Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-125/2021 17.05.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rəşad Şəmşir oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət ittihamını müdafiə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx xxxx 1998-ci il tarixdə Yevlax rayonunun Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Xaldan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Yevlax rayonunun Xaldan kəndində yerləşən ictimai yer sayılan Real Səlimova məxsus çayxanada əmisi Şahid4 ilə domino oynayan Zərərçəkmiş şəxs domino daşını stolun üstünə bərk vurmasını bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan sonuncu ilə çayxananın qarşısında qəsdən mübahisə edərək öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə orada olan digər şəxslərin gözü qarşısında qəsdən yumruqla İlyas Ağakərimovun sifət nahiyəsinə bir dəfə vuraraq ona zor tətbiq etmiş, orada olan şəxslərin onu aralamasından sonra xuliqanlıq hərəkətlərini dayandırmayaraq davam etdirib çayxananın qarşı hissəsindəki yolun əks tərəfində yerləşən «Sərfəli» adlı gündəlik tələbat mallarının satışı mağasına daxil olub soyuducuda olan içərisi içki ilə dolu “Xırdalan” pivə butulkasını baş hissəsindən götürüb qəsdən arxa hissəsini yerə vurub sındırmaqla butulkanın sınmış halda olan baş hissəsindən tutub əlində saxlayaraq heç bir əsaslı səbəb olmadan qəsdən xuliqanlıq niyyəti ilə İlyas Ağakərimovu cəzalandırmaq məqsədi ilə onunla mübahisəsini davam etdirib ona qarşı nalayiq söyüşlər söyüb təhqir edərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə qəsdən istintaqla müəyyən edilməyən butulkanın sınmış halda olan kəsici hissəsi ilə sonuncunun sifət nahiyəsinə bir dəfə qəsdən vurmaqla ona sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan sol yanaqdan aşağıda qurtaran vertikal istiqamətli kəsilmiş-çapılmış yara xəsarətləri ilə müşayiət edilən sağlamlığa yüngül zərər vuran və sifətin sol yarısında alın nahiyəsindən başlayaraq sol göz alması və almacıq nahiyəsindən keçməklə sol göz almasını, sol almacıq sümüyünün zədələnməsi ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sifətinin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs İlyas Ağakərimova zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən (CM-nin 221.3-cü maddəsi ilə) təqsirli bilərək göstərdi ki, o, çayxanaya gəldiyi zaman Zərərçəkmiş şəxs ilə əmisinin orada domino oynadıqlarını görmüşdür. Zərərçəkmiş şəxs dominonu bərk vurduğuna görə domino daşları əmisinin üstünə dağılmışdır. O da buna görə ona iradını bildirməklə onunla mübahisə etmişdir. Sonra isə oradan çıxaraq marketə getmişdir. Həmin vaxt İlyasın da onun dalınca marketə gələrək onun üzərinə doğru gəldiyini görmüşdür. O da həmin vaxt İlyas qorxub getsin deyə bir ədəd şüşə «Xırdalan» pivə butulkasını götürüb sındırmışdır. Ancaq İlyas yenə də onun üstünə gəlmişdir. Onlar orada dalaşmışlar. Həmin vaxt o bilmədən şüşəni İlyasın üzünə vurmuşdur. Vurduğu şüşə İlyasın göz nahiyəsinə dəymişdir. Sonra onlar ikisi də marketdən çölə çıxmışlar. O qaçaraq hadisə yerindən uzaqlaşmış və evə getmişdir. O, butulkanı qırmaqla İlyası qorxutmaq istəmişdir. Dalaşdıqları zaman bilmədən əlindəki butulkanı ona vurmuşdur. Ona görə də, özünü yalnız CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilir, məhkəmədən zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs münasibətdə CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış və təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməllərini törətməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərdi ki, onlar çayxanada domino oynadıqları zaman domino daşını masaya bərk vurduğuna görə daşlar dağılmış və onların bir qismi Təqsirləndirilən şəxs əmisinin üstünə tökülmüşdür. Təqsirləndirilən şəxs Elvin də həmin vaxt çayxanada olduğundan bunları görüb onun üstünə gələrək iradını bildirmişdir. O, həmin vaxt Elvinə “yeri çıx get, sənlik deyil” demişdir. Elvin isə onu gözlənilmədən yumruqla vurmuşdur. Bundan sonra aralarında mübahisə yaranmış və orada olan adamlar onları ayırmışlar. Sonra Elvin oradan çıxaraq yolun digər tərəfində olan marketə getmişdir. O da nə üçün onu vurduğunu aydınlaşdırmaq üçün onun dalınca marketə girmişdir. Həmin anda Elvinin onu vuracağını gözləməmişdir. Lakin Elvin qəfildən onu əlində olan butulka sınığı ilə vurmuşdur. Sonradan onu xəstəxanaya aparmışlar və əməliyyat olunmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəyən ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, çayxanada oturaraq orada olan adamlarla domino oynayan zaman Elvinin əmisi və İlyasgil də orada olmuşlar. X7 domino daşlarının dağılması üstündə mübahisə etmişlər. Orada olan adamlar onları aralaşdırdıqdan sonra onlar çayxanadan çölə çıxmışlar. Sonra isə onlar marketə tərəf getmişlər. Hadisə marketdə baş verdiyindən o, hadisənin necə baş verdiyini görməmişdir. İlyas marketdən çıxanda üstünün qan olduğunu görmüşdür. O, hadisədən sonra İlyası xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs olan oğlu İlyasın oyun üstündə mübahisə edib dalaşdıqlarını eşitmişdir. O, işdən gələn zaman oğlu İlyasın Elvini qovduğunu görmüşdür. Belə ki, hadisə yerinə yaxın başqa bir marketdən alış-veriş edərkən orada olan satıcı çöldə nə isə hadisə baş verdiyini dedikdən sonra o, oradan çıxanda oğlu İlyası qanlı vəziyyətdə görmüşdür. O, Təqsirləndirilən şəxs oğlunu butulka ilə vurduğu anı görməmişdir. Hazırda təqsirləndrilən şəxslə və onun ailəsi ilə barışmışlar və münasibətləri normaldır. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək icraat dövründə şahid qismində verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Şahid2 həmin ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Xaldan kəndində yerləşən «Sərfəli» ərzaq mağazasında satıcı işləyir. Həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, ikisi ilə də münasibəti yaxşı olmuşdur. 02.10.2020-ci il tarixdə saat 17 radələrində mağazada olarkən Elvin mağazaya girərək soyuducudan şüşə «Xırdalan» pivəsini götürmüş və yerə vuraraq sındırmış, ona iradını bildirdikdə Elvin pulunu ödəyəcəyini demiş və həmin vaxt mağazaya daxil olan İlyasın sifət nahiyəsinə şüşənin sınmış hissəsi ilə vurmuş, Elvin mağazanın içərisindən qaçıb çölə çıxdığına görə İlyas onu tuta bilməmişdir. İlyas xəsarət aldığına görə onu xəstəxanaya aparmışlar. Mağazaya müştəri gəldiyinə görə o, mağazanın içərisinə tökülmüş qan izlərin və sınmış şüşənin hissələrini yaxınlıqda yerləşən zibilliyə atmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə 02.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs tanıdığı Təqsirləndirilən şəxs tərəfindən döyülərək Mingəçevir ŞMX-yə müraciət etməsi barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 3) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Raport”dan görünür ki, 02.10.2020-ci il tarixdə saat 18:30-da Mingəçevir şəhər X5 şöbəsinin tibb bacısı Babayevanın verdiyi məlumata əsasən Yevlax rayonunun Xaldan kəndində yaşayan 1991-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs sol üz nahiyəsinin kəsilmiş-çapılmış yarası və almacıq sümüyünün açıq sınığı xəsarəti ilə Mingəçevir ŞMX-yə daxil olmuşdur. (cild 01, iş vər. 4) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinin Yevlax rayonunun Xaldan kəndində yerləşən ictimai yer olan Real Səlimova məxsus olan çayxananın qarşısı və çayxananın qarşı hissəsindəki yolun əks tərəfində yerləşən «Sərfəli» adlı gündəlik tələbat mallarının satışı mağasının içərisi olduğu müəyyən edilmişdir. Hadisə yerinə dair müvafiq fotoşəkillər, həmçinin hadisə yeri olan «Sərfəli» marketdə quraşdırılan videokameranın hadisəni qeydə alan görüntülərinin əks olunduğu CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 06-13) Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” 03 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi hadisə yerində bir daha yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani şəkildə göstərməklə təsvir etmişdir. Müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 40-46) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 16 noyabr 2020-ci il tarixli 710 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs «sol yanağın, sol qaşın kəsilmiş yaraları, sol gözün travmatik kataraktası (OS-0,09), sol almacıq sümüyünün sınığı» iti kənarları alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 02.10.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətlərə görə dərəcəsi sağlamlığa az ağır zərərvuran xəsarətlərə aid edilir. (cild 01 iş vər. 94-95.) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon məhkəmə-tibb ekspertizasının 08 fevral 2021-ci il tarixli 21/2021 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs sifətin sol yarısında alın nahiyəsindən başlayaraq sol göz alması və almacıq nahiyəsindən keçməklə sol göz almasını, sol almacıq sümüyünü zədələyərək sol yanaqdan aşağıda qurtaran vertikal istiqamətli kəsilmiş-çapılmış yara olmuşdur. Qeyd edilən xəsarəti iti uclu və ya kənarlı əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi kimi sınmış şüşə qabla yetirilən zərbə nəticəsində yarana bilərdi, yetirilmə müddəti 02.10.2020-ci ilə uyğun gəlir, dərəcəsinə görə kəsilmiş-çapılmış yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sol göz alması və sol almacıq sümüyünün zədələnməsi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs sifətində olan çapıq hal-hazırda sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından silinməz hesab edilir. (cild 01 iş vər. 124-128) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə baş vermiş Yevlax rayonunun Xaldan kəndində yerləşən “Sərfəli” mağazada olan müşahidə kamerasından götürülmüş videoyazıya baxış keçirən zaman müəyyən olundu ki, videoyazıda 01-ci dəqiqənin 04-cü saniyəsində Təqsirləndirilən şəxs marketə girməsi və soyuducudan şüşə butulkanı götürməsi və 01-ci dəqiqənin 12-ci saniyəsində ardınca içəri daxil olan Zərərçəkmiş şəxs vurması uzaqdan müşahidə olunur. Bundan sonra isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqib edərək kameranın qarşısından keçərək marketi tərk etmələri müşahidə olunur. (Cild 01, iş vər. 46) Cinayət işinin materiallarında olan 31.03.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə aparılmış ibtidai istintaq nəticəsində Təqsirləndirilən şəxs barəsində CM-nin 126.2.1 və 126.2.2-ci maddələri ilə, o cümlədən Zərərçəkmiş şəxs barəsində CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 02, iş vər. 170-179) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərərvurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərərvurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. CM-nin 126.1-ci maddəsində isə göstərilmişdir ki, insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma qəsdən sağlamlığa ağır zərər vurmanı ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nda həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlər sadalanmış və həmin xəsarətlərə həmçinin sifətdə bərpa olunmayan xəsarətlər də aid edilmişdir. Sözügedən qərarın qeyd hissəsində göstərilmişdir ki, sifətdə bərpa olunmayan xəsarətlər dedikdə sifətdə, eləcə də qulaq seyvanında vaxt keçdikcə bərpa olunmayan və onların aradan qaldırılması üçün cərrahi müdaxilə (plastik və rekonstruktiv əməliyyatlar) tələb olunan patoloji dəyişikliklər (çapıqlar, burnun və qulağın hissəvi, eləcə də tam amputasiyaları, deformasiya, mimika və çeynəmə pozuntuları, kəskin nəzərə çarpan asimmetriya və s.) nəzərdə tutulur. Hazırkı iş üzrə müdafiə və ittiham tərəfinin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə cinayət işinin materiallarında yer alan sübutları, o cümlədən hadisə yerini əks etdirən video görüntülərdə olanları qarşılıqlı şəkildə araşdıran məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs şüşə butulkadan silah qismində istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, eyni zamanda xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına faktiki olaraq az ağır zərər vurmuşdur. Lakin yetirilən xəsarət az ağır olsa da, qeyd edilən xəsarət zərərçəkmiş şəxsin sifətində silinməz dərəcədə eybəcərləşdirmə yaratdığından və gələcəkdə həmin xəsarətlərin aradan qaldırılması üçün cərrahi müdaxiləyə ehtiyac olduğundan, ibtidai istintaq orqanı haqlı olaraq onun əməlini qəsdən sağlamlığa ağır zərərvurmanı nəzərdə tutan CM-nin 126-cı maddəsi ilə tövsif etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər ibtidai istintaq orqanı tərəfindən CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən təqsirli şəxs tərəfindən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Yevlax rayonunun Xaldan kəndində yerləşən evdə yaşayır. Onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. (cild 01, iş vər. 76) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (cild 02, iş vər. 82) Beləliklə, məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət səciyyələnməsini və ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlin ağır cinayətlər kateqoriyasına aid olmasını, cinayət törədən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda CM-nin 126.2.4-cü maddəsi ilə təyin olunacaq cəzaya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60cı maddəsinin tələblərini də nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təyin olunan azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 29) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin qərarından görünür ki, 04 oktyabr 2020-ci il tarixdə əvvəli tutulduğu andan, yəni 02 oktyabr 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 61-63) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbs saxlanılması müddəti 2 ay uzadılmışdır. (cild 01, iş vər. 119-120) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 30 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə zalında həbsdən azad edilmişdir. (cild 01, iş vər. 122-123) Cinayət işinin materiallarında olan 27 fevral 2021-ci il tarixli Yevlax Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 2 ay uzadılmışdır. (cild 01, iş vər. 161-164) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 02.10.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. İş üzrə mülki iddianın, maddi sübutun və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət cəzasına hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 02.10.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-125/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-125/2021
17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver