Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-124/2025 20.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X6, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, xx xxxxxx 2007-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Yevlax şəhəri, Y.Məmmədəliyev küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 120.2.2 və 120.2.4cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə axşam saat 22 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Yevlax şəhəri, Y.Məmmədəliyev küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olarkən evin otağında bacısı, əvvəllər bir neçə dəfə evli olub boşanmış Salmanova Başxanım İlqar qızının digər bacıları Esmira Salmanova, Şahid3, Şahid2 və nənəsi Tahirə Salmanova ilə uca səslə söhbət edərək mübahisə etdiyini eşidib bacılarının nə barəsində danışmalarını dəqiq eşitmək üçün otağın pəncərəsinin qarşısına gəlmiş, oradan bacılarının danışığını dinləyərkən Başxanım Salmanovanın bacılarına azyaşlı qızını körpələr evinə qoyaraq yenidən evlənəcəyini dediyini eşidərək bunu bəhanə edib əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bacılarının və nənəsinin gözləri qarşısında bacısı Başxanım Salmanovanı qəsdən öldürmək qərarına gəlib həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə valideynlərinin yataq otağının bağlı halda olan qapısını zor tətbiq etməklə açıb otağa daxil olaraq atası Şahid1 otaqda divanın alt hissəsində sökülmüş vəziyyətdə olmaqla çantanın içərisində saxladığı, əvvəllər gördüyü, atası Şahid1 məxsus olan “İJ-27” markalı, 16 kalibrli, ********* nömrəli qoşalülə ov tüfənginin sökülmüş vəziyyətdə olan hissələrinin saxlanıldığı çantanı divanın alt hissəsindən götürüb həmin tüfəngin hissələrini birləşdirib saz vəziyyətə gətirmiş, daha sonra divanın alt hissəsində olan içərisində patronların olduğu kəmər formasındakı patron qabından iki ədəd dolu patronları çıxarıb tüfəngin içərisinə qoyaraq tüfəngi atəşə yararlı vəziyyətə gətirib tüfəngi özü ilə götürüb otaqdan çıxaraq bacılarının söhbət etdiyi otağın giriş qapısına yaxınlaşıb qapını açıb otağa daxil olaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə bacıları Esmira Salmanova, Şahid3, Şahid2 və nənəsi Tahirə Salmanovanın gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da Başxanım Salmanovaya əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək təxminən 1,5 metr məsafədən həmin tüfəngin lüləsini otaqda divarın qarşısında qaz sobasının yanında yerdə digər bacıları Esmira Salmanova, Şahid3, Şahid2 və nənəsi Tahirə Salmanovanın yanında döşəmədə oturaq vəziyyətdə olan Başxanım Salmanovanın baş nahiyəsinə tuşlayıb patronların içərisində olan qırmaların digər bacılarına da dəyib xəsarət yetirə biləcəyini dərk edərək ümumi təhlükəli üsulla qəsdən tüfəngin tətiyini basmaqla tüfəngdən bir dəfə atəş açaraq Başxanım Salmanovaya patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində qırmaların kompakt girdiyi məsafədən qırmaların təsirindən törənmiş sonuncunun ölümünə səbəb olan sağlamlığına ağır zərər vuran başın sol gicgah nahiyəsini dəlib keçən baş beynin didilib-dağılması ilə nəticələnən kor odlu silah (qırmaseçmə) xəsarətini yetirməklə xüsusi amansızlıqla, xuliqanlıq niyyəti ilə və ümumi təhlükəli üsulla Salmanova Başxanım İlqar qızını qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməyib CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 124-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, bu hadisə 14-15 yaşı olduğu vaxt baş vermiş, həmin vaxt uşaq olmuş və ölümün nə olduğunu bilməmişdir. Evə daxil olduqda bacılarının söhbət etdiyini və bacısı Başxanım Salmanovanın övladını uşaqlar evinə yerləşib evlənəcəyini dediyini eşitmiş, bacısı əvvəllər 6 dəfə qeyri-rəsmi qaydada evləndiyi, hər dəfə bir evdə 1-2 ay müddətində həmin şəxslə qaldıqdan sonra başqa şəxslə qeyri-rəsmi qaydada evləndiyi, 7ci dəfə qeyri-rəsmi qaydada evlənmək istədiyi üçün və bundan sonra da yenidən başqa şəxslə qeyri-rəsmi qaydada evlənəcəyini və bununla da bacısının onun nüfuzuna xələl gətirdiyini düşünərək əsəbləşmiş, atasının otağına gedib orada olan ov tüfənginin sökülmüş vəziyyətdə olan hissələrini birləşdirmiş və silahın patron yuvasına patronu yerləşdirmiş, lakin patronların boş olduğunu düşünmüşdür. Həmin vaxt onun niyyəti Başxanım Salmanovanı qorxutmaq olmuş, otağa daxil olduqda bacısı qorxmuş, silahı sonuncuya tərəf istiqamətləndirdikdə barmağı bilmədən tətiyə dəydiyi üçün tüfəngdən açılmış atəş nəticəsində Başxanım Salmanova ölmüş və bu zaman o, anlaqsız vəziyyətdə olmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Salmanova Başxanım İlqar qızı onun bacısı olmuş və sonuncu 6 dəfə evli olub boşanmışdır. Bacısı Başxanım Salmanova sonuncu dəfə Nurlan Salmanovla ailə həyatı qurmuş, bir müddət sonra sonuncu müddətli həqiqi hərbi xidmətə getmiş və təxminən 01 ay əvvəl həqiqi hərbi xidmət müddətini başa vurub evlərinə qayıtsa da bacısı Başxanım Salmanovanın yanına gəlməmişdir. Bacısı Başxanım Salmanova ilə münasibətləri qaydasında olmamış, sonuncu əxlaqsızlıq edərək bir neçə dəfə evlənmiş, 7ci dəfə evlənmək istəmiş və sonuncu onun tövsiyələrinə məhəl qoymamışdır. 16 fevral 2023-cü il tarixdə saat təxminən 21 radələrində evə gəlmiş və bu zaman evin otaqlarının birindən səs-küy gəldiyini eşidib pəncərəyə yaxınlaşdıqda bacısı Başxanım Salmanovanın digər bacısı Esmira Salmanova ilə söhbət etdiyini və söhbət əsnasında sonuncuya bilmədiyi şəxsin elçi gəlmək istədiyini və azyaşlı qızını körpələr evinə qoyub yenidən evlənəcəyini deməsini eşitmişdir. Bundan sonra o, bacısının əxlaqsızlıq etməsini qəbul edə bilməmiş və sonuncunu öldürmək qərarına gəlmişdir. Bu məqsədlə atası Şahid1 qaldığı otağın qapısının bağlı olduğunu görüb qapını təpik zərbəsi vurub açmış, daha sonra divanın alt hissəsindən atasına məxsus “İJ” markalı, 16 kalibrli qoşalüləli ov tüfəngini çantasından çıxarmış və hissələrə ayrılmış vəziyyətdə olan tüfəngi yığıb saz vəziyyətə gətirmişdir. Bundan sonra o, silahın yanında olan patron qabından sayını bilmədiyi patronların içərisindən 02 ədəd patronu götürərək tüfəngin içərisinə qoymuş, silahı tam hazır vəziyyətə, yəni atış vəziyyətinə gətirmiş, lakin həmin patronların yararlı vəziyyətdə olmasını və içərisində qırma olduğunu bilməmişdir. Daha sonra həmin otaqdan çıxıb bacıları Başxanım Salmanova, Esmira Salmanova, Şahid3, Şahid2 və nənəsi Tahirə Salmanovanın olduğu otağa daxil olmuş və Başxanım Salmanovanın yanına çatmağa təxminən 1,5 metr qalmış nişan almadan bacılarının və nənəsinin gözü qarşısında Başxanım Salmanovaya tərəf 01 dəfə əlində olan həmin tüfənglə atəş açmışdır. Daha sonra tüfəngi götürdüyü otağa geri qayıdaraq tüfəngi açmış, həmin vaxt 01 ədəd atılmış boş giliz və 01 ədəd dolu giliz yerə düşmüş, lakin gilizlərin haraya düşdüyünü bilməmişdir. Daha sonra əlində olan tüfəngi otaqda olan divanın yanına qoyub evdən çıxıb əmisinin yaşadığı evə gedərək bu barədə demiş, əmisi də bu haqda polisə məlumat verdiyi üçün o, özünü təqdim etmək məqsədilə orada oturub polis əməkdaşlarının evə gəlməsini gözləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Salmanova Başxanım İlqar qızı isə onun bacısı olmuşdur və əvvəllər bəzi vaxtlarda bacısı Başxanım Salmanovanın ailə həyatına görə sonuncu ilə qardaşı Təqsirləndirilən şəxs arasında mübahisə baş vermişdir. Bacısı Başxanım Salmanovanın bir qız övladı vardır, sonuncu 6 dəfə qeyri-rəsmi qaydada evlənmiş, hər dəfə bir evdə 1-2 ay müddətində qalıb başqa şəxsin yaşadığı evə getmiş, dəfələrlə suya tullanıb özünü öldürmək istədiyini və evdə qalmaq istəmədiyini bildirmişdir. O, bir neçə dəfə bacısı Başxanım Salmanovaya məsləhət vermiş, lakin sonuncu onun dediklərinə qulaq asmamış, bu məsələyə qarışmamasını və evlənən şəxsin özünün olmasını deyərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bacısı Başxanım Salmanova uşağını onların himayəsinə verərək və ya uşaq evinə yerləşdirərək yenidən evlənmək istəmişdir. Bacısı Başxanım Salmanova bir neçə dəfə tanımadığı şəxslərin evinə getdiyi üçün həmin evdə yaşayan şəxslər zəng edərək oraya gəlib bacısı aparmasını demişlər və onlar da qeyd olunan evlərə gedib bacısını yaşadıqları evə gətirmişlər. Bacısı Başxanım Salmanova hər hansı səbəb gətirməmiş, özünün bu formada istədiyini demiş və onlar da bacısının bu hərəkətlərinə görə utanmışlar. 16 fevral 2023-cü il tarixdə bacısı Şahid2 onun yaşadığı evə gələrək qardaşı Təqsirləndirilən şəxs atası Şahid1 ov silahı ilə atəş açaraq bacısı Başxanım Salmanovanı öldürdüyünü bildirmiş, o da dərhal həmin evə getmiş və oraya daxil olduqda Başxanım Salmanovanın qana bulaşmış halda yerdə uzanmış vəziyyədə olduğunu görmüşdür. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etsə də Təqsirləndirilən şəxs onun oğlu olduğunu bildirib ifadə verməkdən imtina etmiş, qeyd olunan səbəbdən onun həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Başxanım Salmanova isə onun qızı olmuş və sonuncu bir neçə dəfə evli olub boşanmışdır. Bacısı Başxanım Salmanova sonuncu dəfə Nurlan Salmanovla ailə həyatı qurmuş, bir müddət sonra sonuncu müddətli həqiqi hərbi xidmətə getmiş və həqiqi hərbi xidmət müddətini başa vurub evlərinə qayıtsa da qızı Başxanım Salmanovanın yanına gəlməmişdir. Ovçular birliyinin üzvü olmuş, 01 ədəd “İJ-27” markalı, 16 kalibrli, ********* nömrəli qoşalülə ov tüfəngi ona məxsus olmuş və həmin silah rəsmi qaydada qeydiyyata alınmışdır. O, qeyd olunan tüfəngdən ova gedən zaman müxtəlif heyvanları ovlamaq üçün istifadə etmiş və göstərilən silahı Yevlax şəhəri, Y.Məmmədəliyev küçəsi, ev 11 ünvanında yaşadığı evdə özünə məxsus ov alətlərini saxladığı otaqda olan divanın alt hissəsindəki çantanın içərisində saxlamışdır. Oğlu Təqsirləndirilən şəxs bir neçə dəfə onunla birlikdə ova getdiyi üçün silahdan atəş açmağı və silahı söküb yığmağı bacarmışdır. Əvvəllər bəzi vaxtlarda qızı Başxanım Salmanovanın ailə həyatına görə sonuncu ilə oğlu Təqsirləndirilən şəxs arasında mübahisə baş vermişdir. 16 fevral 2023-cü il tarixdə axşam vaxtı qardaşı Zakir Salmanovun yaşadığı evə getmiş və orada olan zaman qızı Şahid2 oraya gələrək Təqsirləndirilən şəxs tüfəngdən atəş açaraq Başxanım Salmanovanı öldürməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Salmanova Başxanım İlqar qızı isə onun bacısı olmuş və əvvəllər bir dəfə bacısı Başxanım Salmanovanın ailə həyatına görə sonuncu ilə qardaşı Təqsirləndirilən şəxs arasında mübahisənin baş verdiyini görmüşdür. 16 fevral 2023-cü il tarixdə axşam vaxtı evin birinci mərtəbəsində giriş hissədən sol tərəfdə yerləşən balaca otaqda bacıları Şahid3, Esmira Salmanova və Başxanım Salmanova və nənəsi Tahirə Salmanova ilə otaqda olan zaman bacısı Başxanım Salmanova onlara evlənəcəyini və uşağını onlara tapşırdığını demiş, bir neçə dəqiqə sonra qardaşı Təqsirləndirilən şəxs otağın qapısını əli ilə açıb otağa daxil olmuş və bu zaman sonuncunun əlində atası Şahid1 məxsus olan tüfəng olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs bir-iki addım irəliləyib əlində olan tüfənglə bacısı Başxanım Salmanovaya atəş açıb sonuncunu vurmuş, ardınca isə qardaşı Təqsirləndirilən şəxs otağı tərk edib əmisinin yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etsə də Təqsirləndirilən şəxs onun qardaşı olduğunu bildirib ifadə verməkdən imtina etmiş, qeyd olunan səbəbdən onun həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Salmanova Başxanım İlqar qızı isə onun bacısı olmuşdur. 16 fevral 2023-cü il tarixdə axşam vaxtı evin birinci mərtəbəsində giriş hissədən sol tərəfdə yerləşən balaca otaqda bacıları Şahid2, Esmira Salmanova və Başxanım Salmanova və nənəsi Tahirə Salmanova ilə otaqda olan zaman bacısı Başxanım Salmanova onlara evlənəcəyini və uşağını onlara tapşırdığını demiş, bir neçə dəqiqə sonra qardaşı Təqsirləndirilən şəxs otağın qapısını əli ilə açıb otağa daxil olmuş və bu zaman sonuncunun əlində atası Şahid1 məxsus olan tüfəng olmuşdur. Həmin vaxt bacısı Başxanım Salmanova otağın divarının künc hissəsinə yaxın yerdə quraşdırılmış odun sobasının yanında yerdə oturmuş, arxa tərəfi divara tərəf, ön hissəsi isə qardaşı Təqsirləndirilən şəxs tərəf olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan tüfənglə bacısı Başxanım Salmanovaya atəş açıb sonuncunu vurmuş, ardınca isə qardaşı Təqsirləndirilən şəxs otağı tərk edib getmişdir. Məhkəmə istintaqı zamanı şahid X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etsə də Təqsirləndirilən şəxs onun qardaşı olduğunu bildirib ifadə verməkdən imtina etmiş, qeyd olunan səbəbdən onun həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Salmanova Başxanım İlqar qızı isə onun bacı olmuş və əvvəllər bacısı Başxanım Salmanovanın ailə həyatına və əxlaqsız həyat tərzi keçirmək istəməsinə görə sonuncu ilə qardaşı Təqsirləndirilən şəxs arasında mübahisənin baş verdiyini görmüşdür. 16 fevral 2023-cü il tarixdə saat təxminən 21 radələrində evin birinci mərtəbəsində giriş hissədən sol tərəfdə yerləşən balaca otaqda bacıları Şahid2, Şahid3 və Başxanım Salmanova və nənəsi Tahirə Salmanova ilə otaqda olan zaman bacısı Başxanım Salmanova onlara evlənəcəyini demiş, bir neçə dəqiqə sonra qardaşı Təqsirləndirilən şəxs otağın qapısını əli ilə açıb otağa daxil olmuş və bu zaman sonuncunun əlində atası Şahid1 məxsus olan tüfəng olmuşdur. Həmin vaxt bacısı Başxanım Salmanova otaqda olan odun sobasının yanında, o isə otaqda bacıları Şahid3, Şahid2 və nənəsi Tahirə Salmanova ilə birlikdə otağa daxil olunan hissədən sol tərəfdə əyləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində olan tüfəng ilə Başxanım Salmanovanın baş nahiyəsinə bir atəş açaraq sonuncunu öldürmüş, daha sonra isə otaqdan çıxıb tüfəngi atasının otağına qoyub evi tərk etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 fevral 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə ünvan 1 ünvanında yaşayan Salmanova Başxanım İlqar qızının odlu silahdan açılan atəş nəticəsində yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 fevral 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Yevlax Rayon Mərkəzi Xəstəxanasından ünvan 2 ünvanında Salmanova Başxanım İlqar qızının odlu silahdan açılan atəş nəticəsində öldürülməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 fevral 2023-cü il tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 22:15 radələrində Yevlax Rayon Polis Şöbəsindən ünvan 3 ünvanında Salmanova Başxanım İlqar qızının yaşadığı evdə başın təpə nahiyəsindən odlu ov silahından açılmış atəş nəticəsində öldürülməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 16 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Yevlax şəhəri, Y.Məmmədəliyev küçəsi, ev 11 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evidir. Evin birinci mərtəbəsində sol tərəf istiqamətində otaq yerləşir. Otağa daxil olduqda qaz sobasından sağda mərhum Başxanım Salmanovanın meyitinin kürək nahiyəsi divara söykənmiş vəziyyətdə, həmçinin arxasıüstə uzadılmış və boynu sağ tərəfə istiqamətlənmiş vəziyyətdə olması müəyyən olunmuşdur. Meyitin üzərində tünd narıncı rəngli poliver, tünd göy rəngli qısaqol mayka, qara rəngli, üzərində naxışları olan ətəklik, qara rəngli büsqalter, boz rəngli retuz, narıncı rəngli tuman və bir cüt qırmızı rəngli corab vardır. Meyitlə sobanın ortasında, taxta döşəmə üzərində gölməçə şəkilli qanabənzər ləkə yerləşir. Həmin otaqla qarşı-qarşı dayandıqda sağ tərəf istiqamətində qonaq otağı yerləşir. Həmin otağa daxil olduqda qarşıda, sol tərəf istiqamətində 02 ədəd kreslo yerləşir. Hər iki kreslonun orta hissəsində 01 ədəd “İJ-27” markalı, 16 kalibrli, ********* nömrəli, qoşalüləli ov tüfəngi, üzərində üzlüyü olan divanın üzərində isə 01 ədəd qırmızı rəngli, 16 kalibrli giliz aşkar edilmişdir. Həmin ov tüfəngi, giliz və qanabənzər ləkələrdən nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, mərhum Salmanova Başxanım İlqar qızının meyitinə baxış keçirilən zaman sol gicgah nahiyəsində qeyri-müəyyən formalı, kənarları girintili-çıxıntılı, 7x5 sm ölçülü toxuma çatmazlığı ilə müşayiət olunan yara (giriş dəliyi) xəsarətləri aşkar edilmişdir. Baş beynin toxumasında bozumtul rəngdə deformasiyaya məruz qalmış qeyri-müəyyən formalı 03 ədəd metal hissəciklər (qırma) və 01 ədəd tıxac aşkar edilərək götürülmüşdür. Meyitin üzərində olan 01 ədəd göy rəngli donun, 01 ədəd qırmızı rəngli uzunqol sviterin, 01 ədəd ətəyin və 01 ədəd boz rəngli alt tumanının üzərində qanabənzər ləkələr vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 17 fevral 2023-cü il tarixli 39 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 17 fevral 2023-cü il tarixli, 88 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş yaşı 16-16,5 ilə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalist Tədqiqatlar İdarəsindən daxil olmuş 27 fevral 2023-cü il tarixli 23/61 a nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus əl və ovucundan götürülmüş izlərdə, göy rəngli gödəkcəsinin qollarından götürülmüş izlərdə və ov tüfənginin lüləsində tüstüsüz barıt mikrohissəcikləri aşkar olunmuşdur. Aparılmış müqayisəli tədqiqatdan belə nəticəyə gəlmək olar ki, tədqiq edilən göy rəngli gödəkçənin qol hissəsində, əl ovuc hissəsində və ov tüfənginin lüləsinin iç tərəflərində aşkar olmuş tüstüsüz barıtın fraqmentləri eyni növ barıt hissəcikləridir. Tədqiqata təqdim olunmuş maddi sübutlardan Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli gödəkçənin qollarında və ona məxsus əl ovuc sürtkü nümunələrində qismən (az miqdarda) barıt izləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli gödəkçənin qollarından götürülmüş və ona məxsus əl ovuc sürtkü nümunələrində eyni növ tüstüsüz barıt mikrohissəcikləri aşkar olunmuşdur. Bir ədəd “İJ-27” markalı, 16 kalibrli, qoşalülə ov tüfəngində atəş nəticəsində sonradan yaranan eyni növ tüstüsüz barıt mikrohissəcikləri aşkar olunmuşdur (silahdan atəş açılmışdır). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 01 mart 2023-cü il tarixli 23/178 R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ********* nömrəli silah Rusiya Federasiyasında zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli, MP- 27EM-1C modelli, hamar qoşalüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz 16 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir-boş atılmış gilizidir. Hal-hazırda atəş ücün yararsızdır. Həmin giliz 16 kalibrli, ********* nömrəli, MP-27EM-1C modelli ov tüfənginin alt lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 03 ədəd metal əşyalar (qırıntılar) zavod üsulu ilə istehsal olunmuşdur, ov patronunun içərisində yerləşən komponentlərdən biri olan atılmış qırmalardır. Hal-hazırda təyinatı üzrə istifadə üçün yararsızdırlar və döyüş sursatı hesab edilmirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd plastik əşya ov patronunun içərisində yerləşən komponentlərdən biri olan atılmış pıjdır. Hal-hazırda təyinatı üzrə istifadə üçün yararsızdır və döyüş sursatı hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-daktiloskopik ekspertizasının 07 mart 2023-cü il tarixli 23/190 R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd “İJ-27” markalı, 16 kalibrli, ********* nömrəli qoşalüləli ov tüfənginin üzərindən götürülmüş və daktiloplyonkaya köçürülmüş 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyinləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı əl izlərindən 01 ədədi ilə Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının əksinin eynilik təşkil etdiyi müəyyən edilmiş, digər eyniliklər müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13 mart 2023-cü il tarixli 08 nömrəli rəyindən görünür ki, Salmanova Başxanım İlqar qızının meyitində “başın kor odlu silah (qırma-seçmə) dəlib keçən odlu silah yarası (giriş dəliyi sol gicgah nahiyəsində), baş beynin didilib-dağılması” diaqnozu ilə, patronu qırma ilə doldurulmuş odlu silahdan qırmaların kompakt girdiyi məsafədən açılmış bir atəşin təsirindən törənmiş, həyati, ölümlə birbaşa səbəbli əlaqəli, ölüm baş verməmişdən saniyələrlə ölçülən az müddət əvvəl yetirilmiş, dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlər aşkar edilmişdir. Atəş əlavə faktorların təsir göstərmədiyi məsafədən, yəni ən azı 1,5 metrə qədər olan məsafədən açılmışdır. Atəş açılan zaman mərhum arxası üstə uzanmış vəziyyətdə olaraq, sol gicgah nahiyəsi atəş açılmış odlu silahın lüləsinin en kəsiyinə doğru olmuşdur. Xəsarətin xarakteri və yerləşdiyi nahiyə onun xəsarət aldıqdan sonra hər hansı iradi hərəkət edə bilməsini istisna edir. Onun ağız boşluğundan, uşaqlıq yolundan və düz bağırsağından götürülmüş tamponlarda spermatozoid aşkar edilməmişdir. Odlu silah yarasının istiqaməti soldan sağa, öndənarxaya, nisbətən aşağıdan-yuxarı baş beynin yumşaq toxumalarından keçmişdir. Onun meyitindən götürülmüş duru qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatında etil spirti aşkar edilməmişdir. Onun bilavasitə ölümünə səbəb həyatla bır araya sığmayan xəsarətbaş beynin didilib-dağılması ilə müşayiət olunan başın kor odlu silah (qırma) yaralanması olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 14 mart 2023-cü il tarixli 138/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Salmanova Başxanım İlqar qızının ABO sistemi üzrə qan qrupu 0-alfa,beta /İ/dir. Ekspertizaya təqdim edilən mərhum Salmanova Başxanım İlqar qızına məxsus ətək, don, jaket, lasin, tuman və çəngəlin üzərində və hadisə yerindən 01 ədəd pambıq çubuq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin əksər ləkələrdə alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri 0-alfa,beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Salmanova Başxanım İlqar qızına məxsus ola bilər. Təqdim edilən Salmanova Başxanım İlqar qızına məxsus 01 cüt corabın üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yenidən ittiham elan edilməsi haqqında 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 120.2.1, 29,120.2.7, 228.1 və 221.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək Başxanım Salmanovanı qəsdən xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla öldürdüyünü etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində öz müdafiəsi üçün dəlillər gətirib CM-in qeyd olunan maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 124-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək bu hadisənin 14-15 yaşı olduğu vaxt baş verdiyini, həmin vaxt uşaq olduğunu, ölümün nə olduğunu bilmədiyini, evə daxil olduqda bacılarının söhbət etdiyini, bacısı Başxanım Salmanovanın övladını uşaqlar evinə yerləşib evlənəcəyini dediyini eşitdiyini, bacısı əvvəllər 6 dəfə qeyri-rəsmi qaydada evləndiyi, hər dəfə bir evdə 1-2 ay müddətində həmin şəxslə qaldıqdan sonra başqa şəxslə qeyri-rəsmi qaydada evləndiyi, 7-ci dəfə qeyri-rəsmi qaydada evlənmək istədiyi üçün və bundan sonra da yenidən başqa şəxslə qeyri-rəsmi qaydada evlənəcəyini və bununla da bacısının onun nüfuzuna xələl gətirdiyini düşünərək əsəbləşdiyini, atasının otağına gedib orada olan ov tüfənginin sökülmüş vəziyyətdə olan hissələrini birləşdirdiyini, silahın patron yuvasına patronu yerləşdirdiyini lakin patronların boş olduğunu düşündüyünü, həmin vaxt onun niyyətinin Başxanım Salmanovanı qorxutmaq olduğunu, otağa daxil olduqda bacısının qorxduğunu, silahı sonuncuya tərəf istiqamətləndirdikdə barmağı bilmədən tətiyə dəydiyi üçün tüfəngdən açılmış atəş nəticəsində Başxanım Salmanovanın öldüyünü və bu zaman anlaqsız vəziyyətdə olduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən ibtidai istintaq vaxtı verdiyi ifadəsindən fərqlənən və daha çox özünü müdafiə xarakterli ifadələr versə də həm cinayət işinin ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı gəlinən nəticə ondan ibarətdir ki, məhz bacısı Başxanım Salmanova əvvəllər 6 dəfə qeyri-rəsmi qaydada evləndiyi, hər dəfə bir evdə 1-2 ay müddətindı həmin şəxslə qaldıqdan sonra başqa şəxslə qeyri-rəsmi qaydada evləndiyi, 7-ci dəfə qeyri-rəsmi qaydada evlənmək istədiyi üçün və bundan sonra da yenidən başqa şəxslə qeyri-rəsmi qaydada evlənəcəyini və bununla da bacısının onun nüfuzuna xələl gətirdiyini düşünərək əsəbləşib atasının otağına gedib orada olan silahı götürüb silahı sonuncuya tərəf istiqamətləndirib qəsdən bir dəfə atəş açmış, nəticədə Başxanım Salmanova ölmüşdür. Digər tərəfdən məhz cinayətin üsulu kimi odlu silahdan istifadə edilməsi, həyat üçün mühüm orqan olan baş nahiyəsinə zərbə vurulması və baş vermiş hadisədən bilavasitə əvvəl Başxanım Salmanovanın onun nüfuzuna xələl gətirə biləcək hərəkətləri etməsindən və sözləri deməsindən sonra sonuncuya atəç açması məhz Təqsirləndirilən şəxs Başxanım Salmanovanı qəsdən öldürməsinə dəlalət edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin təqsirinin forması (qəsdən və ya ehtiyatsızlıqdan) ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Əksinə təqsirləndirilən şəxsin təqsirinin forması (qəsdən və ya ehtiyatsızlıqdan) ilə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin, şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb birinin digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin qeyd etmək zəruridir ki, “xüsusi amansızlıq” və “ümumi təhlükəli üsul” anlayışlarına “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 8-ci bəndində aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın həmin bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin otaqda bacısı Başxanım Salmanova ilə yanaşı, digər bacıları Esmira Salmanova, Şahid3, Şahid2 və nənəsi Tahirə Salmanovanın da olduğunu görmüş, Başxanım Salmanovanın baş nahiyəsinə tuşlayıb patronların içərisində olan qırmaların digər bacılarına və nənəsinə də dəyib xəsarət yetirə biləcəyini dərk etmiş, ardınca isə Başxanım Salmanovaya məhz yaxınlarının yanında tüfəngdən qəsdən atəş açaraq sonuncunu öldürmüşdür. Digər tərəfdən isə Təqsirləndirilən şəxs Başxanım Salmanovanı məhz yaxınlarının yanında tüfəngdən qəsdən atəş açaraq öldürməklə yaxınlarına xüsusi əzab verdiyini dərk etdiyindən qeyd olunanlar onun məhz xüsusi amansızlıqla qəsdən adam öldürməsini təsdiq edir. Bununla yanaşı, Təqsirləndirilən şəxs tüfəngi qəsdən bacısı Başxanım Salmanovanın baş nahiyəsinə tuşlayıb atəş açan zaman patronların içərisində olan qırmaların digər bacılarına və nənəsinə də dəyib xəsarət yetirə biləcəyini dərk etməsi onun Başxanım Salmanovanı ümumi təhlükəli üsulla qəsdən öldürməsinə dəlalət edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin niyyəti (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə münasibətdə) ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Əksinə təqsirləndirilən şəxsin niyyəti (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə münasibətdə) ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Habelə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun əvvəllər bir neçə dəfə evli olub boşanmış bacısı Salmanova Başxanım İlqar qızının digər bacıları Esmira Salmanova, Şahid3, Şahid2 və nənəsi Tahirə Salmanova ilə uca səslə söhbət edərək mübahisə etdiyini eşidib bacılarının nə barəsində danışmalarını dəqiq eşitmək üçün otağın pəncərəsinin qarşısına gəlib oradan bacılarının danışığını dinləyərkən bacısı Başxanım Salmanovanın digər bacılarına azyaşlı qızını körpələr evinə qoyaraq yenidən evlənəcəyini dediyini eşidərək bunu bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bacılarının və nənəsinin gözləri qarşısında bacısı Başxanım Salmanovanı qəsdən öldürməsi qeyd olunmuşdur. Bununla bağlı qeyd etmək zəruridir ki, “xuliqanlıq niyyəti” anlayışına bu Qərarın 6-cı bəndində aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın həmin bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Bu Qərarın 4-cü bəndinə əsasən, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Xüsusilə vurğulanmalıdır ki, həm Təqsirləndirilən şəxs, həm də ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Gülüstan Salmanovanın ifadələrinə əsasən Başxanım Salmanovanın bir qız övladı olmuş, sonuncu qısa müddət ərzində 6 dəfə qeyri-rəsmi qaydada evlənmiş, hər dəfə bir evdə 1-2 ay müddətində qalıb başqa şəxsin yaşadığı evə getmiş, bununla bağlı bir neçə dəfə Başxanım Salmanovaya məsləhətlər verilmiş, lakin sonuncu həmin tövsiyələrə qulaq asmamış, bu məsələyə qarışılmamasını və evlənən şəxsin özünün olmasını deyərək məsləhət verən şəxslərin ünvanına nalayiq ifadələr işlətmiş, Başxanım Salmanova uşağını ailə üzvlərinin himayəsinə verərək və ya uşaq evinə yerləşdirərək yenidən evlənmək istəmiş, sonuncu bir neçə dəfə tanımadığı şəxslərin evinə getdiyi üçün həmin evdə yaşayan şəxslər tərəfindən zəng olunaraq sonuncunun evdən aparılması xahiş olunmuş və ailə üzvləri tərəfindən qeyd olunan evlərə gedilərək Başxanım Salmanova ailə üzvlərinin yaşadığı evə gətirilmiş, sonuncu hər hansı səbəb gətirməmiş, özünün bu formada istədiyini demiş və ailə üzvləri də bacısının bu hərəkətlərinə görə utanmışlar və sonuncunun bu hərəkətləri ailə üzvlərinin nüfuzuna xələl gətirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun əvvəllər bir neçə dəfə evli olub boşanmış bacısı Salmanova Başxanım İlqar qızının digər bacıları Esmira Salmanova, Şahid3, Şahid2 və nənəsi Tahirə Salmanova ilə uca səslə söhbət edərək bacılarına azyaşlı qızını körpələr evinə qoyaraq yenidən evlənəcəyini dediyini eşidərək bunu bəhanə etməsi, əslində isə bunun heç bir əsaslı səbəb olmadığı qeyd olunaraq onun xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətini törətməsi nəticəsinə gəlinmişdir. Bununla bağlı qeyd etmək zəruridir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Başxanım Salmanovanın qısa müddət ərzində 6 dəfə qeyri-rəsmi qaydada evlənməsini, hər dəfə bir evdə 1-2 ay müddətində qalıb başqa şəxsin yaşadığı evə getməsini, bununla bağlı bir neçə dəfə Başxanım Salmanovaya məsləhətlər verilməsinə baxmayaraq, sonuncunun həmin tövsiyələrə qulaq asmayaraq bu məsələyə qarışılmamasını və evlənən şəxsin özünün olmasını deyib məsləhət verən şəxslərin ünvanına nalayiq ifadələr işlətməsini, Başxanım Salmanovanın uşağını ailə üzvlərinin himayəsinə verərək və ya uşaq evinə yerləşdirərək yenidən evlənmək istəməsini, sonuncunun bir neçə dəfə tanımadığı şəxslərin evinə getməsi səbəbindən həmin evdə yaşayan şəxslər tərəfindən zəng olunaraq sonuncunun evdən aparılmasının xahiş olunmasını və ailə üzvləri tərəfindən qeyd olunan evlərə gedilərək Başxanım Salmanovanın ailə üzvlərinin yaşadığı evə gətirilməsini, nəticədə sonuncunun ailə qurmaq məqsədi olmadan etdiyi bu hərəkətlərinin ailə üzvlərinin nüfuzuna xələl gətirməsini düşünüb Başxanım Salmanovanı xuliqanlıq niyyəti ilə deyil, həmin niyyət olmadan, məhz qisas almaq məqsədilə öldürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihamdan onun xuliqanlıq niyyəti ilə Salmanova Başxanım İlqar qızını qəsdən həyatdan məhrum etməsinə, yəni qəsdən öldürməsinə dair bənd çıxarılmalı və onun törətmiş olduğu əməl CM-in 120.2.2 və 120.2.4-cü maddələrindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə axşam saat 22 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Yevlax şəhəri, Y.Məmmədəliyev küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olarkən evin otağında bacısı, əvvəllər bir neçə dəfə evli olub boşanmış Salmanova Başxanım İlqar qızının digər bacıları Esmira Salmanova, Şahid3, Şahid2 və nənəsi Tahirə Salmanova ilə uca səslə söhbət edərək mübahisə etdiyini eşidib bacılarının nə barəsində danışmalarını dəqiq eşitmək üçün otağın pəncərəsinin qarşısına gəlmiş, oradan bacılarının danışığını dinləyərkən Başxanım Salmanovanın bacılarına azyaşlı qızını körpələr evinə qoyaraq yenidən evlənəcəyini dediyini eşidərək qisas almaq məqsədilə bacılarının və nənəsinin gözləri qarşısında bacısı Başxanım Salmanovanı qəsdən öldürmək qərarına gəlib həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə valideynlərinin yataq otağının bağlı halda olan qapısını zor tətbiq etməklə açıb otağa daxil olaraq atası Şahid1 otaqda divanın alt hissəsində sökülmüş vəziyyətdə olmaqla çantanın içərisində saxladığı, əvvəllər gördüyü, atası Şahid1 məxsus olan “İJ-27” markalı, 16 kalibrli, ********* nömrəli qoşalülə ov tüfənginin sökülmüş vəziyyətdə olan hissələrinin saxlanıldığı çantanı divanın alt hissəsindən götürüb həmin tüfəngin hissələrini birləşdirib saz vəziyyətə gətirmiş, daha sonra divanın alt hissəsində olan içərisində patronların olduğu kəmər formasındakı patron qabından iki ədəd dolu patronları çıxarıb tüfəngin içərisinə qoyaraq tüfəngi atəşə yararlı vəziyyətə gətirib tüfəngi özü ilə götürüb otaqdan çıxaraq bacılarının söhbət etdiyi otağın giriş qapısına yaxınlaşıb qapını açıb otağa daxil olaraq qisas almaq məqsədilə bacıları Esmira Salmanova, Şahid3, Şahid2 və nənəsi Tahirə Salmanovanın gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da Başxanım Salmanovaya əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək təxminən 1,5 metr məsafədən həmin tüfəngin lüləsini otaqda divarın qarşısında qaz sobasının yanında yerdə digər bacıları Esmira Salmanova, Şahid3, Şahid2 və nənəsi Tahirə Salmanovanın yanında döşəmədə oturaq vəziyyətdə olan Başxanım Salmanovanın baş nahiyəsinə tuşlayıb patronların içərisində olan qırmaların digər bacılarına da dəyib xəsarət yetirə biləcəyini dərk edərək ümumi təhlükəli üsulla qəsdən tüfəngin tətiyini basmaqla tüfəngdən bir dəfə atəş açaraq Başxanım Salmanovaya patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində qırmaların kompakt girdiyi məsafədən qırmaların təsirindən törənmiş sonuncunun ölümünə səbəb olan sağlamlığına ağır zərər vuran başın sol gicgah nahiyəsini dəlib keçən baş beynin didilib-dağılması ilə nəticələnən kor odlu silah (qırmaseçmə) xəsarətini yetirməklə xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla Salmanova Başxanım İlqar qızını qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 120.2.4-cü maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, ittiham aktında Təqsirləndirilən şəxs barəsində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın müəyyən edilmədiyi qeyd edilmişdir. Halbuki CM-in 61.1.10-cu maddəsinə əsasən, cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran haldır. Bununla bağlı qeyd etmək zəruridir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 46-cı bəndində göstərilmişdir ki, CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. CM-in 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal hesab edilən bu və ya digər hal (məsələn, cinayətin ağır nəticəyə səbəb olması) təqsirləndirilən şəxsə istinad edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi göstərilmişsə (məsələn, qəsdən adam öldürmə cinayətlərində zərərçəkmişin həyatdan məhrum edilməsi), hökmdə cəzanın təyin edilməsi əsaslandırılarkən, təkrar cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Onu da nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 07 iyun 2019-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halı (cinayətlərin residivini) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti odlu silahdan istifadə etməklə törətməsi CM-in 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 fevral 2025-ci il tarixli ərizədən görünür ki, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə müraciət edərək baş vermiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Y.Məmmədəliyev küçəsi, ev 11 ünvanında yaşamışdır, təhsil aldığı və yaşadığı yerlər üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Salmanova Başxanım İlqar oğlu Yevlax şəhəri, Y.Məmmədəliyev küçəsi, ev 11 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, “Elektron prokurorluq” informasiya sistemindən çıxarılmış Təqsirləndirilən şəxs barəsində olan tələbnaməyə əsasən o, əvvəllər məhkum edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini CM-in 59.1.2-ci maddəsinə əsasən, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti odlu silahdan istifadə etməklə törətməsi CM-in 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə qeyd edir ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 06 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-in 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən, nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və miqdarı CM-in 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Bu baxımdan yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrum etmədən çox olmamalıdır. Yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 10 ildən yuxarı olduqda və belə hallarda 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən CM-in 62-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, CM-in 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Bu Qərarın 15-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-in 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrumetmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CMin 85-ci maddəsinə uyğun olaraq CM-in Xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən, CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. CM-in 85.5-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal olduğundan onun barəsində bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda yaşını, yəni yetkinlik yaşına çatmayan şəxs olmasını, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, bununla yanaşı ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisin hazırda onunla barışmasını və ondan şikayətinin və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 120.2.4-cü maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulsa da, cinayət qanunvericiliyinin tələblərindən görünür ki, yetkinlik yaşına çatmayan şəxsə ən çox on il müddətə azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. Göründüyü kimi, cinayət qanunu ilə Təqsirləndirilən şəxs barəsində təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi on illə məhdudlaşdırılmışdır. Qeyd olunanlara əsasən, hazırkı halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddə üzrə on ildən çox olmayan həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 120.2.4-cü maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 85.5.1-ci maddəsinə əsasən, ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 02 nömrəli qərarının 12-ci bəndinə əsasən, hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-in 55.1-ci maddəsi), məhkəmə CM-in 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir. Ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələri CM-in 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanlara təyin edilir. Ona görə də yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx xxxxxx 2007-ci ildə doğulmaqla, hökm çıxarılan vaxt yetkinlik yaşına çatmış şəxsdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki məhdudlaşdırıldığı qeyd olunan tarixdə saat 00:10-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında Yevlax Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 03 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 08 noyabr 2024-cü il tarixli qərarından görünür ki, əvvəli həmin tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun həbsə alındığı 08 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdən 18 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün cəzaçəkmə müddətinə daxil edilərək həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb 02 (iki) gün müəyyən olunaraq ona təyin ediləcək cəzadan çıxılmalıdır. Eləcə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 noyabr 2024-cü il tarixli 1898 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Narkoloji Dispanserinin Yevlax Rayon Narkoloji Kabinetindən daxil olmuş 03 mart 2023-cü il tarixli 426 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi olmadığından cəza çəkdiyi müddətdə bununla əlaqədar tibbi xarakterli məcburi tədbir təyin olunmamalıdır. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21 noyabr 2024-cü il tarixli 874 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. O, təsvir olunmuş cinayət hadisəsini törədərkən anlaqlı olmuşdur. O, hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. O, təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirməmişdir. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. O, cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 03 mart 2023-cü il tarixli PHŞ-1349/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə psixi pozuntu ilə bağlı tibbi xarakterli məcburi tədbir təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd göy rəngli gödəkcə və 01 ədəd boz rəngli uzunqol sviter, zərərçəkmiş şəxs Salmanova Başxanım İlqar qızının əynində olmuş 01 ədəd göy rəngli don, 01 ədəd qırmızı rəngli uzunqol sviter, 01 ədəd açıq çəhrayı, qara və mavi rənglərdən ibarət ətək, 01 ədəd boz rəngli tuman, 01 ədəd qırmızı rəngli qadın alt paltarı və 01 cüt çəhrayı rəngli corablar, zərərçəkmiş şəxs Salmanova Başxanım İlqar qızının meyitinə baxış keçirilən zaman götürülmüş 03 ədəd qırma və 01 ədəd patron pıjı, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd qan nümunəsi, 01 ədəd çəngəl, ekspertiza tədqiqatı zamanı atılmış 02 ədəd 16 kalibrli giliz, ekspertiza tədqiqatı zamanı 01 ədəd ********* nömrəli, 16 kalibrli, MP-27EM-1C modelli tüfəngin üzərindən götürülmüş əl-barmaq izi, Təqsirləndirilən şəxs əl-barmaq izləri, əllərindən götürülmüş sürtkü nümunələri, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin əks olunduğu videogörüntünün köçürüldüyü 01 CD disk, habelə cinayətin aləti olan 01 ədəd ********* nömrəli, 16 kalibrli, “İJ-27” markalı, MP-27EM- 1C modelli, hamar qoşalüləli ov tüfəngi və 01 ədəd 16 kalibrli atılmış giliz həmin tarixdə maddi sübut qismində tanınmışdır, cinayətin aləti olan 01 ədəd ********* nömrəli, 16 kalibrli, “İJ-27” markalı, MP-27EM-1C modelli, hamar qoşalüləli ov tüfəngi və 01 ədəd 16 kalibrli atılmış giliz, zərərçəkmiş şəxs Salmanova Başxanım İlqar qızının meyitinə baxış keçirilən zaman götürülmüş 03 ədəd qırma və 01 ədəd patron pıjı Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd göy rəngli gödəkcə və 01 ədəd boz rəngli uzunqol sviter, zərərçəkmiş şəxs Salmanova Başxanım İlqar qızının əynində olmuş 01 ədəd göy rəngli don, 01 ədəd qırmızı rəngli uzunqol sviter, 01 ədəd açıq çəhrayı, qara və mavi rənglərdən ibarət ətək, 01 ədəd boz rəngli tuman, 01 ədəd qırmızı rəngli qadın alt paltarı və 01 cüt çəhrayı rəngli corablar, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd qan nümunəsi, 01 ədəd çəngəl, ekspertiza tədqiqatı zamanı atılmış 02 ədəd 16 kalibrli giliz, ekspertiza tədqiqatı zamanı 01 ədəd ********* nömrəli, 16 kalibrli, MP-27EM-1C modelli tüfəngin üzərindən götürülmüş əl-barmaq izi, Təqsirləndirilən şəxs əl-barmaq izləri, əllərindən götürülmüş sürtkü nümunələri Yevlax Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılır, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin əks olunduğu videogörüntünün köçürüldüyü 01 CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, ********* nömrəli, 16 kalibrli, “İJ-27” markalı, iki lüləli ov tüfəngi Şahid1 adına rəsmiləşdirilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan cinayətin aləti olan 01 ədəd ********* nömrəli, 16 kalibrli, “İJ-27” markalı, MP-27EM-1C modelli, hamar qoşalüləli ov tüfəngi qanuni sahibi Şahid1 qaytarılsın, 01 ədəd 16 kalibrli atılmış giliz, zərərçəkmiş şəxs Salmanova Başxanım İlqar qızının meyitinə baxış keçirilən zaman götürülmüş 03 ədəd qırma və 01 ədəd patron pıjı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Yevlax Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd göy rəngli gödəkcə və 01 ədəd boz rəngli uzunqol sviter, zərərçəkmiş şəxs Salmanova Başxanım İlqar qızının əynində olmuş 01 ədəd göy rəngli don, 01 ədəd qırmızı rəngli uzunqol sviter, 01 ədəd açıq çəhrayı, qara və mavi rənglərdən ibarət ətək, 01 ədəd boz rəngli tuman, 01 ədəd qırmızı rəngli qadın alt paltarı və 01 cüt çəhrayı rəngli corablar, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd qan nümunəsi, 01 ədəd çəngəl, ekspertiza tədqiqatı zamanı atılmış 02 ədəd 16 kalibrli giliz, ekspertiza tədqiqatı zamanı 01 ədəd ********* nömrəli 16 kalibrli, MP-27EM-1C modelli tüfəngin üzərindən götürülmüş əlbarmaq izi, Təqsirləndirilən şəxs əl-barmaq izləri və əllərindən götürülmüş sürtkü nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin əks olunduğu videogörüntünün köçürüldüyü 01 CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdən 18 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün cəzaçəkmə müddətinə daxil edilərək həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb 02 (iki) gün müəyyən olunaraq ona təyin ediləcək cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 08 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan cinayətin aləti olan 01 ədəd ********* nömrəli, 16 kalibrli, “İJ-27” markalı, MP-27EM-1C modelli, hamar qoşalüləli ov tüfəngi qanuni sahibi Şahid1 qaytarılsın, 01 ədəd 16 kalibrli atılmış giliz, zərərçəkmiş şəxs Salmanova Başxanım İlqar qızının meyitinə baxış keçirilən zaman götürülmüş 03 ədəd qırma və 01 ədəd patron pıjı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Yevlax Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd göy rəngli gödəkcə və 01 ədəd boz rəngli uzunqol sviter, zərərçəkmiş şəxs Salmanova Başxanım İlqar qızının əynində olmuş 01 ədəd göy rəngli don, 01 ədəd qırmızı rəngli uzunqol sviter, 01 ədəd açıq çəhrayı, qara və mavi rənglərdən ibarət ətək, 01 ədəd boz rəngli tuman, 01 ədəd qırmızı rəngli qadın alt paltarı və 01 cüt çəhrayı rəngli corablar, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd qan nümunəsi, 01 ədəd çəngəl, ekspertiza tədqiqatı zamanı atılmış 02 ədəd 16 kalibrli giliz, ekspertiza tədqiqatı zamanı 01 ədəd ********* nömrəli, 16 kalibrli, MP-27EM- 1C modelli tüfəngin üzərindən götürülmüş əl-barmaq izi, Təqsirləndirilən şəxs əl-barmaq izləri və əllərindən götürülmüş sürtkü nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin əks olunduğu videogörüntünün köçürüldüyü 01 CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-124/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-124/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver