi ilə 2020-ci ilin aprel ayının əvvəllərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X9 X4 Meşəbəyliyinə məxsus olan və 29.11.2019-cu il tarixli 07 nömrəli «meşə fondu torpaqlarının icarəyə verilməsi barədə» müqaviləyə əsasən Zərərçəkmiş şəxs 15 il müddətinə icarəyə verilmiş Oğuz rayonu ərazisində yerləşən torpaq sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 232 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, həmin çətənə bitkilərinin 156 ədədinin hissələrini istintaqa məlum olmayan vaxtda və şəraitdə toplayıb qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 49800 qram narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə etdikdən sonra həmin narkotik vasitə marixuananın 48200 qramını həmin ərazidə, qalan 1600 qramını daşıyaraq Oğuz rayonu, Bayan kəndindəki yaşadığı evin həyətində olan yardımçı tikilidə saxlamış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları tərəfindən 13 sentyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 01:20-də yaşadığı evin qarşsısında saxlanılmış və baxış zamanı fərdi yaşayış evinin həyətində olan yardımçı tikilinin içərisindəki su çəninin üzərindən sintetik torbada külli miqdarda, ümumi təmiz çəkisi 1600 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları tərəfindən 13 sentyabr 2020-ci il tarixdə saat 11:50-də Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında istifadəsində olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X9 Təsərrüfatı Mərkəzinə məxsus torpaq sahəsinə baxış keçirilərkən həmin ərazidə xüsusi qulluq göstərilərək yetişdirilib kultivasiya edilmiş 46 ədəd təmiz çəkisi 2400 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 156 ədəd təmiz çəkisi 11400 qram 10-20 sm gövdələri və kökləri olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 30 ədəd təmiz çəkisi 1600 qram kökü olmayan, mərkəzi gövdə hissəsi, kənar budaqları və yarpaqları olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və həmin sahədə çətənə bitkilərinin hissəciklərinin yığılıb qurudulması nəticəsində əldə edilmiş külli miqdarda, ümumi təmiz çəkisi 48200 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona ittiham edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuana çəkdiyinə görə 2020-ci ilin mart ayının əvvəllərində yaşadığı Oğuz rayonu Bayan kəndinin yaxınlığında yerləşən Otmanlı adlanan köhnədən bağ sahəsi olan, lakin həmin vaxtlar sıx meşəlik ərazidə həmin ərazini dəhrə ilə kol-kosdan təmizləyib orada tala hazırlamış, sonra yaşadığı evdə ştil kimi əkib bir qədər boy atmasını gözlədiyi çətənə toxumları inkişaf edib cücərdikdən sonra 2020-ci ilin aprel ayının əvvəllərində idarə etdiyi «Mersedes Benz C 230» markalı avtomobilin yük yerinə qoyub yaşadığı kəndin yaxınlığında yerləşən Otmanlı bağ sahəsinə aparıb orada hazırladığı talada əkmişdir. Bundan sonrakı dövrlərdə o, mütəmadi olaraq həmin əraziyə gedib əkdiyi çətənə bitkilərinin diblərini yumuşaldıb gübrələmişdir. Təxminən 2020-ci ilin avqust ayının sonlarında əkdiyi kolların böyük hissəsini gövdəsindən kəsib hissələrini quruması üçün yerə sərmiş, bir hissəsini isə yaşadığı evə gətirib sintetik torbada evin həyətindəki yardımçı tikilidə saxlamışdır. 13 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə televizora baxan zaman giriş darvazasının döyüldüyünü eşidib küçəyə çıxarkən giriş qapısının qarşısında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları olduğunu görmüş və həmin şəxslər ona yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlamasında şübhəli olduğunu və evinə baxış keçiriləcəyini bildirmişlər. Polis əməkdaşlarının evində saxladığı narkotik vasitəolan qurudulmuş marixuanadan xəbərləri olduğunu görüb bu barədə polis əməkdaşlarına etiraf etmiş, bundan sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə yazılı ərizə təqdim etmişdir. Bundan sonra polis əməkdaşlarına evin həyətyanı sahəsində yardımçı tikilidə saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan sintetik torbanı təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi kütləyə baxış keçirdikdən sonra onu elektron tərəzidə çəkərkən çəkisinin 1690 qram olması müəyyən edildikdən sonra onu sintetik kisəyə qoyub qablaşdırmışdır. Bundan sonra polis əməkdaşları yaşadığı evin otaqlarına və digər yardımçı tikililərə də baxış keçirsələr də bu zaman qanunla qadağan edilmiş maddə və sair əşya aşkar edilməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinə getmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra ona təyin edilmiş müdafiəçisinin şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçisinin iştirakı ilə həmin gün, polis əməkdaşları ilə birlikdə Oğuz rayonu, Bayan kəndinin yaxınlığındakı Otmanlı adlanan bağ sahəsinə qayıdaraq könüllü olaraq polis əməkdaşlarına çətənə bitkilərini əkibbecərdiyi yeri göstərmiş, polis əməkdaşları həmin əraziyə baxış keçirərkən oradan çətənə kollarını, gövədə hissəsindən budanaraq kəsilmiş çətənə kollarının köklərini, müxtəlif yerlərə sərilmiş narkotik tərkibli bitkilərin hissələri və qurudulmuş marixuanalar aşkar etmişlər. Sonra çətənə bitkiləri kökündən torpaqdan çıxarılaraq yerə sərilərək sayılmış, kollarının uzunluqları ölçülmüş, daha sonra polis əməkdaşları çətənə kollarını kisələrə yığıb kisələrin başlarını möhürləmişlər. Həmin sahədə aşkar olunmuş yerə sərilmiş çətənə bitkiləri yararsız olmuş, ona görə də 156 ədəd təmiz çəkisi 11400 qram 10-20 sm gövdələri və kökləri olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 30 ədəd təmiz çəkisi 1600 qram kökü olmayan, mərkəzi gövdə hissəsi, kənar budaqları və yarpaqları olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və həmin sahədə çətənə bitkilərinin hissəciklərinin yığılıb qurudulması nəticəsində əldə edilmiş külli miqdarda, ümumi təmiz çəkisi 48200 qram narkotik vasitə qurudulmuş marixuana üzrə ittihamı qəbul etməyərək onların yararsız olduğunu bildirmiş, evində aşkar olunmuş narkotik vasitəni isə şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin baş əməliyyat müvəkkili işlyən Şahid1 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2020-ci il tarixdə Oğuz rayonu, Bayan kənd sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etməsi və yaşadığı Bayan kəndindəki evində saxlaması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvləri olaraq birlikdə sentyabrın 12-dən 13-nə keçən gecə saat 0115 radələrində Təqsirləndirilən şəxs yaşadığı Oğuz rayonu Bayan kəndindəki evinə gedib giriş qarşısını döydükdə qapını Təqsirləndirilən şəxs özü açmış, bundan sonra onlar özlərini sonuncuya təqdim edərək gəlişlərinin səbəbini bildirib Təqsirləndirilən şəxs qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış etmişlər. Yaşadığı evə baxış keçirilməsinə etiraz edilməməsinə dair ərizə aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində inşa edilmiş yardımçı tikilidə narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf edib yardımçı tikilidə olan göy rəngli su çəninin üzərinə qoyulmuş sintetik torbanı göstərərək həmin torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin yerə baxış keçirilən zaman torbanın içərisində olan kütlənin qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmiş, elektron tərəzidə çəkilərkən ümumi çəkisinin təxminən 1700 qram olması müəyyən edilmişdir. Sonra kütlə sintetik kisəyə qoyularaq qablaşdırıldıqdan sonra götürülmüşdür. Fərdi yaşayış evinin otaqlarına və digər yardımçı tikililərə baxış keçirilsə də orada narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər maddə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə X7 Şöbəyə getmiş, orada araşdırma zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş külli miqdarda qurudulmuş marixuananı Oğuz rayonu ərazisində yerləşən Otmanlı adlanan meşədə əkdiyini və əkdiyi narkotik tərkibli bitkilərdən topladığını bildirmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə onlar əməliyyat qrupunun üzvləri olaraq Təqsirləndirilən şəxs və sonuncunun müfaiəçisi ilə birlikdə Oğuz rayonuna qayıdaraq Oğuz rayonu Bayan və Calut Bələdiyyələrinə məxsus ərazinin arasında qalan Otmanlı adlanan meşə ərazisində Təqsirləndirilən şəxs göstərməsinə əsasən kol-kosların içərisi ilə təxminən 10 metr gedildikdən sonra sıx ağaclıq və kolluqların arasında tala kimi əraziyə çatmışlar. Təqsirləndirilən şəxs həmin ərazini məhz çətənə bitkilərini əkib-becərməkdən ötrü 2020-ci ilin mart ayının əvvəllərində özü hazırladığını bildirmişdir. Aqronommütəxəssisin iştirakı ilə həmin əraziyə baxış keçirilərkən torpaqda olan çətənə bitkilərinin, gövdə hissəsindən budanaraq kəsilmiş çətənə bitkiləriinin kökləri, müxtəlif yerlərə sərilmiş çətənə bitkilərinin hissələri və qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar edilmiş, aqronom aşkar olunan kollara baxış keçirdikdən sonra sözügedən kollara aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumuşaldılaraq gübrələndiyini bildirmişdir. Sonra çətənə bitkiləri kökündən torpaqdan çıxarılaraq yerə sərilərək sayılmış və ümumi sayının 46 ədəd olması müəyyən olunmuşdur. Sonra gövədə hissəsindən budanaraq kəsilmiş çətənə bitkiləri kökündən torpaqdan çıxarılmış və ümumi sayının 156 ədəd olması müəyyən olunmuşdur. Sonra çətənə bitkiləri bir ədəd sintetik kisəyə, gövdə hissəsindən budanaraq kəsilmiş çətənə bitkiləri kökləri üç ədəd sintetik kisəyə, müxtəlif yerlərə sərilmiş çətənə bitkilərinin hissələri bir ədəd sintetik kisəyə və qurudulmuş marixuana on bir ədəd sintetik kisələrə yığılaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Aşkar olunmuş narkotik vasitə çəkildikdə çəkisinin 48200 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq 2020-ci ilin mart ayının əvvəllərində göstərdiyi ərazini təmizləyərək tala yaratdığını, həmin əraziyə 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı evdə dipçəklərdə yetişdirdiyi bitki şitillərini gətirib əkdiyini, bitkiləri iyirmi gün əvvəl doğradığını və bir hissəsini yığıb yaşadığı evə apardiğini, digər hissələrini isə bitkinin yaxınlığında yerə sərdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3, polis nəfərləri Şahid4 Azad oğlu, Şahid5 və Şahid6 eyni məzmunlu ifadələr verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2019-cu ildə tanışı Zərərçəkmiş şəxs ilə şərikli olaraq Oğuz rayonu ərazisində aqrobağ təşkil etmək məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X5 Mərkəzinə məxsus olan Otmanlı bağ sahəsini 29 noyabr 2019-cu il tarixli meşə fondu torpaqlarının icarəyə verilməsi barədə müqaviləyə əsasən 15 il müddətinə icarəyə götürmüşlər və icarə müqaviləsi Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir. Oğuz rayonu, Bayan kənd sakini Təqsirləndirilən şəxs dəfələrlə onların barəsində guya meşə sahəsini qanunsuz olaraq icarəyə götürüb ağacları məhv etməklə məşğul olmaları barədə müxtəlif dövlət orqanlarına şikayətlər etmişdir. 13 sentyabr 2020-ci il tarixdə polis əməkdaşlarının Təqsirləndirilən şəxsla icarəyə götürdüyü əraziyə gəlib və oradakı sıx ağaclığın arasından Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərini aşkar etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs tərəfindən ərazidə çətənə kolları əkilməsindən əvvəlcədən heç bir məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid7 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının 13 sentyabr 2020-ci il tarixli 16/643 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində ağ kağızda «13.09.2020-ci il tarixdə, Oğuz rayonu Calut Bələdiyyəsinə məxsus Otmanlı adlanan bağın ərazisindən götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə. » sözlər və imzalar olan 11 (on bir) ədəd sintetik kisələrdə, ayrıayrılıqda təmiz çəkiləri 2800 qram, 4250 qram, 6350 qram, 5250 qram, 3750 qram, 6250 qram, 5050 qram, 4150 qram, 3550 qram, 2850 qram və 3950 qram, ümumi təmiz çəkisi 48200 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində ağ kağızda «13.09.2020-ci il tarixdə, Oğuz rayonu, Bayan kəndində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yardımçı tikilisinin içərisindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə. » sözlər və imzalar olan bir ədəd sintetik kisədəki, digər bir ədəd sintetik torbada 1600 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində ağ kağızda «13.09.2020-ci il tarixdə, Oğuz rayonu, Calut Bələdiyyəsinə məxsus Otmanlı adlanan bağın ərazisindən götürülmüş tərkibində narkotik maddələr olan çətənə bitkilərinə bənzər 46 (qırx altı) ədəd bitkilər » yazılar və imzalar olan başa-başa kəsilmiş, bir ədəd sintetik kisıədə, sayı 46 (qırx altı) ədəd, ümumi təmiz çəkisi 2400 qram bitki nümunələri, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş üzərində ağ kağızda «13.09.2020-ci il tarixdə Oğuz rayonu Calut Bələdiyyəsinə məxsus Otmanlı adlanan bağın ərazisindən götürülmüş tərkibində narkotik maddələr olan çətənə bitkilərinin hissələri.. » yazılar və imzalar olan başa-başa kəsilmiş, bir ədəd sintetik kisədəki, sayı 30 (otuz) ədəd, ümumi təmiz çəkisi 1600 qram bitki nümunələri, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş üzərində ağ kağızda «13.09.2020-ci il tarixdə, Oğuz rayonu, Calut Bələdiyyəsinə məxsus Otmanlı adlanan bağın ərazisindən götürülmüş narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilərin hissələri...» yazılar və imzalar olan başabaşa kəsilmiş üç ədəd sintetik kisələrdəki, ümumi sayı 156 (yüz əlli altı) ədəd, ümumi təmiz çəkisi 11400 qram bitki nümunələrinin hissələri narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 noyabr 2020-ci il tarixli 3343 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-stifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X5 Mərkəzi tərəfindən təqdim edilmiş arayış və 29.11.2019-cu il tarixli 07 nömrəli «Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə müqavilə» ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkilkərini əkib becərdiyi Otmanlı bağları adlanan ərazi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X5 Mərkəzinin balansında olan və vətəndaş Zərərçəkmiş şəxs 15 il müddətinə icarəyə verilmiş torpaq sahəsidir. Məhkəmə iclasında tədqiq edilmiş 13 sentyabr 2020-ci il tarixli «baxış keçirilməsi və götürmə haqqında» protokol və ona əlavə edimiş videoçəklişin olduğu DVD diskdən müəyyən edilmişdir ki, 13 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı Oğuz rayonu, Bayan kəndindəki evinə baxış zamanı evin həyətyansı sahəsindəki yardımçı tikilidən bir ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş 13 sentyabr 2020-ci il tarixli «baxış keçirilməsi və götürmə haqqında» protokol və ona əlavə edimiş videoçəklişin olduğu DVD diskdən müəyyən edilmişdir ki, 13 sentyabr 2020-ci il tarixdə Oğuz rayonunda yerləşən Otmanlı bağı sahəsinə baxış keçirilərkən oradan xüsusi qaydada qulluq göstərməklə əkilibbecərilmiş çətənə bitkiləri və qurudulmuş marixuana aşkar olunaraq götürümüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Oğuz rayon İcra Hakimiyyəti Başçısının Bayan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Oğuz rayonu Bayan kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 13 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 sentyabr 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satış məqsədi olmadan saxlamasına və kultivasiya etdiyi sahədən aşkar edilmiş narkotik vasitələrin yararsız olmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitənin miqdarı, ayr-ayrı yerlərdə saxlanması, daşınması, məhkəmə-bioloji ekspertizasının rəyi və işdə olan digər sənədlər əsas verir. Dövlət ittihamçısı məhkəmə baxışı zamanı çıxışında Təqsirləndirilən şəxs barəsində CM-in 188.1-ci maddəsi ilə olan ittihamdan imtina etdiyini bildirmişdir. Bu səbəbdən də Cinayət-Prosessual Məcəlləsinin 41-ci maddəsinə əsasən dövlət ittihamçısı ittihamdan imtina etdiyinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir az yaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduğu CM-in 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləməməli, cəzasının əvvəli həbsə alındığı 13 sentyabr 2020-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 64,80 AZN (altmış dörd manat, səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 48199 qram və 1599,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, 76 ədəd çətənə (kannabis) bitkisi və 156 ədəd çətənə (kannabis) bitkisi məhv edilməli, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 13 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 64,80 AZN (altmış dörd manat, səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 48199 qram və 1599,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, 76 ədəd çətənə (kannabis) bitkisi və 156 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar