Məhkəmə qərarları › İş №1(091)-124/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-124/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-124/2022 19.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçu) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: Şahid1 Söhrab oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1999-cu ildə Balakən şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “20 yanvar dairəsi” adlanan yerdə olarkən orada yerdən taparaq satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 01 ədəd sellofan bükümdə təmiz çəkisi 9,303 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində daşıyıb həmin tarixdə Balakən şəhəri ərazisinə gətirərək saxlamış, 24 yanvar 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 0245 dəqiqədən saat 0310 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun üzərində saxlayaraq daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 9,303 qram olan psixotrop maddə metamfetamin onun əynindəki qara rəngli gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixdə istifadə etdiyi “Samsung S10” markalı mobil telefonuna ekran almaq məqsədi ilə yaşadığı Balakən şəhərindən Bakı şəhərinə getmiş, 23 yanvar 2022-ci il tarixdə axşam saatlarında yaşadığı Balakən şəhərinə gəlmək üçün taksi avtomobili tapmaq məqsədi ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “20 yanvar dairəsi” adlanan yerdə taksi avtomobili axtaran zaman qəzet köşkünün yanında yerdə 01 ədəd ağ rəngli sellofan büküm olduğunu görmüş və həmin sellofan büküm diqqətini çəkdiyi üçün əyilib yerdən götürmüşdür. Daha sonra həmin bükümü açanda içərisində psixotrop maddə metamfetamin olduğunu aşkar etmiş və bükümü dərhal əynindəki gödəkçənin sol iç cibinə qoyub həmin yerdən uzaqlaşmışdır. Bir qədər sonra isə Balakən şəhərinə gələn taksi avtomobili tapıb həmin taksi avtomobili ilə Balakən şəhərinə yola düşmüşdür. Gecə saatlarında Balakən şəhəri ərazisində yerləşən yaşadığı evin yaxınlığına gəlib çatmış, piyada yaşadığı evə doğru gedərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşaraq Polis Şöbəsinə gəldikdən sonra şübhəli şəxs kimi tutularaq dəvət edilmiş müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibində saxladığı bir ədəd sellofan bükümdəki psixotrop maddə metamfetamini təqdim etmişdir. Aşkar edilmiş 01 ədəd büküm elektron tərəzidə çəkilərkən çəkisi 11,70 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd büküm polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən heç kimə pay verməmiş və ya satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon X2rşı Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 24 yanvar 2022-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Balakən RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs həmin tarixdə gecə saatlarında Balakən şəhəri ərazisində saxlanılaraq Balakən RPŞ-nə gətirilmiş, Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sellofan bükümdə çəkisi 11,70 qram olan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək zərfə qoyulub qablaşdırılmaqla götürülmüşdür. Daxil olmuş məlumat Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması barədə olmuş, sonuncunun narkotik vasitənin satışı ilə məşğul olması barədə onda məlumat olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon X9 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid2 və ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2022-ci il tarixli 17/88 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ......" sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 9,303 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 mart 2022-ci il tarixli 290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 24 yanvar 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd bükümdə ümumi çəkisi 11,70 qram olan metamfetamin aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərsel MMC-dən daxil olmuş CD-diskə baxış keçirilməsinə dair 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, 18 dekabr 2021-ci il tarixdə X5 istifadə etdiyi 050 448-35-78 nömrəli mobil telefondan Təqsirləndirilən şəxs istifadə etdiyi 050 781-87-16 nömrəli mobil telefona “Adamın əlində p...i olanda beləmi deiwir. herenib fırlanıb dəmir qapının yenə taxta qapıya iwi düşər. Mende olanda yanımdan el çəkmirsən. ozunde var diyə ama acmirsan. Patin var diyemi qoz qoymursan” məzmunlu mesajlar yazılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Balakən şəhər İnzibati Dairəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 1-də yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 24 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0235-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu əməli satış məqsədi olmadan törtəməsinə dair nəticəyə gələrkən təqsirləndirilən şəxsdə aşkar olunmuş psixotrop maddənin yalnız bir növdə və bir bükümdə olmasını, onun psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, Təqsirləndirilən şəxs də məhz psixotrop maddə metafetaminin aşkar olunması, əvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması kimi halları nəzərə alır. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində ittiham aktı tərtib edilərkən ona “Adamın əlində p...i olanda beləmi deiwir. herenib fırlanıb dəmir qapının yenə taxta qapıya iwi düşər. Mende olanda yanımdan el çəkmirsən. ozunde var diyə ama acmirsan. Patin var diyemi qoz qoymursan” məzmunlu mesaja da istinad edilmişdir ki, həmin SMS-in mətnindən də göründüyü kimi Təqsirləndirilən şəxs müraciət edən şəxs ondan narkotik vasitə istəsə də elə həmin SMS-lə də Təqsirləndirilən şəxs narkotik vasitə verməməsinə görə öz narazılığını bildirmişdir. Bu halın özü də Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmadığını bir daha təsdiq edir. Eyni zamanda cinayət işi materiallarından görünür ki, Balakən rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi 24.01.2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq psixotrop maddə saxlamasında şübhəli olduğu göstərilmiş, həmin raportda da Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hansısa məlumat daxil edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin həmin maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 234.1-ci maddəsində azadlıqdan məhurm etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulsa da məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda əldə edib saxlamaqla daşıdığına görə bu onun əməlinin ictimai təhlükəliliyini artırır və ona məhz daha sərt olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri edir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 24 yanvar 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 24 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən Rayon Polis Şöbəsində saxlanılan 9,253 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar