Məhkəmə qərarları › İş №1(091)-123/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-123/2021

23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-123/2021 23.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinnin Ağır Cinayətlər Məhkəmələrdə Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs3, xx xxxx 1958-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmayan, ünvan 1-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 oktyabr 2020-ci il tarixdə saat 15:10 radələrində idarə etdiyi "Chery Tiggo" minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı- Yevlax yolunun Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi ərazisindən keçən 261-ci kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yəni yol hərəkətinin iştirakçılarına yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün qarşı-qarşıya hərəkət zamanı avtomobilləri hərəkətləri istiqamətində hərəkət hissəsinin sağ kənarına yaxın idarə etməli, avtomobilləri qabaq sol hissələri ilə qarşı sol hərəkət zolağına çıxmaqla idarə etməli, bir-birilərinin yanından keçərkən təhlükəsiz yan məsafələrini təmin etməli və hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunu etməyərək, 60-70 km/saat sürətlə Bakı şəhər istiqamətində hərəkətdə olan zaman iki istiqaməti ayıran yol mərkəzində avtomobilin qabaq sol hissəsi ilə sürücü X12 Yevlax rayon istiqamətində 80-90 km saat sürətlə idarə etdiyi "VAZ 21144" minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan iki və daha çox şəxsin, yəni "VAZ 21144" minik markalı avtomobilin sürücüsü X12 qapalı kəllə beyin travması, beynin maddəsinə beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə qansızmalar, ənsə nahiyəsinin yarası, sol said sümüklərinin açıq sınığı, sağ bud sümüyünün qapalı sınığı ilə müşayiət edilən sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, "VAZ 21144" minik markalı avtomobildə olmuş sərnişinlər X7 döş qəfəsinin qapalı travması, döş qəfəsinin sol yarısının yumşaq toxumalarının iç səthinə qansızmalar, sol İİ-İİİ-İV-V qabırğaların yerdəyişən sınıqları, sol ağ ciyərin yuxarı və aşağı paylarının cırılması, daxili qanitirmə, sol bud sümüyünün yuxarı 1/3-nin qapalı sınığı ilə müşayiət edilən sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, X2 qarnın qapalı travması, qara ciyərin cırılması, daxili qanitirmə, sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, qarnın sağ nahiyəsinin, sağ əlin üst səthinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq təcili tibbi yardımla xəstəxanaya aparılan zaman aldığı xəsarətlərdən yolda ölməsinə, Zərərçəkmiş şəxs1 sol qalça sümüyünün, qalça qanadının, ön yuxarı tininin yerdəyişən sınığı, sol 8-10-cu qabırğaların yerdəyişən sınığı, sol qaşın bayır ucu nahiyəsinin, sol saidin aşağı 1/3-nin arxa səthinin yaraları ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, idarə etdiyi "Chery Tiggo" minik markalı avtomobildə olmuş sərnişinlər Zərərçəkmiş şəxs2 sol İİİ qabırğanın yan qövsünün yerdəyişmiş sınığı, alın nahiyəsinin, burun yəhərinin yaraları ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, Zərərçəkmiş şəxs3 sağ qaşın iç ucu nahiyəsinin yaradan sonrakı çapıqları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran xəsarətlər almasına, bundan başqa X10 məxsus "VAZ 21144" minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6858 (altı min səkkiz yüz əlli səkkiz) manat məbləğində maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hadisə günü Mingəçevir şəhərindən şəhid qohumunun dəfnindən qayıdarkən avtomobili 60-70 km/saat sürətlə idarə etdiyi zaman getdiyi istiqamətdə hərəkətdə olduğu yolun sağ tərəfi ilə avtomobili idarə etməli olduğu halda, bir az yolun orta hissəsinə yaxın idarə etmiş, necə olmuşsa həmin an qarşıdan gələn avtomobil də hərəkətdə olduğu istiqamət üzrə yolun mərkəzinə doğru istiqamətlənmiş və nəticədə yolun düz ortasında hər iki avtomobil toqquşmuşdur. Nəticədə özü də daxil olmaqla hər iki avtomobildə olan şəxslər xəsarətlər almış və xəstəxanaya çatdırılmışlar. Sonradan hadisə nəticəsində digər avtomobildə olan üç nəfər şəxsin hadisə nəticəsində vəfat etdiyini öyrənmişdir. Hazırda hər üç zərərçəkmiş şəxsin hüquqi varisi ilə, o cümlədən hadisə nəticəsində digər avtomobildə olmaqla xəsarət alan zərərçəkmiş şəxslə və öz avtomobilində olan zərərçəkmiş şəxslərlə barışmışdır. Həmin şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən həm bu halları, həm də təqaüdçü olmasını, özünün hazırda onkoloji xəstəlikdən əziyyət çəkdiyini və onsuzda ömrünə az qaldığını, oğlu və gəlininin lal və kor olmaqla əlil olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ustadır və mərhum Sərxanın evində təmir işləri aparırmış, həmçinin hadisə nəticəsində vəfat edən Oruc da Sərxanın evində təmir işləri aparmışdır. 17 oktyabr 2020-ci il tarixdə saat təxminən 08:05 radələrində o, Orxan, Sərxan və Oruc ilə birlikdə Sərxana məxsus "VAZ 21144" minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonundan Ağdaş rayonuna tikinti materialları almaq üçün yola çıxmışlar. Onlar Ağdaş rayonuna çatıb işlərini görmüşlər və tikinti materiallarını almışlar. Sonra Ağdaş rayonunda yerləşən yeməkxanada oturub yemək yemişlər, lakin spirtli içki içməmişlər. Saat təxminən 14:30 radələrində onlar kafedən çıxıb avtomobilə minmişlər. Orxan avtomobili idarə etmiş və onlar Zaqatala rayon istiqamətində hərəkətə başlamışlar. Onlar Ağdaş rayonu Nemətabad kəndi ərazisi ilə yolun sağ zolağı hərəkətdə olan zaman o, gözünü yummuşdur ki, bir az mürgüləsin. Çox keçməmiş, Orxan qışqırıb ay-ay demiş, bu zaman o gözünü açmış, həmin anda da bir avtomobil gələrək onların avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət almış və Mingəçevir xəstəxanasına aparılmışdır. Xəstəxanada ona məlum olmuşdur ki, Orxan, Sərxan və Oruc hadisə nəticəsində ölmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 1-da yaşayır. Təqsirləndirilən şəxs onun əridir. İdayətin "Chery Tiggo" minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, avtomobil onun adınadır, İdayət avtomobili etibarnamə ilə idarə etmişdir. Hadisə günü şəhid qohumlarının dəfnində iştirak etmək üçün Mingəçevir şəhərinə getmişlər. Dəfndən sonra saat təxminən 15:10 radələrində o, əri İdayət bacısı Zərərçəkmiş şəxs3 ilə birlikdə İdayətin idarə etdiyi "Chery Tiggo" minik markalı avtomobillə Mingəçevir şəhərindən Bakı şəhərinə evlərinə getmək üçün yola çıxmışlar. İdayət avtomobili idarə etmiş, o, avtomobildə qabaq sağda oturmuş, bacısı Sona isə avtomobildə onun arxasında sağda oturmuşdur. Onlar Ağdaş rayon ərazisi ilə yolun sağı ilə Bakı şəhər istiqamətində hərəkətdə olduqları vaxt, biranlıq görmüşdür ki, qarşıdan əks yolla gələn markasını və dövlət qeydiyyat nömrə nişanını sonradan bildiyi "VAZ 21144" minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən onların yoluna çıxmış və avtomobillər toqquşmuşdur. Onların avtomobili fırlanıb əks zolağın kənarında üzü Bakı şəhər istiqamətində dayanmışdır. Toqquşma nəticəsində o, əri İdayət və bacısı Sona xəsarət almışdır. Onu və bacısı Sonanı təcili tibbi yardımla Göyçay rayon xəstəxanasına aparmışlar, həkim müayinəsindən keçmişdir. İdayəti də təcili tibbi yardımla Mingəçevir rayon xəstəxanasına aparmışlar. Orada onlara məlum olmuşdur ki, onların avtomobili ilə toqquşan "VAZ 21144" minik markalı avtomobilində olan üç nəfər şəxs hadisə nəticəsində ölmüşlər. Hazırda əri olan təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisə günü şəhid qohumlarının dəfnində iştirak etmək üçün Mingəçevir şəhərinə getmişlər. Dəfndən sonra saat təxminən 15:10 radələrində o, bacısı Dilbər və onun əri İdayət ilə birlikdə İdayətin idarə etdiyi "Chery Tiggo" minik markalı avtomobillə Mingəçevir şəhərindən Bakı şəhərinə getmək üçün yola çıxmışlar. İdayət avtomobili idarə etmiş, bacısı avtomobildə qabaq sağda oturmuş, o isə avtomobildə onun arxasında sağda oturmuşdur. Onlar Ağdaş rayon ərazisi ilə Bakı şəhər istiqamətində hərəkətdə olan zaman o, fikirli halda başı aşağı, yəni yerə baxılı vəziyyətdə oturmuşdur. Həmin anda o , taqqıltı səsi eşitmiş, avtomobilin çırpıldığını hiss etmişdir. O, xəsarət almışdır. Onları tanımadığı adamlar avtomobildən çıxarmışlar, görmüşdür ki, markasını və nömrəsini sonradan bildiyi "VAZ 21144" minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. Sonradan onlara məlum olmuşdur ki, onların avtomobili ilə toqquşan "VAZ 21144" minik markalı avtomobilində olan üç nəfər şəxs hadisə nəticəsində ölmüşlər. Hazırda qohumu olan təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində göstərmişdir ki, Zaqatala rayonu Nuxax kəndində yaşayır. Sərxan Muradov onun oğlu olmuşdur və onunla birlikdə yaşamışdır. "VAZ 21144" minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun oğluna məxsus olmuşdur. 17 oktyabr 2020-ci il tarixdə saat təxminən 08 radələrində oğlu Sərxan evdə təmir işləri apardığı üçün idarə etdiyi "VAZ 21144" minik markalı avtomobillə tanışları Zaqatala rayon sakinləri X17, X6 və Zərərçəkmiş şəxs1 ilə birlikdə Ağdaş rayonuna tikinti materialları almağa getmişlər. Saat təxminən 17 radələrində ona zəng edib məlumat verib bildirmişlər ki, oğlu Sərxanın idarə etdiyi "VAZ 21144" minik markalı avtomobil Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisində qəzaya uğramışdır, oğlu Sərxan, tanışları Orxan və Oruc vəfat etmişdir, Zahiddin isə xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X15 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X1 da məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin YPX-ti alayının 8-ci tağımında inspektor vəzifəsində işləyir, polis baş serjantıdır. 17 oktyabr 2020-ci il tarixdə saat 15:10 radələrində xidməti ərazidə xidmətdə olan zaman məlumat daxil olmuşdur ki, Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi ərazisindən keçən 261-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermişdir. Məlumat alan kimi o, qeyd olunan əraziyə getmişdir. Hadisə yerinə çatanda görmüşdür ki, Yevlax rayon istiqamətinin sağında "Chery Tiggo" minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil yola doğru dayanıbdır əzilmiş vəziyyətdədir, həmin avtomobilin sürücüsü və avtomobildə olan iki qadın xəsarət almışlar. Həmin istiqamətin sağında yoldan kənarda isə yol kənarında "VAZ 21144" minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil aşdığını görmüş, avtomobilin içərisində yaralı vəziyyətdə sürücü və üç nəfər sərnişin olmuşdur. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və Fövqəladə Hallar Nazirliyinin xilasedici heyəti gəlmişdir. Təcili tibi yardım "Chery Tiggo" minik markalı avtomobilin xəsarət almış sürücüsü və iki nəfər xəsarət almış qadın sərnişinləri xəstəxanaya aparmışdır. "VAZ 21144" minik markalı avtomobildə sürücü və bir sərnişin artıq ölmüşdür, ikisi isə yaralı vəziyyətdə idi. Avtomobildə olan sürücü və sərnişinlər avtomobildən çıxarılmışdır, sağ qalmış sərnişinlər təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılmışdır. Daha sonra hadisə yerinə onun məlumatı əsasında müstəntiq Cehyun Axundov gəlmiş, onun və digər şəxslərin iştirakları ilə hadisə yerinin sxemi çəkilmişdir, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib edilmişdir, protokola və sxemə imza etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 17.10.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı- Şamaxı-Yevlax yalunun Ağdaş rayonu Yuxarı Nemətabad kənd ərazisindən keçən 261-ci kilometrliyidir. Protokola hadisə yerində çəkilmiş şəkillər və sxem əlavə olunmuşdur. (cild 01, iş vər. 8-43) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 17 oktyabr 2020-ci il tarixli 690 nömrəli aktı”ndan müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. (cild 01, iş vər. 50) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsindən verilmiş 24.10.2020-ci il tarixli, 313-4460-1220 saylı məktubdan görünür ki, sürücü Təqsirləndirilən şəxs 02.05.2016-cı il tarixdə AD seriyalı 063538 saylı "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. (cild 01, iş vər. 107) Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 16 noyabr 2020-ci il tarixli 17 nömrəli rəyindən görünür ki, X12 meyitində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, beynin maddəsinə beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə qansızmalar, ənsə nahiyəsinin yarası, sol said sümüklərinin açıq sınığı, sağ bud sümüyünün qapalı sınığı - küt alət təsirindən törənmiş, törənmə müddətləri 17.10.2020-ci il tarixə uyğundur, canlı şəxslərə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. X12 ölümünə səbəb qapalı kəllə-beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızma olmuşdur. X12 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. X12 ölümü meyitin müayinəsindən ən azı 2, ən çoxu 4 sat əvvəl baş vermişdir. X12 meyitindən götürülmüş qanda etil spirti aşkar olunmamışdır. (cild 01, iş vər. 193-196) Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 16 noyabr 2020-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, X7 meyitində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin qapalı travması, döş qəfəsinin sol yarısının yumşaq toxumalarının iç səthinə qansızmalar, sol İİ-İİİ-İV-V qabırğaların yerdəyişən sınıqları, sol ağ ciyərin yuxarı və aşağı paylarının cırılması, daxili qanitirmə (2000,0 ml-ə), sol bud sümüyünün yuxarı 1/3-nin qapalı sınığı - küt alət təsirindən törənmiş, törənmə müddətləri 17.10.2020-ci il tarixə uyğundur, canlı şəxslərə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. X7 ölümünə səbəb döş qəfəsinin ağır qapalı travması-sol ağ ciyərin yuxarı və aşağı paylarının cırılması nəticəsində törənən daxili qanitirmə olmuşdur. X7 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. X7 ölümü meyitin müayinəsindən ən azı 3, ən çoxu 6 sat əvvəl baş vermişdir. (cild 01, iş vər. 197-200) Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 16 noyabr 2020-ci il tarixli 19 nömrəli rəyindən görünür ki, X2 meyitində aşkar edilmiş xəsarətlər - qarnın qapalı travması, qara ciyərin cırılması, daxili qanitirmə (1800, ml), sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, qarnın sağ nahiyəsinin, sağ əlin üst səthinin sıyrıqları - küt alət təsirindən törənmiş, törənmə müddətləri 17.10.2020-ci il tarixə uyğundur, canlı şəxslərə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. X2 ölümünə səbəb qarnın qapalı travması, qara ciyərin cırılması, daxili qanitirmə olmuşdur. X2 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. X2 ölümü meyitin müayinəsindən ən azı 4, ən çoxu 8 sat əvvəl baş vermişdir. (cild 01, iş vər. 201-204) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 dekabr 2020ci il tarixli 739 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər sol qalça sümüyünün, qalça qanadının, ön yuxarı tininin yerdəyişən sınığı, sol 8-10-cu qabırğaların yerdəyişən sınığı, sol qaşın bayır ucu nahiyəsinin, sol saidin aşağı 1/3-nin arxa səthinin yaraları - küt alətin təsirindən törənmiş, törənmə müddətləri 17.10.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. (cild 01, iş vər. 220-222) Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 02 dekabr 2020-ci il tarixli 741 nömrəli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər - sol İİİ qabırğanın yan qövsünün yerdəyişmiş sınığı, alın nahiyəsinin, burun yəhərinin yaraları - küt alətin təsirindən törənmiş, törənmə müddətləri 17.10.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. (cild 01, iş vər. 226-228) Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 01 dekabr 2020-ci il tarixli 742 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində olan xəsarətlər sağ qaşın iç ucu nahiyəsinin yaradan sonrakı çapıqları - küt alətin təsirindən törənmiş, törənmə müddətləri 17.10.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. (cild 01, iş vər. 229-230) Cinayət işinin materiallarında olan “zərər aktı”ndan görünür ki, "VAZ 21144" minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6858 (altı min səkkiz yüz əlli səkkiz) manat məbləğində maddi zərər dəymişdir. (cild 01, iş vər. 160) Cinayət işinin materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 19 yanvar 2021-ci il l tarixli 8/2285 nömrəli rəyindən görünür ki, "Chery Tiggo" minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (cild 01, iş vər. 233-234) Cinayət işinin materiallarında olan “Cinayət təqibinə hissəvi xitam verilməsi barədə” 03.03.2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X12 əməli üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci (şəxs əməli törətdikdən sonra öldükdə) maddəsi ilə hissəvi xitam edilmişdir. (cild 02, iş vər. 32-40) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 5 saylı şəhər poliklinikası tərəfindən verilmiş 03.11.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 5 saylı şəhər poliklinikasında psixiatr müşahidəsində yoxdur. (cild 01, iş vər. 178) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 155-157) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 162) Cinayət işinin materiallarında olan 5 saylı şəhər poliklinikası tərəfindən verilmiş xəstənin tibb kartasından çıxarışlardan görünür ki, X14, 04.03.2009-cu il tarixdən 5 saylı şəhər poliklinikasında qeydiyyatdadır, xəstə anadangəlmə lal və kardır. 1993-cü ildən ömürlük 3-cü qrup əlillik dərəcəsi təyin edilib. X18 26.10.2020-ci il tarixdən 5 saylı şəhər poliklinikasında qeydiyyatdadır, xəstə anadangəlmə lal və kardır. 2003-cü ildən ömürlük 3cü qrup əlillik dərəcəsi təyin edilib. Təqsirləndirilən şəxs 03.02.2007-ci il tarixdən 5 saylı şəhər poliklinikasında onkoloji şöbədə, 19.01.2016-cı il tarixdən isə şəkərli diabet tip-2 xəstəliyi ilə endroklinoloji dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə olunan zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş 22.07.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin materiallarına əlavə olunan zərərçəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən verilmiş 22.07.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin materiallarına əlavə olunan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 22.07.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin materiallarında olan Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş ambulator kartdan arayışdan görünür ki, Təqsirləndirilən şəxs C61-prostat vəzinin bədxassəli yenitörəməsi, cT2N0M0 2-ci mərhələ, prostat vəzin xərçəngi diaqnozu qoyulmuş və cərrahi əməliyyata alınmışdır. (cild 01, iş vər. 166) Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, özünün prostat vəzinin xərçəngi xəstəliyindən və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, övladının və gəlininin lal və kar olmaqla 3-cü qrup əlil olmasını, səmimi peşmançılığını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən çoxsaylı cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cinayət hadisənin ehtiyatsızlıqdan baş verməsini və hazırda heç bir şikayət və tələbin olmamasını, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, hazırda təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və təyin olunan cəzanın da məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinin təmin edilməsi ilə cəzanın məqsədinə nail oluna bilər və bu hal Təqsirləndirilən şəxs gələcəkdə islah olunmasına xidmət edə bilər. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13.03.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər. 79-81) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə növündə əsas cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan “VAZ 21144” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı və “Chery Tiggo” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ 21144” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı və “Chery Tiggo” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfləri olan 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar