Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-124/2023 26.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmə əsasən məhkumluğu ödənilməyən və ya götürülməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 1402,51 qram, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək 57,51 qram hissəsini üzərində daşımış, qalanını isə yaşadığı evdə saxlamış, xx.xx.2023-cü il tarixdə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının Ağdaş şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Ə.Bayramov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə 15:40 dəqiqədən 15:53 dəqiqəyədək üzərində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində həmin narkotik vasitədən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 57,51 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüş, daha sonra xx.xx.2023cü il tarixdə saat 16:14 dəqiqədən 16:25 dəqiqəyədək yaşadığı Ağdaş şəhəri, Ə.Bayramov küçəsi 1/1 ünvanında yerləşən yaşayış evində keçirilmiş baxış zaman sonuncunun yaşadığı evin yataq otağında yerləşən qab-qacaq dolabında saxladığı həmin narkotik vasitədən 01 ədəd sellofan torbada təmiz çəkisi 1345 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqının ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilsə də, daha sonra ümumiyyətlə özünü təqsirli bilməyərək göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdə təxminən səhər saat 10 radələrində polis əməkdaşları yaşadığı evə daxil olaraq onu polis şöbəsinə aparmışlar. Bundan sonra polis şöbəsində ona təzyiq olunmuşdur. Ona bildirmişlər ki, narkotik vasitəni boynuna aldığı təqdirdə ona CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəkdir. O da təzyiq altında olduğu üçün polis əməkdaşları ilə razılaşmışdır. Aşkar olunan narkotik vasitə ona aid olmamışdır. Polis şöbəsində ona demişlər ki, ifadəsində qeyd etməlidir ki, guya narkotik vasitəni “Padar” meşəsindən tapmışdır. O da bu məzmunda ifadə vermiş və həmin ifadəni imzalamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan narkotik vasitə ona aid olmamış, polis əməkdaşları səhər saat 10 radələrində onun evinə daxil olaraq onu polis şöbəsinə aparmış, bundan sonra ona təzyiq edərək narkotik vasitəni boynuna qoymuşlar. Yaşadığı evinə 4 nəfər polis əməkdaşı daxil olmuşdur. Polis şöbəsində ona demişlər ki, narkotik vasitəni boynuna aldığı təqdirdə ona CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəkdir. O da bununla razılaşmışdır. Polis şöbəsində onu döymüşlər. Polis əməkdaşları evinə baxış keçirmiş, evə baxış zamanı müdafiəçisi yanında olmuş, lakin adını dəqiq xatırlamır. Evindən aşkar olunan narkotik vasitə də ona aid olmamış, ümumiyyətlə onda narkotik vasitə olmamışdır. Polis əməkdaşları evə daxil olduqları vaxt evdə heç kim olmamışdır. Anası həmin vaxt marketə çörək almağa getmişdir. Təzyiq olunduğu üçün narkotik vasitəni boynuna almışdır. Ona olunan təzyiqlə bağlı heç yerə bildirməmişdir. X2 daxil olduğu vaxt da döyülməyini bildirməmişdir. O, müəssisəyə daxil olan vaxt həkim müayinəsindən keçmiş, lakin həkimə döyülməsini bildirməmişdir. Üzərinə baxışda müdafiəçisi yanında olmuş, lakin müdafiəçisinə heç nə bildirməmişdir. Polis əməkdaşları ona demişlər ki, kiməsə nə isə bildirsə, ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham veriləcəkdir. O da qorxduğu üçün heç kimə heç nə bildirməmişdir. Döyülmə faktı ilə bağlı heç kimə heç nə deməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunan ittihamda təqsirli bilərək göstərmişdir ki, təxminən 6-7 ilə yaxındır narkotik vasitə olan marixuanadan istifadə edir. Lakin narkotik vasitələrdən asılı deyil, ciyərində və bel nahiyəsində ağrılar vardır, narkotik vasitə qəbul etdikdən sonra isə həmin ağrılar sakitləşir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Ağdaş şəhəri Ə.Bayramov küçəsində olan zaman Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmçinin ona üzərində narkotik vasitə saxlaması və daşıması barədə onlarda məlumatın olmasını bildirərək onu RPŞ-nə dəvət etmişdirlər. O da polis əməkdaşları ilə razılaşmış, daha sonra Ağdaş RPŞ-nə gəlmişdir. RPŞ-də ona dövlət hesabına müdafiəçi ilə təmin olmaq hüququ izah edilmiş və o da maddi imkanı olmadığından dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirmişdir. Bundan sonra ona Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş və o, hüquqlarının dövlət hesabına müdafiə etməsi üçün Niyaz Ələkbərovun təyin edilməsi istəmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmişdir. Daha sonra RPŞ-nin növbətçi hissəsində onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində olan əşyaları stolun üzərinə qoymasını təklif etmişdir. O da həmin vaxt əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd kibrit qutusu və üzərinə “Pramida” yazılmış siqaret qutusunu stolun üzərinə qoymuşdur. Daha sonra həmin sellofan büküm açılmış və içərisindən xüsusi iyə malik, yaşıl rəngli bitki kütləsi aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 66 qram olmuşdur. Həmin sellofan büküm zərfə qablaşdırılaraq üzərinə möhür vurulmuşdur. Polis əməkdaşı həmin bitki kütləsinin nə olmasını və hansı məqsədlə üzərində saxladığını, həmçinin haradan əldə etdiyini soruşmuş, o da, polis əməkdaşına həmin bitki kütləsinin qurdulmuş marixuana olmasını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşı ondan başqa hər hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda polis əməkdaşına yaşadığı evdə də narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmişdir. Daha sonra şəxsi axtarış başa çatmış, bu barədə protokol tərtib edilmişdir. Bundan sonra onun yaşadığı Ağdaş şəhəri, Ə.Bayramov küçəsi 1/1 ünvanında yerləşən yaşayış evinə baxış keçirilməsi ona təklif edilmiş, o da buna heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə onun yaşadığı ünvana videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı o, yaşadığı evin yataq otağında gizlətdiyi 01 ədəd sellofan torbada olan narkotik vasitə qurdulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torba polis əməkdaşları tərəfindən açılmışdır. Bu zaman həmin sellofan torbanın içərisindən yaşıl rəngli, kəski iyə malik bitki kütəsi aşkar edilmiş, polis əməkdaşlarına həmin bitki kütləsinin narkotik vasitə qurudulmmuş marixuana olmasını bildirmişdir. Həmin sellofan torba elektron tərəzidə çəkilmiş və çəkisi 1 kq 453 qram olmuşdur. Sonra həmin sellofan torba qablaşdırılaraq üzərinə möhür vurdulmuşdur. Baxış bununla da başa çatmışdır. Baxışın keçirilməsinə dair protokol tərtib edilmiş və həmin protokolu imzalamışdır. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni 2022-ci ilin iyun-iyul aylarında Ağdaş rayonu ərazisində yerləşən Padar meşəsindən yığaraq qurudub əldə etmişdir. Belə ki, o, meşədən yığıb gətirdiyi narkotik vasitəni qurudaraq özü istifadə etmək üçün yaşadığı evin özünə məxsus yataq otağında gizlətmişdir. Heç kimə narkotik vasitə satmamışdır. Həmçinin, narkotik vasitəni yaşadığı evdə saxlaması barədə ailə üzvlərindən heç birinin məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamsı və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Buna gördə onun tərəfindən raportla rəisə məruzə olunaraq müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri ərazisində avtomobil ilə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Ə.Bayramov küçəsində olmasını görmüş, buna görə də dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri qanunsuz olaraq saxlaması və istifadə etməsi barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Ağdaş Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bunda sonra xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra həmin sellofan büküm açılmış və içərisindən xüsusi iyə malik, yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Bundan sonra həmin sellofan büküm içərisindəki bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 66 qram olmuşdur. Polis əməkdaşı Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olmasını və haradan əldə etməsini soruşmuş, Təqsirləndirilən şəxs də həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını və özü istifadə etmə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs onda başqa haradasa narkotik vasitə olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs də yaşadığı evdə də narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri Ə.Bayramov küçəsi 1/1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin ona məxsus yataq otağında gizlətdi 01 ədəd sellofan torbanı təqdim etmiş, həmin sellofan torba açılmış və içərisindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edilmişdir. Daha sonra həmin bitki kütləsinin olduğu sellofan torba elektron tərəzidə çəkilmiş və çəkisi 1 kq 453 qram olmuşdur. Bundan sonra həmin sellofan torba qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, ünvan 2 ünvanında yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Ağdaş şəhəri Ə.Bayramov küçəsi 1/1 ünvanında yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 15:10-da Ağdaş şəhəri Ə.Bayramov küçəsi 1/1 ünvanında yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadəsi şübhəsi ilə Ağdaş şəhəri Ə.Bayramov küçəsində saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində 01 ədəd sellofan bükümdə təmiz çəkisi 57,51 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunuşdur (cild 01, iş vər. 28, 31). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri Ə.Bayramov küçəsi 1/1 ünvanında yerləşən yaşadığı evinə baxış keçirilməsinə etiraz etməmişdir (cild 01 iş vər. 29) Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evinə video çəkilişlə baxış keçirilmiş və baxış zamanı evin yataq otağında yerləşən qab-qacaq dolabında saxladığı 01 ədəd sellofan torbada təmiz çəkisi 1345 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Baxışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunuşdur (Cild 01 iş vər. 30-31) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 17/5 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “1/imza/Təqsirləndirilən şəxs tutulmuş şəxs.2/imza/ Niyaz Ələkbərov vəkil. 3/imza/Şahid1 polis....” sözləri, adlar və imzaları yazılmış qara rəngli sellofan torbanın içərisindəki digər 01 ədəd göy-yaşıl rəngli sellofan torbada, təmiz çəkisi 1345 qram olan bitki mənşəli kütlə tərkibində narkotik narkotik tərkibli maddələrolan çətənə (kannabis) bitkisindən kustar üzulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “1/imza/Təqsirləndirilən şəxs tutulmuş şəxs.2/imza/ Niyaz Ələkbərov vəkil. 3/imza/Şahid1 polis....” sözləri, adlar və imzaları yazılmış zərfin içərisindəki 01 ədəd sarı rəngli sellofan torbada, təmiz çəkisi 57,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görəy eynidirlər (cild 01, iş vər. 37-41). Cinayət işinin materiallarında olan “Ağdaş RMX” X8 alınmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Ağdaş şəhəri Ə.Bayramov küçəsi 1/1 ünvanında yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX-nın polilinika şöbəsində “Alkoqol qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır (cild 01, iş vər. 84). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 211 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 113). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 237.1 və 234.4.3cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 121-127). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarxdə Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş şəhəri Ə.Bayramov küməsi 1/1 ünvanında yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsin yazılı ərizəsi əsasında yaşadığı Ağdaş şəhəri Ə.Bayramov küçəsi 1/1 ünvanında yerləşən evinə baxış keçirilmiş, baxış zamanı evindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı, həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması və həmin kütlənin onun üzərinə və yaşadığı evə polis əməkdaşları tərəfindən qoyulması, təzyiqə məruz qalıb etirafedici ifadələr verməsi barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışır. Belə ki, ibtidai araşdırmanın ilkin mərhələsindən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərkən, narkotik vasitə qurudulmuş marixuana aşkar olunarkən müdafiəçi daima yanında olmuş, bundan əlavə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, o cümlədən istintaq təcridxanasına qəbul olunarkən kifayət qədər şərait və imkan olduğu halda bu barədə heç nə bildirməmiş, heç bir orqana bu barədə müraciət etməmiş, istintaq təcridxanasında müayinə olunarkən üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Odur ki, məhkəmə kollegiyası şəxsin məhkəmə istintaqı zamanı həmin hissədə qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir altında qalmadan verdiyi ifadəsini əsaslı və obyektiv ifadə kimi qəbul edir və məhz həmin ifadəni ona elan olunan ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (anası ilə) birlikdə Ağdaş şəhəri Ə.Bayramov 1/1 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 95-96). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 100-102). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq müddəti ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 20). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 65-66). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1402,41 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1402,41 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-124/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-124/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver