Məhkəmə qərarları › İş №1(091)-126/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-126/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-126/2023 17.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmış, Qobustan Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi olan 29 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq külli miqdar hesab edilən 2,854 qram çəkidə narkotik vasitə olan heroin əldə edib 01 ədəd bükümdə qablaşdırıb üzərində daşıyaraq saxlamış, 14 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək şöbənin növbətçi hissəsində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində bir ədəd sellofan bükümdə qablaşdırılmış külli miqdar hesab edilən, təmiz çəkisi 2,854 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə axşam saat 11 radələrində istifadəsində olan mobil nömrəyə qonşusu Samir Məmmədov zəng etmiş, telefonu götürmədiyi üçün qonşusu Samir mesaj yazaraq, ona məxsus maşının təkərinin partladığını və köməyə ehtiyacının olduğunu bildirmişdir. O da öz növbəsində qonşusu olduğu üçün, kömək etmək məqsədilə onun harada olduğunu soruşmuş və bundan sonra qonşusuna kömək etmək üçün küçəyə çıxmışdır. Həmin vaxt üzərində telefonu, pul qabı, pul kartı, siqaret, alışqan və fənər olmuşdur. Yenicə küçəyə çıxıb evindən 10-15 metr uzaqlaşmış ki, yanında əvvəllər görmədiyi bir maşın dayanmışdır. Həmin maşında olan şəxslər özlərini təqdim etmədən, ona təzyiq göstərərək maşına əyləşdirmişlər. Bundan sonra onu polis şöbəsinə, müavinin otağına aparmışlar. Həmin vaxt əgər səhv etmirsə, otaqda 11-12 nəfər polis əməkdaşı olmuşdur. Otaqda olduğu zaman tanımadığı şəxs özünü polis polkovnik-leytenantı kimi qələmə verib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən gəldiyini və onun içəriyə gedəcəyini bildirmişdir. Polis əməkdaşları ona mesaj yazdırdıqları qonşusunu saxlamaq istədikləri zaman qonşusu Samir Məmmədovun qaçaraq Göyçay rayon prokurorluğuna daxil olduğunu və qışqıraraq üzərində hər hansı bir narkotik vasitə olmadığını bildirdiyini qeyd etmişlər. Belə ki, Samir prokurorluqda üzərinə baxış keçirmələrini xahiş etmiş, bundan sonra, prokurorluqda Samirin üzərinə şəxsi axtarış keçirmişlər. Samirin üzərindən qanunsuz heç nə aşkar edilmədiyi üçün, polis əməkdaşları oradan uzaqlaşmışdır. Otaqda olduğu zaman Rasim müəllim ona bildirmiş ki, ona bir şərtlə köməklik edə bilər ki, desin ki, güya o, 20 manat pul müqabilində Samirdən narkotik vasitə almışdır. Əlavə olaraq bildirmişdir ki, belə dediyi təqdirdə CM-in 234.1-ci maddəsi ilə ona ittiham veriləcəkdir. O da belə bir hadisə olmadığı üçün deyə bilməyəcəyini bildirmişdir. Bundan sonra ona polis əməkdaşları təzyiq göstərmişlər. Səmimi olaraq etiraf edir ki, narkotik vasitədən istifadə etmiş, lakin həmin gün üzərində narkotik vasitə olmamışdır. Bundan sonra ona demişlər ki, ona CM-in 234.1ci maddəsi ilə ittiham veriləcəkdir. Hətta ittihamı daha da qüvvətləndirmək üçün polis əməkdaşları onun mobil telefonundan mesaj yazmışlar ki, güya ona narkotik vasitə lazımdır. Həmin mesajlar evdəkilərin mobil telefonunda vardır. Onun üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Polis əməkdaşları onu döymüş, o da qorxduğu üçün narkotik vasitənin ona məxsus olmasını boynuna almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ona olunan təzyiqlə bağlı Göyçay rayon prokurorluğuna şikayət etmişdir. Bədəninin görünən nahiyələrində xəsarətlər olmuş, həkimə də xəsarətlərini göstərmişdir. O, 14 noyabr 2022-ci il tarixdə axşam saat 11 radələrində saxlanılmışdır. İttiham aktında isə axşam saat 9 radələrində saxlanıldığı qeyd olunmuşdur. O, 14 noyabr 2022-ci il tarixdə axşam saat 11 radələrində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Məhkəmə istintaqı zamanı verdiyi ifadə isə doğrudur. İbtidai araşdırmanın ilkin mərhələsində təzyiq altında olduğu üçün fərqli məzmunda ifadə vermişdir. Ona görə də, qeyd olunanlar nəzərə alınmaqla barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin mərhələsində şübhəli şəxs qismində müdafiəçinin də iştirakı ilə dindirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun şübhəli şəxs qismində verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, heroin narkotik vasitəsindən istifadə edir. Verdiyi ilkin izahatını təsdiq edir. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Göyçay şəhəri, Z.Bünyadov küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün onu Göyçay Rayon Polis şöbəsinə dəvət etmişlər. O da onlarla razılaşmışdır. Göyçay rayon polis şöbəsində ona hüquq və vəzifələri barədə bildiriş və tutulmağı barədə qərarın surəti təqdim olunmuşdur. Daha sonra Göyçay Rayon Polis şöbəsinin Növbətçi hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli maddə olan sellofan büküm aşkarlanmışdır. Həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 3,0 qram olmuşdur. Daha sonra isə həmin bir ədəd sellofan büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Daha sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərimdən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitədir və o həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. O həmin üarkotik maddəni təxminən 10 gün əvvəl özünü Veysəl kimi təqdim edən İran vətəndaşından almışdır. Belə ki, həmin şəxsin ona dediyi kart hesabına 25 manat ödəniş etmişdir. Həmin şəxs də əvəzində ona heroin narkotik vasitəsini satmışdır. O həmin şəxslə “Whatsap” ani mesailaşma sistemi vasitəsilə əlaqə saxlamış və həmin narkotik vasitəni də Bakı şəhəri, Ələt qəsəbəsi ərazisində yol kənarındakı plakatın dibindən götürmüşdür. O, üzərindən aşkar olunan olan həmin narkotik vasitədən başqa heç kimə verməmişdir və ya satmamışdır. İfadəsini oxumuş, doğru yazılmış, başqa əlavəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Əkbər oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması, mütəmadi olaraq üzərində gəzdirməsi və onların satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq aldıqdan sonra polis şöbəsinin digər əməkdaşları ilə birlikdə onun ətrafında əməliyyat tədbiri keçirilmişdir. 14 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində Göyçay şəhəri, Z.Bünyadov küçəsində Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. Təqsirləndirilən şəxs tək piyada həmin küçədə gəzmişdir, yanında və ətrafında heç kim olmamışdır. Yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və qanunsuz narkotik vasitə saxlamağında və onların satışı ilə məşğul olmağında şübhəli olduğunu bildirib özləri ilə Göyçay rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və onlarla bir yerdə Göyçay Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs dərhal vəkil Mətanət Həsənova ilə təmin olunmuş və videoçəkilişlə ona hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində saxlanılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 1 ədəd bükümdəki maddənin nə olması sorğu edilidkdə, o, həmin bükümdəki maddənin narkonamlar arasında “kokos” adlandırılan heroin olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, həmin məlumatlar əsasında onun kimlərə konkret olaraq nə satması ilə bağlı işin realizə edilməsi mümkün olmamışdır. Onun barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun da Şahid3 Əkbər oğlu ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 Əkbər oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olması, üzərində saxlaması və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Göyçay şəhəri, Ziya Bünyadov küçəsi, ev 1A ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Göyçay şəhəri, Ziya Bünyadov küçəsi, ev 1A ünvanında qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi, üzərində saxlaması və satışında şübhəli bilindiyindən, xx.xx.2022-ci il tarixdə saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində bir ədəd sellofan bükümdə qablaşdırılmış külli miqdar hesab edilən, təmiz çəkisi 2,854 qram narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmiş, çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 21-26). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2022-ci il tarixli 17/839 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 2,854 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (cild 01, iş vər. 34-36). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 302 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 150). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17-18 noyabr 2022-ci il tarixli 686 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəniə-tibbi ekspertizası zamanı onun bədəni üzərində yuxarıda qeyd edilən hər iki şağı ətraflarda damar keçiriciliyinin pozulması ilə nəticələnən yaracıqlar və döymələr fonunda 14-xx.xx.2022-ci il tarixlərinə uyğun xəsarət izləri aşkar edilmədi (cild 01 iş vər. 83-84). Cinayət işinin materiallarında olan Göyçay RMX-nin xx.xx.2022-ci il tarixli 3971 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1986-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs, xx.xx.2008-ci ildən “Narkomaniya” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır, psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur (cild 01 iş vər. 90). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması, törətmədiyi cinayət əməlini etiraf etməsi üçün işgəncəyə məruz qalması, polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitənin atılması ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından və cinayət hadisəsi olmadığından, cinayət təqibinin başlanılması rədd edilmişdir (cild 01 iş vər. 131-135). Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,854 qram külli miqdarda olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrıayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi və 2008-ci ildən narkoloji dispanserdə qeydiyyatda olması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,854 qram külli miqdarda olan narkotik vasitə-heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, məhkəmə baxışı zamanı çıxış mərhələsində dövlət ittihamçısı da həmin mövqedən çıxış etmiş və Təqsirləndirilən şəxs məhz CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı döyülməsi, aşkar olunan narkotik vasitənin polislər tərəfindən onun üzərinə qoyulması və təzyiq altında ona aid olmayan narkotik vasitə ilə bağlı etirafedici ifadələr verməsinə dair bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Nicat həm şübhəli şəxs qismində saxlanılarkən və daha sonra şübhəli şəxs qismində ifadə verərkən, onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də qeyd olunan məsələlərlə bağlı heç nə bildirməmişdir. Məhkəmə bu kimi halların müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Həmçinin, Təqsirləndirilən şəxs döyülmə faktı ilə bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd olunması barədə qərar olunmuşdur. Bundan əlavə, müdafiə tərəfi məhkəmə kollegiyasına polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən mobil telefondan onun ailə üzvlərinə müəyyən məzmunlu SMS-lərin yazıldığını, güyaki onun evdəkilərə yazaraq narkotik vasitə istəməsi ilə bağlı yazışmalar apardığını təsdiq edən foto şəkillər təqdim etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın əsası kimi belə bir sübut növünə istinad etməmişdir. Digər tərəfdən təqdim olunan foto şəkillərdən orada əks olunan yazışmaların həqiqətən də təqsirləndirilən şəxsə aid olub-olmaması ilə bağlı qənaətə gəlmək qeyrimümkündür. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə kollegiyası polis əməkdaşlarının məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı verdikləri şahid ifadələrini dinləyib, həmin ifadələri iş üzrə mövcud olan digər sübutlarla qarşılıqlı şəkildə araşdırıb, həmin şəxslərin ifadələrinə bu hissədə tənqidi yanaşır və hesab edir ki, şəxslərin bu xüsusatla bağlı ifadələri ehtimallara əsaslanır və iş materiallarında olan sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai araşdırmanın ilkin dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (narkotik vasitənin aşkar olunması ilə bağlı hissədə), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxs X2 CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında ailəsi ilə (anası, arvadı və 2013-cü il təvəllüdlü qızı və 2020-ci il təvəllüdlü oğlu ilə) birlikdə yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 95-97) İş materialların əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü (X5) və xx.xx.2020-ci il təvəllüdlü (X10) iki azyaşlı uşağı vardır. İş materiallarında olan tələbnamədən və iş materiallarına əlavə edilmiş qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmış, Qobustan Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi olan 29 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 01, iş vər. 91-93). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Qobustan Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi olan 29 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə” protokoldan və Göyçay Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəq 17, 75-78). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan çəkisi 2,804 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan çəkisi 2,804 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar